İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsi mərasimində iştirak edib

04 may 2018, 13:10
İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.

Azərbaycan Prezidenti əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün Xızı rayonunda çox əlamətdar bir gündür. Biz Xızı şəhərinə içməli suyun verilməsini qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Eyni zamanda, Altıağac qəsəbəsinin su problemi də həll olunub. Çox gözəl layihələrdir. Bu layihələr bir daha onu göstərir ki, bizim sosial siyasətimiz gözəl nəticələr verir və sosialyönümlü addımlar bundan sonra da atılacaqdır.

Xızı şəhərində içməli su problemi həmişə insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıbdır. Xızıda içməli su layihəsinin başa çatması ilə biz demək olar ki, şimal zonasının bütün şəhərlərinin içməli su problemini həll etmiş oluruq. Əvvəlki dövrlərdə Qusar, Quba, Şabran, Siyəzən şəhərlərinin, bu gün isə biz Xaçmaz şəhərinin içməli su layihəsinin açılışını qeyd etdik. Yəni, şimal zonasının şəhərlərinin içməli su ilə bağlı problemləri öz həllini tapıbdır. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm.

Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilmişdir, Xızıda da həmçinin. Mənim əvvəlki gəlişimdə burada mərkəzi rayon xəstəxanası açılmışdır, gözəl, müasir binadır. Rayonda 10-na yaxın məktəb tikilmişdir, infrastrukturla bağlı olan digər layihələr icra edilir, qazlaşdırma 90 faizdən çoxdur. Demək olar ki, artıq bütün yaşayış məntəqələri qazla təmin olunub. Əminəm ki, gələcək dövrdə Xızıda qazlaşdırma 100 faizə çatacaq. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Əksinə, indi Xızı rayonu bizim ümumi enerji sistemimizi böyük həcmdə elektrik enerjisi ilə təmin edəcək. Yeni Yaşma Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayır, yoldan keçəndə də bunu görmək mümkündür. Kənd yolları salınır. Bu gün bir yolun açılışını qeyd edəcəyik. Mənə verilən məlumata görə, kənd yollarının 50 faizi yenidən qurulub və ya əsaslı təmir olunub.

Bir sözlə, Xızı rayonunun sosial-iqtisadi inkişafı uğurla gedir. Ümid edirəm ki, gələcək illərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Çünki Taxtakörpü su anbarının tikintisi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində bütövlükdə bu bölgədə 30 min hektar torpaq sahəsi su ilə təmin ediləcəkdir. Bunun 12 min hektarı Xızı rayonunun payına düşür - 9 min hektar yeni suvarılan sahələr olacaq, 3 min hektar isə su verilmiş, ancaq kifayət qədər olmamış sahələrdir. Son məlumata görə, bu 9 min hektar yeni suvarılacaq torpaqlardan 3 min hektarı artıq suvarma suyu ilə təmin edilib. Əlbəttə, biz gözləyirik ki, Xızı rayonunda kənd təsərrüfatı sürətlə inkişaf etsin. İndi yol ilə gələndə gördüm ki, müasir suvarma sistemləri də qurulur, sahələr pivot suvarma üsulu ilə suvarılır. Beləliklə, həm məhsuldarlıq artacaq, həm də yeni sahələrin dövriyyəyə cəlb edilməsi nəticəsində yeni iş yerləri yaradılacaq. Buna görə mən Xızı rayonunun gələcək inkişafını çox müsbət görürəm, böyük nikbinliklə baxıram. Rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülüb. Yollar, elektrik enerjisi, qaz xətləri, indi içməli su, xəstəxana. Bildiyiniz kimi, bir neçə ildir ki, ölkəmizdə kütləvi müayinədən keçmə kampaniyası aparılır, hər il 5 milyondan çox insan dövlət hesabına müayinədən keçir və belə gözəl xəstəxanalarda bunu etmək mümkün olur.

Ölkəmizin ümumi sosial-iqtisadi inkişafı da çox müsbətdir. Üç ayın göstəriciləri bizi çox sevindirir. İndi bir neçə gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosialyönümlü layihələr həyata keçirilibdir. Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək, eyni zamanda, bütün sosial sahədə tam şəffaflıq yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial ədalət tam bərqərar olmalıdır.

Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir.

İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Bu gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Vəzifə isə çox sadədir, onu biz bir neçə il əvvəl qarşımıza qoymuşuq ki, insanları narahat edən bir dənə də problem qalmasın. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələr. Hər bir yerdə, hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərilir. Əldə edilmiş nəticələr və bu ilin gözəl göstəriciləri tam deməyə əsas verir ki, biz bu düzgün yolla gedəcəyik və bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq. Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.

X X X

Rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Könül FEYZİYEVA dedi:

-Bugünkü tədbir Xızı sakinləri üçün böyük əhəmiyyət kəsb edir. Bu, tarixi bir hadisədir. Kimin ağlına gələ bilərdi ki, Xızımızda mərkəzləşdirilmiş su və kanalizasiya sistemi yaradılacaq. İllərlə həsrətində olduğumuz içməli su veriləcək. Sakinlərimiz içməli su baxımından çox əziyyət çəkiblər. Onlar uzaq məsafələr qət edərək su daşımaq məcburiyyətində olublar. Artıq Xızı və dörd yaşayış məntəqəmiz içməli su ilə 24 saat müddətində təmin edilibdir. Bu da Sizin diqqətinizin və qayğınızın sayəsində mümkün olub.

Ümumiyyətlə, Sizin rəhbərliyinizlə həyata keçirilən bütün layihələr xalqımıza uğur, rifah gətirir. Mən bir Xızı sakini və xızılı həkim kimi deyə bilərəm ki, suyun insan həyatında rolu əvəzolunmazdır. Belə layihələriniz Sizə və Sizinlə bərabər çalışan çox hörmətli Mehriban xanıma sevgimizi daha da artırır. Bu il keçirilən prezident seçkilərində xalqımız böyük sevgi ilə, coşqu ilə iştirak etdi, onlar Sizə səs verdi, öz Prezidentimizi seçdik. Xalqımız Sizə səs verməklə öz rifahına, təhlükəsizliyinə, xoş günlərinə səs vermiş oldu. Sizi bir daha bu münasibətlə ürəkdən təbrik edir, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Azərbaycanın uğurlarında Sizinlə bərabər çiyin-çiyinə çalışan sevimlimiz Mehriban xanıma da salamlarımızı çatdırmağı xahiş edirik. Tanrı Sizi və ailə üzvlərinizi qorusun.

X X X

Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq. Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub. Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə, ümumilikdə, 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur, mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Layihə baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, baş verə biləcək fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda Xızı şəhərində məhsuldarlığı sutkada 1500 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Yeni layihənin icrasına qədər Xızı şəhərində 1985-1991-ci illərdə yaradılmış su təchizatı sistemləri istismar edilirdi. Şəhərdə mövcud 29 kilometr su şəbəkəsi istismara yararsız vəziyyətə düşdüyündən su təchizatı normal həyata keçirilmirdi. Altıağac qəsəbəsində 1980-ci illərin əvvəllərində yaradılmış içməli su təchizatı sistemi də istismar tələblərinə cavab vermirdi. Qəsəbə sakinlərinin 60 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilirdi. Xızı şəhərində və Altıağac qəsəbələrində kanalizasiya sistemləri isə, ümumiyyətlə, mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Binanın foyesində Ulu Öndərin büstü qoyulub. Burada müştəri xidmətləri və istehsalat şöbəsi fəaliyyət göstərəcək. Binada, həmçinin texnoloq, mühəndis, mühasibat otaqları, arxiv, anbar da yaradılıb. Binadakı iclas zalında qurumun fəaliyyəti ilə bağlı müxtəlif toplantılar keçirmək mümkündür.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo