Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- 2011-ci ilin birinci yarısı arxada qalıb. Biz ənənəvi olaraq, Nazirlər Kabinetinin iclasında ilin altı ayının yekunlarını müzakirə edəcəyik. Bütövlükdə demək istəyirəm ki, altı ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunubdur. Ümumi iqtisadi artım o qədər də yüksək olmamışdır. Ümumi daxili məhsul cəmi 0,9 faiz artmışdır. Bunun səbəbi isə neftin hasilatının azaldılmasıdır. Bu amilin də bizdən asılı olmayan səbəbləri olmuşdur.
Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır.
Kənd təsərrüfatında artım yaxşıdır - 6,2 faiz. Bu da yaxşı göstəricidir. Əhalinin pul gəlirləri 17 faiz artmışdır. İnflyasiya isə cəmi 8,8 faiz artmışdır. Bu da onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaradılmışdır.
Bir sözlə, ölkəmizin ümumi inkişafı bu altı ayda çox uğurlu, dinamik olmuşdur. Yenə də deyirəm, bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır. İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq.
Ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu da çox gözəl göstəricidir. Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq.
Bu ilin birinci yarısında həmişəki kimi, sosial məsələlərin həlli də diqqət mərkəzində olmuşdur və bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bəzi kateqoriya üzrə - büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılmışdır. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Bir neçə gün bundan əvvəl qəbul edilmiş qərarlar nəticəsində iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artmışdır. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Deyə bilərəm ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna bənzər hadisə olmamışdır. Çünki bəzi ölkələrdə - harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür.
Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır.
Ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Mən ümid edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir.
Əlbəttə, bunu etmək üçün kompleks tədbirlər görülür. Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, texnikanın alınması və fermerlərə icarəyə verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi – bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrin icrası, elektrik xətlərinin, yolların, o cümlədən kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bu vəziyyətə gətirib çıxarıbdır.
Yenə də deyirəm ki, bu məqsədlərə çatmaq üçün biz son illər ərzində çox gərgin işləmişik. Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları və düşünülmüş iş cədvəli vardır.
Regionlarda, o cümlədən regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılmışdır və bu proses davam edir. Son illər ərzində 1 milyona qədər yeni iş yeri açılmışdır.
Bu ilin birinci yarısında iki vacib proqram qəbul edilmişdir. Onlardan biri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Proqramıdır. Bu Proqram bu yaxınlarda qəbul edilmişdir və konkret xarakter daşıyır. Əminəm ki, Proqramın icrası nəticəsində mühüm məsələlər öz həllini tapacaqdır.
Gənclərlə görüşlərim zamanı onlar tərəfindən qaldırılan məsələlərin demək olar ki, hamısı o proqrama daxil edilibdir. Yerlərdən gələn təkliflər də təhlil edilibdir. Əminəm ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların keçirilməsi təmin olunacaqdır. Proqram mətbuatda dərc edilib, bu barədə çox danışmağa dəyməz. Demək istəyirəm ki, bu proqramın çox böyük təsiri olacaqdır və biz tezliklə proqramın icrasına başlayacağıq.
İkinci vacib proqram Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu proqram daha da qısamüddətlidir – 2011-2013-cü illəri əhatə edir. Nəzərə alsaq ki, 2011-ci ilin yarısı artıq arxada qalıb, iki il ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq, abadlıq işləri aparılacaqdır. Biz bu işlərə başlamışıq. İndi qəsəbələrdə yeni su xətləri çəkilir. Kanalizasiya xətlərinin çəkilişi üçün tədbirlər görülür, yollar salınır. O qəsəbələrin əksəriyyətində əksər yollar torpaq yolları idi, yararsız vəziyyətdə idi. Yağış, qar yağan kimi o yollardan keçmək mümkün deyildi. İndi hər bir qəsəbədə gözəl yollar çəkilir, yeni məktəblər, tibb məntəqələri, poliklinikalar, xəstəxanalar tikilir, mövcud olanlar təmir edilir. Yəni, qəsəbələrin bütün infrastrukturu 2013-cü ilə qədər yenilənməlidir. Bu, çox böyük hədəfdir, böyük proqramdır və iki il yarım ərzində bunu icra etmək çox çətindir. Mən bunu başa düşürəm, amma, eyni zamanda, hədəf qoyulub ki, bu işləri biz qısa müddət ərzində görək. Çünki hesab edirəm ki, əgər biz bütün imkanları səfərbər etsək, buna nail olmaq mümkün olacaqdır. Eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrə də kreditlərin verilməsi prosesi başlanmışdır. Növbəti illərdə, yəqin ki, biz bunu daha da böyük məbləğdə edəcəyik ki, orada kiçik emal müəssisələri, kiçik zavodlar, fabriklər yaradılsın və kənd təsərrüfatının inkişafı üçün lazımi layihələr icra edilsin.
Bax, bu iki proqram 2011-ci ilin məhsuludur və bir də onu göstərir ki, bizim düşünülmüş siyasətimiz var, bu siyasət bütün sahələri əhatə edir.
Bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən son danışıqlar haqqında Azərbaycan ictimaiyyətinə məlumat vermək istərdim. Çünki danışıqlar uzun illərdir ki, gedir və biz danışıqların demək olar ki, həlledici mərhələsindəyik. Ona görə son müddət ərzində baş verən hadisələr haqqında istərdim ki, Azərbaycan xalqını məlumatlandırım.
Birincisi, onu demək istəyirəm ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının son birgə bəyanatı çox ümidvericidir və bizdə məmnunluq hissləri doğurur. Çünki o bəyanatda Helsinki Yekun Aktının müddəalarına istinad edilmişdir. Helsinki Yekun Aktı münaqişənin həlli üçün əsas kimi göstərilmişdir. Orada ölkələrin ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmə prinsipləri ilə ziddiyyət təşkil etmir və münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması məsələləri də açıq-aydın göstərilir.
İkinci vacib məqam ondan ibarətdir ki, o bəyanatda və ondan sonrakı bəyanatlarda deyilmişdir ki, yaranmış status-kvo dəyişdirilməlidir, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvonun dəyişdirilməsi mütləq Azərbaycan torpaqlarının işğal altından çıxmasını təmin edəcəkdir. Çünki Ermənistan tərəfi son 20 il ərzində çalışıb və çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və beləliklə, vəziyyətdə heç bir dəyişiklik edilməsin.
Üçüncü vacib məqam, bütövlükdə Minsk qrupunun həmsədr ölkələrinin bu məsələ ilə bağlı fəallığıdır. Bu fəallığı biz görürük, ictimaiyyət də bunu bilir. Kazan görüşü ərəfəsində mənim Amerika Prezidenti cənab Obama ilə telefon söhbətim olmuşdur. Kazan görüşü ərəfəsində Fransa Prezidenti cənab Sarkozi mənə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub göndərmişdir. Kazan görüşü, bildiyiniz kimi, Rusiya Prezidenti cənab Medvedevin təşəbbüsü ilə keçirilmişdir. Görüşdən sonra ABŞ dövlət katibi xanım Klinton mənə məktubla müraciət etmişdir və ondan sonra mənim xanım Klintonla telefon söhbətim olmuşdur. Kazan görüşündən sonra xarici işlər nazirimiz Fransa xarici işlər naziri ilə görüş keçirmişdir və nəhayət, Prezident Medvedev öz xarici işlər nazirini Bakıya göndərmiş və Prezident Medvedevin məktubunu mənə təqdim etmişdir. Yəni, bu faktların sadəcə olaraq, sadalanması onu göstərir ki, fəallıq doğrudan da yüksək həddə çatıb və bu, bizi həm çox sevindirir, həm də ruhlandırır. Çünki biz ümid edirik ki, bu fəallıq real nəticələrə gətirib çıxaracaqdır. Biz görürük ki, həmsədr ölkələr indi çox çalışırlar ki, baza prinsipləri tezliklə razılaşdırılsın və beləliklə, sülh müqaviləsinin hazırlanması üçün şərait yaradılsın. Biz də bunu istəyirik, bəlkə də hamıdan daha da çox. Çünki bu, bizim torpaqlarımızdır və erməni işğalçıları torpaqlarımızı 20 ilə yaxındır ki, işğal edibdir. Yəni, məsələnin həllində ən maraqlı tərəf Azərbaycandır.
Eyni zamanda, mən danışıqların son mərhələləri haqqında bəzi reallıqları bir daha Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm, o məqsədlə ki, hamı bilsin, Azərbaycan bütün dövrlərdə maksimum dərəcədə konstruktivlik nümayiş etdirmişdir. 2004-cü ildən Praqa prosesi adlandırılan bir danışıqlar formatı yaranmışdır və bu proses çətinliklə olsa da, irəliyə gedir və çətin olan məsələlər haqqında fikir mübadiləsi, danışıqlar aparılaraq bəzi vacib məsələlər razılaşdırılmışdır. Praqa prosesinin davamı olaraq, tərəflərə Madrid prinsipləri təqdim edilmişdir. Bu prinsiplər bir neçə abzasdan ibarət idi və çox ümumi xarakter daşıyırdı. Azərbaycan çox kiçik istisnalarla o prinsipləri bütövlükdə qəbul etmişdir. Bu prinsiplər əsasında 2009-cu ilin sonuna qədər Minsk qrupunun həmsədrləri, yəni üçü birlikdə, mən bunu xüsusilə vurğulamaq istəyirəm, Amerika, Fransa və Rusiya hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini təqdim etmişdir.
Bu, 2009-cu ilin sonunda idi. 2010-cu ilin əvvəlində, daha doğrusu, yanvar ayında Rusiya Prezidenti cənab Medvedev Ermənistan və Azərbaycan prezidentlərini Soçiyə dəvət etmiş və orada üçtərəfli görüş keçirilmişdir. O görüşdə Azərbaycan birmənalı şəkildə bildirmişdir ki, yenilənmiş Madrid prinsiplərini qəbul edir.
Bir daha demək istəyirəm ki, bu prinsipləri biz yazmamışdıq. Bu prinsipləri biz, necə deyərlər, icad etməmişdik. Bu, Amerika, Fransa və Rusiyanın birgə təqdim etdikləri və uzun illər üzərində çalışdıqları prinsiplər idi. Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi və ondan sonra, demək olar ki, danışıqlarda müəyyən durğunluq yaranmışdı. Çünki növbəti görüş altı aydan sonra, 2010-cu ilin iyun ayında Sankt-Peterburqda keçirilmişdir.
Yenilənmiş Madrid prinsipləri nədən ibarətdir? Mən hesab edirəm ki, bu barədə heç bir şübhə və anlaşılmazlıq olmamalıdır. Mən hesab edirəm ki, vaxt gəlib çatıb, bu barədə biz açıq danışmalıyıq. İlk növbədə, orada işğal edilmiş torpaqlardan Ermənistan işğalçı qüvvələrinin çıxarılması nəzərdə tutulurdu. Beş rayondan dərhal, iki rayondan beş ildən sonra Ermənistan qoşunlarının çıxarılması və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması nəzərdə tutulurdu. Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi də o təkliflərdə var idi. Dağlıq Qarabağla Ermənistan arasında olan dəhlizin fəaliyyət göstərməsi də o prinsiplərdə var idi.
Bölgəyə həm Ermənistan, həm Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün sülhməramlı qüvvələrin gətirilməsi zəruri idi. İşğaldan əziyyət çəkmiş bütün insanların əvvəlki məskunlaşma yerlərinə qayıtması da təmin edilməli idi.
Bax, qısaca desək, bu prinsiplər bundan ibarət idi. Ermənistan ilə Dağlıq Qarabağı birləşdirəcək dəhlizin parametrləri də o prinsiplərin tərkib hissəsi idi. Mən hesab edirəm ki, bu variant qəbul edilə bilər. Əlbəttə ki, bu, baza prinsipləridir. Bunun əsasında danışıqlar aparılmalıdır və danışıqların sonunda sülh müqaviləsi hazırlanmalıdır. Əlbəttə ki, sülh müqaviləsi hazır olanda son qərarı Azərbaycan xalqı verəcəkdir. Danışıqların davam etdirilməsi üçün həmsədr ölkələr tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsipləri qəbul oluna bilərdi. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi, onlardan imtina etdi və ondan sonra danışıqlar prosesində, yenə də deyirəm, 2010-cu ilin ortalarına qədər durğunluq yaranmışdı. Ondan sonra isə yeni təkliflər verilməyə başlanmışdır. Bəzi hallarda bu təkliflər danışıqların mahiyyətinə və son yeddi il ərzində apardığımız danışıqların əsas prinsiplərinə dəyişiklik etmişdir.
Ona görə biz indi yeni vəziyyətlə üzləşirik. Bir daha demək istəyirəm ki, Azərbaycan danışıqların konstruktiv şəkildə aparılmasında maraqlıdır. Azərbaycan 2009-cu ildə və 2010-cu ilin əvvəlində öz niyyətini göstərmişdir. Bir daha göstərmişdir ki, sülh danışıqlarına sadiqdir və bu danışıqlar mütləq sülh müqaviləsinə gətirib çıxarmalıdır.
Biz danışıqları sadəcə olaraq, danışıqlar üçün aparmırıq. Yaxud da ki, imitasiya və görüntü yaratmaq naminə aparmırıq. Burada Azərbaycan ilə Ermənistan arasında fərq kifayət qədər böyükdür. Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər. Halbuki bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar.
Azərbaycan isə birmənalı şəkildə öz konstruktivliyini göstərmişdir. Bu gün də göstərməyə hazırdır, bax, o dediyim prinsiplər əsasında. Bütün Azərbaycan vətəndaşları hazırda işğal edilmiş ərazilərə qayıtmalıdırlar. Ondan sonra sülh yarana bilər. Ondan sonra əməkdaşlıq ola bilər. O ki qaldı Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsinə, 2009-cu ilin prinsiplərində göstərilmişdir ki, bu, gələcəyin məsələsidir və tərəflər razı olduğu təqdirdə bu məsələ öz həllini tapa bilər. Yəni ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın heç bir hüquqi statusu ola bilməz. Məhz ona görə mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcəkdir.
Yenə də demək istəyirəm ki, bütün bu məsələlərin sadalanması bir daha bütün dünyaya Azərbaycanın xoş niyyətini göstərir və biz danışıqlarda həmişə konstruktivlik nümayiş etdirmişik. İndiki mərhələdə bütün dünya bu məsələyə çox böyük diqqət göstərir. Avropa İttifaqı. Avropa İttifaqına da mənim bu yaxınlarda səfərim olmuşdur. Səfər bütövlükdə çox uğurlu olmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün bu səfərin çox böyük əhəmiyyəti olmuşdur. Ən önəmlisi, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığın istiqamətlərinin düzgün seçilməsi üçün bu səfər çox əhəmiyyətli idi. Mən hesab edirəm ki, biz gələcək birgə əməkdaşlıq haqqında mövqelərimizdə kifayət qədər yaxınlıq hiss edirik və elə də olmalıdır. Çünki biz Avropa İttifaqı ilə uzunmüddətli əməkdaşlıq etmək fikrindəyik. Ona görə, hər bir məsələ açıq-aydın göstərilməlidir. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə edilmişdir.
Yenə də deyirəm, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərlərinin məktubları, telefon zəngləri – bu fəallıq və bütün bu fəallığın, bu müsbət ab-havanın olduğu təqdirdə Ermənistan rəhbərliyinin bu yaxınlarda verdiyi çox qeyri-adekvat, cəfəng, isterik bəyanatlar danışıqlar prosesinin ruhuna ziddir. Biz çalışırıq ki, bu imkanı əldən verməyək. Biz çalışırıq ki, indiki mərhələdə addımları elə ataq ki, tezliklə baza prinsiplərini razılaşdıra bilək.
Ermənistan tərəfi isə tam əksinə edir. Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatları onların niyyətini göstərir. Onlar əslində bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər.
Bəlkə də son aylar ərzində yaşanan bu beynəlxalq fəallığın səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu güclü dövlətdir və güclü ordudur. Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan bilir ki, Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür.
Biz məsələni bu yollarla öz xeyrimizə həll edə bilərik. Ona görə bu fəallığın səbəblərindən biri də məhz ondan ibarətdir ki, tezliklə məsələ həll olunsun. Biz bunu istəyirik. Ancaq yenə də deyirəm, Minsk qrupunun özünün verdiyi təkliflər əsasında.
Bu, danışıqların elə bil ki, son durumudur. Hazırda biz gələcək planlar haqqında düşünməliyik. Minsk qrupu bölgəyə yenidən gəlməlidir. İndi vəziyyət bundan ibarətdir. Mən istərdim ki, həm məsələnin tarixi, həm indiki vəziyyəti və ən önəmlisi Ermənistanın yenə də bu sülh prosesini pozmaq istəkləri həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün aydın olsun.
X X X
Sonra vergilər naziri Fazil MƏMMƏDOV çıxış etdi. O, 2011-ci ilin 6 ayında dövlət büdcəsinə daxilolmalar üzrə proqnozların icrası, görüləcək işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək dedi:
- Hesabat dövründə dövlət büdcəsinin mədaxili 110,9 faiz yerinə yetirilməklə büdcəyə daxil olmuş 5 milyard 610,8 milyon manat vəsaitin 2 milyard 564,9 milyon manatı Vergilər Nazirliyinin, 542,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 461 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib. Cari ilin 6 ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 882,1 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çox təşkil etmişdir. Təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat və ya 10,2 faiz çox vəsait yönəldilmişdir. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat, o cümlədən daxili mənbələr hesabına 3 milyard 257,8 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyard 348 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. Bu kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artmışdır.
Ötən dövr özəl sektorun sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmaqla, qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 72,9 faizə çatmışdır.
Möhtərəm cənab Prezident!
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Sizin tərəfinizdən vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlığın təşviq edilməsi, vergidən yayınma hallarına qarşı ciddi və məqsədyönlü mübarizə aparılması barədə bir sıra mühüm tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası çərçivəsində dövlət büdcəsinə vergi daxilolmalarının ahəngdarlığını təmin etmək, həmçinin vergidən yayınma hallarının qarşısının alınması və vergitutma bazasının genişləndirilməsi baxımından Vergilər Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin uçot məlumatlarının dürüstləşdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
Kiçik və orta sahibkarlığa şəxsən Sizin tərəfinizdən verilən dəstək nəticəsində iqtisadi fəallığın artması, habelə uçot məlumatlarının dəqiqləşdirilməsi ilə cari ilin 6 ayı ərzində qeydiyyata alınmış obyektlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 58,2 faiz artaraq vergi uçotundan yayınan 2 mindən artıq vergi ödəyicisinin, 2126 təsərrüfat subyektinin uçota alınması təmin edilmişdir.
Vergitutma bazasının genişləndirilməsini, habelə kiçik və orta sahibkarlığa dəstəyi şərtləndirən ən əsas amillərdən biri də sahibkarlıq subyektləri üçün qeydiyyat sisteminin sadələşdirilməsidir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ının həyata keçirilməsinin nəticəsi olaraq hesabat dövründə “bir pəncərə” sistemi ilə qeydiyyata alınan 32,5 mindən çox sahibkarın 57,2 faizi regionların payına düşür.
Sizin daimi diqqətinizdə olan qeydiyyat sistemlərinin davamlı olaraq təkmilləşdirilməsi barədə verdiyiniz göstərişlərin və “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanınızın icrası ilə əlaqədar olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə cari ilin iyul ayının 1-dən etibarən yeni elektron xidmətin göstərilməsinə başlanılıb. Belə ki, artıq sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fıziki şəxslər vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar ki, bu, qeydiyyat sahəsində yeni, mütərrəqi bir mərhələdir.
Nazir sahibkarlığın daha da inkişafı ilə bağlı həyata keçirilən kompleks işlər, vergidənyayınma hallarına qarşı mübarizə tədbirləri və fiziki şəxslərin gəlir vergisi ödənişləri üzrə ehtiyat mənbələrin aşkara çıxarılması ilə bağlı irəliləyişləri diqqətə çatdıraraq bildirdi:
- 2011-ci ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə rəsmiləşdirilməmiş əməkhaqqının artımı təqribən 300,0 milyon manat, bu əməkhaqqıdan gəlir vergisinin artımı isə 40,0 milyon manat təşkil etmişdir.
Yuxarıda qeyd olunan problemlərin həllinin, habelə vergitutma bazasını genişləndirməyin ən əsas yollarından biri də, möhtərəm cənab Prezident, Sizin çox doğru olaraq qeyd etdiyiniz sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir.
Bu baxımdan Sizin tapşırığınızın icrası olaraq ilin əvvəlindən Mərkəzi Bank və digər aidiyyəti qurumlarla birlikdə ticarət və xidmət sahələrində pos-terminalların quraşdırılması işi daha da sürətləndirilmiş və digər əlavə tədbirlər görülməyə başlanılmışdır. Eyni zamanda, stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan pos-terminalların ölkəmizə gətirilməsi üçün banklarla danışıqlara başlanılmış, artıq belə aparatların bir qismi gətirilərək obyektlərdə quraşdırılması təmin edilmişdir.
Tərəfinizdən irəli sürülən bu tələbi sahibkarlar həvəslə qarşılamış, bu ilin ilk 6 ayında təkcə Bakı şəhərində 3 mindən yuxarı yeni pos-terminal quraşdırılmışdır.
Nazir Fazil Məmmədov biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı ilə bağlı reallaşdırılan digər tədbirlərdən də danışaraq dedi:
- Sizin 2010-cu ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasındakı yekun nitqinizdə verdiyiniz “Biz elə etməliyik və buna nail olmalıyıq ki, - mən artıq bu vəzifəni əvvəllər də qarşıya qoymuşam, Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsait cari xərclərin bağlanması üçün kifayət etsin. Neft Fondundan transfertlər yalnız və yalnız investisiya yönümlü layihələrə sərf olunsun” və “Sirr deyil ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasıdır. Azərbaycan da bu yolla getməlidir” tapşırıqlar hər birimiz üçün gələcək fəaliyyətimizdə ən əsas prioritetlərdən biri kimi səciyyələndirilməlidir.
Verdiyiniz bu tapşırıqların yaxın perspektivdə Azərbaycanın iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdiyi kimi, hər bir dövlət qurumunu, xüsusilə iqtisadi bloka daxil olan bizləri konkret addımlar atmağa, üzərimizə düşən vəzifələri yerinə yetirməyə, habelə digər qurumların fəaliyyətinə qarşılıqlı dəstək verməyə sövq edəcək bir tələb olduğunu anlayır və bu tələbdən irəli gələn məsuliyyətimizi başa düşürük. Sizin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyiniz sosial-iqtisadi siyasət, dövlət proqramları və regional layihələrin icrası qarşımızda yeni vəzifələr qoymaqla islahatların davamlı və ardıcıl olmasını tələb edir. Bu məqsədlə cari ildə də bütün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcək, qarşımıza qoyduğunuz vəzifələri tam şəkildə həyata keçirəcəyik.
X X X
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV respublikamızın paytaxtında həyata keçirilən kompleks yenidənqurma tədbirlərindən danışaraq dedi:
- Keçən altı ay ərzində Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə 196 min 400 kvadratmetr asfalt örtüyü salınmış, 692 ədəd xaricdə istehsal olunmuş müasir işıq dirəyi, 340 ədəd Almaniya istehsalı olan metal-kommunal örtük vasitələri - lyüklər və 14 min poqonmetr qranit səki daşları quraşdırılaraq istifadəyə verilmişdir. Həmçinin metronun “Nizami” stansiyasının qarşısında fəvvarələr kompleksi və istirahət parkı salınmış, Bakı şəhərinin ilk azərbaycanlı baş memarı Zirvərbəy Əhmədbəyovun abidəsi ucaldılmışdır. Bu ilin sonuna qədər olan “Alov-büllur” fəvvarə kompleksi, Koroğlu abidəsi və istirahət parkları istifadəyə veriləcəkdir.
Möhtərəm Prezident!
Sizin Sərəncamınızla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Bakı şəhərinin və onun qəsəbələrinin sürətli inkişafına yeni təkan vermiş və bu istiqamətdə əməli konkret addımlar atılmış, çevik, həssas sosial mexanizmlərin və sistemlərin səmərəli tətbiqi nəticəsində nəzərəçarpan nailiyyətlər və uğurlar əldə edilmişdir. Belə ki, Bakıətrafı qəsəbə və kəndlərdə yollara 390 min 835 kvadratmetr asfalt örtüyü salınmış, 4 min poqonmetrə qədər beton, 1500 poqonmetrədək qranit səki daşları quraşdırılmışdır. İlin sonuna qədər daha 480 min kvadratmetr asfalt örtüyünün salınması, 5 min poqonmetrə qədər beton, 1500 poqonmetrədək qranit səki daşlarının quraşdırılması nəzərdə tutulur.
Zati-aliləri!
Təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq, Sizin bilavasitə göstərişiniz əsasında, hazırda Bakı şəhəri üzrə 37 ümumtəhsil məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Bu işlər cari il sentyabrın 15-dək başa çatdırılacaqdır. 17 orta ümumtəhsil məktəbində isə yeni korpusların inşasına başlanılmış və ilin sonuna qədər başa çatdırılacaqdır. Eyni zamanda, Sizin göstərişinizlə Bakı şəhərinin 57 uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir. Həmin bağçalar ilin sonunadək müasir tələblər səviyyəsində istifadəyə veriləcəkdir.
Bütün bunlarla yanaşı, möhtərəm Prezident, Sizin Sərəncamınızla Bakı şəhərinin Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Binəqədi və digər rayonlarının ərazilərində və qəsəbələrdə yeni məktəb binalarının, xəstəxana və poliklinikaların tikintisinə başlanılmışdır. Sizin birbaşa göstərişinizlə Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə öz vəsaiti hesabına tikdirdiyi, fiziki cəhətdən köhnəlmiş “Qızlar məktəbi”nin binasında da artıq əsaslı təmir işləri aparılmaqdadır. Günümüzün reallıqları və obyektiv gerçəklik, bizə deməyə tam əsas verir ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar qısa bir zaman kəsiyində əldə edilmiş müsbət nəticələr, bilavasitə möhtərəm Prezident, Sizin məqsədyönlü və uzaqgörən əməli fəaliyyətiniz, tövsiyələriniz və diqqətiniz sayəsində mümkün olmuşdur.
Sizin, Bakı şəhərində və ətraf qəsəbələrdə görülmüş və görüləcək işlərə bilavasitə nəzarətiniz, yerli əhalinin nümayəndələri ilə keçirdiyiniz görüşlər, verdiyiniz tapşırıqlar bölgədə davamlı inkişaf strategiyasının perspektivlərini müəyyənləşdirir və keyfiyyətcə yüksək mərhələyə qaldırır.
Hacıbala Abutalıbov gələn il Bakıda “Eurovision” mahnı yarışmasının yüksək səviyyədə təşkili üçün də əsaslı hazırlıq işlərinin aparıldığını vurğulayaraq bildirdi:
- Zati-aliləri!
Ümidvarıq ki, Sizin Sərəncamınızla yaradılan və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsi 2012-ci ildə Bakı şəhərində keçiriləcək “Eurovizion-2012” mahnı müsabiqəsini dünya xalqlarının bayramına çevirməklə paytaxtımızın gözəlliyini bir daha bütün beynəlxalq aləmə nümayiş etdirəcəkdir.
Möhtərəm Prezident!
İcazənizlə çıxışımın sonunda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemlərini və onların həlli yollarını daim diqqət mərkəzində saxladığınıza və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsində bilavasitə göstərdiyiniz məqsədyönlü fəaliyyətə və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirim və son dərəcə məsuliyyətli, çətin, lakin millət və müstəqil dövlət naminə şərəfli və müqəddəs işlərinizdə uğurlar arzulayım.
X X X
Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV iqtisadiyyatın digər sahələri ilə yanaşı, İKT və telekommunikasiya sektorunun da uğurla inkişaf etdiyini bildirərək dedi:
- Belə ki, hesabat dövründə sektorda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artmışdır. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur. Hesabat dövründə, o cümlədən aşağıdakı nəticələrə nail olunmuşdur.
Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, yəni rəqəmləşdirilmişdir. Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə vardır. Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı vardır. Mobil telefon şəbəkəsində əsas fəaliyyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılmışdır. İndi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir. Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalmışdır. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir.
Ölkəmizdə internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır. Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirmişdir. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artmış və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşmışdır. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə idarəçilik mexanizmlərinin inkişaf etdirilməsi baxımından Sizin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanınızı xüsusilə qeyd etmək istəyirəm. Bu Fərman ölkədə vətəndaş–dövlət münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və dövlətə olan inamın artmasında mühüm rol oynayır. Elektron xidmətlərin tətbiqi, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və bürokratiyanın azaldılmasına şərait yaradacaqdır. Fərmanın icrasının tam yerinə yetirilməsi üçün cari və gələcək illər üçün fəaliyyət proqramı Fərmana uyğun olan vaxtda hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaqdır.
Digər vacib məsələ vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hesabat dövründə “Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya” hazırlanmışdır. Strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur.
Ölkəmizin poçt şəbəkəsinin inkişafı ilə bağlı qarşıda duran vəzifələr, radio və televiziya yayımının inkişafı üçün həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verən nazir respublikamızın texnoloji və innovativ tutumlu sektorunun inkişafı üçün həyata keçiriləcək əsas tədbirləri də xarakterizə edərək dedi:
- Artıq bir çox beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi kimi, Azərbaycanda İKT-nin inkişaf dinamikası son 5-7 ildə birinci onluq ölkələr sırasındadır. Bu qiymətləndirmə və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hər üç ildə ölkəmizin İKT sektoru 2 dəfə genişlənir və bir çox ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna bilər. Belə bir məqsədə çatmaq üçün nazirlik, ekspertlər qrupu və məsləhətçi şirkət tərəfindən təkliflər paketi hazırlanmış və uyğun strukturlarla müzakirələr aparılmışdır. Bu təkliflərin əsasını ölkədə yüksək texnoloji tutumlu məhsul və xidmətlər istehsal edən regional innovasiya zonasının yaradılması təşkil edir. Hesabat dövründə təkliflər paketi yenidən təhlil edilmiş, sadələşdirilmiş, daxili və xarici sərmayələri cəlb etməklə ixracı və istehsalı stimullaşdıran rejimlə əvəz edilmişdir, yaxın vaxtlarda, cənab Prezident, Sizə təqdim olunacaqdır.
Regional bazarlara çıxış istiqamətində artıq bir neçə önəmli addımlar atılmışdır. Hesabat dövründə ölkəmizin kosmik proqramı üzrə işlər davam etdirilmişdir. 2012-ci ilin IV rübündə ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər plan-qrafik üzrə davam etdirilir. Məsləhətçi şirkətlər ilə birlikdə artıq peykin təxminən 50 faizdən çox xidmət resurslarının xarici ölkələrə satışının ilkin şərtləri razılaşdırılmışdır. Həmçinin əsas və ehtiyat yerüstü idarəetmə mərkəzinin yaradılması və qəza zamanı xaricdən müdaxilə imkanı, kadr hazırlığı, Fransanın “Arianspace” şirkəti tərəfindən qaldırıcı raketin qurulması və s. işlər də plan üzrə həyata keçirilir.
Kosmik bazarlarda ölkəmizin mövqeyinin möhkəmlənməsi və davamlı olması üçün Dövlət Proqramına uyğun nazirlik və digər təşkilatlarla birlikdə ikinci telekommunikasiya peykinin hazırlanması, yer səthinin monitorinqi və öyrənilməsi üçün alçaqorbitli izləyici peyklərin yaradılması istiqamətində araşdırma işləri davam etdirilir. Proqramın maliyyə və əsas təşkilati məsələləri Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Sizin Sərəncamınızla yaradılmış Kosmik Şuranın nəzarəti altında həyata keçirilir.
Region ölkələrinə respublikamız tərəfindən informasiya xidmətlərinin göstərilməsi və tranzit potensialının yaradılması tədbirlərindən də danışan nazir Əli Abbasov İKT sektorunun köklü şəkildə inkişafında Prezident İlham Əliyevin hərtərəfli dəstəyinin mühüm rol oynadığını vurğulayaraq bildirdi:
- Cənab Prezident!
Beynəlxalq və regional layihələrdə ölkəmizin fəal iştirakı və bununla əlaqədar ixrac gəlirlərinin artmasında Sizin daxili siyasətinizlə yanaşı, beynəlxalq iqtisadi tədbirlərdə fəal iştirakınız və səfərləriniz zamanı, yaxud ölkəmizdə dünyanın aparıcı telekommunikasiya və İKT şirkətlərinin rəhbərləri ilə görüşləriniz və onlara nümayiş etdirdiyiniz yüksək intellektual potensial və uzaqgörənliyiniz, həyata keçirdiyiniz siyasətin perspektivləri və bu sahəyə dövlət qayğısı həlledici rol oynayır. Sizin bu sahəyə xüsusi diqqətinizin bir faktı da ölkəmizdə son illər şəxsi iştirakınızla keçirilən və Xəzəryanı regionda ən böyük nüfuza malik olan BAKUTEL beynəlxalq telekommunikasiya və İT sərgi və konfransıdır. Keçən il bu sərgiyə baş sponsorluğu Çinin Huaway şirkəti etmiş, bu il isə sərgiyə baş sponsorluğu Microsoft şirkəti həyata keçirir. Bu il sərginin keçənilkindən öz ölçülərinə görə 3 dəfə böyük olacağı gözlənilir.
Nazirlik özəl və xarici dövlət İKT şirkətləri ilə yaxından əməkdaşlıq edir. İKT şirkətlərinin insan resurslarının inkişafı fondu və yeni yaradılmış İKT şirkətlər assosiasiyası aktiv fəaliyyət göstərir. İndi İKT ixrac potensialının gücləndirilməsi və Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyətinin aktivləşdirilməsi gündəliyimizin əsas məsələsidir. Azərbaycan öz coğrafi və demoqrafik ölçülərinə görə çox da böyük ölkə deyil, daxili bazarlarımızın İKT məhsul və xidmətlərinə baxmayaraq ki, tələbatı artmaqdadır, lakin Azərbaycan şirkətləri və inkişafa olan arzumuz artıq bu ölçülərə sığmır. Burada ümidlərimiz yaxın vaxtlarda Sizə təqdim edəcəyimiz yüngülləşdirilmiş ixrac rejimi paketinin yeni imkanlarıdır.
Möhtərəm cənab Prezident! Sizə söz veririk ki, İKT sektorunun tərəqqisi istiqamətində bundan sonra da əlimizdən gələni edəcək, ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün bütün qüvvələrimizi səfərbərliyə alacağıq.
X X X
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz HÜSEYNOV respublikamızın, o cümlədən paytaxtın su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə bağlı görülən silsilə layihələrin xüsusi əhəmiyyətini vurğulayaraq dedi:
- Cənab Prezident!
Sizin rəhbərliyinizlə ötən ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsi ilə paytaxt əhalisinin su təchizatında əsaslı dəyişikliklər olmuşdur. İstismar qaydalarına uyğun olaraq, Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kubmetrə çatdırılmışdır və ilin sonuna qədər kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatdırılacaqdır.
Hazırda Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə öz axını ilə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir.
Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazisinə indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Kəmərin istismara verilməsi ilə yay aylarında gərgin rejimdə işləyən Ceyranbatan və Kür su kəmərlərinin hidravlik iş rejimləri normallaşmışdır. Nəticədə magistral kəmərlərdə baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalmışdır.
Cari ilin yanvar-iyun aylarında cəmiyyətin müəssisə və təşkilatları tərəfindən istehlakçılara 135 milyon kubmetr həcmində su satılmış və onun 74,8 faizinin haqqı yığılmışdır.
Cənab Prezident, aprelin 8-də imzaladığınız Fərmanla əhalinin 2011-ci il fevralın 1-nə qədər olan 294,2 milyon manat borcunu bağışladınız. Sizin bu humanist qərarınız abunəçilərlə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında yaşanan çoxlu sayda mübahisələrə son qoydu.
2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61 kilometr, daxili imkanlar hesabına isə 20 kilometrə yaxın su xətti çəkilmiş, 10 kilometrdən artıq kanalizasiya kollektoru quraşdırılmış, ümumi həcmi 2200 kubmetr olan 4 su anbarı, 2 su nasos stansiyası tikilmiş, 6 subartezian quyusu qazılmış, 50-dən artıq subartezian quyusu təmir edilərək istismara verilmişdir.
Hazırda Bakıda və regionlarda 30-dan artıq obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramlarına uyğun olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 6 qəsəbənin su təchizatı yenidən qurulur, Ağdam və Tərtər rayonlarının sərhəd kəndlərində 3 kilometrdən çox su xətti çəkilmiş, 2 subartezian quyusu qazılmışdır və işlər davam etdirilir.
Qobustan rayonunun 8 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə ümumilikdə 25 kilometr uzunluğunda su xətləri quraşdırılmış, hər birinin həcmi 1000 kubmetr olan 2 su anbarı tikilmişdir və işlər davam etdirilir.
Xaçmaz rayonunun Nabran qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 5 kilometrə qədər kanalizasiya xətləri çəkilmiş və işlər ilin sonuna qədər başa çatdırılacaqdır.
Möhtərəm cənab Prezident!
Beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, böyük Bakının “Master Plan”ının hazırlanmasına başlanmışdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakıətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı, Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 millimetr diametrli, uzunluğu 150 kilometrə qədər olan paylayıcı magistral kəmərlər tikiləcəkdir. Bu kəmərlərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır.
Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaqdır ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcəkdir.
Qorxmaz Hüseynov çirkab sularının toplanaraq idarə olunması layihələri, su təchizatı və kanalizasiya tikintisi ilə əlaqədar həyata keçirilən digər tədbirləri də diqqətə çatdırdı və yeni layihələrin elektrik enerjisi sərfiyyatını əsaslı şəkildə azaltmağa imkan verəcəyini vurğuladı. O, tezliklə respublikamızın su təsərrüfatı sistemində ən müasir standartlara cavab verən layihələrin tətbiq ediləcəyini bildirərək dedi:
- Yeni layihələrin icrası zamanı SCADA sisteminin yaradılması da nəzərdə tutulmuşdur ki, bu sistem Bakı şəhərində su və kanalizasiya şəbəkələrinin vahid mərkəzdən idarə olunmasını təmin edəcəkdir.
Möhtərəm cənab Prezident!
Azərbaycan Hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanılmışdır. 2011-ci ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır. Eyni zamanda, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.
Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutulur.
Cənab Prezident!
Sadalanan bu işlər ölkə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su təminatı sahəsində həyata keçiriləcək genişmiqyaslı layihələrin başlanğıcıdır. Sizin təsdiq etdiyiniz dövlət proqramlarına, verdiyiniz tapşırıqlara uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin dünya standartlarına uyğun qurulması, əhalinin fasiləsiz içməli su təminatına nail olunması üçün bütün qüvvələrimizi səfərbər edəcək, etimadınızı doğrultmaq üçün var gücümüzlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm!
XXX
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Beləliklə, ilin birinci yarısında görülmüş işlərlə bağlı bu gün keçirilən müzakirələr bir daha göstərir ki, altı ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Xüsusilə indi dünyanın müxtəlif yerlərində yaşanan gərginlik, qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. İndi buna ehtiyac da yoxdur.
Bizim siyasətimiz çox açıqdır. Həm xarici siyasət, həm daxili siyasət, iqtisadi və sosial məsələlərlə bağlı olan siyasətimiz bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, bölgədəki mövqeləri daha da möhkəm olsun, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bizim bütün iqtisadi göstəricilərimiz gördüyümüz işlərin bariz nümunəsidir.
Uzun illər ərzində Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdə idi. Bu, bizə imkan verdi ki, maliyyə resursları toplayaq, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar qoyulsun. Dünya İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan bu gün rəqabət qabiliyyətinə görə, - hesab edirəm ki, bu, hər bir ölkənin iqtisadiyyatı üçün vacib olan göstəricilərdən biridir, - MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar verilən bəyanatlar və aparılan hesablamalar onu göstərir ki, ən böyük irəliləyişi Azərbaycan etmişdir. Azərbaycanda sosial məsələlərin həlli və xüsusilə pensiya islahatı ona gətirib çıxarıb ki, pensiyanın həcmi orta əməkhaqqının 40 faizini təşkil edir. Hesab edirəm ki, bu, MDB məkanında necə deyərlər, ən birinci göstəricidir və dünya miqyasında da biz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşırıq.
Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə indi uğurla icra edilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal kimi gətirmək olar. Bildiyiniz kimi, birinci mərhələdə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmışdı. Ondan sonrakı mərhələdə 575 milyon dollar əlavə kredit ayrılmışdır. Yəni, biz bu imkanları əldə etmişik. Əgər bu imkanlar olmasaydı, heç vaxt Bakı-Tbilisi-Qars dəmir yolu tikilməzdi. Çünki bir tərəfdən, dünya erməniliyi, erməni lobbisi bunun əleyhinə çıxırdı, digər tərəfdən onların himayəsində olan və erməni lobbisinin, necə deyərlər, sərəncamında olan bəzi siyasi dairələr bu layihənin əleyhinə çıxmışdılar. Burada həlledici amil, ilk növbədə, Azərbaycanın maliyyə resurslarının cəlb edilməsi idi və beləliklə, üçtərəfli format formalaşdı. Əminəm ki, bu layihə gələn ilin sonuna qədər reallaşacaqdır. Bu layihənin əhəmiyyəti, sadəcə, dəmir yolu layihəsi olmaqdan qat-qat üstündür. Bu, geosiyasi addımdır, geosiyasi təşəbbüsdür. Bundan sonra uzun illər Azərbaycanı nəqliyyat baxımından bölgə mərkəzinə çevirən bir layihədir və ölkəmiz onilliklər ərzində bu yolun istismarından həm siyasi, həm də iqtisadi dividendlər alacaqdır. Yəni, mən bu layihəni misal kimi gətirmişəm. Çünki bu, onu göstərir ki, bizim tərəfimizdən irəli sürülən təşəbbüslər bütün hallarda reallaşır. Bir dəfə də olmayıb ki, biz hansısa layihəni başlayaq və o, yarımçıq qalsın, yaxud da onu icra edə bilməyək. Güclü siyasi iradə, düşünülmüş addımlar və bölgədəki mövqelərimizin güclənməsi bax, bu reallıqları yaratmışdır.
İndi nəinki Yaxın Şərqdə, Şimali Afrikada da yaşanan olaylar göz qabağındadır. Avropa ölkələrində, Avropa İttifaqına üzv olan ölkələrdə çox böyük sıxıntılar, çətinliklər yaranmışdır, maliyyə-iqtisadi böhranlar yaşanır və xaricdən, beynəlxalq maliyyə qurumlarının yardımı olmadan bunların aradan qaldırılması qeyri-mümkündür. MDB məkanında yaşanan gərginliklər, hadisələr, böhranlar. Bir neçə ölkə xaricdən maliyyə resursları alınması üçün müraciət etmişdir və əgər o resurslar ayrılmasa, bu ölkələri defolt gözləyir, milli valyutanın ucuzlaşması prosesi gedir. Yəni bu gün dünyadakı mənzərə budur. Mən hələ təbii fəlakətləri demirəm. İndi bütün qitələrdə daşqınlar, yanğınlar baş verir. Azərbaycanda keçən il bu olaylar yaşandı, ancaq görülən tədbirlər nəticəsində qısa müddət ərzində o fəsadlar aradan qaldırıldı və bu gün cox ciddi iş aparılır ki, gələcəkdə biz bu bəladan özümüzü yüz faiz sığortalaya bilək. Yəni, burada həlledici məsələlərin birincisi siyasi iradədir. İkincisi peşəkarlıqdır. Çünki peşəkarlıq olmadan bu məsələləri biz lazımi səviyyədə icra edə bilmərik və Azərbaycanda bu istiqamətdə tətbiq olunan meyarlar dünya səviyyəsindədir. Bəlkə də ondan üstündür. Yəni bu gün Azərbaycan standartları anlayışı da müxtəlif sahələrdə tətbiq olunur.
Bütün bu gərginliklərin fonunda Azərbaycan bir sabitlik adası, inkişaf məkanı kimi özünü dünyaya təqdim edir. Mən şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr, proqramlar ilin sonuna qədər uğurla icra ediləcəkdir. Biz çalışmalıyıq ki, makroiqtisadi sabitliyə daha da çox üstünlük verək. Son illər ərzində inflyasiyanın artımı qəbuledilən ölçüdə idi. Bu ilin altı ayında, yenə də demək istəyirəm, əhalinin pul gəlirləri 17 faiz artmışdır, inflyasiya isə 8,8 faizdir. Yəni real artım yenə də çox böyükdür. Amma büdcəyə edilən dəyişiklik, dürüstləşmə büdcə xərclərini artırır və bu xərclər həm infrastruktur layihələrinə, eyni zamanda sosial məsələlərin həllinə yönəldilir. Bu barədə mən giriş sözümdə bildirmişəm, 900 minə qədər pensiyaçının pensiyası təxminən 40 faiz artacaqdır. Yəni bu, istər-istəməz inflyasiyaya təkan verə biləcək və mütləq verəcək bir amildir. Vətəndaşların bir neçə kateqoriyasının əməkhaqları qaldırılıbdır. Bu da inflyasiyaya təkan verəcəkdir. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi və bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi istər-istəməz inflyasiyaya gətirib çıxaracaqdır. Xüsusilə nəzərə alsaq ki, əvvəlki dövrdə bəlkə də, daha çox infrastruktur layihələrinə lazım olan ləvazimat, avadanlıq, materiallar xaricdən gətirilirdisə, indi lazım olan inşaat materialları və digər ləvazimat, avadanlıq yerli sənayenin sürətli inkişafı hesabına Azərbaycanda istehsal olunur. Bu, çox müsbət haldır. Biz bunu istəyirik və bu barədə hələ mən danışacağam. Amma eyni zamanda, bu da inflyasiya yaradan amilə çevrilir. Ona görə bütün diqqəti buna yönəltməliyik ki, inflyasiya birrəqəmli səviyyədə qalsın. Belə olarsa, heç bir çətinlik olmayacaqdır. Nəzərə alsaq ki, iqtisadi inkişaf, xüsusilə qeyri-neft sektorundakı iqtisadi inkişaf kifayət qədər böyükdür.
Vacib məsələlərdən, yəni ilin sonuna qədər həllini gözləyən məsələlərdən biri büdcə xərclərini yüz faiz icra etməkdir. Vaxt gəlib çatıb və biz bu barədə də düşünürük. Vaxt vardı büdcədə pul az idi, pulların xərclənməsi məsələsi ilə də ciddi məşğul olmurduq. Amma indi görülən işlər nəticəsində maliyyə imkanlarımız o qədər artıb ki, xüsusilə dürüstləşdirmə zamanı edilən əlavələr tələb edir ki, ilin sonunadək bütün bu işlər görülsün.
Burada çıxışlarda göstərildi ki, təkcə Bakı şəhərində nə qədər məktəb təmir ediləcəkdir. Sentyabr ayına və ilin sonuna qədər 40-dan yuxarı məktəb təmir ediləcək, tikiləcəkdir. Nə qədər xəstəxana, poliklinika tikiləcəkdir. Yol tikintisinə, digər infrastruktur layihələrinə əlavə vəsait ayrılıbdır. İlin sonuna cəmi altı ay qalıb və çalışmalıyıq ki, nəzərdə tutduğumuz layihələr icra olunsun. Ona görə çalışmaq lazımdır ki, biz büdcə xərclərini 100 faiz təmin edək. Bu yaxınlarda mənə verilən məlumata görə, biz həmin rəqəmə yaxınıq.
Bakıətrafı qəsəbələrdə işlər gedir, daha da sürətləndirilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti bu işlərlə məşğuldur, İqtisadi İnkişaf Nazirliyi bütün işləri əlaqələndirir, rayon icra hakimiyyətləri də əlbəttə ki, bu işlərlə məşğuldur və müvafiq qurumlar – Azərbaycan Dövlət Neft Şirkəti, bəzi hallarda Nəqliyyat Nazirliyi, “Azərsu” şirkəti bu işlərdə fəal çalışır. Elə etməliyik ki, nəzərdə tutduğumuz məsələlər qısa müddət ərzində öz həllini tapsın.
Hazırda ölkəmizdə bir neçə vacib, böyük infrastruktur layihələri həyata keçirilir. O layihələrin icrası ilə bağlı mütəmadi qaydada mənə məruzələr edilir. Ancaq mən bunları bir daha sadalamaq istərdim ki, daim diqqət mərkəzində olsun. Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, yeni zolaqların tikintisi uğurla gedir və aerovağzal kompleksinin yeni möhtəşəm, müasir binasının tikintisi də gedir. İşlər qrafik üzrə gedir və 2013-cü ildə biz Heydər Əliyev Beynəlxalq Aeroportunun açılışını qeyd edəcəyik.
Bu ilin sonuna qədər Azərbaycanda, Qəbələ şəhərində daha bir beynəlxalq aeroport istifadəyə verilməlidir. Qəbələ ölkəmizin turizm mərkəzlərindən birinə çevrilibdir. Orada böyük infrastruktur layihələri həyata keçirilir. Çoxlu otellər tikilib, istirahət zonaları yaradılıb və xarici turistləri cəlb etmək üçün əlavə infrastruktur layihələri icra olunur. Beləliklə, orada beynəlxalq aeroportun tikilməsi lazım idi. İşlər gedir və ilin sonuna qədər o aeroport istismara veriləcəkdir. Mən hesab edirəm ki, beləliklə, biz ölkədə beynəlxalq aeroportların tikintisi proqramını başa vuracağıq. Bir müddət əvvəl digər şəhərlərdə beynəlxalq aeroportlar tikilib və onlar uğurla fəaliyyət göstərir. Xüsusilə Naxçıvan, Gəncə və Lənkəran aeroportları beynəlxalq uçuşları təşkil edir və o şəhərlərdə yaşayan insanların rahatlığı üçün bu, əlbəttə ki, çox müsbət bir haldır. Xüsusilə Lənkəran aeroportuna beynəlxalq statusun verilməsi bir yenilikdir və hazırda Lənkərandan digər ölkələrin şəhərlərinə müntəzəm uçuşlar təşkil edilir. Beləliklə, Qəbələ beynəlxalq aeroportunun tikintisi ilə biz bu proqramı başa vurmuş oluruq.
Ələt qəsəbəsində dəniz ticarət limanının tikintisi başlanmışdır. Bu da çox böyük layihədir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun 2012-cii ilin sonuna qədər istifadəyə verilməsi ilə bu ticarət limanının tikintisi uzlaşmalıdır. Bu, Xəzər hövzəsində ən böyük, ən müasir, ən gözəl və ən möhtəşəm dəniz ticarət limanı olacaqdır. Onun gücü imkan verəcək ki, biz həm Şərqdən Qərb istiqamətinə, həm də əks istiqamətə istənilən həcmdə yükləri ötürə bilək. O layihə ilə bağlı işlər gedir və daha da sürətləndirilməlidir.
Müasir, yenə də dünya səviyyəsində olacaq gəmiqayırma zavodunun tikintisi başlanmışdır və daim diqqət mərkəzində olmalıdır. Dövlət tərəfindən həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycanda böyük gübrə zavodunun tikintisi layihəsidir. Hazırlıq işləri gedir və ümid edirəm ki, yaxın zamanlarda bu zavodun da təməli qoyulacaqdır. Beləliklə, Azərbaycan nəinki özünü gübrə ilə təmin edəcək, eyni zamanda, bizdə güclü ixrac potensialı yaradılacaqdır. Şübhəsiz ki, bu zavodun tikilməsi kənd təsərrüfatının inkişafına və məhsuldarlığın artırılmasına çox müsbət təsir göstərəcəkdir.
Vacib olan infrastruktur layihələri arasında mən metro tikintisini də vurğulamaq istəyirəm. Bu sahədə də bütövlükdə böyük layihə icra edilir. Son üç il ərzində 3 yeni stansiya istifadəyə verilmişdir. 2015-ci ilə qədər əlavə 6 stansiya istifadəyə veriləcəkdir. Bu, çox müsbət göstəricidir. Metro birinci növbədə ən ucuz, ən rahat nəqliyyat növüdür. Biz bunu insanların rahatlığı üçün edirik və dünyada ən aşağı metro tarifləri Azərbaycandadır – 15 qəpikdir. Nə MDB məkanında, nə də dünyanın digər ölkələrində buna bənzər tariflər yoxdur. Metro sırf sosial layihədir və onun öz xərclərini ödəməsi üçün gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır. Biz isə buna heç vaxt getməyəcəyik, çalışmalıyıq ki, nə qədər mümkündür, tarifləri bu səviyyədə saxlayaq. Ancaq onu da demək istəyirəm ki, nə qədər çox stansiya tikilirsə, bir o qədər də xərclər artır. Bizim 22, ondan da az stansiyamız var idi, xərclər də təxminən bir səviyyədə idi. İndi dörd ildə stansiyaların sayı 30-a çatacaq və əlbəttə ki, istismar xərcləri də artacaqdır. Buna əlbəttə ki, baxacağıq. Ancaq yenə də deyirəm, Azərbaycanda metro tikintisi gedir, tariflər sabitdir və son üç ildə 3 stansiyanın istismara buraxılması artıq onu göstərir ki, bizim kifayət qədər imkanımız vardır. Tunel tikintisi üçün alınmış yeni avadanlıq dünya səviyyəsindədir, dünyada bir nömrəlidir və bizə imkan verəcək ki, bu işləri daha da sürətlə aparaq.
Həmişə olduğu kimi, ordu quruculuğuna diqqət çox yüksək səviyyədədir və bu ilin iyununda keçirilən hərbi parad bizim gücümüzü, Azərbaycan dövlətinin, ordusunun qüdrətini göstərdi. Silahlı Qüvvələr güclənir və bildiyiniz kimi, bu məqsədlər üçün böyük vəsait ayrılır. Bütövlükdə hərbi xərclərimiz 3,3 milyard dollara bərabərdir. Bu, yoxsulluq içində yaşayan Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur.
3,3 milyard dollar, əlbəttə ki, böyük rəqəmdir. Bu, həm çoxdur, həm də azdır. Çoxdur ona görə ki, bu, böyük rəqəmdir. Azdır ona görə ki, biz diqqətimizi bu məsələlərə daha da çox yönəltməliyik. Mən hesab edirəm ki, ilin sonuna qədər biz çalışıb vəsait tapmalıyıq ki, hərbi xərclərimizi daha da artıraq. Bu barədə bu gün mən Nazirlər Kabinetinə göstəriş verirəm.
Bayaq qeyd etdiyim kimi, Azərbaycanda indi sənayeləşmə prosesi uğurla gedir. Yeni şirkətlər, fabriklər, zavodlar açılır. Elə fabrik, zavodlarımız var ki, onların sayı da artmaqdadır, onların istehsal etdiyi məhsul da dünya səviyyəsindədir. Elə etməliyik ki, bu məhsullar, ilk növbədə, ölkə daxilində satılsın və xüsusilə, dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər. Bəzi hallarda Azərbaycanda istehsal edilən ən yüksək keyfiyyətə malik olan hansısa avadanlıq, yaxud digər məhsul kənarda qalır, dövlət şirkətləri gedib xaricdən onun analoqunu alırlar. Baxmayaraq ki, bəlkə keyfiyyəti də aşağıdır, qiyməti də bahadır. Ona görə mən hesab edirəm ki, bizim nəzarətedici orqanlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Mən dövlət şirkətlərinin rəhbərlərinə dəfələrlə göstəriş vermişəm ki, lazım olan avadanlıq, məhsul, boru, yaxud da hər hansı digər mal əgər Azərbaycanda istehsal olunursa, ilk növbədə, Azərbaycanda alınmalıdır. İndi bizdə böyük, nəhəng, dünya miqyaslı müəssisələr yaradılıb ki, orada istənilən məhsul istehsal oluna bilər. Onların məhsulu qalır kənarda, onlar daha çox ixraca işləyir, dövlət şirkətləri isə eyni məhsulu xaricdən alır. Nə maraqları var? Məsələ araşdırılmalıdır. Mən bu məsələ ilə bağlı dəfələrlə fərdi qaydada öz göstərişlərimi vermişəm, ancaq əfsuslar olsun, hələ tam şəkildə nail ola bilməmişik ki, bu, reallaşsın. Bu, mənim son xəbərdarlığımdır. Bu məsələ ilə bağlı hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi xüsusi bir toplantı keçirsin, dünya səviyyəli, rəqabət qabiliyyətli məhsullar istehsal edən şirkətlər dəvət olunsun, onların istehsal etdikləri məhsulların bir daha təqdimatı keçirilsin. Eyni zamanda, bu toplantıda dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərləri iştirak etsinlər. Biz özəl şirkətlərə göstəriş verə bilmərik, amma tövsiyə verə bilərik və verməliyik də.
Böyük inşaat işlərində Azərbaycanda istehsal edilən məhsullar istifadə olunmalıdır. Azərbaycanda istehsal olunan dünya səviyyəli məhsullar və daxili tələbatımızı yüz faiz ödəyən müəssisələr qalır kənarda, eyni məhsul xaricdən gətirilir. Nə üçün? Biz gərək öz bazarımızı qoruyaq. Ona görə istehsal olunan məhsulların, - dünya standartlarına uyğun olan məhsullardan mən söhbət açıram, - siyahısı, spesifikasiyası verilməlidir, bizim bütün gömrük orqanları bunu bilməlidir və bütün bu işlər əlaqələndirilmiş şəkildə aparılmalıdır. Bu məsələyə birdəfəlik son qoyulmalıdır. Belə tədbirləri görün, sonra mənə məruzə edərsiniz.
Bütövlükdə sənaye inkişafımızla bağlı çox vacib addımlar atılır. Azərbaycanda bir neçə böyük sənaye mərkəzi yaradılır. Bu barədə mən əvvəlki iclaslarda da demişəm. Bakı şəhərində, Sumqayıtda, Gəncədə və Bakının Qaradağ rayonunda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə önəmli addımlar atılmışdır və ölkəmizdə sənayeləşmə siyasəti aparılır. Əgər bu olmasaydı, bu gün yerli istehsaldan o qədər danışmazdıq. Kimya sənayesinin inkişafı üçün tədbirlər görülür, müəssisələr modernləşdirilir, yeni texnologiyalar tətbiq edilir. Bu yaxınlarda Sumqayıt şəhərində olarkən göstəriş vermişəm ki, orada kimya sənayesi şəhərciyi yaradılsın. İndi Sumqayıtda böyük texnopark yaradılır. Orada 10-a qədər yeni müasir müəssisə fəaliyyət göstərir. Kimya kompleksinin ətrafında sırf özəl sektora aid olan bir növ müəssisələr şəhərciyi də yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə, MDB məkanında belə təcrübə var. Biz də ondan istifadə etməliyik ki, son məhsulun istehsalına qədər bütün texnoloji proses Azərbaycanda öz həllini tapsın. Bu, birinci növbədə bəlkə də yüzlərlə yeni kiçik və orta şirkətin yaradılmasına gətirib çıxaracaq. Minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq və artıq son məhsula qədər istehsal prosesi Azərbaycanda təşkil ediləcəkdir. Bu məsələ ilə bağlı bir müddət bundan əvvəl müvafiq göstərişlər verilibdir. Mənə verilən məlumata görə, Sumqayıtda ərazi də, yəni torpaq sahəsi də ayrılıb və tezliklə Dövlət Neft Şirkəti, İqtisadi İnkişaf Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı konkret addımlar atmalıdır.
İKT sektorunun inkişafı ilə bağlı burada məruzə edildi. Bu sahəyə biz çox böyük diqqət göstəririk. Həm MDB, həm də dünya miqyasında götürsək, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çox böyük addımlar atılmışdır. Burada deyilən rəqəmlər onu göstərir ki, biz dünya miqyasında da qabaqcıl ölkələr sırasındayıq. Azərbaycanda süni telekommunikasiya peykinin orbitə çıxarılması da tarixi hadisə olacaq və burada nazir məlumat verdi. Biz indi çalışırıq ki, birinci peykin buraxılması ilə məhdudlaşmayaq. İkinci peykin orbitə buraxılması layihəsi də işlənilir. Bütövlükdə bu sahədə indi bizdə təcrübə yaranır. Xarici mütəxəssisləri də cəlb etmişik. Aparıcı xarici şirkətlərlə işləyirik və Azərbaycanda güclü kosmik sənayenin yaranmasına nail olacağıq.
Eyni zamanda, Azərbaycanda mobil rabitə və internet xidməti də inkişaf edir. Azərbaycan o ölkələrdəndir ki, burada internet azaddır, ona heç bir məhdudiyyət yoxdur. Demək istəyirəm ki, heç də hər bir ölkədə belə deyildir. Elə ölkələr var ki, orada internet azad deyil, məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər, əlbəttə ki, həm bizə bəllidir, həm də bu məsələ ilə bağlı olan, fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bunu bilir. Ancaq nədənsə, bəzi hallarda bu, diqqətdən kənarda qalır. Azərbaycanda isə azad internet fəaliyyət göstərir. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur. O beynəlxalq təşkilatlar ki bu sahədə Azərbaycanda problem görmək istəyir, getsinlər öz tövsiyələrini internetin azad olmadığı ölkələrə versinlər. Yaxud da öz ölkələrində azad mətbuatın necə sıxışdırılmasından, - bu yaxınlarda biz bunun əlamətlərini görmüşük, - danışsınlar.
Bu ilin sonuna qədər kənd yollarının tikintisinə böyük vəsait ayrılacaqdır. Dövlət büdcəsində bu vəsait nəzərdə tutulub və elə etməliyik ki, kənd yollarının tikintisi ilə daha da ciddi məşğul olaq.
Əvvəlki dövrdə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin hesabına bəzi rayonlarda kənd yolları tikilmişdir. Onların əksəriyyəti torpaq yolları idi, çox yararsız vəziyyətdə idi. İndi isə ilin sonuna qədər böyük kənd yolları layihəsi icra ediləcəkdir. Əlbəttə ki, gələn il də bu layihə icra ediləcək və biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun. Yəni, məqsəd bundan ibarətdir. Bu ilin sonuna qədər bir neçə rayonda bu layihələr icra olunacaqdır.
İçməli su təchizatı və kanalizasiya layihələrinin icrası ilə bağlı burada məruzə edildi. Bu, çox böyük layihədir. Həm Bakı, Bakıətrafı qəsəbələrdə, həm də bütün başqa rayonlarda, kənd yerlərində icra edilir. Burada da çox sadə bir hədəf qoyulmuşdur ki, Azərbaycan əhalisi yüz faiz, özü də gecə-gündüz, fasiləsiz, 24 saat su ilə təmin edilməlidir. Çox sadə bir hədəfdir, ancaq bunu icra etmək o qədər də asan olmayacaqdır. Çünki əfsuslar olsun ki, içməli su təchizatı və kanalizasiya problemləri bütün dövrlərdə bizdə çox aktual olmuşdur. Oğuz–Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi və layihə gücünə çatdırılması nəticəsində bu məsələnin bir hissəsi öz həllini tapacaqdır. Amma biz elə etməliyik ki, hər bir yaşayış məntəqəsində 24 saat təmiz içməli su olsun. Layihələr var. Həm rayonlarda, həm Bakıda. Böyük layihələrdir və onları icra etməliyik. Azərbaycanda içməli su problemi və kanalizasiya problemi yaxın dörd-beş il ərzində, bəlkə də ondan da tez birdəfəlik həll olunmalıdır.
Kənd təsərrüfatının inkişafı ilə bağlı bütün müvafiq göstərişlər verilmişdir. Bu il daha da yaxşı məhsul gözlənilir. Ötən dövrdə kənd təsərrüfatının inkişafı 6 faiz təşkil etmişdir. Yaxşı göstəricidir. Taxılçılıq sahəsində bütün müvafiq göstərişlər verildi və təkrarlamağa ehtiyac yoxdur. İndi üzümçülük üzrə xüsusi proqram hazırlanır. O da müvafiq qurumlarda baxılmalıdır və üzümçülüyün inkişafı üçün biz konkret əlavə tədbirlər görməliyik. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin. Bu da ümumi bir məqsəddir və bəzi sahələrdə biz bu məqsədə çatmışıq. Harada ki, çatmamışıq, Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına və bəlkə də digər dövlət vəsaiti hesabına biz bunu təmin etməliyik.
Bu il Azərbaycanda “Turizm ili”dir. Bu barədə ilin əvvəlində danışmışıq. Həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verilir. Bakıda bu il altı beşulduzlu, dünya brendləri sırasında olan otellər istismara veriləcəkdir. Onlardan birinin – “Kempinski Badamdar” otelinin açılışı olmuşdur və yaxın vaxtlarda o, tam fəaliyyətə başlayacaqdır. İlin sonuna qədər, növbəti altı ayda təkcə Bakıda beş yeni beşulduzlu otel açılacaqdır. Eyni zamanda bölgələrdə. Hesab edirəm ki, beləliklə, gələcəkdə turizm Azərbaycan iqtisadiyyatında çox vacib yeri tutacaqdır. Ümumi daxili məhsulda turizmin də, İKT-nin də payı artacaqdır.
Bu gün burada məruzə edildi ki, İKT-dən əldə ediləcək gəlirlər neftdən əldə ediləcək gəlirlərə bərabər olmalıdır. Əli Abbasov bunun 2025-ci ildə olacağını deyir. Yəqin ki, bunu neft hasilatının aşağı düşəcəyi barədə köhnə hesablamalar əsasında deyirsiniz. Amma bilin ki, 2025-ci ilə qədər neft hasilatı aşağı düşməyəcəkdir. Ona görə İKT sektoru neft hasilatının indiki səviyyəsindən əldə olunan gəlirlərin səviyyəsinə çatmalıdır. Çünki əvvəlki hesablamalara görə 2025-ci ildə Azərbaycanda neft gəlirlərinin kəskin şəkildə aşağı düşəcəyi bildirilirdi. İndi isə biz görülən tədbirlər nəticəsində nail olmuşuq ki, hasilatın indiki səviyyəsi o vaxta qədər sabit qalacaqdır. Bu da çox böyük rəqəmdir. On milyardlarla ölçülən rəqəmdir. Çalışmalısınız ki, İKT-nin də gəlirləri o səviyyəyə çatsın.
Ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur. Bu istiqamətdə çox təsirli addımlar atılmışdır. Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda, institusional metodlardan da istifadə etməliyik. Mənim tərəfimdən imzalanmış bəzi sərəncamlar məhz bu məqsədi güdür.
Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi Sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin Sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu Sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır. Korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır.
Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə – 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.
Çıxışımın sonunda qeyd etməliyəm ki, gələn ilin dövlət büdcəsi üzərində işlər başlamışdır. Gələn ilin büdcəsi də həm investisiya yönümlü, həm də sosial yönümlü olmalıdır. Bu il başlanan proqramların icrası əlavə vəsait tələb edəcəkdir. Bütün bu məsələlər gələn ilin büdcəsində öz həllini tapmalıdır. Biz gələn ilin planları haqqında indidən düşünməliyik və düşünürük. Yəqin ki, yaxın vaxtlarda bütün dövlət qurumlarından təkliflər verilməlidir. O təkliflərə baxacağıq. Gələn ilin büdcəsi də bizə Azərbaycan iqtisadiyyatını uğurla inkişaf etdirməyə imkan verəcəkdir.
Bir daha demək istəyirəm ki, ilin altı ayının nəticələri çox ümidvericidir. Başqa cür ola da bilməzdi. Biz bunu elə ilin əvvəlindən bilirdik. Çünki bütün qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Beləliklə, biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq.
Sağ olun.