Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

16 mart 2018, 17:15

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm.

Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir.

Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq.

Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2018-ci il.

SƏNƏDLƏR Sərəncamlar 28 fevral 2025
14:45
Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...

28 fevral 2025, 14:45
SƏNƏDLƏR Fərmanlar 28 fevral 2025
13:13
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

28 fevral 2025, 13:13
SƏNƏDLƏR Fərmanlar 27 fevral 2025
16:12
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...

27 fevral 2025, 16:12