Rəbiyyət Aslanova, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 iyul tarixli Sərəncamına əsasən mənə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakıma görə “Şöhrət” ordeni verilmişdir. Bu, mənim həyatımda ən böyük əhəmiyyət kəsb edən əlamətdar hadisəyə, unudulmaz ana çevrilmişdir. Fəaliyyətimin müqabilində verdiyiniz ali qiymətə görə Sizə səmimi qəlbdən dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əməyimə bu cür həssaslıqla yanaşmağınız və qayğınız mənə ruh yüksəkliyi verir və böyük Vətənimizin rifahı naminə daha əzmlə çalışmağa sövq edir.
Bu ordenin mənim üçün xüsusi əhəmiyyəti vardır. Azərbaycan Respublikasının Prezidenti məni müstəqilliyimizin 20 illik yubileyi ərəfəsində təltif etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqımıza müstəqil Azərbaycan dövlətini bəxş edərək, onun əbədiliyini və dönməzliyini, bu dövlətin taleyini Sizə əmanət etdi. Tarix və zaman bu uzaqgörənliyin düzgünlüyünü təsdiq etdi. Bu gün cahanşümul siyasətin qətiyyətli davamı sayəsində Azərbaycan 20 müstəqil ilin zəfər tarixini yaza bilmişdir.
Cənab Prezident!
Ən yeni Azərbaycan tarixinin son on ili, XXI əsrdəki tərcümeyi-halı Sizin əlinizlə yazılır. Sizin sayənizdə Azərbaycan dünyada rəqabətə dayanıqlı bir dövlətə, regionda gerçək liderə, daha firavan və cəlbedici ölkəyə çevrilmişdir. Xalqımız, bütün dünya azərbaycanlıları Sizi dünyada yeni dövrün yeni liderlik simvolu kimi görür, Azərbaycanı sevən hər bir şəxs belə parlaq gələcəyi olan ölkədə yaşamaqdan qürur hissi duyur.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatında fəal olan insanlara göstərdiyi həssaslıq və qayğı bu gün də öz təzahürünü Sizin simanızda tapmaqdadır. Bu mükafatınız təkcə mənə deyil, ilk əvvəl Azərbaycan qadınına dövlət qayğısının təzahürüdür, Azərbaycanın bütün müəllimlərinə, ictimai həyatda fəal olanlara, anaların zəhmətinə verilən ali qiymətdir.
Möhtərəm Prezident!
Azərbaycan dövlətinə sədaqətlə və fədakarlıqla xidmət edən hər bir vətəndaş mütləq Sizin ali diqqətinizi öz üzərində hiss edir.
Vətənimizi dünyada daha qüdrətli edən siyasətiniz sayəsində Azərbaycan gündən-günə inkişaf edir, xalqımız daha firavan yaşayır. Sizin həssaslığınız və qayğınız bu siyasətin reallaşmasını ürəkdən dəstəkləyən insanlarımız üçün ən ali stimul, zəhmətlərinin yeganə meyarı isə: Vətənə şərəfli xidmət və onun qüdrətli olması üçün məsuliyyət hiss etməkdir.
Əmin ola bilərsiniz ki, dövlət başçısının bu böyük etimadının məsuliyyətini dərk edir və daha fəal olmağı özüm üçün şərəf borcu hesab edirəm. Malik olduğum təcrübə və biliklərimin bundan sonra da Vətənə faydalı olacağına ürəkdən inanır və Azərbaycanın yeni zirvələrə çatmasında, uğurlar qazanmasında əlimdən gələni etməyə hazır olduğumu bildirirəm. Məni layiq gördüyünüz şərəf və diqqətə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm.
Qoy Azərbaycan adına reallaşdırmaq istədiyiniz bütün arzularınız çin olsun, amallarınız gerçəkliyə çevrilsin. Qarşıdan gələn illərin hər günü Sizə daha qüdrətli Azərbaycan naminə gördüyünüz böyük xidmətlərin sevincini yaşatsın və davamlı qələbələr bəxş etsin!
Dərin hörmətlə,
Rəbiyyət Aslanova
Azərbaycan Respublikası, Bakı şəhəri