Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda İlham Əliyevin yekun nitqi

29 yanvar 2018, 10:00
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda İlham Əliyevin yekun nitqi

Qeyd etdiyim kimi, bu il üçüncü Dövlət Proqramı başa çatır. Bu il görüləcək işlər haqqında tapşırıqlar verəcəyəm. Bütün bu tapşırıqlar ilin sonuna qədər yerinə yetirilməlidir.

Yenə də həmişə olduğu kimi, ilk növbədə, bu il infrastruktur layihələri ilə bağlı görüləcək işlər aşağıdakılardır.

Qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır. Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır.

Giriş sözümdə qeyd etdiyim kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. İndi bizdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur və bu il yeni böyük elektrik stansiyası işə düşməlidir. Bu stansiya artıq bir neçə ildir ki, inşa edilir, “Şimal-2” elektrik stansiyasının açılışı bu il nəzərdə tutulur. Stansiyanın generasiya gücü 400 meqavatdır. Çox böyük stansiyadır, bizə əlavə potensial verəcək və əlbəttə ki, ilk növbədə, ixrac imkanlarımızı artıracaq. Çünki ölkə daxilində elektrik enerjisi ilə problemlər öz həllini tapıb, bizim əlavə ixrac imkanlarımız olacaqdır. Bununla belə, bu il bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, onların və transformatorların dəyişdirilməsi, yəni, elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində kifayət qədər böyük investisiya layihələri icra ediləcəkdir.

İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il ən azı üç şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaqdır. Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində işlərin, layihələrin tamamlanması nəzərdə tutulur. Bununla paralel olaraq, daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək. İl ərzində baxarıq, bəlkə, bu şəhərlər arasında da bu il başa çatacaq layihələr ola bilər. Giriş sözümdə qeyd etdiyim kimi, fasiləsiz su ilə təmin olunan əhali 67 faizdir, Bakı şəhərində 81, bölgələrdə 43. Bu məsələni həll etmək üçün, eyni zamanda, çaylarboyu yerləşən kəndlərdə müasir sutəmizləyici qurğuların tikintisi nəzərdə tutulur. Əvvəlki illərdə də belə layihələr icra edilib və çaylarboyu yerləşən kəndlərdə yüz minlərlə əhali bu imkanlardan faydalanıb. Bu il də bu layihələrin icrası nəzərdə tutulur və ən azı 300 subartezian quyusu qazılmalıdır. Vətəndaşlar bundan həm məişətdə, həm də kənd təsərrüfatında istifadə edirlər.

Meliorasiya ilə bağlı. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik. Bir neçə önəmli kanal layihələri icra ediləcəkdir. Dövlət İnvestisiya Proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra edilməlidir. Meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadə edilməsi üçün pivot suvarma sistemlərinin geniş tətbiqi təmin olunmalıdır. Bu məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı təşkil olunur ki, artıq xaricə vəsait getməsinin qarşısını alaq və özümüzü bu qurğularla özümüz təmin edək. Fermer təsərrüfatlarında, xüsusilə böyük aqroparklarda bu sistemlərdən mütləq istifadə olunmalıdır. Çünki bu, məhsuldarlığı böyük dərəcədə artırır və sudan səmərəli istifadə olunmasına imkan yaradır.

Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikildi, abadlaşdırıldı. Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulubdur. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulmuşdur.

Bu il sosial obyektlərin tikintisi ilə bağlı aşağıdakı tədbirlər nəzərdə tutulur.

Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır. Eyni zamanda, Füzuli rayonunda və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaqdır ki, bu xəstəxanalar 2019-cu ildə istifadəyə verilsin. Ancaq onu da qeyd etməliyəm ki, həm Füzuli, həm də Qəbələ rayonlarında vaxtilə müasir diaqnostika mərkəzləri istifadəyə verilib. Yəni, orada keyfiyyətli tibbi xidmət almaq üçün imkanlar var, sadəcə olaraq, yeni xəstəxanaların tikintisi təmin ediləcəkdir.

Keçən il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib. Bu da bildiyimə görə, dünya praktikasında yeganə bir hadisədir ki, biz bunu edirik. Əlbəttə ki, bu il də vətəndaşlar bu gözəl imkanlardan istifadə etməlidirlər və artıq edirlər. Mən əvvəlki illərdə rayon mərkəzi xəstəxanalarının açılışı zamanı demək olar ki, həmişə vətəndaşlara üz tutaraq onları bu məsələyə dəvət edirdim. Bu gün isə artıq bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün müasir avadanlıq, müasir xəstəxanalar var və şadam ki, vətəndaşlar bu imkanlardan istifadə edirlər.

Təhsil sahəsində. Bu il 137 modul tipli məktəb tikiləcək. Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək . Beləliklə, biz Bakı şəhərində məktəb tikintisi və təmiri problemlərinin həllinə nail olacağıq. Əlbəttə ki, növbəti illərdə bütün bölgələrdə, rayonlarda yeni məktəblər tikiləcək, təmir olunacaq. Ancaq qarşıya məqsəd qoyulub ki, bu il biz qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək. Hesab edirəm ki, bu, mümkündür.

Dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir. Onlardan ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcəkdir.

Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir. Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq.

Mən giriş sözümdə iş yerlərinin yaradılması ilə bağlı fikirlərimi bildirdim. Bu, daimi proses olmalıdır. Əhalinin artımı daim yeni iş yerlərinin yaradılmasını tələb edir. Hesab edirəm ki, keçən il bu istiqamətdə rekord nəticə əldə edilmiş, 177 min daimi iş yeri açılmışdır. Bu il də əlbəttə ki, bu istiqamətdə işlər görüləcək. Bizim planlarımız, bölgələrə və böyük şəhərlərə qoyulan investisiyalar əslində iş yerlərinin yaradılmasını təmin edir. Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi, əlbəttə ki, iş yerlərinin açılmasına şərait yaradır.

Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq.

Bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni, şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür. Ümumiyyətlə, mən sahibkarlara da müraciət etmək istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki turistlərin sayı artacaq, suvenirlərə daha da böyük ehtiyac olacaqdır.

“ABAD”la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir, iki milyard manatdan çox güzəştli kreditlər verilib. Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir.

Mən giriş sözümdə sərmayə qoyuluşu ilə bağlı qeyd etdim ki, bu il ən azı keçən ilin səviyyəsində sərmayə nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Mən giriş sözümdə bu məsələyə kifayət qədər geniş toxundum ki, dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər.

Bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır. Əlbəttə, burada təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər.

Mən keçən il cəlb edilmiş sərmayələrlə bağlı birinci yerlərdə olan rayonları qeyd etmək istəyirəm. Həm keçən il qoyulmuş sərmayənin, həm də bu investisiya layihələrinin ümumi həcmi ilə bağlı. Beləliklə, keçən il sərmayə qoyuluşuna görə ilk onluğa aşağıdakı rayonlar daxil edilib - Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı. Keçən il ən çox investisiyalar bu rayonlara qoyulub. Ancaq ümumi həcminə görə 100 milyon manatdan çox olan sərmayə layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonudur. Qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənilir. İkinci yerdə Sumqayıt şəhəridir, 186 milyon manat. Üçüncü yerdə Saatlı rayonudur, 152 milyon manat. Dördüncü yerdə Salyan rayonudur, 126 milyon manat. Beşinci yerdə Qəbələ rayonudur, 116 milyon manat. Yəni, həcmi 100 milyon manatdan artıq olan layihələr rayon üçün, əlbəttə ki, çox yaxşı rəqəmdir. Yüz milyon manata bir qədər çatmayan, - amma mən onu da qeyd etməliyəm, - Gəncə şəhəridir, 98 milyon manat investisiya qoyuluşu nəzərdə tutulur. Yəni, bunlar çox böyük rəqəmdir, çox yaxşı göstəricidir. İndi məndəki bu cədvəldə bütün rayonlara qoyulan və qoyulacaq sərmayənin həcmi var. Bu, geniş, ciddi təhlil ediləcək. Ancaq deməliyəm ki, bu proses artıq başladı. Burada həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları birgə işləyirlər və birgə işləməlidirlər.

Bu il nəqliyyatla, dəmir yolu nəqliyyatı ilə bağlı bir neçə önəmli layihə icra ediləcək. Qeyd etdiyim kimi, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və artıq fəaliyyətə başlayır. Maraq da çox böyükdür, həm Davos Dünya İqtisadi Forumu çərçivəsində, həm digər forumlarda bu məsələ ciddi şəkildə müzakirə edilir. Demək olar ki, bu, dünyanın gündəliyində duran infrastruktur-nəqliyyat layihələri arasında xüsusi yer tutan layihədir. Şadam ki, təhlilçilər, ekspertlər bu layihənin icrasında Azərbaycan dövlətinin rolunu xüsusi qeyd edirlər və yüksək qiymətləndirirlər. İndi biz çalışmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görülsün və əlbəttə ki, görüləcəkdir. Yeni vaqonların, sisternlərin, gəmilərin istehsalı, konteynerlərin alınması istiqamətində müvafiq göstərişlər verilmişdir. Artıq Asiyadan Qərb istiqamətinə yüklərin sayı gündən-günə artmaqdadır. Beləliklə, biz Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail ola bilmişik.

Bu il Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması istiqamətində işlər görüləcək. Təbii ki, bu yol fəaliyyətdədir. Ancaq biz bu yolu modernləşdirməliyik ki, sürət artsın. Çünki biz Bakı-Tbilisi-Qars yolu ilə göndəriləcək çox böyük yüklər gözləyirik. Ona görə qatarların sürəti yüksək olmalıdır və eyni zamanda, bu, vətəndaşlar üçün də çox önəmlidir. Sürət yüksək olduqda əminəm ki, vətəndaşlar qərb istiqamətinə, qərb bölgəsindəki şəhərlərə qatarla getməyə üstünlük verəcəklər. Xüsusilə nəzərə alsaq ki, yeni, müasir sərnişin qatarları da alınır və alınacaq, çox rahat gediş-gəliş təmin ediləcək.

Qeyd etdiyim kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb. Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır. Hesab edirəm ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bir hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda, istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır.

Qeyd etməliyəm ki, bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər.

Turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək.

Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır. Bu yaxınlarda mən orada olmuşam, işlərlə maraqlanmışam. Yəni, işlərin tamamlanmasına az vaxt qalır. Beləliklə, 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı fəaliyyətə başlayacaq. Yüz min konteynerin daşınması nəzərdə tutulur. Baxarıq, əgər buna daha böyük tələbat olarsa, hesab edirəm ki, biz Ələt limanını qısa müddət ərzində genişləndirə bilərik. Bunun üçün bütün imkanlar var, texniki imkanlarımız da kifayət qədər böyükdür. Bu da tarixi layihədir. Çünki Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmir. Ancaq buna baxmayaraq, açıq dənizlərə, okeanlara çıxışımız olmaya-olmaya biz nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilirik və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər onlarla ölkəni bir-birinə bağlayır, onlarla ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür. Bax, qapalı şəraitdə, açıq dənizə çıxışı olmayan ölkədə belə layihələri icra etmək tarixi xidmətimizdir.

Bu il üç “ASAN xidmət” mərkəzi açılmalıdır - Mingəçevir, Şəki, İmişli şəhərlərində. Beləliklə, bu mərkəzlərin sayı 15-ə çatacaq. Beş mərkəzin tikintisi isə bu il başlanmalıdır. Onların açılışı gələn il nəzərdə tutulur. Beləliklə, gələn il bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaqdır.

Artıq keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin – MİDA-nın ikinci layihəsinə Hövsanda start verilib. İşlər gedəcək, orada on min insan sosial evlərlə təmin ediləcək. Yasamal layihəsi icra edilir. Artıq bu il Yasamal layihəsinin evlərinin bir hissəsi vətəndaşlara təqdim ediləcəkdir.

Hesab edirəm ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş yüz minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir.

Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm. Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti. Biz şərait yaradırıq, kömək göstəririk, investisiya qoyuruq ki, sonra da özəl sektor və xarici şirkətlər sərmayə qoysunlar. Ona görə Sumqayıt Kimya Sənaye Parkının yaradılması hesab edirəm ki, bizim böyük uğurumuzdur. Bu il isə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanlarına da malik olacaq. Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR Polymer” zavodu kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki xammaldan məhsullar Azərbaycanda istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi dərhal yerli sənaye istehsalı yaradılmalıdır.

Digər şəhərlərdə də sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır. Bu il Mingəçevir Yüngül Sənaye Parkının ilk zavodlarının açılışı gözlənilir. Neftçala Sənaye Məhəlləsi artıq fəaliyyətə başlayıb. Hesab edirəm ki, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri bu il fəaliyyətə başlaya bilər. Dövlət investisiya proqramında kifayət qədər vəsait var. Özəl sektor da buna hazırdır və sifarişlər var. Beləliklə, hər bölgədə, hər rayonda müasir sənaye potensialı yaradılacaq.

Bildiyiniz kimi, bir müddət bundan əvvəl “Azərxalça” İstehsalat Birliyi yaradılmışdır. Göstəriş verilmişdir ki, xalçaçılıq sənətini yaşatmaq, gənc nəsli bu işlərə cəlb etmək, sənaye sahələrini və ixrac potensialını yaratmaq üçün biz bu sahəyə mütləq ciddi yanaşmalıyıq. Artıq biz bunu görürük. Mən bir neçə yeni xalça fabrikinin açılışında şəxsən iştirak etmişəm, bu il isə 10 yeni fabrikin açılışı nəzərdə tutulur. Beləliklə, bu ilin sonuna qədər bizdə 20 xalça fabriki fəaliyyət göstərəcək. Bu fabriklərin hər birində 150-yə qədər işçinin çalışdığını və əksəriyyətinin də qadınlar olduğunu nəzərə alsaq, görün, biz nə qədər iş yeri və güclü ixrac potensialı yaradırıq, özü də qadınlar üçün. Bütövlükdə isə birinci mərhələdə xalça fabriklərinin sayı 30-a çatmalıdır. Bu da yəqin ki, 2019-cu ildə öz həllini tapacaq. Xarici xammaldan asılılığı azaltmaq üçün ötən il Sumqayıtda əyirici boyaq fabrikinin təməli qoyuldu. Beləliklə, biz özümüzü lazım olan bütün vasitələrlə, iplərlə, boyalarla təmin edəcəyik. Pambıq və barama istehsalı artır. Ona görə biz xalçaçılığı yerli xammal əsasında qururuq və quracağıq. Onu da qeyd etməliyəm ki, bu il bölgələrdə bir neçə yun qəbulu məntəqəsi yaradılacaq. Əlbəttə ki, xalçaçılıq sənətinə bunun da böyük köməyi olacaqdır.

Kənd təsərrüfatı texnikası ilə bağlı bu il 160 milyon manat vəsait nəzərdə tutulub. Keçən il 10 min texnika gətirilmişdir. Bu il də bu proses davam etdiriləcək, müxtəlif texnikalar - taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər xüsusi texnikalar alınacaqdır, vəsait də nəzərdə tutulubdur. Nisbətən yeni kənd təsərrüfatı məhsulları üçün də xüsusi texnika tələb olunur. Çəltikçilik, çuğundurçuluq, çayçılıq üçün indi müasir maşınlar, mexanizmlər var ki, insan əməyini yüngülləşdirir və məhsuldarlığı artırır. Bunlar da alınmalıdır.

Bu il gübrənin alınması üçün subsidiyaların həcmi artırılacaq. Bu göstəriş verilib, indi sənədlər hazırlanır. Çünki məhsuldarlığa çox təsir edən amillərdən biri də gübrənin verilməsidir. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Suvarma işləri, texnika, gübrələr və pestisidlər, hamısını biz gərək elə təşkil edək ki, məhsuldarlıq artsın. Keçən il pestisid fabrikinin işə düşməsi nəticəsində biz özümüzü bu məhsulla təmin etmiş oluruq və xaricə valyuta daha getməyəcək. Qeyd etdiyim kimi, pivot suvarma sistemlərinin istehsalı ölkəmizdə başlayır.

Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik. Misal üçün, taxılçılıqla bağlı bəzi rəqəmləri ictimaiyyətə çatdırmaq istəyirəm. 2017-ci ildə 1 milyon 275 min ton buğda idxal olunub. Bu, 2016-cı illə müqayisədə 20 faiz azdır. Bu, yaxşı göstəricidir. Bu, onu göstərir ki, yerli istehsal artır. Ancaq görürsünüz ki, burada hələ nə qədər böyük iş həcmi var. Biz çalışmalıyıq ki, taxılçılıqda xaricdən asılılığı minimuma endirək. Heyvandarlıqla bağlı nəticələr də yaxşıdır. Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Əlbəttə ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək. Amma hələ ki, belə deyil. Baxmayaraq ki, bu sahədə çox böyük inkişaf var. Heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanmalıdır və qəbul edilməlidir. Biz bu il dövlət xətti ilə xaricdən yenə də 10 min baş cins mal-qara alacağıq, eyni zamanda, yaxın keçmişdə Göygöl rayonunda açılmış Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində mal-qaranın cins tərkibini daxili imkanlar hesabına da yaxşılaşdıracağıq.

Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik. Misal üçün, taxılçılıqda hektardan məhsuldarlıq 50 sentnerdən aşağı olmamalıdır. Belə də olacaq. Çünki indi bizim iri fermer təsərrüfatlarımızda, - hansı ki, dövlət dəstəyi ilə yaradılıb, - hektardan məhsuldarlıq 45-50 sentner və bəzən ondan da yüksəkdir. Ona görə biz buna nail olsaq, onda xaricdən asılılıq tamamilə aradan götürüləcək.

Bu yaxınlarda qida təhlükəsizliyi qurumu yaradılıb. Bu da çox ciddi məsələdir. Bu xüsusi qurum həm idxal olunan qida məhsullarına nəzarət edəcək ki, keyfiyyətsiz, yaxud da insan orqanizmi üçün zərərli mallar gətirilməsin, eyni zamanda, Azərbaycanda daxili bazar və həmçinin ixrac üçün kənd təsərrüfatı və emal məhsulları sağlamlığa tam fayda verəcək səviyyədə istehsal olunsun. Çünki biz qeyri-neft ixracımızı artırırıq və məhsul da keyfiyyətli olmalıdır. İndi demək olar ki, ölkələrin əksəriyyətində çox ciddi laboratoriya nəzarəti var. Əgər məhsul standartlara bir balaca uyğun deyilsə, onu heç kim almayacaq. Ona görə qida təhlükəsizliyi qurumu, ilk növbədə, ölkə əhalisinin sağlam qida əldə etməsi və eyni zamanda, ixracımız üçün yaradılır.

Bu il bizdə tərəvəz istehsalı və ixracı kəskin artacaq. Ölkəmizdə dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılır. Onların bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu proses geniş vüsət alıb, çox böyük maraq, çox böyük gəlir var. Sahibkarlar da bundan çox faydalanırlar. İxracla bağlı bizim heç bir problemimiz yoxdur. Biz yeni ixrac bazarlarına çıxırıq və çıxacağıq. Ancaq unutmamalıyıq ki, ənənəvi ixrac bazarlarımız bizim üçün ən əlverişli bazarlardır. Ona görə istixanaların yaradılması prosesi sürətlə gedir. İxrac da ciddi şəkildə artır və artacaqdır. İndi biz özümüzü tərəvəzlə nəinki tam təmin edirik, bizim böyük ixrac imkanımız var. Ona görə 400 hektardan çox sahədə salınan istixanaların hamısı məhsul ixrac edəcək. Sahibkarlar indidən öz partnyorları ilə iş qursunlar, onları dəvət eləsinlər, göstərsinlər, Azərbaycan məhsullarının üstünlüyünü izah etsinlər. Dövlət əlbəttə ki, bu sahədə də öz dəstəyini göstərir. Dövlət qurumları bu işlərlə məşğuldurlar. Qida təhlükəsizliyi qurumu ciddi məşğul olmalıdır. Sahibkarlar özləri də məsuliyyətli olmalıdırlar. Onlar elə bir keyfiyyətli məhsul yetişdirməlidirlər ki, ixracla heç bir problem olmasın. Çünki 400 hektarda yaradılan bu istixanalar daxili bazar üçün hesablanmayıb. Ona görə burada bazarlara adekvat şəkildə məhsulların istehsalı da təşkil edilməlidir. Yəni, mənim tövsiyəm ondan ibarətdir ki, burada, sadəcə olaraq, bir məhsul deyil, çox çeşiddə məhsul yetişdirilməlidir.

Keçən il pomidor ixracı rekord həddə çatıb, ölkəyə 151 milyon dollar valyuta gəlib. Buna da böyük tələbat, böyük maraq var. Ancaq yenə də deyirəm, 400 hektarda salınan bu istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq. Ona görə həm dövlət qurumları, həm sahibkarlar özləri marketinq aparsınlar. Bazarların marketinqini aparsınlar ki, harada nə satmaq olar, harada hansı məhsullar üçün daha böyük tələbat var və hansı ölkələrdə daxili istehsal artır. Biz onu da həmişə yadda saxlamalıyıq ki, əgər indi ənənəvi bazarımız olan ölkələrdə daxili istehsal bu və digər məhsullar üzrə artırsa, deməli, ixracımız üçün problem yarana bilər. Ona görə burada çox çevik siyasət aparılmalıdır, əlbəttə ki, dövlət qurumlarının nəzarəti altında və köməyi ilə.

Meyvə istehsalı bizdə artır və artacaq. Xurma ixracı keçən il 90 milyon dollar səviyyəsində olub. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb. İki il ərzində 1800 hektarda nar bağları salınıb. Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib.

Pambıqçılığın inkişafı rekord templərlə gedir. 2015-ci il ilə 2017-ci ili müqayisə etsək görərik ki, 2015-ci ildə 35 min ton, 2017-ci ildə isə 207 min ton pambıq tədarük edilib. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərin sayı 200 minə çatıbdır. Bu, məşğulluq deməkdir. Hər gün bu insanlar halal zəhmətlə pul qazanıb evlərinə aparırlar. Ona görə mən bir daha demək istəyirəm ki, pambıqçılığın inkişafının çox böyük sosial tutumu var. Əlbəttə, bu, ixrac üçün də çox gəlirli bir sahədir. Bu il də biz pambıqçılıqla çox ciddi məşğul olmalıyıq. Baxmayaraq ki, keçən il 207 min ton pambıq tədarük edilib, ancaq məhsuldarlıq lazımi səviyyədə deyil. İndi bu məsələ ciddi təhlil edilir. Bəzi sahələrdə məhsuldarlıq yüksəkdir, bəzi sahələrdə yox. Bunun səbəbləri haqqında indi məlumat toplanılır ki, bu il biz məhsuldarlığı artıraq və pambıqçılığı intensiv yollarla inkişaf etdirək. Burada əlbəttə ki, aqrokimyəvi xidmət, texnika ilə təminat, su, gübrələr, pestisidlər və aqronomların səmərəli işi əsas həlledici amillərdir.

Baramaçılıq da sürətlə inkişaf edir. Burada da müqayisələr aparmaq olar. 2015-ci ildə 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb. Bu il təqribən 400 ton barama tədarük edilməlidir. Beləliklə, Şəki ipək kombinatı daha böyük güclə işləyəcək, daha çox insan cəlb ediləcək. Əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər.

Tut tinglərinin əkilməsi prosesi uğurla gedir. Bizim mövcud tinglərimizin sayı 2 milyon 200 mindir. 2016-2017-ci illərdə 1 milyon 800 min ting əkilmişdir. 2018-ci ildə isə 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Bu da bizim kümçülərə olan dəstəyimizdir. Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə.

Fındıqçılıq sürətlə inkişaf edir. 2016-2017-ci illərdə 30 minə yaxın hektarda yeni fındıq bağları salınıb. Bizim ümumi fındıq bağlarının sahəsi 67 min hektardır. Yəni, biz iki il ərzində bağların sahəsini təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə üç dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöhrələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır. Keçən il 114 milyon dollar həcmində fındıq ixrac etmişik.

Tütünçülük də sürətlə artır. 2016-cı ildə 3 min 500 ton, 2017-ci ildə isə 5 min 200 ton quru tütün tədarük edilibdir. Bir il ərzində istehsal 1,5 dəfə artmışdır. İndi qurutma kameraları da alınacaq, bu məhsul ölkəmizdə də istehsal olunacaq. Dekabr ayında yeni siqaret fabrikinin tikintisinə start verildi. Ümid edirəm ki, bu siqaret fabriki bu il işə düşəcək və beləliklə, xaricdən asılılıq azalacaq, ixrac potensialı yaranacaq.

Bu il yeni qoz bağlarının salınması nəzərdə tutulur, yerlər müəyyən edilib. Özəl sektor bu işə çox böyük maraq göstərir və təqribən 10 minə yaxın hektarda yeni qoz bağları salınacaq. Bir neçə ildən sonra bu da çox böyük gəlir gətirən ixrac sahəsi olacaq. 2016-2017-ci illərdə bizim tövsiyəmiz əsasında 200 hektarda yeni badam bağları salınıb. Məsələni təhlil etməyə başlayanda mən gördüm ki, Azərbaycanda cəmi 1000 hektarda badam bağları vardır, onların da təqribən 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Abşeronda, Bakıətrafı yerlərdə, Xızı, Siyəzən, Şabran zonalarında badam yetişdirilməsi üçün çox gözəl təbii şərait var, ona görə belə bir tövsiyə verdik, çağırış etdik. İki ildə 200 hektarda badam bağları salınıb. Əlbəttə ki, başlanğıc üçün bu, yaxşı göstəricidir, ancaq artmalıdır. Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik.

Üzümçülüklə bağlı son rəqəmlər aşağıdakılardır: 2016-cı ildə 136 min ton üzüm tədarük edilmişdir. 2017-ci ildə bu rəqəm 152 min tona çatıb. İndi şərab istehsalı bizdə artmalıdır. Mövcud şərab zavodları tam gücü ilə işləməlidir. Çünki bu, hələ ki, belə deyil. Bir çox zavodlar tikilib, ancaq onların biri 20 faiz, biri 50 faiz, digəri 30 faiz gücü ilə işləyir. Bu, dözülməzdir. Ona görə tam gücü ilə işləmək üçün sahibkarlar gərək məsuliyyətli yanaşsınlar. Yoxsa indi tikiblər zavodları, amma istifadə etmirlər. Bu, çox qəribə hadisədir. Ona görə şərab istehsalı ilə bağlı dövlət ixrac imkanlarını genişləndirir, bütün sərgilərdə də iştirak edirik, yeni kontraktlar bağlayırıq, sahibkarlara kömək göstəririk. Tezliklə bizdə şərab ixracı artmalıdır.

Zeytunçuluqla bağlı. Son iki ildə 300 hektarda yeni zeytun bağları salınıb. Bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektarda yeni zeytun bağları salınacaqdır. Yeni zeytun yağı fabrikləri yaradılacaq ki, onların istehsal gücü ildə 3000–4000 ton olacaq. Görün, bizdə nə qədər böyük zeytun yağı ixracı gözlənilir. Bizim zeytunumuz çox keyfiyyətlidir, sadəcə olaraq, əvvəlki illərdə səmərəsiz istifadə olunurdu. Düzdür, bizdə zeytun yağı istehsalı var idi, ancaq biz özümüzü hələ də təmin edə bilmirik. Amma belə təbii imkanı olan bir ölkədə mütləq biz böyük ixracatçıya çevrilməliyik və çevriləcəyik.

Mən sahibkarların diqqətini bir sahəyə də cəlb etmək istəyirəm. Bu da çox perspektivli sahədir və tədricən Azərbaycanda inkişaf edir. Bu, arıçılıqdır. Bizim arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Cənubi Qafqazda biz arıçılığın inkişafı üçün xüsusi bölgələrə malikik. Arıçılara indi dövlət dəstəyi də verilməlidir və veriləcəkdir. Hər arı ailəsinə görə arıçılara subsidiyalar verilməlidir və veriləcəkdir. Deməli, ildə hər pətəyə dövlət tərəfindən 10 manat subsidiya veriləcək ki, bu sahəyə maraq daha da artsın və bal bizim böyük ixrac məhsulumuza çevrilsin. İndi ABAD konteynerlərində bal istehsalı təmin edilir. Əlbəttə ki, onun paketlənməsi, keyfiyyəti ən yüksək səviyyədə olmalıdır. Mənə verilən məlumata görə, Azərbaycan balı keyfiyyətinə görə dünya miqyasında fərqlənən məhsullardan biridir.

Şəkər çuğunduru ilə bağlı görülən işlər nəticə verir. İndi bu sahədə 15 min insan çalışır və 14 min hektardan 400 min tondan çox şəkər çuğunduru tədarük edilib. Bütün bu çuğundur İmişli şəkər zavoduna göndərilmişdir. Azərbaycanda istehsal olunan şəkərin tərkibində yerli xammalın səviyyəsi artır. Biz buna da çalışmalıyıq. Çünki bizdə şəkər daha çox xaricdən gətirilən şəkər qamışı hesabına istehsal olunurdu. Biz şəkər çuğunduru hesabına bunu etməliyik və bölgələrdə də ciddi təhlil aparılmalıdır. Bugünkü çıxışlarda da məhsuldarlıqla bağlı fikirlər səsləndi. Çuğundurda şəkərliliklə bağlı çox ciddi təhlil aparılmalıdır. Çuğundur o bölgələrdə əkilməlidir ki, orada şəkərlilik və məhsuldarlıq daha yüksək olur.

Keçən il çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirildi. Bu sahələrə də böyük diqqət göstəririk. İlk növbədə, daxili tələbatı təmin etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik. Kənd təsərrüfatı ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi ilə bağlı işlər daha sürətlə və daha böyük səmərə ilə getməlidir.

İdxal və ixracla bağlı bir neçə söz demək istərdim ki, həm ictimaiyyət bilsin, həm də sahibkarlar bilsinlər ki, daxili tələbatı ödəmək və ixracımızı artırmaq üçün hansı sahələrə daha çox diqqət göstərilməlidir. Deməli, qida məhsulları üzrə ixracla bağlı birinci yerdə pomidor dayanır – 2016-cı ildə 94 milyon dollar, 2017-ci ildə 151 milyon dollar. Fındıq - 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar. Xurma - 2016-cı ildə 69 milyon dollar, 2017-ci ildə 91 milyon dollar. Alma - 2016-cı ildə 23 milyon dollar, 2017-ci ildə 31 milyon dollar. Kartof - 2016-cı ildə 16 milyon dollar, 2017-ci ildə 26 milyon dollar. Albalı və gilas eyni səviyyədədir – 23 milyon dollar. Soğan 2016-cı ildə ixrac demək olar ki, olmayıb, 2017-ci ildə 15 milyon dollar. Bitki yağları - 2016-cı ildə 10 milyon dollar, 2017-ci ildə 14,5 milyon dollar. Yəni, bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var. Sadaladığım layihələr icra olunduqda bu dinamika daha da sürətlə gedəcək.

Bizdə qeyri-qida məhsulları üzrə birinci yerdə qızıldır. 2016-cı ildə 76 milyon dollarlıq, 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb. Alüminium - 2016-cı ildə 98 milyon dollar, 2017-ci ildə 117 milyon dollar. Polad borular - 2016-cı ildə 43 milyon dollar, 2017-ci ildə 39 milyon dollar – bax, yeganə pozisiyadır ki, burada bir qədər azalma var. Pambıq mahlıcı - 2016-cı ildə 6 milyon dollar, 2017-ci ildə 33 milyon dollar. Pambıq iplik - 2016-cı ildə 18 milyon dollar, 2017-ci ildə bir qədər azdır - 16 milyon dollar. Tütün - 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 14 milyon dollar. Sement-klinkeri - 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 12 milyon dollar. Armatur - 2016-cı ildə 2 milyon dollar, 2017-ci ildə 10 milyon dollar. Yəni, qida və qeyri-qida məhsulları üzrə müsbət dinamika mövcuddur. Bu da çox gözəl göstəricidir və bizə imkan verir ki, qeyri-neft ixracımızı böyük dərəcədə artıra bilək.

İdxalla bağlı rəqəmlər. Bu, ilk növbədə, sahibkarlar üçündür. Onlar bilsinlər ki, hansı pozisiyalar daha dinamik inkişaf edir və bu məhsullar üçün bazarlar da var. Ona görə bu məhsullarda artım olmalıdır. İdxal olunan məhsullar isə birbaşa sahibkarlara bir tövsiyədir ki, bax, biz burada idxalı əvəzləmək üçün daha da fəal işləməliyik. Deməli, keçən il buğdanın alınması üçün xaricə 227 milyon dollar valyuta gedib. İndi buğdanın böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Kərə yağı - 50 milyon dollar. Yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılması mütləq təmin edilməlidir. İndi sahibkarlara kreditlər veriləndə də bu məsələ nəzərə alınsın. Mineral və qazlı sular - xaricə 48 milyon dollar gedir. Baxmayaraq ki, bizdə bu qədər gözəl bulaqlar, yeraltı sular var, istehsal edirik, ancaq çatmır. Nə etmək lazımdır? Mövcud su müəssisələrinin gücünü artırmaq lazımdır. Yenə də dövlət öz dəstəyini göstərsin, sahibkarlar da fəal olsunlar, Azərbaycanın daxilində 48 milyon dollarlıq bazar var. Əgər biz bunu istehsal etsək, əlbəttə ki, xaricdən az gələcək. Düyü - 36 milyon dollar xaricə gedir. İndi çəltikçiliyin inkişafı sürətlə gedir, hesab edirəm ki, biz bu rəqəmi azaldacağıq.

Maraqlı bir məsələ kartofla bağlıdır - 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə, idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.

Soya və ondan alınan məhsullar - 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var.

Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri - 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.

Siqaret - 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.

Trikotaj məhsulları - xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq.

Sabun-yuyucu vasitələr - 100 milyon dollarlıq idxal olunub. Yuyucu vasitələrin də, sabunun da istehsalı Azərbaycanda təşkil olunmalıdır. Bu, o qədər çətin məsələ deyil. Ona görə bu məsələyə mütləq baxmaq lazımdır.

Şüşə və ondan hazırlanan məhsullar - təxminən 80 milyon dollar xaricə gedir. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək.

Gübrələr - 55 milyon dollar həcmində. Karbamid zavodu işə düşəndən sonra bu məsələnin də həlli nəzərdə tutulur. Yəni, ancaq sadaladığım bu pozisiyalar üzrə təqribən bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək. Ona görə qeyd etdiyim bu məsələlər həm dövlət orqanları, həm özəl sektor tərəfindən icra edilməlidir. Bu il biz bunun icrası ilə bağlı fəal işləməliyik və beləliklə, idxal azalacaq, ixrac isə artacaq.

Deyə bilərəm ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik. Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir. Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik.

Bu rəqəmlər hər şeyi əyani şəkildə göstərir. Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34