Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27 noyabr 2017, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Sabirabad rayonunda Sabirabad Sənaye Məhəlləsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Sabirabad Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır;

2.2. Sabirabad Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti üçün Sabirabad rayonu ərazisində 20,3 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su təchizatı, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını, eləcə də Məhəllənin işinin təşkilini və tənzimlənməsini, o cümlədən iştirakçıların dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Sabirabad Rayon İcra Hakimiyyəti bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2017-ci il.

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26