Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində İlham Əliyevin nitqi

14 noyabr 2017, 12:45
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində İlham Əliyevin nitqi

Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri.

Əziz dostlar.

Mən sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyamızın qarşıdan gələn 25-ci ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Partiyamızın bütün üzvlərinə cansağlığı, yeni uğurlar arzulayıram.

İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və Ulu Öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi.

Bu, doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır. Bu müraciətin səbəbləri də aydındır. Çünki ulu öndər Heydər Əliyev 1970-1980-ci illərdə gördüyü işlərə, Azərbaycana verdiyi töhfələrə görə xalqımızın böyük sevgi və rəğbətini, dəstəyini qazanmışdır. Sovet dönəmində ən geridə qalmış respublikalardan biri olan Azərbaycan məhz onun dövründə ən qabaqcıl respublikaya çevrilmişdir. Onun 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində fəaliyyəti nəticəsində respublikada böyük quruculuq işləri aparılmışdır və Azərbaycan, sözün əsl mənasında, hərtərəfli şəkildə inkişaf edirdi. Ondan sonrakı dövrdə Moskvada yüksək vəzifədə çalışarkən həmişə Azərbaycana böyük diqqət və qayğı göstərmişdir.

1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.

Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu.

Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.

O illərdə isə ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Çünki Yeni Azərbaycan Partiyası noyabr ayında yaradılmışdı. Ondan sonra ölkədə dərin böhran daha da kəskinləşdi, 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü ölkəmizdə qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam etmişdir.

Azərbaycan xalqı o vaxt bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. O illərdə bizim milli ideologiyamız – azərbaycançılıq ideologiyası təqdim edildi və xalq tərəfindən bəyənildi. O illərdə Azərbaycan beynəlxalq təcriddən çıxa və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişdir.

Biz beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. İqtisadi islahatlar, onların təməli məhz o illərdə qoyulmuşdu. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. O illərdə Azərbaycana cəlb olunan xarici sərmayə demək olar ki, həmin dövrdə və hətta bu gün də ölkəmizin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biridir.

Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bilmişdir və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur.

Ondan sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən bu gün son 14 il ərzində görülmüş işləri sadalamaq istəmirəm. Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var.

Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir.

Azərbaycan beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş vermişdir. Yəni, bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib.

Bu gün qarşıda duran bəzi vəzifələr haqqında danışmaq istərdim. Son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq.

Daxili siyasətlə bağlı qarşıda duran vəzifələrə gəldikdə, Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaqdır.

Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.

Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır.

Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər.

O ki qaldı bütün azadlıqlara, Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır.

Xarici siyasətlə bağlı. Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada ki, bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.

Hesab edirəm ki, hər bir ölkə üçün qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik. 30 oktyabr-1 noyabr tarixlərində dörd qonşu ölkənin liderləri ilə mənim görüşlərim olubdur və bu 2-3 gün ərzində həm “Şərq-Qərb”, həm “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması və inkişafı istiqamətində çox önəmli hadisələr qeydə alınıbdır. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, bu layihələr haqqında heç danışmağa da dəyməzdi. Bu gün Azərbaycan haqlı olaraq Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmindədir və biz bunu edirik. Nəqliyyat sahəsində tranzit ölkə statusunu almaq üçün mütləq qonşularla isti münasibətlərin olmalıdır. Ona görə bu, xarici siyasətimizin əsas prioritetidir və çox sevindirici haldır ki, qonşu ölkələrlə bizim heç bir problemimiz yoxdur.

Biz bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcəyik. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritet təşkil edir. Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilmişdir. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılmışdır. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də öz həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaqdır. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı bir təşkilatda saxlaya bilməz.

İqtisadi sahə ilə bağlı. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək.

Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək. Beş il bundan əvvəl partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur - cəmi beş il ərzində. Ona görə, bu istiqamətdə də ardıcıl siyasət aparılacaqdır.

Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir.

Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək.

Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı bizim çox aydın hədəflərimiz var. Neft-qaz sahəsində bütün vəzifələr icra edildi. “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti uzadıldı. “Cənub Qaz Dəhlizi”nin icrası da uğurla gedir. Əminəm ki, gələn il biz TANAP layihəsinin açılışını qeyd edəcəyik.

Bütövlükdə “Cənub Qaz Dəhlizi”nin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. Mən burada da heç bir problem görmürəm. Sadəcə olaraq biz qrafik üzrə getməliyik. Avropa İttifaqı da Azərbaycanı bu layihənin həyata keçirilməsində aparıcı ölkə kimi tanıyır. Doğrudan da bizim bu layihənin icrasında rolumuz danılmazdır və aparıcıdır.

Nəqliyyat sahəsində. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylərimiz onunla bağlı olacaq ki, biz yüklərin həcmini artıraq. İndi biz bu məsələ üzərində çalışırıq. Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz ərazimizdə demək olar ki, bütün işləri gördük. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarımızı ortaya qoymağa hazırıq. Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq.

Azərbaycanda müasir texnologiyaların inkişafı da gündəlikdə duran məsələdir. Üçüncü süni peykin orbitə çıxarılması da gündəlikdə duran məsələlərdən biridir.

Gələcək fəaliyyətimizlə bağlı əlbəttə ki, hər bir sahə üzrə konseptual yanaşma var. Mən əgər bu gün bütün planlar haqqında danışsam, bir neçə saat vaxt lazım olacaq. Mən bu gün sizin və ictimaiyyətin diqqətinə gələcəkdə əsas, önəmli istiqamətlər üzrə görüləcək işlər haqqında fikirlərimi çatdırdım. Bir daha demək istəyirəm ki, bu planların reallaşması üçün bütün imkanlar var. Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.

Mən bu gözəl yubiley münasibətilə partiyamızın bütün üzvlərini bir daha təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyasına yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34