İlham Əliyevin “Qarabağ” futbol klubunun heyətinin qəbulunda nitqi

24 avqust 2017, 15:35
İlham Əliyevin “Qarabağ” futbol klubunun heyətinin qəbulunda nitqi

Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir.

Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.

Bu qələbə, eyni zamanda, Azərbaycanda futbolun inkişafının təzahürüdür. Mən çox şadam ki, dünyanın ən populyar idman növü – futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafı çoxdan gözləyirdik. Futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün hesab edirəm ki, bunun şahidiyik. Çünki həm klublar, həm milli yığma komandamız yaxşı nəticələr, ləyaqətli oyun, əzmkarlıq, iradə və vətənpərvərlik göstərir. Ona görə mən hesab edirəm ki, Azərbaycan futbolu gələcəkdə daha da sürətlə inkişaf edəcək, həm klublar, eyni zamanda, yığma komandamız ölkəmizi ləyaqətlə təmsil edəcək.

Əlbəttə ki, bu qələbə son illər ərzində ölkəmizdə idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropa və dünya çempionatlarında, istərsə də Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda keçirilmiş birinci Avropa və IV İslam Həmrəyliyi oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Biz komanda hesabında Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Bu, tarixi qələbədir. Eyni zamanda, keçən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə dünya miqyasında 14-cü yeri tutmuşlar.

Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir. Çox şadam və bir daha qeyd etmək istəyirəm ki, ən məşhur, ən populyar idman növü olan futbol da Azərbaycanda inkişaf edir. Yeni stadionlar yaradılır, bizim tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Dünyanın ən gözəl stadionlarından biri olan, təxminən 70 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu tikilmişdir. Digər stadionlar, bölgələrdə stadionlar, idman qurğuları tikilir. Çünki idmanın inkişafı, əlbəttə, idman infrastrukturunun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm Bakıda ən müasir idman infrastrukturu yaradılmışdır.

Əminəm ki, bu qələbədən sonra futbol bölmələrinə uşaqların axını daha da güclənəcək, futbolçu olmaq, sizə oxşamaq istəyənlərin sayı artacaq. Əlbəttə ki, bu, sizin üzərinizə əlavə məsuliyyət qoyur. Çünki sizi indi Azərbaycanda demək olar ki, tanımayan yoxdur. Sizə diqqət artacaq və necə ki, siz bu günə qədər həm idmanda, həm məişətdə özünüzü ləyaqətlə aparmısınız, əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsınız.

Onu da qeyd etmək istəyirəm ki, dünənki qələbə təsadüfi qələbə deyildi. Siz bu qələbəyə doğru neçə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir.

Mən bu münasibətlə, ilk növbədə, klubun rəhbərliyini təbrik etmək istəyirəm, xüsusilə, klubun rəhbəri Tahir Gözəli. Mən bilirəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, ürəklə yanaşır. Bəlkə də bu gün ən çox sevinən elə Tahirdir. Səni təbrik edirəm, Tahir. Sənin bütün köməkçilərini, mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi.

Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrimə şərik olarlar, - Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fədakarlıq tələb edir. Futbolçular, əfsuslar olsun ki, gənc yaşlarından zədələrlə üzləşirlər, əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər.

Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır.

Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir və idman sevincini bizə idmançılar bəxş edir.

Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıbdır və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Mən sizi bir daha təbrik edirəm, gələcək uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34