Avropa İttifaqı Şurasının nümayəndə heyətinin qəbulunda İlham Əliyevin yekun nitqi

04 oktyabr 2017, 12:00
Avropa İttifaqı Şurasının nümayəndə heyətinin qəbulunda İlham Əliyevin yekun nitqi

Əvvəlcə ölkəmizin inkişafının qiymətləndirilməsinə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiniz ki, son dəfə burada 2006-cı ildə olmusunuz. O zamandan bəri çoxlu dəyişikliklər olub. Bu isə onun göstəricisidir ki, ölkə sürətlə inkişaf edir. Bu, təkcə Bakıya aid deyil, biz Azərbaycanın bütün bölgələrində sakinlər və biznes dairələri üçün maksimum imkanların yaradılması məqsədilə nəhəng infrastruktur və inkişaf layihələri həyata keçirmişik. Hazırda vəziyyət elədir ki, regionlar çox uğurla inkişaf edir. İqtisadiyyatımızın şaxələndirilməsi əsasən regional infrastrukturun yaradılması və regional inkişafın təmin olunması sayəsində mümkün olub. Bu sahəyə böyük sərmayə yönəldilib. Mən prezidentlik müddətimin əvvəlində - 2004-cü ildə demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Biz o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərmayə yatırmışıq. Qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sahəsində müvafiq işlər görülüb, onların 250 min nəfəri yeni ev və mənzillərlə təmin olunub və bu proses davam etməkdədir. Onların bir hissəsi hələ də çətin vəziyyətdə yaşayır, lakin siz də anlayırsınız ki, bu, böyük vəsait tələb edən layihələrdir. Biz həmin insanların daha yaxşı şəraitdə yaşamaları üçün milyardlarla dollar sərf etmişik. 

Burada Fransa səfiri Dağlıq Qarabağ məsələsinə toxundu. Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək, ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bunu siz də qeyd etdiniz və bu, məlum məsələdir ki, bizim ölkədə dini və etnik tolerantlıq yüksək səviyyədədir. Biz multikulturalizmin mərkəzlərindən biri kimi tanınırıq və ötən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və hesab edirəm ki, bu, bizim uğurlu inkişafımızın vacib elementidir. Yeri gəlmişkən, düşünürəm ki, bu məsələ müzakirələrin bir hissəsi olmalı və sazişə daxil edilməlidir. Azərbaycan Avropa ilə müsəlman dünyası arasında coğrafi körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolunu oynayır. 2008-ci ildə biz “Bakı prosesi”nə start verdik. Həmin il biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin müvafiq nazirlərini dəvət etdik. İlk dəfə idi ki, 100-dən artıq dövlətin nümayəndəsi bir araya gəldi və artıq bu gün o, “Bakı prosesi” adlanır. Həmin proses inkişaf etməkdə davam edir və BMT tərəfindən dəstəklənir. Müasir, dünyəvi müsəlman ölkəsi kimi Azərbaycanın rolu artır və deyərdim ki, ölkəmizdə cəmiyyətin dünyəvilik statusunun dəstəklənməsi üçün gördüyümüz işlər təkcə bizim üçün deyil, region üçün də olduqca əhəmiyyətlidir.

Beynəlxalq terrorizmlə bağlı məsələlərə gəldikdə, bir qədər əvvəl qeyd etdiklərim bununla bilavasitə əlaqəlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq terrorizmlə mübarizədə yalnız hərbi vasitələrlə uğur qazanmaq mümkünsüzdür. Çünki əvvəlcə ideoloji təhlükələrdən qorunmaq lazımdır. İnsanları qane edəcək yaşayış standartları və rahatlıq təmin olunmalıdır ki, onlar həyatlarından məmnun olsunlar. Onlar təhsil almalıdırlar. Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır.

Azərbaycanda getdikcə daha çox savadlı gənclər müxtəlif mühüm vəzifələrdə çalışırlar. Yəni, bu, ekstremizmə qarşı əsas səddir. Terrorizm prosesin son mərhələsidir. Manipulyasiya, savadsızlıq, təbliğat, narazılıq, sosial qeyri-bərabərlik, yoxsulluq, işsizlik və nəhayət, terrorizm. Yəni, bütün bu amillər aradan qaldırılmalıdır. İşsizlik bizdə 5 faiz təşkil edir. Əslində, bundan da az ola bilər, ancaq bəziləri işləməyərək yalnız dövlətdən ianə almaq istəyir. Biz yoxsulluğu demək olar ki, aradan qaldırmışıq. Çünki 2003-cü ildə bu göstərici 49 faizə bərabər idi, indi isə 6 faizdir. Bir məsələni də nəzərə almaq lazımdır ki, Ermənistandan fərqli olaraq

əhalimizin sayı artır. Orada əhali azalmaqdadır. Əhalimiz ildə 100 min nəfərdən artıq çoxalır. Bu səbəbdən işsizliyin aşağı səviyyədə saxlanılması olduqca ciddi çağırışdır. Təbii ki, biz terrorizmlə mübarizə sahəsində beynəlxalq səylərə töhfəmizi veririk. Bu mənada, bizim ölkədə daxili təhlükə mövcud deyil. Bütün təhlükələr xaricdən qaynaqlanır.

Bolqarıstan səfiri enerji və nəqliyyat məsələlərini qeyd etdi. Bolqarıstan enerji sahəsinin inkişafında bizim yaxşı tərəfdaşımızdır. Ümid edirəm ki, Bolqarıstan üç ildən sonra Azərbaycan qazını qəbul edəcək. Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır. Enerji təhlükəsizliyimizə gəldikdə, bütün işlər görülüb, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir. Müasir nəqliyyat infrastrukturunun yaradılması üçün tərəfimizdən bütün işlər görülüb. Bizim ehtiyatlarımız məlumdur, bazar müəyyən edilib. Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii qaza tələbat artacaq və Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir. Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Artıq üçüncü dəfədir ilin əvvəlində biz Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısını keçiririk ki, həmin iclaslarda Avropa Komissiyasının vitse-prezidentləri iştirak edirlər.

Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm. Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz dəmək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq.

Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik.

Avropa təsisatlarına gəldikdə, bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur.

Mən Şərq Tərəfdaşlığı Sammitində iştirak üçün dəvətə görə minnətdaram. Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, Zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən “Şərq Tərəfdaşlığı” proqramına dəstək verdi. Mən şəxsən Şərq Tərəfdaşlığının ilk Sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm, sonuncunu istisna etməklə. Orada olmamağımın da səbəbini yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantını kənara qoymaq üçün əsas yoxdur. Bir sözlə, onun üçün ümidlərimiz böyükdür. Eyni zamanda, lap əvvəldən razılaşmamağım onunla bağlı idi ki, üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Biz Azərbaycanıq. Biz geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkəyik. Bu səbəbdən, bu cür olaraq, biz həmin qrupa dəvət olunduq. Lakin həmin vaxtdan etibarən qrupda iki ölkə Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə Assosiasiya Sazişini imzalamış ölkədir. Qalan bir ölkə - Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Buna görə, ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən mövqeyimizin əsasını təşkil edirdi. Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı yanaşmamıza yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu, belə deyildi. Əslində, biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. Şərq Tərəfdaşlığı, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir.

Söyləyəcəyim sonuncu məqama gəldikdə, almaniyalı səfirə deməliyəm ki, almanların Azərbaycanda 200 il ərzində olması bu il qeyd edilir. Onlar ölkəmizin qərb hissəsində iki və ya üç şəhərin təməlini qoymuşlar. İlk almanlar Azərbaycana 200 il əvvəl gəliblər. Biz həmin irsi Azərbaycanın qərb şəhərlərində qoruyub saxlayırıq. Biz alman kilsəsini və məşhur şərab anbarlarını bərpa etmişik. Onlar yaxşı şərab istehsal edirdilər. 200 və 100 il əvvəl tikdikləri evlər isə yenə də qalır.