İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib

02 oktyabr 2017, 11:50
İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Bildirildi ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarhan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarhan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarhan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Sizi ürəkdən salamlayıram. Bu, mənim Şamaxıya Prezident kimi altıncı səfərimdir. Çox şadam ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir. Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük investisiyalar qoyulubdur. Əlli üç kilometrlik yoldur. İndi tam əsaslı şəkildə bərpa edilib və 16 kəndi birləşdirən rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim edilir.

Bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar.

Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq.

İçməli su layihəsi. Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb. Bu gün bu layihənin rəsmi açılışı olacaqdır. Bu da çox böyük, tarixi layihədir. Çünki içməli su hər bir insan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll etmişik. Bu gün, eyni zamanda, Qobustan şəhərinin içməli su layihəsi istifadəyə verilibdir. Ona görə bu layihə də infrastruktur layihələri arasında, əlbəttə ki, önəmli yer tutur. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır. Yəni, bir sözlə, yol, içməli su, elektrik, qazlaşdırma, səhiyyə, idman, təhsil məsələləri öz həllini tapıb.

Eyni zamanda, hamımız yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir.

Bu gün, eyni zamanda, Dəmirçi kəndində qədim məscidin əsaslı bərpadan sonra açılışı olacaq. Bu, onu göstərir ki, Şamaxı rayonunda doğrudan da bir çox tarixi, dini abidələrimiz var. Biz onları qoruyuruq. İlk növbədə, Azərbaycan xalqı onları əsrlər boyu qoruyubdur. Bütün ictimai-siyasi quruluşlardan asılı olmayaraq, xalqımız bizim milli, dini dəyərlərimizi qoruyub. Bu gün isə müstəqil Azərbaycan dövləti onları qoruyur, saxlayır, bərpa edir. Bu gün Şamaxı rayonunun ölkəmizin tarixində və bugünkü həyatda çox böyük yeri və rolu var. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir.

Eyni zamanda, Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır. Bu yolun üstündə yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark artıq fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır. Onların bir neçəsi istifadəyə verilib. Aqroparklara texnika verilir, infrastruktur yaradılır. Özəl sektora kreditlər verilir, fermerlər, iş adamları da öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə edək. Bax, o 37 aqroparkın üçü Şamaxı rayonundadır. Birinin ərazisi 15 min hektar, digərinin ərazisi 1500 hektar, üçüncünün isə ərazisi 2 min hektardır. Yəni, 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Həm insanlar işləyəcək, məhsul yetişdiriləcək, bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək.

Ona görə bu sahədə görülən işlər, əlbəttə ki, məni çox sevindirir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur.

Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.

Əlbəttə ki, Şamaxı turizmin inkişafı üçün çox böyük imkanlara malik olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, - o da tarixi bir yerdir, - bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, otellərin mövcudluğu bunu şərtləndirir.

Bax, rayon bu cür inkişaf edəcək - kənd təsərrüfatı, emal müəssisələri, turizm, sənaye istehsalı, aqroparklar. Əminəm ki, Şamaxı bundan sonra da uğurla inkişaf edəcək. Sizi bütün nailiyyətlər münasibətilə təbrik edirəm.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Allahverdi HÜMBƏTOV dedi: 

-Cənab Prezident, Şamaxıya xoş gəlmisiniz. Biz Sizi bütün Şamaxı sakinləri adından ürəkdən salamlayırıq. Siz hər dəfə Şamaxıya gələndə bizim üçün bayram olur.

Biz böyük bir layihənin, 53 kilometrlik bir yolun açılışında Sizinlə iştirak edirik. Sizin xeyir-duanızla bu yol artıq istifadəyə verilir və rayonumuzun bütün əhalisinin ürəyincədir. Bu yoldan istifadə edən bütün insanlar Sizə həmişə dua oxuyacaqlar. Ona görə ki, uzun müddət bu yol bərbad vəziyyətdə olmuşdur. Bu gün isə çox yüksək səviyyədə bərpa olunmuş vəziyyətdə xalqımızın istifadəsinə verilir.

Cənab Prezident, Ulu Öndərimizin yol haqqında fikirləri var idi. O deyirdi ki, yol iqtisadiyyatdır, mədəniyyətdir, insanların həyatıdır. Doğrudan da belədir. Bu yolun təkcə bizim gediş-gəlişimiz üçün yox, Azərbaycan iqtisadiyyatının gələcəyi, inkişafımız üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, yol insanların həyatı deməkdir. Bu, həyati bir məsələni həll edən infrastrukturdur.

Cənab Prezident, bu yolun çəkilməsinin əhəmiyyəti bir də ondan ibarətdir ki, bizim qonşu bölgələrimiz olan ulu Şirvanla Muğanı birləşdirirsiniz. Siz bununla tarixdə yeni bir səhifə açırsınız. Buna görə Sizə çox minnətdarıq. Hər iki bölgənin insanlarının rahatlığı üçün bu yolun əhəmiyyəti çox böyükdür.

Cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində Şamaxı gündən-günə gözəlləşir. Sizin dediyiniz kimi, burada turizmin inkişafı üçün böyük potensial var. Bu gün insanlar, turistlər yüksək səviyyədə təmir olunmuş qədim tarixə malik Cümə Məscidini, yenidən bərpa edilmiş rəsədxananı görmək üçün axın-axın Şamaxıya gəlirlər. Onlar gəlib Şamaxının səfalı mənzərəsini görürlər. Biz hər gün görürük ki, Cümə Məscidinin qarşısında nə qədər turist avtobusu dayanır. Bu, bizim üçün şərəfdir, bütün bunlar Sizin sayənizdə mümkün olub.

Möhtərəm Prezident, Ulu Öndərimiz bizə torpaq bağışlamışdır. Biz kənddə yaşayırıq. Bizim iş yerimiz torpaqdır. Bütün ailələrimiz torpaqda çalışır və evlərinə ruzi-bərəkət gətirirlər. Bütün bunlar hamısı Sizin sayənizdə mümkün olub. Bu gün Siz insanlara torpağı sevməyi öyrədirsiniz. Biz bu gün torpağı sevirik, torpaqda çalışırıq və bu, demək olar ki, Sizin adınıza yazılmış olan bir inqilabdır. Siz bizə torpağı sevdirdiniz. Buna görə Sizə təşəkkür edirik.

Hörmətli Prezident, biz şamaxılılar Sizi çox sevirik. Bu, həqiqətən belədir. Hər evdə, hər ailədə, ürəyimizin başında Sizin yeriniz var. Ona görə də Sizə çox dərin təşəkkürümüzü bildiririk. Sizin apardığınız uğurlu siyasətin, Azərbaycan naminə gördüyünüz bütün işlərin arxasında dayanmışıq. Sizə arxa-dayaq olacağıq. İnşallah Sizin sayənizdə Azərbaycan qüdrətli bir dövlətə çevriləcək. Sizə böyük Allahdan kömək, möhkəm cansağlığı diləyirik. Cənab Prezident, Ulu Tanrı Sizə yar olsun, Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo