İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

02 oktyabr 2017, 11:05
İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Bu, mənim rayona dördüncü səfərimdir. Əlbəttə rayonda olanda önəmli tədbirlər, açılışlar nəzərdə tutulur. 

Bu gün biz şəhərə içməli suyun verilməsini rəsmən qeyd edirik. Bir neçə aydır ki, bu layihə başa çatıb və Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb. Bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. Çünki içməli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdəfəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunurlar. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, böyük layihədir, böyük sosial təşəbbüsdür, böyük vəsait tələb edən məsələdir. Biz bu vəsaiti təşkil etdik, dövlət büdcəsində vəsait nəzərdə tutuldu ki, bu məsələ də öz həllini tapsın. Çünki içməli su insanın sağlamlığına çox ciddi təsir edən amildir. Təmiz içməli su insanın sağlamlığını daha da yaxşılaşdırır.

İçməli su layihələri ölkəmizdə geniş vüsət alıb. İndi bir çox şəhərlərimizdə artıq bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulmuşdur ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq.

İnsan sağlamlığı üçün digər vacib məsələlər də öz həllini tapır. Bildiyiniz kimi, ölkəmizdə ənənəvi olaraq müayinədən keçmə proqramı da icra edilir, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir. Qobustanda Mərkəzi Rayon Xəstəxanasının tikintisinə əlavə vəsait ayrılacaq, indi işlər daha da sürətlə getməlidir və müvafiq göstəriş veriləcək, çünki tikinti başlamışdır, amma bir az yavaş gedir. Biz onu gərək sürətləndirək ki, bu məsələ də Qobustan rayonunda öz həllini tapsın. İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, öz həllini tapıbdır. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir. Biz bir layihəni icra etmişik. Bu layihə təqribən 13 minə yaxın əhalini əhatə edir. Bu gün isə növbəti kənd yolunun açılışını qeyd edəcəyik. Açılacaq bu yol da 15 min insanın işini yüngülləşdirəcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Qobustan rayonunda öz həllini tapır.

Onu da qeyd etməliyəm ki, səfərlərimin birində biz burada həm külək, həm də günəş alternativ enerji mərkəzinin açılışını etmişik. Bu, ölkəmiz üçün pilot layihə idi. İndi isə ölkəmizin bir çox yerlərində bu layihələr icra edilir.

Əlbəttə, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra, - onu da qeyd etməliyəm ki, Bakı-Şamaxı avtomobil yolunun da dörd zolağa genişləndirilməsi layihəsi də uğurla icra edilib, - gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir. Əvvəlki dövrlərdə idman mərkəzi də tikilmişdir, əminəm ki, xəstəxana da yaxın vaxtlarda tikiləcək. Bir çox məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı vəziyyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaqlar. İş yerləri də yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu ili biz uğurla başa vuracağıq.

Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaqdır. İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmisiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.

Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir. İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir.

Sizə bu gözəl hadisə münasibətilə uğurlar arzulayır, sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə Qobustan rayonunda hələ çox açılışlar olacaq, biz sizinlə tez-tez görüşəcəyik.

X X X

Qobustanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına rayon ictimaiyyəti adından minnətdarlıq edən Ənvər QAYIBOV dedi:

- Möhtərəm cənab Prezident.

İcazə verin, bütün qobustanlılar adından Sizi salamlayım, Sizə “Xoş gəlmisiniz!” deyim. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Bu sevincimizi sözlə ifadə etməyə çətinlik çəkirəm. Qobustana, eləcə də onun ətraf kəndlərinə suyun verilməsi, sözün həqiqi mənasında, bizim üçün bayramdır, təntənədir. Çünki biz uzun illər su sarıdan müəyyən çətinliklər çəkirdik. Belə ki, əvvəllər içməli suyu müxtəlif mənbələrdən maşınlarla gətirir, çənlərə doldurur, sonra ondan istifadə edirdik. Sözsüz, bu da bizim səhhətimizə, sağlamlığımıza, eləcə də büdcəmizə mənfi təsir göstərirdi. Siz bizim əsas problemimiz olan su problemini həll etdiniz. Bununla bizə böyük töhfələr bəxş etdiniz. Artıq biz qapımızda, həyətimizdə krantı açmaqla daimi olaraq içməli sudan istifadə edirik. Bu, Sizin bütün Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı və diqqətin nəticəsidir.

Möhtərəm Prezident, məlumdur ki, su aydınlıqdır, inkişafdır, tərəqqidir, mədəniyyətdir, nemətlər bolluğudur. Bir sözlə, su həyatdır. Həqiqətən bu həyatı bizə Siz bəxş etdiniz. Mən buna görə Sizə minnətdarlığımı bildirirəm.

Siz bizim təkcə su problemimizi həll etməmisiniz. Siz bizim Qobustanımızı da yenidən qurmusunuz. Qobustan kiçik bir qəsəbə idi. 2008-ci ildə Siz ona şəhər statusu verdiniz. Qobustan yenidən quruldu, inkişaf etdi, tərəqqi tapdı. Hazırda inkişaf etmiş, müasir bir şəhərə çevrilib.

Əlbəttə, mən bir faktı da qeyd etmək istəyirəm ki, - Siz də qeyd etdiniz, - suyumuz, qazımız, işığımız, bərəkətli torpaqlarımız, zəhmətkeş insanlarımız var. Mən inanıram ki, Qobustanın gələcəyi daha uğurlu olacaq, daha çox nailiyyətlər əldə edəcəyik. Bütün bu əmin-amanlığı, bu rahatlığı, bu gözəlliyi yaratdığınıza görə mən bütün qobustanlılar adından, xüsusən ağsaqqallar, ziyalılar adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, sağ olun.

X X X

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə başlanılacaq.

Bildirildi ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Burada işçi otaqları, informasiya-texnologiyaları otağı, iclas zalı yaradılıb. Bir sözlə, burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait var. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Qobustan şəhərində 1950-ci illərdə yaradılmış su təchizatı sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Xaltava və Təsi kəndləri ərazisində yerləşən subartezian quyularından verilirdi. Əvvəllər mövcud olmuş 42 kilometrlik su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermirdi. “Azərsu” ASC 8500 nəfər əhalisi olan Qobustan şəhərinin təqribən 20 faizinə xidmət göstərə bilirdi. İçməli su həftənin 3 günü olmaqla cəmi 1-2 saatlıq qrafiklə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Qobustan şəhərində kanalizasiya sistemi isə yeni layihə icra edilənədək ümumiyyətlə mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo