İlham Əliyev Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda iştirak etmişdir
26 iyun 2011, 12:00
Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda olmuşdur.
Dövlət və hökumət rəsmiləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların başçıları, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləmişlər.
Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edirdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş hərbi parad ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi idi.
Silahlı Qüvvələr Gününün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 13 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılmışdır. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır.
1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurası yaradılmış, noyabrın 2-də isə Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya ilə xalqa müraciət etmişdir. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin – Heydər Əliyev mərhələsinin başlanğıcı olmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Bu, doğrudan da belədir. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İyunun 25-də Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırmışdır.
Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladı.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın dövlət himnini ifa etdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söylədi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda nitqi
- Əziz əsgərlər, zabitlər, generallar!
Əziz hərbçilər, əziz dostlar!
Sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yeni uğurlar arzulayıram!
Bugünkü hərbi parad müstəqilliyimizin 20-ci ildönümünə həsr edilibdir. İyirmi il ərzində Azərbaycan müstəqil dövlət kimi böyük və şərəfli yol keçmişdir. İyirmi il ərzində ölkəmiz sürətlə inkişaf etmişdir və bu gün bölgədə çox güclü mövqelərə malikdir. Ölkəmizdə bütün istiqamətlərdə - iqtisadi sahədə, sosial məsələlərin həllində böyük uğurlar əldə edilmişdir. O cümlədən ölkəmizdə ordu quruculuğu prosesi uğurla getmişdir.
Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda Ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir. Azərbaycanda ordunun maddi-texniki bazasının gücləndirilməsi işində böyük məsələlər öz həllini tapmışdır. Hərbçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır. Sosial məsələlərə gəldikdə, Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxlayır, hərbçilərin sosial-məişət problemləri öz həllini tapır, əməkhaqları qaldırılır. Dünən imzaladığım Sərəncama əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşları müvafiq olaraq 25 və 10 faiz artırılmışdır.
Ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir. Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.
Biz müharibə və atəşkəs dövrlərində itkilər vermişik, şəhidlərimiz olubdur. Biz Vətən, torpaq uğrunda həlak olmuş bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq və yerdə qalmır. Şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayır!
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülmüşdür. Bu gün keçirilən paradda hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcəkdir. Biz müasir silahlar, sursatlar, hərbi texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son illər ərzində hərbi potensialımız yüksək dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır və ordumuzun hərbi gücü artır.
Eyni zamanda, Azərbaycanda 6 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik.
Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur və bu nailiyyətlər bu gün bu paradda göstəriləcəkdir. Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr – bütün bunlar Azərbaycanda istehsal olunur. Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir.
Bir sözlə, ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa Azərbaycan dövləti onu edir. Bizim hərbi xərclərimiz ildən-ilə artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə, - yəni ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun, - artıq reallaşıb. Bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olunmayana qədər bu, belə olacaqdır. Sülh müqaviləsi bağlanarsa, işğala son qoyulandan sonra əlbəttə ki, bu qədər xərcə bəlkə də ehtiyac olmayacaqdır. Ancaq eyni zamanda, ondan sonra da istənilən şəraitdə ordumuz daim yüksək hazırlıq nümayiş etdirməlidir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edəcəyik.
Biz ölkəmiz üçün ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün çalışırıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır. Əfsuslar olsun ki, bu ədalətsizlik hələ də davam edir. Halbuki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və son zamanlar verilən yeni bəyanatlar, mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, məsələ öz həllini hələ ki, tapmır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının - dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri icra edilmir.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik.
Biz 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bizim taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir. İyirmi il ərzində Azərbaycan xalqı bütün dünyaya sübut edə bilib ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır. Bütün bu nailiyyətlər statistika göstəricilərindən də bilinir. Son 7 il ərzində bizim dövlət büdcəmiz 16 dəfə artmışdır və Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur. Hərbi xərclərimiz 20 dəfə artmışdır, yoxsulluq 5 dəfə azalmışdır, bir milyona yaxın yeni iş yeri açılmışdır. Azərbaycanda böyük sənaye müəssisələri yaradılmışdır. Aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi uğurla gedir və bu gün Azərbaycanda dayanıqlı iqtisadiyyat formalaşır.
Sosial məsələlərin həlli işində biz böyük yol keçmişik. Sosial müdafiə məsələlərinin həlli üçün imkanlarımız və iradəmiz vardır. İldən-ilə artırılan maaşlar, pensiyalar, sosial ödəmələr, sosial infrastrukturun yaradılması, iki mindən artıq məktəbin, yüzlərlə tibb ocağının, onlarla Olimpiya Kompleksinin tikilməsi bu gün Azərbaycanın reallıqlarıdır.
Ölkəmiz 20 il ərzində böyük yol keçmişdir. Əhalinin maddi rifahı yüksəlmişdir, ölkə iqtisadiyyatı inkişaf etmişdir, beynəlxalq mövqelər möhkəmlənmişdir. Bu gün Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu və etibarlı tərəfdaş kimi tanınır. Bizim mövqeyimiz regional məsələlərdə bir çox hallarda həlledici rol oynayır. Bizim təşəbbüslərimiz nəinki iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi üçün həlledicidir, eyni zamanda, geniş mənada qitədə olan təsirimiz artmaqdadır. Bizim siyasətimiz xoşniyyətlidir. Biz qonşularla mehriban münasibətlərdə yaşamaq istəyirik və buna nail ola bilmişik.
Bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında qururuq və bu işlərdə böyük uğurlara nail ola bilmişik. Azərbaycan bütün ölkələrlə, bütün qurumlarla münasibətləri qarşılıqlı hörmət əsasında qurur və bu münasibətlər gündən-günə möhkəmlənir.
İyirmi il ərzində ölkəmizin inkişafı hər bir sahədə, hər bir istiqamətdə özünü göstərir. Paytaxtımız - qədim Bakımız bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bölgələrimiz canlanır, inkişaf edir. Hər yerdə tikinti, hər yerdə quruculuq, hər yerdə abadlıq, cəmiyyətdə ruh yüksəkliyi vardır. Cəmiyyətdə ölkəmizin bu gününə və gələcəyinə böyük inam vardır. Nəinki Azərbaycanın daxilində, bizimlə əməkdaşlıq edən ölkələr də Azərbaycanın parlaq gələcəyinə inanırlar. Bizim iqtisadi gücümüz vardır. Bu, reallıqdır. İqtisadi güc bizə imkan verir ki, istənilən məsələ ilə bağlı müstəqil mövqeyimizi ortaya qoyaq.
Azərbaycan 20 il ərzində, sözün əsl mənasında, müstəqil dövlətə çevrilibdir. Biz müstəqil siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu siyasətin kökündə, mərkəzində Azərbaycan vətəndaşıdır. Biz elə etməliyik ki, ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan müsbət meyillər bundan sonra daha da güclənsin. Bundan sonrakı illər ərzində görüləcək işlər çoxdur. İyirmi il ərzində əldə edilmiş nailiyyətlər, siyasətimizin düzgün olması və artıq yaradılmış möhkəm təməl imkan verir ki, biz bundan sonra da onilliklər, yüzilliklər ərzində müstəqil, güclü dövlət kimi yaşayaq, siyasətimizi aparaq, Azərbaycan xalqının maddi rifahını yüksəldək və ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirək. Mən əminəm ki, belə də olacaq və biz qarşıda gördüyümüz və qarşıya qoyduğumuz bütün hədəflərə çatacağıq. Hər halda, 20 illik təcrübə onu göstərir ki, biz istədiyimizə həmişə nail olmuşuq və bundan sonra da nail olacağıq.
Bu gün böyük bayramdır. Azərbaycanda Ordu Günü qeyd edilir. Bir daha demək istəyirəm ki, builki hərbi parad müstəqilliyimizin 20-ci ildönümünə həsr edilibdir. Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır! Azərbaycan ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
XXX
Dövlət başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
XXX
Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başladı.
Meydana əvvəlcə, Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi.
Uzun illərdən sonra ulu öndər Heydər Əliyevin yenidən dalğalandırdığı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı bu gün də etibarlı əllərdədir. Hazırda dünyada ən uca bayrağın Azərbaycana məxsus olması qürur hissi doğurur. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin paytaxtında Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycanın müstəqilliyinin sarsılmazlığının və əbədiliyinin əyani təcəssümüdür. Ölkəmizin iqtisadi qüdrəti, güclü ordusu, durmadan artan beynəlxalq nüfuzu və xalqımızın qətiyyəti möhtəşəm Azərbaycan bayrağının tezliklə işğal altında olan torpaqlarımızda da əzəmətlə dalğalanacağın heç bir şübhə yeri qoymur.
Dövlət bayrağının ardınca ümummilli lider Heydər Əliyevin 40 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursantları mətin addımlarla tribunanın önündən keçdilər.
Onların ardınca doğma Azərbaycanımızın qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da nizami addımlarla tribunanın önündən keçdilər.
İndi Azərbaycanın zabit və əsgərləri tükənməz vətənpərvərlik hissi və yüksək döyüş hazırlığı ilə seçilir. Təsadüfi deyildir ki, Azadlıq meydanında, Ali Baş Komandanın qarşısından inamlı addımlarla keçən igidlərimizin sırasında Azərbaycan Prezidentinin sərəncamı ilə orden və medallara layiq görülən neçə-neçə döyüşçü vardır.
Dünyanın müxtəlif yerlərində sülhyaratma missiyasını yerinə yetirən Silahlı Qüvvələrimizin sülhməramlıları xalqımızın bəşəri amallara sadiqliyini və Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını dəfələrlə əyani şəkildə nümayiş etdirmiş, NATO-nun mükafatlarına layiq görülmüşlər. İndinin özündə də sülhməramlılarımız Vətənimizdən çox-çox uzaqlarda şərəfli xidmətdədirlər.
Azadlıq meydanındakı hərbi paradda mətin addımlarla Ali Baş Komandanın qarşısından keçən igidlərimiz ötən qısa müddətdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan inkişafı əyani nümayiş etdirdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Milli Ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etməyə hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur.
Daha sonra hərbi texnikanın keçidi başladı. Azadlıq meydanına əvvəlcə üzərində Azərbaycanın istehsalı olan pulemyotlar quraşdırılmış yüksək sürət və manevr qabiliyyətinə malik motosikletlər daxil oldu. Onların arxasınca tribunanın önündən “Tütək” raket kompleksləri, “Qırğı” tank əleyhinə raket kompleksləri quraşdırılmış “Əqrəb” markalı xüsusi zirehli avtomobillər, Daxili Qoşunların “SOFA”, Dövlət Sərhəd Xidmətinin “Kobra” zirehli maşınları, xüsusi təyinatlı bölmələrin “Land Rover” və “Mercedes” maşınları, Daxili Qoşunların “Cardom” tipli minaatanları keçdi.
Ölkəmizdə istehsal olunan “Qaranquş” və “Şahin” pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Həmin aparatlar ən geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verir.
Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydandan keçdilər. “Dolu-1” 20,4 kilometr, “Leysan” 45, “Şimşək” 150, “Qasırğa” isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.
Növbə zenit-raket komplekslərinə çatdı. Azərbaycanda yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində “Kaman” zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş “Qalxan” zenit-raket kompleksinin hədəfi məhvetmə imkanları üfiqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılmışdır. “Favorit” zenit-raket sistemi isə eyni anda saniyədə 2800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş əməliyyatı aparır və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. “ARI-1T” mobil avtonom zenit-raket kompleksinin ölkəmizdə modernləşdirilməsi nəticəsində 12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına maliik olmuşdur.
Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Matador” və “Marauder” zirehli döyüş maşınları tribuna önündən keçdi. Yüksək manevr imkanına malik olan bu maşınlar tank əleyhinə minaların təsirinə davamlılığı ilə seçilirlər və iriçaplı müasir silahlarla komplektləşdirilmişdir.
Müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadaların döyüş maşınları, modernləşdirilmiş “T-72” tankları tribunanın önündən keçdi. Özüyeriyən “Nərgiz” topları xüsusi mərmilərdən istifadə edilməklə 47,5 kilometr dərinlikdə olan hərbi təyinatlı strateji obyektlərə zərbələr endirməyə qadirdir. Azərbaycanda aparılan modernləşdirilmə nəticəsində “T-72” tanklarının – “Aslanlar”ın ən müasir tələblərə uyğunlaşdırılmış, atəşi və döyüşü idarəetmə sistemləri təkmilləşdirilmiş və tam kompyuterləşdirilmişdir.
Ölkəmizin müdafiə potensialının əsaslı şəkildə möhkəmləndirilməsində Müdafiə Sənayesi Nazirliyinin yaradılması da mühüm rol oynamışdır. Qısa müddətdə rəqabətə davamlı müdafiə sənayesini formalaşdıran Azərbaycan artıq NATO standartları səviyyəsində məhsullar istehsalını qaydaya salır və beynəlxalq müdafiə sənayesi sərgilərində uğurla təmsil olunur. Hərbi paradda nümayiş etdirilən texnikalar ən müasir elmi-texniki yeniliklər səviyyəsindədir və istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə hərtərəfli imkan verir.
Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə məxsus 28 gəmi, kater və qayıq, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd-gözətçi gəmisi, Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən gəmisi və 3 xilasetmə kateri hərbi reyddə sıralanmışdı.
Digər qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələri də məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində formalaşmış və müasir nizami qüvvəyə çevrilmişdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qarşısında Xəzər dənizinin Azərbaycana aid hissəsində dövlətimizin maraqlarını qorumaq vəzifəsi durur. Artıq müasir standartlara cavab verən hərbi donanmamız formalaşdırılmış və peşəkar kadrlar yetişdirilmişdir. Hərbi Dəniz Qüvvələri istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu hərbi paraddakı xüsusi əhval-ruhiyyəni daha da gücləndirdi. Hərbi paradda 22 döyüş və 8 təlim-məşq təyyarəsi, həmçinin 35 döyüş vertolyotu iştirak edirdi.
Hərbi Hava Qüvvələrinin uçuş nümayişini Mi-8 tipli vertolyotun Azərbaycanın dövlət bayrağını aparması açdı. Uçuş nümayişini Mi-17-1V və Mi-8 vertolyotlarının dəstəsi davam etdirdi. Azərbaycan şahinlərinin cəsurluğu və yüksək peşəkarlığı mərasimə qatılanların qürur hisslərini qat-qat artırdı.
Milli şahinlərimiz Mi-8 və Mi-17-1V, Mi-24, Mi-171, Mi-172, KA-32 vertolyotlarını, MİQ-29 qırıcı-bombardmançı, SU-25 hücumçu, L-39 təlim-məşq təyyarələrini məharətlə idarə edərək, yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik olduqlarını bir daha təsdiqlədilər.
Azərbaycanın milli şahinlərinin məharətlə idarə etdikləri SU-25 tipli təyyarə dördlüyü səmada Azərbaycan bayrağının üzərindəki üç rəngin təsvirini yaratdı.
Azərbaycanın müstəqilliyinin 20-ci, Silahlı Qüvvələrin 93-cü ildönümlərinə həsr olunmuş təntənəli hərbi paradın bu cür rəmzi sonluqla başa çatması müqəddəs bayrağımızın tezliklə işğaldan azad ediləcək Vətən torpaqlarında əzəmətlə dalğalanacağına olan ümidlərimizi daha da artırdı, xalqımızın bu yolda dönməzliyini və qətiyyətini növbəti dəfə təcəssüm edirdi.