İlham Əliyev Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib

29 sentyabr 2017, 10:25
İlham Əliyev Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Avropa Olimpiya Komitələrinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

 Prezident İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:

-Mən Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümünü bizimlə birlikdə qeyd etmək üçün Azərbaycana təşrif buyurmuş Avropa Olimpiya ailəsindən belə böyük nümayəndə heyətini görməyə çox şadam. Bildiyimə görə, bu gün sizin öz görüşləriniz də var. İcraiyyə Komitəsinin yenidən Bakıda bir araya gəlməsi məni məmnun edir. Mən uzun illər bundan əvvəl Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının burada keçirildiyini xatırlayıram. Bu, təxminən 20 il bundan əvvəl olub. Bu, Azərbaycanın Avropa idman tədbirlərində fəal iştiraka sadiq olduğunu nümayiş etdirir. Yəqin siz də bilirsiniz ki, hazırda Azərbaycan mühüm idman tədbirinə - qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edir.

Azərbaycanda bundan da çox Avropa miqyaslı idman tədbirləri keçiriləcək. Bakının iki ildən sonra futbol üzrə Avropa liqasının final oyununa ev sahibliyi etməsi bizdə qürur hissi oyadır. Əlbəttə ki, birlikdə qeyd etdiyimiz Avropa Oyunları da bizim üçün böyük bir məsuliyyət idi. Bu, həm də Avropa Olimpiya Hərəkatının inkişafı üçün vacib idi. Çünki Oyunlar ilk dəfə idi təşkil olunurdu və hesab edirəm ki, yüksək səviyyədə təşkil olundu.

İdman nailiyyətlərimizə gəldikdə, Azərbaycanda idmanın inkişaf etməsi bizi çox sevindirir, yaxşı nəticələr var. Bu il 2 atletimiz 3-cü dəfə dünya çempionu adına layiq görülüb. Gənc nəsil də daha fəaldır və idmanla məşğul olmağa çox həvəslidir. Çünki Azərbaycanda idmançı olmaq indi çox nüfuzlu peşədir. Əlbəttə ki, bu günlərdə keçirilən idman tədbirləri və sizin ölkəmizə səfəriniz idmanın inkişafını daha da stimullaşdırır.

x x x

Sonra Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Janez KOÇİJANÇİÇ çıxış edərək dedi:

-Cənab Prezident, xoş sözlərinizə görə çox sağ olun. Siz Avropa Olimpiya Hərəkatı üçün ən çox işlər görən dövlət başçısısınız və eyni zamanda, idmana ən çox diqqət göstərən Milli Olimpiya Komitəsinin prezidentisiniz. Biz bunu bilirik və yüksək qiymətləndiririk. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Böyük uğur qazanmış Avropa Oyunlarının təşkilatçısı kimi insanlarınız çox yaxşı çalışdılar. Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri kimi böyük işlər gördü. Ümumiyyətlə, xalqınızın bununla bağlı səylərini yüksək qiymətləndiririk. İdman sahəsində sizin nailiyyətlər qazanmağınız bizi olduqca sevindirir. Həmçinin qadınlar arasında voleybol üzrə Avropa çempionatının necə nəticələnəcəyi də məni çox maraqlandırır. Çox sağ olun. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Mən bir daha Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə görə sizə təşəkkürümü bildirirəm. Bu, ölkəmiz üçün, Avropa Olimpiya Hərəkatı üçün çox vacib bir qərar idi. Bu, bizə nəyə qadir olduğumuzu nümayiş etdirmək imkanı yaratdı. Belə irimiqyaslı tədbirin keçirilməsi nisbətən gənc müstəqil ölkə üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bilirəm ki, Oyunların çox uğurla keçirilməsi ilə bağlı ümumi bir fikir formalaşıb. Bilirsiniz, bundan sonra isə bu, bizim üçün bir növ sınaq idi. Bu il nisbətən az idmançıların qatıldığı, lakin çoxsaylı ölkələrin iştirakı ilə İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Bu Oyunlar da çox yaxşı səviyyədə təşkil olunmuşdu, çünki bizim artıq belə bir təcrübəmiz var idi. Beləliklə, biz maksimum potensialımızdan, könüllülərdən istifadə etdik və əlbəttə ki, heç bir yeni idman qurğusu tikmədik, çünki hər şey hazır idi.

Əlbəttə ki, Avropa miqyasında idman tədbirlərinin Azərbaycanda təşkil olunması bizim üçün çox vacibdir. Məsələn, qadınlar arasında voleybol üzrə Avropa çempionatı Bakı və başqa bir şəhərdə - Göygöldə keçirilir. Göygöl kiçik, lakin yaxşı idman infrastrukturu olan şəhərdir. Bu, həmçinin regionlarda idmanın inkişafına təkan verir. Çünki biz regionlarda idmançı uşaq və gənclərə öz potensiallarını nümayiş etdirməyə imkan verən çox sayda idman arenaları və Olimpiya mərkəzləri tikmişik.

x x x

Daha sonra Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar BORİÇİÇ çıxış edərək dedi:

-Cənab prezident.

Xanımlar və cənablar.

İlk növbədə, mən Avropa Voleybol Konfederasiyası adından şəxsən Sizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Ötən il bizim görüşümüz olmuşdu və Siz voleybol üzrə Avropa çempionatına dəstək göstərəcəyinizi vəd etmişdiniz. Qadınlar arasında voleybol üzrə Avropa çempionatı yüksək səviyyədə keçirilir.

Aleksandar Boriçiç qadın voleybolçular arasında Avropa çempionatının Azərbaycanın regionlarında da keçirilməsinin gələcək idmançıların formalaşmasında mühüm amil olduğunu və bu tədbirin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq dedi:

-Biz hesab edirik ki, bununla Siz gələcəyə yaxşı sərmayə yatırdınız, çünki çox sayda gənc qızlar voleybol oynamağa başlaya bilərlər. Biz Sizinlə birlikdə məktəblərdə həyata keçirilən layihələrə sərmayə yatırmaq istəyirik. Siz Avropa Oyunlarını əsl Olimpiya Oyunları səviyyəsində təşkil etdiniz. Ölkənizdə keçirilən voleybol çempionatı da böyük əhəmiyyət daşıyır. Mən şəxsən Sizə, hökumətinizə, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Voleybol Federasiyasına təşəkkür etmək istəyirəm. Ölkənizdə idmanın voleybol növünün yaxşı gələcəyi var. Çox sağ olun.

x x x

Azərbaycanın beynəlxalq mötəbər idman yarışlarına ev sahibliyini bir daha məmnunluqla qeyd edən və nüfuzlu beynəlxalq futbol yarışlarının ölkəmizdə keçirilməsinin də önəmini vurğulayan Prezident İlham ƏLİYEV dedi:

-Sözsüz ki, biz Azərbaycanda daha çox tədbirlər keçirəcəyik. Çünki qeyd etdiyim kimi, Avropa Çempionlar Liqası həqiqətən də böyük bir məsuliyyət və bizim futbolumuza çox böyük bir dəstəkdir. Həmçinin 2020-ci ildə Bakıda futbol üzrə Avropa çempionatının dörddəbir final oyunları keçiriləcək. Bakı seçilmiş 13 Avropa şəhərindən biridir. Əlbəttə ki, ilk dəfə olaraq bizim “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdir.

x x x

Daha sonra Belarusun Milli Olimpiya Komitəsinin baş katibi Georgi KATULİN çıxış edərək dedi:

-Hörmətli İlham Heydər oğlu, icazə verin, dövlət başçısı Aleksandr Lukaşenkonun adından fəxri missiyanı yerinə yetirərək bu əlamətdar hadisə münasibətilə Sizi təbrik edim, ikinci Avropa Oyunlarının keçirilməsində bizə göstərdiyiniz köməyə görə minnətdarlığımı bildirim. Düşünürəm ki, bizə göstərdiyiniz nümunəni biz də həyata keçirə biləcəyik. Zənnimcə, sizin qədər yüksək səviyyədə edə bilməsək də, çalışacağıq ruh yüksəkliyi ilə edək ki, Sizin göstərdiyiniz kömək hədər getməsin. Çox sağ olun. İcazə verin, Prezidentin minnətdarlığını Sizə çatdırım.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49