Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi

24 sentyabr 2017, 14:30
Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi

Sizi ürəkdən salamlayıram. Salyan rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Salyan rayonuna səkkizinci səfərimdir. Bugünkü səfər zamanı biz yeni kənd yolunun açılışını birlikdə edirik. Bu, çox əhəmiyyətli yoldur. Uzunluğu 30 kilometr olan bu yol bir neçə kəndi birləşdirir. Beləliklə, bu, Salyan rayonunun yol infrastrukturuna növbəti töhfədir. Bu, ikinci kənd yolu layihəsidir. Əvvəlki dövrdə bir layihə icra edilmişdir, indi üçüncü layihənin icrası ilə bağlı işlər gedir. Sabah həmin yolun tamamlanması ilə əlaqədar yeni Sərəncam da imzalanacaq və beləliklə, əminəm ki, yaxın gələcəkdə Salyan rayonunda bütün kənd yolları abadlaşacaq. 

Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və bu məsələ vətəndaşlar tərəfindən qaldırılıb – Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq.

Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir. Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir.

Salyan rayonunun inkişafı ilə bağlı kompleks tədbirlər görülür, sosial infrastruktur yaxşılaşır. Bu gün mən 2 saylı məktəbin yeni binasının açılışında iştirak etmişəm. Bu da çox böyük təhsil ocağıdır. Şəhərin ən böyük məktəbidir və bu məktəbin böyük ənənəsi var. Onu biz yenidən tikdik.

Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır. Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır. Qazlaşdırma Salyan rayonunda 80 faizdən çoxdur. Bu da yaxşı göstəricidir. Növbəti illərdə əlbəttə ki, daha da artacaq. Bu gün biz elektrik yarımstansiyasının açılışını etdik və elektrik enerjisi ilə təminat daha da yaxşılaşacaq. Keçən il biz içməli su layihəsinin birinci mərhələsini mənim iştirakımla istismara verdik və növbəti dövrdə bu layihənin tam tamamlanması nəzərdə tutulur. Bir sözlə, Salyan rayonunun həm sosial, həm iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr də icra ediləcək.

Biz daha çox diqqəti kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Bu gün mən Neftçala şəhərində Sənaye Məhəlləsinin açılışında da iştirak etmişəm. Bizim bir çox şəhərlərimizdə buna oxşar sənaye zonaları yaradılmalıdır, o cümlədən Salyan şəhərində. Müvafiq göstəriş verilibdir, gərək yerli icra orqanları yer ayırsınlar və dövlət tərəfindən bütün infrastruktur layihələri orada icra ediləcək və sahibkarlar üçün yaxşı şərait yaradılacaq. Çünki bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək.

Son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaqdır. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilibdir – pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır.

Ona görə, bu gün Salyan rayonunun gələcək inkişafı ilə bağlı məndə çox nikbin fikir var. Əminəm ki, bu günə qədər həll olunmayan məsələlər öz həllini tapacaq və rayonun sürətli inkişafı təmin ediləcəkdir. Bu yolun açılışı da, əslində, Azərbaycanın ümumi inkişafını göstərir. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıbdır, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaqdır. Yəni, iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34