İlham Əliyevin adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib

08 avqust 2017, 21:30
İlham Əliyevin adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib

Prezident İlham Əliyevin adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.

Əziz dostlar.

İlk növbədə Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Bizim xalqlarımızı dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır.

Son illər ərzində Sizin rəhbərliyiniz altında Türkmənistan uğurlu inkişaf yolu keçmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Bu gün sürətlə inkişaf edən ölkənizin əldə etdiyi nailiyyətlər dövlət quruculuğu, sosial, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Qardaş Türkmənistanın bu uğurları bizi sevindirir.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlamətdardır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu illər ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın rifahına xidmət etmişdir.

Qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrinin iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün bu gün yaxşı imkanlar vardır. Əminəm ki, bu səfər çərçivəsində keçirdiyimiz görüşlər, apardığımız müzakirələr, imzalanmış sənədlər və strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın inkişafına töhfə verəcəkdir.

Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur.

Qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Məclisinin 2015-ci ilin iyununda keçirilmiş plenar iclasında yekdilliklə qəbul olunmuş “Türkmənistanın daimi neytrallığı” adlı qətnaməyə həmmüəllif kimi qoşulmuşdur.

Enerji sahəsində əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz bu sahədə işimizi daha da dərinləşdirmək əzmindəyik və bunun üçün də bütün imkanlar vardır.

Yaxın zamanlarda istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı kimi ölkələrimiz üçün yeni tranzit imkanları yaradır.

Bu gün həm Azərbaycanda, həm Türkmənistanda yeni dəniz limanları tikilir. Bu da gələcəkdə bizim nəqliyyat imkanlarımızı daha da artıracaqdır.

Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.

Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirələri davam etdirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır.

Azərbaycan və Türkmənistan xalqlarının tarixi, mədəni bağlılığını nəzərə alaraq, mədəniyyət, incəsənət, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mühüm aktuallıq kəsb edir.

Azərbaycan və Türkmənistan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Eyni zamanda, bu ilin may ayında Bakıda 50-dən çox ölkənin iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu, bizim İslam həmrəyliyinə verdiyimiz növbəti töhfədir.

2017-ci ilin sentyabr ayında Aşqabad şəhəri qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarına ev sahibliyi edəcəkdir. Asiya Oyunlarının bu coğrafiyada yaşayan xalqlar arasında əlaqələri daha da gücləndirəcəyinə, mədəni əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə inanıram. Bu münasibətlə Sizi təbrik edirəm. Əminəm ki, bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.

                                                                                                                    x x x

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV ölkəmizə səfərinin uğurlu olduğunu, keçirilən görüşlərin və danışıqların yüksək səviyyədə baş tutduğunu və artıq bunun bir ənənəyə çevrildiyini bildirdi.

“Bu gün əziz dostumuz İlham Heydər oğlu ilə birlikdə bir daha əmin olduq ki, ölkələrimizi sərfəli coğrafi vəziyyət, vahid tarixi keçmiş və eyni baxışlar birləşdirir”, - deyən Türkmənistan Prezidenti ortaq ənənələrə malik xalqlarımızın dünya mədəniyyətinə böyük töhfələr verdiyini, bir çox qədim dövlətlərin yaranmasında əsas qüvvə kimi çıxış etdiklərini və qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında mədəni tellərin qorunaraq bu günə qədər gəlib çıxdığını diqqətə çatdırdı.

Qurbanqulu Berdiməhəmmədov hazırda ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yüksək templərlə inkişaf etdiyini, Azərbaycan ilə Türkmənistanın nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq apardıqlarını vurğuladı. Prezident dedi ki, ümumi sülh, xalqların tərəqqisi və təhlükəsizliyin möhkəmləndirilməsi ölkələrimiz üçün qlobal dəyərdir və Azərbaycan ilə Türkmənistan milli tərəqqi modelinə əsaslanaraq inamla inkişaf edirlər.

Hər iki ölkənin müstəqillik illərində bir çox sahələrdə böyük uğurlar qazandığını deyən Qurbanqulu Berdiməhəmmədov Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərin və gələcək uğurların onları sevindirdiyini bildirdi. O, bu sahədə Prezident İlham Əliyevin böyük və xüsusi xidmətlərinin olduğunu dedi, Azərbaycan dövlətinin başçısının fəaliyyətinin təkcə regionda deyil, həm də dünya miqyasında bəhrələr verdiyini vurğuladı. “İlham Heydər oğlu ölkəsinə inamla rəhbərlik etməklə haqlı olaraq regionda və dünyada layiqli hörmət qazanıb. Bu, həqiqətən də belədir. Mən ölkələrimiz arasında münasibətlərin inkişafında və möhkəmlənməsində onun şəxsi xidmətlərini xüsusilə qeyd edirəm”, - deyən Türkmənistan Prezidenti məhz bu xidmətlərinə görə Azərbaycan Prezidentinə xalqı adından minnətdarlığını bildirdi.

Ölkələrimizin xoş münasibətlərinin qarşılıqlı anlaşma üçün çox yaxşı şərait yaratdığını deyən Türkmənistan dövlətinin başçısı Azərbaycana budəfəki səfərinin qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün böyük imkanlar yaratdığını qeyd etdi. “Türkmənistan ilə Azərbaycan arasında inkişaf etməkdə olan əməkdaşlıq səfər zamanı bir sıra ikitərəfli sazişləri imzalamağa imkan verdi”, - deyən Qurbanqulu Berdiməhəmmədov bu sənədlərin əhəmiyyətindən danışaraq, onların olduqca aktual sahələri əhatə etdiyini və gələcəkdə xalqlarımıza böyük fayda gətirəcəyinə əminliyini bildirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44