İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib

21 iyul 2017, 10:25
İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sakinlər: Cənab Prezident, Pirallahı rayonuna xoş gəlmisiniz.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Çox sağ olun, sizi görməyimə şadam. Bu gün Pirallahı rayonunun həyatında çox əlamətdar bir gündür, içməli su layihəsi istifadəyə verilir. İndi həm Pirallahı qəsəbəsinə, həm Gürgan qəsəbəsinə təmiz içməli su veriləcəkdir. Bu, çox böyük hadisədir, siz yaxşı bilirsiniz ki, həmişə burada su problemi insanları çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir.

Bu, çox böyük layihədir, böyük vəsait tələb edən layihədir. Sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlar üçün təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir və təmiz içməli su əlbəttə ki, hər bir insanın həyatında xüsusi yer tutur.

Son illərdə həm Bakıda, həm də demək olar ki, bütün bölgələrdə içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır. Hələ gələcəkdə görüləcək işlər var, çoxdur. Buraya çəkilən 80 kilometr uzunluğunda su xətti əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda, Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinə su xətti çəkilib. Bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur. Buna görə, Pirallahıya içməli suyun gətirilməsi doğrudan da böyük layihədir - həm texniki, həm maliyyə cəhətdən böyük zəhmət və vəsait tələb edən layihədir. Ancaq bu layihə artıq reallaşıbdır. Biz bunu etmişik və bu, burada yaşayan vətəndaşlar üçün çox gözəl hədiyyədir.

Bununla bərabər, biz Pirallahı rayonunun inkişafı ilə bağlı bütün digər məsələlərə kompleks şəkildə yanaşdıq. Burada bütün infrastruktur məsələləri həll olunur. Gözəl körpü tikilib. Həmin körpünün tikilməsi də bu bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. İndi Xəzər dənizinin təbii axını təmin olunub. Əvvəllər burada, dənizdə müəyyən durğunluq var idi. İndi isə bu körpünün altından dəniz suları axır, eyni zamanda, gələcəkdə gəmilərlə, yaxtalarla Bakıdan buraya gəlmək mümkün olacaq. Körpü də nəhəng bir infrastruktur layihəsidir, uzunluğu 700 metrdən çoxdur. Aeroport yolundan Pirallahıya dördzolaqlı geniş, gözəl yol salınıb. Bu da ən yüksək standartlara cavab verir. İndi bu yolla gəldim, adamın gözünü oxşayır. Əvvəlki yol nə vəziyyətdə idi, siz hamıdan yaxşı bilirsiniz.

Ona görə bu əsas infrastruktur layihələrinin icrası əlbəttə ki, yeni imkanlar yaradır. Qazlaşdırma tam təmin olunub, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün biz yeni Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Sosial infrastruktur yaradılır, 85 yerlik xəstəxana, bir neçə məktəb, istilik təchizatı, 70-dən çox yaşayış binası təmir olunub, parklar salınır, yeni müəssisələr yaradılır.

Azərbaycanda əvvəllər də, elə bu gün də dərman istehsalı fabrikləri demək olar ki, yoxdur. Biz birinci fabrikləri buraya saldıq. İki fabrikin tikintisi gedir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Burada iş yerləri, yeni istehsal sahələri yaradılacaq. İndi balıqyetişdirmə müəssisəsinin təməli qoyulacaq, balıq bazarı tikilib. Baxın, bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu balıq bazarları həm vətəndaşlara xidmət edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir. İndi burada gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait yaradılıb.

Bütün bu gözəl hadisələr münasibətilə sizi təbrik edirəm. Pirallahı gənc rayondur, beş ildir ki, yaradılıb. Yaranan gündən burada quruculuq-abadlıq işləri aparılıb. Sizi bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

X X X

Göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Ülkər ŞİRİNOVA dedi:

- Cənab Prezident, Pirallahı rayonuna xoş gəlmisiniz. Böyük qürur hissi ilə demək istəyirəm ki, şəxsən təşəbbüsünüzlə yaradılmış Pirallahı rayonu bu gün doğma Bakımızın hər gün çiçəklənən rayonlarından birinə çevrilməkdədir. Qeyd etmək istəyirəm ki, 150 ildən artıq yaşayış olan adada içməli suyun yoxluğu, Zirədən gələn, son zamanlar tamamilə şoranlaşmış texniki suyun gün ərzində cəmi bir saat verilməsi, içməli suyun isə maşınlardan alınması biz rayon sakinləri üçün çox ciddi problem idi. Şükürlər olsun ki, Sizin diqqət və qayğınız sayəsində rayonumuza içməli su xəttinin çəkilişi tam başa çatıb. Artıq hər bir Pirallahı sakininin mənzilinə 24 saat yüksək keyfiyyətli su veriləcək. Bununla Siz bizim rayonumuza yeni həyat bəxş etdiniz.

Möhtərəm Prezident, rayonumuzun hər bir sakini istərdi ki, hazırda mənim yerimdə dayanıb buna görə Sizə dərin təşəkkürünü bildirsin. Bu gün bu şərəf mənə nəsib olub, ona görə də mən bütün rayon sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, qeyd etmək istəyirəm ki, ötən əsrin 80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin Pirallahıya səfərindən sonra burada yeni məktəb, uşaq bağçası, musiqi məktəbi açılmış, neft sektorunun inkişafına yeni nəfəs verilmişdir. Lakin sonrakı dövrlərdə diqqətdən kənarda qalan Pirallahıda azacıq külək əsən kimi işıqlarımız sönür, qazımız kəsilir, yağış yağanda küçələrimiz keçilməz olur, ada ilə şəhər arasında əlaqə tamamilə kəsilirdi. Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğı sayəsində isə Pirallahı başdan-başa yenidən qurulmağa başladı. Magistral və qəsəbədaxili yollar yeniləndi, müasir dayanacaqlar, işıqlandırma sistemləri quruldu, işıq, qaz, elektrik sistemləri təchizatı tamamilə yeniləndi, xüsusən də müasir tipli yeni körpü tikildi.

Möhtərəm Prezident, IDEA İctimai Birliyinin yaxından dəstəyi ilə rayonumuzda geniş yaşıllıq zolaqları salınıb, 10 minlərlə ağac və gül kolu əkilib.

Cənab Prezident, 35 ildən artıqdır ki, rayonumuza çörək Bakının digər rayonlarından gətirilirdi. Yenə də Sizin dəstəyiniz sayəsində artıq bir neçə gündür ki, qəsəbəmizdə çörək zavodu işə düşmüşdür və biz yüksək keyfiyyətli müxtəlif çeşidli məhsulla təmin olunuruq. Bilirik ki, bu işlər də məhz Sizin qayğınız sayəsində öz həllini tapmışdır.

Fürsətdən istifadə edib, Mehriban xanıma da dərin minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanımın sayəsində rayonumuzun xəstəxanası, şəxsən mənim çalışdığım orta məktəb, eləcə də rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, uşaq bağçaları tikilib. Buna görə də bütün rayon sakinləri adından hamımızın sevimlisi Mehriban xanıma bir daha təşəkkürlərimi çatdırıram.

Cənab Prezident, Sizin çıxışlarınızda dəfələrlə qeyd etdiyiniz kimi, Pirallahı sənaye zonasına çevrilməklə yanaşı, turizmin inkişafı üçün də nadir coğrafi zonada yerləşir. İnanırıq ki, Siz bu sahəni də diqqətinizdə saxlayacaqsınız və yaxın zamanlarda Pirallahı doğma Bakımızın turizm mərkəzlərindən birinə çevriləcək.

Hörmətli Prezident, Siz bizim rayonumuz üçün hər şey etmisiniz. Bu, göz qabağındadır. Sizin sayənizdə abad yolumuz, müasir körpümüz, təmirli binalarımız, geniş parklarımız, dadlı çörəyimiz və xüsusilə qeyd etmək istəyirəm ki, içməli suyumuz var. Buna görə də biz Pirallahı sakini olmaqdan qürur hissi duyur, Sizə dərin hörmət və ehtiramımızı çatdırırıq. Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Bildirildi ki, qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi Pirallahı qəsəbəsinin sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradıb. Pirallahı rayonunun Pirallahı, Gürgan və Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün 10 min kubmetr tutumu olan Zirə su anbarı tikilib. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni yolötürücüsünün tikintisi ilə əlaqədar Zirə-Pirallahı magistral su xəttinin körpü ərazisinə düşən hissəsi yenidən qurulub. Gəmilərin maneəsiz hərəkəti üçün körpünün alt hissəsində hər bir istiqamət üzrə xüsusi konstruksiyalı keçid quraşdırılıb, yeni su və kanalizasiya xətləri onun üzərindən çəkilib. Layihə çərçivəsində Pirallahı qəsəbəsində 65 kilometr uzunluğunda yeni paylayıcı su şəbəkəsi inşa olunub, eyni zamanda, çoxmənzilli 35 yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub. Zirə-Pirallahı xəttindən Gürgan qəsəbəsinin sakinləri də içməli su ilə təmin ediliblər. Hazırda Pirallahı və Gürgan qəsəbələrinin sakinləri 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunurlar.

Qeyd edildi ki, Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılıb. Bu layihənin icrasına qədər isə Zirə quyu zonasından qəsəbəyə həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilirdi. Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin edirdilər.

Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra xatirə şəkli çəkdirildi.

Sakinlər Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpünün inşasına görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdilər.

Rayon icra hakimiyyətinin başçısı Vasif İMANOV: Cənab Prezident, buradakı damba üzərindən dəfələrlə maşınlar aşaraq dənizə düşüb. Damba 1946-cı ildə tikilmişdi.

Prezident İlham ƏLİYEV: Çox təhlükəli idi, həm də ki, Xəzəri iki yerə bölürdü. Dənizdə həm durğunluq, həm də bataqlıq yaranırdı. İndi su tərtəmizdir.

Sakin: Yeni körpü dəniz səviyyəsindən 11 metr yüksəklikdədir.

Prezident İlham ƏLİYEV: Bəli, ona görə planlaşdırdıq ki, tam təhlükəsiz olsun.

Vasif İMANOV: Siz tapşırıq verdiniz ki, körpünün altından gəmilər keçə bilsin.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49