Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib.
Prezident İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.
Polşanın iqtisadi inkişaf nazirinin müavini Tadeusz KOSCİNSKİ biznes forumda çıxış edərək dedi:
-Mən hörmətli prezidentləri və bütün qonaqları salamlamaq istəyirəm. İqtisadi İnkişaf Nazirliyi adından bütün iştirakçıları bu gün keçirilən biznes forumda salamlayıram. Bu, birgə keçirilən tədbirdir. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edir. Ümidvaram ki, bu gün məhz müzakirələr və fikir mübadilələri bizim iqtisadi inkişafımıza və Azərbaycan ilə Polşa arasındakı iqtisadi əməkdaşlığa zəmin yaradacaq.
Mən hesab edirəm ki, məhz Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda ən etibarlı və perspektivli tərəfdaşlarından biridir. Polşa Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. Bu baxımdan son aylar ərzində hökumətlər səviyyəsində müxtəlif görüşlər keçirilmişdir. Biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığımızı qurmuşuq. Lakin onun bugünkü səviyyəsi mövcud iqtisadi potensiala uyğun deyil. Bunu nəzərə alaraq və xüsusən də bu əməkdaşlığın perspektivlərini görərək biz Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi siyasəti öyrənirik. Bilirik ki, bu siyasət ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Biz bilirik ki, Azərbaycan iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir çox addımlar atmışdır. Sərmayələrin qoyuluşu üçün Azərbaycanda münbit şərait yaradılmışdır. Bu baxımdan, həmçinin stimullaşdırıcı tədbirlər də görülüb ki, məhz investorlar cəlb edilsin, güzəştli kreditlərin verilməsi yolu ilə bu kimi iştirakçıların sayı çox olsun. Təbii ki, bu, iqtisadi münasibətlərimizə, ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərir. Hesab edirik ki, bu gün məhz iqtisadi əməkdaşlığın, Polşa ilə Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsində bir çox imkanlar var. Məsələn, gəmi tikintisi, dəmir yolları, daşımalar, inşaat materialları istehsalı, maşınqayırma, energetika, sənaye, neft sənayesi, kənd təsərrüfatı, yeyinti məhsulları, kimya sənayesinin inkişafı baxımından bir çox imkanlar var.
Biz hesab edirik ki, iqtisadi inkişafımızda məhz yeni texnologiyaların araşdırılıb tətbiq edilməsində Polşa şirkətlərinin təcrübəsindən yararlanmalıyıq. Polşa tərəfi nəinki Azərbaycanın daxili bazarında öz iştirakının genişləndirilməsində maraqlıdır, o cümlədən Azərbaycan şirkətlərinin bizim ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində iştirakına maraq göstərir.
Xanımlar və cənablar, hesab edirik ki, keçirilən bu biznes forum məhsuldar əlaqələrin qurulmasında bir çox imkanlar yaradacaq və əməkdaşlığımız bununla daha da genişlənəcək. Sağ olun.
x x x
Sonra dövlət başçıları biznes forumda çıxış ediblər.
Polşa Prezidenti Andjey Dudanın çıxışı
-Hörmətli cənab Prezident.
Hörmətli nazirlər.
Hörmətli şirkət rəhbərləri, dəyərli qonaqlar.
Bu gün keçirilən forumda iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu gün biz yeni bir layihəni həyata keçiririk. Yəni, Polşa ilə Azərbaycan arasında iqtisadi münasibətlərin məhz genişləndirilməsinə yönəlmiş bu tədbirdə iştirak edirik. Mən xüsusən də “AZPROMA”ya təşəkkürümü bildirmək istəyirəm. Çünki Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu bu tədbirin təşkil olunmasında yaxından iştirak edib.
Biz görürük ki, burada iqtisadiyyatımızın müxtəlif sahələri üzrə şirkətlər təmsil olunub. Hesab edirik ki, bu, bizim üçün yeni təmasların qurulmasına imkan yaradacaq və biznes münasibətlərimiz daha da intensivləşəcək.
Xanımlar və cənablar, Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk. Bu gün Prezident İlham Əliyevin və mənim iştirakımla Prezident sarayında mühüm sənədlər imzalandı. Əminəm ki, bunun sayəsində ticarət münasibətlərimiz daha da intensiv olacaqdır. 2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bunun əsasında hökumətlərarası komissiya yaradılmışdır. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçiribdir. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında bu gün imzalanmış Birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik.
Əvvəlcə bildirmək istəyirik ki, Azərbaycan ilə Polşa arasında əməkdaşlığın çox geniş perspektivləri var. Çünki bizim ölkələrimiz tarixi İpək Yolunun bərpasında xüsusi rol oynaya bilər. Azərbaycan mühüm daşımalar marşrutlarında, Asiya ilə Avropanın kəsişməsində yerləşir. Bu baxımdan hesab edirik ki, biz məhz Cənub və Qərb, o cümlədən Qərb-Şərq arasında saziş imzalamışıq. Həmçinin İranın da bu daşımalar marşrutuna qoşulmasını nəzərdə tuturuq. İstəyirik ki, digər tərəfdaşlar da bu işə qoşulsunlar və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilsin. Biz dəmir yolunun məhz Cənub-Şərq hissəsinin şəbəkəmizə qoşulmasını təmin etmək istəyirik. Bu, bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcəkdir. Eyni zamanda, məhz bizim şəbəkələr Avropa İttifaqının bazarına böyük çıxışı təmin edir. Polşanın iqtisadi diplomatiyası məhz yeni ticari tərəfdaşların tapılmasına və yeni ticari münasibətlərin qurulmasına yönəlibdir. Bu baxımdan Azərbaycan sərmayədarları bizim üçün vacibdir. Azərbaycanın daxili bazarında da olmağımız bizim üçün əhəmiyyətlidir. Biz hesab edirik ki, bu baxımdan hər iki tərəf yalnız qazana bilər və bu, hər iki tərəfə qarşılıqlı surətdə hər hansı bir fayda gətirə bilər. Bu işdə avadanlıqlar, xidmətlər, neft və qaz emalı prosesləri, dəmir yolları xətlərinin təkmilləşdirilməsi, Polşa texnologiyalarının, mövcud mühəndis həll variantlarının tətbiq edilməsi də öz rolunu oynaya bilər. Polşada istehsal edilən avtobuslar, ictimai nəqliyyat vasitələri Stokholmda və digər Avropa paytaxtlarında artıq istifadə olunur. Bizim, həmçinin dəmir yolu sahəsində texnologiyalarımız var. Biz, həmçinin informasiya texnologiyaları, kənd təsərrüfatı, yeyinti məhsulları sahələrində də fəal işləyirik. O cümlədən logistika sahəsində də imkanlarımız kifayət qədər genişdir. Əczaçılıq və kosmetika sənayesi də geniş şəkildə inkişaf etmişdir.
Bizim ticari münasibətlərimizdə digər bir məqam ondan ibarətdir ki, hələ istifadə olunmayan potensialımız var. 2016-cı ildə təxminən 100 milyon ABŞ dolları həcmində ticarət dövriyyəmiz olmuşdur. Ümid edirəm ki, cənab Prezident İlham Əliyevin ölkəmizə səfəri sayəsində ticari mübadilələr daha da artacaqdır. Söhbət əsnasında və bu gün apardığımız danışıqlar zamanı biz iqtisadi münasibətlərimizə xüsusi toxunduq. Biz bu fikrə gəldik ki, iqtisadiyyatlarımızı bir-birimizə daha açıq etməliyik və beynəlxalq səviyyədə birgə mövqedən çıxış etməliyik. Zənnimcə, biz son on il ərzində digər xarici tərəfdaşlarımızla öz ticarət dövriyyəmizi necə artırmışıqsa, eyni zamanda, Sizin ölkənizlə də bu səviyyəni artırmalıyıq. Onu da qeyd edim ki, qlobal reytinq təşkilatları bu gün Polşanı məhz Avropada üç ən cəlbedici sərmayə mərkəzlərindən biri hesab edir. Buna görə də istərdim ki, Azərbaycan şirkətləri ölkəmizə gəlsin və sərmayələr yatırsınlar. Biz Avropa İttifaqının altıncı ən böyük iqtisadiyyatıyıq.
Xanımlar və cənablar, ümidvaram ki, bu gün keçirilən görüş bir sıra təmasları qurmaq imkanı yaradacaq və siz birgə layihələr üzərində razılığa gələcəksiniz, öz şirkətləriniz, öz ölkələrinizin iqtisadiyyatı üçün bir çox fayda əldə edəcəksiniz. Çox sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident.
Xanımlar və cənablar, əziz dostlar.
Əvvəla, mən cənab Prezidentə məni Polşaya səfərə dəvət etdiyinə, mənə və bizim nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz əməkdaşlığımızın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Mənim Polşaya səfərim çox uğurlu keçir. Biz bir çox sənədləri imzalamışıq. Onların arasında mən strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə Birgə Bəyannaməni xüsusi vurğulamaq istəyirəm. Bu, siyasi və iqtisadi əlaqələrimizin inkişafında yeni bir yol xəritəsini əmələ gətirir. Bəyannamənin adı bizim iqtisadi əməkdaşlığa necə önəm verdiyimizi göstərir. Bugünkü biznes forum onun digər bir göstəricisidir. Çünki biznes icmaları çox həssasdırlar və çox aydın başa düşürlər ki, bu gün Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr onlar üçün yeni imkanlara yol açır. Məndə olan məlumata görə, bu gün biznes forumda şirkətlərimiz arasında bir neçə razılaşma imzalanacaqdır.
Əlbəttə ki, ticarət dövriyyəmizin cari səviyyəsi bizi qane edə bilməz və bu gün biz cənab Prezident və nümayəndə heyətləri ilə ticarət dövriyyəsinin necə artırılması yollarını müzakirə etdik. İqtisadi əlaqələrimizə təkan vermək üçün və həmçinin ixrac potensialımızın yaxşı mənzərəsinin formalaşmasına dair əlverişli fürsətlər var. Yəni, biz bir-birimizə nəyi ixrac edə bilər və hansı birgə biznes layihələrini icra edə bilərik.
Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.
Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.
Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik.
Azərbaycan sərhədlərimizdən çox kənara uzanan olduqca önəmli enerji və nəqliyyat layihələrini həyata keçirir. Nəqliyyat sahəsində, cənab Prezidentin qeyd etdiyi kimi, biz artıq dəhlizlərin yaradılması üzrə birgə fəaliyyətə başlamışıq. Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması üzərində uzun illərdir ki, çalışırdı və indi bütün zəruri nəqliyyat infrastrukturu artıq yaradılmışdır. Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var. Bizim bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanımız var. Bizim yükdaşıma donanmamız dünya miqyasında fəaliyyət göstərən ən aparıcı yükdaşıma donanmalarından biridir. Ölkəmiz regionla ən yeni magistrallar şəbəkəsi ilə birləşir. Biz daşımaların həcmini Xəzər dənizində yeni tikilmiş ən böyük liman vasitəsilə artırırıq. Onun birinci mərhələsi artıq fəaliyyət göstərir və növbəti il dəniz limanının tikintisinin tamamlanması bizə ən azı ildə 15 milyon ton yük və bir milyon ton konteyneri yükləyib-boşaltmaq imkanını verəcəkdir. Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizi demək olar ki, icra edilib. Azərbaycan nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda, Gürcüstanda dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq.
Polyak dostlarımızla üzərində çalışdığımız digər bir layihə isə Cənub-Qərb dəhlizidir. Bunu cənab Prezident də qeyd etmişdir və mən çox şadam ki, Polşa bizim tərəfdaşımızdır. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə yüklərin Azərbaycan ərazisindən çatdırılma vaxtı ənənəvi marşrutlarla müqayisədə ən azından iki dəfə qısa olacaqdır. Çoxlu işlər görüləcək, var-dövlət əmələ gələcək və layihə özü ilə yeni əməkdaşlıq sahələrini gətirəcəkdir.
Həyata keçirdiyimiz və Avropada çox yüksək səviyyədə dəstəklənən digər bir vacib layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu gün bu layihə Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir. Cənub Qaz Dəhlizi Azərbaycanın bir neçə il bundan öncə başladığı layihədir. Bu, dəyəri 40 milyard dollar təşkil edən və demək olar ki, artıq tamamlanan bir layihədir. Bizə bu layihəni 100 faiz tamamlamaq üçün 2-3 il lazımdır. İndi bu layihənin müxtəlif seqmentlərinin icrası 40-95 faiz arasındadır. Bu, Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə olacaqdır. Bu, enerji şaxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir. Biz cənab Prezidentlə bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. Bizim Polşa ilə əməkdaşlığımız da çox uğurludur. Beləliklə, əməkdaşlığımızın bu aparıcı qüvvələri qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihələri kimi mühüm əhəmiyyət kəsb edir. Lakin, eyni zamanda, onlar bu layihənin bir hissəsi olmaq üçün özəl şirkətlərə böyük imkanlar açır. Mən bir daha Polşa şirkətlərini bizim tərəfdaşımız olmağa dəvət edirəm. Biz daha sıx iqtisadi və işgüzar əlaqələr yaratmaq istəyirik. Polşa bizim üçün yaxın dost və nəinki Avropada, dünya miqyasında böyük potensialı və çox yaxşı mövqeyi olan bir ölkədir.
Bu gün həmkarım Prezident Dudanı böyük müvəffəqiyyət - Polşanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına demək olar ki, iki yüz ölkənin dəstəyi ilə qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etdim. Bu, ölkənizə beynəlxalq səviyyədə olan hörmətin və sizin etdiklərinizə verilən qiymətin əlamətidir. Əmin ola bilərsiniz ki, Cənubi Qafqaz və Xəzər regionunda sizin etibarlı dostunuz və tərəfdaşınız var. Bacarıqlı, sözünə əməl edən və əməkdaşlığımızı gücləndirmək istəyən dostunuz var. Əminəm ki, ölkələrimizin biznes icmaları imkanları ətraflı şəkildə nəzərdən keçirəcəklər. Əminəm ki, siz bu gün kənd təsərrüfatı, sənaye, turizm, əczaçılıq və böyük potensialı olan digər əməkdaşlıq sahələrində müxtəlif layihələri müzakirə edəcəksiniz. Biz bunu Prezident Duda ilə artıq müzakirə etdik və əminəm ki, müzakirələriniz və qarşılıqlı əlaqələriniz yaxşı nəticələrin hasil olunmasına gətirib çıxaracaqdır.
Bir daha sizi salamlamaq, forumda iştirak etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək və uğurlar diləmək istəyirəm. Çox sağ olun.
x x x
Sonra biznes forum işini müzakirələrlə davam etdirib.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 150-dən çox, o cümlədən Azərbaycandan 60-dan artıq iş adamı iştirak edib.
Forum çərçivəsində Azərbaycanın və Polşanın müxtəlif biznes qurumları və şirkətləri arasında ümumilikdə beş müqavilə və əməkdaşlıq memorandumu imzalanıb.