İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılış mərasimində iştirak etmişdir

07 iyun 2011, 16:00
İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılış mərasimində iştirak etmişdir

Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Builki sərgidə dünyanın 27 ölkəsindən 285 şirkət təmsil olunur. Sərginin ekspozisiyasının 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Bu tədbirdə Azərbaycanın şirkətləri də ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə iştirakçıların 38 faizini yerli iqtisadi qurumlar təşkil edir. Ötənilki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz çoxdur.

Sərgi iştirakçılarının 12 faizi isə bu tədbirə ilk dəfə qatılıb. Dünyanın 11 ölkəsindən təxminən 90 aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir. Sərginin ekspozisiyası Bakı Sərgi Mərkəzinin 2 pavilyonunda yerləşir. Burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və perspektiv layihələr də təqdim olunur.

Sərgi və konfransın işgüzar proqramı genişdir. Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hərtərəfli imkanlar açılmışdır.

Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu VUD sərgi və konfransı açaraq dedi:

- Cənab Prezident!

Xanım Əliyeva!

Əlahəzrət Şahzadə!

Komissar, xanımlar və cənablar!

Sizi builki sərgidə salamlamaq mənim üçün xoşdur. Düşünürəm ki, bu, Azərbaycan Respublikasının inkişafında yüksək bir mərhələdir. Biz, İTE Group olaraq tərəfdaşımız olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycanın Energetika və Sənaye Nazirliyinə yeni enerji sahəsinin də daxil olduğu builki sərgini daha da geniş şəkildə təşkil etdiklərinə görə təşəkkür edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün sərgidə iştirakçıların 38 faizini Azərbaycan şirkətləri təşkil edir. Mən sizin hamınıza burada olduğunuz üçün təşəkkür edirəm. İTE Group adından hamınızı salamlayıram. Sizin hamınızı təkcə Azərbaycan Respublikasının inkişafına və uğuruna artıq qoyduğunuz sərmayələrə görə deyil, eyni zamanda bizim iştirakımızla burada işlərinizdə əldə edəcəyiniz uğurlar nəticəsində gələcəklə bağlı verdiyiniz vədlərə görə təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.

XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən sizi Xəzər neft, qaz sərgi və konfransının açılışı münasibətilə təbrik edirəm. Ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram.

Bu sərgi və konfrans artıq ənənəvi xarakter daşıyır. On səkkizinci ildir ki, Bakıda belə mötəbər tədbir keçirilir. Mən çox şadam ki, ildən-ilə bu sərgiyə maraq artır. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, baxmayaraq Azərbaycanda əvvəlki illərdə böyük investisiya layihələri həyata keçirilib, yenə də ölkəmizin neft-qaz sektoruna xarici investorlar tərəfindən maraq azalmır. Bunun səbəbi ondan ibarətdir ki, bizim neft strategiyamız uzunmüddətli strategiyadır. Bu strategiyanın uğurlu icrası nəticəsində neft-qaz sektorunda ölkə qarşısında duran əsas vəzifələr yerinə yetirildi. Ancaq biz yenə də gələcəyə baxırıq və əminəm ki, bu günlərdə burada gələcək planlarımız haqqında çox geniş müzakirələr aparılacaqdır.

Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Sənaye üsulu ilə dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilmişdir. XX əsrdə dəniz yataqlarından dünyada yenə də ilk dəfə neft Azərbaycanda hasil edilmişdir. Yəni, bizim böyük ənənələrimiz vardır, Azərbaycanın bu sahədəki nailiyyətləri dünya ictimaiyyəti üçün real bir faktdır və bu barədə bəlkə geniş danışmağa da dəyməz.

Bir məsələyə toxunmaq istəyirəm ki, II Dünya müharibəsi zamanı faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan neftçilərinin çox böyük rolu və payı olmuşdur. O vaxt Sovet İttifaqının yanacağının 90 faizi Bakıda Azərbaycan neftçiləri tərəfindən istehsal edilmişdir.

Müstəqilliyə qovuşanda ölkəmiz əlbəttə ki, yeni çağırışlarla üzləşmişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkədə qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsinin başlandığı, total böhranın hökm sürdüyü bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdır. Əlbəttə ki, ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir zərurət idi. Azərbaycanın bəxti gətirmişdir ki, ölkəmiz üçün həlledici anlarda böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmişdir. Dövlətimizin və dövlətçiliyimizin əsasları məhz onun siyasəti nəticəsində formalaşmışdır. Azərbaycanda dövlətçiliyin əsasları qoyulmuş, hüquqi dövlət quruculuğu prosesi başlanmışdır. Ölkədə siyasi və iqtisadi islahatlar aparılmağa başlanmışdır. Ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmağa başlanmışdır. Onların içində ən mühüm və tarixi əhəmiyyətə malik olan hadisə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması idi.

Bu kontraktın imzalanması nəticəsində Azərbaycan ilk dəfə olaraq xarici investorları Xəzər dənizinə dəvət etmişdir. İlk dəfə olaraq Xəzər dənizində xarici neft şirkətləri fəaliyyətə başlamışlar. Ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Deyə bilərəm ki, neft sektoruna qoyulan investisiyalar digər sektorlara da investisiyaların cəlb edilməsinə çox müsbət xidmət göstərmişdir. Bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və mütləq əksəriyyəti xarici sərmayədir.

Azərbaycan baxmayaraq ki, 1994-cü ildə çox riskli bir dövlət kimi tanınırdı, xarici böyük neft şirkətlərinin Azərbaycana dəvət edilməsi, onlar üçün şərait yaradılması, onların investisiyalarının qorunması üçün lazımi tədbirlərin görülməsi, o cümlədən qanunvericilik sahəsində lazımi addımların atılması sayəsində bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu artırır.

“Əsrin kontraktı” tarixi hadisə idi və eyni zamanda, ona görə ki, xarici şirkətlərlə əməkdaşlığımızın ilk təcrübəsi uğurlu olmuşdur. Birinci kontraktdan sonra Azərbaycana maraq artdı. Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sözünə hörmət edən ölkə kimi tanıda bilmişdir. 1994-cü ildən bu günə qədər Azərbaycan ilə xarici neft şirkətləri arasında heç bir ciddi mübahisə, heç bir qarşıdurma, kontraktlara yenidən baxılmaq arzuları olmamışdır. Mən bunu ona görə deyirəm ki, bəzi ölkələrdə vaxtilə imzalanmış kontraktlara yenidən baxılır, onların dəyişdirilməsi üçün addımlar atılır. Bizdə isə, yanaşma tam fərqlidir. Biz etimadı qazanmışıq və bu etimadı qiymətləndiririk. Hesab edirəm, investorlar üçün ən vacib amil ondan ibarətdir ki, onlar tam əmin olmalıdırlar, onların investisiyaları dövlət tərəfindən lazımi səviyyədə qorunur və bu siyasət dəyişməz olaraq qalır.

“Əsrin kontraktı”nın imzalanması nəticəsində investisiyaların cəlb edilməsi əlbəttə ki, işimizə birinci təkan vermişdir. Ondan sonra nefti xarici bazarlara çıxarmaq üçün böyük addımlar atılmağa başlanmışdır. Görülən çox vacib işlərin arasında mən neft kəmərlərinin tikintisini xüsusi qeyd etmək istəyirəm. Hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamətlə nəql edilir. Biz bu sahədə şaxələndirmə məqsədlərimizə tam çatmışıq. Bu gün üç istiqamətdə nəql edilən neftimiz dünya bazarlarına çox etibarlı yollarla çıxarılır.

Neft kəmərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq, xarici investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları öz dəstəyini göstərdilər. Azərbaycan tərəfi də öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə və uğurla icra etmişdir.

Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində biz nəinki həm yeni bazara çıxa bilmişik və dəhlizi açmışıq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə başlamışdır. Biz bu vəsaitdən çox səmərəli şəkildə istifadə etdik. 1999-cu ilin sonunda Azərbaycanda yaradılmış Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir. Fondun fəaliyyəti beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Neft Fondu tam şəffaf bir qurumdur. Bu, bizə imkan verdi ki, əldə olunmuş gəlirlərdən səmərəli və ədalətli istifadə edək. Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və müasir qurum olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Bu, onu göstərir ki, Azərbaycana gələn vəsait ədalətli bölünür, vəsaitin toplanması və xərclənməsi çox şəffaf şəkildə həyata keçirilir. Eyni zamanda, bu, Azərbaycanın dünyadakı imicinə də çox müsbət təsir göstərir.

Müəyyən mərhələdə, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından sonra belə bir fikir oyana bilərdi ki, artıq biz qarşımızda duran bütün vəzifələri icra etdik. Bundan sonra ancaq əldə edilmiş gəlirlərin idarə edilməsi ilə məşğul olmalıyıq. Beləliklə Azərbaycan şaxələndirmə siyasətini reallaşdıra bilmişdir və biz artıq, necə deyərlər, əldə edilmiş uğurlarla kifayətlənə bilərik. Ancaq bizim yanaşmamız tam fərqlidir, nəinki bu sahədə, bütün başqa sahələrdə də. Əldə edilmiş nailiyyətlər bizim üçün bir mərhələdir, bir addımdır, bir pillədir. Biz daim gələcəyə baxırıq və ölkəmizin uğurlu və dayanıqlı inkişafı üçün uzunmüddətli proqram çərçivəsində addımlarımızı planlaşdırırıq.

Beləliklə, qarşımızda duran ikinci vacib məsələ ondan ibarət idi ki, Azərbaycanı dünyada nəinki neft dövləti kimi, qaz dövləti kimi də tanıdaq. Xüsusilə nəzərə alsaq ki, o vaxta qədər 1996-cı ildə imzalanmış “Şahdəniz” qaz yatağı üzrə kontrakt icra edilməyə başlamışdır və Azərbaycanda çox böyük qaz yataqları aşkarlanmışdır. Deyə bilərəm ki, “Şahdəniz” qaz yatağının kəşfi o dövrdə o qədər də böyük diqqət cəlb etməmişdi. Çünki o vaxt dünyada, xüsusi ilə Avropada qaz amilinə o qədər də böyük diqqət göstərilmirdi. Ondan sonrakı dövrdə - bir neçə il bundan əvvəl qaz amilinin ölkələrin enerji təhlükəsizliyinə nə qədər təsir edən məsələ olduğunu hamımız daha da yaxşı başa düşdük. Ancaq Azərbaycan öz tərəfindən bütün lazımi tədbirləri görmüşdür və “Şahdəniz” qaz yatağının aşkarlanması deyə bilərəm ki, dünya enerji bazarında çox təsirli bir hadisə olmuşdur. Biz hazırda enerji siyasətimizi daha çox qaz amili üzərində qururuq. Çünki neft sahəsində, dediyim kimi, bütün layihələr icra edilib. Bundan sonra biz yalnız hasilatı sabit saxlamaqla öz siyasətimizi davam etdirəcəyik.

Qaz bazarı istiqamətində çalışmalarımız çox məqsədyönlü xarakter daşıyır. Yaradılmış, şaxələndirilmiş ixrac infrastrukturumuz bu gün həm Azərbaycanın maraqlarına xidmət edir, həm də qonşu bazarlara da dəstəkdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Əvvəlki fikrə qayıtmaq istəyirəm ki, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə qaz dəhlizinin açılması da böyük problemlərlə üzləşə bilərdi.

Yəni, biz artıq mövcud dəhliz üzərindən qaz kəmərini də çəkdik və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün böyük bir amildir, regional və qitə miqyasında ciddi bir amildir. Ondan sonra əvvəlki dövrdə mövcud olan qaz kəməri infrastrukturu təmir edildi. Bu gün Azərbaycan qazı dörd istiqamətdə dünya bazarlarına çıxarılır. Biz qonşu dövlətlərə qazı ixrac edirik və artıq neft-qaz kəmərlərimizin sayı yeddiyə çatmışdır.

Əlbəttə, zəngin qaz yataqlarımızdan səmərəli şəkildə istifadə etmək üçün bizə böyük, etibarlı bazarlar lazımdır. O bazarlar ki, qanunlarla tənzimlənir, o bazarlar ki, bizim qazımıza orada ehtiyac vardır. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Bir neçə ildir ki, biz “Cənub” qaz dəhlizi ilə əlaqədar çox fəal siyasət aparırıq. Bir neçə ildir ki, həm ciddi müzakirələr aparılır, eyni zamanda, konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır. Bu, birinci addım idi. Bu, daha çox hər iki tərəfin niyyətini ifadə edirdi. Ondan sonrakı dövrdə müxtəlif beynəlxalq forumlarda Azərbaycan öz qaz resurslarını təqdim edə bilmişdir. Bu gün bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrə bərabərdir.

Bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında yeni vacib sənəd - “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalanmışdır. Bu bəyannamə sadəcə olaraq niyyətin ifadəsi deyildir. Bu, konkret sənəddir. Biz bu sənəd üzərində işləyirik. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrupu yaradılmışdır. Bu işçi qrupu çox səmərəli işləyir. Ümid edirəm ki, bütün lazımi sənədlər yaxın zamanlarda imzalanacaqdır. Beləliklə, “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işlənməsi üçün bizdə əsas olacaqdır.

Mən şübhə etmirəm ki, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir. Bizim keçmişimiz, tariximiz, əldə edilmiş təcrübə və siyasi iradə onu göstərir ki, biz daha da çətin vəziyyətdə daha da mürəkkəb layihələri uğurla icra edə bilmişik. Ona görə, hesab edirəm ki, “Cənub” qaz dəhlizinin gələcəyi çox gözəl olacaqdır.

Hazırda bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasında tranzit məsələlərinin həlli üçün danışıqlar aparılır. Bu danışıqlar son mərhələdədir. Düz bir il bundan əvvəl – keçən ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında qaz tranziti haqqında protokol imzalanmışdır. O protokolda bütün lazımi məsələlər öz əksini tapmışdır. Sadəcə olaraq, biz ümid edirik ki, yaxın zamanlarda o protokolda göstərilən və sadalanan maddələr son sənədə çevriləcəkdir. Beləliklə, tranzit sazişinin imzalanmasından sonra artıq böyük Azərbaycan qazı üçün bütün maneələr aradan qaldırılacaqdır.

Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət qədərdir. Ən azı yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcəkdir.

Neft sahəsində ilkin proqnozlardan bu gün bəlkə də iki dəfə çox neft əldə etdiyimizi nəzərə alsaq, mən tam əminliklə deyə bilərəm ki, 2,2 trilyon kubmetr qaz ehtiyatlarımız, necə deyərlər, təvazökar bir rəqəmdir. Proqnozlar daha da çoxdur və əminəm ki, qazma işlərinin nəticəsində daha da böyük həcmdə qaz aşkarlanacaqdır.

Keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində bir neçə vacib hadisə baş vermişdir. Mən onlardan ikisini xüsusilə vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi, yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında imzalanmış Bəyannamə, ikincisi isə, Azərbaycan neftçiləri tərəfindən kəşf edilmiş böyük “Ümid” qaz yatağıdır. Bu, birinci növbədə onu göstərir ki, bizim “Şahdəniz”dən başqa da böyük ehtiyatlarımız vardır. Neftçilərimiz və geoloqlarımız həmişə bunu vurğulayırlar. İkinci tərəfdən, “Ümid” yatağının önəmi ondadır ki, bu yataq Azərbaycan neftçiləri, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmışdır. Neftçilərimizin müasir təcrübəsi və xarici şirkətlərlə əməkdaşlıq nəticəsində əldə edilmiş təcrübə artıq konkret nəticələr vermişdir. Azərbaycan Dövlət Neft Şirkəti “Ümid” yatağında həm investordur, həm də operatordur. “Ümid” yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna əminik. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcəkdir.

Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan vacib məsələlərdən biridir. Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə düşən vəzifələrini ardıcılıqla və böyük iradə ilə icra edir. Mən hesab edirəm ki, hazırda istehlakçılar, tranzit ölkələr və istehsalçılar arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. Çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail ola biləcəyik.


Məhz buna görə bir də demək istəyirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrupu yaradılmışdır. Bu qrupda potensial investorlar, istehlakçılar və istehsalçılar birgə çalışırlar.

Beləliklə, bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edərkən tam əminliklə deyə bilərik ki, neft-qaz sektorunda enerji təhlükəsizliyi sahəsində əldə edilmiş nailiyyətlər ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Valyuta ehtiyatlarımız artır və hazırda onun səviyyəsi təqribən 35 milyard dollara çatmışdır. İqtisadiyyatımız artır və son 7 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Büdcə xərcləri 2003-cü ildə 1,2 milyard dollar idi, 2011-ci ildə bu rəqəm 20 milyard dollara çatmışdır.

Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” dayanır. Ona görə bu gün bu sərgi və konfransın açılışında 1994-cü ildə bizə inanan, Azərbaycanın gələcəyinə inanan xarici neft şirkətlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, son illər ərzində ARDNŞ ilə xarici tərəfdaşlar arasında çox işgüzar münasibətlər qurulmuşdur. Bu münasibətlərin çox gözəl gələcəyi vardır. Çünki yenə də demək istəyirəm ki, “Cənub” qaz dəhlizinin uğurlu icrası da bizim üçün yalnız növbəti mərhələ olacaqdır. Bizim planlarımız çoxdur, biz gələcəyə ümidlərlə baxırıq və əldə edilmiş uğurlar bu ümidləri daha da gücləndirir.

Bir daha, əziz dostlar, sizi sərginin və konfransın açılışı münasibətilə təbrik edirəm. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.

ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard MORNİNQSTAR çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Əliyeva!

Əlahəzrət şahzadə!

Hörmətli komissar Ottinger!

Bu gün burada olmağımdan çox məmnunam və böyük şərəf hissi duyuram. Mən hər zaman Bakını sevmişəm və bu konfransda məmnunluqla iştirak etmişəm. Hər dəfə buraya gələndə Bakı elə gözəl görünür ki, insan inana bilmir. Enerji sahəsindəki münasibətlərimiz olduqca güclüdür. Biz Azərbaycanla münasibətlərimizi yüksək dəyərləndiririk. İndi isə cənab Prezident, 2011-ci il iyunun 1-də Ağ evdə imzalanan məktubun mətnini Sizə oxumaq istərdim.

Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn BRAUN Azərbaycan Prezidenti İlham Əliyevi və mərasim iştirakçılarını salamlayaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun təbrik məktubunu oxudu.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, həmçinin açılış mərasiminin iştirakçılarını salamlayan Türkiyənin Azərbaycandakı səfiri Hulusi KILIÇ XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransı ilə əlaqədar qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısına təbrik məktubunu oxudu.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter OTTİNGER Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

Norveç Krallığının Vəliəhdi HOOKON çıxış edərək dedi:

- Cənab Prezident!

Birinci xanım!

Nazirlər, zati-aliləri, xanımlar və cənablar!

Mənim üçün Azərbaycana ilk dəfə səfər etmək, eləcə də XVIII Beynəlxalq Xəzər neft və qaz sərgisində iştirak etmək çox xoşdur.

Cənab Prezident, dünən bizi hərarətlə qarşıladığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Norveç ölkələrimiz arasında artıq inkişaf etmiş yaxın əlaqələrimizdən, o cümlədən “Statoil”la ARDNŞ arasındakı artan sıx əməkdaşlıqdan olduqca məmnundur. Norveçin təchizat sənayesi Xəzər dənizində həyata keçirilən layihələrə əhəmiyyətli dərəcədə töhfə verib. Xəzər regionu dünya enerji bazarında getdikcə daha mühüm rol oynayır. Neft və qaz hasilatçısı olan Azərbaycan uzun müddətdir ki, özünü əhəmiyyətli və etibarlı tərəfdaş kimi təsdiqləyib. Ölkələrimiz Avropanın enerji ilə təmin edilməsində etibarlı təchizatçı olmaq kimi ümumi məqsədlərə malikdirlər.

Azərbaycan Xəzər dənizini Avropa ilə bağlayacaq “Cənub” qaz dəhlizində iştirak edən ölkə kimi mühüm rola malikdir. Norveç Avropanın enerji təchizatını daha da gücləndirəcək “Cənub” qaz dəhlizini tam dəstəkləyir. Dəhliz bir çox Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın neft tarixi 1840-cı illərə təsadüf edir. Norveçin təcrübəsi isə 1960-cı illərdə başlayıb. “Statoil” Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri oldu. Bu, ölkəniz müstəqilliyini bərpa etdikdən sonra xarici neft şirkətlərinin regiona dəvət edilməsi nəticəsində baş tutdu. Həm Norveçin, həm Azərbaycanın qarşısında eyni vəzifələr dayanır: enerji resurslarından davamlı şəkildə istifadə etmək. Biz əmin olmalıyıq ki, resurslarımız uşaqlarımız və nəvələrimizə xidmət edəcəkdir. Beləliklə, resursların idarə edilməsində uzunmüddətli strategiyamız vardır.

Norveçin təcrübəsindən bir neçə kəlmə demək istərdim. Ölkəmizin gəlirlərinin böyük bir hissəsi neft və qaz resurslarının ixracından əldə olunur. Buna görə də enerji daşıyıcılarının hasilatı və gəlirlərin idarə edilməsi sahəsində aydın və şəffaf qaydaların olması xüsusi əhəmiyyət kəsb edir. Bir çox ölkələr resursların zənginliyindən əziyyət də çəkiblər. Böyük həcmdə nəğd vəsaitlərin daxil olması sosial bərabərsizliyə, həddən artıq xərclərə və resursların işlənilməsində nəzarətin çatışmamasına səbəb olub. Bu baxımdan ətraf mühitin qorunması sahəsində də birgə öhdəliyimiz olduqca vacibdir. Azərbaycanda ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilir. Dövlət Neft Fondunun yaradılması təqdirəlayiq haldır. Norveç ölkələrimizin qarşılıqlı faydası naminə regional təhlükəsizlik və sabitlik, insan hüquqları, demokratiya kimi müxtəlif məsələlərlə bağlı Azərbaycanla davamlı dialoqu səmimiyyətlə arzulayır. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində Norveçlə Azərbaycan arasında əməkdaşlıq məndə məmnunluq doğurur. Ölkələrimiz şəffaflığın və yaxşı idarəçiliyin təmin edilməsi sahəsində birgə çalışırlar. Ən ilkin mərhələdə Azərbaycanın bu təşəbbüsə qoşulmasını və bu sahədə mühüm nümunə olmasını alqışlayırıq. Bu mövzular ətrafında keçiriləcək seminarda iştirak etmək arzusundayam.

Eyni zamanda, qeyd etmək lazımdır ki, korporativ sosial məsuliyyətə də xüsusi əhəmiyyət verilir. Hökumət, kommersiya təsisatları və vətəndaş cəmiyyəti bütövlükdə cəmiyyətin inkişafı naminə davamlı tərəqqinin təmin edilməsində mühüm rol oynamalıdırlar.

Cənab Prezident!

Xanımlar və cənablar!

Azərbaycanın qlobal enerji bazarında oynadığı rol çox əhəmiyyətlidir. Gələcəkdə bu rolun əhəmiyyəti daha da artacaqdır. Azərbaycan ilə Norveç arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın aparılmasına ümid edirəm. Bu əməkdaşlıq gələn illərdə həm enerji, həm də digər sahələrdə inkişaf edəcəkdir. Sağ olun.

Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr XETAQURİ çıxış edərək dedi:

-Zati aliləri, hörmətli qonaqlar!

Bakıya yenidən səfər etməkdən və XVIII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransında iştirak etməkdən böyük şərəf və iftixar hissi duyuram. Bu illik tədbir qlobal enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən neft və qaz resurslarının təchizat marşrutlarının şaxələndirilməsinə aid məsələləri müzakirə etmək və bu mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün önəmli bir platformadır.

Hamıya yaxşı məlumdur ki, gürcü və Azərbaycan xalqları arasında olan dostluğun çoxəsrlik tarixi vardır. Ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığa gəldikdə isə, onun tarixi Xəzərdə hasil edilən enerji daşıyıcılarının dünya bazarlarına ilk dəfə Bakı-Supsa boru kəməri vasitəsilə çıxarılmasına təsadüf edib. Bu, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi strateji təchizat marşrutlarının gələcəyini müəyyən etmişdir. Bu gün Avropanın enerji daşıyıcılarından asılılığı təchizat marşrutlarının şaxələndirilməsi zərurətini ortaya qoyub. Bunun nəticəsində Azərbaycandan Mərkəzi Asiya və Yaxın Şərqdən təbii qazın Avropa İttifaqına çatdırılmasını nəzərdə tutan “Cənub” qaz dəhlizi konsepsiyası hazırlanmışdır. Bu ilin yanvar ayında Azərbaycanla Avropa Komissiyası arasında “Cənub” qaz dəhlizi haqqında imzalanan Birgə Bəyannamə Azərbaycanın bu sahədə aparıcı rolunu, Xəzərdə hasil edilən enerji daşıyıcılarını Qərb istiqamətində nəql edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin əhəmiyyətini təsdiq etmişdir.

Bu baxımdan Xəzər dənizinin zəngin karbohidrogen yataqları üçün Gürcüstan mühüm tranzit ölkələrdən biridir. Gürcüstandakı Kulevi, Supsa və digər liman və terminallar Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji daşıyıcılarının Qərb bazarlarına nəql edilməsində mühüm rol oynayır. Hazırda bir sıra böyük enerji daşıyıcılarının nəql edilməsi layihələri, o cümlədən “Nabukko” layihəsi mövcuddur. Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz qaz boru kəməri adlanan marşrutla böyük həcmdə təbii qaz Gürcüstan vasitəsilə Qərb bazarlarına çıxarılır. “Şahdəniz” yatağında işlənilmənin ikinci fazası başladıqdan sonra nəql edilən qazın həcmi daha da artacaqdır. “Cənub” qaz dəhlizi müxtəlif istiqamətləri nəzərdə tutan şaxələndirməni əhatə edir. “Cənub” qaz dəhlizinin həyata keçirilməsi üçün zəruri hesab edilən infrastrukturun qurulması və razılaşmaların əldə edilməsi müvafiq vaxt çərçivəsində mümkündür.

İcazə verin, həmçinin qeyd edim ki, güclü və inkişaf etmiş infrastruktur və müvafiq kommersiya razılaşmaları olan Gürcüstan “Cənub” dəhlizində iştirak edən ölkələr və tərəfdaşlar arasında etibarlı iştirakçıdır və etibarlı tranzit xidmətlərini göstərə bilər. İnanıram ki, enerji əməkdaşlığımızın böyük perspektivləri vardır. Bugünkü tədbir təchizatın təhlükəsizliyi ilə bağlı siyasət, enerji bazarları və müvafiq tələbatlarla bağlı məhsuldar müzakirələrin aparılması üçün əla fürsətdir. Sağ olun.

X X X

Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dövlətimizin başçısına ARDNŞ-in ekspozisiyası barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, beynəlxalq səviyyəli şirkətə çevrilən ARDNŞ ən qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir, 2010-2015-ci illəri əhatə edən nanoneft proqramını və digər silsilə layihələri reallaşdırır.

Sonra “Ümid” qaz yatağındakı 10 nömrəli quyunun qazılmasına start verilməsi mərasiminin iştirakçıları ilə canlı videobağlantı yaradıldı.

Dövlətimizin başçısını salamlayan neftçilər dedilər: Beynəlxalq Xəzər neft-qaz sərgisi iştirakçılarına Bakı arxipelaqının sahildən 80 kilometr məsafədə yerləşən “Ümid” platformasından səmimi salamlarımızı yetiririk. Möhtərəm Prezident, “Ümid-1” platformasında 10 nömrəli quyunun qazılmasına başlanılması üçün Sizin xeyir-duanızı istəyirik. Qazma prosesini beynəlxalq standartlar səviyyəsində tam başa çatdırmaq üçün qurğu və mexanizm tam işlək vəziyyətə gətirilmişdir.

Möhtərəm Prezident, məlumat üçün bildirmək istəyirəm ki, layihələndirilən 10 nömrəli quyu məhsuldar qatın 7-ci horizontuna layihələndirilmişdir. Bu quyunun layihə dərinliyi 6 min 500 metrdir. Cənab Prezident, kollektivimiz adından Sizə söz veririk ki, “Ümid-1” platformasında qazılacaq 10 nömrəli quyu müvəffəqiyyətlə və keyfiyyətlə qazılıb təhvil veriləcəkdir.

Prezident İlham ƏLİYEV: Sağ olun, mən sizi təbrik edirəm. “Ümid” yatağının aşkarlanması bizim üçün tarixi hadisədir. Neftçilərimiz böyük peşəkarlıq göstərmişlər. Geoloqlarımızın gərgin səyləri nəticəsində böyük yataq aşkarlanmışdır. Bu gün biz özümüz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin imkanları çərçivəsində “Ümid” yatağının işlənilməsinə başlayırıq. Bu münasibətlə mən sizi ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, “Ümid” yatağının işlənilməsi nəticəsində yaxın zamanlarda Azərbaycanın qaz ehtiyatları daha da artacaq və Azərbaycan özünü dünyada qaz ölkəsi kimi tanıtdıracaqdır. Mən arzu edirəm ki, “Ümid” yatağının işlənilməsi zamanı bütün lazımi parametrlər gözlənilsin, xüsusilə texnoloji məsələlərə diqqət göstərilsin. Bu gün ARDNŞ dünya səviyyəli bir şirkətdir və onun gördüyü işlər də dünya səviyyəsində olmalıdır.

Mən sizi bir daha təbrik edirəm və “Ümid” yatağının işlənilməsi ilə əlaqədar sizə öz təbrikimi göndərirəm. “Ümid” yatağının qazılmasına başlayın.

NEFTÇİLƏR: Uğurlar olsun, sağ olun.

Sonra 10 saylı quyunun qazma qurğusu işə salındı.

Dövlətimizin başçısı bp şirkətinin ekspozisiyası ilə də tanış oldu. Qeyd edildi ki, Xəzərin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının işlənilməsində, Səngəçal, Supsa və Ceyhan kimi böyük terminalların inşasında, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisində mühüm xidmətləri olan bp şirkəti bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq edəcəkdir.

Prezident İlham Əliyevə dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən Fransa-Amerika birgə şirkəti olan “SCHLUMBERGER”in ekspozisiyası barədə də məlumat verildi. Bildirildi ki, bu iqtisadi qurum Azərbaycanda reallaşdırılan iri neft-qaz layihələrində yaxından iştirak edir.

Dövlət başçısına Azərbaycanın Türkiyədə özəlləşdirdiyi “Petkim” şirkətinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı görülən kompleks işlər barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyevin diqqətinə 2040-cı ilədək həyata keçiriləcək layihələr təqdim olundu.

Sərgidə geniş təmsil olunan Fransanın “GDF Suez” şirkəti dünyanın əksər ölkələrində fəaliyyət göstərir və onun 220 min əməkdaşı vardır. Respublikamızda “Abşeron” və digər layihələrdə iştirak edən şirkət qazın kəşfi, hasilatı, nəqli və digər sahələrdə zəngin təcrübəyə malikdir.

Fransanın “Total” şirkəti də Azərbaycanın neft-qaz sektorunda yaxından iştirak edir. Dövlətimizin başçısına şirkətin yenilikləri və perspektiv planları barədə məlumat verildi.

Malayziyanın “Petronas” dövlət şirkəti Xəzər neft-qaz sərgisində ilk dəfə təmsil olunur. Bu iqtisadi qurum istər Malayziyada, istərsə də dünyanın bir çox ölkələrində neft-qaz sektorunda yüksək ixtisaslı kadrlarla bağlı vakant yerlər üçün işçi axtarışı ilə məşğuldur.

Rusiya Federasiyasının “Russneft” şirkəti də Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Qonşu ölkənin böyük neft-qaz şirkətlərindən sayılan “Russneft” Bakıdakı sərgidə ən son elmi-texniki yeniliklərini nümayiş etdirir.

Türk Petrolları Anonim Şirkəti də 1994-cü ildən bəri Azərbaycan ilə birgə beynəlxalq neft-qaz layihələrinin uğurla reallaşmasında yaxından iştirak edir. Qeyd olundu ki, iki qardaş ölkənin iqtisadi qurumları bundan sonra da istər regional, istərsə də beynəlxalq səviyyələrdə birgə uğurlu əməkdaşlıqlarını davam etdirəcəklər.

Almaniyanın RWE şirkəti Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Bu şirkət ölkəmizdə fəaliyyətini genişləndirmək əzmindədir.

“Statoil” “Qazprom”dan sonra Avropada ikinci böyük təbii qaz şirkətidir. “Statoil” Azərbaycan ilə sıx əməkdaşlıq edir. Yaxın müddətdə Avropada təbii qaza tələbatın 20-30 faiz artacağını əsas götürən Norveçin dünya şöhrətli bu şirkəti Azərbaycan ilə yeni əməkdaşlıq imkanları üzərində konkret iş aparır.

“Bakı Ağ Şəhər” layihəsi də mükəmməlliyi ilə seçilir. Dövlətimizin başçısına məlumat verildi ki, bu layihəyə investorların marağı böyükdür. İyirmi hektarlıq “yaşıl ada” adlanan ərazidə təmizlik işləri artıq yekunlaşdırılıb və tikinti prosesinə başlanılacaqdır. “Bakı Ağ Şəhər” layihəsi paytaxtın görkəmini beynəlxalq standartlar səviyyəsində dəyişməsində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir. Bu, Bakının “qara şəhər” adlanan hissəsinə yeni həyat bəxş edəcək bir layihədir. Layihənin həyata keçirilməsi zamanı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, eləcə də 2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı əsas götürülmüşdür.

Dövlət başçısına məlumat verildi ki, OMV şirkəti də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə səylərini əsirgəmir.

Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzuladı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30