Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

06 iyun 2011, 15:30
Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

- Hörmətli qonaqlar.

Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan futbolunun 100 illik yubileyini qeyd edirik. Bizimlə bərabər bu bayram tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə FİFA prezidenti cənab Blatteri, UEFA prezidenti cənab Platinini səmimiyyətlə salamlayıram. Sizin hər bir gəlişiniz Azərbaycanda futbolun inkişafına yeni təkan verir və sizi qonaqlar arasında görmək bizim üçün böyük şərəfdir.

Fürsətdən istifadə edərək, bir neçə gün bundan əvvəl FİFA prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə, cənab Blatter, sizi ürəkdən təbrik edirəm. İnamlı qələbəniz bir də onu göstərir ki, FİFA sizin rəhbərliyiniz altında çox böyük və uğurlu yol keçmişdir, beynəlxalq futbol aləminin mütləq əksəriyyəti sizin namizədliyinizi dəstəkləmişdir. Bir daha demək istəyirəm ki, sizin rəhbərliyiniz altında FİFA qlobal təşkilata çevrilib. O təşkilata ki, onun əsas idealları dostluq, qardaşlıq, sülh, ədalət anlayışlarıdır.

Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür. Bildiyiniz kimi, futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir ki, icra edilir. Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər.

Futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə stadion istismara verilmişdir. Futbol meydançaları tikilir. Yəni, futbolun kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır.

Bu gün cənab Blatterin, Platininin və digər qonaqların iştirakı ilə Bakıda yeni stadionun açılışı qeyd olundu. Bu gün ölkəmizin ən böyük və ən müasir stadionunun təməl daşı qoyulur. Ümid edirəm ki, iki-üç il ərzində bu ərazidə möhtəşəm futbol arenası - 65 min yerlik yeni, müasir, bütün beynəlxalq standartlara uyğun stadion istismara veriləcəkdir. Bu, nəinki Azərbaycanın, ümid edirəm ki, bölgənin ən möhtəşəm, gözəl, yaraşıqlı və rahat stadionu olacaqdır.

Stadionun tikilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti futbolun inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da çalışacağıq ki, biz addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq, əlbəttə ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər.

Bizim bu sahədəki beynəlxalq əlaqələrimiz artır. Qeyd etmək istəyirəm ki, gələn il Azərbaycanda ölkəmizin tarixində ən böyük və mötəbər futbol yarışı keçiriləcəkdir. 17 yaşınadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu, böyük məsuliyyətdir və mən ümid edirəm ki, bütün müvafiq qurumlar hazırlıq işlərini lazımi səviyyədə aparacaqlar və bu çempionat Azərbaycanda çox uğurlu keçəcəkdir.

Beynəlxalq əməkdaşlıq yüksək səviyyədədir. Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası dünya futbol federasiyaları arasında öz yerini tuta bilmişdir. Hesab edirəm ki, bu da futbolun inkişafı üçün çox vacib bir amildir. Xüsusilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının, Avropa Futbol Assosiasiyaları İttifaqının rəhbərliyinə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar tərəfindən Azərbaycana verilən dəstək bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, futbol ictimaiyyətimiz öz növbəsində futbolun inkişafı üçün əlavə ardıcıl, düşünülmüş addımlar atacaqdır.

Bu gün yenə də demək istəyirəm ki, çox əlamətdar və tarixi bir gündür. Futbolun 100 illik yubileyini qeyd edirik. Bu yüz ilin 20 ilini biz müstəqil Azərbaycanda yaşayırıq. Eyni zamanda, möhtəşəm stadionun təməl daşının qoyulması da tarixi hadisədir.

Bir daha bütün futbol ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm və yenə də hesab edirəm ki, bütün azarkeşlər də mənim sözlərimə qoşulacaqlar. Yenə də futbolçularımızdan böyük ümidlərlə qələbələr və uğurlar gözləyirik.

Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:42
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı...

28 sentyabr 2024, 15:42
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:38
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə...

28 sentyabr 2024, 15:38
SƏNƏDLƏR Sərəncamlar 28 sentyabr 2024
13:48
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin...

28 sentyabr 2024, 13:48
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:44
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra...

28 sentyabr 2024, 13:44
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:40
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə...

28 sentyabr 2024, 13:40