Prezidenti İlham Əliyev SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1840-cı illərdə daha mütərəqqi üsullarla quyular qazmaq və neft hasilatını artırmaq üçün yollar axtarılırdı. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut edir. Belə sənədlərdən biri Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubdur. Məktubda Semyonov Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verir. Semyonovun məktubuna müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verib. Mexaniki üsulla quyu qazılması texnikasının və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verilib, quyular qazılıb, hasilat artırılıb, neft sənayesi infrastrukturu inkişaf etdirilib. 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. Müqayisə üçün deyək ki, 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.
Dövlətimizin başçısı burada quraşdırılan xüsusi interaktiv köşkə baxdı.
Bildirildi ki, bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür. İnteraktiv köşkə, eyni zamanda, ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdikləri neft strategiyası haqqında məlumat, Azərbaycanın neft sənayesi ilə bağlı tarixi foto və videolar da yerləşdirilib.
Prezident İlham Əliyev neftçilərlə söhbət etdi.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt YUSİFZADƏ dedi:
- Bu il bizim 2 milyard ton hasilatımız olacaq. 1971-ci il martın 28-də neft hasilatı bir milyard ton olub. Həmin il aprelin 2-də Moskvada 24-cü qurultay keçirilib. Orada cənab Heydər Əliyev çıxış edib, deyib ki, Azərbaycan neftçiləri bir milyard ton neft çıxarıblar. Sonra Azərbaycana gəlib aprelin 21-də Bakıda müşavirə keçirib. O müşavirədə SSRİ-nin neft sənayesi naziri Valentin Şaşin də, mən də iştirak etmişdik. Cənab Heydər Əliyev Azərbaycan neftçilərini təbrik etdi. Deməli, neftçilərimiz 1 milyardıncı ton nefti cənab Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hasil ediblər. İki milyardıncı ton neft isə Sizin hakimiyyətiniz dövründə hasil olunacaq. İndiyədək 1 milyard 971 milyon ton neft çıxarılıb. Bir milyard ton dənizdən, 971 milyon ton qurudan.
Prezident İlham ƏLİYEV: Çox yaxşı.
Xoşbəxt YUSİFZADƏ: O vaxt cənab Heydər Əliyev çıxışında demişdi ki, kiçik bir respublikanın qocaman neft sənayesinin tarixində 1 milyard ton neft çıxarılıb.
Prezident İlham ƏLİYEV: Biz də gərək bunu qeyd edək.
Xoşbəxt YUSİFZADƏ: İndi həmin respublika neft hasilatını 2 milyard tona çatdıracaq. Neftçilərimiz həm də 700 milyard kubmetr qaz hasil ediblər.
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Bu, yaxşı hadisə olacaq, biz də onu qeyd edəcəyik. Bu quyunun burada aşkarlanması da artıq tarixdir.
Xoşbəxt YUSİFZADƏ: Bəli, tarixdir. Bu barədə film çəkməyə gəlmişdilər. Mən dedim ki, burada ilk quyu 1847-ci ildə qazılıb. Mənə dedilər ki, sənədin var? Yoxdur, burada hamımız bir-birimizdən eşitmişik. Onda komissiya sənədlərin hamısını qaldırdı.
Rövnəq ABDULLAYEV: Cənab Prezident, arxivlərdə bütün sənədlər qaldırıldı.
Prezident İlham ƏLİYEV: Bunlar arxiv sənədləridir?
Rövnəq ABDULLAYEV: Bəli, arxiv sənədləridir.
Prezident İlham ƏLİYEV: Biz gərək bunu dünyada yaxşı təbliğ edək. Çünki mən dəfələrlə demişəm ki, sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb, ancaq onun yeri dəqiq bilinmirdi. Ona görə mən tapşırıq verdim ki, o yer müəyyən olunsun. Əlbəttə ki, biz bilirdik bu, Bibiheybət ərazisində olubdur, ancaq indi onun yeri də dəqiqləşdi və gözəl bir abidə yaradıldı. Hesab edirəm ki, bu, həm neftçilər, həm də ölkəmizə gələn turistlər üçün çox gözəl hadisədir.
Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün - artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur. O vaxt biz çar Rusiyasının tərkibində idik və buradan çıxarılan təbii ehtiyatlar xalqımızın güzəranına o qədər də təsir etmirdi. Kasıbçılıq, səfalət idi. Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi. Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərmişdir. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbədə həlledici rol oynayıblar. Biz bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik. Təsəvvür edin, əgər Azərbaycan müstəqil ölkə olsaydı, indi dünyanın ən zəngin ölkələrindən biri olacaqdı.
Bu gün isə bizim neftimiz xalqımıza xidmət edir, dövlətimizi gücləndirir. Bax, bütün bu ərazi hələ də neft buruqları ilə doludur və birinci quyu da burada qazılmışdır. Bu ərazinin fotoşəkilləri, videogörüntüləri var. Onlar yaxın tarixin görüntüləridir. Bura ekoloji fəlakət zonası idi. Hər tərəfdə neft gölməçələri, köhnə buruqlar var idi, ərazi neftlə çirklənmişdi. İndi bu ərazi şəhərimizin ən abad yerlərindən birinə çevrilibdir. Yəni, biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk. Əlbəttə, neftçilərin də burada əməyi xüsusi qiymətə layiqdir. Mən həmişə neftçilərin əməyini, onların cəsarətini qiymətləndirirəm. Onlar ağır şəraitdə çalışırlar, ölkəmizin inkişafı üçün işləyirlər. Çalışırlar ki, öz əməyi ilə ölkəmizi gücləndirsinlər.
Bugünkü hadisə də tarixi hadisədir. Biz artıq o tarixi həqiqəti, bax, burada əyani şəkildə bütün dünyaya nümayiş etdiririk. Əminəm ki, şəhərimizə gələn bütün qonaqlar çox böyük maraqla buraya gəlib, bax, bu buruğun önündə şəkil çəkdirəcəklər. Sizi təbrik edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.