İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

10 aprel 2017, 11:30
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-Bu gün biz birinci rübün yekunlarını müzakirə edəcək, növbəti aylarda görüləcək işlər haqqında danışacağıq. 

Birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır. Hələ keçən ilin sonlarında mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.

Əfsuslar olsun ki, dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ ki, çox gərgindir. Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək.

İlin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur. Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var – biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım. Eyni zamanda, Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır.

Birinci rübdə Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlarımızdır və biz Avropa İttifaqı ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq aparırıq. Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır.

Mənim rəsmi səfərlərim də olub. Pakistan İslam Respublikasına çox uğurlu səfərim olubdur. Pakistan bizim üçün çox yaxın, dost, qardaş ölkədir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb, diplomatik əlaqələri yoxdur. Biz bu mövqeyi çox yüksək qiymətləndiririk. İkitərəfli əlaqələrimizin gündəliyi genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq da müzakirə mövzusudur və yaxşı nəticələr də var. Biz son 5 il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrlik etmişik və Pakistanda bu təşkilatın zirvə görüşündə də bizim sədrliyimiz dövründə gördüyümüz işlərə yüksək qiymət verilmişdir.

Qətər Dövlətinə mənim uğurlu səfərim olubdur. Biz Körfəz ölkələri ilə çox yaxın əlaqələr qurmuşuq. Qətər bizim üçün çox yaxın, dost ölkədir. Qətərin Əmiri Azərbaycana səfər etmişdir, mən də cavab səfərim çərçivəsində çox uğurlu danışıqlar aparmışam, siyasi və iqtisadi, sərmayə qoyuluşu, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq çox geniş müzakirə edilmişdir.

İran İslam Respublikasına uğurlu səfərim də artıq ənənəvi xarakter daşıyır. Mən son bir neçə il ərzində İrana 3 dəfə rəsmi səfər etmişəm. İran Prezidenti də Azərbaycana müntəzəm olaraq rəsmi səfərlər edir. Mən son 3 il ərzində İran Prezidenti ilə 8 dəfə görüşmüşəm. İran bizim üçün dost, qardaş ölkədir, yaxın qonşudur. İranla əlaqələrimizin möhkəmləndirilməsi həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda, bölgə üçün də çox önəmlidir. Bu, bölgədə sabitliyi möhkəmləndirir və ikitərəfli formatda çox önəmli məsələlər müzakirə edildi. Yenə də bir çox sazişlər imzalandı və əvvəlki illərdə imzalanan sazişlər artıq həyatda öz əksini tapır. Əldə olunmuş bütün razılaşmalar icra edilir və həm ticarət dövriyyəsinin artırılmasında, - İranla bizim ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində artmışdır, - eyni zamanda, nəqliyyat, energetika, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq aparılır.

Yeddinci səfərim Fransaya rəsmi səfərim olmuşdur. Bu səfərin də çox böyük mənası var. Fransa dünyanın aparıcı ölkələrindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Minsk qrupunun həmsədridir. Bu səfər də çox uğurlu keçdi, Fransa-Azərbaycan dostluq əlaqələri bir daha təsdiqləndi. Mənə Fransada çox böyük hörmət göstərildi. Siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi göstərdi ki, Fransa-Azərbaycan əlaqələrinin artıq çox möhkəm dayaqları var. Bu ölkədə Azərbaycana çox böyük maraq var, orada Fransanın aparıcı biznes qurumları ilə keçirdiyim görüş, - bu görüş təqribən iki saata yaxın çəkdi, - göstərdi ki, doğrudan da, həm çox böyük maraq var, həm də bizim gördüyümüz işlərə çox yüksək qiymət verilir və Fransa şirkətləri Azərbaycanda böyük həvəslə fəaliyyət göstərirlər.

Bax, sadaladığım ancaq bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Hətta bir-biri ilə o qədər də yaxşı münasibətlər qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa gəldikdə, tərəddüdsüz və birmənalı şəkildə bu əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk. Bu, həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir.

Eyni zamanda, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər çərçivəsində çox ciddi müzakirələr aparılır və görün, bizim beynəlxalq təmaslarımız nə qədər çoxşaxəlidir.

Birinci rübdə Azərbaycanda V Qlobal Forum keçirilmişdir. Bu da artıq dünya miqyasında önəmli beynəlxalq tədbirlərin sırasına daxil edilib. Bu Forumda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak etmişlər.

Bir hadisəni də qeyd etmək istəyirəm. Bu da çox əlamətdar hadisədir. Əslində, bu hadisə bizim dünyadakı rolumuzu əks etdirir. Bu da Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşünün Bakıda keçirilməsi hadisəsidir. Hər iki ölkə Azərbaycanı birinci görüş üçün seçməklə həm bizə olan hörmətini növbəti dəfə ifadə edir, həm də bu, bizim rolumuzu əyani şəkildə sübut edir. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib. Əlbəttə ki, birinci rübdə beynəlxalq fəaliyyətimizdə bir çox digər önəmli hadisələr də baş vermişdir. Ancaq əsas məsələlər bundan ibarətdir.

Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişəki kimi, diqqət mərkəzində olmuşdur. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar.

Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz.

Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik.

Birinci rübdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni qeyd etmək istəyirəm. Birincisi, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd etmək istəyirəm. Bu “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Əslində, bu “referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər. Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular.

Digər hadisə də əlamətdardır. Çünki ilk dəfə olaraq, bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfər xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verildi və Azərbaycana gətirildi. Bu, ilk dəfə baş verən hadisədir. Bu, ədalətin bərpasıdır. Bu, beynəlxalq hüququn aliliyidir. Ekstradisiya ilə bağlı olan bütün məsələlər beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Əminəm ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə də, onun kimilərinə də dərs olub və dərs olacaq.

Bir önəmli hadisə də baş verdi. Biz Cocuq Mərcanlı kəndinin bərpasına başladıq. Hesab edirəm ki, bu da tarixi hadisədir. İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək. Cocuq Mərcanlının bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Onu da qeyd etməliyəm ki, bu il köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminəm ki, yaxın vaxtlarda öz həllini tapacaq. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Hesab edirəm ki, yaxın bir neçə aydan sonra birinci qrup köçkünlər yeni evlərə köçürüləcəkdir.

Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Biz bu potensialı yaratmışıq. 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Mən bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir.

İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.

Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. Əminəm ki, biz il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bax, bu, çox önəmli məsələdir. Çünki hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəri idi. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq bax, məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi. Biz tezliklə ciddi islahatları dəyərləndirdik, çox operativ tədbirlər gördük. İqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımlar atıldı. Biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunlar qəbul edildi. Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq.

Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artmışdır. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür. Çünki biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu. Bu barədə artıq çox danışmışıq, təkrar etmək istəmirəm. İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Ancaq birinci rübdə ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.

Bax, bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik.

Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür.

Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı da önəmli hadisə baş verib. Cənub Qaz Dəhlizinin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib. Bu layihədə iştirak edən bütün ölkələrin, Avropa Komissiyasının, Amerikanın, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri öz iştirakları ilə bir daha bu layihəyə dəstəklərini göstərmiş oldular. Məşvərət Şurasının yekunu olaraq qətnamə qəbul edildi. Bu qətnamədə yenə də ölkəmizin liderlik rolu qeyd edilir. Cənub Qaz Dəhlizinin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük. Yadımdadır, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Buna müəyyən dərəcədə nail oldular. Yadımdadır, o vaxt hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə açıldı. Bu gün də bəzi dairələr, bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək Cənub Qaz Dəhlizinin bəzi seqmentlərində işləri yubatsınlar. Ancaq bunun heç bir əsası yoxdur. Bu, sadəcə olaraq bir bəhanədir. Bütün ekoloji normalar gözlənilir, bütün məsələlər razılaşdırılıb. Tezliklə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik.

Bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var. Xüsusilə qeyd etməliyəm ki, Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək. Bilirsiniz ki, Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq icra edib.

Bir rəqəmi də diqqətə çatdırmaq istəyirəm. Bu da turizmlə bağlıdır. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir.

Növbəti amil mənim göstərişimlə “ASAN viza” sisteminin yaradılmasıdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır. Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi? Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi.

Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakı necə idi? Bu, artıq yaddan çıxır. Qaranlıq küçələr, bulvar nə gündə idi. Adam qorxurdu bulvara getməyə. Heç kim bulvara çıxıb orada ailəsi ilə gəzmirdi. Dağılmış binalar, daxmalar, dar yollar - bu idi əvvəlki Bakı. İndi Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edildi. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərinin birinə çevrildi. Bakı Bulvarının uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırıldı, söküntü işləri aparıldı, yeni yollar açıldı, yeni parklar salındı. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin.

Biz gələn ay İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bütün hazırlıq işləri yekunlaşır. Bu da böyük bir idman bayramı olacaq. Mən artıq təntənəli mərasimdə qeyd etdim ki, bu, təkcə idman Oyunları deyil, həm də birlik Oyunlarıdır. Biz bu istiqamətdə də səylərimizlə müsəlman ölkələri arasındakı birliyi möhkəmləndirəcəyik.

İndi də keçək müzakirələrə.

X X X

Müdafiə sənayesi naziri Yavər CAMALOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi 25 il ərzində böyük inkişaf yolu keçib. Möhtərəm Prezident, Sizin tərəfinizdən yürüdülən qətiyyətli daxili və xarici siyasət nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar qazanılıb.

Cənab Prezident, Sizin Bakıda, eləcə də ölkə xaricində keçirilən forum, konfrans və sammitlərdə etdiyiniz dərin məzmunlu çıxışlarınız və qəbul etdiyiniz qərarlar Azərbaycanın beynəlxalq arenada nüfuzlu söz sahibi olduğunu bir daha təsdiq edir. Belə ki, Sizin düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi bu gün bir çox dövlətlərdə nümunə kimi qəbul edilib və bu sahədə qazanılmış təcrübə öyrənilməkdədir.

Bütün bunlar bu günlərdə Saatlıda keçirilmiş müşavirədə söylədiyiniz “Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır” fikrinizi bir daha təsdiq edir.

Təbii ki, belə qurumun yaradılması müharibə şəraitində olan ölkəmizin Milli Ordusunun təminatını daha da gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, bunun əyani sübutu olaraq bir il öncə aprel döyüşləri zamanı təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edildi.

Bildiyiniz kimi, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Belə ki, Sizin tapşırığınızla Milli Ordumuzu daha müasir silahlar və texnikalarla təmin etmək məqsədilə qısa müddət ərzində yaradılmış yeni nəsil “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib. Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarışçilərə təhvil verilib.

Cənab Prezident, Sizin digər tapşırığınıza əsasən hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb. Eləcə də ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində Sizə göstərilən “Tufan” milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Onu da qeyd edim ki, zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.

Sizin verdiyiniz tapşırığa uyğun olaraq, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.

Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq.

Ümumilikdə, 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

Möhtərəm Prezident, 2017-ci ildə əsas diqqət keçid layihələri üzrə işlərin davam etdirilməsinə yönəldiləcək. İstismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq.

Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək.

2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur. Artıq müqavilələr bağlanıb və məmulatların istehsalı üzrə işlər həyata keçirilir. Onu da qeyd etməliyəm ki, hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur və sifarişlər artdıqca bu sahədə işləri daha da təkmilləşdirəcəyik.

Silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanının, 7,62x39 və 5,56x45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Birinci rübdə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 88,3 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Cənab Prezident, Sizin göstərişinizlə mütəmadi olaraq həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilmiş beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib. Cari il mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü “İDEF-2017” Beynəlxalq sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 260 adda məmulat nümayiş etdiriləcək. Adıçəkilən sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim ediləcək. Sərgi müddətində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalanması gözlənilir. Sərginin keçiriləcəyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunması, eləcə də məmulatların ixracı üzrə memorandum və niyyət protokollarının imzalanması nəzərdə tutulur.

Cənab Prezident, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər aparılır. Bu məqsədlə məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. İxrac edilən məmulatlardan bütün növ döyüş sursatlarını, müasir atıcı və artilleriya silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikaları və s. göstərmək olar.

Bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək.

Bir məsələni də vurğulamaq yerinə düşərdi. Bu gün nazirliyin müəssisələrində ixtisaslı işçi qüvvəsi formalaşıb, eyni zamanda, böyük təcrübəyə malik mütəxəssislər toplanıb. Onların bilik və bacarığı sayəsində mürəkkəb istehsal prosesləri keçməklə, məmulatlar hazır vəziyyətə gətirilir. Bunun nəticəsidir ki, artıq ixrac üçün sifarişlər yalnız məhsulun deyil, həm də müəssisələrimizdə mövcud olan müasir texnologiyaların ötürülməsini də əhatə edir.

Möhtərəm Prezident, ötən il Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Sizin verdiyiniz tapşırıqların və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası olaraq nazirliyinin kollektivi məqsədyönlü işləri davam etdirir. Belə ki, məhsul istehsalında istifadə olunan xammal və materiallarda idxal həcminin azaldılması məqsədilə müəssisələrdə fəaliyyət göstərən metaləritmə sahələrinin gücündən səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqini genişləndirməklə məmulatların materialtutumu həcminin azaldılması və s. tədbirlər həyata keçirilir.

Sizin tapşırığınıza əsasən idxalın yerli istehsalla əvəzlənməsi məqsədilə regionlarda suya olan tələbatı ödəmək üçün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin sifarişləri əsasında Gəncə Maşınqayırma Zavodunda illik istehsal gücü 3 min ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının istehsalı sahəsi yaradılıb və məmulatların istehsal edilərək sifarişçilərə təhvil verilməsi təmin edilir.

Cənab Prezident, çıxışımın sonunda Sizi əmin edirəm ki, Sizin tapşırığınızla yaradılan yeni nəsil döyüş silahları Ermənistan ordusunu iflic etməklə yanaşı, işğal olunmuş ərazilərimizin Sizin rəhbərliyinizlə qısa müddət ərzində azad edilməsində mühüm rol oynayacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid QURBANOV çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Dünyada davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq, Zati-aliləri, Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadiyyatının bütün aparıcı sahələrində, xüsusilə də qeyri-neft sektorunda köklü dəyişikliklər baş verir. Azərbaycan iqtisadiyyatının vacib sahələrindən olan nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində davamlı və məqsədyönlü iş aparılır. Ölkənin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu nəqliyyatı da demək olar ki, yenidən qurulur.

Zati-aliləri, Sizin Azərbaycan Dəmir Yollarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 2015-ci il 18 sentyabr tarixli Sərəncamınız Azərbaycan Dəmir Yollarının daha operativ və çevik fəaliyyət göstərməsini təmin edib.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində son iki ildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu müddət ərzində ümumilikdə 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi işləri aparılır. Hazırda Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu Ticarətinin Dəstəklənməsi Layihəsi” çərçivəsində bütövlükdə Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Sizin iştirakınız və xeyir-duanızla 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Ötən 19 ay ərzində bu qatardan artıq 1 milyon 375 min vətəndaşımız istifadə edib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulmuş Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri, ümumilikdə, 200 min kvadratmetr sahəni əhatə edir. İşlər 1883-cü ildə inşa olunmuş və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş vağzal–mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanması ilə həyata keçirilib. 1926-cı ildə tikilmiş vağzal binasının dəmir yolu muzeyinə çevrilməsi məqsədilə lazımi yenidənqurma işlərinə başlanacaq.

Sizin verdiyiniz tapşırığa əsasən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlayıb. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadaladığımız ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir.

Cənab Prezident, Sizin dəstəyinizlə Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.

Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə Sizin 2015-ci il dekabrın 7-də imzaladığınız “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncamdan və 2016-cı il fevralın 23-də İran İslam Respublikasına səfəriniz zamanı müvafiq müqavilələrin imzalanmasından sonra başlanılıb. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, 2017-ci il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə Sizin tərəfinizdən qarşımıza qoyulan məqsədə - sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini saatda 60 kilometrə çatdırılmasını mümkün edəcək.

Möhtərəm cənab Prezident.

Sizin verdiyiniz tapşırığa əsasən, Azərbaycan dəmir yollarında hərəkət heyətinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda davam etdirilməkdədir. Vaqon parkının yenilənməsi məqsədilə 3101 ədəd yeni yük vaqonları alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 ədəd yeni teplovoz və 4 ədəd yeni elektrovoz, Gürcüstanda əsaslı təmir keçmiş 3 ədəd elektrovoz, 5 ədəd teplovoz alınaraq istifadəyə verilib, tərəfimizdən təmir edilmiş 5 ədəd lokomotiv də istismara buraxılıb. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozların alınmasına dair müqavilə imzalanıb və həmin elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Sizin Fransaya səfəriniz çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb.

İslahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılır.

Dünya iqtisadi böhranı və region ölkələri iqtisadiyyatlarının əsas lokomotivi olan karbohidrat resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi həmin ölkələrin yük daşıma fəaliyyətində də ciddi geriləmə yaradıb. Ancaq 2015-ci oktyabrın 21-də Sizin tərəfinizdən verilən Sərəncam əsasında ölkəmizdə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması bu sahədə köklü dəyişikliklərə səbəb olub. Yükdaşıyıcılara vahid tariflər təqdim edilib, bu sahədə ciddi şəffaflıq və açıq rəqabətlilik mühiti yaranıbdır.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən, respublikanın tranzit potensialının artırılması məqsədi ilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib. Bundan başqa, Hindistandan Rusiyaya test olaraq konteynerlər nəql edilib və Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə ardıcıl iş aparılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat Marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün davamlı iş aparılır.

Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı il ərzində Azərbaycan Respublikası dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. 2017-ci ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu tendensiya ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan son islahatların bariz nümunəsidir.

Ali diqqətinizə çatdırmaq istəyirəm ki, dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlərin icrası davam etdirilir. Azərbaycan Dəmir Yollarında maliyyə hesabatlılığı sistemində səmərəliliyə və şəffaflığa nail olunması məqsədi ilə onun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına uyğun qurulması və sənəd dövriyyəsinin tam elektronlaşdırılması işlərinə başlanılıb. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində “Döyçe Bahn” və “KPMG” şirkətləri tərəfindən Azərbaycan Dəmir Yollarının 5 illik biznes planı və aktivlərinin vahid idarə olunması layihəsi hazırlanır.

Yük daşımalarında sifarişlərin onlayn şəkildə verilməsi və tariflərin onlayn hesablanması xidməti istifadəyə verilib. Eyni zamanda, sərnişinlərin məmnunluğunu təmin etmək məqsədi ilə biletlərin onlayn satışına başlanılıb.

Zati-aliləri, Sizin ölkədə yürütdüyünüz müdrik sosial siyasət dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan 200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Hazırda Azərbaycan Dəmir Yollarında 22063 işçi çalışır ki, onların da orta aylıq əməkhaqqı 30 faiz artırılıb. Son dövr ərzində isə 2000 yeni iş yeri yaradılıb. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarının inzibati binası əsaslı təmir edilərək istismara verilib. Sizin təşəbbüsünüzlə formalaşdırılmış və dünya səviyyəsində tanınmış Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan, Sizin də açılış mərasimində iştirak etdiyiniz, “ASAN qatar” istifadəyə verilib və qısa müddət ərzində regionlarda 10 minə yaxın vətəndaşa xidmət göstərilib.

Zati-aliləri, Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində Sizin təşəbbüsünüz və dəstəyinizlə həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Sizin tapşırığınıza uyğun olaraq, dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

Bütün bunlar, cənab Prezident Sizin, Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmanızın bəhrəsidir. Sizin rəhbərliyiniz altında həyata keçirilən məqsədyönlü siyasətin və dəmir yollarında son dövrdə başlamış islahatlar nəticəsində Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf VƏLİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikası iqtisadiyyatının bütün sahələri kimi, gəmiçilik sahəsini də hərtərəfli şəkildə özündə əhatə edir. Gələn il 160 illik yubileyini qeyd edəcəyimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tarixində Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illər donanmanın zənginləşməsi və sürətli inkişafı dövrü hesab edilir. Məhz həmin dövrdə Gəmiçiliyin donanması üçün dünyanın ayrı-ayrı ölkələrində inşa olunmuş 450-yə yaxın müxtəlif təyinatlı gəmi alınıb.

Cənab Prezident, Sizin ölkəmizin nəqliyyat sektoruna, Azərbaycanda gəmiçiliyin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğını biz dənizçilər daim hiss edirik. Sizin 2013-cü il 22 oktyabr tarixli Sərəncamınıza əsasən yenidən təşkil edilmiş və balansında 300-ə yaxın müxtəlif təyinatlı gəmi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti donanmasının tərkibinə və göstərdiyi xidmətlərin müxtəlifliyinə görə dünyanda ən nadir gəmiçiliklərdən biri sayılır.

Yeni iqtisadi konyunkturada müasir çağırışlara cavab vermək imkanına malik olan və səmərəli fəaliyyət göstərən yüksək rentabelli kommersiya qurumunun yaradılması barədə Sizin tapşırıqlarınızı rəhbər tutaraq, Gəmiçiliyin inkişaf hədəfləri müəyyənləşdirilib, bu hədəflərə çatmaq üçün Strateji İnkişaf Proqramı hazırlanıb və fəaliyyətimiz bu Proqrama, eyni zamanda, Sizin 2016-cı il 7 noyabr tarixli Sərəncamınızla təsdiq edilmiş “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun surətdə təşkil olunub.

Gəmiçiliyin beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və “Davamlı İnkişaf Haqqında Hesabat”ı beynəlxalq audit şirkəti Ernst&Young tərəfindən hər il audit olunur, şəffaflıq və açıqlıq prinsiplərinə uyğun surətdə Gəmiçiliyin rəsmi internet səhifəsində yerləşdirilir və aidiyyəti maraqlı tərəflərə təqdim edilir. 2016-cı ildə tanınmış “Fitch Ratings” şirkəti tərəfindən Gəmiçiliyin biznes modeli təhlil edilib, onun dayanıqlı olduğu müəyyənləşdirilərək, tarixində ilk dəfə Gəmiçiliyə kredit reytinqi verilib.

Səhmdar cəmiyyət yaradıldığı ilk gündən tətbiq edilən korporativ idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi məqsədilə “Ernst&Young” şirkətinin bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən təhlil aparılıb, nəticədə “Yol Xəritəsi” hazırlanıb və 2016-cı ildə bu “Yol Xəritəsi” üzrə layihələrin böyük qismi artıq tamamlanıb. O cümlədən, fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sistemi hazırlanıb və 2017-ci il yanvarın 1-dən Gəmiçilikdə tətbiq edilib. Bundan əlavə, 2015-ci ildə Amerika Gəmiçilik Bürosu tərəfindən Xəzər Dəniz Gəmiçiliyində tətbiq edilən Gəmiçiliyin Təhlükəsiz İdarəetmə Sistemi audit olunub və Gəmiçiliyə 5 illik uyğunluq sertifikatı təqdim edilib.

Möhtərəm cənab Prezident, Sizin gəmiçilik sahəsinə xüsusi qayğı və diqqətinizin nəticəsidir ki, son üç il ərzində Gəmiçiliyin donanmasına 15 gəmi alınaraq istismara verilib. Bu işlərə Gəmiçiliyin daxili imkanları hesabına 139 milyon ABŞ dolları investisiya yatırılıb.

Gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar verdiyiniz tapşırıqlara uyğun olaraq, 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdən kənar beynəlxalq sularda fəaliyyətini bərpa edib. Hazırda Xəzərdən kənarda Azərbaycan bayrağı altında 10 gəmi fəaliyyət göstərir. Onu da deyim ki, 2016-cı ildə Gəmiçiliyin quru yük daşımalarının 34 faizini Xəzərdə, 66 faizini isə Xəzərdən kənar beynəlxalq sularda daşımalar təşkil edib. Bu da xaricdən ölkəyə əlavə valyutanın gətirilməsinə imkan verir.

Cənab Prezident, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə əlaqədar Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün donanmamızın davamlı olaraq yenilənməsi çox vacibdir. Bu baxımdan, 2010-cu ildə təməlqoyma mərasimində, 2013-cü ildə açılışında şəxsən iştirak etdiyiniz Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib. Bundan əlavə, Sizin tapşırığınıza uyğun olaraq, Qazaxıstanın və digər Xəzəryanı ölkələrin aidiyyəti qurumları tərəfindən Bakı gəmiqayırma zavodunda gəmi tikintisi sifarişlərinin yerləşdirilməsi, eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə sifarişlərin yerləşdirilməsi istiqamətində iş aparılır.

Hazırda Bakı gəmiqayırma zavodunda təkcə Xəzərdə deyil, dünya miqyasında təyinatına görə nadir gəmi sayılan və Sizin tərəfinizdən “Xankəndi” adı verilən gəmi inşa edilir. Cari ilin ortalarında istifadəyə verilməsi planlaşdırılan bu çoxtəyinatlı sualtı tikinti gəmisi Xəzərdə müxtəlif mürəkkəb layihələrin, o cümlədən “Şahdəniz” layihəsinin yerinə yetirilməsində mühüm rol oynayacaq.

Gəmiçiliyin əsas fəaliyyəti liman infrastrukturu ilə sıx əlaqəli olduğundan, Xəzərdə ən böyük və müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və orada azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

2015-ci ilin sonunda yaranmış vəziyyətlə əlaqədar, Sizin tapşırığınıza uyğun olaraq, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası və aidiyyəti qurumlar, eləcə də Gəmiçilik tərəfindən Türkiyəyə məxsus TIR-ların Xəzər üzərindən daşınması üçün əlverişli şərait yaradılıb. Hazırda, alternativ Şimal marşrutunda qoyulan məhdudiyyətlərin getdikcə aradan qalxmasına baxmayaraq, onlar yenə də Xəzər üzərindən olan marşrutdan istifadə etməyə davam edirlər. Bu, Azərbaycan üzərindən keçən marşrutun tranzit cəlbediciliyinə, onun etibarlı, risksiz və stabil marşrut olmasına bariz nümunədir.

Dünyada davam edən iqtisadi böhran, o cümlədən ümumi ticarət dövriyyəsinin kəskin azalması ilə əlaqədar gəmiçilik sahəsində yaranan ciddi problemlərə baxmayaraq, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan üzərindən tranzit yükdaşımalarda, eləcə də Gəmiçiliyin fəaliyyətində müsbət nəticələr əldə olunub. Belə ki, son üç il ərzində Gəmiçiliyin gəlirləri, xalis mənfəəti, dövlət büdcəsinə müxtəlif formada ödənişlər davamlı olaraq ilbəil artım dinamikası ilə inkişaf edir. Gəmiçiliyin 2016-cı il üçün mənfəəti 2015-ci il ilə müqayisədə iki dəfə artıb. Təkcə 2016-cı il ərzində Gəmiçiliyin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri, ümumilikdə, 100 milyon manata yaxın məbləğ təşkil edib.

Hazırda Gəmiçiliyin dövlət zəmanəti ilə xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur. Növbəti 5 il ərzində mövcud kreditlər və onların faizləri üzrə öhdəliklər Gəmiçiliyin illik gəlirinin yalnız 1,5 faizini təşkil edir.

Yükdaşıma göstəricilərinə gəldikdə, Gəmiçiliyin ayrı-ayrı yükdaşıma növlərində artım müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə Gəmiçilik tərəfindən daşınan vaqonların miqdarında 18 faiz, avtotexnikanın sayında ümumilikdə 2,8 dəfə, o cümlədən Qazaxıstan istiqamətində isə 8 dəfəyə yaxın artım qeydə alınıb.

2017-ci ilin birinci rübündə də eyni artım tendensiyası müşahidə edilib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə tankerlərlə 70 faizdən, quru yük gəmiləri ilə isə 8 faizdən çox yük daşınıb. Eyni zamanda daşınan vaqonların miqdarında 35 faiz, avtotexnikanın sayında isə 44 faiz artım olub.

Gəmiçiliyin dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilmiş və 2010-cu ildə istifadəyə verilmiş “Zığ quru yük limanı”ndan 2016-cı ildə 100 min tona yaxın quru yük, o cümlədən 3 min ədəd TIR, 2017-ci ilin birinci rübündə isə 49 min ton quru yük, o cümlədən 1600 ədəd TIR daşınıb.

Möhtərəm cənab Prezident.

Hazırda qlobal səviyyədə, o cümlədən Xəzərdə tranzit yüklər üstündə kəskin mübarizə gedən bir dövrdə Gəmiçilik öz fəaliyyətini Sizin tapşırıqlarınıza uyğun olaraq, ölkəmizin yükdaşımalarda iştirak edən bütün aidiyyəti qurumları ilə birgə Azərbaycanın regionda müasir nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində aparılan dövlət siyasətinə uyğun qurur.

Sonda fürsətdən istifadə edərək, gəmiçilik sahəsinə göstərdiyiniz davamlı qayğı və diqqətə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin çoxminli kollektivi adından Sizə təşəkkürümü bildirir və bir daha bütün dənizçilər adından Sizi əmin edirik ki, bundan sonra da qarşımızda qoyduğunuz tapşırıqları yerinə yetirmək üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik. Diqqətinizə görə minnətdaram.

X X X

Dövlətimizin başçısı iclasda yekun nitq söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

-Beləliklə, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var. Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. 

Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır.

Dövlət büdcəsinin icrası da uğurla gedir. Həm gömrük, həm vergi orqanları rüblük planı artıqlaması ilə yerinə yetiriblər. Bu, yaxşı haldır. Eyni zamanda, büdcə xərcləri də 100 faiz icra edilməlidir. Çünki əvvəlki illərdə bəzi hallarda investisiya xərclərində nəzərdə tutulan vəsaitdən tam istifadə edilmirdi. Bu il isə həm qəbul edilmiş pul proqramı, eyni zamanda, xərclərlə gəlirlər arasındakı tarazlıq tam təmin edilməlidir. Builki investisiya proqramı kifayət qədər təsirli olmalıdır. Bu gün ölkə üçün ən lazımlı layihələrə kifayət qədər vəsait ayrılır və birinci rübdə işlər yaxşı gedir. Gərək investisiya proqramı tam şəkildə icra edilsin.

Mən qeyd etmişəm ki, bizim maliyyə vəziyyətimiz yaxşıdır. Biz bu il valyuta ehtiyatlarımızı üç ay ərzində 1 milyard dollar səviyyəsində artırmışıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, bu, dünya miqyasında çox nadir hallarda rast gəlinən bir mənzərədir. Bu baxımdan Azərbaycan əlbəttə ki, fərqlənir. Bir çox inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsuldan çoxdur. Valyuta ehtiyatları xarici borcun heç 20 faizini ödəyə bilmir. Ancaq bizdə xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, çox aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə xarici borcdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, müxtəlif reytinq agentlikləri, bax, bu amilləri nəzərə almalıdır. Eyni zamanda, giriş sözümdə qeyd etdiyim kimi, ilin birinci rübünün iqtisadi göstəriciləri də ən gözəl nəticələrdən biridir.

Bu il inşaat sektorunda canlanma müşahidə olunur. Bu da təbiidir. Çünki keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar artıq özünü büruzə verir. Mənə verilən məlumata görə, hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Bu da özlüyündə gözəl bir göstəricidir. Burada minlərlə yeni iş yeri yaradılır. Keçən il biz daha çox inşaat sektorunda iş yerlərini itirdik. Bu il bu, bərpa edilir. Həm qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması yeni bir vəziyyətə gətirib çıxarır. Keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin təməl daşı qoyuldu, inşaat işləri gedir. İndi ikinci layihənin icrası gözlənilir. “Ağ Şəhər” layihəsinin birinci mərhələsi başa çatıb. Hələ növbəti beş il ərzində onlarla bina tikiləcəkdir. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binalar sahibkarlar tərəfindən sökülür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində artıq hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikilir.

Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilmişdir. Yeni tikilmiş o binanın açılışında mən şəxsən iştirak etmişdim. Gördüm ki, vətəndaşlar da buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə köçürülür, onların qəzalı binalardan canı qurtarır. Eyni zamanda, mən xüsusi tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Əlbəttə ki, vətəndaşlar buna çox sevinirlər. Bu, sahibkarlar üçün də əlverişlidir. Çünki onlar üç-dörd mərtəbəli binanın yerinə hündürmərtəbəli bina tikirlər. Onlar da gəlir götürürlər, inşaat sektoru da inkişaf edir, inşaat materiallarının istehsalı artır, iş yerləri yaradılır. Yəni, bu proses artıq geniş vüsət almışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində bu yolla həyata keçirilən layihələrin sayı artıq 75-ə çatıb. Bu proses davam edir. Mən yerli icra orqanlarına, sahibkarlara bir daha müraciət edirəm ki, onlar bu işi düzgün təşkil etsinlər. Sahibkarlar təşəbbüs göstərsinlər, yerli icra orqanları isə öz növbəsində onlara şərait yaratsınlar, kömək etsinlər. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik. Qeyd etdim ki, iş yerləri açılacaq, inşaat sektoru inkişaf edəcək, insanların təhlükəsizliyi, rifahı və şəhərimizin abadlaşması təmin olunacaq.

Növbəti önəmli layihə mikrorayonlarla bağlıdır. Artıq birinci mikrorayonla bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə icra ediləcək. Orada köhnəlmiş binaların yerində yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəkdir. Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən, xüsusilə sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olacaqdır. Bu da Bakının uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcək. Bu yolla biz gələn üç-dörd il ərzində uşaq bağçası problemini həll edəcəyik. Çünki indi buna daha böyük tələbat var, həm əhalinin, həm də uşaqların sayı artır. Eyni zamanda, iş yerləri yaradılır. İndi bir çox hallarda ailədə hər iki valideyn işlə təmin edilir. Ona görə, bizdə uşaq bağçalarına çox böyük ehtiyac olacaqdır. Uşaq bağçasının tikintisi üçün xüsusi yer də ayrılmalıdır. Amma ən yaxşı variant odur ki, yeni tikilmiş binalarda mütləq uşaq bağçası olsun. Tikintiyə icazə verənlər də, yerli icra orqanları da sahibkarlara mütləq bax, bu tövsiyəni versinlər.

Sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. Qeyd etdiyim kimi, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. İndi rayonlarda sənaye zonaları yaradılır. Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni, bu proses artıq gedir. Bir neçə il bundan əvvəl mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır.

Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə, həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaqdır.

Kənd təsərrüfatı sahəsində görüləcək işlər haqqında bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarının müzakirəsi zamanı mən kifayət qədər geniş danışdım. Bütün tapşırıqlar, göstərişlər verildi. Onları təkrar etmək istəmirəm. Sadəcə, bir neçə məqamı qeyd etmək istəyirəm. Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Bu istiqamətlərdə işlər gedir, göstərişlər verilibdir. Torpaqların müasir üsullarla dəqiq təhlili aparılmalıdır. Torpaqların keyfiyyəti haqqında bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni, bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır. Mən artıq müvafiq göstərişlər vermişəm, biz buna baxmalıyıq. İndi subsidiyaların verilmə prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki, biz gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə hansı məhsulun yetişdirilməsinə nə qədər subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə ilə istifadə edək.

Bu il kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu il artıq bu, təmin edilməlidir. Gələn il isə azot gübrəsi zavodu istifadəyə verilməlidir. Biz bunu təxminən bir ildən sonra gözləyirik. Beləliklə, biz azot gübrələri ilə özümüzü nəinki təmin edəcəyik və ixrac imkanlarımız da yaranacaqdır.

Bütövlükdə özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Hər il regionların sosial-iqtisadi inkişafına dair konfransda mən bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır.

Digər önəmli məsələlərdən biri qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə bağlıdır. Bu da indi uğurla inkişaf edən bir istiqamətdir. Həm islahatlar aparıldı, həm institusional tədbirlər görüldü, “Azexport” portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz “Made in Azerbaijan” brendini tanıtdıraq.

Mən giriş sözümdə qeyd etdim ki, qeyri-neft sektorunun ixracı təxminən 10 faiz artmışdır, amma potensial daha da böyükdür. Ona görə, biz yeni ixrac bazarlarına çıxışı təmin etməliyik. Ənənəvi olan ixrac bazarlarına daha geniş çeşiddə məhsulla çıxmalıyıq. Eyni zamanda, yeni ixrac bazarlarını axtarmalıyıq. Logistika mərkəzləri yaradılmalıdır. İndi Qazaxıstanın Aktau vilayətində Azərbaycan Logistika Mərkəzi yaradılıb. Görürük ki, bunun böyük faydası var. Bir sözlə, bu, həm daxili istehsalı, eyni zamanda, valyuta gəlirlərimizi artırmaq üçün böyük əhəmiyyət daşıyan sahədir.

Təbii ki, həmişə olduğu kimi, il ərzində infrastruktur layihələrinə, onların icrasına diqqət yetiriləcəkdir. Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir, yeni yarımstansiyalar tikilir, xüsusilə buna ehtiyac olan bölgələrdə. Bu layihələr kənd təsərrüfatının inkişafı ilə paralel şəkildə aparılmalıdır ki, həm əhaliyə, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərsin.

Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizdir. Bu il daha da artacaq. İçməli su layihələri nəzərdə tutulan investisiya həcmində tam icra edilməlidir. Eyni zamanda, bu il biz kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra edəcəyik. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Müvafiq Sərəncam imzalanmışdır. Bütün kəndlərin adları bu Sərəncamda göstərilmişdir. Mən xüsusilə belə tapşırıq verdim ki, həm o kəndlərin sakinləri, həm bu işi icra edənlər bilsinlər, bu məsələ nəzarət altındadır. Əgər sadəcə o Sərəncamda yazılsaydı ki, 100 və ya 200 kəndin su problemi həll edilsin, buna filan qədər vəsait ayrılsın, sonra ona nəzarət etmək çox çətin olacaqdı: 100 kəndəmi, yoxsa 50 kəndə su verildi? Sərəncamda bütün o rayonların, kəndlərin adı göstərilib və mən o kəndlərin sakinlərindən xahiş edirəm ki, onlar da nəzarət etsinlər. Götürsünlər o Sərəncamı baxsınlar. Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər. Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun. Bax, bu məlumatı biz veririk, 270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır, vəsait ayrılıb və nəzarət də olmalıdır.

Kənd yolları layihələri icra edilir. Bu il yüzlərlə kəndi birləşdirən layihələr icra ediləcək. Bakı şəhərində yeni yollar salınır, “Sovetski” adlanan ərazidə böyük yol infrastrukturu yaradılır, yaxın gələcəkdə istifadəyə veriləcək və ümumiyyətlə, şəhərimizin bu hissəsi gözəl bir məkana çevriləcəkdir. İndi işlər gedir, ilk növbədə, yollar çəkilir. Bu yollar əvvəlki yollardan öz gözəlliyi ilə fərqlənəcək. Əgər əvvəlki yolların eni 3-5 metr idisə, indi salınan yolların eni 15-20 metrdir. Yəni, bu, gələcəyə hesablanan və Bakıda nəqliyyatın hərəkətini böyük dərəcədə yüngülləşdirən bir layihədir. Bu yolun qurulması ilə paralel olaraq, bütün o zonada yaşıllıqlar, parklar salınacaq və şəhər sakinləri üçün yeni gözəl istirahət məkanı yaradılacaq. Onilliklər ərzində o zonada layihəni icra etmək mümkün olmamışdır və biz artıq buna nail olduq. Əminəm ki, sakinlər də razı olmalıdırlar. Göstəriş vermişdim ki, kompensasiya tam ödənilsin. Əlbəttə ki, parklarda istirahət edəcək, o yollardan istifadə edəcək vətəndaşlar da razı qalacaqlar.

Bakı şəhərində digər yollar salınır. Göstəriş vermişəm ki, harada mümkündür, necə deyərlər, yeni, damarlar açmalıyıq. Onlardan biri Yusif Səfərov küçəsinə paralel olaraq indi tikilən küçədir. O küçə də şəhər nəqliyyatının bir hissəsini özünə cəlb edəcək. Onun böyük mənası var. Bilgəh-Sumqayıt yolunun tikintisi, genişləndirilməsi işləri gedir. Bu da Sumqayıtı alternativ yolla Bakı ilə, xüsusilə Bakıətrafı qəsəbələri ilə, Beynəlxalq Aeroportla birləşdirəcək. Ən yüksək standartlara səviyyəsində salınan yol bu il istifadəyə verilməlidir.

Sosial infrastruktur layihələri icra edilir. Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır. Bakı şəhərində məktəblərin böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər də öz həllini tapır.

Birinci rübdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il iki Olimpiya kompleksi - Abşeron və Ağcabədi Olimpiya kompleksləri istifadəyə verilməlidir. Sosial proqramlardan biri də əhalinin tibbi müayinədənkeçmə layihəsidir. Builki layihə gələn ay başa çatacaq. Beş milyon insan tibbi müayinədən pulsuz keçəcək. Əgər əvvəlki illərdə daha çox təbliğat işi aparılırdı ki, insanlar getsinlər, bu müayinədən keçsinlər, indi biz görürük, buna ehtiyac yoxdur. İndi vətəndaşlar da görürlər, bilirlər ki, bu, onlar üçün, onların sağlamlığı üçün lazımdır. Biz son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaratdıq, ən müasir laboratoriyalar var. Burada ən müasir avadanlıq quraşdırılıb və indi istənilən analizi, müayinəni hətta kiçik rayonlarda da aparmaq mümkündür.

Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür.

Bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 milyon manat məbləğində güzəştli kreditlər veriləcəkdir. Eyni zamanda, qeyd etməliyəm, son illər ərzində yenə də bizim siyasətimizə uyğun olan bir proses ondan ibarətdir ki, Azərbaycanda 32 iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatlarının əkin sahəsi 44 min hektardır. Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 milyard manat dəyərindədir. Bu 33 aqropark və bundan əvvəl yaradılmış 32 iri fermer təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək. Xüsusilə nəzərə alsaq ki, bu aqroparklar və təsərrüfatlar müasir texnologiyalar əsasında qurulur.

Biz xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparmalıyıq - həm dövlət orqanları, həm də yerli icra orqanları. Yerli icra hakimiyyətləri də sərmayə cəlb etməlidirlər. Onlar həm yerli, həm xarici iş adamlarını maraqlandırmalıdırlar ki, gəlib investisiya qoysunlar. Yerlərdən təşəbbüs daha da geniş vüsət almalıdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim büdcə təşkilatlarımız istifadə etdikləri elektrik enerjisinin dəyərini yüz faiz ödəməlidirlər.

Bu il iki “ASAN xidmət” mərkəzi açılmalıdır - Quba və Mingəçevir şəhərlərində. İlin sonuna qədər bu, təmin edilməlidir. Vəsait nəzərdə tutulub və iki mərkəzin tikintisi aparılır - İmişli və Şəki şəhərlərində. Beləliklə, bu iki mərkəz də gələn il istifadəyə verilməlidir.

Qarşımızda duran əsas məsələlər bundan ibarətdir. Yenə də deyirəm, ilin birinci rübü ümidvericidir, bir daha onu göstərir ki, həm proqnozlarımız yerinə yetirilir, həm siyasətimiz uğurludur. Elə etməliyik ki, cari ilin sonuna qədər bu müsbət dinamikanı saxlayaq, ölkəmizi daha da gücləndirək. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10