İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında iştirak edib

16 mart 2017, 10:15
İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında iştirak edib

Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak ediblər.

Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirərək dedi:

-Zati-aliləri, xanımlar və cənablar. Bakıya xoş gəlmisiniz. Mənim adım İsmayıl Serageldindir. Mən Zati-aliləri Prezident İlham Əliyevin rəhbərliyi ilə, bizə onun verdiyi ilham mənbəyi, dəstəyi və baxışının bir təcəssümü olaraq keçirilən bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədriyəm. İşimizə başlamaq üçün bizə Prezident İlham Əliyevin nitqini dinləmək şərəfi nəsib olmuşdur. Cənab Prezident, buyurun.

Dövlətimizin başçısı V Qlobal Bakı Forumunun açılışında nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

Xanımlar və cənablar.

Hörmətli dostlar.

Əvvəlcə, bu gün bizimlə birlikdə olduqlarına görə Forumun bütün iştirakçılarına təşəkkürümü bildirmək istəyirəm. Beşinci Bakı Beynəlxalq Forumu artıq ənənəvi foruma çevrilmişdir. Artıq beşinci dəfədir ki, biz bu mühüm beynəlxalq tədbiri təşkil edirik. Eyni zamanda, mən fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun idarə heyəti və həmsədrlərinə - xanım Freyberqaya və cənab Serageldinə minnətdarlığımı ifadə edirəm. Onların əhəmiyyətli fəaliyyəti və verdikləri töhfə nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal beynəlxalq təsisata çevrilmişdir. O, olduqca fəal və səmərəli fəaliyyət göstərir və bugünkü Forum həmin fəaliyyətin bir istiqamətidir.

Mən burada 50-dən artıq ölkəni təmsil edən iştirakçıları salamlayıram. Ümumi qonaqlarımızın sayı isə 260 nəfərdir. Hər bir beynəlxalq forumun əhəmiyyəti və gələcəkdə qərarların qəbul edilməsi prosesinə təsiri müzakirə olunan mövzularından, daha çox isə kimlərin iştirak etməsindən asılıdır. Burada iştirakçılar arasında 40-dan çox fəaliyyətdə olan və sabiq prezident, baş nazir və parlament sədrləri var.

Bu, bizim toplantının yüksək səviyyəsini və bu günlərdə Bakıda keçirilən bu tədbirdə maraqlı müzakirələr aparılmasını və dəyərli fikirlərin səslənməsini əvvəlcədən müəyyən edir.

Azərbaycan artıq bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan müstəqil ölkə olaraq nisbətən gənc dövlətdir. Biz ötən il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik. Bizim beynəlxalq və regional fəaliyyətimiz, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğumuz müxtəlif layihələr ölkəmizin dünyaya təqdim edilməsi üsullarından biridir. Əlbəttə, Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlər də həmin fəaliyyətimizin bir hissəsidir.

Təəssüf ki, Bakıda sonuncu görüşümüzdən bəri dünya heç də daha təhlükəsiz olmayıb. Hələ də regionumuzda həll olunmamış münaqişə, qarşıdurma və müharibələr var. Bu isə olduqca təhlükəli tendensiyadır.

Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib. Lakin biz adada yaşamırıq və sərhədlərimizdən kənarda, bilavasitə qonşuluğumuzda mövcud olan vəziyyət bizdə narahatlıq doğurur.

Qeyd etdiyim kimi, biz hələ də çox ciddi çağırışlar, müharibə, münaqişə və miqrant böhranı ilə üzləşirik. Bu, böyük bir humanitar fəlakətdir. Eyni zamanda, miqrant böhranı, mən deyərdim ki, dünyanın müxtəlif regionları arasında anlaşmanın azalmasına səbəb olur. Çünki o, miqrantların üz tutduğu ölkələrin əhalisi üçün müəyyən narahatçılıq yaradır. Ancaq bu, yalnız baş verən hadisələrin nəticəsidir. Həmin miqrant böhranının əsas səbəbi ölkələrin daxili işlərinə kənardan siyasi və hərbi müdaxilədir.

Beş-on il bundan əvvəl miqrant böhranı baş vermirdi. Bu, yaxın keçmişdə məhz qeyd etdiyim səbəblər üzündən baş verməyə başladı. Hesab edirəm ki, bu, Yaxın Şərq dövlətləri ilə bağlı düşünülməmiş siyasətin nəticəsidir.

Bu isə öz növbəsində miqrantların üz tutduğu ölkələrdə ilkin olaraq cəmiyyətin, daha sonra isə siyasi elitanın radikallaşması ilə nəticələnir. Beləliklə, təəssüflər olsun ki, seçki kampaniyaları zamanı ən cəlbedici siyasi şüarlar milliyyətçi və antimiqrant ruhuna çox yaxındır. Biz son aylar və illər ərzində bunun şahidi oluruq və bu, artıq bir tendensiyaya çevrilib ki, həmin tendensiya vəziyyətin inkişafını əvvəlcədən müəyyən edir.

Bu səbəbdən hesab edirəm ki, qlobal gündəlikdə duran mühüm məsələlərdən biri həmin tendensiyanın istiqamətini dəyişdirməkdir. Özgələşdirmə və siyasi qarşıdurma, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə üstünlük verilməlidir.

Azərbaycanın yerləşdiyi coğrafiya ölkəmizin regionda oynadığı rolu bir növ əvvəlcədən müəyyən edir və biz mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfəmizi veririk.

Azərbaycan özü də erməni təcavüzü, ərazimizin işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkir. Bu işğal 20 ildən artıqdır ki, davam edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır.

Orada bütün infrastruktur dağıdılmış, bütün tarixi və dini abidlərimiz isə məhv edilmişdir. ATƏT oraya faktaraşdırıcı iki missiya çərçivəsində nümayəndə və müşahidəçi göndərmişdir. Onların hesabatlarında aydın bildirilir ki, orada bütün tikililər, Azərbaycanın tarixi irsi tamamilə məhv edilmişdir.

Bu münaqişə Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsidir. Bir milyon azərbaycanlı bundan əziyyət çəkir, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu rəqəm isə dünyada adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəricilərdəndir.

Bu gün Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır. Münaqişə başlayanda bu rəqəm 8 milyona bərabər idi. Yəni 8 milyonun 1 milyonu 1990-cı illərin əvvəlində yurd-yuvasından məhrum edildi. Bu, gənc bir dövlət üçün çox ciddi siyasi, iqtisadi və sosial problem idi. Çünki həmin vaxt Azərbaycan yoxsul ölkə idi, iqtisadi xaos hökm sürürdü və gələcək iqtisadi inkişaf üçün vasitələr mövcud deyildi. Bundan əlavə isə işğal edilmiş ərazilərdən gəlmiş 1 milyon insanın ehtiyaclarını təmin etmək lazım idi.

Əlbəttə, o zamandan bəri Azərbaycan inkişaf etmişdir və biz soydaşlarımız üçün lazımi yaşayış şəraiti yaratmaq iqtidarındayıq. Ancaq münaqişə həll olunmamış qalır.

Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, “dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması” tələb olunur.

Lakin həmin qətnamələr kağız üzərində qalır, Ermənistan onlara məhəl qoymur və onların qəbul edilməsindən artıq 25 il keçib. Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqeyin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər.

Biz bunu ikili standartlar siyasəti hesab edirik. Təəssüflər olsun, ümumilikdə bu gün dünyada baş verənlər onu nümayiş etdirir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif olunur.

Hesab edirəm ki, BMT çərçivəsində islahatlar və ümumiyyətlə beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir.

Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər.

Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bax, o zaman bu, ədalət və vahid standartın göstərici olacaqdır.

Bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.

Bu, region üçün təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir. Biz münaqişənin sülh yolu ilə həllini arzulayırıq. Ancaq biz onun real həllini istəyirik. Ermənistan isə status-kvonun saxlanılmasını istəyir və vasitəçilərin - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransa, Rusiya və ABŞ-ın mühüm bəyanatlarına məhəl qoymur. Həmin dövlətlərin rəhbərləri dəfələrlə status-kvonun qəbuledilməz və onun dəyişməli olduğunu bəyan etmişlər. Status-kvonun dəyişməsi isə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir.

Bu böyük çətinliyə və qeyd etdiyim kimi, humanitar böhrana baxmayaraq, Azərbaycanın inkişafı dinamik və dayanıqlı olmuşdur. Bizim ölkənin iqtisadi transformasiya sahəsində böyük nailiyyətləri var və 25 illik azadlıq və müstəqillik dövrü nümayiş etdirir ki, Azərbaycan xalqı yalnız müstəqil olaraq yaşamağı və gələcəyini qurmağı deyil, müxtəlif sahələrdə uğur qazanmağı da bacarır.

Azərbaycanın, xüsusilə də son illər ərzindəki iqtisadi göstəricilərinə nəzər salsanız görərsiniz ki, bizim iqtisadi sahədəki nailiyyətlərimiz onu göstərir ki, güclü siyasi iradə, səfərbər olunmuş cəmiyyət, iqtidar və xalq arasında birlik mövcud olduğu halda hətta münaqişə, işğal və o qədər də sadə olmayan geosiyasi mühit şəraitində belə bir çox nailiyyətlər əldə etmək mümkündür.

Bizim iqtisadiyyatımız dayanıqlı inkişaf nümayiş etdirir. Xarici borcumuzun səviyyəsi olduqca aşağıdır – ümumi daxili məhsulun 20 faizi qədərdir. Bu da bugünkü dünya üçün bir az qeyri-adidir. Yəni, biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır.

Beləliklə, Azərbaycan müxtəlif layihələr üçün böyük həcmdə maliyyə vəsaiti cəlb edə bilir. Lakin biz xarici borcun səviyyəsini artırmamaq üçün daxili resurslarımızdan istifadə etməyə çalışırıq. Xarici borcun səviyyəsinin aşağı olmasına baxmayaraq, bizim hədəfimiz onu daha da azaltmaqdır.

Regionların geniş inkişaf proqramı sayəsində biz son 14 il ərzində yoxsulluğun səviyyəsini 10 dəfə azaltmağa müvəffəq olmuşuq. Bu gün bu göstərici 6 faiz səviyyəsindədir. İşsizlik də təqribən 5 faiz səviyyəsindədir.

Azərbaycan iqtisadiyyatının neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən əziyyət çəkməsinə baxmayaraq, həmin vəziyyət bizi iqtisadi islahatların icrası sahəsində daha fəal olmağa məcbur etmişdir və biz qısa zaman ərzində bütün çətinliklərin öhdəsindən gəlməyi bacardıq.

Təsəvvür edin ki, gəlirləriniz 3-4 dəfə azalırsa, bu, istənilən dövlət, istənilən ailə üçün böyük çağırışdır. Çünki ölkələr və insanlar müəyyən həyat tərzinə və inkişaf səviyyəsinə öyrəşir və birdən-birə gəlir kəskin şəkildə, 3-4 dəfə azalır. Yəni, bu, hökumətimiz üçün ciddi bir çağırışdır. Lakin hesab edirəm ki, çətinliklərə baxmayaraq, biz bunun öhdəsindən gələ bildik, halbuki, müəyyən çətinliklər qalmaqdadır.

Düşünürəm ki, neftin qiymətinin aşağı olması şəraitinə uyğunlaşma artıq geridə qalıb və 2017-ci il iqtisadi artım ili olacaqdır. Hətta ötən il, son 14 il ərzində ilk dəfə üzləşdiyimiz iqtisadi tənəzzül zamanı iqtisadiyyatımızın qeyri-neft göstəricilərinə nəzər salsanız artımın şahidi ola bilərsiniz.

Ötən il ərzində qeyri-neft sektorumuz 5 faiz, kənd təsərrüfatımız isə 2 faizdən çox artmışdır. Cari ilin ilk 2 ayı ərzində yenə də qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında isə 3 faiz artım müşahidə edilir. Ümumi daxili məhsul artmağa başlamışdır və bu ilin ilk 2 ayı ərzində qeyri-neft ixracımız təqribən 50 faiz artmışdır.

Beləliklə, uzun illər həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti artıq öz bəhrəsini verir. Qarşıdan gələn illər üçün hədəfimiz ixracın şaxələndirilməsidir. Bizim yeni bazarlara ehtiyacımız var. Əlbəttə, yeni bazarlara çıxış əldə etmək üçün biz, ilk növbədə, cəlbedici bazar hesab etdiyimiz həmin dövlətlər ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq.

Xarici siyasət sahəsində Azərbaycan regionda və dünyada güclü mövqeyə malikdir. Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni, biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir.

Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problem varsa, burada hər iki tərəf əziyyət çəkir.

Bu səbəbdən Ermənistan istisna olmaqla bizim bütün qonşularımız ilə çox yaxşı əlaqələrimiz var. Biz çoxlu sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət layihələri həyata keçiririk ki, onlar xalqlarımızı daha da yaxınlaşdırır.

Biz Avropa İttifaqına üzv olan dövlətlərlə sıx əlaqələr yaratmışıq. Onların 9-u, yəni, üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb və ya qəbul edilib. Hesab edirəm ki, bunun özü də böyük nailiyyətdir. Bir çox Avropa ölkəsi Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir.

Bu, yalnız enerji ehtiyatlarına görə deyil. Bizim əməkdaşlığımız daha geniş sahələri əhatə edir. Ötən ay biz Avropa Komissiyası ilə yeni sazişin müzakirəsinə başlamışıq. Bu, tərəfdaşlıq sazişi olacaqdır və fəaliyyətimizin bir çox sahələrini əhatə edəcəkdir.

Belə bir siyasət bəzən tarazlaşdırılmış siyasət adlandırılır. Bəlkə də bu, məqbul termindir. Ancaq hesab edirəm ki, bu, dövlətimizin milli maraqları üzərində qurulan siyasətdir. Milli maraqlarımız isə onu diktə edir ki, biz münasibətlərimizi real yanaşma üzərində qurmalıyıq və əlçatmaz hədəflər müəyyən etməməliyik ki, sonradan məyus olmayaq.

Bunu Avropa İttifaqı ilə əlaqələrimizə də şamil etmək olar. Biz olduqca real hədəflər müəyyən etmişik və müzakirələr zamanı görürük ki, həmkarlarımız da artıq Azərbaycanla bağlı real yanaşma nümayiş etdirirlər.

Yəni, Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq əvəzinə, - hansı ki, səmimi danışsaq, heç bir real nəticə verə biləcək müqavilə deyildi, - biz fərqli yol ilə getməyə və tərəfdaşlıq sazişinin işlənib hazırlanmasına üstünlük verdik. Bunu həm də strateji tərəfdaşlıq sazişi adlandırmaq olar ki, o, balanslı, qarşılıqlı faydalı və praktik nəticə verə bilən sənəd olacaqdır.

Çünki nəticəsiz siyasət populizmdir. Bizim isə bu işlərə itirəcək vaxtımız yoxdur. Biz siyasətimizi real vəziyyətə uyğun qururuq. Bəzən biz vəziyyəti dəyişməyə müvəffəq oluruq. Azərbaycan həm də bəzi dövlətlər arasında problemlərin olduğu vaxtda kommunikasiya baxımından sabitləşdirici amil rolunu oynayır.

Bu, çox yaxın keçmişdə də baş vermişdir. Qonşularımız arasında anlaşılmazlıq və müəyyən toqquşma olduğu zaman biz həmişə öz töhfəmizi verməyə çalışırıq. Azərbaycan isə öz siyasəti baxımından, sözün əsl mənasında, müstəqil dövlət hesab edildiyindən biz uğur qazana bilmişik.

Ötən ay burada - Bakıda baş vermiş bir hadisəni də qeyd etmək istərdim. ABŞ-ın yeni administrasiyasının hərbi komandanlığı, yəni, ABŞ ordusunun baş qərargah rəisi ilə Rusiyanın baş qərargah rəisi ilk dəfə olaraq Bakıda görüşdülər.

Azərbaycanın bu görüş üçün məkan kimi seçilməsi bir daha mənim sözlərimin təsdiqidir. Halbuki bu, bizim təşəbbüsümüz deyildi və hər iki tərəf bizə bununla bağlı müraciət etmişdir.

Azərbaycan etibarlı tərəfdaş hesab olunur. Böyük dövlətlər ona hörmətlə yanaşır və onun müstəqil siyasəti artıq bir reallıqdır. Bu, yüksək qiymətləndirilir. Çünki tərəfdaşın hər zaman proqnozlaşdırılabilən olması satelit ölkə olmasından yaxşıdır. Bizim qonşuluğumuzda satelit ölkə var. Ancaq bu, müvəffəqiyyət və hörmət gətirmir.

Gələcəkdə də xarici siyasətə gəldikdə bizim siyasətimiz praqmatizm, milli maraqlar və təhlükəsizliyimiz üzərində qurulacaq. Biz terrorçuluqla mübarizədə çox fəal iştirak edirik. Azərbaycan 2001-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən etibarlı tərəfdaşdır. İlk gündən etibarən orada bizim hərbçilərimiz xidmət edir.

Biz çox vacib olan “Şimal Paylaşma Şəbəkəsi” adlanan nəqliyyat şəbəkəsinin də fəaliyyətini təmin edirik. Bu istiqamətdə NATO uçuşları üçün hava məkanımızı təqdim etmişik. Bu isə sülhməramlı əməliyyatlara mühüm töhfədir. Azərbaycan NATO-ya üzv olmayan bir neçə ölkədən biridir ki, Əfqanıstan hökumətinə ciddi hərbi və iqtisadi yardım göstərir.

Sizə nəqliyyat sahəsində cərəyan edən son hadisələr haqqında məlumat vermək istərdim. Bu, bizim daxili məsələmiz deyil. Çünki bizim regionda təşəbbüskarı olduğumuz bu layihələr artıq genişlənir və qlobal layihələrə çevrilir.

Biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur. Ola bilsin ki, qiymət baxımından bu, ən ucuz marşrut deyil və biz tariflərin aşağı salınması üzərində çalışırıq. Lakin bu, ən qısa marşrutdur və yüklərinin qısa biz zamanda nəql edilməsinə üstünlük verən şirkətlər bu nəqliyyat şəbəkəsindən mütləq istifadə edəcəklər.

Şərq-Qərb nəqliyyat dəhlizi əməkdaşlıq və biznes dəhlizidir. Bu layihə artıq Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri yaratmaqdadır və ölkələrimizə böyük mənfəət gətirəcəkdir. Əlbəttə, bizim tranzit ölkə kimi də rolumuz artacaqdır.

Bu layihəni ilhamlandıran enerji şaxələndirilməsinin təmin edilməsi idi. Bir daha qeyd edim ki, biz bu layihəni gürcü və türk qonşularımızla birlikdə icra etməyə başladıq. Hazırda o, genişlənir və artıq bir sıra neft və qaz kəmərlərinin inşası nəticəsində çoxlu sayda ölkələr bu prosesdə iştirak edirlər.

İlk layihə Azərbaycanı Qara dəniz limanları ilə birləşdirən neft kəməri idi. Növbəti kəmər bizi Aralıq dənizindəki liman ilə birləşdirdi. Nəhayət, növbə qazpaylayıcı infrastrukturun yaradılmasına çatdı ki, bu da uğurla həyata keçirilir.

Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya Cənub Qaz Dəhlizinin üzvüdür. Daha üç Balkan ölkəsi – Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq.

Bu, həqiqətən də XXI əsrin layihəsidir və onun dəyəri 40 milyard dollardır. Bu layihə Azərbaycan tərəfindən irəli sürülüb və tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəklənib. Hətta son iki il ərzində neftin qiymətlərinin aşağı olduğu bir vaxtda bu layihə uğurla həyata keçirilir və onun icrası ilə bağlı bizim maliyyə öhdəliklərimizin ödənişi baxımından heç bir gecikmə olmamışdır. Sərmayələr Xəzər dənizində yerləşən nəhəng qaz yatağı ilə bağlıdır və bu, Bakıdan İtaliya sahillərinə qədər uzanan, bir-biri ilə əlaqəli 3 kəmərdən ibarət vahid bir sistem layihəsidir.

Bu, enerji təhlükəsizliyinə töhfədir. Eyni zamanda, bu, regional əməkdaşlığa töhfədir. “Cənub Qaz Dəhlizi” layihəsinə üzv olan ölkələr artıq təbii, uzunmüddətli tərəfdaşlara çevrilmişlər. Yəni, biz burada Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik. Bu isə, öz növbəsində, bənzərsiz bir əməkdaşlıq formatı yaradır.

Artıq üçüncü dəfədir ki, hər ilin fevralında Bakıda biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasını təşkil edirik. Bu il də belə bir toplantı keçirildi və Şuranın bütün üzvlərinin iştirakı ilə qəbul edilmiş yekun bəyanatda Azərbaycanın aparıcı rolu bir daha qeyd olundu.

Biz həmin layihələrin təşəbbüskarı olduq. Biz qonşuları və tərəfdaşları dəvət etdik və artıq yaxşı nəticələrin şahidi oluruq. İstər nəqliyyat, istərsə də enerji sektorunda təşəbbüskarı olduğumuz heç bir layihə uğursuz olmamışdır. Çünki onların hər biri real yanaşma üzərində qurulmuşdur. Onların heç biri səs-küy salmaq, özümüzü tərifləmək və ya populist ideyalar vasitəsilə potensialımızı nümayiş etdirmək naminə irəli sürülməmişdir.

Bizim potensialımız nümayiş etdiriləndən daha genişdir. Biz imkan olan hər yerdə Azərbaycanı göstərməyə çalışmırıq. Biz ev tapşırığımızı yerinə yetiririk və zaman göstərir ki, biz düzgün seçim etmişik.

Bu gün qeyd etmək istədiyim son məsələ bizim mədəniyyətlərarası dialoqa olan töhfəmizdir. Bu gün burada demək olar ki, bütün qitələrin nümayəndələri var. Burada 56 ölkənin nümayəndəsi var ki, bu da BMT-yə üzv olan dövlətlərin dördəbiri deməkdir.

İki aydan sonra Azərbaycan IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəkdir. Bu da bir ənənəvi tədbirə çevrilmişdir və onun həmtəşkilatçıları UNESCO, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Sivilizasiyalar Alyansı kimi beynəlxalq təşkilatlardır. Yəni, bu, bir qlobal tədbirdir, mən deyərdim ki, dünyada mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinin müzakirəsinə həsr edilmiş bənzərsiz bir tədbirdir.

Azərbaycanın seçilməsi yalnız bizim bu tədbirin təşəbbüskarı olmağımız ilə bağlı deyil. Bu, bizim sivilizasiyalar və dinlər arasında oynadığımız körpü rolu ilə bağlıdır. Azərbaycanda dini dözümlülük və multikulturalizm ənənəsi artıq kifayət edir ki, biz belə bir müsbət tədbirin mərkəzində olaq.

Biz həmin foruma və bu hərəkata böyük əhəmiyyət veririk. Çünki bu gün dünyanın məhz buna ehtiyacı var. Çıxışımın əvvəlində dediyim kimi, təəssüflər olsun ki, biz dialoq haqqında danışırıq, ancaq əslində özgələşdirmənin şahidi oluruq. Tolerantlıq haqqında danışırıq, ancaq nifrətin şahidi oluruq. Bunlar artmaqdadır və bu, hamımız üçün təhlükədir. İstər bunun baş verdiyi ölkələr olsun, istərsə də bundan əziyyət çəkənlər üçün.

Bu səbəbdən Azərbaycanın mədəniyyət körpüsü rolu olduqca vacibdir. Eyni zamanda, bu gün ölkəmizin müsbət, dayanıqlı, təhlükəsiz və sabit inkişafı onu nümayiş etdirir ki, yalnız qarşılıqlı etimad və multikulturalizm, habelə başqalarının ənənə, din və kökünə hörmət ruhunda uğura imza atmaq olar.

Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir. Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirəcək.

Bu gün bizimlə birlikdə olduğunuza görə sizə bir daha təşəkkür edirəm və Forumun işinə uğurlar arzu edirəm.

                                                                                   X X X

Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və Forum iştirakçılarını salamlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Bakıda keçirilən bu mötəbər tədbirin bir sıra beynəlxalq aktual məsələlərin açıq və dostluq mühitində müzakirəsinə hərtərəfli imkan yaratdığını bildirərək dedi:

- Forum ildən-ilə inkişaf etdikcə, biz onun təkcə genişləndiyini deyil, həm də keyfiyyətcə daha da yaxşılaşdığını görürük və sizin hər birinizin iştirakı və səbirsizliklə gözlədiyimiz töhfələriniz bizim üçün şərəfdir. Bir qədər əvvəl biz Azərbaycan Respublikası Prezidentinin ölkəsinin beynəlxalq münasibətlərin gələcəyindəki rolu ilə bağlı fikirlərini dinlədik. Deməliyəm ki, xüsusilə mənim kimi doğma ölkəsi Latviyanı qaçqın uşaq olaraq tərk etmiş və on illərlə oraya gedə bilməyən, nadir hallarda ciddi nəzarət altında turist kimi gedən və həmin dövrdə Sovet İttifaqının hakimiyyəti altında olan ölkələrin heç birinə gedə bilməyən biri üçün bu nadir xüsusiyyətləri olan ölkə ilə işləmək mənə xüsusi zövq verib. İllər ərzində bu, həm mənim prezidentliyim dövründə, həm də ondan sonra dünyanın bizə tanış olmayan hissələri ilə tanış olmaq üçün bir kəşf səyahəti olub. Düşünürəm ki, Bakıya gələn bir çox qonaqlar həqiqətən də təəccüblənirlər, çünki onların da belə bir imkanı olmayıb. Onlar burada, dənizin sahilində gözəl, müasir şəhəri görəndə heyrətə gəlirlər. Bugünkü mövzumuz beynəlxalq güclər balansı, güc və maraqlar, dünyanın hər kəs üçün daha yaxşı və təhlükəsiz yerə çevrilməsi yollarıdır. Bu, bizim dəfələrlə bu və ya digər formada qayıtdığımız mövzudur.

Beynəlxalq aləmdə hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşən Vayra Vike-Freyberqa mövcud problemlərin həlli ilə bağlı qənaətini ətraflı xarakterizə etdi. O, problemlər olan cəmiyyətlərdə yaşayan bir qisim insanların fəaliyyətinin ekstremizmə, beynəlxalq və daxili münaqişələrə, bütün ölkələr üçün dəhşətli olan vətəndaş müharibələrinə, qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünün pozulmasına, həmçinin bir çox başqa bəlalara səbəb olduğunu söylədi. O, dünyanın bir sıra ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq sabitliyə töhfələrini əsirgəmədiyini vurğulayaraq dedi:

- Düşünürəm ki, Azərbaycan bu regionda uğur nümunəsidir. Onun geosiyasi strateji əhəmiyyəti var. O, xüsusilə enerji sahəsində mühüm təbii ehtiyatlara malikdir, bu da həm iqtisadi, həm də ümumi gücün mənbəyidir. O, Şərq ilə Qərb arasında nəqliyyat qovşağıdır və ümid edirəm ki, gələcəkdə Şimal ilə Cənub arasında nəqliyyat qovşağı olacaq. Burada dinin dövlətdən ayrı olması hər kəsin etiqad azadlığını və öz şəxsi inancına etiqad etməsini təmin etməyə imkan verir. Dövlət insanları heç bir inanca məcbur etmir, bu, onların öz seçiminin, ənənələrinin öhdəsinə buraxılır. Düşünürəm ki, bunlar yaxşı idarə edilən dövlətin minimum malik olmalı olduğu mühüm meyarlardır.

Vayra Vike-Freyberqa Forum zamanı faydalı fikir mübadiləsinin aparılacağına əminliyini ifadə etdi.

                                                                                        X X X

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın müraciətini Forum iştirakçılarına çatdıraraq dedi:

- Cənab Prezident İlham Əliyev, xanım Birinci vitse-prezident Mehriban Əliyeva, zati-aliləri, həmsədrlər, xanımlar və cənablar. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə İtaliya Respublikasının Prezidenti Sergio Mattarella tərəfindən ünvanlanmış müraciəti oxuyacağam.

Müraciətdə deyilir: “Hörmətli həmsədrlər. V Qlobal Bakı Forumunda iştirak etmək üçün məni dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Əfsuslar olsun, İtaliyada qalmağımı tələb edən uzunmüddətli öhdəliklərə görə mən şəxsən bu tədbirdə iştirak edə bilməyəcəyəm. Bu gün, heç vaxt olmadığı kimi beynəlxalq ictimaiyyətin üzləşdiyi təxirəsalınmaz çağırışlar barədə düşünmək mühüm əhəmiyyət kəsb edir. Bunların arasında dinlər və mədəniyyətlərarası dialoqun təşviqi müstəsna və bəzən misilsiz əhəmiyyət daşıyan prioritet təşkil edir. Beynəlxalq ictimaiyyətin ümumi irsinin bir parçası olmalı olan şaxələnməyə hörmət və əsas azadlıqların müdafiəsi dözülməzlik və ekstremizmi yayaraq öz baxışını zorla qəbul etdirməyə çalışanlar tərəfindən daimi və çox zaman zorakı təzyiq altındadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilən təşəbbüslər kimi bu qəbildən olan təşəbbüslər millətlər arasında sivil birgəyaşayışın əsasını təşkil edən müxtəlif xalqlar, mədəniyyətlər və konfessiyalar arasında dialoq və əməkdaşlığın aparılmasının necə dəstəklənməsi barədə dərin və aydın düşüncələri ifadə etmək məqsədilə imkanların təşviqində yerinə düşən və vaxtında keçirilən bir təşəbbüsdür. Keçən il Romada sonuncu görüşümüzü böyük məmnuniyyətlə xatırlayaraq, mən Sizə dərin ehtiramımı bildirir və növbəti Qlobal Bakı Forumunun işinə uğurlar arzu edirəm.

Sergio Mattarella

İtaliya Respublikasının Prezidenti”.

                                                                                              X X X

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefan Makkornak Birləşmiş Krallığın Baş naziri Tereza Meyin müraciətini oxuyaraq dedi:

- Zati aliləri, Prezident İlham Əliyev, zati-aliləri Birinci vitse-prezident, hörmətli liderlər və qonaqlar. Mən Böyük Britaniyanın Baş naziri Tereza Meyin mesajını oxumaq istəyirəm.

Müraciətdə deyilir: “V Qlobal Bakı Forumunun iştirakçılarına dəstək məktubunu göndərmək imkanına malik olduğumdan böyük məmnunluq hissi keçirirəm. Mən Azərbaycanı bu tədbirə 5-ci ildir ki, ev sahibliyi etdiyinə və cari və sabiq dünya liderlərindən ibarət bu mötəbər bir qrupu bir araya gətirdiyinə görə təbrik edirəm. Bu il Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 25-ci ildönümüdür. Bu müddət ərzində aramızda güclü və məhsuldar münasibətlər qurulmuşdur. Biz birlikdə mühüm əhəmiyyət kəsb edən çox geniş çeşidli məsələlər üzərində çalışırıq və bu əməkdaşlığın daha da gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Qlobal Bakı Forumu bu gün dünyanın üzləşdiyi bəzi mühüm çağırışlara ən yaxşı şəkildə necə reaksiya göstərmək üçün beynəlxalq ictimaiyyəti öz ekspert biliyi ilə paylaşmaq və razılığa gəlmək üçün bir araya gətirir. Mən sizə bu tədbirin keçirilməsində uğurlar arzu edirəm”.

                                                                                             X X X

Sonra çıxış edən İsmail Serageldin Prezident İlham Əliyevin nitqinin çox məzmunlu olduğunu dedi. Bildirdi ki, Azərbaycan Prezidenti çıxışında iqtisadiyyat və siyasət, mədəniyyət və prinsiplər, beynəlxalq, yerli və regional münasibətlər arasında tarazlığın nə olduğunu qeyd etdi. İsmail Serageldin dünyanın müxtəlif ölkələrində baş verən siyasi, iqtisadi hadisələr, maliyyə və sosial çətinliklər barədə danışdı. O, ikili standartların problemlərin həllinə ciddi maneə yaratmasını qeyd edərək dedi:

- Qaydalar və qanunlar sistemi Zati-aliləri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartların mövcud olmamasını təmin etməlidir. Bundan əlavə, bu sistem təkcə güclülərə xidmət etməməlidir, eyni zamanda, güclülər tərəfindən dəstəklənməlidir. Bu sistem hamıya əlçatan olmalıdır. Daxil edilməsi mümkün olmayanları özünə daxil etməlidir və xidmət olunmayanlara xidmət etməlidir. Ümidsizlərə ümid verməlidir və bu gündən etibarən hələ də dünyaya gəlməyənlər barədə düşünməlidir və hamımız üçün daha yaxşı gələcək təmin etməlidir. Sizcə bunu etmək bizim imkanımız xaricindədir? Mən belə hesab etmirəm. Düşünürəm, bizi qəbul edən, Zati-aliləri cənab Prezident qarşımızda bir çağırış qoydu və biz buna müvafiq olaraq hərəkət etməliyik. Növbəti sessiyaya başlamadan öncə mən bütün iştirakçılar adından bir daha Zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm.

                                                                                              X X X

Beşinci Qlobal Bakı Forumu işini martın 16-da iclaslar və plenar panellərlə davam etdirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo