Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

05 mart 2017, 13:45
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

İran Prezidenti Həsən Ruhaninin bəyanatı

-Bismillahir rəhmanir rəhim. 

Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyətini Tehrana gəlişi münasibətilə salamlayır və “Xoş gəlmisiniz” deyirəm.

Son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.

Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq. Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək. Azərbaycan Respublikası və İran Xəzər dənizinin sahilində yerləşir və bu dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

İstər məhdud tərkibli, istərsə də geniş tərkibli görüşlərdə müzakirə etdiyimiz mövzular sırasında bu vacib məsələyə toxunduq ki, mövcud olan konvensiyalar, eləcə də sahilyanı beş ölkə arasında əldə olunan razılaşmalar həyata keçirilsin və Xəzər dənizinin ekosisteminin qorunmasında qazanılan uğurların şahidi olaq.

Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var ki, onlardan biri sahilyanı beş ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu məsələdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq önəm kəsb edir. Ötən illər ərzində biz bu məsələni müzakirə etmişik və bugünkü görüşlərimizdə də son nəticənin əldə olunması istiqamətində əməkdaşlığımızı davam etdirəcəyimizi bəyan etdik. Eyni zamanda, Xəzər dənizindəki neft mənbələrinin istifadəsinə dair əməkdaşlığımızı davam etdirməklə bağlı fikir mübadiləsi apardıq və hər iki ölkənin neft nazirləri bu məsələni uğurla nəticələnənə qədər diqqət mərkəzində saxlayacaqlar.

Bugünkü danışıqların mövzularından biri də üçtərəfli əməkdaşlıq formatı olub. Üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan gündəlikdədir. Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir. Bugünkü görüşümüzdə isə Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələr apardıq və belə qərara gəldik ki, bu məsələni diqqət mərkəzində saxlayaq.

Bugünkü danışıqlarımızda regional məsələlərlə bağlı müzakirələrimiz oldu. Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır. Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın. İran İslam Respublikası bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq.

Sonda bir məqamı vurğulamaq istəyirəm ki, Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident. 

İlk növbədə, dəvətə və mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Qardaş İran torpağında yenidən olmağımdan çox məmnunam. Bu, mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütövlükdə, son üç il ərzində mən cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu, özlüyündə bir göstəricidir. Bu, göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır.

İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərlərimiz çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlamışdır, buna görə də biz minnətdarıq. Eyni zamanda, Prezident Ruhani qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır.

Energetika sahəsində böyük uğurlar əldə edilib. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Mən xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir, prezidentlərin bütün göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir.

Qeyd etməliyəm ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Biz çalışırıq ki, İslam aləmində birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq. Bu, İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar. Qeyd etməliyəm ki, biz İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq.

Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34