İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun mətbuat üçün bəyanatları

06 fevral 2017, 17:01

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bəyanatı

-Prezident Əliyev, bu gün Sizi Brüsseldə salamlamaqdan məmnunam. Görüş həqiqətən də məhsuldar və yaxşı keçdi. Düşünürəm ki, dostlar arasında bu, normal haldır. Mühüm məsələləri müzakirə etmək imkanına görə Sizə çox təşəkkür edirəm.

Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir.

Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq.

Danışıqlar zamanı mən insan haqları və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına verdiyimiz əhəmiyyəti vurğuladım. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Biz bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirəcəyimizi səmimiyyətlə arzulayırıq.

Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir.

Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Status-kvo bu cür davamlı qala bilməz. Münaqişənin hərbi yolla həlli yoxdur və o, beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir.

Bizim əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır. Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik. Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram.

Bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışları nəzərə alaraq, bu yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək.

Cənab Prezident, bir daha Brüsselə gəldiyiniz üçün təşəkkür edirik, söz sizindir.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Sağ olun cənab prezident. Öncə dəvətinizə görə minnətdaram. Mən sizinlə görüşməkdən və əməkdaşlığımıza aid olan mühüm məsələləri müzakirə etməkdən çox şadam. Sizin 2015-ci ildə Azərbaycana etdiyiniz çox uğurlu səfəriniz yadımdadır. Səfər zamanı biz əməkdaşlıq perspektivlərini müzakirə etdik. Çox məmnunam ki, sabahdan siz qeyd etdiyiniz kimi, yeni saziş üzrə danışıqlara başlayırıq. Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.

Əlbəttə, enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik.

Cənab prezidentin qeyd etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı.

Bu gün biz daşımalar sahəsində gələcək potensial əməkdaşlığı da müzakirə etdik. Bu, Şərq Tərəfdaşlığı və Avropa ölkələri üçün cəlbedici ola biləcək mühüm layihədir. Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrut ümid edirik ki, bu il artıq istifadəyə veriləcək və Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq.

Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Bunu qeyd etdiyinə görə cənab prezidentə minnətdaram. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir.

Onu da qeyd etmək istəyirəm ki, bizim Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz var. Onların 9-u, yəni üçdəbir hissəsi ilə bizim strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimiz var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Bu gün əməkdaşlığımızın tarixində əlamətdar bir gündür. Çünki işbirliyimizin yeni səhifəsini açırıq. Mən danışıqları aparanlara uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxtlarını itirmədən sabahdan dərhal işə başlayacaqlar və yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənədi hazırlayıb təqdim edəcəklər. Çox sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00