Prezident İlham Əliyev Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, “Cities of London and Westminster” ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field bildirdi ki, başçılıq etdiyi qrupun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan haqqında məlumatların Böyük Britaniya parlamentinin üzvlərinə çatdırmaqdan ibarətdir. Azərbaycanın təkcə neft-qaz sahəsində deyil, eləcə də qeyri-neft sektorunda böyük potensiala malik olduğunu deyən Mark Field ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, idman, mədəniyyət və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılacağına ümidvar olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan britaniyalı qonaq bu münaqişə ilə bağlı son 20 ildə Azərbaycan xalqının və hökumətinin böyük səbir nümayiş etdirdiyini və Azərbaycanın bu məsələ ilə bağlı keçirdiyi narahatlığın onlar tərəfindən başa düşüldüyünü bildirdi, səfər müddətində problemlə yaxından tanış olacaqlarını dedi.
Dövlət başçısı Britaniya-Azərbaycan parlament qrupunun Azərbaycanda əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məlumatların Böyük Britaniyaya çatdırmasını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bir çox sahələri əhatə etdiyini vurğuladı, enerji sahəsində əlaqələrimizin uzun tarixə malik olduğunu dedi. Əlaqələrimizin turizm, idman, mədəniyyət, qeyri-neft sektoruna investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanları araşdırmağın vacibliyini bildirdi.