İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib

30 yanvar 2017, 09:30
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı konfransda giriş nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. 

Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.

Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir.

Biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik. Hesab edirəm ki, bu da çox əlamətdar hadisədir. Çünki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.

Deyə bilərəm ki, 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət.

Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq, əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda, bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik.

Bir sözlə, hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir. Bugünkü konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu konfransı keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfransın birinci hissəsindən sonra tədbir işinə davam edəcək. Əminəm ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə işlər haqqında fikir formalaşdırmağa imkan verəcək.

Əslində, biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər aldıq. Bizim bu gün müzakirə etdiyimiz və 2014-cü ildə qəbul olunmuş üçüncü Dövlət Proqramı da yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq tərtib edilmişdir. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq.

2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər.

Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı ləngidən xarici amillər idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə alacağıq?! Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna qısa müddət ərzində nail olduq. 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik?!

Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir. Bu gün bizim 35 elektrik stansiyamız varsa, onların 26-sı proqram icra edilərkən tikilmişdir. O vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıbdır.

2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Bu il görüləcək işlər haqqında danışacağıq və qarşıya məqsəd qoyulub ki, bütün yollarımız yüksək səviyyədə olsun, magistral, şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar.

Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır. Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm. Tovuzçay, Göytəpə su anbarları tikilmişdir. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Çünki əfsuslar olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək. Bu sahə də çox böyük investisiya tələb edən sahə idi. Hesab edirəm ki, bu sahədə əsas işlər görülübdür. Mən görüləcək işlər haqqında bir qədər sonra fikirlərimi bildirəcəyəm.

Beləliklə, deyə bilərəm ki, birinci proqramdan sonra əsas infrastruktur layihələri icra edildi. Mən çox şadam ki, biz bunu qısa müddət ərzində etdik. Mən həmişə çalışırdım ki, biz bunları vaxt itirmədən edək. Çünki bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu, bizim ölkəmizi böyük dərəcədə gücləndirmişdir, elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır. İnvestisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var. Əgər iş görmək istəyən hansısa investor görsə ki, işıq, qaz, su yoxdur, heç vaxt investisiya qoymaz. Yaxud da heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz. Bu, dövlətin işidir. Biz bunu daxili və xarici investorlar üçün görmüşük.

O ki qaldı, daxili biznes qurumlarının fəaliyyətinə, deyə bilərəm ki, bu illər ərzində Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşmışdır. Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməmişdir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb.

Son illər ərzində - 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni, artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik.

Hesab edirəm ki, bu da bir yenilik idi. Mən xatırlamıram ki, hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən, bax, bu formada yardım göstərilsin. Onu da qeyd etməliyəm ki, bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə infrastruktur layihələri, onunla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində uğurla icra edilir.

Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur.

Sosial infrastruktura gəldikdə, qeyd etməliyəm ki, son illər ərzində - 2004-cü ildən başlayaraq üç mindən çox məktəb tikilib və ya təmir edilmişdir. Altı yüzdən çox tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Ancaq bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilmişdir. Yəni, bütün sosial infrastruktur bloku da daim diqqət mərkəzində idi. Bu proses davam etdirilir. Bu ilin dövlət investisiya proqramında da sosial infrastrukturun yaradılması üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmuşdur.

Biz bu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atmışıq. Azərbaycanda kosmik sənaye yaradılmışdır. Bizim artıq iki peykimiz var. Bu da yenilikdir, texnologiyadır, biznesdir. Əlbəttə ki, biz bu məsələlərə bu nöqteyi-nəzərdən yanaşırıq. Əgər həm müasir texnologiyaların inkişafı, həm kadr hazırlığı, həm də ki, kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Biz bu yolla gedirik və əminəm ki, o peyklərin hazırlanmasına, orbitə buraxılmasına qoyduğumuz bütün vəsait qaytarılacaq. Çünki artıq bunun biznes imkanları kifayət qədər genişdir.

Biz bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri həyata keçirmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bax, bütün bu infrastruktur layihələrini biz nəyə görə icra etmişik? Eyni zamanda, bu layihələr bölgədə yerləşən ölkələr üçün də xeyir gətirir, regional əməkdaşlığı dərinləşdirir, bölgədə, regionda sabitliyi möhkəmləndirir və əlbəttə ki, Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik. Baxmayaraq, bir çox qüvvələr var idi ki, bizə problem yaratmaq, bu layihələri əngəlləmək istəyirdilər. Alınmadı, çünki biz güclü siyasi iradə ortaya qoyduq və düşünülmüş siyasətlə, çox dəqiq siyasətlə bu strateji hədəflərə çata bilmişik.

Bu gün isə bu dəhliz əsasında yeni bir qlobal layihəni – Cənub Qaz Dəhlizini icra edirik. Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı ona yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Yəni, konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Qərar qəbul etdik ki, biz bunu özümüz öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular, əlbəttə ki, bu da məqbul bir haldır. Biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Lakin bir daha onu demək istəyirəm ki, Cənub Qaz Dəhlizi bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu işdə liderliyi, fəal və əsas rolu ötən ilin fevralında Bakıda keçirilən ikinci Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yekun sənədində də göstərilib.

Bu layihə əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük dərəcədə artacaq, eyni zamanda, Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.

Yəni, son illər ərzində görülmüş bütün işləri sadalamaq çətindir. Mən sadəcə olaraq, əsas məqamları diqqətinizə çatdırıram. Ona görə ki, bu, bizim tariximizdir. Bunlar olmasaydı, bu gün biz gələcək planlarımız haqqında danışa bilməzdik. Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək.

                                                                                            X  X  X

İqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir.

Ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır.

2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Cənab Prezident, dövlət proqramlarından irəli gələn vəzifələrin və ötənilki konfransda verdiyiniz tapşırıqların icrası üçün hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, Sizin bölgələrə çoxsaylı səfərləriniz nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası ilə bağlı imzaladığınız 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb.

Hesabat ilində regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Tapşırığınıza uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb.

Ötən il bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb.

Həmçinin regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.

Meliorasiya və irriqasiya tədbirləri çərçivəsində keçən il 87 min hektar torpağın su təminatı yaxşılaşdırılıb, 12 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Bu il dövlət investisiya xərcləri və Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq layihələr hesabına 154 min hektardan çox əraziyə suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması hazırlanan Yuxarı Şirvan Kanalının yenidən qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə cəlb olunmasını mümkün edəcək.

Ötən il Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə regionlarda onların sayı 6-ya çatıb və bu il Quba və Mingəçevirdə yeni mərkəzlərin fəaliyyətə başlaması nəzərdə tutulur.

Cənab Prezident, gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100–dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq.

Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərdiyiniz qayğının ən bariz göstəriciləridir.

Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondu tərəfindən görülən işlər həm də regionlarda yaşayan əhalinin rifahının artmasına əhəmiyyətli töhfəsini verir. Ümumilikdə, görülən işlər nəticəsində ötən il 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb.

Cənab Prezident, bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır. Müvafiq fərmanlarınıza əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.

Regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Hesabat ilində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq.

Bununla yanaşı, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.

Ötən il Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi fəaliyyətə başlayıb, 9 rayonda isə müəssisələrin tikintisi bu il başa çatdırılacaq, 1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır.

Görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb.

Cənab Prezident, tapşırıqlarınıza uyğun olaraq, aqrar sahədə intensiv metodlar əsasında istehsalın genişləndirilməsi tədbirləri davam etdirilir.

Son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb.

Hesabat ilində Şəmkir və Yalamada aqroparkların yaradılması işləri davam etdirilib. Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb, payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir aqroparkında isə birinci mərhələ üzrə işlər davam etdirilir. Hazırda 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması təşviq olunur.

Ümumilikdə, son illər görülmüş işlər nəticəsində əsas ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb. Sənaye parklarında və zonalarında müasir müəssisələrin, eləcə də aqroparkların, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması hesabına növbəti illərdə idxaldan asılılıq daha da azalacaq, özünütəminetmə səviyyəsi və ixrac potensialı artacaq.

Cənab Prezident.

Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər hesabat ilində də davam etdirilib. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib.

Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Cənab Prezident, ixracın təşviqi üzrə qəbul etdiyiniz qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Keçirilmiş üç ixrac missiyası zamanı imzalanmış müqavilələrə əsasən, yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. “İxracatçılar Klubu”nun 10 iclası keçirilib, Export.az ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, tikinti materialları, arıçılıq məhsulları istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Ümumilikdə, ötən il tərəvəz ixracı 41 faiz, meyvə ixracı 11 faiz, pambıq iplik ixracı isə 25 faiz artıb.

Cari il xüsusilə kənd təsərrüfatı məhsullarının və şərabın ixracının artırılması üçün bir sıra ölkələrə ixrac missiyaları və beynəlxalq sərgilərdə iştirak təmin olunacaq. Göstərişinizə əsasən, bu il Belarus, Rusiya və Ukraynada ticarət evlərinin yaradılması, habelə xarici ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi sözsüz ki, ixracın artırılmasına mühüm töhfə verəcək.

Möhtərəm cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan, eləcə də Nazirlər Kabinetinin 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürdüyünüz vəzifələr, o cümlədən rəqabətqabiliyyətli müəssisələrin yaradılması, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi və digər tədbirlər regionların da davamlı inkişafına öz töhfəsini verəcək. Sizi əmin etmək istərdim ki, bu vəzifələrin tam yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

                                                                                       X  X  X

 Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Zati-aliləri, çətin bir dövrdə yüksək təfəkkürünüzün məhsulu olan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq iqtisadi inkişafın dövlət tənzimlənməsinin və idarəetmənin tarixi nümunəsinə çevrilib.

Təsadüfi deyildir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrdə tətbiq edilən təcrübələrin təhlili nəticəsində iqtisadi inkişafın yeni paradiqması olaraq, sektorlar əvəzinə daha çox məkanlara - ərazilərə, yəni regional inkişafa önəm vermək, sosial xarakterli yardımları inkişaf məqsədli investisiyaya yönəltmək kimi yeni konseptual yanaşma müəyyən edib. Bu isə Sizin hələ 13 il öncə müəyyən etdiyiniz regional inkişaf xəttinin nə qədər elmi və konseptual yanaşma olduğunu bir daha sübut edir.

Bütün bunların və qəbul etdiyiniz yüzlərlə tarixi qərarın nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən də aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter alıb.

Keçən il, həmçinin aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında da dönüş ili olub. Hesabat ilində kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Qeyd olunmalıdır ki, bu artım yalnız ümumilikdə deyil, demək olar ki, əksər məhsullar üzrə müşahidə edilib. Belə ki, artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz və s. təşkil edib.

Məhz bunun nəticəsində kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib ki, bu da ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Hesabat ilində ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib.

İl ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Bununla belə, idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur və hesabat ilində 682 milyon ABŞ dolları təşkil edən bu göstəricinin azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə qalmasına səbəb ola bilər ki, bu da fikrimizcə, ixracın artırılmasından da böyük əhəmiyyət kəsb edir.

Ali diqqətinizə məruzə edim ki, bu vəsaitdən 295 milyonu buğda, 48 milyonu kərə yağı, 45 milyonu çay, 41 milyonu diri heyvan və heyvan ətləri, 34 milyonu kartof, 32 milyonu düyü, 18 milyonu banan, 17 milyonu sitrus meyvələri, 17 milyon ABŞ dolları isə qarğıdalı idxalına və s. sərf edilib.

İsrail mütəxəssisləri ilə yerli şirkətlər tərəfindən ölkəmizdə aparılmış tədqiqatlar əsasında həmin məhsulların bir çoxunun mənfəətlilik dərəcəsinin yüksək olduğu qənaətinə gəlinib. Belə ki, tədqiqata görə çəltik üzrə gəlirlilik dərəcəsi 400 faizdən, soya üzrə 250 faizdən, qarğıdalı və günəbaxan üzrə 200 faizdən yuxarı olub, sonrakı yerləri isə müvafiq olaraq tütün, kartof, taxıl və pambıq tutub.

Bütün bunlar isə kənd təsərrüfatının şaxələndirilmiş inkişafı və eləcə də ölkədə istehsal edilən məhsullar üzrə daxili bazarı qorumaq istiqamətində Sizin verdiyiniz qərar və tapşırıqların nə dərəcədə düzgün olduğunu bir daha təsdiqləyir.

Keçən il təxminən 90 min ton pambıq istehsal edilərək 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib və əlavə olaraq yaxın günlərdə 9 milyon manat həcmində subsidiya alacaq.

Hesabat ilində 70 ton yaş barama istehsal edilib, onun yem bazasının bərpası məqsədilə bölgələrdə yeni çəkil bağlarının salınması üçün 1,5 milyon ədəd çəkil tingləri alınaraq 37 rayona əvəzsiz paylanılıb və tinglərin əkini həyata keçirilib. Göstərişinizə uyğun olaraq, barama istehsalı məqsədi ilə 5000 qutu ipəkqurdu toxumunun gətirilərək əvəzsiz paylanılması üçün zəruri tədbirlər görülüb.

Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirlərinin müsbət nəticəsi kimi yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75 faiz artaraq 1020 ton təşkil edib. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir.

Tapşırığınıza uyğun olaraq, əsas ixracyönümlü sahələrdən biri kimi, fındıqçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, zəruri miqdarda fındıq pöhrələri tədarük edilib, əlverişli torpaq-iqlim şəraitinə malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb ki, bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.

Buğda və çəltik istehsalına görə, ümumilikdə, 80 milyon manat, ilk dəfə olaraq süni mayalanma yolu ilə alınmış buzovlara görə 500 min manat, texnikaların dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon manat, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün isə 8 milyon manat subsidiya verilib, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrənin dəyərinin 70 faizi və ya 62 milyon manatı tam şəffaflıqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

FAO-nun hesablamalarına əsasən, 2050-ci ilədək əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün digər şərtlərlə yanaşı, 120 milyon hektar əlavə torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması zərurəti yaranacaq. Bu hesabatlarda əkin dövriyyəsinə cəlb olunacaq sahələrin əsas mənbəyi kimi irriqasiya sistemləri qurulmaqla, otlaq sahələrindən istifadə olunması qeyd edilib.

Beynəlxalq çağırışlara və tapşırığınıza uyğun olaraq, əkin sahələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılaraq, 129 min hektar örüş və otlaq sahələrinin kateqoriyaları dəyişdirilərək əkin dövriyyəsinə daxil edilib, daha 50 min hektar sahənin əkin dövriyyəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub və ən yaxın günlərdə bu məsələ də öz müsbət həllini tapacaq.

Lakin burada iş adamlarının, yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakından istifadə edərək qeyd etmək istərdim ki, örüş və otlaq sahələrimiz mövcud davarların baş sayına nisbətən normativlə müqayisədə azlıq təşkil etdiyindən bu sahələrin kateqoriyalarının dəyişdirilməsi daimi xarakterli ola bilməz və bundan sonra fəaliyyətimiz daha çox intensiv istiqamətə yönəlməlidir. Eyni zamanda, fındıq bağlarının, üzümlüklərin salınması üçün düzənlik əkin sahələri deyil, yamaclar, çəkil bağlarının salınmasında isə sahə sərhəd xətləri, yol kənarları və s. istifadə edilməlidir.

Sizin birbaşa qayğınızın nəticəsidir ki, son illər fermerlərin kənd təsərrüfatı texnikaları, gübrə, pestisid və s. ilə təminatında yaddaqalan və hətta mən deyərdim ki, bu problemlərə son qoyan illər olub. Belə ki, son üç ildə 11 min, keçən il isə 4,4 min müxtəlif kənd təsərrüfatı texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək 40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə satışa verilib.

Möhtərəm cənab Prezident, keçən il dünya liderlərinin iştirakı ilə keçirilən BMT-nin Dayanıqlı İnkişafı üzrə Sammitində milli, regional və beynəlxalq səviyyələrdə yüksək məhsuldarlığa nail olmaq üçün toxumçuluğun inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən olunub. Bu qlobal hədəfin reallaşdırılması məqsədilə verdiyiniz tapşırığa uyğun olaraq, müxtəlif bitki sortlarının istehsalı və saxlanması üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bazasında virussuz kartof və hibrid tərəvəz toxumlarının istehsalı müəssisəsinin inşasına başlanılıb, yüksək kondisiyalı bitki toxumlarının standartlara uyğun emalı, qablaşdırılması və satışı məqsədilə 7 müasir tipli toxum emalı fabrikinin qurulmasına isə yaxın zamanlarda başlanacaq.

Yeri gəlmişkən, keçən il elmi-tədqiqat institutlarımız tərəfindən 40 ton orijinal, 260 ton superelit, 2000 tona yaxın elit toxumlar istehsal edilərək artırılması üçün toxum istehsalçılarına verilib ki, bu da sertifikatlı toxum təminatını yüksəltməklə məhsuldarlığın artırılmasına zəmin yaradıb. Ona görə də hesab edirik ki, cari il həm də toxumçuluğun inkişafı ili kimi yadda qalacaq.

Möhtərəm cənab Prezident, ali rəhbərliyinizlə müxtəlif istiqamətlərdə yaradılmış yüzlərlə qürur duyulan sahələrin siyahısına artıq qida təhlükəsizliyi və heyvan sağlamlığı üzrə yaradılmış bir BSL-2 səviyyəli, 6 regional, 42 diaqnostik, 115 baytarlıq sanitariya-ekspertiza laboratoriyalarını da daxil etmək olar. Daha 6 regional laboratoriya isə cari ildə istifadəyə veriləcək ki, bütün bunlar da qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. İki-üç ay ərzində istifadəyə veriləcək 11 regional aqrokimya laboratoriyaları da bu qəbildən olmaqla, fermerlərimizin çoxdankı arzusu və çətinliyi olan “torpaq analizi” kimi çox zəruri bir xidmətə başlayacaq.

Heyvanlar və quşlar arasında bruselyoz, qarayara, dabaq, Nodulyar dermatit, çiçək və s. xəstəliklərə qarşı aparılan profilaktiki və diaqnostik tədbirlər, eləcə də müxtəlif zərərvericilərə qarşı bioloji mübarizə üsulları ölkədə epizootik və fitosanitar vəziyyəti tam stabil saxlamağa imkan verib.

Zati-aliləri, icazə verin, Sizi bir daha əmin edim ki, ali etimadınızı doğrultmaq və əhalimizin aqrar sektora inamını artırmaq üçün qəbul etdiyiniz bütün qərarlar və verdiyiniz tapşırıqlar vaxtında və keyfiyyətlə icra ediləcək.

                                                                                       X X X

Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir QULİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Müasir çağırışların tələblərinə uyğun çevik iqtisadi siyasətiniz və bilavasitə rəhbərliyiniz ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Əldə olunan bütün nailiyyətlər Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir.

Möhtərəm cənab Prezident, meyvə və tərəvəz əsas ərzaq məhsullarından olmaqla, həm də geniş ixrac potensialına malik və valyuta gətirən məhsullardır. Ölkəmizin əlverişli təbii iqlim şəraiti demək olar ki, bütün bölgələrdə meyvə və tərəvəz istehsalına imkan verir. Tapşırığınıza uyğun olaraq, son illər digər sahələrdə olduğu kimi, meyvə-tərəvəz istehsalında da müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına, bu sahələrin daha gəlirli sahəyə çevrilməsinə və ixracın genişlənməsinə imkan yaradıb. Sizin bu sahələrin inkişafına göstərdiyiniz böyük diqqət və sahibkarlara dövlət dəstəyinin nəticəsidir ki, intensiv meyvə bağlarının əkin sahələri genişlənib, müasir istixana kompleksləri yaradılıb. 2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq ötən ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Bu isə regional və qlobal səviyyədə davam edən mürəkkəb iqtisadi proseslər şəraitində ölkəmizə əlavə valyuta gətirilməsində mühüm rol oynayır. İstehsal etdiyimiz məhsullar ənənəvi hesab olunan Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə ixrac olunur.

Sizin tapşırığınız və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə meyvə-tərəvəz istehsalı və ixracı istiqamətində reallaşdırılan tədbirlərin koordinasiyasını təmin etmək məqsədilə ötən il Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası yaratmışıq. Assosiasiyamızın əsas məqsədlərindən biri də bu sahədə fəaliyyət göstərən sahibkarları birləşdirməklə, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına kömək göstərmək, sahibkar-dövlət münasibətlərini daha da inkişaf etdirmək və xüsusilə ixrac potensialını artırmaqla, onun coğrafiyasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərməkdir.

Cənab Prezident, geniş istehsal və ixrac potensialı olan meyvə-tərəvəz sahəsinin inkişafına daim dövlət dəstəyi göstərilir. Müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bundan sonra da bu sahə sürətlə inkişaf edəcək, ixrac imkanlarımız daha da artacaq.

Mən assosiasiyanın rəhbəri olmaqla yanaşı, həm də sahibkarlıq fəaliyyəti ilə məşğulam. Əlverişli investisiya mühitindən bəhrələnərək Zirə qəsəbəsində 5 hektar ərazidə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurmuşuq, istehsal olunan məhsullar “AzTomato” brendi altında ixrac olunur. Həyata keçirdiyiniz islahatlardan ruhlanaraq İsmayıllı rayonunda pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini özündə birləşdirən, ümumi dəyəri 5 milyon manat olan intensiv kartofçuluq təsərrüfatı yaratmışıq. Bu layihənin icrası məqsədi ilə dövlətin 2 milyon manat güzəştli kreditindən istifadə etmişik. Əsas hədəfimiz qısa zaman ərzində torpaq sahələrini genişləndirərək bu layihənin bazasında aqroparkın yaradılmasını təmin etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, əsasən ixrac olunacaq.

Möhtərəm cənab Prezident, mənə yaradılmış imkandan istifadə edərək məruzə edim ki, meyvə-tərəvəz məhsullarının istehsalının və ixracının artırılması, xarici bazarların tələblərinə uyğun məhsul yetişdirilməsi üçün yeni intensiv meyvə bağlarının, tingçilik və istixana təsərrüfatlarının yaradılmasına daha çox dövlət dəstəyinin göstərilməsinə ehtiyac var. Bu məqsədlə dövlət tərəfindən yararlı torpaqların ayrılmasına müvafiq tapşırıq verməyinizi xahiş edirik.

Ölkəmizin inkişafında göstərdiyiniz bu fədakar fəaliyyətinizdə Sizə uğurlar arzulayır və əmin edirik ki, bundan sonra da əzmlə çalışacaq, üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.

                                                                                             X X X

 Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl ORUCOV çıxış edərək dedi: 

- Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub.

Fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Azərbaycana məxsus ata-baba sortu dünyada ən keyfiyyətli və ən bahalı fındıq növlərindəndir.

Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Belə ki, ötən ildə ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Keçmiş illərdən fərqli olaraq, istehsalçılarımız xarici ölkələrə artıq birbaşa məhsul ixrac edirlər. Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Təşkil olunmuş çoxsaylı biznes-forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak etmiş və potensial idxalçılarla əlaqə yaratmışıq. Biz yeni dəstək mexanizmlərindən, xüsusilə ixracın təşviqi və “Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı 2016-cı il 16 noyabr tarixli Sərəncamınızı xüsusilə qeyd etmək istəyirəm. Dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi və yeni bağların salınması fındıq istehsalının və ixracının artmasına böyük töhfə verəcək.

Cənab Prezident, qeyri-neft sektorunun inkişafına və sahibkarlığa göstərilən bu dəstək tədbirlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Məlumat üçün bildirmək istərdim ki, fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır. Bu sahədə səmərəliliyin artırılması, dəyər zəncirinin formalaşdırılması və işin əlaqəli şəkildə aparılması vacibdir. Bu məqsədlə ötən il İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq. Assosiasiyanın qarşısında duran vəzifə fındıq istehsalının inkişafını yeni mərhələyə çatdırmaq, məhsullarımızı yeni bazarlara çıxarmaq, istehsal texnologiyalarına dair təcrübə mübadiləsini təmin etmək, iş adamlarının qarşısında dayanan çağırışların həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdir.

Cənab Prezident, bu sahənin potensialı böyükdür. İstehsalın və ixracın artırılmasına nail olmaq üçün assosiasiya üzvləri adından bir sıra təklifləri irəli sürmək istərdim: fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi; əsas istehsal bölgələrində laboratoriyaların açılması və laborator analizlərin aparılmasının təkmilləşdirilməsi; fındıq istehsalının artırılması üçün maliyyə resurslarına çıxış, o cümlədən güzəştli kreditlərin genişləndirilməsi; ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunması (hazırda həmin mexanizmə yalnız emal olunmuş fındıq daxildir və assosiasiyamızın üzvləri ancaq bu təşviq imkanlarından yararlanır); fındıqçılıq sahəsində yüksəkixtisaslı aqronom və texnoloqların hazırlanması.

Möhtərəm cənab Prezident, fındıqçılığın inkişafı və qeyri-neft ixracının artırılması ilə bağlı verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarlar üzərimizə düşən məsuliyyəti dərk edirik. Sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımızı bildirir və əmin edirik ki, bu istiqamətdə bütün səylərimizi səfərbər edəcəyik.

                                                                                              X X X

Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin MƏDƏTOV çıxış edərək dedi: 

-Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Sizin tərəfinizdən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq, aqrar sənayenin inkişafı təmin olunub və sahibkarlar üçün əlverişli biznes mühiti yaranıb.

Ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-nin ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilməsi ilə bağlı imzaladığınız Sərəncam biz sahibkarlara göstərilən diqqətin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, şərabçılıq Azərbaycanın ənənəvi istehsal sahələrindən biridir. Sizin bu sahəyə göstərdiyiniz diqqət, qəbul etdiyiniz qərar və proqramların icrası nəticəsində hazırda respublikamızda üzümçülük və şərabçılıq özünün yeni inkişaf mərhələsindədir. Ölkəmizin ayrı-ayrı bölgələrində üzümçülük sahələri genişləndirilir, yeni emal müəssisələri açılır, şərab istehsalının çeşidi isə artırılır. Daxili bazarda artıq yeni trend əmələ gəlir. İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib.

Eyni zamanda, şərablarımız xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. Sizin tərəfinizdən 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes-forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib. Cari ildə isə dünyada ən önəmli sayılan Çin və Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik, müxtəlif ixrac missiyaları ilə şərablarımızı ölkə xaricində tanıdacağıq. Yaradılmış bu imkanlara görə Sizə çox minnətdarıq.

Şərabçıların istehsal və ixrac sahəsində işinin koordinasiyasını təmin etmək üçün 2016-cı ildə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq. Assosiasiyamız bu sahədə fəaliyyət göstərən sahibkarları öz ətrafında birləşdirməklə, onların problemlərinin həllinə kömək göstərilməsinə, şərabçılıqla bağlı statistikanın təkmilləşdirilməsinə, ixracın artırılmasına, xarici bazarlarda daha güclü marketinq fəaliyyətinə çalışacaq.

Cənab Prezident, şərabçılıq sahəsinin potensialı böyükdür. Qarşımızda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və məqsədlər dayanır. Bununla bağlı assosiasiyamızın bir sıra təklifləri var: ilk növbədə, şərabçılıq və üzümçülük sahəsində yüksəkixtisaslı texnoloq və aqronomların hazırlanmasına, şərabçılıq məhsullarının regionlara və mikrozonalara ayrılaraq qorunması və xaricdə təbliğinə, şato tipli fərdi şərabçılığın inkişafına, müəssisələrdə dövriyyə vəsaitinin artırılmasına dövlət dəstəyinin daha da genişləndirilməsi, şərab məhsullarının istehsalı üçün bir sıra komponentlərin ölkə daxilində istehsalı.

Möhtərəm cənab Prezident, istehsalın artırılması və ixracın təşviqi ilə bağlı Sizin verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarlar bundan sonra da var qüvvəmizlə çalışacağıq.

                                                                                           X X X

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid BAĞIROV çıxış edərək dedi: 

-Zati-aliləri, möhtərəm Prezident.

Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə qeyri-neft sektorunun inkişafı naminə yürütdüyünüz siyasət hər zaman başlıca istiqamət olub. Qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmə göstərdiyiniz diqqət və qayğı, bu sahədə həyata keçirdiyiniz islahatlar ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verib.

2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Turizm Assosiasiyası ölkədəki turizm şirkətlərini və otelləri birləşdirir, onların fəaliyyətini koordinasiya edir. Quruma 150-dən çox turizm şirkəti, 100-dən çox mehmanxana kompleksi daxildir.

Azərbaycan Turizm Assosiasiyası artıq üçüncü seçki ilidir ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının Qoşulan üzvlər Şurasının Avropa üzrə vitse-prezidenti seçilir. Assosiasiyamız ölkəmizdə və xarici ölkələrdə təşkil olunan bütün biznes-forumlarda aktiv iştirak edərək turizm imkanlarını təşviq edir.

Azərbaycan Turizm Assosiasiyası turistlərə bələdçi xidmətinin göstərilməsi, həmçinin bu sahədə kadrların hazırlanması üçün ilk dəfə olaraq Bakı ekskursiya bürosunu yaradıb. Büro Bakı və regionlarda turistlərə müxtəlif dillərdə ekskursiya xidmətləri göstərir.

Ölkənin davamlı inkişafının bir hissəsi kimi qiymətləndirilən turizm sahəsinin inkişafı ilə bağlı son illər Sizin tərəfinizdən imzalanmış çoxsaylı fərman və sərəncamların icrası bu sahənin inkişafına daha əlverişli şərait yaradıb. Nümunə üçün qeyd etmək istərdim ki, bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Möhtərəm cənab Prezident, ölkəmizdə turizm sahəsində aparılan köklü islahatların davamı olaraq, 2016-cı ildə imzaladığınız “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamınızı xüsusi qeyd etmək istərdim. Bu Sərəncamda Azərbaycan Respublikasının Turizm Şurasının yaradılması, “shopping festivalı”nın keçirilməsi, əlverişli yeni beynəlxalq uçuşların cəlb olunması, turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin, yeni turizm və rekreasiya zonalarının yaradılması, çimərlik turizminin inkişafı, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi, Turizm Reyestrinin yaradılması və digər mühüm məsələlər yer alıb.

Cənab Prezident, qeyd etmək lazımdır ki, son illər daxili turizm regionlarda daha çox inkişaf edir. Belə ki, turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən Şahdağ və Tufandağ turizm istirahət, Naftalan, Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir otel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin bütün ilboyu inkişafına təkan verib.

Qeyd edilməlidir ki, respublikamızda keçirilən “Eurovision-2012”, qızlar arasında futbol üzrə U-17 dünya çempionatı, Beynəlxalq Caz Festivalı, birinci Avropa Oyunları, Formula-1 və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanın turizm imicinə çox böyük müsbət təsiri olub. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizi dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaradıb.

Möhtərəm Prezident, ölkəmizdə turizm sənayesinin daha da inkişafı üçün bir neçə addımın atılması arzuolunandır. Buna misal kimi, ölkəmiz üçün prioritet olaraq seçilmiş ölkələrdən birbaşa uçuşların sayının artırılmasını, aviabiletlərin və yerləşdirmə vasitələrinin qiymətlərinin daha münasib olmasını, ölkəmizdə hostellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin edilməsini göstərmək olar. Bununla yanaşı, turistləri ölkəmizin füsunkar təbiəti, özünəməxsus mədəniyyəti, zəngin və möhtəşəm tarixi, milli mətbəxi ilə bərabər Xəzər dənizi də çox maraqlandırır. Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməli, dəniz gəzintiləri, adalarda turizmin inkişaf etdirilməsi imkanlarından yararlanmalıyıq.

Cənab Prezident, yüksək diqqət və qayğınız sayəsində turizmin inkişafında əldə olunmuş uğurların davam etdirilməsi, o cümlədən ölkəmizin turizm imicinin qorunması, turistlərə yüksək səviyyədə xidmətin təşkili üçün bu sahədə çalışan şirkətlərin fəaliyyətinə keyfiyyət nəzarəti mexanizmi daha da təkmilləşdirilməlidir. Bu istiqamətdə turizm ictimaiyyəti bütün səyləri səfərbər etməyə hazırdır.

Azərbaycan Turizm Assosiasiyasının bütün üzvləri adından ölkəmizdə turizmin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

                                                                                             X X X

Balıq yemi istehsalı zavodunun direktoru Zaur SALMANOV çıxış edərək dedi: 

-Möhtərəm cənab Prezident.

2016-cı il ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması tədbirlərinin sürətlənməsi ilə yadda qaldı. Bütün sahələrdə yeni dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılması nəticəsində iqtisadi artımın davamlılığı və qeyri-neft sektorunun inkişafı uğurla təmin olunmuşdur. Nəticədə özəl sektorun inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşmışdır.

Möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınıza uyğun olaraq, Azərbaycanda ilk sənaye zonası Neftçala rayonunda yaradılıb. Rayonun əsas mərkəzi infrastruktur şəbəkələrindən kənarda yerləşməsinə baxmayaraq, sənaye zonasının burada yaradılması Neftçala ilə yanaşı, ətraf rayonlarda da sahibkarlığın inkişafına və əhalinin məşğulluq səviyyəsinin artırılmasına çox böyük imkan yaradır. Sənaye zonasında fəaliyyət göstərən rezident sahibkarlar üçün Azərbaycan İnvestisiya Şirkəti tərəfindən dövlət vəsaiti hesabına bütün zəruri infrastruktur, o cümlədən elektrik, qaz, su, kanalizasiya, rabitə və digər infrastruktur yaradılıb. Bununla yanaşı, sənaye zonasında bütün rezidentlərin yararlana biləcəyi hüquqi məsləhət, logistika, mühasibatlıq və digər xidmətlər həyata keçirilir.

Möhtərəm cənab Prezident, Sizin məqsədyönlü iqtisadi siyasətinizin və sahibkarlığın inkişafına göstərdiyiniz dəstəyin nəticəsi olaraq, biz sahibkarlar üçün yaratdığınız əlverişli şəraitdən bəhrələnməklə, Neftçala Sənaye Zonasında Azərbaycanda ilk olaraq balıq yemi istehsalı zavodu yaradırıq. Bunun üçün dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, Sizin Sərəncamınızla tətbiqinə başlanılmış investisiya təşviqi sənədi əsasında idxal etdiyimiz mütərəqqi texnika və avadanlıqlara görə əlavə vergi və rüsumlardan azad olunmağımız biz sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar, eləcə də zavodun sənaye zonasında yaradılmasının təşkili ilkin investisiya xərclərimizə təqribən 30 faizədək qənaət etməyə imkan verib.

Möhtərəm cənab Prezident, icazənizlə məruzə edim ki, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Zavodda tikinti işləri tamamlanıb və Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır. Bu zavod Azərbaycanda ekstruder texnologiyası ilə təchiz olunmuş və balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodu olacaq. Bu da Neftçala rayonunda tarixən ənənəvi istehsal sahəsi olan balıqçılığın digər rayonlarda da sənaye üsulu ilə inkişafına təkan verəcək. Eləcə də geniş istehlak olunan balıq növləri istehsalının stimullaşdırılması ilə yanaşı, Azərbaycanda daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacaq.

Artıq bu ilin martından etibarən öz məhsullarımızı yerli bazara çıxarmağı planlaşdırırıq. Müasir və keyfiyyətli yemlərdən istifadənin real nəticələri isə keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Eyni zamanda, sənaye üsulu ilə nərə balığı, qara kürü, qızıl balığın istehsalı sahələri də öz ixrac potensialından geniş istifadə imkanı əldə edəcək. Zavodumuzla əməkdaşlıq ölkəmizdə qiymətli balıq növlərinin yetişdirilməsi ilə bağlı layihələrin icrasını mümkün və hətta deyərdim ki, zəruri edib. Biz belə bir əməkdaşlığa artıq bu gündən hazırıq. Ümumilikdə isə balıq məhsullarına tələbatın əsasən daxili istehsal hesabına təmin olunması idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq.

Zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Bu da regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla, istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabətqabiliyyətliliyin artmasına gətirib çıxaracaq. Müəssisəmizdə yüksəkixtisaslı mütəxəssislərlə bərabər, 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Layihənin icra olunacağı növbəti illərdə iş yerlərinin sayı daha da artırılacaq.

Hörmətli cənab Prezident, regionlarda sahibkarlığın inkişafını daim diqqətdə saxladığınıza, biz sahibkarlar üçün yaratdığınız əlverişli şəraitə görə Sizə bir daha minnətdarlığımızı bildirirık. Neftçala Sənaye Zonasının rezidentləri adından Sizi əmin edirik ki, öz əməli fəaliyyətimizlə dövlətimizin davamlı inkişafına töhfə verəcək, bütün səylərimizi səfərbər edəcəyik.

                                                                                                 X X X

Azərbaycan Prezidenti İlham Əliyev konfransda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

-Əminəm ki, bu çıxışlarda səslənən təkliflər dövlət orqanları tərəfindən təhlil ediləcək. Bu gün və bundan sonrakı görüşlər əsnasında bütün bu məsələlər öz həllini tapacaq və beləliklə, ixracımız və yerli istehsalımız üçün yeni imkanlar yaranacaq.

Bu il görüləcək işlərlə bağlı tapşırıqlarımı vermək istəyirəm. Birincisi, infrastruktur layihələrinə aid olan məsələlər. “Azərişıq” bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir. Yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır. Bu proses gedir, daha da sürətlə getməlidir. Çünki indi bizim generasiya gücümüz kifayət qədər böyükdür. Biz elektrik enerjisini bu gün artıq ixrac edirik. Belə olan halda, bütün elektrik təsərrüfatımız da, daxili təsərrüfat da yüksək səviyyədə olmalıdır ki, heç bir fasilə və başqa problem olmasın.

Bu il “Azəriqaz” ən azı 80 kəndə qaz verməlidir. Qaz xətləri çəkilməlidir. Qeyd etdiyim kimi, bizdə qazlaşdırma indi 92 faizdir. Bu ilin sonuna qədər bu, 94 faizə çatmalıdır. Səksən kəndin qazlaşdırılması minimum proqramdır. Nə qədər çox olsa, o qədər yaxşıdır.

“Azəravtoyol” bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcək. Bununla bərabər, 40 kənd yolu layihəsi də icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq.

Nəqliyyatla bağlı digər məsələ isə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirilməsidir. Bu il bu layihənin birinci mərhələsi başa çatmalıdır. Dövlət investisiya proqramında bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. Digər nəqliyyat layihələrinin icrası da davam edir. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edibdir, istər Bakı-Tbilisi-Qars, istər Şimal-Cənub layihələri ilə bağlı. İndi isə bizim qonşu tərəfdaş ölkələrdə aparılacaq işlər nəticəsində bu layihələr ərsəyə gələcək.

Əlbəttə, biz öz üzərimizə düşən bütün vəzifələri tez bir zamanda artıqlaması ilə icra etmişik və bütün lazımi infrastruktur var. Bundan əlavə, bir neçə il əvvəl Bakıda tikilmiş gəmiqayırma zavodunun fəaliyyəti nəticəsində biz öz donanmamızı da yeniləşdiririk. Eyni zamanda, biz təkcə özümüzü yox, Xəzəryanı qonşu ölkələri də müasir gəmilərlə təmin edə bilərik.

“Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır. Ancaq biz bu proqramın icrasına başlayanda fasiləsiz suyun verilməsi üzrə ümumi göstərici təqribən 25-30 faiz idi. Yəni, çox işlər görülüb və bu il də davam etdirilməlidir.

Bununla paralel olaraq, biz çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular da quraşdırırıq. Artıq 300-400 min nəfər əhali bu imkanlardan istifadə edir. Bu il minimum 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır.

Meliorasiya ilə bağlı çox böyük işlər görüləcək. Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq. Buna nail olmaq üçün imkanlar var. Müvafiq göstərişlər verilibdir. Bu layihələrin icrası nəticəsində bizim ixrac potensialımız böyük dərəcədə artmalıdır. İndi yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə bağlı işlər gedir. Elə etməliyik ki, ilk növbədə, öz daxili tələbatımızı ödəyək və eyni zamanda, güclü ixrac potensialı da yaratmalıyıq.

Bu layihələrlə bağlı artıq konkret işlər görülür. Qeyd etməliyəm ki, bu işlər nəzarətdədir. Mən görüləcək minimum işlərin həcmini diqqətə çatdırmaq istəyirəm ki, hamı bilsin. Bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır. Deməli, biz rayon icra hakimiyyətlərinin xətti ilə yerlərdən verilən təkliflər əsasında bu məsələlərə baxdıq və vəsait ayırırıq. Bu, Dövlət İnvestisiya Proqramında da var. Mən rayon icra hakimiyyətlərinin xətti ilə hansı işlərin görüləcəyini indi sadalayacağam ki, bizim dövlət orqanları və eyni zamanda, rayon ictimaiyyəti buna nəzarət etsinlər. Əgər orada hansısa ləngimə olarsa, yaxud da ki, bu işlər natamam görülərsə, dərhal məlumat versinlər.

Beləliklə, Ağdam rayonunda yerlərdən xahiş olundu ki, orada 30 artezian quyusu qazılsın və vəsait də ayrıldı. Bunun nəticəsində təqribən min hektardan çox torpağa su veriləcək. Ağdaş rayonunda 15 min 800 hektar, Füzuli rayonunda 3 min hektar, Hacıqabul rayonunda 4800 hektar, İmişli rayonunda 3 min hektar, Kürdəmir rayonunda 10 min 650 hektar, Neftçala rayonunda 8 min hektar, Salyan rayonunda 5 min hektar, Şəmkir rayonunda 8 min hektar və Ucar rayonunda 2100 hektar torpaq su ilə təmin olunacaq. Bax, sadaladığım bütün bu rəqəmlər təmin edilməlidir. Çünki bu rəqəmlər yerlərdən verilib. Bu rəqəmlərə görə dövlət vəsaiti ayrılıb. Ona görə çox ciddi nəzarət və təftiş edilməlidir. Bu layihələr ancaq rayon icra hakimiyyətlərinin xətti ilə icra ediləcək.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə aşağıdakı layihələr icra edilməlidir – 2700 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Mil kanalının tikintisi. Neftçala magistral kanalının tikintisi 4300 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Balahəşimxanlı, Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın tikintisi. Bu da əlavə 2000 hektar torpaq sahəsini suvarmağa imkan verəcək. Araz çayının yeni qolunun tikintisi təxminən 40 min hektar sahəni su ilə təmin edəcək. Goranboy, Samux rayonlarının ərazisində görüləcək suvarma işləri 4500 hektara su gətirəcək. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və inkişafı hesabına Taxtakörpü su anbarı tikilir, ondan indi qollar ayrılır. Bu da Xızı, Şabran və Siyəzən rayonlarında 20 min hektara suyun verilməsini təmin edəcək.

Üçüncü qurum “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. “Azərsu” bu istiqamətdə iki layihəni icra edəcək. Hacıqabul və Şamaxı rayonlarında 10 min hektar torpağa su gətirəcək. Zərdab rayonunda da 10 min hektar torpaq suvarılacaq. Beləliklə, əgər bütün bu rəqəmləri toplasaq, təxminən 160 min hektara yaxın yeni əkin sahələri yaradılacaq. Bütün bunlar artıq təsdiq edilib və vəsait də nəzərdə tutulub. Mən ona görə bu rəqəmləri diqqətə çatdırıram ki, ictimaiyyət bunu bilsin və bu işlərə çox ciddi nəzarət olmalıdır. Onu da qeyd etməliyəm ki, biz ilk dəfə olaraq suvarma işlərinin bir hissəsini rayon icra hakimiyyətlərinə həvalə edirik. Onlar da bu məsuliyyəti dərk etməlidirlər və bütün bu işlər lazımi səviyyədə görülməlidir.

Əlbəttə ki, suvarma ilə bağlı biz müasir texnologiyalar tətbiq etməliyik. Artıq pivot suvarma sistemləri Azərbaycana gətirilir. İndi biz dövlət xətti ilə buna böyük vəsait ayırırıq. Hesab edirəm, vaxt gəlib çatıb ki, Azərbaycanda pivot suvarma qurğularının istehsalına başlansın. Burada biznes qurumları fəallıq göstərməlidirlər. Bu, həm onlara lazımdır, həm dövlət bunu alacaq. Yəni, burada bazarla bağlı heç bir problem olmayacaq. Əlbəttə ki, valyuta kənara getməyəcək.

Sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək. 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı önəmli addımlar atılmalıdır. Artıq Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə icra edilməyə başlayıb. Biz baxarıq bu layihə necə icra ediləcək. Hər halda, inkişaf etmiş ölkələrdə icbari tibbi sığorta sistemi çoxdan tətbiq olunur. Biz də müasirliyə doğru gedirik. Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik. İnkişaf etmiş ölkələrin təcrübəsi, əlbəttə ki, müsbətdir. Biz isə bunu sınaq, pilot layihə kimi icra etməyə başlayırıq və 2017-ci il bu istiqamətdə önəmli il olmalıdır.

Sosial infrastruktur layihələri ilə bağlı artıq konkret tapşırıqlar var. Təhsil Nazirliyinin xətti ilə bu il təxminən 130-a yaxın məktəbdə təmir və tikinti işləri aparılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti isə bu il və gələn il Bakıda təmirə ehtiyacı olan qalan məktəblərdə də təmir işlərini yekunlaşdırmalıdır. Artıq bir neçə ildir ki, bu proqram icra edilir.

Bakının əksər məktəbləri ya yenidən tikilib, ya əsaslı təmir olunub, yeni korpuslar inşa edilib. Hələ ki, bir neçə təmirsiz məktəb qalır və biz bu il, gələn il buna da artıq son qoymalıyıq.

Gənclər və İdman Nazirliyi bu il Abşeron və Ağcabədi Olimpiya İdman komplekslərini istifadəyə verməlidir. Hazırda inşası gedən digər Olimpiya komplekslərində də işlər davam etdirilməlidir.

“Dövlətqaçqınkom”un xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Qeyd etməliyəm ki, son illər ərzində məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilmişdir. 200 mindən çox məcburi köçkün o binalara yerləşdirilmişdir. Bütövlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb.

Bu il yeni binalar tikilməlidir. Yerlər ayrılıbdır. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur. Çünki artıq orada infrastruktur var və əlavə infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də bu il başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Bir daha demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib. İndi hesablamalar, layihələndirmə işləri aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır.

Bildiyiniz kimi, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir.

Bu kənd bir neçə ay işğal altında olub. Sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdir. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər.

İndi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar. Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcəkdir. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır. Həm əkin sahələri, digər iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq.

Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu rəqəmlər həm görülən işləri əks etdirir, həm də onların görüləcək işlərlə bağlı əhəmiyyəti var. Beləliklə, bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti – özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti – 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları – özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal vardır. Əmtəəlik yumurta – 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bax, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.

Bitki yağları – özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni, əslində, bitki yağları və marqarinin istehsalı sadəcə olaraq iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda, bu, daxili xammal əsasında istehsal edilsin.

Kərə yağı – 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar.

Buğda – özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində biz özümüzü buğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa – 102 faiz, qarğıdalı – 71 faiz, soya – cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik. Ancaq burada siyahı var, yəqin ki, konfransın ikinci hissəsində bu məsələ daha da detallı müzakirə ediləcək. Mən bütün bu meyvə növlərini sadalamaq istəmirəm. Lakin elə növlər var ki, biz özümüzü təmin edə bilmirik. Bu da təəssüf doğurur. Ancaq bütövlükdə meyvə, giləmeyvə bizim vacib ixrac məhsulumuzdur.

Bütün növ tərəvəz – burada da ümumi rəqəm 96 faizdir. Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Çay – özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Duz ilə isə özümüzü 100 faiz təmin edirik və xarici komponent ancaq 5 faizdir. Bu, çox yaxşı göstəricidir. Bir neçə il bundan əvvəl biz demək olar ki, duzun hamısını idxal edirdik.

Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.

Makaron məmulatları – özümüzü cəmi 38 faiz təmin edirik, bunun içində də 95 faiz xarici xammal var. Bal – 97 faiz.

Bir tərəfdən əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, - təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində və bayaq qeyd etdiyim, bu 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu doldura bilərik, eyni zamanda, çox böyük ixrac imkanımız da yaranacaq.

Mən kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm. Pambıqçılıq indi Azərbaycanda sürətlə inkişaf edir. Burada rəqəmlər səsləndi. Biz keçən il 51 min hektardan 90 min tona yaxın pambıq tədarük etmişik. Bu il isə 100-120 min hektarda pambıq əkiləcək və biz təqribən 200 min ton pambıq gözləyirik. İyirmi yeddi rayonda pambıqçılıq inkişaf edib.

Bu sahə bilavasitə Mingəçevirdə yaradılmaqda olan sənaye parkının fəaliyyəti ilə bağlıdır. Çünki Mingəçevirdə keçən il təməlini qoyduğum zavodların bir neçəsi bu ilin sonuna qədər artıq istifadəyə verilməlidir. Orada ipliklə bağlı və digər sahələr üzrə 10-a yaxın zavod fəaliyyət göstərəcək. Pambıqçılıq da bilavasitə, bax, bu sənaye zonasının inkişafına xidmət göstərəcək. Beləliklə, biz ixracdan daha da böyük vəsait əldə edəcəyik. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Çünki 100 mindən çox, bəlkə də 150 min insan pambıqçılıqda işləyəcək.

Baramaçılıqla bağlı görülən operativ tədbirlər nəticəsində bu sahəyə də böyük təkan verildi. Hazırda 37 rayonda baramaçılıqla məşğuldurlar. Dövlət öz vəsaiti hesabına bütün lazımi məsələləri həll edir, tingləri gətirir və baramaçılıq da inkişaf edir. Keçən il 70 ton yaş barama tədarük olunub. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton və bəlkə də bundan çox yaş barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir.

Fındıqçılıqla bağlı burada rəqəmlər səsləndi. Cəmi bir il ərzində fındıq əkini sahələri dövlət hesabına təxminən 40 faiz artmışdır. Fındıq kənd təsərrüfatı məhsulları arasında bu gün ən çox valyuta gətirən məhsuldur. Bu sahənin inkişafına bizim təbii iqlimimiz də imkan verir. Fındıqçılıq indi 13 rayonda inkişaf etdirilir və biz fındıq bağlarının sahəsini 80 min hektara çatdırmalıyıq. Əgər bu gün bu bağların sahəsi təqribən 30-35 min hektardırsa, biz bunu 80 min hektara çatdırmalıyıq və beləliklə, iki dəfədən çox gəlir əldə ediləcək və vətəndaşlar iki dəfə çox pul qazanacaqlar.

Şəkər çuğunduru ilə bağlı mən qeyd etdim, bizdə artıq təhlillər aparılıb və təqribən 30-40 min hektarda şəkər çuğunduru əkilməsi müəyyənləşdirilib. Orada istehsal olunacaq məhsul şəkər emalı zavoduna göndəriləcək və bu müəssisə xarici xammaldan - şəkər qamışından asılılığı böyük dərəcədə azaldacaq. Beləliklə, valyuta xaricə getməyəcək, - çünki şəkər qamışının alınmasına böyük vəsait gedir, - əlbəttə ki, bunun kənd təsərrüfatının inkişafına çox böyük xeyri olacaq.

Meyvə - xurma, nar bağlarının salınması üçün artıq müvafiq göstərişlər verilib. Bunlar ən çox gəlir gətirən sahələrdir. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Əfsuslar olsun ki, biz özümüzü bu məhsullarla təmin edə bilmirik. Halbuki bu da həm daxili bazar, həm də ixrac üçün çox qiymətli məhsuldur.

Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq. Biz zeytun ixracını artırmalıyıq.

Tütünçülüklə bağlı müvafiq göstərişlər verilib. Biz tütünün istehsalını üç dəfə artırmalıyıq. Əlbəttə ki, xarici bazarları müəyyən etməklə paralel olaraq, tütün istehsalı 10 min tona çatdırılmalıdır. Biz həm ölkə daxilində istehsalı artırmalıyıq, eyni zamanda, xarici bazarlara çıxış əldə etməliyik. Bu istiqamətdə artıq müvafiq tapşırıqlar verilib, kontraktlar bağlanıb. Bu da çox gəlirli bir sahədir.

Üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Biz, əlbəttə, indiki səviyyə ilə razılaşa bilmərik. Bu gün burada assosiasiyaların rəhbərləri çıxış etdilər. O assosiasiyaların bir çoxu bizim tövsiyəmizlə keçən il yaradılıb. Çünki biz gərək hər bir istiqamət üzrə mərkəzləşmiş siyasət aparaq. Şərabçılar Assosiasiyası çalışmalıdır ki, xarici bazarlara dövlətin dəstəyi ilə daha böyük həcmlə çıxaq. İndi burada rəqəm səsləndi, biz cəmi üç milyon yarım dollar dəyərində məhsul ixrac edirik. Əlbəttə, Azərbaycan kimi ölkə üçün bu, çox aşağı səviyyədir. Biz bunu 10 dəfə, bəlkə də 20 dəfə artırmalıyıq və buna imkan var. Çünki indi bizdə yeni üzüm bağları salınır, kifayət qədər üzüm emalı, şərab zavodlarımız var, onlar tam gücü ilə işləmir. Yəni, burada çox ciddi dövlət siyasəti aparılmalıdır. Üzümçülük, şərabçılıq çox gəlirli sahədir və biz artıq kontraktlar imzalamışıq. Dost, tərəfdaş ölkələrlə indi danışıqlar aparılır ki, onlar öz bazarlarında Azərbaycan şərabı üçün müəyyən bir yer ayırsınlar. Bu proses artıq keçən il başlayıb, bu il daha da geniş vüsət alacaq.

Soya əkini. Biz soyanın alınmasına ildə 50-60 milyon dollar xərcləyirik. Halbuki soyaya olan daxili tələbatımızı 1-2 il ərzində tam ödəyə bilərik və pul ölkəmizdə qalacaq. Soya da ixracyönümlü məhsuldur. Biz soya əkini sahələrini artırsaq, bu məhsulu da çox böyük uğurla ixrac edə bilərik.

O ki qaldı, taxılçılığa, bu, strateji sahədir. Düzdür, bu, böyük gəlir gətirən sahə deyil. Əgər digər kənd təsərrüfatı məhsulları ilə müqayisə etsək, bəlkə də ən az gəlir gətirən sahədir, amma bu, strateji sahədir. Ona görə biz kömək göstəririk ki, böyük fermer təsərrüfatları, aqroparklar yaradılsın, məhsuldarlıq artsın, keyfiyyət yaxşılaşsın. Biz indiki 53 faizdən daha da yüksək faizə nail olmalıyıq ki, özümüzü təminetmə səviyyəsinə çataq. Beləliklə, idxaldan da asılılıq azalacaq. Çünki bu gün təqribən 250-300 milyon dollar ətrafında vəsait ancaq bu məqsədlər üçün xaricə gedir. Taxılçılığın, əlbəttə, suvarma ilə bağlı problemləri var. Bu da həll olunacaq, məhsuldarlıq artacaq, bu sahəni texnika ilə təmin etmişik. Azərbaycanda gübrə zavodu tikilir və əminəm ki, ən geci gələn il istifadəyə veriləcək. Ona görə gübrə ilə bağlı artıq xaricə valyuta getməyəcək. Azərbaycanda pestisid istehsalı da qurulmalıdır. Bu il işlər başlamalıdır ki, biz pestisidləri də xaricdən almayaq.

Yəni, bir sözlə, idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik.

Süd və süd məhsullarının istehsalını artırmaq üçün əlbəttə ki, heyvandarlıq inkişaf etməlidir. Verilən rəqəmlərə görə, əlavə 50 min baş cins mal-qara gətirilərsə, yaxud da ki, ölkəmizdə görülən tədbirlər nəticəsində biz ona nail olsaq, beləliklə, bu problemi də həll edəcəyik. Yeni süd zavodlarının tikilməsi nəzərdə tutulmalıdır və heyvandarlıq səmərəli şəkildə inkişaf etdirilməlidir.

Əkin sahələri ilə bağlı burada deyildi. Əlbəttə ki, səmərəsiz istifadə olunan örüş sahələrini biz əkinə cəlb etməliyik. Ancaq burada işlərimizi çox böyük dəqiqliklə aparmalıyıq. Bu, kortəbii surətdə kütləvi xarakter almamalıdır. Çünki bizə örüş sahələri də lazımdır. İndi müəyyənləşdirmək lazımdır ki, örüş sahələrindən harada normaya görə az istifadə olunur. Əlbəttə, hər bir sahəyə, hər bir yerə fərdi qaydada baxılmalıdır. Biz burada bir sahəni inkişaf etdirə, amma digər sahəyə ziyan vura bilərik. Ona görə Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları, İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqətlə baxmalıdırlar. Çünki burada düşünülmüş və əlaqələndirilmiş siyasət aparılmalıdır.

Əfsuslar olsun ki, bizdə yun tədarükü ilə bağlı işlər lazımi səviyyədə qurulmayıb. Mən maraqlanmışam, bizdə cəmi bir tədarük məntəqəsi var. Bu, əlbəttə ki, qəbuledilməzdir. Bu il müxtəlif bölgələrdə ən azı 10 tədarük mərkəzi yaradılmalıdır. Burada da həm daxili istehsal, həm də xaricə ixrac etmək üçün mərkəzləşdirilmiş siyasət aparılmalıdır. Biz bu imkanlardan da istifadə etməliyik və burada əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Burada həm tədarük, həm cins, həm də ixrac potensialı məsələləri var. Hər bir sahədən istifadə etməliyik ki, neftdən gələn valyutanın azalmasını biz müəyyən dərəcədə digər sahələrlə bağlaya bilək.

Çayçılığı da inkişaf etdirməliyik. Biz çay plantasiyalarımızı genişləndiririk və eyni zamanda, ən müasir texnologiyalar Azərbaycana gəlməlidir. Burada məhsuldarlıq daha da böyükdür. Bu, həm məşğulluqdur, həm də ki, idxaldan asılılığın azalmasıdır.

Arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Biz indi müəyyən dərəcədə bal ixracına başlamışıq. Ancaq biz bunu daha kütləvi qaydada edə bilərik.

Xüsusilə, Azərbaycanda yetişdirilən bütün bu məhsullar təbiidir və xaricdə onlar çox yüksək qiymətləndirilir. Bazarlara çıxmaq üçün əlbəttə ki, müxtəlif reklam kampaniyaları aparılmalıdır və təqdimatlar keçirilməlidir. Bu işlər icra edilir, amma bu işlərə daha da böyük təkan verməliyik. Biz aqroparkların sayını ən azı 10-a çatdırmalıyıq. İndi iki aqropark yaradılır, onların sayı 10-a çatmalıdır. Əgər belə olarsa, əminəm ki, dediyim məsələlər öz həllini tapacaq.

Keçən il bütövlükdə inkişafla bağlı müxtəlif istiqamətlər üzrə strateji yol xəritələri qəbul edilmişdir. Orada hər şey göstərilib. Qəbul edilmiş regional dövlət proqramında da əsas hədəflər göstərilib. Sadəcə olaraq hər il biz düzəlişlər edirik və daha vacib olan məsələləri əlbəttə ki, diqqətdə saxlayırıq.

Sənaye istehsalı ilə bağlı. Sənaye zonalarının yaradılması prosesi gedir. Artıq bu sahədə işlər yoluna düşür, həm Sumqayıtda, həm də Mingəçevirdə sənaye zonalarının təməli qoyulubdur. Burada çıxış edən nümayəndə Neftçala sənaye zonasında görülən işlərlə bağlı danışdı. Masallıda və digər rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı işlər gedir.

Tikinti materialları ilə özümüzü təminetmə səviyyəmiz haqqında da bəzi rəqəmləri səsləndirmək istəyirəm. Sement - özümüzü 100 faiz təmin edirik. Azərbaycanda artıq bir neçə sement zavodu fəaliyyət göstərir. Əvvəllər biz xaricdən, idxaldan asılı idik. Artıq Bakıda, bölgələrdə sement zavodları fəaliyyət göstərir. Yəni, bu sahə artıq idxaldan asılı deyil. Özümüzü əhənglə 90 faiz, gipslə 235 faiz, kərpiclə 100 faiz, mərmər-travertin ilə 46 faiz, beton-tikinti blokları ilə 100 faiz, alçipanla 100 faiz, metal konstruksiyalarla 32 faiz, armaturla 72 faiz, alüminium və ondan alınan məmulatlarla 231 faiz təmin edirik. Hesab edirəm, bunlar da kifayət qədər yaxşı göstəricilərdir və baxmaq lazımdır, əlavə hansı işlər görülməlidir ki, o sahədə də addımlar atılsın.

Düzdür, keçən il investisiya qoyuluşu aşağı düşdüyünə görə inşaat sektoruna daha da az vəsait yatırıldı. Ancaq bu, müvəqqəti bir məsələdir. Artıq görülən tədbirlər nəticəsində inşaat sektoruna ciddi təkan veriləcəkdir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə artıq birinci şəhərcik inşa edilməyə başlayıb. Orada 30-a yaxın binanın tikilməsi nəzərdə tutulur. Növbəti 1-2 il ərzində “Ağ şəhər”də 60 bina tikiləcəkdir. Bakı şəhərində köçürülmə yolu ilə icra ediləcək layihələrin sayı da 60-a yaxındır və onlarla fərdi qaydada yeni binalar tikilir. Yəni, inşaat sektoruna bunun çox böyük dəstəyi olacaqdır.

Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Artıq “Azərxalça”nın ilk filialı Horadiz şəhərində açıldı. Mən özüm orada iştirak etmişəm. Bu il bu filialların sayı 10-a çatdırılmalıdır. Biz həm ənənəvi sənətimizi yaşatmalıyıq, eyni zamanda, xalçaçılıq sənayesini də yaratmalıyıq. Həm əl ilə, həm maşınlarla toxunan xalçalar Azərbaycanı dünyada təbliğ etməlidir və bu da böyük bir gəlir mənbəyinə çevrilməlidir.

Turizmlə bağlı görülmüş işlər, - burada rəqəmlər səsləndi, - Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə vizalarla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə, Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - otellər, istirahət zonaları. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilmişdir. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda, bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik.

Xarici bazarlara çıxmaq üçün indi dövlətlərarası səviyyədə işlər görülür. Mən öz həmkarlarımla görüşlər əsnasında həmişə bu mövzunu ortaya qoyuram ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirsin. Biz qərara gəldik ki, bir neçə ölkədə Azərbaycan ticarət evləri yaradılsın. Bu istiqamətdə işlər gedir. Bu, həm təbliğat üçün önəmlidir, eyni zamanda, ixrac imkanlarımız da genişlənə bilər. Yaxın zamanlarda belə ticarət evlərinin açılması nəzərdə tutulur.

Keçən il fermerlərə kömək etmək üçün tədarük və təchizat qurumu yaradıldı. Onun əsas məqsədi bölgələrdə yetişdirilən məhsulu fermerlərdən almaq, ondan sonra logistika imkanlarından istifadə edib onu saxlamaq və ondan sonra ixrac etmək, yaxud da ki daxili bazara çıxarmaqdır. Keçən il belə bir qurum yaradıldı. Bu qurumun fəaliyyəti hələ ilkin mərhələdədir. Əgər işlər düzgün qurulsa və belə də olmalıdır, bu qurumun çox böyük əhəmiyyəti ola bilər. Beləliklə, bu, bir neçə məqsədi güdmüş olur. Həm yetişdirilən məhsul batmayacaq, həm də fermer məhsulunu tarla başında satacaq və pulunu alacaq. Bunun sayəsində məhsulun həm daxili bazara, həm də ixraca mərkəzləşdirilmiş qaydada çıxarılması təmin edilə bilər.

Bu il iki “ASAN xidmət” mərkəzi açılmalıdır, Quba və Mingəçevir şəhərlərində. Daha iki şəhərdə - İmişlidə və Şəkidə mərkəzlər inşa ediləcək. Yəqin ki, onların açılışı 2018-ci ildə olacaq.

Bir daha demək istəyirəm ki, sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür. Mən çıxışımın əvvəlində də bu məsələyə toxundum. Fermerlərə böyük güzəştlər edilir. Onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Suvarma işləri aparılır, infrastruktur yaradılır. Güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrə, subsidiyalar, metodik tövsiyələr verilir. Dövlət, eyni zamanda, öz hesabına fındıq və tut tinglər gətirir. Pambıqçılıqla bağlı dövlət xətti ilə böyük işlər görülür, texnika alınır, suvarma tədbirləri həyata keçirilir. Yəni, bütün bunları biz edirik ki, yerlərdə yaşayan insanlar bu imkanlardan istifadə etsinlər. Bu, onların güzəranının yaxşılaşdırılması üçündür.

Eyni zamanda, bu il 42 min ictimai iş yeri açılacaq. Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır. Bu işlər ictimai işlərdir. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq. Yalnız ictimai xidmətlər istiqamətində 42 min iş yeri açılacaq. Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq.

Mən ixracla bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu yaxınlarda azexport portalı yaradıldı. Orada Azərbaycanda istehsal olunan ixracyönümlü bütün məhsullar qeyd edilir. Bütün istehsalçılar, - mən onlara da müraciət edirəm, - qoy öz məhsullarını həmin o portala daxil etsinlər, həm ictimaiyyət bunu görsün, həm də ki, bu, onların da xeyrinədir. Çünki onların ixrac potensialı artacaq.

Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək.

Bax, budur, bizim əsas inkişaf konsepsiyamız. Bununla bərabər, onu da qeyd etməliyəm ki, mən dəfələrlə demişəm, biz artıq postneft dövründə yaşayırıq. Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək. Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Yəni, bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək. Ancaq biz işimizi elə qurmalıyıq ki, sanki bu, yoxdur. Bax, bugünkü konfransın, ümumiyyətlə, inkişafla bağlı tədbirlərimizin məqsədi bundan ibarətdir.

Nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.

Çünki biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun. Xoşagəlməz hallara son qoyulmalıdır. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar.

Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10