18:08
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...
07 noyabr 2024, 18:08
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanışlıq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu.
Mayın 24-də dövlət başçısı paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə yaxından tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Xəzər rayonunun Şüvəlan qəsəbəsinə gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Şüvəlanda da abadlıq və quruculuq tədbirlərinə başlanılmışdır. Qəsəbədaxili yollar əsaslı şəkildə yenidən qurulur. İndiyədək Şüvəlan qəsəbəsinin küçələrində 30 min kvadratmetr asfalt işləri aparılmış, piyada keçidləri və səkilər tamamilə yenidən qurulmuşdur.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sakinlər dövlət başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Necəsiniz, işlər necədir?
Şüvəlan qəsəbəsində də işlər yaxşı gedir, yollar çəkilir, bütün infrastruktur yeniləşəcəkdir. Əminəm ki, qısa müddətdə Şüvəlanın bütün yolları gözəl olacaqdır. Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin inkişafı Proqramı qəbul edilibdir. Çox böyük proqramdır və orada hər bir qəsəbə üçün xüsusi məsələlər nəzərdə tutulub, onlar öz həllini gözləyir.
Beləliklə, hesab edirəm ki, iki ilyarım ərzində Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər həllini tapacaqdır. İndi biz birinci mərhələdə yolların çəkilişi ilə məşğuluq. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və Şüvəlan qəsəbəsində də gözəl yollar çəkilir. Bununla bərabər bütün başqa məsələlər də öz həllini tapmalıdır.
Bildiyiniz kimi, proqram mətbuatda dərc edilmişdir. Hər bir vətəndaş oxuya bilər Proqramda nə vardır. Hər bir qəsəbə üzrə konkret layihələr nəzərdə tutulubdur. Şüvəlan qəsəbəsində də həllini gözləyən bütün məsələlər həll olunacaqdır.
Xüsusilə yollar, qazlaşdırma ilə bağlı məsələlər daha da böyük həcmdə həll olunmalıdır. Qaz təchizatında işlər daha da yaxşı görülməlidir. Su və kanalizasiya məsələləri həll edilməlidir. Bilirəm ki, insanları ən çox narahat edən məsələ budur.
Beləliklə, bütün başqa sosial məsələlər də həll olunmalıdır. Uşaq bağçaları, məktəblər təmir olunmalıdır. Yəni elə etməliyik ki, iki ilyarım ərzində Bakının bütün ətraf qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Bu günə qədər müəyyən işlər görülmüşdür. O cümlədən Şüvəlan qəsəbəsində abadlıq, quruculuq işləri aparılmışdır, yeni binalar, məktəblər tikilmişdir. Ancaq hesab edirəm ki, icrasını gözləyən məsələlər tezliklə öz həllini tapmalıdır. Sizdən də xahişim ondan ibarətdir ki, bütün bu işlərə nəzarət edəsiniz və çatışmayan məsələlər haqqında məlumat verəsiniz.
Keçən dəfə Mərdəkan qəsəbəsində olarkən vətəndaşlarla görüş zamanı məsələ qaldırıldı ki, beş il bundan əvvəl tikilmiş məktəb artıq yararsız vəziyyətə düşmüşdür. Mən özüm o məktəblə tanış oldum, gördüm ki, doğrudan da orada təmirə ehtiyac vardır. Görünür ki, vaxtilə o məktəbi tikənlər məsələyə çox laqeyd yanaşmışlar. Keyfiyyətsiz işlər görmüşlər və yaxşı ki, mənə məlumat verildi. Yoxsa məlumat verilməsə idi mən heç bilməyəcəkdim. Deyəcəkdim ki, məktəb beş il bundan əvvəl tikilibdir, yaxşı vəziyyətdədir. Yəni belə hallar da vardır. Ona görə görülən işlərə mütləq nəzarət olmalıdır.
İctimai nəzarət və əhali tərəfindən nəzarət olmalıdır və çatışmayan məsələlər haqqında da vaxtında məlumat verilməlidir.
İndi yəqin ki, siz proqramda Şüvəlan qəsəbəsi ilə bağlı nəzərdə tutulmuş məsələlərlə tanışsınız. Əgər əlavə arzularınız, xahişləriniz varsa mənə deyin ki, biz onları da nəzərə alaq. Çünki proqramın hazırlanması işinə biz əlbəttə ki, bütün müvafiq dövlət qurumlarını cəlb etmişdik və maksimum çalışmışdıq ki, bütün məsələlər bu proqrama salınsın.
Bəlkə elə məsələ vardır ki, orada yoxdur, amma həllini gözləyir. Siz mənə deyin, onları da həll edək. Mənim istəyim ondan ibarətdir ki, Bakıətrafı qəsəbələrin hamısında bütün məsələlər, həllini gözləyən vəzifələr tezliklə və yüksək keyfiyyətlə icra edilsin.
SAKİN: Azərbaycanımız gözəlləşir, Bakı gözəlləşir. Məktəblərin, bağçaların tikilməsini, bərpa olunmasını biz diqqətlə izləyirik. Xüsusən Bakıətrafı kəndlərin abadlaşdırılması ilə bağlı qəbul olunan Sərəncam bizi çox sevindirir. Bu, şüvəlanlıları ikiqat sevindirir. Ona görə ki, Şüvəlanda yaşayanların böyük əksəriyyəti Qala kəndindəndir. Qala kəndinin abadlaşması, onun tarixi möhtəşəmliyinin özünə qaytarılması bizi çox sevindirir. Buna görə Sizə və Mehriban xanıma möhkəm cansağlığı arzulayırıq. Sizin gördüyünüz bu işlər biz dindarları ikiqat sevindirir. Niyə? Çünki Quranın ayələrini oxuduqda görürük ki, Allah bizə xatırladır: Torpaqdan yaranmısınızsa, torpağın üzərində quruculuq işləri görün, torpağı abadlaşdırın. Biz Quranın bu ayəsində deyilənləri Sizin həyata keçirdiyiniz işlərin timsalında çox aydın görürük. Bütün bunlara, xalqımızın firavanlığı naminə gördüyünüz böyük işlərə görə Allah-Təaladan Sizə müvəffəqiyyət, möhkəm cansağlığı arzulayırıq. Qəsəbəmizin bütün sakinləri adından Sizi alqışlayırıq. Çox sağ olun!
Prezident İlham ƏLİYEV: Sağ olun. Biz elə etməliyik ki, ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapsın. Həm iqtisadi, həm sosial məsələlərin həlli ilə ciddi məşğuluq.
Eyni zamanda, tarixi keçmişimizə, mədəniyyətimizə, dini abidələrin qorunmasına da böyük diqqət göstərilir. İndi ölkədə bütün dini abidələrimiz böyük zövqlə, böyük sevgi ilə təmir edilir, bərpa olunur. Bu bizim mənəvi dayağımızdır. Biz elə etməliyik ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Biz çox möhkəm milli və tarixi təməl üzərində müasir dövlət qururuq. Əlbəttə, mədəniyyətlə bağlı bütün məsələlər də Azərbaycanda uğurla həll olunur.
Siz Qala kəndini misal gətirdiniz. Qala indi ölkə miqyasında çox yaxşı tanınan bir kənd olubdur. Çünki orada etnoqrafiya muzeyinin fəaliyyətə başlaması və onun ətrafında gedən abadlıq işləri zövq oxşayır. Həm ölkə vətəndaşları, həm də xaricdən gələn qonaqlar çalışırlar ki, oraya getsinlər və orada Azərbaycanın qədim tarixi ilə əyani şəkildə tanış olsunlar.
Qala kəndinin abadlaşması ilə bağlı əlavə göstərişlər verilmişdir. Orada böyük binalar tikilir, gözəl istirahət zonaları yaradılır. Hesab edirəm ki, yaxın zamanlarda oraya insan axını daha da güclü olacaqdır.
Bütün bu işlərin görülməsi bir daha ölkəmizin həm gücünü göstərir, həm də ki, zəngin mədəniyyətimizi təcəssüm etdirir. Biz elə etməliyik ki, dünyada Azərbaycanı daha da yaxşı tanısınlar. Bu gün Bakıya, digər şəhər və rayonlara gələnlər etiraf edirlər ki, burada olan inkişaf heç bir yerdə yoxdur. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Həm Bakının tarixi siması qorunub saxlanılır, həm də müasirlik vardır. Bakıda olan infrastruktur, yollar, körpülər deyə bilərəm ki, hər bir dünya paytaxtına yaraşıq verə biləcək bir mənzərədir. Mən istəyirəm ki, bütün qəsəbələr də belə gözəl olsun.
Biz ölkəmizi ona görə qururuq ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar. Yaşamaq, işləmək üçün bütün şərait olsun.
Uşaqlar yaxşı məktəbə getsinlər, yaxşı tibb mərkəzləri yaradılsın, yollar yaxşı olsun. Bütün kommunal infrastruktur, idman qurğuları müasir tələblərə cavab versin.
Bu bölgədə bu istiqamətdə əvvəlki dövrdə də işlər görülmüşdür. Burada stadion tikilibdir. Ondan sonra bu ərazilərdə idman kompleksi Şağanda açılıbdır. Mərdəkanda 26 saylı xəstəxana əsaslı təmir ediləcək və bütün bu qəsəbələrə xidmət göstərəcəkdir. Burada digər müasir obyektlər, ticarət obyektləri yaradılır. Bilirsiniz ki, bu bölgənin tarixi çox zəngindir. Şüvəlan, Mərdəkan qəsəbələri və ətraf qəsəbələr böyük tarixə malikdir. Biz bu qəsəbələrin inkişafına xüsusi diqqət göstərməliyik və burada yaşayan vətəndaşlar bütün lazımi infrastruktur imkanları ilə təmin edilməlidir. Məqsədim bundan ibarətdir.
Yenə də deyirəm, son illər ərzində görülmüş işlər ölkəmizi qabağa aparıbdır. Amma hələ də narahatedici məsələlər vardır. Mən istəyirəm ki, 2013-cü ilə qədər, yəni ikinci Dövlət Proqramının başa çatması ilə əlaqədar bütün əsas məsələlər də həllini tapsın.
Burada əlbəttə ki, dövlət siyasəti və dövlətin proqramları xüsusi yer tutur. Ancaq bir də deyirəm ki, görülən işlərə mütləq nəzarət olunmalıdır. İctimai nəzarət və əhali tərəfindən nəzarət. Ona görə sizdən xahiş edirəm ki, bütün çatışmayan məsələlər haqqında Prezident Administrasiyasına, icra hakimiyyətinə müraciət edəsiniz, məlumat verəsiniz.
SAKİN: Mən ağsaqqallar və ziyalılar adından Sizə “Xoş gəlmisiniz” deyirəm.
Regionlarda görülən işləri biz ekranda görürük. Amma biz Sizin burada gördüyünüz abadlıq-quruculuq işlərinin əyani sübutunu görürük. İnsan həyatı üçün zəruri olan sudur, işıqdır, qazdır, hamısı həll olunub. Mən kanalizasiya məsələsini xüsusi qeyd etmək istəyirəm. Bu kanalizasiyanın çəkilməsi həyətlərdəki su quyularının saflaşmasına səbəb olacaqdır.
Sözümü uzatmıram. Bilirsiniz ki, qalalıların əksəriyyəti – 99 faizi Şüvəlanda yaşayır. Amma yenə də gözümüz Qala kəndindədir. Əgər açığını desəm, mən dədə-baba yurdumu yavaş-yavaş abadlaşdırıram. Sözün açığı 90 yaşı xırdalayıram. Demək istəyirəm ki, Siz ki Şüvəlana belə diqqət və qayğı göstərirsiniz, məndə yaşamaq eşqi yaranmışdır.
Bir daha xoş gəlmisiniz, səfa gətirmisiniz. Həmişə gələn qədəmləriniz var olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Allah Sizə cansağlığı versin.
SAKİN: Hörmətli Prezident, mən də Şüvəlanın qadınları adından Sizi salamlayıram, “Xoş gəlmisiniz” deyirəm.
Biz Sizin tapşırığınızla Bakı kəndlərinə, Bakıətrafı qəsəbələrə aid hazırlanmış proqramı alqışlayırıq.
Ulu öndərimizin təbirincə desək, hər şey təhsildən başlayır. Yəni, bu gün qəsəbəmizdə bütün ümumtəhsil məktəbləri, internat məktəbləri, demək olar ki, əsaslı şəkildə təmir olunmuş, bəziləri də yenidən qurulmuşdur. Buna görə biz şəxsən Sizə, Mehriban xanıma böyük təşəkkürümüzü bildiririk.
Bu gün bizim Şüvəlan qəsəbəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün yeni böyük stadion açılmışdır.
Gənclərimiz bu stadionu çox sevirlər, orada məşğul olurlar. Yeni futbol məktəbi yaradılmışdır. Orada hazırda tikinti gedir. Onun yanında böyük mehmanxana, böyük idman kompleksi açılacaqdır. Yaradıcılıq evləri əsaslı təmir olunmuşdur.
Mədəniyyət sarayımız çox gözəl, müasir standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Hazırda orada klublar, dərnəklər təşkil edilib ki, burada gənclərimiz məşğul olurlar.
Makarenko adına gimnaziya hazırda əsaslı təmirdədir. Bağçaları, körpələri də yaddan çıxarmayıblar. Uşaqlar üçün hazırda üçmərtəbəli möhtəşəm bağça binası tikilir. Biz onun açılışını səbirsizliklə gözləyirik.
Şüvəlanda gözəl parkımız vardır. Vaxtilə Şüvəlan camaatı parkda dincəlmək üçün şəhərə gedirdik. Amma indi şəhərdəki qonaqlar bizə gəlir. Bu park da Sizin Sərəncamınızla yüksək səviyyədə təmir olunmuşdur. Bütün bunlar üçün Sizə son dərəcə minnətdarlıq, ürəkdən təşəkkür edirik, Sizə uzun ömür, ailənizlə birlikdə cansağlığı arzulayırıq.
Prezident İlham ƏLİYEV: Tamamilə düz söyləyirsiniz ki, həm sosial sahədə, həm də mədəniyyət sahəsində çox işlər görülübdür. Daha da böyük işlər görülməlidir. Uşaq bağçaları tikilir, təmir edilir. Elə etməliyik ki, onların və məktəblərin səviyyəsi yaxşı olsun. İndi doğrudan da Bakıdan Şüvəlana gəlirlər, ticarət mərkəzlərinə, istirahət zonalarına.
İndi qəsəbəyə Bakıdan gələn yolda gözəl körpü tikilir. Əvvəlki dövrdə o dairələrdə maşınlar tıxacda gözləyirdilər. İndi dairə yoxdur. Bakıdan buraya qədər sonuncu dairə Mərdəkan dairəsi idi, indi o da yoxdur. İndi heç bir dairə qalmayıb. İndi rahat, gözəl körpü tikilir. Körpünün bir məqsədi vardır ki, buraya insanlar rahat gəlsinlər.
Bilirsiniz ki, körpü tikmək həm texniki cəhətdən çox çətin məsələdir, həm də ki, çox böyük vəsait tələb edir. Adətən körpüləri daha çox şəhər mərkəzində tikirlər. İndi şəhərin müxtəlif yerlərində yeni körpülər tikilib. Doğrudan da şəhərdən buraya tez gəlmək mümkündür. Əvvəllər bəlkə bir saat vaxt lazım idi. İndiki dövrdə əgər o körpülər olmasa idi, maşınların artımını nəzərə alsaq, bəlkə bir saat yarım lazım olacaqdı. Qəsəbələrdə tikilən körpüləri yəqin ki, ancaq Azərbaycanda görmək mümkündür. Biz bunu ona görə edirik ki, insanlar rahat gəzsinlər. Gələn il yəqin ki, Qala yolu da əsaslı təmir ediləcəkdir. Aeroport şosesindən Qala kəndinə gedən yol vaxtilə genişləndirilmişdir, ancaq indi əsaslı təmirə ehtiyac vardır. O yol da gözəl magistral yolu kimi təmir ediləcəkdir. Bizim planlarımız çoxdur və planların mərkəzində insan amili dayanır. Çünki budur bizim siyasətimizin əsas mahiyyəti. Hər şey insanlar üçün, insanların yaxşı yaşaması üçün olmalıdır. Hər bir dövlət məmuru fəaliyyətində bu məqsədi əsas tutmalıdır.
X X X
Şüvəlan qəsəbəsində görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı Sabunçu qəsəbəsinə gəldi.
Bu il aprelin 27-də Prezident İlham Əliyev Sabunçu sakinləri ilə görüşərkən onlar dövlətimizin başçısından bu qəsəbədən Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün yeni yolun çəkilməsini xahiş etmişdilər. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin edəcək yeni yolun keçəcəyi ərazi ilə yerindəcə tanış olmuş və məsələnin həlli ilə bağlı müvafiq göstərişlərini vermişdi.
Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində və yüksək keyfiyyətlə həyata keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni yolun tikintisi barədə Prezidentə məlumat verdi. Bildirildi ki, min metr uzunluğu olan yeni yolda 12 min kvadratmetr asfalt işləri aparılmış, 4 min metr uzunluğunda səkilərə xaricdən gətirilmiş qranit döşənmişdir. Yağış sularının axıdılması üçün 500 metr uzunluğunda boru xətti çəkilmişdir. Yol boyu xaricdən gətirilmiş işıq dirəkləri quraşdırılmışdır. Yolun keçdiyi ərazidə məskunlaşmış 25 qaçqın ailəsi yeni mənzillərlə təmin edilmişdir. Yolun yatağı 2 metrdən 6 metrə qədər qaldırılmışdır. Yeni yolun istifadəyə verilməsi 40 min əhalisi olan Sabunçu qəsəbəsinin Bakıxanov, Qaraçuxur qəsəbələrinə, Əmircan və Bülbülə kəndlərinə, o cümlədən Heydər Əliyev prospektinə çıxışını tam təmin edəcək və məsafəni xeyli qısaldacaqdır.
Yeni yolla tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sabunçu qəsəbəsi ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi: Sizi təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun. Minnətdarıq.
Prezident İlham ƏLİYEV: Bu yolun çəkilişi onu göstərir ki, mümkün olmayan şey yoxdur. Biz qısa müddət ərzində - bir ay keçmədən bu yolu yaratdıq. Özü də gözəl, keyfiyyətli yoldur və bütün qəsəbəyə rahatlıq verəcəkdir.
Biz bunu tezliklə operativ şəkildə həll etdik. Müvafiq göstərişlər verilmişdi. Belə də olmalıdır. İnsanları narahat edən məsələ varsa, onu mən bilməliyəm və onu tezliklə həll etməliyəm. Bu yolun çəkilişindən sonra qəsəbəyə gəliş-gediş çox rahat olub. Yol gözəl, müasir səviyyədədir.
SAKİN: Sizi yenidən rayonumuzda görməyimizə çox şadıq. Bu, bizim üçün çox böyük şərəfdir. Bu işlər 20 gün müddətində yerinə yetirilmiş və təbii ki, müxtəlif tədbirlər görülmüşdür. Qısa müddətdə 25 məcburi köçkün ailəsi yaxşı evlərə köçürülmüşdür. Onlar çox razıdırlar. Bu qədər qısa müddətdə belə bir yol çəkilməsinə görə Sizə çox təşəkkür edirik. Məsafə beş-altı dəfə qısalmışdır.
Prezident İlham ƏLİYEV: Gərək ki, siz Zabrat tərəfə gedirdiniz?
SAKİN: Bəli.
Prezident İlham ƏLİYEV: Oradan dönürdünüz?
SAKİN: Bəli, Zabrat tərəfə gedib oradan mərkəzi yola dönürdük.
Prezident İlham ƏLİYEV: Siz bu yola nə qədər vaxt sərf edirdiniz?
SAKİN: Bakıxanov, Bülbülə, Əmircan və Əhmədli qəsəbələri tərəfə, eləcə də aeroporta gedən yol 5-6 dəfə qısalmışdır.
Bu, bizə -Sabunçu sakinlərinə böyük hədiyyədir. Bu yola görə biz Sizə çox təşəkkür edirik. Mən Sabunçunun köhnə sakinlərindənəm. Biz həmişə şəhərimiz Bakı ilə fəxr etmişik. Bakı həmişə gözəl, qonaqpərvər olmuşdur. Bu gün isə o, daha da gözəlləşir.
Prezident İlham ƏLİYEV: Xoş sözlərinizə görə sağ olun.
Dövlət başçısı Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinin ardıcıl olaraq davam etdiriləcəyini qeyd edərək işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsində ictimai nəzarəti gücləndirməyin vacibliyini bir daha vurğulayaraq dedi:
- Burada yaşayan bizim soydaşlarımız qaçqınlardır. Onları da biz yaxşı yerlərə köçürdük, onlar da razıdırlar, əhali də razıdır. Belə məsələlərlə bağlı gələcəkdə də çox ciddi addımlar atılacaqdır.
SAKİN: Hörmətli Prezident, mən şəxsən onu deyirəm ki, Sizi ikinci dəfə Sabunçu qəsəbəsində görməyimizə həddindən artıq sevinirik. Sabunçu qəsəbəsində Sizinlə görüşdən sonra sakinlərdə çox böyük sevinc əhval-ruhiyyəsi yarandı. Sizin o görüşün səhəri günü poliklinika binasının tikilməsi haqqında verdiyiniz Sərəncam sevincimizi birə-min artırdı. Bir daha ürəkdən deyirik: Çox sağ olun!
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...
07 noyabr 2024, 18:08Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər...
07 noyabr 2024, 18:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...
07 noyabr 2024, 18:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
07 noyabr 2024, 18:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının...
07 noyabr 2024, 17:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-polkovnik” ali...
07 noyabr 2024, 17:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə...
07 noyabr 2024, 17:08Hörmətli xanım Prezident,
Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikası məmnunluq...
07 noyabr 2024, 16:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...
07 noyabr 2024, 12:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...
07 noyabr 2024, 12:30Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir....
07 noyabr 2024, 12:28