İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

16 dekabr 2016, 11:25
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə dövlətimizin başçısına Həştərxan Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim olunub.

Qubernator Aleksandr Jilkin Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasına verdiyi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq Həştərxandakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərdiyini dedi və vurğuladı ki, bir çox sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə Azərbaycan diasporu çox işgüzar və etibarlı fəaliyyət göstərir. O, gələn il Həştərxan quberniyasının 300 illik yubileyinin keçiriləcəyini bildirdi. Prezident İlham Əliyevi yubiley tədbirlərinə dəvət edən Aleksandr Jilkin Azərbaycan Prezidentinin həmin mərasimlərdə iştirakından şərəf duyacaqlarını söylədi.

Həştərxan sakinlərinin Azərbaycana xüsusi rəğbət bəslədiklərini deyən qonaq Azərbaycan tərəfinin dəstəyi ilə Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını və ətrafında abad parkın salınmasını Həştərxan üçün gözəl hədiyyə kimi qiymətləndirdi. Qeyd etdi ki, hazırda yeni ailə quran gənclərin həmin parka gələrək Azərbaycanın xalqının Ümummilli Liderinin abidəsi önünə gül dəstələri qoyması artıq ənənə halı alıb. Qubernator bildirdi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa edilən məktəb, uşaq bağçası da dostluğun gözəl nümunələridir. Bu gün vilayətdə Azərbaycan biznesinin fəallaşdığını qeyd edən rusiyalı qonaq

əməkdaşlığın təməlində yüksək etimad və hörmətin dayandığını dedi. Aleksandr Jilkin hazırda Azərbaycanın və Həştərxanın bir sıra şirkətləri arasında işgüzar əlaqələrin qurulduğunu vurğuladı, Həştərxanda Azərbaycanın biznes mərkəzinin inşa edilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Həştərxan ilə Bakı arasında tarixən yaxın əlaqələrin olduğunu bildirən dövlətimizin başçısı Həştərxanda olarkən burada baş verən müsbət dəyişikliklərin, şəhərin abadlaşmasının, infrastruktur layihələrinin həyata keçirilməsinin, tarixi abidələrin qorunmasının xoş təəssürat bağışladığını söylədi və bu münasibətlə qubernatora təbriklərini çatdırdı. Həştərxanda yaşayan azərbaycanlılara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev soydaşlarımızın özlərini bu şəhərdə doğma evlərindəki kimi hiss etdiklərini vurğuladı. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan Prezident İlham Əliyev yaxın zamanlarda Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin Moskvada açılacağını, sonradan isə Rusiyanın digər regionlarında, o cümlədən Həştərxanda da ticarət-biznes nümayəndəliyinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirdi. Dövlətimizin başçısı bütün bunların ölkələrimiz arasında idxal-ixrac proseslərini sürətləndirəcəyinə əminliyini ifadə etdi.

Sonra Həştərxan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Aleksandr Lunov təhsil sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin universitetin Fəxri professoru adına layiq görülməsi barədə təmsil etdiyi ali təhsil ocağının Elmi Şurasının qərarını elan etdi.

Fəxri professor diplomu və mantiyası dövlətimizin başçısına təqdim olundu.

Universitetin fəxri professoru adına layiq görülməsindən şərəf duyduğunu deyən Prezident İlham Əliyev bu qərara görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı təhsil sahəsində Rusiya ilə sıx əməkdaşlıqdan danışaraq qeyd etdi ki, bu gün onun təşəbbüsü ilə Bakıda Rusiyanın iki nüfuzlu ali təhsil ocağı – Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Təhsil sahəsinə ölkəmizdə böyük əhəmiyyət verildiyini vurğulayan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın xalqlarımızı daha da yaxınlaşdırdığını vurğuladı.

gallery-photogallery-photogallery-photo