Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Donald Trampa

09 noyabr 2016, 15:45

Hörmətli cənab Tramp, 

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir.

Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.

Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 noyabr 2016-cı il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55