15:35
PDF yükləyin
27 noyabr 2024, 15:35
Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Bu gün ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edərkən, əziz xatirəsini yad edərkən, bir daha onun ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edirəm.
Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir. Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir.
1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərliyə başlayan zaman Azərbaycan müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz onun fəaliyyəti nəticəsində 13 il ərzində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxa bilmişdir. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan olmuşdur. Məhz o illərdə respublikanın sosial-iqtisadi inkişafına böyük təkan verilmişdir. O illərdə sənayenin güclü və möhkəm əsasları qoyulmuşdur ki, bu gün də müstəqil Azərbaycanın sənaye potensialına bunun böyük köməyi vardır. O illərdə Azərbaycan Respublikasının bütün sahələrdə inkişafında böyük irəliləyiş əldə edilmişdir. Bir sözlə, 1970-ci illər Azərbaycan tarixində inkişaf və tərəqqi illəri kimi qalmışdır. Təbii ki, Azərbaycan müstəqil deyildi və bütün bu nailiyyətləri o vaxt Sovet İttifaqında mövcud ideoloji çərçivələr daxilində əldə etmək mümkün olmuşdur. O illərdə əldə edilmiş potensial, əlbəttə ki, müstəqilliyin bərpa edilməsindən sonra bizə kömək göstərmişdir.
Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərliyində təmsil olunmuşdur. İlk dəfə idi ki, azərbaycanlı böyük dövlətdə yüksək vəzifəyə layiq görülmüşdü. O illərdə Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini kimi o, eyni zamanda, Azərbaycanın inkişafına da böyük diqqət göstərmişdir və onun ürəyi Azərbaycanda qalmışdır. O illərdə Azərbaycanda proseslər hələ də öz axarı ilə gedirdi. Yəni, inersiya gücü o qədər möhkəm idi ki, hətta Heydər Əliyevin burada olmaması Azərbaycanın inkişafına o qədər də mənfi təsir göstərmirdi. Lakin artıq 1980-ci illərin ortalarından Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdır. 1987-ci ildə isə o, siyasi səhnədən gedəndən sonra Azərbaycan üçün böyük problemlər başlanmışdır.
Biz hamımız o illəri yaxşı xatırlayırıq və bilirik ki, ulu öndər siyasi hakimiyyətdən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün artıq fəal işlərə başlamışdılar. Əvvəlki illərdə onları bu əməllərdən çəkindirən məhz Heydər Əliyev amili olmuşdur.
Məhz o illərdə, 1987-ci ilin sonundan başlayaraq separatizm meyilləri gücləndi və beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlanması üçün şərait yaradıldı. Biz hamımız yaxşı başa düşürük ki, əgər o zaman Heydər Əliyev Azərbaycanda olsaydı, heç vaxt bu münaqişə baş verməzdi və Azərbaycanın tarixi torpaqları işğal altına düşməzdi. Heydər Əliyevin ürəyi Azərbaycanla döyünürdü. Ancaq o vaxtkı sovet rəhbərliyi Heydər Əliyev amilini dərk edərək bütün imkanlardan istifadə edirdi ki, onu Azərbaycandan təcrid etsin. Ona qarşı başlanmış böhtan kampaniyasının mənası və səbəbi məhz ondan ibarət idi ki, Heydər Əliyev amili Azərbaycandan silinsin. Ancaq onun əməlləri, onun Azərbaycana verdiyi töhfələr Azərbaycan xalqının qəlbində daim yaşayırdı. O vaxt - biz Sovet İttifaqının tərkibində yaşadığımız dövrdə bütün o anları yaxşı xatırlayırıq. Hətta buna baxmayaraq, Azərbaycan xalqı öz iradəsini ifadə edə bilirdi. Məhz o iradə Azərbaycanı bugünkü inkişafa gətirib çıxarmışdır.
Heydər Əliyevə qarşı təzyiqlər və təqiblər güclənəndə o, təbii ki, doğma Vətənə üz tutdu. Ancaq əfsuslar olsun ki, o vaxt Azərbaycanın siyasi hakimiyyətində təmsil olunanlar imkan vermədilər o, Bakıda yaşasın və məcbur qalıb doğulduğu yerə -Naxçıvana üz tutdu. Ulu öndər Naxçıvanda yaşadığı dövrdə Naxçıvanın inkişafına öz töhfəsini verdi, eyni zamanda, naxçıvanlılar da Heydər Əliyevi qorudular.
Onun həyatında çox çətin anlar da olmuşdur, amma bütün sınaqlardan şərəflə çıxmışdır, daim öz xalqına xidmət etmişdir, bütün dövrlərdə cəsarətli siyasət aparmışdır və bu siyasət, bu cəsarət özünü müxtəlif mərhələlərdə göstərmişdir.
Azərbaycan xalqına qarşı törədilən təcavüz - 20 Yanvar faciəsi nəticəsində həlak olmuş şəhidlərimizin ruhu qarşısında o vaxt söz vermişdi ki, son damla qanına qədər Azərbaycana xidmət edəcəkdir. O vaxt Sovet ittifaqının dağılmasına hələ iki il qalmışdı. Buna baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında Sovet İttifaqının, Kommunist Partiyasının rəhbərliyini çox kəskin tənqid etmiş və günahsız insanların həlak olmasında onları günahlandırmış, sonra isə onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Bütün bu addımlar böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz o addımlar nəticəsində bu gün Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyinin təməli məhz o vaxt qoyulmuşdur. Azərbaycanın milli üçrəngli bayrağı ilk dəfə olaraq rəsmi dövlət bayrağı kimi Naxçıvanda qaldırılmışdır. O vaxt hələ Sovet İttifaqı mövcud idi. Məhz o vaxt Sovet İttifaqının saxlanması üçün keçirilən referendumda Naxçıvan iştirak etmirdi. Biz bütün bu tarixi anları yaxşı xatırlayırıq və bir daha bu məsələyə diqqət verməklə Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürük.
Məhz o illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşması üçün tarixi hadisə baş vermişdir. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır. Yarandığı gündən indiyə qədər Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə olaraq, ölkəmizin inkişafı üçün böyük xidmətlər göstərmişdir.
Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı da zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı, ölkədə xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, bütün qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi.
1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldı. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. Biz deyəndə ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur, tam haqlıyıq. Çünki dövlət müstəqilliyi əldə etdikdən sonra iki il ərzində ölkə idarəolunmaz vəziyyətdə idi. Dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulmuşdur. O vaxtdan bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. İqtisadi sahədə aparılan islahatlar öz nəticəsini verməyə başlamışdır. Siyasi sabitlik təmin olunandan sonra ölkəyə böyük həcmdə xarici sərmayələr gəlməyə başlanmışdır. O vaxt xarici sərmayələri Azərbaycana cəlb etmək üçün böyük peşəkarlıq və siyasi səriştə tələb olunurdu. Çünki Azərbaycan dünyada çox riskli ölkə kimi tanınırdı. Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı çox az idi. Xarici investorları inandırmaq, onları Azərbaycana dəvət etmək və Azərbaycanın milli maraqlarına uyğun şəkildə böyük investisiya layihələrini icra etmək böyük siyasi bacarıq və siyasi bilik tələb edirdi.
Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir. Ölkəmizin müstəqil yaşaması üçün neft kontraktlarının müstəsna rolu olmuşdur. Bu kontraktlar nəticəsində ölkə iqtisadiyyatına milyardlarla dollar vəsait qoyulmuşdur. Azərbaycan etibarlı tərəfdaş kimi özünü dünya birliyinə təqdim edə bilmişdir. Təbii resurslarımızın işlənilməsi, nəqli, ixracı nəticəsində biz iqtisadi müstəqillik qazana bilmişik. İqtisadi müstəqillik isə dövlət müstəqilliyinin əsasıdır. Məhz 1990-cı illərdə biz bu nailiyyətlərə çata bildik və bu uğurları bu gün davam etdiririk. Ölkəmizdə bütün istiqamətlər üzrə çox böyük abadlıq-quruculuq işləri aparılır, sürətli inkişaf gedir.
İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir.
İqtisadiyyatımız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik.
İqtisadiyyatımız artıq çoxşaxəlidir. Eyni zamanda, enerji siyasətimiz də Heydər Əliyevin qoyduğu neft strategiyası əsasında qurulub. Bu strategiya müasir tələblərə uyğunlaşdırılıb və zənginləşdirilib. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, qitədə çox mühüm rola malikdir. Bizim təşəbbüslərimiz, irəli sürdüyümüz təkliflər və həyata keçirdiyimiz layihələr nəinki ölkəmizi gücləndirir, eyni zamanda, regional əməkdaşlıq üçün çox gözəl şərait yaradır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi tarixi nailiyyətdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini Heydər Əliyev qoymuşdur. Biz o layihəni başa çatdırdıq və kəmər 2006-cı ildən işləyir. Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsində bu layihənin müstəsna rolu vardır.
1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış böyük “Şahdəniz” qaz yatağı üzrə kontrakt bu gün Azərbaycanı enerji təhlükəsizliyi baxımından əvəzolunmaz tərəfdaşa çevirmişdir. Əgər 1996-cı ildə - o çətin illərdə, çətin anlarda bu düzgün addım atılmasaydı, bu gün enerji təhlükəsizliyimiz bizim üçün böyük problem ola bilərdi. Biz o layihəni başa çatdırdıq. 2007-ci ildə Azərbaycan qazını xarici bazarlara ixrac etmək üçün Bakı-Ərzurum kəməri tikildi, o dəhliz artıq açıldı, işlədi. Biz o dəhlizi sınadıq. Biz o dəhlizi dəmir yolu layihəsi ilə zənginləşdiririk. Dəmir yolu nəinki Azərbaycanı qonşu dövlətlərlə, Asiyanı Avropa ilə birləşdirəcəkdir. Ümid edirəm ki, biz gələn il bu tarixi layihənin işə düşməsini qeyd edəcəyik. Açılan bu dəhliz inkişafımız üçün əvəzolunmaz rola malikdir.
Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır.
Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Bununla bərabər, ölkəmizin sosial-iqtisadi inkişafının davamı üçün konkret layihələr, konkret proqramlar icra edilir.
Bu gün Azərbaycan, eyni zamanda, regionda sabitləşdirici amildir. Bizim təşəbbüslər bir çox hallarda regionda həlledici rol oynayır. Regional məsələlərdə iştirakımız regional əməkdaşlığı daha da zənginləşdirir. Bu regional əməkdaşlığın hüdudları da genişləndirilir. Bizim irəli sürdüyümüz və icra etdiyimiz layihələr tərəfdaş dövlətləri də cəlb edir. Azərbaycan artıq çox etibarlı tərəfdaş kimi özünü dünyada təsdiq etmişdir.
Ölkəmizdə iqtisadi və sosial məsələlərin həlli müsbət istiqamətdə inkişaf edir. Ölkəmizdə ictimai-siyasi vəziyyət çox müsbətdir. Bizim ölkə çoxmillətli ölkədir. Azərbaycan artıq dünya miqyasında mədəniyyətlərarası dialoqun aparılması üçün çox gözəl məkana çevrilmişdir. Bu sahədəki təşəbbüslərimiz də dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Son vaxtlar keçirilən müxtəlif tədbirlər bir daha Azərbaycanı çox müasir və tolerant ölkə kimi dünya birliyinə təqdim edir.
Ölkəmizdə elə bir sahə yoxdur ki, o sahə üzrə konkret proqram olmasın və həmin proqram icra edilməsin. Bir sözlə, bugünkü Azərbaycan güclü, müasir, öz gücünə arxalanan dövlətdir. Biz elə etməliyik ki, ölkəmizi bundan sonra da gücləndirək, inkişaf etdirək, qarşıda duran bütün vəzifələri icra edək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq üçün əlavə tədbirlər görək, iqtisadi və sosial məsələlərin həllinə nail olaq.
Biz bütün bu uğurları məhz ona görə əldə etmişik ki, 1993-cü ildə Azərbaycan xalqı müdriklik göstərib Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir. Uğurlarımızın təməli məhz o vaxt qoyulmuşdur. Uğurlarımızın əvvəli məhz 1993-cü ildir. Ona görə Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaqdır. Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk.
Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir. Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik. Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq. Sağ olun.
PDF yükləyin
27 noyabr 2024, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:33Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının...
25 noyabr 2024, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli...
25 noyabr 2024, 14:32PDF yükləyin
25 noyabr 2024, 14:02Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...
25 noyabr 2024, 14:00Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan...
25 noyabr 2024, 11:50