İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında hazır müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib

19 oktyabr 2016, 14:59
İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında hazır müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

Şirkətin rəhbəri Əbülfəz Qafarov Prezident İlham Əliyevə məlumat verdi ki, sənaye parkının istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir. Hazırda 9 müəssisənin və istixana kompleksinin inşası başa çatdırılıb.

Prezident İlham Əliyevə “Karvan L” elmi istehsalat birliyinin müəssisələrində hazırlanan məhsullar təqdim olundu.

Sonra dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi.

Prezident İlham Əliyev yeni müəssisələrlə tanış oldu.

Bu müəssisələrdə müxtəlif növ istehlak malları və inşaat materialları istehsal ediləcək. Parkda yaradılan orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi də müasir səviyyədə qurulub. Sənaye parkının ərazisində keramika dam örtükləri və şüşə qab istehsalı müəssisələrinin tikintisi davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-Bu gün çox gözəl, əlamətdar bir gündür. Biz Ağstafa rayonunda sənaye parkının açılışını qeyd edirik. Mən bu təşəbbüsü çox alqışlayıram. Şadam ki, burada bütün işlər düşünülmüş qaydada öz həllini tapır. Burada bir neçə müəssisə fəaliyyət göstərəcək. Yüzlərlə, bəlkə də minlərlə yeni iş yeri yaradılacaq. Bu sənaye parkında son illər ərzində gördüyümüz işlər artıq əyani şəkildə özünü göstərir. Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb. Bu sənaye parkının özəlliyi ondan ibarətdir ki, burada yerli biznes özü bu parkı yaradır.

Sənaye parklarının yaradılması indi Azərbaycanda geniş vüsət alıb. İndi ölkəmizin müxtəlif yerlərində yeni sənaye zonaları yaradılır, dövlət investisiya ayırır - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı. Ancaq bu sənaye parkının yaradılması sahibkarlığın inkişafının göstəricisidir və sırf sahibkarlardan gələn təşəbbüsdür. Siz özünüz bu işləri görürsünüz, investisiya qoyursunuz. Buraya çox böyük həcmdə sərmayə qoyulur. Təxminən nə qədər?

“Karvan L” şirkətinin rəhbəri Əbülfəz QAFAROV: Beş milyona qədər.

Prezident İlham ƏLİYEV: Bu, böyük sərmayədir.

Əbülfəz QAFAROV: Bəli. Burada bir çox avadanlıq öz istehsalımız olduğundan bizə ucuz başa gəlib. Quraşdırma işlərini də şirkətimiz özü həyata keçirib.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Burada kənd təsərrüfatının inkişafı geniş vüsət alacaq. Yaradılan bu istixanalarda çox gözəl məhsul yetişdiriləcək. Bu məhsul ixrac ediləcək, ölkəmizə valyuta gələcək. Yəni, bu işlər bu gün bizim üçün prioritet məsələlərdir. Biz kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin etməliyik ki, gələcəkdə həm daxili tələbatı yerli istehsalla təmin edək, eyni zamanda, bizim çox böyük ixrac imkanlarımız olsun. Burada istehsal olunacaq sənaye məhsulları həm daxili bazara çıxarılacaq, həm xaricə ixrac ediləcək. Kənd təsərrüfatı məhsulları da, həmçinin daxili bazarı təmin edəcək və xaricə də satılacaq.

Şadam ki, bizim regionlarımızda belə gözəl işlər görülür. Əminəm ki, bu sənaye parkının çox gözəl gələcəyi var. Mən sizin təşəbbüsünüzü dəstəkləyirəm. Gələcəkdə də sizə öz dəstəyimi göstərəcəyəm. Ağstafa Rayon İcra Hakimiyyəti də bu təşəbbüslərə böyük təkan verir. Bu da çox gözəl hadisədir, əlamətdar haldır. Mən dəfələrlə bəyan etmişəm, rayonların icra hakimiyyətləri çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Biz bunu Ağstafa rayonunda, bu sənaye parkının yaradılmasında görürük. Bu gün yeni un dəyirmanının təməli qoyuldu. Burada kənd təsərrüfatı sürətlə inkişaf edir, investisiyalar cəlb olunur.

Əlbəttə ki, dövlət öz siyasətini aparır və sahibkarlığın inkişafı prioritet istiqamətdir. Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdırlar, şərait yaratmalıdırlar, sahibkarları cəlb etməlidirlər və onların fəaliyyətinə buna görə qiymət veriləcək.

İndi Ağstafa rayonunda sosial obyektlər də yaradılır. Bu gün Musiqi Mərkəzinin açılışını qeyd etdik. Mədəniyyət Evi ilə tanış oldum. Ağstafa rayonunda böyük mebel fabriki fəaliyyət göstərir. Mən ilk dəfə 2004-cü ildə o fabrikdə olmuşam. İndi orada çox böyük quruculuq işləri aparılır. Yeni fabrikin təməli qoyuldu. Onlar da artıq sizin kimi, öz məhsullarını xaricə satırlar. Biz artıq nəinki kənd təsərrüfatı məhsullarını, hətta mebeli də xaricə, özü də Avropa ölkələrinə ixrac edirik. Bu, bir göstəricidir. Belə müəssisələrin Bakıda yox, bölgələrdə yaradılması regional inkişaf proqramının tərkib hissəsidir.

Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Sənaye istehsalı bu il artıb, düzdür, az artıb, amma artıb. Belə müəssisələrin hesabına daha da artacaq və biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək, insanlar işlə təmin olunacaqlar. Təkcə bu gün gördüyüm müəssisələrdə minlərlə yeni iş yeri yaradılır. İnsanlar yaxşı maaş alır və əlbəttə ki, rayonun inkişafına bunun böyük təsiri var.

Ağstafa rayonunda bir çox infrastruktur layihələri artıq icra edilibdir. Üç il bundan əvvəl biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Artıq təmiz, fasiləsiz içməli su gəlir. Qazlaşdırma 92 faizdir, yaxın gələcəkdə 100 faiz olacaq. Elektrik enerjisi ilə də vəziyyət normaldır. Kənd yollarının bərpası, tikintisi prosesi gedir. Yeni sosial layihələr icra ediləcək. Bu məsələyə biz daim diqqət göstəririk. Ancaq indi deyə bilərəm ki, əsas infrastruktur layihələri başa çatıb. Əsas diqqət və sərmayə kənd təsərrüfatına, sənaye istehsalına yönəlməlidir.

Mən bilirəm, bölgələrdə tez-tez oluram, insanlarda da buna çox böyük həvəs var. İndi fermer olmaq yenə də şərəfli işə çevrilir. Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Bilirsiniz ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Gördüyünüz işlər bu siyasətə sizin cavabınızdır. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir. Bax, mən bu sənaye parkının nümunəsində bunu görürəm. Bunu siz edirsiniz, mən bunu qiymətləndirirəm və sizə yeni uğurlar arzulayıram.

Əbülfəz QAFAROV: Cənab Prezident, Ağstafa rayonunun əhalisi Sizi çox istəyir. Biz də bunların bu istəyinə qoşularaq burada bu istehsalatı yaradırıq, təsərrüfatı artıracağıq. İnşallah, bunları işə cəlb edəcəyik, burada bir dənə də işsiz insan qalmayacaq.

Sizə bir daha minnətdarlığımızı bildiririk. Sizin tapşırığınızla bütün dövlət orqanları bizə dəstək oldular. Cənab Prezident, biz bu işləri qısa zamanda - üç ay müddətində həyata keçirdik, bu kompleksi sıfırdan qurduq. Bunlar hamısı Sizin dəstəyinizlə görülən işlərdir. Sizə dərin minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Təbrik edirəm. Sağ olun.

Əbülfəz QAFAROV: Sizin təbrikiniz bizə ən böyük nemətdir. Siz 2005-ci ildə bizim müəssisədə oldunuz. Mən Sizə söz verdim.

Prezident İlham ƏLİYEV: Bakıda.

Əbülfəz QAFAROV: Bəli, cənab Prezident, mən dedim ki, Sizin siyasətinizi əməli işlərimlə dəstəkləyirəm.

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

Əbülfəz QAFAROV: Ondan sonra bu, artıq üçüncü istehsalat müəssisəsidir. İstehsal etdiyimiz məhsullar dünyanın 25 ölkəsinə ixrac olunur - Yaponiya, Braziliya, Argentina, Rusiya bazarlarına. Bunlar hamısı Sizin nailiyyətlərinizdir, Sizin bizə verdiyiniz stimuldur, gücdür. Biz Sizi çox sevirik və Sizin arxanızda daim varıq. Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun.

                                                                                            X X X

“Karvan-L EKO” şirkətinin əməkdaşı Xanlar HÜSEYNOV dedi:

-Cənab Prezident, kollektivimiz adından Sizi salamlayıram, Sizə təşəkkür edirik. Nəzərinizə bir məsələni çatdırım ki, mən uzun illər idi işləmək məqsədilə xarici şəhərlərdə yaşayırdım. Bu gün Sizin siyasətiniz sayəsində açılmış belə bir şirkətdə işlə təmin olunmuşam.

Prezident İlham ƏLİYEV: Buralısan?

Xanlar HÜSEYNOV: Bəli, ağstafalıyam.

Prezident İlham ƏLİYEV: Qayıtmısan vətənə, çox yaxşı.

Xanlar HÜSEYNOV: Bəli, qayıtmışıq vətənimizə. İndi öz evimizdə işləyirik, öz evimizdə yaşayırıq. Cənab Prezident, mən şəhid qardaşıyam və ailənin tək övladıyam. Yəni, daim anamın yanında olub, onun qayğısına qalmalıyam. Sizin sayənizdə bu vəzifəni də layiqincə icra edirəm. Odur ki, Sizə anamın xüsusi salamlarını və təşəkkürünü çatdırıram.

Prezident İlham ƏLİYEV: Sağ ol. Məndən də salam söylə. Uğurlar.

                                                                                                 X X X

Şirkətin işçisi Yaylaq ABDULLAYEVA dedi:

-Ağstafa rayonuna xoş gəlmisiniz, cənab Prezident. Biz bu gün sevinirik ki, rayonumuzda belə gözəl müəssisələr tikilir, camaatımız işlə təmin olunur. Bu, əhalinin dolanışığına kömək edir. Mən də, oğlum da bu müəssisədə çalışırıq, xoşbəxt dolanırıq. Bu, Sizin sayənizdədir. Biz Sizə təşəkkürümüzü bildiririk, minnətdarlıq edirik. Allah Sizə və bütün ailə üzvlərinizə uzun ömür, cansağlığı versin. Azərbaycan xalqı Sizin sayənizdə xoşbəxt dolanır. Allah Sizi qorusun. Biz öz adımızdan, xalqımızın adından Mehriban xanımı, Sizin bütün ailə üzvlərinizi salamlayırıq, minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

                                                                                                   X X X

Rayon sakini İbrahim ƏLİYEV dedi:

-Cənab Prezident, mən Sizə “Xoş gəlmisiniz” deyirəm və milli müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə Sizi, ailə üzvlərinizi, övladlarınızı, nəvələrinizi ürəkdən təbrik edirəm.

Prezident İlham ƏLİYEV: Mən sizi təltif etmişəm? Neçənci ildə?

İbrahim ƏLİYEV: Keçən il, cənab Prezident.

Ağstafa ölkəmizdə ən gənc rayonlardan biridir. Gənc olmasına baxmayaraq, Ağstafa bu illərdə o qədər sürətlə inkişaf edib ki, bunu saymaqla qurtarmaq olmaz. Ən sürətli inkişafımız Sizin rayonumuza səfərinizdən sonra olub. O səfərdən sonra ötən illər ərzində təkcə Ağstafada 14 orta məktəb binası, 4 uşaq bağçası inşa edilib, 150 kilometr asfalt yol salınıb. Bizim Gürcüstan ilə sərhəd bölgəmizdə yerləşən Sadıqlı kəndinə asfalt yolun çəkilməsinə görə o yaşayış məntəqələrinə gedən adamlar Sizə çox alqış edirlər. Çünki əvvəllər o yol acınacaqlı vəziyyətdə idi. İndi çox rahatdır. Hamımız Sizə minnətdarıq.

Bizim rayonumuz əsasən kənd təsərrüfatı rayonudur. Bu sahəyə də çox böyük diqqət yetirilir. Bu sahənin inkişafının təməli hələ Ulu Öndərimizin rəhbərliyi vaxtında qoyulub. O illərdə rayonumuzda hər yer üzümçülük, taxılçılıq idi, onların suvarılmasında çox böyük çətinlik vardı. 1971-ci ildə Ağstafaçayın üzərində hidroqovşağın quraşdırılması bütün sahələrin suvarılmasını təmin etdi.

Prezident İlham ƏLİYEV: Bu hidroqovşaq bizə indi də xidmət edir.

İbrahim ƏLİYEV: Həm bizə, həm də qonşu rayonlara xidmət edir. Sizin bu gün kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı sayəsində indi adamlar torpağı həvəslə əkib-becərirlər.

Bu gün Ağstafada təkcə kənd təsərrüfatının yox, sənayenin də inkişafına böyük diqqət yetirilir. Son dövrlərdə rayonumuzda beş böyük sənaye müəssisəsinin tikilməsi bunun göstəricisidir. Elə bu “Karvan-L EKO” şirkəti rayonun tarixinə düşən bir müəssisədir. İki yüzdən çox ailə buradan öz dolanışığını təmin edəcəkdir. Cənab Prezident, bəlkə də 5 ildən sonra Siz bir daha buraya gələndə görəcəksiniz ki, Ağstafa təkcə kənd təsərrüfatı yox, həm də sənaye rayonuna çevrilib.

Cənab Prezident, Siz bizim Prezidentimiz, Ali Baş Komandanımızsınız. Siz Azərbaycan xalqının arxasında duran dağsınız. Özü də uca zirvəsi olan dağ. O zirvəni qonşu ölkələrdən görəndə bəzilərinin ürəyi götürmür, xainlik edirlər. Ancaq biz sevinirik. O dağ bizim arxamızda var.

Mən bir daha Sizə ağstafalılar adından “Xoş gəlmisiniz” deyirəm. Sizə, ailənizə xoşbəxtlik arzulayıram. Qoy, Allah-Təala Sizi başımızın üstündən əskik etməsin. Siz uşaqdan böyüyə kimi hər bir azərbaycanlının fəxrisiniz. Bizim bir ağrılı problemimiz var, onu hamı bilir, bu, Dağlıq Qarabağ məsələsidir. Siz onu sülh yolu ilə həll etmək istəyirsiniz. Biz əminik ki, Siz bunu edəcəksiniz. Çünki aprel hadisələri bunu göstərdi. Həmin günlərdə Ağstafada icra nümayəndəliyinin qarşısında çoxlu insan toplaşmışdı. Onların hamısı deyirdi ki, silah verin, biz gedirik döyüşə. Ancaq biz Sizin əmrinizi gözləyirik. Əminik ki, Siz bu məsələni sülh yolu ilə həll edəcəksiniz. Erməni xalqı da ayılacaq, indiki rəhbərliyini Yerevanda dar ağacından asacaq. Biz buna əminik, cənab Prezident. Bir daha Ağstafaya “Xoş gəlmisiniz” deyirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

                                                                                                 X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo