İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edib

10 oktyabr 2016, 15:45
İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edib

İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib.

“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər.

Əvvəlcə Konqres iştirakçıları iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Konqresin açılışında Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid KİM çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğuladı. O, 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək baxımından fəaliyyətini vurğuladı. Hökumətlər, sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət olan bu Konqresin hazırda dünyada yeni başlayan sənaye erasına bir töhfə olacağını diqqətə çatdırdı, burada verilən mesajların gələcək üçün “yol xəritəsi” olacağını bildirdi. Y.D.Kim yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu dedi.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK ölkəsinin bu mühüm Konqresə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, müasir dövrdə enerjinin dünya gündəminin ən aktual məsələlərindən olduğunu bildirdi. B.Albayrak Türkiyənin dünya enerji siyasətində rolu və regional baxımdan bu sahənin təhlükəsizlik sektoruna təsirindən danışdı, bölgədə həyata keçirilən enerji layihələrinin regionda sülhün əldə edilməsi üçün mühüm fürsət olduğunu bildirdi. Nazir dünyada təmiz enerji mənbələri ilə yanaşı, enerji daşıyıcılarının təhlükəsiz şəkildə nəqlinin də mühüm önəm daşıdığını vurğuladı.

Türkiyənin Baş naziri Binəli YILDIRIM Konqres çərçivəsində keçiriləcək 60-dan çox sessiyada enerji sahəsində aktual məsələlərə dair səmərəli müzakirələrin aparılacağını bildirdi. Baş nazir dünyada enerji mənbələrinin şaxələndirilməsinin, enerji məhsullarının təhlükəsiz daşınmasının önəmini qeyd etdi. Türkiyənin enerji sahəsində həyata keçirdiyi və iştirak etdiyi layihələrdən danışan Binəli Yıldırım Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bu baxımdan önəmini xüsusi vurğuladı. Baş nazir Azərbaycanın və Türkiyənin mühüm rol oynadıqları “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən danışdı, bir neçə hissədən ibarət olan bu layihənin bütün komponentləri üzrə işlərin uğurla davam etdirildiyini bildirdi.

Sonra “İstanbul: mədəniyyətlərin beşiyi” adlı bədii kompozisiya təqdim olundu.

Şimali Kipr xalqının lideri Mustafa AKINCI çıxışında alternativ enerji mənbələrinin əhəmiyyətindən danışdı, regional enerji layihələrinin bölgədə sabitliyin əldə olunmasına və iqtisadi inkişafın təmin edilməsinə təkan verəcəyini diqqətə çatdırdı.

Venesuela Prezidenti Nikolas MADURO bu tədbirin əhəmiyyətini vurğulayaraq enerji sektorunda böyük dəyişikliklərin olduğu bir dövrdə alternativ enerji mənbələrinin yaradılması sahəsində çoxlu yeniliklərin baş verdiyini vurğuladı. Enerji siyasətinin Venesuelanın iqtisadi inkişafına təsirindən danışan Nikolas Maduro XXI əsrdə enerji qaynaqlarının müxtəlifliyinin təmin edilməsinin qarşıda duran vacib məsələ olduğunu bildirdi. Hazırda neft sektorunda tətbiq olunan yeni qiymətlərin bir növ təzyiq xarakteri daşıdığını deyən Nikolas Maduro uzun müddətdir davam edən bu vəziyyətin ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərdiyini vurğuladı, neft bazarının sabitliyə qovuşması yolunda fəaliyyət göstərməyin vacibliyini bildirdi. Venesuela Prezidenti OPEC üzvü olan və olmayan ölkələrin dövlət başçıları ilə görüşündə də vurğuladığı kimi, daha səmərəli qiymətlər üçün yeni mexanizmin yaradılmasına kəskin ehtiyacın olduğunu dedi.

Azərbaycan Prezidenti İlham Əliyev Konqresdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır.

Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik.

Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır. Onu qeyd etməliyəm ki, dünyanın neft tarixi Bakıdan başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarıldı. Ondan yüz il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır. Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə dəvət etmiş, “Əsrin kontraktı” imzalanmış, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşmüşdür. Bu yataqlar dünya miqyasında ən böyük neft qaynaqlarından biridir və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlamışdır.

Biz bu ay müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bizim müstəqil ölkəmizin inkişafında enerji sektoru xüsusi rol oynamışdır.

Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir. Buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var – ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə - Ceyhan limanına gətirir. İlk dəfə olaraq tarixdə biz Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyə ərazisindən isə dünya bazarlarına ixrac edilir. Bu, bizə çox böyük xeyir gətirir. Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, hörmətli Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər ötən 10 il ərzində Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində və digər sahələrdə əlaqələr daha da möhkəmlənib. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlamışdır. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq.

Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Dünyanın ən böyük qaz yataqlarından biri - “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmamışdır. Yenə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə bu gözəl İstanbul şəhərimizdə əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanmışdır.

TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. “Cənub” qaz dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. “Cənub” qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir.

Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır.

“Cənub” qaz dəhlizinin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir.

Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir.

Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq.

Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük 20”-lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük 20”-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram.

Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır. Sağ olun.

X X X

Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN dünya enerji siyasətinin inkişafına xidmət edən bu Konqresin uğurlu olacağına əminliyini bildirdi. Prezident Vladimir Putin neftin qiyməti ilə bağlı məsələyə toxunaraq mövcud vəziyyətin son 25 ildə bu sahədə ən aşağı sərmayə qoyuluşuna, yeni yataqların aşkarlanması və bir çox layihələrin icrasının kütləvi surətdə dayandırılmasına səbəb olduğunu diqqətə çatdırdı. “Mövcud şəraitdə neftin bazar mexanizmlərinin pozulması halı baş verib”, - deyən Rusiya Prezidenti vurğuladı ki, ölkəsi neft hasilatını azaltmağa hazırdır və digər hasilatçıları da buna səsləyir. OPEC-ə üzv ölkələrin noyabrda keçiriləcək toplantısında bu məsələyə aydınlıq gətiriləcəyinə, bu toplantının spekulyasiyaların qarşısını alacağına əminliyini ifadə edən Vladimir Putin dünya enerji təhlükəsizliyi siyasətinin əlaqələndirilməsinin, bu məsələdə bir çox ölkələrin öz müttəfiqlərinin mənafelərini düşünməsinin vacibliyini vurğuladı. “Rusiya yeni yataqların tapılmasına və bu sahədə yeni sərmayələrin qoyulmasına davam edəcək”, - deyən Prezident V.Putin ölkəsinin Türkiyə və Çinlə enerji sahəsində əlaqələrin inkişafına xidmət edəcək layihələrindən də danışdı.

“Enerji problemi həll olunmadan sərmayədən və inkişafdan söhbət gedə bilməz”. Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi. O, Türkiyənin Yaxın Şərq və Xəzər hövzəsi də daxil olmaqla dünya enerji qaynaqlarının üçdə ikisinin olduğu bölgədə yerləşdiyini bildirərək həmin ehtiyatların dünya bazarına çatdırılmasında ölkəsinin mühüm rol oynadığını söylədi.

“Əsasən Azərbaycan nefti olmaqla, Xəzər neftinin Ceyhan limanına nəqlini təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəmərini də həyata keçirmişik. Həmçinin Azərbaycanla birlikdə reallaşdırdığımız “Cənub Qaz Dəhlizi”nin əsasını təşkil edən TANAP - Trans-Anadolu qaz boru kəməri layihəsini inşa edirik. TANAP və bu layihənin davamı olacaq Trans-Adriatik - TAP boru kəməri ilə Azərbaycanın təbii qazı Türkiyə ilə yanaşı, Avropa bazarlarına da çatdırılacaq”, - deyə Türkiyə Prezidenti qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının millətin qəhrəmanlığı sayəsində alındığını bildirdi, ölkəsinin terrora qarşı bundan sonra da əzmlə mübarizə aparacağını vurğuladı.

Dünya Enerji Şurasının ən mühüm tədbirlərindən olan Konqres enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunan ən mühüm beynəlxalq enerji tədbiridir. Dünyanın bir nömrəli enerji platforması olan Konqres ilk dəfə 1924-cü ildə keçirilib. Üç ildən bir təşkil edilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim edir.

23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçiriləcək “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparacaqlar.

1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Dünya Enerji Şurasının 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzv təşkilatı təmsil edir. Şuranın əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.

İstanbul Konqresi işini oktyabrın 13-də başa çatdıracaq.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo