Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

07 oktyabr 2016, 12:00
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, - ilin sonuna qədər az vaxt qalsa da, - bu məsələlərə çox ciddi diqqət göstərilməlidir. 

Mən qeyd etdim ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq.

Apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.

Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.

O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik.

Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin. Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir.

Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir.

Biz həmişə olduğu kimi, bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm. Bu yaxınlarda Sumqayıtda keçirdiyim müşavirədə parkın fəaliyyəti ilə bağlı geniş məlumat verildi. Təkrar etmək istəmirəm, ancaq bir şey demək istəyirəm ki, bu parkın tam işə düşməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq və bizim qeyri-neft sahəsində çox böyük ixrac potensialımız yaranacaq.

Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır. Biz xarici dərmanlardan demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə, qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır.

Bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir. Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir.

Biz inşaat materialları sektoruna böyük investisiyalar cəlb edə bilmişik. Bu sektorda dövlət investisiyaları olmayıb, ancaq həm yerli, həm xarici özəl qurumlar bu sahəyə böyük investisiyalar qoyublar. Bu investisiyalar nəticəsində biz özümüzü inşaat materialları ilə kifayət qədər böyük həcmdə təmin edirik, ancaq tam təmin etmirik. Ona görə, bizim aidiyyəti qurumlar, dövlət qurumları, İqtisadiyyat Nazirliyi, digər qurumlar baxmalıdırlar ki, Azərbaycana hansı inşaat materialları idxal olunur. Azərbaycanda həmin istehsal sahələri yaradılmalıdır və güzəştli kreditlər verilməlidir, sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərməlidirlər.

Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir.

Daxili bazarımızı qorumaq üçün əlavə tədbirlər görülməlidir və burada çox çevik siyasət aparılmalıdır. Biz vaxt itirməməliyik. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir. Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çox operativ iş prinsipi qurulmalıdır və qərarlar da əgər düzgün qərarlardırsa dərhal qəbul edilməlidir.

Bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi artıq başlayır. Biz Nazirlər Kabinetinin toplantısında bu barədə danışmışıq. Artıq bu işlərə start veririk. Bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq. Bizim sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik ki, o layihələrdə istifadə olunacaq bütün inşaat materialları Azərbaycan mənşəli olsun.

Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə satılır. Yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq.

Bu gün mən bir məsələyə də toxunmaq istəyirəm. Biz indi sənaye parklarında, digər sahələrdə, metallurgiya sahəsində bir çox böyük sənaye layihələrini icra edirik və bu istehsal olunacaq məhsulların demək olar ki, hamısı ixracyönümlüdür. Ona görə, biz nəqliyyat imkanlarımıza da baxmalıyıq və indidən planlaşdırmalıyıq ki, ixraca yönələcək məhsulları necə daşıyacağıq. Bizdə onları daşımaq üçün imkanlar varmı? Kifayət qədər infrastruktur varmı? Vaqonlar, sisternlər, quru yük infrastrukturu varmı? Ona biz indidən baxmalıyıq. Biz nəqliyyat sektoruna - dəmir yoluna, hava və dəniz nəqliyyatına böyük sərmayə qoymuşuq. İndi Bakıda böyük gəmiqayırma zavodu artıq böyük gəmilər istehsal edir. Ancaq buna bir daha kompleks şəklində baxmalıyıq. İxrac olunacaq məhsulun, o cümlədən indi ixracı kəskin artacaq kənd təsərrüfatı məhsullarının həcmi dəqiq proqnozlaşdırılmalıdır.

Bu il təkcə pambıq istehsalı üç dəfə artacaq. Gələn il bu ilə nisbətən on dəfə, ondan sonra iyirmi dəfə artacaq. Biz bunu nə ilə daşıyacağıq? Bizdə bunu daşımaq üçün kifayət qədər infrastruktur varmı? Bizim hazır məhsulumuz olacaq, ancaq daşıya bilməyəcəyik. Ona görə, bunlar indidən planlaşdırılmalıdır və dövlət investisiya proqramında nəzərdə tutulmalıdır ki, sonra biz gözlənilməz vəziyyətlə üzləşməyək.

Beləliklə, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq. Əsas məsələ bundan ibarətdir. Bu gün neftin qiyməti 50 dollardır. Keçən ay 40 dollar idi. İlin əvvəlində 30 dollara düşmüşdü. Yəni, biz buna baxıb öz gələcəyimizi planlaşdıra bilmərik. Ona görə, neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir.

Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq.

Mən kənd təsərrüfatı sahələri üzrə bəzi məsələləri qaldırmaq istərdim. Pambıqçılıqla bağlı işlər uğurla gedir. Sabirabad rayonunda müşavirə keçirildi. İndi 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək. Burada da gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik. Mənə verilən məlumata görə, bizim pambıqtəmizləmə zavodlarımızın həcmi 300-350 min tondur. Biz bu rəqəmə ola bilər 2018-ci ildə, bəlkə də tez çatacağıq. Ona görə, bizdə yeni pambıqtəmizləmə zavodları tikilməlidir. Artıq İqtisadiyyat Nazirliyinə göstərişlər verilib, özəl sektor da, əlbəttə ki, bu işə qoşulmalıdır. Onların harada qurulması üçün yerlər müəyyən edilməlidir ki, biz sonra vaxt itirməyək.

Biz subsidiyaların verilməsində də ciddi addımlar atdıq. Bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Yəni, biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər.

Bununla yanaşı, bizim kənd təsərrüfatında zəif yerimiz olan taxılçılıqdır. Biz özümüzü taxılla təqribən 65 faiz təmin edirik. Son vaxtlar böyük fermer təsərrüfatları yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq orta məhsuldarlıqdan təqribən iki dəfəyə yaxın çoxdur. Buna baxmayaraq, biz yenə də idxaldan asılıyıq. Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə, indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin sahələrini dövriyyəyə buraxmaqla biz buna nail ola və idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik.

Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Baramaçılığa subsidiyalar verilib. Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib. Orada yenidənqurma işləri aparılmalıdır. Bu kombinat daha çox barama qəbul etməyə qadirdir. Ümidvaram ki, yaxın 2-3 ildə biz minlərlə ton barama tədarük edə bilərik. Hələlik bu işlər 24 rayonda gedir. Gələcəkdə daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar. Minlərlə manat alanlar var və bu da insanların güzəranını yaxşılaşdırır. Biz çalışmalıyıq ki, burada da hazır məhsulu ixrac edək və əminəm ki, buna nail olacağıq. Bu işlərin səmərəli şəkildə qurulması üçün 3,5 milyon manat yardım göstərilib.

Bizim üçün ənənəvi sahələrdən biri də üzümçülükdür. Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində olmuşdur. O da nədənsə ancaq Azərbaycanda olmuşdur. Başqa respublikalarda isə üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər dəridən-qabıqdan çıxırdılar ki, Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun, ondan sonra da üzümçülüyə lazımi diqqət yetirilməmişdir. Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün.

Yeni üzüm bağları salınır, dinamika müsbətdir. Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir. Eyni sözlər tütünçülüyə də şamil edilir. Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik və Azərbaycanda siqaretin istehsalını artırmalıyıq. Ona görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər, ona görə ki, xaricdən az gəlsin. Ən çox valyuta xərclənən istiqamətlər taxıldır, siqaretdir, xam şəkərdir və kərə yağıdır. Ona görə biz yerli istehsalı artırmalıyıq və ixracı da təmin etməliyik.

Xam şəkər ölkəyə çox gətirilir. Bunu azaltmaq üçün şəkər çuğundurunun əkin sahələri mütləq genişləndirilməlidir. Artıq göstərişlər verilib, yeni əkin sahələri müəyyən edilib. Bizə təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki, şəkər çuğunduru əkilsin və xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldıraq. Bu sahədə də çox ciddi işlər aparılmalıdır. Bizdə fəaliyyət göstərən şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda, hazır şəkəri ixrac edirik. Yəni, zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq. Çox sadə bir məsələdir.

Çayçılığın inkişafı. Bu sahə ilə bağlı indi ciddi işlər aparılır. Yeni texnologiyalar var ki, məhsuldarlığı kəskin şəkildə artırır. Burada da fermerlərə şərait yaradılmalıdır. Onlara da stimullaşdırıcı təkliflər verilməlidir ki, maraqlı olsunlar, cənub zonasında çayçılıq inkişaf etsin. Biz çayı da ixrac edirik, ancaq idxal da edirik. Yəni, daxili tələbat çoxdur. Ona görə çayçılığın inkişafı ilk növbədə idxalı azaldacaq. Azərbaycan çayı keyfiyyətlidir və biz öz çayımızla xaricə daha çox çıxmalıyıq.

Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir. Bu yaxınlarda mən Yalama Aqroparkının açılışında olmuşam. Bu, birinci belə aqroparkdır. Orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə tutulur və biz bu sahəni genişləndirməliyik. İndi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə ciddi məşğuldur. Cins mal-qara alınıb. Ancaq indi əsas məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə də işlər görülür. Mənə verilən məlumata görə, 3-4 il ərzində biz cinsi dəyişdirib yüksək keyfiyyətə malik olan mal-qaraya sahib olacağıq. Bu, öz növbəsində bizə əlavə böyük əkin sahələri verəcək. Çünki biz örüş torpaqlarımızdan çox səmərəsiz istifadə edirik. Bəziləri boşdur, bəzilərində isə normativdən qat-qat az heyvan saxlayırlar. Ona görə bizim heyvandarlığımız qapalı şəraitdə inkişaf etməlidir. Verilən məlumata görə, təqribən 500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək. Hazırda bizdə 2 milyondan çox iribuynuzlu mal-qara var. Ancaq onların cinsi o qədər də yaxşı deyil. İndi xaricdən gətirilən cins mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir. Ona görə bu sahədə ciddi addımlar atılır, istifadəsiz örüş torpaqlarında düşünülmüş, planlı şəkildə əkin işləri aparılmalıdır. Artıq İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident Administrasiyası bu işlərlə ciddi məşğuldurlar və beləliklə, biz özümüzü süd məhsulları və kərə yağı ilə təmin edəcəyik.

Mənə verilən son məlumata görə, özümüzü kərə yağı ilə tam təmin etmək üçün bizə əlavə 50-60 min cins mal-qara və əlbəttə, kərə yağı istehsal edən yeni müəssisələr lazımdır. Çünki süd və süd məhsullarının istehsalında biz özümüzü 80 faiz səviyyəsində təmin edirik, tezliklə 100 faizə çatmalıdır. Mövcud zavodlarda yeni xətlər qurulmalı, yeni müəssisələr tikilməli və Azərbaycanda süd məhsullarının bütün növləri 100 faiz istehsal olunmalıdır. Bax, qarşıya belə vəzifə qoyulur. Ona görə siz bir daha məsələni təhlil edin və mənə konkret son təklif verin ki, bunu tezliklə həll etmək üçün nə qədər vəsait, əkin sahələri, investisiya, kreditlər, dövlət investisiyaları lazımdır.

Mən artıq əvvəlki müşavirədə qeyd etmişəm və bir daha demək istəyirəm ki, bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır. Onların arasında fındıqçılığın çox böyük potensialı var. Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır. Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu 12 rayonda fındıqçılıq çox ciddi şəkildə inkişaf etməlidir. Bu, əlbəttə ki, vaxt tələb edir. Ancaq bu il biz artıq bu işlərə başlayırıq. Dövlət xətti ilə tinglər əldə edilir. Özəl sektor da bu işlərə qoşulsun. Bunun özəl sektor üçün də çox böyük faydası var. Burada biz bu işləri planlı şəkildə görməliyik.

Bakıda, Abşeron yarımadasında ənənəvi badam bağları əfsuslar olsun ki, azalır. Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır.

Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün.

İndi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. Amma bir daha qeyd etmək istəyirəm, daxili tələbat 100 faiz təmin edilməlidir, ixrac maksimum olmalıdır. İxrac bazarları da müəyyən edilməlidir. Bizim ənənəvi ixrac bazarımız var, bu, Rusiyadadır. İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq. Buna görə biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər. Yoxsa biz burada gözləyirik ki, kimsə gəlib bizdən nə isə alacaq. İndi bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır. Həm dövlət orqanları təşkil etməlidir, həm sahibkarlar özləri maraqlı olmalıdırlar və mütləq burada valyutanın hərəkətinə də diqqət yetirilməlidir. Çünki ixraca gedən məhsulun pulu bəzi hallarda ya 50 faiz, ya da 100 faiz qayıtmır. Ona görə, burada çox ciddi nəzarət olmalıdır. İndi ixracın təşviqi ilə bağlı yeni sistem qurulur və bu, orada da nəzərdə tutulur. Bu, 100 faiz şəffaf olmalıdır və heç bir pozuntuya yol verilməməlidir.

Bütün bunlar tələb edir ki, meliorasiyaya, suvarma işlərinə daha böyük diqqət göstərilsin. Son illər ərzində bu məqsədlər üçün böyük həcmdə vəsait ayrılıb. İki böyük su anbarı tikilib - Taxtakörpü, Şəmkirçay, digər layihələr icra edilib. Ancaq bizdə suvarılmayan torpaqların həcmi kifayət qədər çoxdur. Ona görə, göstəriş vermişəm, Prezident Administrasiyası məşğul olur, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti birgə işləyirlər və gələn ilin tədbirləri haqqında mənə konkret məruzə edilməlidir. Prezident Administrasiyasından verilən məlumata görə, biz az vəsaitlə gələn il təqribən 80-90 min hektar torpağı su ilə təmin edə bilərik. İndi bütün rayonlarda təhlil aparılır. Rayon icra hakimiyyətləri bu işlərə qoşulub və bu, düzgün yanaşmadır. Onlar yerlərdə hər şeyi yaxşı bilirlər. Əlbəttə, mərkəzi icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı” qurumu plan tutmalıdırlar ki, hər il neçə on min hektar torpaq sahəsinə su verməliyik, bu torpaqlar haradadır və o torpaqlarda nə əkiləcək? O torpaqlarda əkin aparmaq üçün dövlət nə qədər dəstək verməlidir? Əmək resursları hesablanmalıdır. Beləliklə, biz suvarılan torpaqlarımızın həcmini böyük dərəcədə artıra bilərik. Belə torpaqlar kifayət qədər çoxdur.

Mən əvvəllər də demişəm, zəbt edilmiş torpaqlar da var, amma onların böyük bir hissəsi artıq qaytarılıb. Mənə verilən məlumata görə, 200 min hektardan çox zəbt edilmiş, istifadəsiz torpaq artıq qaytarılıb. Qanunsuz icarə müqavilələri bağlanılıb. Kim ki, o torpaqları əkib-becərir, biz buna ancaq şad olarıq. Amma kim bunu zəbt edib və möhtəkirliklə məşğuldur, əmanət kimi saxlayır və gözləyir ki, qiyməti qalxandan sonra satsın və ya bölsün, yaxud da ev tiksin buna yol vermək olmaz. Ona görə, bu göstərişlər verilib, bu iş də davam etdirilməlidir. Qanunsuz zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılmalıdır. Kim ki, istifadə edir, çox yaxşı, ona dövlət tərəfindən dəstək verilməlidir. Bütün bu işlərə əlbəttə ki, dövlət dəstəyi, o cümlədən maliyyə dəstəyi verilməlidir.

Sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilir. Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır.

Biz bu il ailə biznesinə “ASAN dəstək” sistemini yaradırıq. Bu, artıq Masallı “ASAN xidmət” mərkəzində mənə təqdim olundu. Çox təqdirəlayiq bir təşəbbüsdür. Yəni, kiçik sahibkarlığın inkişafı üçün bunun çox böyük dəstəyi olacaq. Ona görə, dövlət qurumları da, aidiyyəti qurumlar da bu işlərlə məşğul olsunlar. İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “ASAN xidmət”lə bərabər yerli icra orqanları o kiçik konteynerlərdə nəzərdə tutulan istehsalat sahələrini insanlar arasında bölsünlər ki, bizdə ailə biznesi inkişaf etsin. İnkişaf etmiş ölkələrdə, xüsusilə kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının əsas hissəsi kiçik fermer təsərrüfatlarında yaradılır və ailə biznesi orada çox inkişaf edir. Bu, bizdə də olmalıdır.

“ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Bunun çox böyük faydası var. Mərkəzlərə 12 milyon müraciət olub. Növbəti bir-iki ildə 4 yeni “ASAN xidmət” mərkəzi yaradılmalıdır. Gələn ilin və 2018-ci ilin dövlət investisiya proqramında bu, nəzərdə tutulmalıdır. Qarşıdakı iki ildə ən azı 4 mərkəz yaradılmalıdır.

Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi. Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var. Vaxtilə bəziləri deyirdilər ki, Azərbaycanda, Bakıda bu qədər otel tikilir, kimə lazımdır? Artıq biz gördük ki, lazımdır və nə ediriksə düz edirik. Ancaq indiki şəraitdə biz gərək potensial turizm axınını hesablayaq. Çünki biz indi “ASAN viza” sisteminə keçirik. Cəmi 3 gün ərzində elektron vizalar veriləcək. Ona görə turizmin axını daha da güclü olacaq. Hamımız yaxşı görürük ki, “Formula-1” yarışlarının buna nə qədər böyük xeyri oldu. Ona görə, bizim otel infrastrukturu bu inkişafla ayaqlaşmalıdır. Sahibkarlar da bunu eşitsinlər, yerli icra orqanları, Mədəniyyət və Turizm Nazirliyi şərait yaratsın ki, həm Bakıda, həm bölgələrdə otellərin sayı çoxalsın.

Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır.

Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Artıq burada məruzədə də səsləndi ki, bu işlərə nə qədər böyük vəsait ayrıldı, bölgələrdə 100-ə yaxın qəsəbə salındı, Bakı şəhərində evlər tikildi. Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər.

Bir sözlə, artıq 2016-cı il sona yaxınlaşır. Qeyd etdiyim kimi, bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olmuşdur. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10