İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı İlham Əliyevin nitqi

05 may 2011, 18:55
İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı İlham Əliyevin nitqi

- Əziz dostlar, mən Sizin hamınızı ürəkdən salamlayıram. İmişli Olimpiya kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu gözəl idman qurğusu İmişli idmançılarına gözəl xidmət göstərəcəkdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var və deyə bilərəm ki, ölkəmizdə istifadəyə verilmiş olimpiya komplekslərinin arasında bu, ən gözəl komplekslərdən biridir. Böyük idman zalları, açıq meydançalar, qapalı idman zalları, üzgüçülük hovuzu, kiçik mehmanxana. Eyni zamanda, kompleksin çox gözəl xarici görünüşü də vardır. Mən çox şadam ki, İmişlidə də gözəl olimpiya idman kompleksi tikilmişdir. Bu, Azərbaycanda son illər ərzində tikilmiş komplekslərin arasında yenə də demək istəyirəm ki, öz gözəlliyi və funksional tərəfi ilə seçilən komplekslərdəndir. Sayca 31-cidir. Azərbaycanda qısa müddət ərzində 31 Olimpiya İdman Kompleksi tikilmişdir və bu proses davam edir. Hazırda 9 rayonda yeni komplekslər tikilir.

Beləliklə, Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün çox böyük addımlar atılır. İdmançılarımız da öz növbəsində bizi qələbələrlə sevindirirlər. Beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu beynəlxalq yarışlar nəinki Bakıda, eyni zamanda, bölgələrdə də keçirilir.

Əgər vaxtilə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs reallaşmasaydı, belə tədbirlərin keçirilməsi üçün şərait olmayacaqdı. Bu gün həm yerli idmançıların məşq prosesinin təşkili, həm də ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün bütün şərait vardır. Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün gözəl, müasir şərait yaradılsın.

İdmançılarımız bizi sevindirirlər. Bizim Olimpiya, dünya və Avropa çempionlarımız vardır. Ancaq bununla bərabər, idmanın kütləviliyini təmin etmək üçün biz öz siyasətimizi aparırıq. Bax, belə komplekslərdə uşaqlar, gənclər, yeniyetmələr məşq edəcəklər, öz peşəkarlığını artıracaqlar, fiziki cəhətdən sağlam olacaqlar.

Bizə həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam yeni nəsil lazımdır. Mən çox şadam ki idman bölmələrinə axın güclənir, uşaqlar, gənclər, yeniyetmələr idmanla məşğul olmaq üçün bölmələrə gəlirlər, məşğul olurlar, fiziki sağlamlıqlarını möhkəmləndirirlər. Eyni zamanda, uşaqların, yeniyetmələrin, gənclərin idmana cəlb olunmasını biz beynəlxalq yarışlarda əldə edilmiş uğurlarda da görürük. Xüsusilə yeniyetmələrin birinci Olimpiya Oyunlarında Azərbaycan gənclərinin əldə etdikləri uğurlar bizi hədsiz dərəcədə sevindirir. İlk dəfədir ki, beynəlxalq miqyasda yeniyetmələrin Olimpiya Oyunları keçirilmişdir. Azərbaycan milli komandası bu yarışlarda dünya miqyasında 11-ci yerə layiq görülmüşdür. Bu, böyük qələbədir. Bu, həm də onu göstərir ki, Azərbaycan sözün əsl mənasında idman dövlətidir. Onu da göstərir ki, burada idman prosesi çox düzgün təşkil edilib, gənclər, yeniyetmələr, uşaqlar idmanla məşğul olurlar və ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər.

Biz elə etməliyik ki, Azərbaycan gəncləri fiziki cəhətdən sağlam, mənəvi cəhətdən möhkəm, dövlətə, dövlətçiliyə sadiq olsunlar, vətənpərvərlik ruhunda tərbiyə alsınlar. Bildiyiniz kimi, Azərbaycanda çox güclü gənclər siyasəti aparılır. Bu yaxınlarda Azərbaycan gəncliyi Dövlət Proqramı qəbul ediləcəkdir. Bu proqramda gənclərlə bağlı bütün məsələlər öz əksini tapacaqdır. Gənclərin məşğulluğu, sağlam yaşaması, iş yerlərinin açılması, idmanla məşğul olması üçün orada xüsusi məsələlər öz həllini tapacaqdır. Gənc alimlərin fəaliyyəti üçün əlavə tədbirlər görüləcəkdir. Gənclər Fondu yaradılacaqdır. Bakıda və rayonlarda gənclər mərkəzləri tikiləcəkdir. Bütün bunlar proqramlarımızda var və biz elə etməliyik ki, Azərbaycanda idmanın inkişafı bundan sonra da sürətlə getsin. Eyni zamanda, gənclər siyasəti də Azərbaycanda yüksək səviyyədə aparılır və aparılmalıdır.

Mən çox şadam ki, Azərbaycan bu gün özünü beynəlxalq idman aləmində idman dövləti kimi göstərə bilmişdir. Görəndə ki, idmançılarımız çempion olurlar, bayrağımız qaldırılır, dövlət himnimiz səslənir, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir. Bu, ölkəmizin qüdrətini göstərir.

Ölkəmiz müstəqil ölkə kimi gəncdir. Amma ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra olunur və layihələr reallaşır. O cümlədən, bölgələrin inkişafı ilə bağlı Dövlət Proqramının ikinci hissəsi icra edilir. Bu proqram bütün bölgələri əhatə edir. Hər bir rayon üzrə xüsusi tədbirlər planı var və bu planlar icra edilir. O cümlədən, İmişli rayonunun sosial-iqtisadi inkişafı proqramı icra edilir. Burada bütün istiqamətlər üzrə işlər gedir, sosial infrastruktur yaradılır. Gözəl olimpiya mərkəzi, məktəblər tikilir və təmir edilir. Rayon xəstəxanasının əsaslı təmiri başlanmışdır. Xəstəxana ən müasir avadanlıqla təchiz ediləcəkdir. Böyük qazlaşdırma proqramı reallaşacaqdır. Gələn ilin sonuna qədər İmişlinin bütün kəndləri qazlaşdırılmalıdır. Qarşıya belə vəzifə qoyulub. Əminəm ki, bu vəzifə icra ediləcəkdir. Meliorasiya, içməli su, kanalizasiya xətlərinin çəkilişi ilə bağlı müvafiq göstərişlər verilmişdir və onlar yaxın zamanlarda icra edilməyə başlanacaqdır.

Digər sosialyönümlü təşəbbüslər irəli sürülür. İş yerlərinin açılması ilə bağlı konkret və çox dəqiq proqram icra edilir. Bu gün mən İmişli rayonunda bir neçə yeni müəssisənin açılışında iştirak etmişəm. Mən yeni müəssisənin təməl daşının qoyulmasında iştirak etmişəm. Bir neçə il əvvəl burada böyük şəkər zavodunun tikintisi demək olar ki, Azərbaycanın qeyri-neft sektoruna qoyulan ən böyük sərmayələrindən biri idi. Böyük vəsait qoyulmuşdur və ən müasir tələblərə cavab verən zavod yaradılmışdır. İndi o zavodun ətrafında yeni zavodlar tikilir. İmişlidə yeni müasir emal sənayesi ilə bağlı təşəbbüslər irəli sürülür və həll olunur.

Bu zavodlarda minlərlə yeni iş yerləri açılmışdır. Gələcəkdə görüləcək tədbirlər nəticəsində bu zavodlar böyüyəcək, onların iş funksiyaları artacaq və beləliklə, yerli istehsalın artırılmasına nail olacağıq, idxaldan asılılığımızı azaldacağıq, yeni iş yerləri də açacağıq. Yəni, Azərbaycanda bu proses aparılır və son 7 il ərzində ölkədə 900 mindən artıq yeni yeri açılmışdır ki, onların tam əksəriyyəti daimi iş yerləridir. Ancaq biz yenə də işsizliklə bağlı olan bütün problemləri bilirik, onları həll edirik və edəcəyik.

Yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, sənaye potensialımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, regional inkişaf proqramının icrası – bütün bunlar bizim üçün əsas istiqamətlərdir və hər bir istiqamət üzrə konkret nəticələr vardır. Bu gün bu gözəl, möhtəşəm Olimpiya idman mərkəzinin açılışı özlüyündə Azərbaycanın güclü dövlət olduğunu göstərir. Biz iqtisadiyyatı inkişaf etdirməklə sosial proqramların həllinə də nail olmuşuq. Sosial problemlərin həlli və imkansız təbəqənin yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, əhalinin qaza, suya olan borcları silindi. Nə üçün? Ona görə ki, kimin ki, imkanı yoxdur, o borc yükünü onların çiyinlərindən götürək. Digər sosial proqramlar – ünvanlı sosial yardım icra edilir. İndi pensiyaların, minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflər verilmişdir. Biz yaxın zamanlarda bu təşəbbüslərin nəticələrini də görəcəyik.

Bir sözlə, Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Bu gün ölkəmiz öz resursları hesabına yaşayır və inkişaf edir. Bizdə olan inkişafın dünya miqyasında heç bir analoqu olmayıb. Çünki 7 il ərzində iqtisadiyyatımız 3 dəfə artıbdır, dünya təcrübəsində belə göstərici olmayıbdır. Yəni, inkişafımız dinamikdir, dayanıqlıdır və hərtərəflidir. Bununla bərabər, ölkədə hələ ki, problemlər vardır və bu problemlər öz həllini tapmaqdadır. Biz bütün istiqamətlər üzrə siyasətimizi davam etdirəcəyik. Ölkəmizin, regionların inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Elə etməliyik ki, Azərbaycanda yaşayan hər bir vətəndaş həm işlə təmin olunsun, həm də onun məvacibi tələblərinə uyğun olsun. Bizneslə məşğul olanlar üçün gözəl şərait yaradılır. Əgər belə olmasaydı, bu gün özəl sektor inkişaf etməzdi. Özəl sektorun inkişafı üçün konkret tədbirlər görülür. Bu gün mən aqroservis bazasının fəaliyyəti ilə tanış oldum. Bir neçə il bundan əvvəl “Aqrolizinq” dövlət şirkətinin yaradılması ilə biz demək olar ki, kənd təsərrüfatı texnikası ilə təminatı böyük dərəcədə yaxşılaşdıra bilmişik. İndi qıtlıq yoxdur. Yəni, biz hər bir sahə üzrə fəal işləməliyik, məqsədyönlü siyasət aparmalıyıq. Bütün cəmiyyət bu amal ətrafında birləşməlidir ki, müstəqilliyimizi daha da gücləndirək, iqtisadiyyatımızı möhkəmləndirək, insanların yaxşı yaşamasını təmin edək. Bizim siyasətimiz bundan ibarətdir. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Bu gün isə açılan bu gözəl idman mərkəzi əminəm ki, imişlililərə yaxşı xidmət göstərəcəkdir. Mən hesab edirəm ki, bu kompleksdən nəinki idmançılar, eyni zamanda, rayon sakinləri də istifadə etməlidirlər. İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən hər bir vətəndaşa həmişə tövsiyə edirəm ki, idmanla məşğul olsunlar, öz sağlamlıqlarına diqqət göstərsinlər. Fiziki sağlamlıq hər bir insan üçün çox vacibdir.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, bütün imişlililərə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44