İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

16 sentyabr 2016, 16:45
İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün bizim təşkilatın möhkəmlənməsinə şərait yaradacaq mühüm məsələlər müzakirəyə çıxarılıb. Biz işimizin optimallaşması ilə əlaqədar təşəbbüsləri dəstəkləyirik ki, ümumi maraq doğuran ən mühüm məsələlər üzərində diqqətimizi cəmləşdirə bilək. 

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar bu təşkilatın təsisçilərindən biri kimi, bizim dövlətimizin mövqeyini ifadə etmək istərdim. Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb.

Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik.

Humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd etmək istərdim. Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür. Bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu Forum humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çox mühüm beynəlxalq məkana çevrilib. Bu məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir. Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrı-seçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir.

Həmçinin həmkarlarıma onu da bildirməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu gün Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzlərindən biri kimi tanınıb. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət veririk. Dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada da yaxşı perspektivlər yaranır. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərini qoruyub saxlaya biləcəyik.

İndiki şəraitdə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Bizim ölkəmiz uzun illərdir bu sahəyə fəal sərmayə yatırır. Bu gün ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edir və ölkələrimizə əlavə iqtisadi dividendlər gətirir. Biz, həmçinin MDB-nin üzvü olan qonşu dövlətlərlə ölkələrimiz üçün böyük gələcəyə malik olacaq layihələr həyata keçiririk. Biz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyuruq. Bu, daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahədir və həm də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Əməkdaşlığın möhkəmləndirilməsi təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir.

Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir.

Sonda ümidvar olduğumu bildirmək istərdim ki, MDB bundan sonra da fəal inkişaf edəcək. Biz düşünülmüş islahatlar yolu ilə gedirik. İslahatlar təkcə islahat xatirinə həyata keçirilməməlidir. Onlar çox dəqiq istiqamətlənməlidir ki, bizim təşkilatımız möhkəmlənsin, daha cəlbedici və daha fəaliyyətqabiliyyətli olsun.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və işimizə uğurlar arzulayıram. Çox sağ olun.

X X X

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası oldu.

Dövlət Başçıları Şurasının iclasına gəldiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB-nin 25 illiyi münasibətilə təbriklərini çatdırdı.

İclasda sentyabrın əvvəlində dünyasını dəyişən Özbəkistan Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bütün ölkələrə MDB-də islahatlarla bağlı keçirilən müzakirələrdə əldə edilən kompromisə görə minnətdarlığını ifadə edən Prezident Almazbek Atambayev bu gün dünyada hökm sürən və heç də asan olmayan vəziyyətdə dialoq üçün istənilən genişmiqyaslı meydançanın qorunub saxlanılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, bütün məsələlər yalnız kompromislər vasitəsilə öz həllini tapa bilər. Almazbek Atambayev 2017-ci il yanvarın 1-dən MDB Dövlət Başçıları Şurasına sədrliyin Rusiya Federasiyasına keçəcəyini diqqətə çatdırdı.

MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məhdud tərkibli iclasda Birliyin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatının qəbul olunduğunu bildirdi. Diqqətə çatdırdı ki, iclasda, həmçinin MDB-nin müasir reallıqlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib, Birliyin fəaliyyəti ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda sənədlərin imzalanması mərasimi oldu.

MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olundu. İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatını qəbul edərək təşkilatın müasir reallıqlara uyğunlaşdırılması məsələlərini Birliyin nizamnamə və müvafiq sahə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə etdilər. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu oldu. Qərara alındı ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçirilsin.

X X X

Həmin gün axşam Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etdi.

 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42
SƏNƏDLƏR Sərəncamlar 11 iyun 2025
13:11
Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə...

11 iyun 2025, 13:11
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40