18:48
İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
15 sentyabr 2016, 10:00Prezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.
Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 311 nömrəli məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Bütün amillər nəzərə alınaraq Sabunçu dairəsində 311 nömrəli məktəb üçün üçmərtəbəli yeni binanın tikintisinə qərar verilib. İnşaat işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil müəssisələrində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində inşa olunan 311 nömrəli məktəbin yeni binasında da şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan məktəbdə 47 sinif otağı var.
Dövlətimizin başçısı ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdü, onları Bilik günü münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev: Salam uşaqlar.
Şagirdlər: Salam.
Prezident İlham Əliyev: Yaxşı oxuyun. Müəllimlərin sözünə baxın, əlaçı olun.
Dövlət başçısı şagirdlərlə şəkil çəkdirdi.
Daha sonra Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə maraqlandı.
Bildirildi ki, 960 şagird yerlik məktəbdə informatika otağından əlavə, hərbi hazırlıq, fizika, kimya, biologiya üzrə fənn laboratoriyaları yaradılıb, onların hamısı əyani vəsaitlər və tədris avadanlığı ilə təchiz olunub. Müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı akt zalından əlavə, 540 kvadratmetr sahəsi olan və müxtəlif avadanlıqla təchiz edilən idman zalı da şagirdlərin ixtiyarına verilib.
Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 70-80 faizi tələbə adını qazanıb. Bu il məktəbi bitirənlərdən 12 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplayıb.
Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir.
Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Salam, sabahınız xeyir olsun. Sizi ürəkdən salamlayıram. Bu gün ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Eyni zamanda, bu gün məktəbin həyatında çox əlamətdar bir gündür. Məktəbin yeni binası tikilib istifadəyə verilir. Bu münasibətlə də sizi təbrik edirəm.
Bu əlamətdar hadisə onu göstərir ki, Azərbaycan dövləti təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirləri görür. Məktəbin əvvəlki binası ilə bağlı mənə məlumat verildi. İndiki bina əsaslı şəkildə fərqlənir. Çox gözəl, keyfiyyətli tikilib. Burada ən müasir avadanlıq quraşdırılıb. İndi müəllimlərin də şəraiti yaxşılaşıb. Uşaqlar da yaxşı məktəbdə oxuyacaqlar. Yəni, burada bütün standartlar ən yüksək səviyyədədir. Son illər ərzində Azərbaycanda tikilən və əsaslı təmir olunan məktəblərin şəraiti bax belədir.
Bu il Bakı şəhərində on orta məktəb və peşə məktəbi əsaslı təmir edilmişdir. Yeni korpuslar tikilmişdir. Bir məktəb - 311 nömrəli bu məktəb üçün isə yeni bina tikilmişdir.
Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik. Eyni zamanda, bəzi məktəblərdə uşaqlar iki növbədə oxuyurlar, o cümlədən bu məktəbdə. Ona görə, bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir, o cümlədən bu ərazidə. Düzdür, burada yerlə bağlı problemlər var. Ancaq yerli icra hakimiyyətinə göstəriş verdim ki, baxsınlar, araşdırsınlar, bu ərazidə harada mümkündürsə orada yeni məktəb tikilsin. Beləliklə, Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək.
O ki qaldı bütövlükdə ölkə üzrə gedən proseslərə, deyə bilərəm ki, son on il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik.
Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun.
Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.
Əlbəttə ki, müəllimlərdən və şagirdlərdən çox şey asılıdır. Şagirdlər bilməlidirlər ki, həyatda yaxşı yer tutmaq və Vətənə daha böyük fayda gətirmək üçün yaxşı oxumalıdırlar. Əlbəttə ki, müəllimlər bu əsas yükü öz üzərinə götürüblər. Ona görə də məktəb tikintisi həm şagirdlər, həm də müəllimlər üçündür. Bura müəllimlərin iş yeridir. Belə gözəl şəraitdə işləmək, əlbəttə, hər bir insana zövq verir. Biz gələcəkdə də bu məsələlərin həlli ilə bağlı lazımi tədbirləri görəcəyik.
Eyni zamanda, bizim gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir. Burada da əlbəttə ki, müəllimlərdən çox şey asılıdır. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir. Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görmüşlər.
Bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır. Bu gün biz bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana – bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir.
Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq.
Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar. Bu böyük parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq qazanıbdır, ordumuz qazanıbdır. Amma əsas özünü qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bizim gənclərimiz bayrağımızı Rio Olimpiya Oyunlarında qaldırıblar. Biz medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman aləmində birinciyik. Yenə də bunu gənclər edibdir.
Yəni, gənclərimiz bu gün ölkəmizin şöhrətini, qüdrətini yüksəklərə qaldırırlar. Biz fəxr edirik ki, belə gənclərimiz var və gənclərimiz gələcəkdə də bütün istiqamətlərdə belə fədakar, vətənpərvər və peşəkar olmalıdır. Əminəm ki, belə gözəl məktəbdə nəticələr daha da yaxşı olacaq. Bir daha sizi təbrik edirəm.
X X X
Məktəbin müəllimi Şaməddin Babayev dedi:
-Möhtərəm cənab Prezident, Sabunçu rayonuna xoş gəlmisiniz. Sizin Sabunçu rayonuna gəlişiniz rayonumuzun sakinlərini və biz müəllimləri ürəkdən sevindirir.
Cənab Prezident, Sizin tapşırığınıza əsasən inşa edilmiş bu gözəl məktəb yeni dərs ilində Sabunçu rayonunun təhsil işçilərinə ən gözəl hədiyyədir. Cənab Prezident, Sabunçu rayonunun təhsil işçilərinə, sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, dünyada baş verən siyasi prosesləri yaxından izləyirik və fəxr edirik ki, Azərbaycan kimi qüdrətli bir dövlətdə yaşayırıq. Siz əmin-aman bir dövlət qurmusunuz. Sizə dərin minnətdarlığımızı bildiririk. Allah sizi qorusun!
X X X
Müəllimə Nurlana Bağırova dedi:
-Möhtərəm cənab Prezident, biz müəllimlər əlimizdən gələni edəcəyik ki, şagirdlərimiz milli ruhda tərbiyə alsınlar, vətənpərvər olsunlar, zirvələrə ucalsınlar. Dəyərli vaxtınızı sərf edib bu müasir məktəbin açılışında bizimlə bərabər iştirak etdiyinizə görə Sizə kollektiv adından bir daha dərin minnətdarlığımızı bildiririk. Bu unudulmaz günü Sizinlə tarixə həkk etdiyimizə görə çox xoşbəxtik.
X X X
Məktəbin direktoru Esmira Muradova dedi:
-Cənab Prezident, çox sevinirik. Sevincimizin həddi-hüdudu yoxdur. Məktəbin yeni binası bizə gözəl hədiyyədir. Biz bu hədiyyəyə və həm də bu gün - Bilik günündə bizimlə bir yerdə olmağınıza, bu gözəl bayramı bizimlə birlikdə keçirməyinizə görə Sizə təşəkkür edirik. Bizə etdiyiniz hədiyyəyə görə kollektivimiz adından, valideynlər və şagirdlər adından Sizə minnətdarlığımızı bildiririk. Tam qətiyyətlə deyirik ki, bu cür möhtəşəm, müasir avadanlıqla təchiz olunmuş məktəbdə işləmək nə qədər qürur, fərəh hissi doğurursa, bir o qədər də məsuliyyətimizi artırır.
Mən qısaca da olsa məktəbin nəticələri barədə məlumat vermək istəyirəm. Son dörd ildə bizim məktəbimizdən ali məktəblərə qəbul olunanlar 70 faiz təşkil edir. Sonuncu ilin nəticələri isə bizim üçün daha fərəhləndiricidir. Bizim beş şagirdimiz 600-dən, 12 şagirdimiz isə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub. Bu, bizi daha yaxşı işləməyə ruhlandırır.
Cənab Prezident, biz Sizə güvənirik, Sizi sevirik, Sizinlə qürur duyuruq və daim Sizin siyasətinizi dəstəkləyirik. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bu gün Siz buraya gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Sonda xatirə şəkilləri çəkdirildi.
18:48
18:33
17:48
17:12
17:11
17:06
16:28
15:37
14:52
14:47
14:09
12:35