Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında İlham Əliyevin nitqi
10 avqust 2016, 17:15
Bu gün Qəbələ şəhərində Qəbələ “ASAN xidmət” mərkəzi öz işinə başlayır. Bu gözəl əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm. Çox gözəl, yaraşıqlı binadır. Memarlıq baxımından Qəbələ şəhərinə əlavə yaraşıq verəcək. Əlbəttə ki, bu binada ən yüksək standartlar tətbiq olunur.
Bu xidmət sayca 10-cu xidmətdir. Azərbaycanda bu günə qədər 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir - 5-i Bakıda, 4-ü digər şəhərlərdə - Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər.
“ASAN xidmət” Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.
“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdırlar. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində belə də olmalıdır. “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir.
Müraciət edən vətəndaşlar bütün lazımi sənədləri artıq yeni şəraitdə alırlar. Qeyd etdiyim kimi, vətəndaşların mütləq əksəriyyəti bu xidmətlərdən razıdır. Bununla bərabər, 10 avtobus səyyar xidmət fəaliyyəti göstərir. Biz “ASAN xidmət”in funksiyalarını genişləndiririk. Hazırda 200-dən çox xidmət göstərilir. Yaxın gələcəkdə xüsusilə kommunal ödənişlərlə, vizaların verilməsi ilə bağlı yeni xidmətlər də göstəriləcək.
Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, Formula-1 yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. “ASAN VİSA” xidmətinin fəaliyyətə başlamasından sonra, - bu da oktyabr ayında nəzərdə tutulur, - əminəm ki, gələnlərin sayı daha da artacaq.
Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.
Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir.
Bir sözlə, “ASAN xidmət” qısa müddət ərzində, 3 il yarım ərzində cəmiyyətdə çox böyük rəğbət qazanıb, ictimai xidmətlər sektorunda, bir daha demək istəyirəm ki, inqilab yaradıbdır.
Gələcəkdə biz “ASAN xidmət” mərkəzlərinin sayını artıracağıq. Bu mərkəz 10 rayona – Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Oğuz rayonlarına xidmət göstərəcək. Bu rayonlarda 900 mindən çox əhali yaşayır. Növbəti “ASAN xidmət” mərkəzi bu il Masallıda açılacaq və ondan sonra Şəki şəhərində “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur. Beləliklə, insanlar üçün bu xidmətdən istifadə etmək daha da asan olacaq.
“ASAN xidmət” mərkəzlərində çalışanların əksəriyyəti gənclərdir, qızlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin etmək üçün daha da ciddi iş görməliyik, çalışmalıyıq. Ümumiyyətlə, məşğulluğun artırılması Azərbaycanda dövlət proqramıdır. İşsizlik Azərbaycanda aşağı səviyyədədir, ancaq hələ ki var. Ona görə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması deməkdir. Bu mərkəzdə 153 iş yeri açılır və işləyənlərin əksəriyyəti gənclərdir. Gənclər də bu gözəl şəraitdə işləyərkən özlərini gələcəyə hazırlayırlar ki, cəmiyyətdə yaxşı və layiqli yer tuta bilsinlər. Mənə verilən məlumata görə, bu mərkəzdə 45 könüllü fəaliyyət göstərəcək, insanlara yardım edəcək.
Əslində Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıb. Səkkiz min gənc könüllü olaraq müxtəlif “ASAN xidmət” mərkəzlərində işləyib və hazırda bütün mərkəzlərdə 700 könüllü fəaliyyət göstərir. Bax, bu könüllülər, eyni zamanda, Bakıda keçirilmiş beynəlxalq tədbirlərdə də uğurla iştirak ediblər, xüsusilə, keçən il Avropa Oyunlarında və Formula-1 yarışmasında könüllülər tədbirlərin keçirilməsində çox mühüm rol oynayıblar. Mən birinci Avropa Oyunlarında çox böyük iş görmüş könüllüləri xüsusilə fərqləndirdim, onlara Prezident diplomu verilibdir. Yəni, bu, çox ciddi ictimai təşəbbüsdür.
Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir. İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.
Beləliklə, 3 il yarım bundan əvvəl qəbul edilmiş qərarın görün nə qədər ciddi, böyük və xoş, çoxşaxəli təsiri var, ilk növbədə, ictimai xidmətlər sahəsində. Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur. Birincisi bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik. Çünki cəmiyyətimizi korrupsiya, rüşvətxorluq qədər sarsıdan ikinci bəla yoxdur. “ASAN xidmət” bu istiqamətdə liderdir. Mən bu barədə rəsmi çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, hər bir dövlət orqanı belə şəffaf işləməlidir və cəmiyyət də bunu görür, insanlar da bunu görürlər. Ona görə də bu xidmətin fəaliyyətini bəyənirlər.
Bu gündən sonra Qəbələ sakinləri və ətraf rayonlarda yaşayanlar bu xidmətdən istifadə edəcəklər və biz gələcəkdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirəcəyik. Harada ki vəziyyət hələ bizi qane etmir, harada ki xoşagəlməz hallar var, biz o funksiyaları “ASAN xidmət” vasitəsilə təşkil edəcəyik.
Mən şadam ki, növbəti, 10-cu mərkəz Qəbələ şəhərində açılır. Qəbələ Azərbaycanın gözəl yerlərindən biridir. Qəbələnin çox zəngin tarixi var, tarixi şəhərdir, tarixi diyardır. Eyni zamanda, gözəl təbiəti var. Son illər ərzində Qəbələdə gedən inkişaf bu gözəlliyə, bu tarixə və bu təbii gözəlliyə uyğundur. Bax, siz - burada yaşayan insanlar özünüz görürsünüz ki, Qəbələ son illər necə gözəlləşib. Yeni binalar, turizm obyektləri, ictimai binalar tikilir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə beynəlxalq aeroport tikilib. Bəziləri bu məsələyə şübhə ilə yanaşırdılar. Ancaq bu gün müxtəlif istiqamətlərə uçuşlar təşkil edilir. Gözəl memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox otellər, Beynəlxalq Atıcılıq Mərkəzi tikilib və bu işlər davam etdirilir. Bax, bu gün burada vəziyyətlə tanış olarkən pəncərədən yeni atıcılıq mərkəzinin tikintisini müşahidə etdim.
Qəbələnin inkişafı göz qabağındadır. Burada yaşayanlar bunu görürlər. Mən də buna çox sevinirəm. Çünki Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir və burada bütün işlər zövqlə, səliqə ilə aparılır. Buraya gələn qonaqlar təbii ki, bunu görürlər. Görürlər ki, Azərbaycan necə gözəl ölkədir. Azərbaycanda təkcə paytaxt şəhəri deyil, eyni zamanda, bölgələr də gözəldir, gözəl şərait yaradılıb.
Qəbələnin gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq. Burada gündəlikdə dayanan əsas məsələ içməli su layihəsidir. Bu, icra edilir, xarici banklar vasitəsilə təşkil edilir. Ona görə, müəyyən dərəcədə yubanma var. Əgər biz bunu daxili imkanlar hesabına etsəydik, çoxdan başa çatdırardıq. Ancaq yenə də ümid edirəm ki, yaxın gələcəkdə içməli su problemi kanalizasiya xətləri ilə bərabər öz həllini tapacaq.
Qəbələ rayonunda qazlaşdırma 70 faizə yaxındır. Rayonun relyefini nəzərə alsaq, hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Şəhərdaxili yolların tikintisinə ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq və Qəbələ rayonunun gələcək inkişafını təmin edəcəyik.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, Qəbələ sakinlərinə yeni uğurlar arzulayıram. Sağ olun.