İlham Əliyev Sabunçu rayonunda görülən işlərlə tanış olmuşdur
27 aprel 2011, 20:20
İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu qəsəbəsində görülən işlərlə tanış olmuşdur
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.
Aprelin 27-də dövlətimizin başçısı həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq üçün Sabunçu qəsəbəsinə gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Azərbaycan Prezidenti Sabunçu vağzalının ətrafında əvvəlki vəziyyəti əks etdirən fotostendə də baxdı. Bildirildi ki, Sabunçu vağzalının ətrafındakı ərazidə kanalizasiya, su və rabitə xətləri yeniləri ilə əvəz edilmişdir. 28 min kvadratmetr sahəsi olan Əslidar Məmmədəliyev küçəsinə ikiqat asfalt və 950 metr uzunluğunda səkiyə qranit plitə döşənib. Səkilərdə 1700 kvadratmetr sahədə asfalt işləri görülüb. Əlavə olaraq 22 min kvadratmetr sahəsi olan qəsəbədaxili küçələrə asfalt döşəmək üçün hazırlıq işləri aparılır. Sabunçu vağzalının binasında yenidənqurma işləri başa çatdırılıbdır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Qəsəbə sakinləri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
SAKİN: Hörmətli Prezidentimiz, xoş gəlmisiniz! Sizin son vaxtlar verdiyiniz sərəncamlar hamımızın ürəyincədir. Sizi həmişə dəstəkləmişik, yenə də dəstəkləyəcəyik. Çox sağ olun!
Prezident İlham ƏLİYEV: Sağ olun. Bu sərəncamlar icra olunur. İndi bütün qəsəbələrdə yaxşı işlər gedir, yollar çəkilir, o cümlədən Sabunçu qəsəbəsində də bu işlər başlanmışdır. Bütün qəsəbələrin sosial-iqtisadi problemləri öz həllini tapmaqdadır. Bir neçə gündən sonra xüsusi, böyük Dövlət Proqramı qəbul olunacaqdır. Proqramda bütün məsələlər öz əksini tapacaqdır. Mən bilirəm ki, Sabunçu qəsəbəsinin də problemləri var. Biz bu problemləri bilirik və həll etməyə çalışırıq. İlk növbədə, burada yolların çəkilişi öz həllini tapmalıdır. Ondan sonra kanalizasiya xətləri çəkilməlidir. Ümumiyyətlə Sabunçu qəsəbəsində və digər qəsəbələrdə kanalizasiya xətləri olmayıb. Bu ən böyük problemdir. Biz bu problemin həlli üçün çalışırıq. Bütün qəsəbələrdə su problemləri var. O da ciddi problemdir. Elektrik enerjisi, qaz problemləri tədricən öz həllini tapır. Ancaq biz bunu daha da böyük həcmdə etməliyik.
Proqramda Sabunçu qəsəbəsində yerləşən uşaq bağçalarının, məktəblərin təmiri nəzərdə tutulur. Çox geniş bir proqramdır. Əminəm ki, siz - Sabunçu qəsəbəsinin sakinləri bu proqramın icrasını hiss edəcəksiniz. Bir neçə vacib məsələ qoyulubdur qarşımızda. Əlbəttə ki, Bakıətrafı qəsəbələrin inkişafı onların içərisində prioritet məsələdir. Mən indi qəsəbələrdə oluram, vəziyyətlə tanış oluram, özüm görürəm işlər necə gedir. Sizdən də eşitmək istərdim ki, hansı məsələlər sizi daha da çox narahat edir. Biz hansı məsələlərdən başlamalıyıq? Yəni, prioritetlər nədir və sizi narahat edən hansı məsələlərdir?
SAKİN: Cənab Prezident, əvvəla Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bütün bu işlər Sizin sayənizdə görülmüşdür, hamının xoşuna gəlir, hamı bəyənir, hamı alqışlayır, hamımız alqışlayırıq.
Sabunçu qəsəbəsində hamının bildiyi kimi, 31 minə yaxın əhali yaşayır. O cümlədən bu 31 minin içərisində 5 minə yaxın məcburi köçkün də vardır. Sabunçu qəsəbəsi qədim tarixə malikdir. Biz həmişə Sizin Bakıda, Bakıətrafı kəndlərdə əhali ilə görüşlərinizə baxırıq. And olsun Allaha, heyran oluruq. Sizin verdiyiniz qərarlar, tapşırıqlar sayəsində gözəl işlər görülür. Bu, çox böyük bir işdir. Ancaq hər yerdə müəyyən problemlər olduğu kimi, Sabunçu qəsəbəsində də bəzi problemlər vardır. Bu problemlərdən biri bizim qəsəbədə yerləşən poliklinikalar məsələsidir. Qəsəbədə həm böyüklər, həm də uşaqlar üçün poliklinika var. Böyüklər üçün poliklinika 1898-ci ildə tikilib istifadəyə verilmiş bir binada yerləşir. Uşaq poliklinikasının yerləşdiyi bina isə 1925-ci ildə tikilmişdir. Bu poliklinikanın hər ikisi bir-birinə yaxın yerdə yerləşir. İkisi də günün tələblərinə cavab vermir. Sabunçuda yaşayan bütün əhali bu poliklinikalara müraciət edir. Bütün sakinlər adından Sizdən xahiş edirəm qəsəbəmizdə hər iki poliklinikanın yerləşəcəyi yeni bir binanın tikilməsinə sərəncam verəsiniz. Bu bizə ən yaxşı töhfə olardı.
Prezident İlham ƏLİYEV: Yaxşı, biz bunu təşkil edərik. Doğrudan da buna böyük ehtiyac vardır. İndi ölkəmizin bütün yerlərində müasir tibb ocaqları yaradılır. Əlbəttə, Bakıda və Bakı qəsəbələrində də bu işlər lazımi səviyyədə aparılmalıdır. Burada bu məsələlər müasir səviyyədə öz həllini tapmalıdır. Çünki bu tibb ocaqları köhnəlibdir, avadanlıq da sıradan çıxıbdır. Şərait də o qədər yaxşı deyildir.
SAKİN: Tamam yaxşı vəziyyətdə deyildir. Qəsəbəmizdə yeni poliklinika binasının tikilməsi üçün sərəncam versəniz çox yaxşı olar. Biz hamımız Sizi həmişə alqışlamışıq, alqışlayırıq və ömrümüzün axırına qədər alqışlayacağıq. Çünki bütün bu işlər Sizin tapşırığınızla həll olunur. Baxdıqca heyran oluruq. Sizin qəsəbələrə gəlişinizdən, Sizinlə belə görüşlərdən daha da ruhlanırıq.
Prezident İlham ƏLİYEV: Bu, hələ birinci mərhələdir. Bu əsas yollar təmir olunacaq, uşaq bağçaları, məktəblər, tibb məntəqələri tikiləcək, kanalizasiya, su xətləri çəkiləcək. Biz bu işlərə kompleks şəkildə yanaşırıq ki, 2013-cü ilin sonuna qədər əsas məsələlər öz həllini tapsın. Proqramı da biz məhz 2011-2013-cü illər üçün nəzərdə tutmuşuq. 2011-ci ilin ilk dörd ayının artıq başa çatmasına baxmayaraq, qalan aylar ərzində çox ciddi işlər başlanacaqdır. Sabunçu qəsəbəsinin dediyiniz kimi, çox böyük tarixi vardır, qədim yaşayış məntəqəsidir. Ona görə, biz gərək bu tarixi qəsəbəni gözəlləşdirək, abadlaşdıraq. Burada yaşamaq, işləmək üçün şərait yaxşı olmalıdır, iş yerlərinin yaradılması üçün tədbirlər görülməlidir. Hər şey bu yol kimi yüksək səviyyədə, müasir səviyyədə olmalıdır. Bütün başqa yollar da bu yol səviyyəsində olmalıdır.
SAKİN: Sizə çox təşəkkür edirik ki, bizim Sabunçu rayonuna gəlmisiniz, buraya gəlməyi lazım bilmisiniz. Mən bu rayonda doğulmuşam, burada böyümüşəm. Bizim rayon çoxmillətlidir. Burada 31 min sakin dinc və mehriban yaşayır. Gördüyünüz işlərin hamısına görə Sizə təşəkkür edirik. Demək istədiyimiz bütün problemləri artıq Siz özünüz dediniz. Biz bilirik və ümid edirik ki, onlar qısa müddətdə həll ediləcəkdir. Lakin mənim çox kiçik bir xahişim var. Bu yaxınlarda Siz Bülbülə qəsəbəsində oldunuz, orada yol problemi vardı və Siz həmin problemi qısa müddətdə həll etdiniz.
Prezident İlham ƏLİYEV: Düzdür, həll etdik.
SAKİN: Bizdə də eyni problem vardır. Bizim Sabunçu qəsəbəsindən aeroporta getməyə imkanımız yoxdur. Elə Bakıxanov qəsəbəsinə də. Biz avtobusa minib Maştağa tərəfə getməli, sonra oradan mərkəzi yola qayıtmalı və Bakıxanov qəsəbəsinə gəlməli oluruq, çünki bizim bütün inzibati mərkəzlərimiz orada yerləşir. Məhz Bakıxanov qəsəbəsinə tez gedib çatmağa imkan yoxdur. Bu problemi qısa müddətdə həll etmək olar, çünki bizdə birtərəfli bir yol vardır, onu imkan daxilində genişləndirmək mümkündür.
Prezident İlham ƏLİYEV: Belə məsələləri, ümumiyyətlə, qısa müddətdə həll etmək olar. Bülbülədə bu işi sözün həqiqi mənasında bir həftəyə gördük.
SAKİN: Özü də çox gözəl yerinə yetirilmişdir.
Prezident İlham ƏLİYEV: Həm də rahat olmuşdur. Biz yollar, böyük trasslar tikirik.
SAKİN: Ümumiyyətlə, bizim Bakı şəhəri çox gözəlləşib.
Prezident İlham ƏLİYEV: Əlbəttə, lakin elə etməliyik ki, qəsəbələrə gediş-gəliş də rahat olsun.
SAKİN: Çox sağ olun!
Prezident İlham ƏLİYEV: Yaxşı ki, siz bu məsələni qaldırdınız.
SAKİN: Gəlişinizə görə Sizə təşəkkür edirik! Sizə cansağlığı, xoşbəxtlik diləyir, ən xoş arzularımızı bildiririk. Ailəniz xoşbəxt olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də sizə uğurlar arzulayıram.
SAKİN: Biz həmişə Sizinləyik! Allah Sizi qorusun! Sizə yalnız xoş günlər arzulayırıq! Çox sağ olun!
Prezident İlham ƏLİYEV: Sağ olun. Dediyiniz kimi, Sabunçu rayonunda bütün millətlərin nümayəndələri tarix boyu bir ailə kimi yaşayırlar. Bu, ölkəmizin xüsusiyyətidir. Biz bu vəziyyəti çox qiymətləndiririk, dəyərləndiririk. Bundan sonra da Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi mehriban qonşuluq şəraitində yaşayacaqlar. Əlbəttə, hər bir qəsəbənin inkişafı çox böyük əhəmiyyətə malikdir. Çünki Bakıətrafı qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Sabunçu qəsəbəsində 30 min, amma Sabunçu rayonunda isə 200 mindən artıq əhali vardır.
X X X
Sonra qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
X X X
Qəsəbə sakinləri ilə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sabunçudan Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün çəkiləcək yeni yolun keçəcəyi ərazi ilə tanış olmaq məqsədilə həmin sahəyə gəldi. Ərazi ilə yaxından tanış olan Prezident İlham Əliyev yeni yolun çəkilişi ilə bağlı müvafiq tapşırıqlarını verdi.