İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etmişdir

26 aprel 2011, 18:00
İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu.

Akademiyanın prezidenti Mahmud Kərimov bildirdi ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülmüş, binalar təmir olunmuş, geniş yaşıllıq zolağı salınmışdır. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edildi.

Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxdı.

Bildirildi ki, dövlətimizin başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi.

Yığıncağı AMEA-nın prezidenti Mahmud KƏRİMOV giriş sözü ilə açaraq dedi:

- Möhtərəm cənab Prezident!

Sizin Bakı şəhərinin unikal memarlıq incisi sayılan Azərbaycan Milli Elmlər Akademiyası binasının əsaslı təmir və yenidən qurulmasından sonra onun açılış mərasimində iştirakınız, həmçinin əlamətdar hadisə olan Akademiyanın illik ümumi yığıncağına gəlişiniz ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində görkəmli memar, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş bu binada yerləşir. Bu bina uzun illər ölkəmizin elm məbədgahı funksiyasını yerinə yetirmişdir. Sizin xüsusi tapşırığınıza əsasən bu möhtəşəm binada 2007-ci ilin sonundan əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Budur, artıq bu bina klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirən möhtəşəm bir sənət abidəsi kimi yenidən alimlərin ixtiyarına verilir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, son illərdə Akademiyanın elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, binalarının əsaslı təmiri və yenidən qurulması intensiv hal almışdır. Sizin birbaşa göstərişiniz əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əsaslı təmirini misal gətirmək olar. Buna görə mən Akademiyanın çoxsaylı kollektivi, bütövlükdə, respublikamızın elmi ictimaiyyəti və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.

Ümummilli liderimiz Heydər Əliyevin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin inkişafı sahəsində yeritdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası qorunub saxlanılmış, fəaliyyət dairəsi xeyli genişləndirilmiş, səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Cənab Prezident!

Siz digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirir, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edirsiniz. Sizin Akademiya işçilərinin maddi rifah halının yaxşılaşdırılmasına, onun strukturunun təkmilləşdirilməsinə, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan istifadəyə yönəlmiş sərəncamlarınız bunun bariz nümunəsidir.

Siz Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu, həmçinin Akademiya əməkdaşlarının yaradıcı əməyini qiymətləndirərək onların bir çoxunu müstəqil Azərbaycanın orden, medal və fəxri adları ilə təltif etmisiniz.

Cənab Prezident!

Hazırda respublikanın ictimai həyatında əlamətdar hadisələrdən biri Sizin xüsusi Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsidir. Siz yubiley tədbirlərinin həyata keçirilməsi üçün digər dövlət orqanları ilə bərabər Akademiyanı da tədbirlərin icrası üzrə məsul təşkilat kimi müəyyənləşdirmisiniz. Bunu Sizin tərəfinizdən Akademiyaya göstərilən böyük etimad hesab edirik.

Sizin Akademiyaya xüsusi diqqət və qayğınız, bu sahədə həyata keçirdiyiniz siyasət, bu siyasətin göstəricisi olan əməli addımlarınız Akademiyanın çoxsaylı kollektivi qarşısında yeni vəzifələr qoyur. Hazırda Azərbaycan elmi Sizin Sərəncamınızla təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın prinsiplərinə və tələblərinə uyğun fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident!

Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu il aprelin 29-da keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir.

Bunlar akademik Fuad Qasımzadə, akademik Toğrul Şahtaxtinski, akademik Musa Musayev, akademik Cəmil Quliyev, akademik Məhəmməd Emin Şahtaxtinski, akademiyanın müxbir üzvü Səlim Musayev, akademiyanın müxbir üzvü Zemfira Verdiyevadır. Xahiş edirəm, akademiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

M.Kərimov sözünə davam edərək dedi ki, bu gün biz bu salona Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatı müzakirə etmək üçün toplaşmışıq.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 53 həqiqi üzvdən (akademik) və 106 müxbir üzvdən ibarətdir. İclasda 49 akademik və 95 müxbir üzv iştirak edir. Bu, o deməkdir ki, yetərsay vardır. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.

Ümumi iclasın gündəliyində bir məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat.

Gündəlik səsə qoyuldu və qəbul olundu, reqlament müəyyənləşdirildi.

Akademiyanın prezidenti sözünə davam edərək bildirmişdir ki, 2011-ci il olduqca əlamətdar bir ildir. Məhz bu ildə bizim dövlət müstəqilliyinin bərpasının 20 ili tamam olur. Bu 20 ilə nəzər salaraq, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü Elmlər Akademiyasında keçirilmişdir. Əgər hakimiyyət Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti sayırdısa, Akademiya da daim Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi qorumağa çalışırdı.

Biz müxtəlif formatda cənab Prezidentlə elmin problemlərini müzakirə etmişik. Prezidentimiz Milli Elmlər Akademiyasının illik yığıncağında iştirak edir.

İcazə verin, hamınızın adından ali qonağı bir daha salamlayım və onu çıxış üçün tribunaya dəvət edim.

Prezident İlham Əliyev yığıncaqda giriş nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, məni akademiyaya dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün akademiyanın ümumi illik yığıncağı keçirilir. Əminəm ki, yığıncaq çox uğurlu keçəcəkdir və Azərbaycan elminin gələcək inkişafı üçün burada çox dəyərli fikirlər səslənəcəkdir. Akademiyanın əsas binasında çox gözəl təmir işləri aparılmışdır. Qısa müddət ərzində çox gözəl işlər görülmüşdür və bildiyimə görə, akademiyanın digər binalarında da təmir işləri aparılır. Burada yaradılan şərait artıq ən yüksək səviyyəyə cavab verir. Bütövlükdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işində konkret addımlar atılır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Elə etməliyik ki, akademiyanın bütün ehtiyacları təmin olunsun və maddi-texniki bazası daha da gücləndirilsin.

Azərbaycan Elmlər Akademiyası 1945-ci ildən fəaliyyət göstərir. 1945-ci ildən bu günə qədər akademiya böyük və uğurlu yol keçmişdir. Alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir. Burada səsləndi və təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz akademiyada olmuşdur.

Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda bütün istiqamətlərdə davam etdirilir, o cümlədən dövlətin elmə olan münasibətində də özünü göstərir. Təsadüfi deyil ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir. Eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi və elmi tədqiqatların iqtisadiyyatla, bizim iqtisadi siyasətlə uzlaşması üçün konkret addımlar atılır.

2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq.

Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir.

Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişlər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə elmi potensialın güclənməsinə böyük ehtiyac vardır.

Azərbaycan alimləri, bir də demək istəyirəm ki, müxtəlif sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərmişdir. Geoloq alimlərimiz ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərmişlər. Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı böyük dərəcədə şərtləndirir. XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə kəşf edilmiş neft bu gün müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu neft strategiyasının aparılması nəticəsində bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün səylərimizi göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib tərəfdaşlardan biridir.

Əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və Azərbaycanın bu təbii resursları olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə inkişaf edə bilərdi. Bir daha demək istəyirəm ki, bu amil iqtisadi müstəqillik verir. Beləliklə, Azərbaycanda siyasi müstəqillik də lazımi səviyyədədir. Hesab edirəm ki, gələcək illərdə bu sahədə əlavə tədbirlər görülməlidir. Bu gün maliyyə resurslarımız belə imkanlar yaradır. Elə etməliyik ki, bundan sonra da uzun illər, onilliklər ərzində Azərbaycan dünya enerji bazarında öz rolunu daha da artırsın və milli maraqlarımız tam şəkildə təmin edilsin.

Hesab edirəm ki, bütövlükdə Xəzər dənizinin tədqiqi ilə bağlı əlavə addımlar atılmalıdır. Bu istiqamətdə böyük işlər görülüb, ancaq biz hələ də Xəzər dənizini istədiyimiz qədər bilmirik, tanımırıq. Ona görə, elmi sahədə bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır. Bu gün biz böyük neft-kimya kompleksinin tikilməsi üzərində işləyirik. Neft-kimya sahəsində böyük perspektivlər vardır. Nəzərə alsaq ki, ölkəmizdə bu istiqamətdə bütün dövrlərdə çox güclü elmi məktəb olmuşdur, bu, iqtisadi gücümüzü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, bu gün alimlərimiz öz işlərini bu sahə üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparmalıdırlar. Azərbaycan hökumətinə müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə biz Azərbaycan elmini də cəlb edək.

Bu gün ölkə qarşısında duran vəzifələr prioritetlər əsasında müəyyən edilib. Elm qarşısında duran məsələ də eyni qaydada həll olunmalıdır. Yenə də demək istəyirəm ki, ilk növbədə enerji təhlükəsizliyi məsələləri gündəlikdə durmuşdur. Bu məsələlər öz həllini tapıbdır və hazırda biz ölkəmizin hərtərəfli inkişafı ilə bağlı siyasətimizi aparırıq. İqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılıbdır. Konkret proqramlar icra edilir. Bu proqramlar öz bəhrəsini verməkdədir.

Son yeddi ildə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, bunların mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir. Azərbaycanın bütün beynəlxalq reytinqləri artır. Hətta böhranlı 2009-2010-cu illərdə bu göstəricilər ən yüksək səviyyədədir. Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq. Burada əlbəttə ki, alimlər öz sözünü deməlidirlər. Biz hökumətlə bərabər, dövlət strukturları ilə birgə bu fəaliyyəti gücləndirməliyik. Ona görə, bu sahədə aparılan işlərə xüsusi diqqət göstərilməlidir.

Biz hazırda ərzaq təhlükəsizlik məsələləri ilə çox ciddi məşğuluq. Bildiyiniz kimi, sovet dövründə vahid xalq təsərrüfatı kompleksi mövcud idi. Bu məsələlər sovet hökuməti tərəfindən tənzimlənirdi. Müstəqillik dövründə, xüsusilə bəzi hallarda təbii fəlakətlər nəticəsində ərzaqla bağlı yaranan çətinliklərlə üzləşərək biz ərzaq təhlükəsizliyi məsələlərimizi daxili imkanlar hesabına təmin etməliyik. Bu istiqamətdə işlər aparılır.

Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, kreditlərin verilməsi, özəl sektorun inkişafı - bütün bu məsələlər bir məqsədi güdür ki, biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Hesab edirəm ki, növbəti 2-3 il ərzində biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və bununla bərabər, çox güclü ixrac potensialımızı da yaratmalıyıq. Ona görə, aqrar elmlərin inkişafı və iqtisadı inkişafla uzlaşması xüsusi məna daşıyıb. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmalıdır. Vaxt itirmədən bu bölmə yaradılmalıdır və fəal işə başlamalıdır. Beləliklə, əgər bu məsələlər öz həllini taparsa hesab edirəm ki, bu, Azərbaycan elminin inkişafına güclü təkan olacaq, sifarişlər veriləcəkdir. Dövlət qurumları və özəl sektor tərəfindən sifarişlər verilməlidir. Alimlərimiz bu sifarişlər əsasında işləyəcəklər. Nəzərə alsaq ki, Azərbaycan dövləti bundan sonra da elmin inkişafı üçün maliyyə dəstəyini verəcək, beləliklə, biz elmin inkişafına uğurla nail ola bilərik.

Ölkəmizdə hazırda müasirləşmə siyasəti aparılır. Bu siyasət özünü bütün istiqamətlərdə göstərməkdədir. Xüsusilə elmi-texniki tərəqqi ilə bağlı addımlarımız gələcəyə yönəldilib. Bəlkə biz gənc müstəqil ölkə üçün xas olmayan təşəbbüslərlə çıxış edirik. Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Mən əminəm ki, bu proses sürətlə gedəcəkdir. Bu, bizim dövlət siyasətimizdir. Hesab edirəm ki, birinci telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra bu sahəyə daha da böyük təkan veriləcəkdir. Azərbaycanda çox güclü kosmik sənaye yaradılacaqdır. Azərbaycan elmi də bu təşəbbüslərə öz dəstəyini verməlidir. Burada əlbəttə ki, beynəlxalq əlaqələr öz rolunu oynamalıdır. Dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq səviyyəsi daha da güclü olmalıdır. Çünki bu sahədə bizdə olan potensial hesab edirəm ki, hələ istədiyimizə cavab vermir. Bütövlükdə beynəlxalq elmi mərkəzlər ilə əməkdaşlıq daha da geniş olmalıdır.

İnformasiya-kommunikasiya sektorunda uğurlarımız göz qabağındadır. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında İKT-nin inkişafı üzrə birinci sıralarda olsun. Dövlət dəstəyi, maliyyə təminatı göstərilir, bəzi hallarda kreditlərin verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticə verməyəndə, Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil edir. İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir. Ona görə, hesab edirəm ki, akademiyada bu istiqamətdə daha da ciddi addımlar atılmalıdır.

Biz hərbi sənaye kompleksini yaradırıq. Qısa müddət ərzində demək olar ki, yaratmışıq. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır. Gələcəkdə bu məhsulların sayı daha da çoxalacaqdır.

Bununla bərabər, tanınmış beynəlxalq şirkətlərlə birgə fəaliyyətimiz genişlənir, yeni texnologiyalar gətirilir və hazırda Azərbaycanda istehsal olunan məhsullar dünya səviyyəsindədir. Nəzərə alsaq ki, biz hərbi gücümüzü daim möhkəmləndirməliyik və ordu quruculuğu prosesi Azərbaycanda sürətlə gedir, buna böyük ehtiyac vardır. Biz müharibə şəraitində yaşayırıq və dövlətin bu məsələlərə çox böyük diqqəti və maliyyə təminatı vardır. Hesab edirəm ki, Azərbaycan alimləri bu istiqamətdə də öz sözünü deməlidirlər. Dövlət qurumları ilə, xüsusilə Müdafiə Sənayesi Nazirliyi ilə işlər daha da yüksək səviyyədə aparılmalıdır. Bu işlər aparılır. Ancaq bu, çox perspektivli istiqamətdir və daim diqqət mərkəzində olmalıdır.

Bir sözlə, iqtisadi inkişafımızla, sənaye inkişafımızla bağlı çox konkret proqramlar vardır. Azərbaycan elmi bu istiqamətdə öz sözünü deməlidir. Hazırda Azərbaycanda böyük texnoparklar və çox böyük sənaye potensialı yaradılır. Əlbəttə ki, bu təşəbbüslər gözəl nəticələrini verəcək və qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaltmaq üçün öz təsirini göstərəcəkdir. Bu halda Azərbaycan elmi də burada ön sıralarda olmalıdır.

Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

Ədəbiyyat üzrə araşdırmalar davam etdirilir. Burada da fəaliyyət üçün çox geniş meydan vardır. Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.

Arxeoloji qazıntıların aparılmasına dəstək verilir, vəsait ayrılır. Bu da çox vacib sahədir. Biz keçmişimizi bilirik, daha da dərindən öyrənməliyik və bu istiqamətdə aparılan işlər davam etdiriləcəkdir. Arxeoloji qazıntılar bizə yeni bilgilər, yeni məlumatlar verir. Beləliklə, tariximiz haqqında bizdə və dünyada daha da dolğun təsəvvür yaranacaqdır.

Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır.

Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıbdır. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır.

Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də.

Mən yenə də deyirəm, bu sahədəki işlərlə bağlı təşəbbüslər reallaşır. Bu, çox müsbət haldır. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərilməlidir. Biz həm bu məsələnin elmi tərəfindən, həm də təbliğatımızda bu amildən daha da geniş şəkildə istifadə etməliyik.

Mən bu gün ölkəmizin və elmimizin inkişafı ilə bağlı bəzi fikirlərimi ifadə etdim. Mən əminəm ki, hörmətli alimlər, siz bütün bu məsələləri yaxşı bilirsiniz. Sizin təklifləriniz əlbəttə ki, nəzərə alınacaqdır. Hazırda qeyd etdiyim təşəbbüslər – Elmin İnkişaf Fondunun yaradılması, Azərbaycan Elminin İnkişafı üzrə Strategiyanın və Dövlət Proqramının qəbul edilməsi də alimlər tərəfindən verilmiş təşəbbüslər idi.

Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin.

Mən sizi bir daha ürəkdən salamlayıram. Dəvətinizə görə minnətdaram. Sizə və akademiyanın bütün üzvlərinə yeni uğurlar arzulayıram.

Sağ olun.

X X X

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun çıxışı

- Möhtərəm cənab Prezident!

Dərin və məzmunlu çıxışınıza görə Sizə öz minnətdarlığımı bildirirəm!

Yola saldığımız 2010-cu il də ölkəmizin həyatı üçün əlamətdar hadisələrlə, irimiqyaslı quruculuq işləri ilə zəngin olmuş, respublikamızın davamlı inkişafını təmin edən bütün istiqamətlərdə, o cümlədən elm sahəsində böyük uğurlar və nailiyyətlər əldə edilmişdir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin tarixində ilk dəfə verilən Azərbaycan Respublikasının dövlət mükafatlarını “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə Geologiya İnstitutunun əməkdaşları, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə isə Ədəbiyyat İnstitutunun əməkdaşları almışlar. Fərəhli haldır ki, laureatlara Dövlət Mükafatlarını Azərbaycan Respublikasının Prezidenti şəxsən özü təqdim etmişdir.

Mən hər iki əlamətdar hadisə münasibətilə alimlərimizi təbrik edirəm, onlara uğurlar arzulayıram!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, 2010-cu ildə də elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırmış, elmimizin inkişafı naminə bir sıra mühüm qərarlar qəbul etmişdir.

Dövlətimizin başçısının 19 fevral 2010-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi” təsdiq edilmişdir. Fondun fəaliyyətə başlaması elmi ictimaiyyət üçün olduqca mühüm hadisədir. Elm sahəsində təqdim olunan layihələr üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılmış, təqdim olunan layihələr ekspertizadan keçirilmiş, qalib layihələr bu vəsait hesabına maliyyələşdirilmişdir. Azərbaycan alimləri bunu dövlətin onların yaradıcı əməyinə verilən qiymət hesab edirlər.

Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik, akademiklər Şəfaət Mehdiyevin və İmam Mustafayevin 100 illik yubileyləri dövlət səviyyəsində keçirilmiş, akademik Fəraməz Maqsudovun xatirəsi əbədiləşdirilmiş, Azərbaycan elminin inkişafındakı xüsusi xidmətlərinə görə akademiklər Ziyad Səmədzadə, Bəkir Nəbiyev, Nailə Vəlixanlı, Siddiqə Məmmədova, müxbir üzvlər Namiq Əliyev, Yusif Məmmədov, Milli Azərbaycan Tarixi Muzeyinin və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları dövlət təltiflərinə layiq görülmüşlər.

Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda respublikanın digər elm və təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin elmi-təşkilati fəaliyyət sahəsində kifayət qədər nailiyyətlər əldə edilmişdir.

Hesabat ilində Akademiyanın elmi müəssisələrində 463 mövzu üzrə 139 problemə dair tədqiqatlar aparılmış və 150-yə yaxın əsas elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklərin və dövlət şirkətlərinin nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da koordinasiya olunmuşdur.

Qeyd etmək istərdim ki, sizə təqdim olunan hesabatda onlar təfərrüatı ilə öz əksini tapmışdır. Ona görə də icazə verin elmi istiqamətlər üzrə qısa olaraq məlumat verim.

Fizika-riyaziyyat və texnika elmləri sahəsində 20 problem üzrə 39 əsas nəticə alınmışdır. Müasir cihaz və avadanlıqla təchiz olunmuş laboratoriyalar yaradılmış və yeni elmi-tədqiqat işlərinin aparılmasına başlanmışdır.

Bölmənin elmi müəssisələrində icra olunan, icraya hazırlanmış və qalib gəlmiş 60-dan artıq qrant əldə edilmişdir.

Fizika İnstitutu Kanada-Sinqapur şirkəti ilə birgə işlənmiş yüksək fotoelektrik parametrlərə malik selvari fotodiodlar kompakt MUON Solenoid layihəsində Böyük Adron Kollayderində fotrodetektor kimi quraşdırılmış və sınaqdan çıxarılmışdır.

Şamaxı Astrofizika Rəsədxanasında Günəşə yaxınlaşan kiçikperihelli kametlərin yaranması haqqında keyfiyyətcə yeni nəzəriyyə yaradılmışdır.

Kibernetika İnstitutu tərəfindən ilk dəfə olaraq “Seysmoakustika qəbuledicisi və analizi” qurğusu yaradılmış və Qum adasında istismarı dayandırılmış quyuda sınaqdan keçirilmişdir.

İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və idarə olunması üçün modellər və alqoritmlər işlənib hazırlanmışdır.

Hesabat ilində görkəmli alim, akademik Nəriman Quliyevin MDB dövlətlərinin dövlətlərarası humanitar əməkdaşlıq Fondunun “Birliyin ulduzları” mükafatına layiq görülməsi də Bölmənin uğurlarından biri kimi dəyərləndirilə bilər.

İcazə verin bugünkü yığıncaq adından bizim görkəmli alimimiz Nəriman Quliyevi bu yüksək mükafatla əlaqədar bir daha təbrik edim, ona möhkəm cansağlığı və bundan sonra da böyük uğurlar arzulayım.

Kimya Elmləri bölməsi hesabat ilində kimyanın müxtəlif istiqamətləri üzrə 25 əsas nəticə əldə etmişdir.

Neft-Kimya Prosesləri İnstitutunda işlənib hazırlanmış texnologiya üzrə bioetanol əsasında yüksək oktanlı etilüçlübutil efirinin təcrübə-sənaye istehsalı təşkil olunmuş, 120 ton təcrübə-sınaq nümunələri alınmış və avtomobil benzinlərinin tərkibində sınaqdan keçirilmişdir.

Kimya Problemləri İnstitutu tərəfindən Azərikimya İstehsalat Birliyi ilə birlikdə piroliz qazının propan-propilen fraksiyasının sənaye katalizatorunun iştirakı ilə selektiv hidrogenləşdirilməsi prosesinin kinetik qanunauyğunluqları tədqiq edilərək prosesin kinetik modeli qurulmuş və onun parametrləri müəyyən edilmişdir.

Poliefiruretan lakının tətbiqi ilə bağlı işlər Milli Aviasiya Akademiyası, Türkiyənin “Zenit” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Elmlər Akademiyasının Tədqiqat-Sənaye zavodu ilə birlikdə davam etdirilmiş və hesabat ilində 14 min 700 metr borunun daxili səthinə lak kompozisiyası ilə örtük çəkilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təhvil verilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin işin həqiqətən çox böyük iqtisadi səmərəsi vardır.

Bundan əlavə, AMEA və Bakı Dövlət Universiteti kimya sahəsində tədqiqatların maliyyələşdirilməsi üçün Səudiyyə Ərəbistanı Krallığından 3 milyon dollar məbləğində qrant almışlar.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında neft-kimya sənayesinin yenidən qurulması haqqında” Sərəncamının icrası ilə əlaqədar Kimya Elmləri Bölməsinin mütəxəssisləri Azərbaycanın Sənaye və Energetika Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Neft Şirkətinin əməkdaşları ilə birlikdə Neft-kimya kompleksinin yenidən qurulmasının inkişaf konsepsiyasını işləyib hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişlər.

Yer Elmləri Bölməsinin alimləri fundamental və tətbiqi tədqiqatlar sahəsində 2010-cu ildə 7 əsas nəticə əldə etmişlər.

Elmi-tədqiqat işləri Cənubi Xəzər hövzəsinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması, Azərbaycanda təbiət qanunauyğunluqları, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitinin tədqiqi prioritet istiqamətləri üzrə aparılmışdır.

Hesabat ilində Qafqazın kollizion zonasının müasir geodinamik durumunun öyrənilməsi üzrə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu ilə müştərək tədqiqatlar davam etdirilmişdir.

Biologiya Elmləri Bölməsi üzrə hesabat ilində bölmənin elmi müəssisələri 14 problem üzrə 20 əsas elmi nəticə almışlar.

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşrinin təşkili ilə əlaqədar nadir, nəsli kəsilməkdə olan və endem bitki və heyvan növlərinin tədqiqi sahəsində monitorinqlər keçirilmişdir.

Azərbaycanda şam ağacının əkinlərində ağacların müxtəlif vegetativ orqanlarından və qabıq böcəklərindən müasir molekulyar-bioloji yanaşmalar tətbiq etməklə respublikada yeni göbələk növləri aşkar edilmiş və ABŞ-ın Ayova Dövlət Universitetində kultura kolleksiyasına daxil edilmişdir.

Niderland, İspaniya və Rusiya alimləri ilə birgə respublikanın müxtəlif regionlarında keçirilmiş beynəlxalq ekspedisiya tədqiqatları nəticəsində tərəvəz və bostan bitkilərinin 720-dən çox nümunəsi toplanaraq laboratoriyada analiz edilmiş, bərpa, artırılma və tədqiqat işlərinə başlanılmışdır.

Zoologiya İnstitutu və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanın daxili sularına 20,5 milyon çapaq, çəki və ağ amur balıq körpələri buraxılmışdır.

Biologiya Elmləri Bölməsinin alimləri ümumi dəyəri 1 milyon manatdan çox olan bir sıra respublika və beynəlxalq qrantlar əldə etmişlər.

Hesabat ilində Humanitar və İctimai Elmlər Bölməsinin alimləri də böyük uğurlar əldə etmişlər.

Tarix İnstitutunda hazırlanmış son illərin fundamental nəşrləri olan 6 dildə “Qarabağ”, 2 dildə “Naxçıvan”, 2 dildə “Tarixi abidələrə qarşı soyqırımı” kimi nəşrlərin davamı olaraq, 2010-cu ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, 4 cilddə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, London və Nyu-Yorkda nəşr olunmuş “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr” monoqrafiyaları, eləcə də “Azərbaycan XVIII-XIX əsrlərdə” və “XVIII əsr Azərbaycan tarixi məsələləri ingilisdilli tarixşünaslıqda” nəşrləri hazırlanmışdır ki, bu da tarix sahəsində çalışan alimlərin uğuru sayıla bilər.

Ölkə rəhbərinin Azərbaycanın arxeologiya elminə, abidələrin tədqiqinə göstərdiyi böyük diqqət və qayğı arxeoloq və etnoqraf alimlərin qarşısında ciddi vəzifələr qoymuşdur. Arxeoloji ekspedisiyalara ayrılan dövlət vəsaitinin artırılması hesabına arxeoloji və etnoqrafik araşdırmaların miqyası daha da genişlənmiş, çoxsaylı maddi mədəniyyət qalıqları, yaşayış məskənləri aşkar edilmiş və tədqiq olunmuşdur.

İqtisadçı alimlər hesabat ilində Azərbaycanın milli iqtisadiyyatının sosial-iqtisadi problemlərinin tədqiqi, makroiqtisadi və regional inkişaf problemləri istiqaməti üzrə elmi-tədqiqat işləri yerinə yetirmişlər.

Fəlsəfə, sosiologiya və hüquq sahəsində Azərbaycan fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir, sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi məsələləri, keçid dövrünün sosioloji problemləri, fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları istiqamətləri üzrə elmi işlər yerinə yetirilmişdir.

Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış Azərbaycan ədəbiyyatı və folkloru nümunələrindən ibarət “İlahi sözlər” toplusu Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında nəşr olunmuşdur.

Dilçilik İnstitutunda “Azərbaycan dilinin tarixi dialektologiyası” elmi-tədqiqat işi yerinə yetirilmişdir.

Əlyazmalar, folklor, dilçilik, şərqşünaslıq, memarlıq və incəsənət sahələrində də xeyli işlər görülmüşdür.

Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat institutunda 6 problem üzrə 13 əsas nəticə əldə edilmişdir.

Hesabat ilində Bölmədə əlyazmalar, tarix, etnoqrafiya, arxeologiya, incəsənət, dil və ədəbiyyat, təbii ehtiyatlar, bioresurslar, astrofizik araşdırmalar istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilmişdir.

Hesabat ilində bölmənin Bioresurslar İnstitutu üçün Aşağı Əylis kəndində Biokimyəvi tədqiqatlar laboratoriyasının üçmərtəbəli binası tikilib istifadəyə verilmiş, həmçinin bölmədə mövcud olan cihaz və avadanlığın təkmilləşdirilməsi davam etdirilmişdir.

Gəncə və Şəki regional elmi mərkəzlərində müvafiq elmi istiqamətlər üzrə elmi işlər yerinə yetirilmiş, mühüm nəticələr əldə edilmişdir.

Rəyasət Heyətinin nəzdində olan təşkilatların fəaliyyətinə gəldikdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən üçüncü və dördüncü cildləri əhatə edən “B” hərfinə aid sözlük və məqalələr hazırlanmışdır.

Respublika Seysmoloji Xidmət Mərkəzində respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi, geofiziki və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi istiqamətlərində işlər aparılmışdır.

Mərkəz tərəfindən respublikada 4 min 37 yeraltı təkan qeydə alınmışdır. Onlardan 2 min 203-ü yerli, yaxın və 1834-ü uzaq zəlzələlərdir.

Aparılan analiz 2010-cu ildə zəlzələlərin sayının 2009-cu ilə nisbətən çox, ayrılmış seysmik enerjinin miqdarının isə aşağı olmasını göstərir.

Hesabat ilində akademiyanın Rəyasət Heyətinin 20 iclası keçirilmişdir. Bu iclaslarda xeyli sayda elmi məruzələr dinlənilmiş, bir sıra elmi, elmi-təşkilati və kadr məsələləri, elmi bölmələrin fəaliyyətlərinin yekunları müzakirə edilmiş, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul olunmuş və konkret tədbirlər həyata keçirilmişdir.

Dəfələrlə müzakirə olunan məsələlərdən biri elmin inkişafı üzrə “Milli Strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı “Dövlət Proqramı”nın yerinə yetirilməsi olmuşdur.

Rəyasət Heyəti bir sıra tədbir və konfranslarla yanaşı, görkəmli alimlərin, ziyalıların, elm, mədəniyyət, ictimai və dövlət xadimlərinin xatirə-yubiley mərasimlərini keçirmiş, akademiyanın mərhum üzvlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə tədbirlər görmüşdür.

Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 62 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədqiqat həyata keçirmişlər və istehsalatda tətbiq etmişlər.

Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə 11 Dövlət Proqramının yerinə yetirilməsində iştirak etmişdir.

AMEA-nın elmi müəssisələri tərəfindən 2010-cu ildə Azərbaycanın 42 və xarici ölkələrin 5 patenti alınmışdır.

Akademiyanın alimləri tərəfindən hesabat ilində 457 kitab və monoqrafiya nəşr olunmuşdur. Onlardan 53-ü xaricdə nəşr edilmişdir. Həmçinin alimlərimizin 6 min 148 məqaləsi nəşr olunmuşdur ki, onların da 1914-ü xarici jurnalların payına düşür.

Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə 109 respublika səviyyəli, 21 beynəlxalq səviyyəli elmi konfrans keçirmişdir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 56 həqiqi üzv, 109 müxbir üzv olmaqla 165 üzvdən ibarətdir.

Akademiyada çalışan alimlərin 545 nəfəri elmlər doktoru, 2116 nəfəri isə fəlsəfə doktorudur.

2010-cu ildə akademiyada doktoranturanı 174 nəfər bitirmişdir.

Hesabat ilində 27 elmlər doktoru və 121 fəlsəfə doktoru üzrə dissertasiya müdafiə olunmuşdur.

AMEA-da dissertantura və doktorantura yolu ilə 500-dək xarici vətəndaş yüksəkixtisaslı kadr olaraq hazırlanır.

Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 9 fevral 2010-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar gənc alimlər xarici ölkələrin aparıcı elmi mərkəzlərinə göndərilmişlər.

Hesabat ilində AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır. AMEA-nın alimləri bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən NATO, YUNESKO, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Fransanın Milli Araşdırma Mərkəzi, FAO, Amerika Milli Araşdırmalar Fondu, CERN və s. ilə əməkdaşlıq etmişlər.

Hörmətli cənab Prezident!

Hörmətli həmkarlar!

Mən məruzəmdə 2010-cu ildə AMEA-da və respublikanın digər elmi mərkəzlərində görülmüş işlərdən, il ərzində əldə etdiyimiz nailiyyətlərdən danışdım. Lakin bütün bu uğurlarla yanaşı həyata keçirə bilmədiyimiz işlər, bizi narahat edən problemlər, nöqsanlar da çoxdur.

Hamımızı narahat edən məsələlərdən biri alimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Son illər respublika rəhbərliyinin elmə müntəzəm qayğısının nəticəsi olaraq akademiyada əmək haqqı bir neçə dəfə artırılmışdır. Lakin müasir bazar iqtisadiyyatı şəraitində mövcud qiymətlərlə müqayisədə bu səviyyəni qənaətbəxş hesab etmək mümkün deyil. Ümid edirik ki, artıq icrasına başlanılan elmin inkişaf strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı çərçivəsində bu məsələ də prinsipial olaraq öz həllini tapacaqdır.

Prezident İlham Əliyevin Sərəncamına əsasən AMEA-nın Mərkəzi Elmi Kitabxanası üçün yeni binanın tikilməsi nəzərdə tutulmuş, layihə-smeta sənədləri hazırlanmış, bina üçün akademiya şəhərciyində 1,6 hektar yer də müəyyənləşdirilmişdir. Lakin bir neçə il keçməsinə baxmayaraq binanın tikintisinə hələ də başlanılmamışdır. AMEA Kitabxanasında zəngin kitab fondunun zirzəmidə yerləşdiyini, həmçinin çoxsaylı oxucu kollektivinin bu zəngin xəzinədən lazımi səviyyədə istifadə edə bilməməsini nəzərə alsaq, bu problem də həlli vacib məsələlərdən biridir.

Bütün çətinliklərə baxmayaraq güman edirəm ki, respublikamızın sürətli sosial-iqtisadi tərəqqisi, xüsusən elmin inkişafının dövlətimizin birbaşa maraq dairəsinə daxil olması mövcud problemlərin həllinə, öhdəmizə düşən məsul vəzifələrin yerinə yetirilməsinə, akademiyanın dövlətimizin sosial-iqtisadi inkişafına yönəlmiş fəaliyyətini günün tələbləri səviyyəsində daha səmərəli qurulmasına imkan verəcəkdir. Akademiyanın Rəyasət Heyəti adından sizin hamınızı bu işlərdə səfərbər olmağa çağırıram.

Diqqətinizə görə təşəkkür edirəm!

X X X

Akademik Akif Əlizadənin çıxışı

- Hörmətli cənab Prezident,

Hörmətli həmkarlar,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham

Əliyevin bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi iclasında iştirakı xüsusilə əlamətdar bir hadisədir. Cənab İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə respublikamız formalaşaraq yüksək humanizm, ideya və prinsipləri nəzərə almaqla qarşıya qoyulan möhtəşəm məqsəd və vəzifələrin həyata keçirilməsində böyük nüfuz qazanmışdır.

Bildiyiniz kimi, Azərbaycan müstəqilliyinin 20 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Azərbaycanın müstəqilliyini möhkəmləndirən və stabilləşdirən ümummilli liderimiz Heydər Əliyev çətin və mürəkkəb illərdə Azərbaycana böyük müdriklik ilə rəhbərlik etmişdir. Onun ideyalarının davamçısı olan cənab İlham Əliyev 8 ilə yaxındır ki, dahi Heydər Əliyevin qoyduğu yol ilə Azərbaycanı uğurla tərəqqiyə doğru aparmaqdadır. Son 20 ildə Azərbaycan elmi inkişaf etmiş və ümumi baxımdan dövlət inkişaf proqramlarında özünəməxsus yer tutmuş, nəticələr əldə etmişdir.

Hörmətli cənab Prezident, bu gün fürsətdən istifadə edərək bəzi mühüm məsələlərə toxunmaq istərdim. Güman edirik ki, Elmlər Akademiyasının strukturunda ciddi islahatlara və kardinal tədbirlərə ehtiyac vardır. Strateji elmi istiqamətlər, məsələn fizika, kimya, riyaziyyat, yer elmləri və s. üzrə baza institutları saxlanılmaq şərtilə prinsipcə yeni texnologiya və informasiyalar əsasında müasir elmin təşkili və innovasiya siyasətinin nailiyyətlərini özündə əks etdirən, müasir prioritetlərə cavab verən yeni elmi mərkəzlərin yaradılması zənnimizcə məqsədəuyğun olardı. Məsələn, Xəzər dənizinin problemlərinin kompleks öyrənilməsi üzrə gələcəkdə ona beynəlxalq status verilə biləcək elmi mərkəzin yaradılmasını təklif etmək istərdik. Analoji elmi mərkəzləri digər istiqamətlər üzrə də yaratmaq məqsədəuyğun olardı. Fundamental elm ilə ali məktəb elminin daha sıx inteqrasiyasını həyata keçirmək, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin tədris prosesinə cəlb edilməsini genişləndirmək olduqca zəruridir. Elmi inkişaf prosesinin ilkin mərhələsi kimi akademiyada magistraturanın yaradılmasını çox arzu edərdik. Eyni zamanda, cənab Prezident, gənc alimlər üçün respublika Prezidentinin xüsusi elm fondunun yaradılmasını vacib məsələlərdən biri hesab edirik. Bu, ümumiyyətlə elmi kadrların Azərbaycanda hazırlanmasında böyük bir stimul ola bilər.

Bu gün tam aydındır ki, “Əsrin kontraktı”nın reallaşması nəticəsində Azərbaycan enerji resursları ilə, ilk növbədə, neft və qazla stabil təmin olunmuşdur. Azərbaycanın iqtisadi çiçəklənməsinin əsasını təşkil edən ciddi ixrac potensialı da yaradılmışdır. Ölkənin qeyri-neft sektorunun uğurla inkişafına baxmayaraq, yaxın onilliklər üçün nəhəng plan və layihələrin həyata keçirilməsi hər şeydən əvvəl neft hasilatının mövcud səviyyədə saxlanılması ilə əlaqədardır. Buna görə də müasir səviyyədə neftin stabil hasilatının təminatı məsələsi bu gün mübaliğəsiz vacib problemlərdən biridir. Bu gün Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Neft Şirkəti arasında çox sıx elmi və işgüzar əlaqələr yaranmışdır.

Xüsusi dövlət proqramları çərçivəsində birgə tədqiqatlar ehtiyatların artırılması və onların hasil olunması problemini həll etməyə imkan verir. Bir daha alimlərin proqnozuna istinad edərək, demək istəyirəm ki, Azərbaycanın yer təkində nefti hələ olduqca çoxdur. Hər halda, əgər lazımi tədbirlər görülərsə, yaxın onilliklərdə bizi neft böhranı gözləmir.

Son illərin hadisələri, ümumiyyətlə Haiti, Çili, İndoneziyadakı zəlzələlər, xüsusən Meksika körfəzindəki neft platformasında baş vermiş qəza, onunla bağlı neft axını, Yaponiyadakı zəlzələ və sunami ilə bağlı “Fukusima” atom stansiyasındakı fəlakət bəşər sivilizasiyasını ciddi imtahana çəkmişdir. Şübhəsiz, texnogen və təbii proseslərin proqnozu və onların ehtimal olunan nəticələrinin ssenarilərinin işlənilməsi prioritet məsələ olmuş, alimlərin qarşısında dövlət proqramının hazırlanması və icrası tələblərini qoyur. Belə bir yanaşmanı 2001-ci ilin noyabr ayında Bakıda baş vermiş zəlzələdən dərhal sonra ümummilli liderimiz Heydər Əliyev nümayiş etdirmişdir. Təcili surətdə fövqəladə iclas çağırılmış və respublikanın seysmoloji xidmətinin ən müasir avadanlıqla təmin edilməsi qərara alınmışdır. Bu gün mübaliğəsiz demək olar ki, bizim seysmoloji xidmət nəinki MDB məkanında, hətta bütün Yaxın Şərqdə ən yaxşı təchiz edilmiş xidmətlərdən biridir. Lakin təbii proseslərin anomal aktivləşməsi baxımından mövcud avadanlıq əlbəttə azdır. Seysmik monitorinq və GPS stansiyalarını yaxın vaxtlarda artırmaq olduqca vacibdir. Xüsusən mülki obyektlərin və sənaye infrastrukturunun yerləşdiyi Abşeron yarımadası və Xəzər dənizi akvatoriyasında bu şəbəkəni genişləndirib gücləndirmək ümdə məsələlərdən biridir.

Daha bir mühüm məsələ təbii fəlakətlərdən sonrakı hadisələrin inkişaf ssenarilərinin işlənilməsidir. Yaponiyadakı hadisələr göstərdi ki, nəinki fəlakətlərin qabaqcadan proqnozu, həmçinin belə hadisələrə qarşı elmi və digər müvafiq strukturların hazırlığı az əhəmiyyətli deyildir.

Hörmətli cənab Prezident, yaxşı məlumdur ki, inkişaf etmiş ölkələrdə cəmiyyətin elmi, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün tarixi təbiət muzeylərinə xüsusi əhəmiyyət verilir. Elmlər Akademiyasının nəzdində olan Həsən bəy Zərdabi adına Tarixi Təbiət Muzeyi dünya əhəmiyyətli nadir kolleksiyalara - Binəqədi qədim faunasına, Eldar hipporion faunasına, palçıq vulkanlarına və s. malikdir. Məsələ bundadır ki, Azərbaycanda yeganə olan bu nadir muzeyin gələcək inkişafı ona layiq binanın olmasından asılıdır.

Fərəhləndirici haldır ki, son zamanlar Azərbaycanda muzey işinin geniş inkişafının şahidi oluruq. Misal üçün tarix muzeyinin, xalça muzeyinin, muğam muzeyinin, müasir incəsənət muzeyinin və s. Çox istərdik ki, Londonda məşhur olan təbii tarixi muzeyin miniatürü kimi Azərbaycanda da təbii tarix muzeyinin inkişafına dəstək verilsin.

Cənab Prezident, üzr istəyirəm, etiraz etməsəydiniz, bu gözəl Azərbaycanın təbiətini geoloq şairlər gözəl təsvir edirlər:

Varlı bir muzeydir ana təbiət,
Ondadır ən böyük sərvət, səxavət.
Köksündə alışan odlu məhəbbət,
Sənin nemətindir, ey gözüm, canım,
Sevdası olduğum, Azərbaycanım.
Bizim təbiət tarixi muzeyinə yardım lazımdır.

X X X

Akademik İsmayıl Hacıyevin çıxışı

- Möhtərəm cənab Prezident,

Hörmətli hesabat yığıncağının iştirakçıları,

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həyatına xoş

bir gün kimi daxil olacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyev akademiyanın illik hesabat yığıncağında iştirak edir. Bu, tarixə yazılacaq və akademiya üzvlərini, bütövlükdə elmi işçiləri elmi fəaliyyətə istiqamətləndirən çox mühüm, fərəh doğuracaq bir faktdır. Möhtərəm Prezidentimizin Azərbaycanda elm sahəsində aparılan işlər, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında məzmunlu məruzəsində biz elmi işçilər qarşısında çox ciddi, düşünüləsi məsələlər qoyuldu. Elə bilirəm ki, akademiya və digər elm və tədris müəssisələrində çalışan əməkdaşlar bundan sonrakı fəaliyyətində burada qeyd olunanları ciddi nəzərə alacaqlar.

Akademiyamızın prezidenti, akademik Mahmud Kərimovun 2010-cu il üçün akademiya və digər elm və tədris müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri haqqında hesabat məruzəsindən də göründüyü kimi, 2010-cu ildə akademiyada mühüm işlər görülmüş, xeyli maraqlı nəticələr əldə olunmuşdur. Ancaq elə bilirəm ki, bu, hələlik akademiya üzvlərinin elmi işçilərini tam qane edəcək səviyyədə deyildir. Bundan sonrakı fəaliyyətimizdə biz daha ciddi - respublikamızın sosial-iqtisadi inkişafına yönələn ciddi tədqiqat işləri ilə məşğul olacağıq.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası son illərdə respublikamızın ictimai-siyasi həyatında çox fəal iştirak etməyə başlamışdır. Bu, qürur doğuracaq bir faktdır. Akademiya üzvləri ölkə Prezidentinin düşünülmüş, ağıllı və məqsədyönlü şəkildə həyata keçirdiyi daxili və xarici siyasətdə və respublikamızın ictimai-siyasi həyatında öz fəallığını bir qədər də artırmalıdır. Xüsusilə əvvəlki illərdə qəbul olunmuş və burada da qeyd olunduğu kimi, elmin inkişafı ilə əlaqədar milli strategiya və onun həyata keçirilməsinin dövlət proqramı respublikamızda uğurla həyata keçirilir. Bundan başqa 2010-cu ildə ölkə rəhbərinin elmin inkişafı, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qərarları, sərəncamları respublikamızda elmə göstərilən qayğının daha bir ifadəsidir. Xüsusilə dövlət büdcəsində elmə ayrılan vəsaitin ilbəil artırılması, gənc doktorantların Avropanın tanınmış elm mərkəzlərində təhsil almağa göndərilməsi, qeyd olunduğu kimi, elm fondunun yaradılması və bu il, yəni 2010-cu ildə elm fondunun birinci qrant layihəsinin müsabiqəsinin keçirilməsi və digər sahələrdəki qərarlar fərəh doğuran hallardır.

Respublikamızın son illərdə əldə etdiyi uğurlar, sosial-iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlərdə elm işçilərinin sanballı payı vardır. Konkret olaraq, mənim təmsil olunduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında bir neçə kəlmə demək istəyirəm. Ulu öndərimiz tərəfindən 2002-ci il avqustun 7-də yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderin müəyyən etdiyi strateji xəttə uyğun yaradılmışdır. Qürur doğuran fakt budur ki, ölkə Prezidenti Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı Naxçıvana gəlmiş və avqustun 12-də Akademiyanın Naxçıvan Bölməsinin yaradılması prosesində iştirak etmiş, öz tövsiyə və tapşırıqlarını vermişdir.

Akademiyanın Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi 8 il ərzində müəyyən nailiyyətlər əldə etmişdir. Həm əvvəlki illərdə, həm də konkret 2010-cu ildə əldə olunan uğurların bir neçəsini hörmətli yığıncaq iştirakçılarının diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, ermənilərin Naxçıvana – həm abidələrinə, həm də tarixinə bir sıra iddiaları vardır. Təkcə bu illərdə bunun üçün ikicildlik Naxçıvan ensiklopediyası hazırlanmışdır, ingilis və Azərbaycan dillərində Naxçıvan abidələri ensiklopediyası, Naxçıvanın teatr salnaməsi, Naxçıvanın tarixi atlası, Naxçıvanın “Qırmızı kitab”ı və digər ümumiləşdirici əsərlər hazırlanmışdır, artıq ikicildlik “Naxçıvan tarixi” üzərində iş davam etdirilir.

Elmi işçilərin normal fəaliyyət göstərməsi üçün Naxçıvan şəhərində üç inzibati bina yüksək səviyyədə qurulmuş, təmir olunmuş və ən müasir cihaz və avadanlıqla təmin olunmuşdur. Naxçıvan Bölməsinin ştat cədvəlində 510 yer olsa da, hələlik burada 275 nəfər çalışır, onların 97 nəfəri elmi işçidir. 2010-cu ildə 6 elmi istiqamətdə elmi-tədqiqat işləri aparılmış və 13 mühüm nəticə əldə olunmuşdur. Qeyd etməliyəm ki, bu il, yəni hesabat dövründə bölmə əməkdaşlarının 700-ə yaxın əsəri nəşr olunmuşdur ki, bunların 140-ı xarici ölkələrdə çap olunmuşdur. Otuz üç əməkdaşımız 44 beynəlxalq simpozium və konfransda iştirak etmişdir. İlk dəfə olaraq, Naxçıvanın tarixi atlası nəşr olunmuşdur. Naxçıvan ərazisində bizə məlum olan 1185 abidə qeydə alınmış və onların pasportu hazırlanmışdır. Xüsusi bildirim ki, bu abidələrin 788-i ilk dəfə qeydə alınmışdır. Ölkə və dünya əhəmiyyətli abidələr əsasında Naxçıvanın tarixi abidələr ensiklopediyası ingilis və Azərbaycan dilində nəşr olunmuşdur. Yəni bütövlükdə Akademiyada bir elmi işçiyə 1 il ərzində düşən elmi əsərlərin sayı 7,1 olmuşdur.

Lakin biz əldə olunan uğurlarımızı, nailiyyətlərimizi başlanğıc kimi qəbul edir və elə bilirəm ki, bundan sonra daha ciddi elmi-tədqiqat işləri ilə məşğul olacaq, respublikamızın sosial-iqtisadi inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Diqqətinizə görə sağ olun.

X X X

Akademik Akif Hacıyevin çıxışı

- Möhtərəm cənab Prezident,

Hörmətli həmkarlar,

İlk növbədə mən fizika-riyaziyyat və texnika elmləri bölməsinin altı institutu, iki min əməkdaşı, on yeddi akademiki və iyirmi altı müxbir üzvü adından möhtərəm Prezidentimizin bu gün iclasımızda iştirak etməsindən qürur hissi duyduğumuzu bildirirəm və möhtərəm Prezident, akademiyaya göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Dinlədiyimiz illik hesabatda akademiyamızın 2010-cu ildə əldə etdiyi nailiyyətlər ətraflı əhatə olunmuşdur. Ulu öndərimizin Azərbaycanda elmin koordinasiyası məsələsini də akademiyaya tapşırdığını nəzərə alaraq hesabatın geniş variantında digər təşkilatlarda əldə edilən mühüm nəticələr də yer almışdır.

Mən hesabatın müsbət qiymətləndirilməsini və onu qənaətbəxş saymağınızı təklif edirəm.

Hesabatda qeyd olunanlarla bərabər bizim bölmədə bir sıra başqa nəticələr də əldə edilmişdir. Bunlara misal olaraq mən ancaq iki nəticəni Sizə bildirmək istəyirəm. Mexanika alimlərimiz neftin su ilə sıxışdırılmasında laydaxili qaz yaratma texnologiyasını işləyib hazırlamışlar. Radiasiya Problemləri İnstitutunda dağ çayları və Xəzər dənizinin suları, dib çöküntüləri üzrə radio izotopları, karbohidrogenlər və ağır metalların paylanması tətbiq olunmuş və onların dəyişmə dinamikası üzrə məlumat bazası hazırlanmışdır. Bölmə müəssisələri doqquz dövlət proqramı üzrə ölkənin elm tutumlu problemlərinin həllində iştirak etmişlər. Respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı, “Elektron Azərbaycan” Dövlət Proqramı, təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı və digər proqramları qeyd etmək olar.

Bölmə koordinasiya ilə yanaşı, başqa müəssisələrlə birlikdə də tədqiqatlar aparır, xüsusilə bölmə ilə sıx əlaqələri olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetini qeyd etmək istərdim. Bölmə müəssisələri geniş xarici əlaqələr yaratmışlar. Ortaq qrantlar, birgə araşdırmalar, tədqiqatlar, ortaq şöbə və laboratoriyalar bunun göstəriciləridir.

Hesabat ilində bölmə əməkdaşları tərəfindən 506-sı xarici jurnallarda olmaqla 1287 məqalə çap edilmişdir. Mən xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu il 194 məqaləmiz nüfuzlu indeksli jurnallarda çap edilmişdir. ABŞ və Yaponiya nəşriyyatlarında bölmənin işçiləri və xaricdə işləyən bölmə üzvləri üç kitab dərc etmişlər. Bölmədə on üç patent, o cümlədən üç xarici patent alınmışdır.

Tam qətiyyətlə demək olar ki, alimlərimizin maddi problemləri, xarici jurnalları əldə etmək imkanları və uzunmüddətli xarici ezamiyyətlərə getmək məsələləri həll edildiyi təqdirdə daha böyük nailiyyətlər qazanmaq mümkündür. Bu çətinlikləri aradan qaldırmaq üçün hesab edirik ki, xarici jurnallara yazılmaq və xarici ezamiyyət xərclərinin akademiyanın smetasına ayrıca maddə ilə daxil olunması müsbət nəticə verərdi.

Tədqiqi problemlərin həlli üçün isə avadanlıqlara və bahalı tədqiqat materiallarına böyük ehtiyac vardır. Bu problemlərin və bir çox başqa problemlərimizin həllində möhtərəm Prezident, Sizin yaratdığınız Elmin İnkişaf Fondunun böyük rolu olacağı şübhəsizdir. Məhz həmin Fondun birbaşa dəstəyi nəticəsində bölməmizin Fizika İnstitutu tamamilə innovasiya – inkişaf yoluna qədəm qoymuş, nəticədə İnstitutda Sizin tərəfinizdən prioritet istiqamətlər sırasına daxil edilmiş nanotexnologiya, enerjiqənaətli texnologiya, alternativ enerji mənbələri və kvant informasiya texnologiyalarının inkişafına yönəlmiş böyük həcmli pilot layihəsinin həyata keçirilməsinə başlanmışdır.

Mən burada möhtərəm Prezidentimizin akademiyamıza başqa bir böyük dəstəyi haqqında deməyə bilmərəm. Sizin, möhtərəm cənab Prezident, iki Sərəncamınız əsasında faktik olaraq Şamaxı Astrofizika Rəsədxanası yenidən qurulub. Hazırda nəzərdə tutulmuş işlərin demək olar ki, 80 faizi yerinə yetirilmişdir. Bu yeniliklərin nəticəsində bizim rəsədxana dünyanın ən müasir rəsədxanalarından biri olacaqdır.

Möhtərəm cənab Prezident, Siz böyük bir dahinin, unudulmaz Prezidentimizin, ulu öndərimizin həyat məktəbini keçmisiniz. O dahi insan həmişə Azərbaycan elminin, Azərbaycan Elmlər Akademiyasının, alimlərimizin dəstəyi və himayədarı olmuşdur. Siz bu sahədə də ulu öndərimizin layiqli davamçısısınız. Buna görə də biz bu gün Sizin ümumi iclasımıza gəlməyinizdən ruhlanaraq ürək sözlərimizi, arzu və istəklərimizi söyləyirik.

Bu gün Sizin rəhbərliyiniz altında Bakıda və bütün başqa şəhər və kəndlərimizdə yollarımızın, körpülərimizin necə gözəlləşdiyini, müasirləşdiyini görməmək mümkün deyildir. Sizin bu gün söylədiyiniz məsələləri də layiqincə yerinə yetirmək üçün aydan-aya, ildən-ilə Sizin dəstəyinizlə, akademiyamızın da gücləndirilməsini arzu edərək diqqətinizə görə təşəkkür edirəm.

X X X

Akademik Vaqif Fərzəliyevin çıxışı

- Möhtərəm cənab Prezident!

Hörmətli akademiya üzvləri!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident! Akademiyanın, eyni zamanda respublikanın digər elm mərkəzləri tərəfindən 2010-cu ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri Sizə təqdim olunub. Ona görə mən Sizin iştirakınızdan istifadə edərək istərdim, bir neçə problemə Sizin diqqətinizi cəlb edim.

Azərbaycan neft ölkəsi olduğu üçün respublikamızda kimya elmi başqa elmlərlə müqayisədə, xüsusilə neft emalı və neft kimyası sahəsində tarixən öz inkişafını tapmışdır. Sonralar kimya elminin digər istiqamətləri də inkişaf etməyə başlamışdır.

Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin elmi müəssisələri öz fəaliyyəti dövründə xeyli işlər görmüş və bir sıra prosesləri Azərbaycanın və keçmiş SSRİ məkanının bir çox neft emalı zavodlarında, neft-kimya və kimya komplekslərində tətbiq etmişdir.

Hazırda akademiyanın kimya elmləri bölməsində 4 elmi-tədqiqat institutu fəaliyyət göstərir ki, onlar kimya elminin prioritet istiqamətləri üzrə həm fundamental, həm də tətbiqi xarakterli elmi işlər aparırlar.

Möhtərəm Prezident, Mahmud müəllim qeyd etdiyi kimi, Sizin “Azərbaycan Respublikasında neft-kimya sənayesinin yenidən qurulması haqqında” Sərəncamınızın icrası ilə əlaqədar kimya elmləri bölməsinin alimləri aidiyyəti qurumlarla birlikdə respublikanın neft-kimya kompleksinin yenidən qurulması, mərhələli inkişaf konsepsiyasını işləyib hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişlər.

Kimya institutlarından biri - Kimya Problemləri İnstitutu akademiya şəhərciyində, ikisi - Neft-Kimya Prosesləri İnstitutu və Aşqarlar Kimyası İnstitutu Bakının digər hissələrində, Polimer Materialları İnstitutu isə Sumqayıt şəhərində yerləşir.

Qeyd olunan institutların üçündə - Kimya Problemləri, Neft Problemləri və Aşqarlar Kimyası institutlarında əsaslı təmir işləri aparılır. Bununla əlaqədar Sizə, cənab Prezident, kimyaçı alimlər adından öz dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Siz Kimya Problemləri İnstitutunda əsaslı təmir işlərinin gedişi ilə tanış oldunuz.

Fürsətdən istifadə edərək Sizdən xahiş edirəm ki, Sumqayıtda yerləşən Polimer Materialları İnstitutunun 1966-cı ildə istismara verilmiş binasının da əsaslı təmir olunmasına göstəriş verəsiniz.

Kimya elmləri bölməsi alimlərinin əksəriyyəti yüksək elmi səviyyəyə malikdir. Bu da onların elmi əsərlərinin dünyanın nüfuzlu jurnallarında çap olunması, beynəlxalq qrantların əldə edilməsi və aparıcı ölkələrin alimləri ilə birgə layihələrin yerinə yetirilməsi ilə təsdiq olunur. Lakin cənab Prezident, bildiyiniz kimi alimlərimizin işnin səmərəsinə gəldikdə qeyd etmək istərdim ki, kimyaçıların fəaliyyətinin nəticələri yalnız otaqların təmiz və lazımi səviyyədə təmir edilməsi ilə deyil, həm də zəruri cihaz və avadanlıqla təchiz edilməsi ilə müəyyən olunur. Hazırda bu institutlarda istifadə olunan cihaz və avadanlığın çoxu həm fiziki, həm də mənəvi cəhətdən köhnəlmişdir.

Son illər, cənab Prezident, Siz böyük diqqət göstərərək akademiyanın təşkilatlarının elmi-texniki bazasının möhkəmlənməsi ilə bilavasitə məşğulsunuz və bu işlər öz bəhrəsini göstərir. Lakin bununla əlaqədar, möhtərəm Prezident, Sizdən xahiş edirəm ki, bizim Kimya İnstitutlarının da əsaslı təmiri ilə yanaşı, elmi-texniki bazasının möhkəmləndirilməsinə, müasir elmi cihaz və avadanlıqla təmin olunmasına indidən belə də kömək göstərəsiniz.

Milli Elmlər Akademiyasını son dərəcə narahat edən bir məsələyə də toxunmaq istərdim. O da istedadlı gənc mütəxəssislərin akademiyaya axınının çox zəif olmasıdır.

Bildiyiniz kimi, gənc alimlər elmin gələcəyini təmin edənlər və yeni ideyaların daşıyıcılarıdır.

Heç kimə sirr deyildir ki, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin yaşı artıq orta yaş həddindən yuxarıdır.

İstedadlı gənclərin elmə gəlməməsinin əsas səbəbi sosial məsələlərin lazımi səviyyədə olmamasıdır.

Bu məsələnin həllinə bir amil də öz mənfi təsirini göstərir. O da gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılmasıdır.

Cənab Prezident! Xahiş edirəm, bu məsələnin də həllinə kömək göstərəsiniz.

Axırda mən istərdim, 2010-cu ildə AMEA-nın təşkilatları və respublikanın digər elmi mərkəzləri tərəfindən görülən işlər haqqında Mahmud müəllimin hesabat məruzəsini qəbul edək və hesabatı qənaətbəxş hesab edək. 

Sağ olun!

X X X

Akademik Bəkir Nəbiyevin çıxışı

- Möhtərəm cənab Prezident!

Akademiyamızın üzvləri və qonaqlar.

Bildiyiniz kimi Vətənimiz son çağlarda böyük iradə nümayiş etdirərək hərtərəfli inkişafın yeni mərhələsinə qalxmışdır. Nankor qonşumuz Ermənistanın və digər gözü götürməyənlərin acığına Azərbaycan bu gün böyük tərəqqinin şahrax yolunda öz müstəqil dövlətini əzmkarlıqla qorumaq iqtidarında olan, xarici ölkələrlə dostluq münasibətlərini getdikcə daha da genişləndirən, lakin heç bir xarici dövlətin kölgəsinə sığınmayan, həqiqətən də azad, sərbəst bir ölkədir. Biz, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri və əməkdaşları fəxr edirik ki, əsası ümummilli liderimiz, böyük azərbaycanlı və azərbaycançı Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən xüsusi bir qətiyyətlə, işgüzarlıqla davam və inkişaf etdirilən bu qarşısıalınmaz prosesin şahidi və iştirakçılarıyıq. Həmin uğurlu prosesin mühüm tərkib hissələrindən biri kimi akademiyada və respublikanın digər uyarlı qurumlarında 2010-cu ildə görülmüş əsas elmi-tədqiqat işləri haqqında akademik Mahmud Kərimovun hesabatında ətraflı məlumat verildi. Yeri gəlmişkən mən də təklif edirəm ki, ümumi yığıncaq bu hesabatı təsdiq etsin.

Nizami adına Ədəbiyyat İnstitutu üçün ilin ən əlamətdar hadisəsi yeni çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin üçüncü cildinin çap olunub elmi-ədəbi ictimaiyyətə, oxuculara çatdırılmasıdır. Ölkəmizdə ədəbiyyat tarixinin yaradılması son yüz ildə filologiya elmimizin ən əlamətdar hadisələrindən biridir. Ümumiyyətlə, ədəbiyyat tarixləri tez-tez yazılmır və onların meydana gəlməsi ölkənin və xalqın tarixində müəyyən inkişaf və intibahla bağlı olur. Bu, elmimizin tarixində dördüncü ədəbiyyat tarixidir, həm də hər cür ideoloji basqıdan azad, məhz azərbaycançılıq mövqeyindən yazılmış ilk ədəbiyyat tariximizdir.

Alimlərimiz keçən il ədəbiyyatşünaslıq elminin vacib problemlərinə dair aktual mövzularda 33 adda kitab nəşr etdirmişlər. Bu əsərlərdən biri “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” monoqrafiyası üçün institutumuzun beş əməkdaşı – müxbir üzv Teymur Kərimli, professor Məhərrəm Qasımlı, professor Nizaməddin Şəmsizadə, dosent Nikpur Cabbarlı, Macarıstandakı səfirimiz professor Vilayət Quliyev və mən Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülmüşük. Bu münasibətlə xüsusi sərəncama öz mübarək imzasını qoymuş hörmətli Prezidentimizə həmkarlarımız adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Keçən il xaricdə buraxdığımız sanballı bir nəşrin ancaq adını çəkirəm: “Bojestvennıye slova: folklornıye i literaturnıye pamyatniki Azerbaydjana”, Moskva, İzdatelstvo “Xudojestvennaya literatura”. Daha bunun ətraflı təqdim və təhlilinə imkan yoxdur.

Bizdə hesabat ilinin əlamətdar hadisələrindən biri də böyük müvəffəqiyyətlə keçmiş humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri, metodoloji məsələləri mövzusunda beynəlxalq elmi konfransdır. Azərbaycan alimləri ilə yanaşı Türkiyə, Rusiya, Özbəkistan, İran və digər xarici ölkələrin nüfuzlu mütəxəssislərinin də qatıldığı bu elmi tədbir institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə təşkil edilmişdir.

Ümumi yığıncaq əlamətdar bir vaxtda, ölkəmizdə dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illiyi ərəfəsində keçirilir. Bu barədə möhtərəm Prezidentimizin xüsusi sərəncamını hamımız oxumuşuq. Dövlətçiliyimizin tərəqqi dolayları çox mühüm tarixi uğurlarla əlamətdardır. Onların arasında meydana gəlməsində bizim əməkdaşların da müəyyən xidmətləri olan və indi hamının rahatca oxuya bildiyi Azərbaycan əlifbası ilə hər biri yüksək poliqrafik səviyyədə 25 min tirajla nəşr edilib ölkə kitabxanalarına hədiyyə olunmuş yüzlərlə bədii əsər, elmi əsər, növ-növ lüğətlər vardır. Redaksiya heyətinin sədri şəxsən cənab Prezidentin özünün olduğu Azərbaycan Milli Ensiklopediyasının ilk nəfis cildləri vardır.

Xanımlar və cənablar!

Prezidentin Akademiyanın hər iki binasına, Milli tarix və milli ədəbiyyat muzeylərinə dəfələrlə gəlməsi, tarixi abidə olan həmin binaların əsaslı şəkildə təmir edilməsinə yüksək qayğı göstərməsi və bu qayğının parlaq nəticələri elm və mədəniyyətimizin qədrini bilən hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir. Akademiya şəhərciyindəki binalar kompleksi, xüsusən onun mərkəzi binası da öz zamanının memarlıq abidəsidir və hazırda burada 2 mindən artıq alim əməkdaş çalışır. Mən fəxr edirəm və böyük məmnuniyyət duyğusu ilə etiraf edirəm ki, akademiya şəhərciyinin memarı, dünya miqyaslı sənətkar, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri Mikayıl Hüseynovun nəcib ruhu da bu gün bizə, öz xələflərinə qovuşub sevinir. Çünki cənab Prezident onun çox unikal layihəsinə münasibətdə vaxtilə yol verilən tarixi bir ədalətsizliyə yox demiş, bu gözəl abidənin sonuncu mərtəbəsində elmin ucalığının rəmzi olan dörd əzəmətli qülləni də dahi memarın ilkin layihəsində nəzərdə tutulduğu kimi bərpa etdirib cilvələndirmişdir. Saxlanclarındakı 5 milyonu aşan qiymətli kitablarla 50 minə yaxın oxucuya müəyyən darısqallığa baxmayaraq, həm də müasir elektron xidməti göstərən Mərkəzi elmi kitabxanamızın təzə binasının tikintisi haqqında akademik Mahmud Kərimovun dediklərinə mən də ürəkdən qoşuluram.

Hörmətli xanımlar və cənablar!

Bizim akademiyada 34 institut və öz mahiyyəti etibarilə instituta bərabər tutulan 7 elmi mərkəz vardır. Bu qurumların 14-ü, yəni üçdəbirindən çoxu təkcə bizim bölməmizin tərkibində yer almaqdadır. Nəzərə alsaq ki, biologiya elmləri bölməsində 8, fizika, riyaziyyat və texnika elmləri bölməsində 7, kimya elmləri bölməsində 6, yer elmləri bölməsində isə 3 bu cür qurum fəaliyyət göstərir, onda bizim bölmə üçün 14 institut və instituta bərabər tutulan elmi mərkəz, əlbəttə çoxdur. Odur ki, bölmə üzvləri bir-biri ilə əlaqəsi olmayan mövzu və məsələləri birgə müzakirə etmək zorundadırlar. Bu deyilənlərə əsasən təklif edirəm ki, gələn fəaliyyət ilində ictimai-humanitar elmlər bölməsinin iki yerə bölünməsi məsələsinə baxılsın və həmin qurumlar belə adlandırılsın: humanitar elmlər bölməsi, ictimai elmlər bölməsi. Humanitar elmlər bölməsinə Ədəbiyyat, Dilçilik, Memarlıq və İncəsənət, Folklor institutları, Nizami muzeyi, Hüseyn Cavid muzeyi və Mərkəzi elmi kitabxana, cəmi yeddi qurum daxil edilsin. İctimai elmlər bölməsində isə Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Fəlsəfə və siyasi hüquqi tədqiqatlar, İqtisadiyyat, İnsan hüquqları institutları və Azərbaycan tarixi muzeyi, cəmi 7 qurum bərqərar olsun. ¬Güman edirəm ki, belə olduqda yeni təşkil ediləcək hər iki bölmənin akademikləri, müxbir üzvləri yerlərdə aparılan elmi araşdırmalarla daha yaxından məşğul olmaq, onları daha düzgün istiqamətləndirmək və hər bir konkret sahə üzrə nüfuzlu, səriştəli məsləhətlər vermək imkanı əldə edəcək, bu da öz növbəsində səmərəli elmi-təşkilati uğurlara gətirib çıxaracaqdır.

Bir neçə kəlmə də son vaxtlar müəyyən dairələrdə süni surətdə gündəmə gətirilən Nizami Gəncəvinin milli mənəviyyatı, üzr istəyirəm, mənsubiyyəti məsələsinə dair.

Çox təəssüf ki, bəzi İran rəsmiləri hərdən böyük həqiqətlərə məhəl qoymadan, ölkə daxilində və xaricindəki çıxışlarında “Xəmsə”nin farsca yazıldığını və ancaq bunu əsas götürərək Nizamini İran şairi kimi qələmə verir və türk kökəmli dahi Gəncəvinin Azərbaycan şairi olduğunu danmağa çalışırlar. Bu yaxınlarda isə İranın uyarlı orqanları ölkədəki bəzi “Xəmsə” əlyazmalarını fars mədəniyyəti nümunəsi kimi YUNESKO-nun milli yaddaş reytinqində qorumağı xahiş etmişlər. Mənəvi irsin qorunmasına göstərilən qayğı əlbəttə təqdirəlayiqdir. Lakin bu münasibətlə Fransaya göndərilən müraciətdə Azərbaycan ədəbi klassikası nümunələrinin fars mədəniyyəti nümunələri kimi təqdim olunması bizi dərindən təəssüfləndirir. Axı böyük şairin türk oğlu və gəncəli olması barədə çoxsaylı etirafları onun əsərlərindəki gözəl nümunələrdə dönə-dönə özünün parlaq ifadəsini tapmışdır. Dünyanın ən qədim, böyük və qədim şəhərlərindən, mənalı rəmzlər daşıyan parlaq səyyarələrdən, planetlərdən də bəhs edəndə Nizami bütün bunlara hər şeydən əvvəl bir Azərbaycan oğlu, bir gəncəli kimi öz xüsusi nəzərləri ilə baxmış, doğma şəhərini ərşin sayrışan ecazkar ulduzlarına bərabər tutmuşdur.

Gəncə Harut, sehrli Babil deyil, bəs nədir
Ürəyim ulduzlara nur saçan bir zöhrədir.
Zöhrə kimi ucalıb nizam bürcünə Gəncə,
Onu belə ucaldan ülvi sözümdür məncə.
(“Sirlər Xəzinəsi”)

Bərdə nə gözəldir, ah nə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
(“İsgəndərnamə” ) və s.

Şairimizin milli mənsubiyyətini şübhə altına almaq istəyən bəzi əcnəbi həmkarlarıma müraciətlə soruşuram. Mazandaran, Bəndərbuşi, hətta Tehran da buraya daxil olmaqla onlar hansı İran şəhərlərinin adlarını çəkə bilərlər ki, Nizaminin əsərlərindəki doğma Azərbaycan toponimləri kimi dərin məhəbbət və səmimiyyətlə tərənnüm edilmiş olsunlar?! İran müəlliflərinin ictimai fikrə zorla pərçim etdikləri yalanlara uyan bəzi digər ölkələrin ensiklopediyalarında da Nizaminin milli mənsubiyyəti məsələsində ciddi təhriflərə yol verilir. Bu ensiklopediyaları nəzərdən keçirən Gəncə Regional Elmi Mərkəzi indi həmin qurumlara yerli-yataqlı məktublar göndərərək, onları öz sorğu kitablarının gələcək nəşrlərində aradan qaldırmağı tövsiyə edir. Bəs böyük sənətkarımızı doğma xalqından ayırmaq istəyənlərin qərəzli iddialarına biz daha nə ilə, yaxud necə cavab verməliyik?

Belə hesab edirəm ki, ölkəmizin yalnız ədəbiyyatçıları deyil, tarixçi, dilçi, sənətşünas, şərqşünas, filosof, etnoqraf, muzeyçi və digər alimləri də Nizami yaradıcılığının aktual problemlərini yeni təfəkkür işığında və daha dərindən araşdırmaq üçün fundamental tədqiqatlara cəlb edilməli, onların ən yaxşılarının potensialı əsasında Ədəbiyyat İnstitutunda, yaxud elə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ayrıca bir Nizami mərkəzi yaradılmalıdır. Bu mərkəzin mühüm elmi nəticələri ən azı Azərbaycan, fars, rus, ingilis dillərində müntəzəm olaraq nəşr edilib yayılmalı, uyarlı internet saytlarında yerləşdirilməlidir. Ədəbiyyat İnstitutunda yüksək ixtisaslı mütəxəssislər tərəfindən hazırlanmış qiymətli filoloji tərcümələr əsasında Nizami “Xəmsə”sinin bütün nümunələrini ana dilimizə yenidən şeir ilə tərcümə etməyi möhtərəm Prezidentimiz, dövlət, istedadlı və təcrübəli Azərbaycan şairlərinə sifariş verməli, bu poetik tərcümələr kütləvi tirajla nəşr edilib ölkəmizdə və dilimizin anlaşıldığı yaxın, uzaq xarici ölkələrdə yayılmalıdır. “Xəmsə”nin ayrı-ayrı ən populyar süjetlərini, əsrlər boyu onlara çəkilən çox zərif miniatürlərlə süslənmiş şəkildə vaxtilə görkəmli sənətşünasımız, müxbir üzv Kərim Kərimovun Moskvada buraxdırdığı “Müzəyyən kitablar” kimi nəşr etmək lazımdır. Nəhayət üç ildə bir dəfədən az olmayaraq Bakıda başlanıb Gəncədə öz işini davam etdirəcək beynəlxalq Nizami simpoziumları çağırılmalı, dünya Nizamişünaslığının aparıcı nümayəndələri bu tədbirlərə dəvət olunmalı həmin elmi forumların nəticələri sanballı kitablar kimi bir neçə dildə nəşr edilməlidir. Diqqətiniz üçün sağ olun!

X X X

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edildi.

AMEA-nın Rəyasət Heyətinin işi də qiymətləndirilmək üçün səsə qoyuldu və qənaətbəxş hesab olundu.

Dövlət başçısı akademiyanın illik ümumi yığıncağında yekun nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- Mən burada səslənən təkliflərə münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu təkliflər çox dəyərlidir. Bunlar nəzərə alınacaq və müvafiq tapşırıqlar veriləcəkdir ki, qaldırdığınız məsələlər tezliklə öz həllini tapsın. Burada bir neçə məsələ qaldırıldı. İstərdim ki, öz fikrimi bildirim.

Sosial məsələlərin həlli ilə bağlı. Əlbəttə ki, bu məsələlər daim diqqət mərkəzindədir, Azərbaycanda maaşlar, təqaüdlər vaxtaşırı qaldırılır. Ancaq son illər ərzində maaşların və təqaüdlərin bir neçə dəfə qaldırılmasına baxmayaraq, xüsusilə dövlət sektorunda çalışanların sosial təminatı hələ ki, istədiyimiz səviyyədə deyildir. Bu məsələyə baxılacaq və əlbəttə ki, akademiya işçilərini narahat edən məsələlər öz həllini tapacaqdır.

Kitabxananın tikintisi ilə bağlı verilən təklifləri dəstəkləyirəm. Bu məsələ bir müddət bundan əvvəl müzakirə edilmişdi, hətta bəzi təkliflər də irəli sürülmüşdü. Hesab edirəm ki, biz bu məsələyə daha da ciddi baxmalıyıq. Ola bilsin ki, gələn ilin dövlət büdcəsində kitabxananın tikintisi ilə bağlı artıq maliyyə mənbələri də müəyyən edilsin. Hesab edirəm ki, layihələndirmə işləri bu il də başlana bilər. Müasir, gözəl kitabxananın tikintisinə böyük ehtiyac vardır. Əminəm ki, biz buna nail olacağıq.

Struktur islahatları ilə bağlı məsələləri siz özünüz müəyyən etməlisiniz. Ən optimal variant seçilməlidir. Seçdiyiniz variantı mən də dəstəkləyəcəyəm. Əsas məsələ ondan ibarətdir ki, biz işin səmərəliliyini təmin edək. Struktur islahatları sadəcə olaraq islahatlar naminə deyil, real nəticələrə gətirib çıxarmasına xidmət göstərməlidir.

Xəzər dənizinin tədqiqatları ilə bağlı beynəlxalq mərkəzin yaradılması təklifinə baxmaq olar. Bildiyiniz kimi, hazırda bütün Xəzəryanı ölkələr bir-biri ilə çox sıx əlaqədədir. Keçən ilin sonunda Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsi və görüş zamanı qəbul edilmiş çox vacib qərarlar Xəzər dənizində əməkdaşlıq meyillərini daha da gücləndirir. Bütün qonşularımız qeyd etmişlər ki, Xəzər ilə bağlı Bakıda keçirilən zirvə görüşü çox uğurlu olmuşdur. Bu beştərəfli əməkdaşlıq əlbəttə ki, davam etdiriləcəkdir. Burada Xəzərin bioresursları ilə əlaqədar müəyyən təkliflər var, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar danışıqlar gedir və Azərbaycan bütün bu məsələlərdə çox konstruktiv mövqe nümayiş etdirir. Elə etməliyik ki, Xəzər dənizi bundan sonra da dostluq, mehriban qonşuluq dənizi olsun. Xəzər dənizinin tədqiqatları ilə bağlı mərkəzin yaradılmasına da baxmaq olar. Əlbəttə, əgər belə bir mərkəz yaranacaqsa, bunun mərkəzi Bakı olmalıdır. Çünki Bakı Xəzəryanı ölkələr arasında yeganə paytaxtdır və əlbəttə Bakının Xəzərin tədqiqatında və təbii resursların işlənməsində xüsusi yeri vardır.

Gənc alimlər üçün fondun yaradılması məsələsinə baxmaq olar. Bildiyiniz kimi, hazırda “Azərbaycan gəncliyi 2011-2015 illərdə” Dövlət Proqramı hazırlanır. Eyni zamanda, Azərbaycan elminin inkişafı üzrə dövlət proqramı da 2015-ci ilə qədər hesablanıbdır. Bu iki proqramı biz bir növ bir-biri ilə bağlamalıyıq və gənclərin, ümumiyyətlə, elmə cəlb edilməsi üçün əlbəttə ki, əlavə tədbirlər nəzərdə tutulmalıdır. Mən o fikirlə tam razıyam ki, biz gəncləri elmə cəlb etmək üçün əlavə mexanizmlər hazırlamalıyıq, stimullaşdırmalıyıq. Biz hərbi xidmətlə bağlı məsələlərə də baxacağıq.

Neft hasilatının sabit səviyyədə saxlanılması məsələsi bizim üçün çox vacibdir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər böyük investisiyalar qoyurlar və eyni zamanda, Azərbaycan tərəfi də bu işlərdə fəal iştirak edir. Bildiyiniz kimi, hazırda konsorsium tərəfindən hasil edilən neftin gəlir hissəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu, məhz vaxtilə “Əsrin kontraktı”nın üzərində danışıqların aparılması zamanı Azərbaycanın mövqeyinin kifayət qədər ciddi olmasından xəbər verir. Baxmayaraq ki, o vaxt həm iqtisadi vəziyyətimiz o qədər yaxşı deyildi, siyasi proseslər də müəyyən dərəcədə bizi narahat edirdi. O vaxt biz maksimum məqbul şərtləri əldə etmişdik. Məhz buna görə bu gün xarici tərəfdaşlar tərəfindən hasil edilən neftin əksər hissəsi Azərbaycanın payına düşür. Xarici şirkətlərlə apardığımız danışıqlarda biz daim bu məsələ ilə bağlı öz fikrimizi bildiririk. Biz istəyirik ki, uzunmüddətli hasilata nail olaq. Hasilatın artırılmasına o qədər də müsbət baxmırıq. Mən hesab edirəm ki, hasilatın hazırkı səviyyəsi optimaldır. Elə etməliyik ki, bundan sonra da uzun illər ərzində Azərbaycan nefti Azərbaycan iqtisadiyyatının inkişafına xidmət göstərsin.

Hazırda biz böyük qaz layihəsinin icrası ilə məşğuluq və “Şahdəniz” qaz yatağı dünya miqyasında ən böyük yataqlardan biridir, nadir yataqdır. “Şahdəniz” yatağından sonra Azərbaycan alimləri, geoloqları, neftçiləri “Ümid” yatağını aşkarlayıblar. Beləliklə, bizdə çox böyük qaz potensialı yaranır və şübhəsiz, giriş sözümdə qeyd etdiyim Avropanın enerji təhlükəsizliyi məsələləri də müəyyən dərəcədə Azərbaycan qazının hesabına təmin edilə bilər. Hazırda bu istiqamətdə ciddi danışıqlar aparılır. İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə bəyannamə imzalanmışdır, işçi qrupu yaradılmışdır, konkret işlər aparılır. Burada biz, ilk növbədə, həmişə olduğu kimi, ölkəmizin və xalqımızın milli maraqlarını təmin etməliyik. Bizə xüsusilə qazın ixracı üçün yeni bazarlar, tərəfdaşlara isə yeni alternativ mənbələr lazımdır. Burada maraqlarımız demək olar ki, üst-üstə düşür və gələcəkdə Azərbaycanda həm neftin, həm də qazın hasilatının səviyyəsini biz müəyyən edəcəyik. Biz bu hasilatı lazım olan səviyyədə saxlayacağıq. Burada bu məsələlər əlbəttə ki, uzunmüddətli inkişaf strategiyamızla uzlaşmalıdır. Yenə də deyirəm, alimlər də öz sözünü deyirlər və deyəcəklər.

Mən seysmoloji xidmətin inkişafı ilə əlaqədar verilən təkliflərə baxmağa hazıram. Əgər əlavə vəsait ayırmaq lazımdırsa, biz bunu edərik ki, bu sahədəki işi daha da təkmilləşdirək. Artıq zəlzələdən demək olar ki, 10 il vaxt keçir. Ola bilsin ki, o vaxt alınmış avadanlıq köhnəlib. Çünki indi yeni texnologiyalar, yeni avadanlıqlar çıxır və biz əlbəttə ki, buna baxacağıq.

Biz tarixi təbiət muzeyinin təmiri ilə əlaqədar təklifə baxarıq. Hesab edirəm, Azərbaycanda, ümumiyyətlə, bu sahədə aparılan siyasətə uyğun olar ki, biz bu muzeyi də yüksək səviyyədə təmir etdirək, yaxud da yenisini yaradaq. Əgər yenisini yaradacağıqsa, gərək yer müəyyən edilsin, şəhərin mərkəzində gözəl bir yer olsun. Çünki doğrudan da bizdə nümayiş etdirmək üçün kifayət qədər materiallar, eksponatlar vardır. Siz yaxşı bilirsiniz ki, palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birincidir. Bu, böyük sərvətimizdir. Əfsuslar olsun ki, nə ölkə daxilində, nə də ki, xaricdə bu barədə kifayət qədər bilgilər yoxdur. Alimlər bunu bilir, ancaq geniş ictimaiyyət bundan xəbərsizdir. Hesab edirəm ki, müxtəlif yollarla həm muzeyin yaradılması, ondan sonra internet materiallarının hazırlanması, elmi tədqiqatların aparılması sayəsində biz bütün dünyaya göstərəcəyik ki, Azərbaycan, o cümlədən bu sahədə də birinci yerdədir.

Şamaxı astrofizika rəsədxanasında əsaslı təmir işləri gedir, daha doğrusu, bütün infrastruktur yenidən qurulur. Bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Mən bir müddət bundan əvvəl Şamaxı rayonunda olarkən orada gedən işlərlə tanış olmuşdum. Alimlərin yaşaması, fəaliyyəti, elmi-tədqiqatların aparılması üçün bütün işlər çox gözəl, müasir səviyyədə görülür. Yəni, hesab edirəm ki, bu rəsədxana dünya miqyasında öz müasirliyi və gözəlliyi ilə seçiləcəkdir. Beləliklə, Azərbaycan elminin inkişafına, bu sahədəki elmin inkişafına yeni təkan veriləcəkdir. Hesab edirəm ki, gələcəkdə rəsədxana, eyni zamanda, turistlər üçün də açıq olmalıdır. Orada müəyyən ekskursiyalar təşkil olunmalıdır, çünki bu, həm də maraq doğuran məsələdir, eyni zamanda, bundan rəsədxananın saxlanması üçün müəyyən əlavə vəsait də əldə oluna bilər. İndi Azərbaycanda turizm imkanları geniş inkişaf edir. Xüsusilə Bakıda, Bakıya yaxın olan Şamaxı rayonunda böyük quruculuq işləri aparılır, gözəl yol çəkilib. İndi biz Bakı-Şamaxı yolunu genişləndirəcəyik. Gözəl avtoban yaranacaq və hesab edirəm ki, əhali üçün maraqlı olacaqdır. Əlbəttə ki, elmi işçilər üçün şərait yaradılır.

Sumqayıtda Polimer Materialları İnstitutunun təmiri ilə əlaqədar fikir səslənmişdir. Mən tapşırıq verəcəyəm ki, bu məsələ araşdırılsın və kömək göstəriləcəkdir. Bütövlükdə kimya elminin inkişafına diqqət göstərilməlidir və göstərilir. Mən giriş sözümdə qeyd etdim ki, neft-kimya sahəsinə böyük diqqət göstərilir. Azərbaycanda müasir neft-kimya kompleksinin yaradılması ilə əlaqədar tapşırıqlar verilmişdir. Yeni müasir neftayırma zavodunun tikintisi ilə bağlı tapşırıqlar verilmişdir. İndi layihə hazırlanır. Biz bu sahədə də ən müasir texnologiyaları cəlb etməliyik. Mən Dövlət Neft Şirkətinə göstəriş verəcəyəm ki, Azərbaycan alimlərini bu işlərə maksimum dərəcədə cəlb etsinlər və bu işləri birgə görsünlər.

Nizami mərkəzinin yaradılması ilə əlaqədar səslənən təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Heç kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək, biz bunu çox asanlıqla sübut edə bilərik. Nizaminin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Nizaminin əsərləri əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir. O ki qaldı hansısa qüvvələr tərəfindən bu əsərlərə yiyə çıxmaq, yaxud da özünküləşdirmək məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə üzləşirik. Bunun da əsas səbəbi ondadır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özünküləşdirmək üçün cəhdlər göstərirlər. Bu təkcə ədəbiyyatla, yaxud da ki, Nizaminin əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim musiqimiz ermənilər tərəfindən utanmadan oğurlanır. Dahi Üzeyir bəyin əsərləri özünküləşdirilir. Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan, dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə, onlar üçün bu, sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu, erməni sözü deyildir. Ona görə də belə hərəkətlər əlbəttə ki, bizi çox üzür.

Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır. Bizim imkanlarımız daha da geniş olmalıdır. Baxın, indi demək olar ki, bütün dünyada Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir, 50-dən yuxarı ölkədə Azərbaycan səfirlikləri fəaliyyətə başlamışdır və uğurla fəaliyyət göstərirlər. Yəni, indi bizim təbliğat imkanlarımız genişdir. Biz heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə, yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar olsun ki, bizə qarşı həmişə belə cəhdlər olub. Yenə də deyirəm, bunun əsas səbəbi Azərbaycan xalqının istedadı və mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi qoruyacağıq, müstəqil seçimimizi qoruyacağıq. Əminəm ki, Azərbaycanın inkişafı çox parlaq, çox uğurlu olacaqdır. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olacaqdır.

Əziz dostlar, bir daha sizi ürəkdən salamlayıram. Əminəm ki, akademiyanın inkişafı bundan sonra da uğurlu olacaqdır. Verilən əlavə tapşırıqlar yaxın zamanlarda akademiyanın inkişafına müsbət təsir göstərəcəkdir. Sağ olun!

X X X

Mahmud KƏRİMOV: Möhtərəm cənab Prezident, alimlərin iş şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadr hazırlığı işinin təkmilləşdirilməsi istiqamətində apardığınız ardıcıl siyasətinizə görə Azərbaycan elmi ictimaiyyəti adından Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Azərbaycanın inkişafına, xalqımızın maddi rifah halının yüksəldilməsinə, dövlətimizin beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Eyni zamanda, Sizi əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyası həmişə olduğu kimi, bundan sonra da Sizin apardığınız siyasəti dəstəkləyərək dövlət maraqlarını hər şeydən üstün tutacaqdır.

Beləliklə, bugünkü yığıncağımız başa çatdı.

X X X

Yığıncaqdan sonra Prezident İlham Əliyevə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı akademiyanın digər hissələrində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış oldu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30