Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri mətbuata birgə bəyanatlarla çıxış ediblər

03 iyun 2016, 16:40
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri mətbuata birgə bəyanatlarla çıxış ediblər

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Əziz qonaqlar, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Bu gün Türkiyə Cümhuriyyətinin Baş nazirinin Azərbaycana rəsmi səfəridir. Bu, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyət daşıyan bir səfərdir. Mən artıq hörmətli Baş naziri bu yüksək vəzifəyə təyin olunması ilə bağlı təbrik etdim, bir daha öz təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Türkiyə Cümhuriyyətinin yeni hökuməti bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çalışacaq. Biz də çalışacağıq və bu əlaqələri birlikdə daha da yüksək səviyyəyə qaldıracağıq. Baxmayaraq ki, bunu etmək çox çətin olacaq. Çünki hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir.

Bu il mən Türkiyəyə üç dəfə səfər etmişəm, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Bu gün hörmətli Baş nazir bizim qonağımızdır. Yəni, bu il artıq beş yüksək səviyyəli görüş keçirilmişdir. Bu da özlüyündə bir göstəricidir. Bu, göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir. Mən hesab edirəm ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.

Bütün sahələrdə əməkdaşlıq, işbirliyi genişlənir, güclənir. Biz daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstəririk. Bu yaxınlarda Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qərar qəbul edilmişdir, Kontakt Qrupu yaradılmışdır. Türkiyənin bu qərarların qəbul olunmasında çox böyük rolu olmuşdur. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır və biz bu dəstəyə görə minnətdarıq.

Bilirsiniz, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi uzun illərdir ki, işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, torpaqlarımızın təxminən 20 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı müvafiq qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və orada göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxt keçir. Ancaq bu qətnamələr kağız üzərində qalıb. Nəyə görə?! Çünki ikili standartlar var, ayrı-seçkilik göstərilir. Bəzi hallarda Birləşmiş Millətlər Təşkilatının qətnamələri bir gün ərzində icra edilir, amma bizə gəldikdə bu, 20 ildən çoxdur ki, icra edilmir və işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir. Bu, böyük ədalətsizlikdir.

Azərbaycan öz prinsipial mövqeyini gücləndirir, siyasi, iqtisadi, hərbi üstünlük əldə edib və aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistanın hərbi təxribatı cavabsız qalmayıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib. Əks-hücum əməliyyatı nəticəsində 20 kvadratkilometrdən çox ərazi işğalçılardan təmizləndi və bundan bir neçə dəfə böyük ərazi də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Biz əlbəttə, çalışırıq və çalışacağıq ki, bu məsələ sülh, danışıqlar yolu ilə həll edilsin, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlarımızdan erməni silahlı birləşmələrinin çıxarılması deməkdir.

Azərbaycan öz növbəsində bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyifsilənir və öz sözünü deyir. Misal üçün, dünən Almaniya Parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bu yalan üzərində qurulan təxribatı bir daha pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir və buna təbii ki, biz dözə bilmərik və dözmürük.

Yəqin bilirsiniz, bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir. Bizim bütün diaspor təşkilatlarımızın rəhbərləri bu gün Azərbaycandadır. Onlara təlimat verilmişdir ki, bütün türk diaspor təşkilatları ilə daim birlikdə olsunlar, birgə aksiyalar, nümayişlər keçirsinlər, öz etirazlarını bildirsinlər. Biz həm bu bölgədə, həm də xaricdə birliyimizi nümayiş etdirməliyik. Almaniya parlamentinin qəbul etdiyi ədalətsiz qərar, əlbəttə ki, siyasi sifarişdir. Çünki bunu hər kəs yaxşı bilir ki, bu, yalan üzərində, böyük erməni yalanı üzərində qəbul edilib. Nə üçün bu, məhz dünən qəbul edilib?! Təbii ki, bunun siyasi tərəfləri var və əsas rol oynayır. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək istəyirlər. Yəqin ki, Türkiyənin müstəqil siyasətinə təzyiq və təsir etmək istəyirlər. Budur, bu ədalətsizliyin təməlində dayanan amillər. “Erməni məsələsi” sadəcə olaraq bir bəhanədir. “Erməni məsələsi” yenə də böyük dövlətlərin əlində alətə çevrilib.

Onu da qeyd etməliyəm ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyun ayının 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində hazırlanmış, təhqirlərlə dolu qətnamə qəbul edib. Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və sair. Birincisi, bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir. Bütün azadlıqlar təmin edilir - söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda azad internet mövcuddur və əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: Azad internet olan yerdə söz azadlığı necə boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Kim istəyir, nə vaxt istəyir sərbəst toplaşa bilir. Biz indi görürük ki, bəzi Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir edilir. Yəni, bu, demokratiyadır. Amma Azərbaycanda insanlar rahat, sülh, əmin-amanlıq, sabitlik, azadlıq şəraitində yaşayır və bu, sən demə, demokratiya deyil. Yəni, bu sözləri mən nəyə gətirirəm? Keçən il iyunun 12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə başlamışdı. Yəni, iyunun 12-si Avropa Oyunlarının açılışı günü idi. Almaniya parlamenti məhz bu gündə Azərbaycana qarşı bu qətnaməni qəbul edib. Yəni, bu, bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, şər, böhtan atmaqdır. Ona görə biz də o vaxt bu qətnaməyə fikir vermədik. Əminəm ki, Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir mənası yoxdur. Sadəcə olaraq bu, siyasi sifarişdir. Bunu qəbul edənlər böyük səhv buraxıblar - həm tarixi, həm də siyasi səhv.

Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır. Biz birliyimizi daha da gücləndirəcəyik. Bax, bizə qarşı aparılan bu təxribatlar bir daha onu göstərir ki, biz ancaq birlikdə daha güclü ola bilərik. Bu gün Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir. Bu amili heç kim inkar edə bilməz. Biz gücümüzü birləşdiririk. Biz birgə layihələr icra edirik. Bu gün hörmətli Baş nazirlə birgə icra etdiyimiz bütün layihələri bir daha müzakirə etdik. Hörmətli Baş nazirin nəqliyyat naziri olduğu dövrdə Bakı-Tbilisi–Qars dəmir yolunun inşasına başlamışıq. Hörmətli Baş nazir o yolun tikintisi üçün çox böyük səylər göstərmişdir. Artıq yaxın zamanlarda biz bunun açılışını qeyd edəcəyik.

Enerji layihələri artıq regional çərçivədən çıxıb qlobal layihələrə çevrilibdir. Bunu da Azərbaycan və Türkiyə birlikdə icra edir. 2012-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulda TANAP layihəsinə start verdik. Əgər o vaxt biz bu məsuliyyəti öz üzərimizə götürməsəydik, hələ bu günə qədər bu enerji təhlükəsizliyi məsələləri müzakirə mövzusu olacaqdı. Biz bu məsuliyyəti üzərimizə götürdük. Həm siyasi məsuliyyəti, həm də iqtisadi, maliyyə öhdəliklərini üzərimizə götürdük. İndi 45 milyard dollar dəyərində “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu, bizi daha da birləşdirəcək, bölgəyə sabitlik gətirəcək. Bölgə ölkələri bir-biri ilə daha sıx əlaqədə olacaqlar.

Bir sözlə, birgə icra etdiyimiz layihələr həm bizi gücləndirir, həm də bölgənin daha da etibarlı və əməkdaşlığa, işbirliyinə hazır olmasını təsdiqləyir. Biz birliyimizi gələcəkdə daha da gücləndirəcəyik. Bu gün Türkiyə dünya miqyasında bir gücdür, “Böyük İyirmiliyin” üzvüdür. Bütün böhranlara baxmayaraq, Türkiyənin iqtisadiyyatı inkişaf edir, Türkiyə güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Biz Sizin bütün uğurlarınıza öz uğurlarımız kimi sevinirik. Bugünkü səfər, görüşlər və müzakirələr əminəm ki, gələcək illər üçün də gözəl şərait yaradacaq.

Hörmətli cənab Baş nazir, bir daha sizi salamlayıram və bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Baş nazir Binəli Yıldırımın bəyanatı

-Hörmətli cənab Prezident, təşəkkür edirəm. 

Hörmətli nazir dostlarım.

Hörmətli mətbuat nümayəndələri.

Ortaq tarix və mədəniyyəti paylaşdığımız, eyni dili danışdığımız, tale ortağımız, qardaşımız Azərbaycana bu dəfə Baş nazir olaraq səfər etməkdən çox böyük məmnunluq duyuram. Şəxsən mənə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürlərimi bildirirəm.

Azərbaycan ilə Türkiyə arasında artıq ənənə formalaşıb: Türkiyədə yeni bir hökumət qurulduqda ilk səfər Şimali Kiprə, dərhal sonra dost və qardaş Azərbaycana təşkil olunur. Bu baxımdan biz hökumətimizin qurulub etimad səslərini aldıqdan sonra ikinci xarici səfərini buraya həyata keçiririk. Bu, bir ənənədən daha çox dərin məna da ifadə edir. Azərbaycan ilə Türkiyə əlaqələri iki dövlət əlaqələrindən daha yüksəkdə dayanan, qardaşlıq hüququna söykənən “bir millət, iki dövlət” olaraq bizim keçmişdən gələcəyə uzanan birliyimizdir.

Hörmətli cənab Prezident, hörmətli mətbuat nümayəndələri.

Azərbaycan-Türkiyə münasibətləri ölkənizin müstəqilliyinin bərpasından ötən 25 ildə həqiqətən də bütün sahələrdə sürətlə inkişaf edib. Ticarət, investisiya, mədəni, siyasi sahələrdə uzun yol qət etmişik. Hörmətli Prezidentin dediyi kimi, o, bir il ərzində Türkiyəyə üç dəfə səfər edib. Xüsusən Ankarada törədilən və bütün millətimizi dərindən üzən mənfur terror hücumundan sonra hörmətli Prezidentimiz Ərdoğanın Azərbaycana səfər etməsi gözlənilərkən, möhtərəm Prezident İlham Əliyevin çox böyük jest edərək Ankaraya gəlməsi, dərdimizə şərik olduğunu ifadə etməsi ona türk xalqının böyük rəğbətini qazandırdı. Sizə təşəkkür edirik. Əsl dostluğun, qardaşlığın nə olduğunu bütün dünyaya bu yolla göstərdiniz.

Dünya Humanitar Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Sammitində də yüksək səviyyədə iştirakınıza görə də Sizə təşəkkür edirik.

Möhtərəm Prezident, mən Bakıya ilk dəfə 2003-cü ildə gəldim. O vaxtkı mənzərəni xatırlayır, şəhərin bugünkü görkəmi ilə müqayisə edirəm, Bakı hər cəhətdən tam başqa bir şəhər olub. Şəhərləşmə, ətraf mühit, sosial həyat baxımından Bakının tamamilə başqa bir yeri var. Bu şəhəri bu səviyyəyə Siz çatdırmısınız. Buna görə çox təşəkkür edirik.

Bu sürətli inkişaf sadəcə Bakı ilə məhdudlaşmır, böyük şəhərlərdə, yollarda, infrastrukturda, haraya getsək, yenidənqurma, davamlı inkişaf görürük. Nazir olduğum müddətdə də hörmətli həmkarım Ziya Məmmədov ilə bu qəbildən layihələri birlikdə həyata keçirmək imkanımız oldu.

Siz Türkiyə-Azərbaycan əlaqələrinin necə xarakter daşıdığını çox gözəl ifadə etdiniz. Mən bununla əlaqədar əlavə bir söz demək istəmirəm. Sadəcə, dünya bunu bilməlidir ki, azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində sonadək yanınızdayıq. Azərbaycanın dostu bizim dostumuzdur, düşməni də bizim düşmənimizdir. Azərbaycan torpaqlarının 20 faizini illərdir işğal edən ermənilərin hüququ kobud şəkildə pozmalarına artıq “yox” deməyin vaxtı çatıb. Bu məsələni zamana buraxaraq unutdurmaq əsla mümkün deyil. Bir sıra beynəlxalq təşkilatlar, ATƏT, Minsk qrupu toplanıb yenidən dağılışırlar. İndi artıq vaxtı uzatmaq deyil, həll yolu tapmaq zamanıdır və biz Türkiyə olaraq bunu yaxından müşahidə edirik. Onlara sərf edən məsələdə tez-tez toplanıb qərar qəbul edənlər, Azərbaycanın, Türkiyənin məsələsinə gələndə hərəkət etmək istəmirlər. Bu, ikili standartdır və əsla qəbul edilə bilməz. Nə vaxt ki, Azərbaycan torpaqlarının 20 faizi geri qaytarılsa, Azərbaycanın suverenliyi tam təmin edilsə, o zaman bu məsələ həll edilmiş olacaq. Bu baxımdan bu məsələni beynəlxalq ictimaiyyətin daha ciddi ələ almasının və ikili standartdan əl çəkməsinin vaxtı çoxdan yetişib. Biz bunu gözləyir və izləyirik.

Dünən Almaniya parlamentində əsassız bir qərar qəbul edildi. Sizin dediyiniz kimi, tarixi bir yalana imza atıldı. Bu, bizim üçün, türk milləti üçün böyük bir məna daşımır, hər hansı hökm ifadə etmir. Çünki tarix tarixçilərin ixtiyarına verilməlidir. Tarixçilərin belə münasibət bildirmədiyi, mübahisə apardıqları, hətta beynəlxalq məhkəmələrdə fərqli qərarların qəbul edildiyi bir məsələ ilə bağlı qərara Almaniya parlamentinin imza atması xoşagəlməzdir. Bu, Almaniya-Türkiyə münasibətlərinə zərbə vurub, onu zədələyib. Ümid edirik ki, bu yanlışlıq qısa müddətdə aradan qaldırılar və illərdən, yüz illərdən bəri davam edən Türkiyə-Almaniya əlaqələri minimum zərər görər və bu məsələ həllini tapar.

Təbii ki, Almaniya ilə bizim əlaqələrimizi gücləndirən orada yaşayan 3,5 milyonadək qardaşlarımızdır. Bu yanlış qərar onları da dərindən kədərləndirib. Əminəm, Almaniya siyasətçiləri, alman hökuməti daha düzgün dəyərləndirmə apararaq bu vəziyyətin düzəldilməsi ilə bağlı qısa müddətdə tədbirlər görəcəklər.

Bu proses baş verərkən onların Azərbaycan torpaqlarında yaşanan dəhşətləri görməzliyə vurması səmimiyyətsizlikdir. Bu ölkələr tarixə qaranlıq gecə kimi düşən Xocalı qətliamını nə üçün gündəmə gətirmirlər? Bu da bir soyqırımıdır, qətliamdır. O qədər də keçmişdə deyil, yüz ilə uzanan bir hadisə də deyil. Ona görə də burada ikili standartın yaşandığını görürük.

Almaniya parlament vasitəsilə belə bir qərar qəbul etməklə, əslində öz tarixi səhvini və eybini ört-basdır etmək məqsədini güdür. Keçmiş dəftərləri vərəqlədiyimiz zaman ən çox cavab verməli olan ölkələrin başında Qərb dövlətləri gəlir. Bu baxımdan Türkiyənin tarixi çox açıq və təmizdir. Həmin köhnə dəftərlərdə ən aşağı sıralarda bizik. Buna görə də düşünürük ki, beynəlxalq ictimaiyyət regional, qlobal hadisələrdə ikili standartlardan uzaqlaşmalı və Yaxın Şərq başda olmaqla Qara dənizin şimalında, dünyanın müxtəlif yerlərində yaşanan insanlıq faciəsinə, məsum insanların ölməsinə müşahidə mövqeyində qalmamalıdır. Bu məsələdə BMT-yə üzv olan bütün ölkələri üzərlərinə daha çox məsuliyyət götürməyə çağırırıq. Mən Almaniya parlamentinin bu qərarından sonra dost və qardaş Azərbaycanın ən ciddi etirazını dəqiq şəkildə ortaya qoyduğu üçün millətim adından bir daha təşəkkürümü bildirmək istəyirəm.

Möhtərəm Prezident, hörmətli mətbuat nümayəndələri.

Türkiyə və Azərbaycan çox mühüm birgə layihələr həyata keçirir. Bu layihələr barədə müzakirə aparmaq, hazırkı vəziyyəti dəyərləndirmək imkanımız oldu. Xüsusilə enerji və nəqliyyat layihələri sadəcə Türkiyənin və Azərbaycanın deyil, regionun, hətta Orta Asiyanın, Uzaq Şərqin, Anadolu torpaqları vasitəsilə Avropanın gələcəyinə yönələn layihələrdir. Xüsusilə TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyi baxımından ən mühüm layihələrdəndir. Bu layihələri də Sizin və hörmətli Prezidentimizin rəhbərliyi ilə həyata keçiririk. 2018-ci ilin əvvəllərində, inşallah, layihə tamamlanacaq, yeni təbii qaz yataqlarının istifadəyə verilməsi ilə istər Türkiyənin, istərsə də Avropa ölkələrinin qaz ehtiyacı ödənəcək.

Mən bu səfərdən istifadə edərək iki qitəni – Asiya ilə Avropanı birləşdirən Yavuz Sultan Səlim körpüsünün avqustun 26-da nəzərdə tutulan açılış mərasimində Sizin də iştirakınızı arzu edirəm. Avqustun 26-sının xüsusi bir tarix olduğunu da bilirəm. İştirakınız bizə şərəf verəcək. Təşəkkür edirəm.

Bu gün keçiriləcək Azərbaycan-Kanada futbol matçında da Azərbaycana uğurlar diləyirəm.

Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Bütün Azərbaycan millətinin, qardaşlarımızın Ramazanını təbrik edirəm. Ramazanın bütün İslam aləminə sülh, qardaşlıq, rifah gətirməsini Allahdan diləyirəm.

Çox təşəkkür edirəm.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34