Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 77-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 77-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin IX hissəsində göstərilən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyəsinə (onların istehsalına, satışına, əldə edilməsinə, ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına) xüsusi icazə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilir.
3. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009-cu il, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010-cu il, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 381 nömrəli Fərmanı) 2 nömrəli əlavənin – “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 12-ci bəndi çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il.