İlham Əliyev bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etmişdir
21 aprel 2011, 22:00
Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mənim tərəfimdən “Azərbaycan gəncliyi Dövlət Proqramı” haqqında Sərəncam imzalanmışdır. Sərəncamda Prezident Aministrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dövlət Proqramı hazırlansın, daha doğrusu, onun layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın layihəsinin hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır və o, fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək. Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır və əlbəttə ki, orada icra mexanizmləri göstərilməlidir. Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, yenə də deyirəm, proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapsın.
Ümumiyyətlə, son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür və bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yerləri, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir və elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.
Ölkəmizin əhalisi də artır, bu, çox müsbət haldır. Keçən il 9 milyonuncu vətəndaş dünyaya gəlibdir. Bu, bizi Cənubi Qafqaz məkanında digər ölkələrdən fərqləndirir və əhalimiz nə qədər artsa, bizim potensialımız da bir o qədər artacaqdır. Ancaq əhalinin artması, əlbəttə ki, işçi qüvvəsinin də artmasına gətirib çıxarır və biz buna hazır olmalıyıq. Hazırda ölkədə aparılan iqtisadi islahatlar və siyasi islahatlar yeni iş yerlərinin açılmasına gətirib çıxarır və biz artan maliyyə imkanlarımızı da bu məqsədlərə yönəldirik. Biz böyük nailiyyətlərə çatmışıq, ancaq işsizliyin aradan qaldırılması üçün daha da fəal olmalıyıq. Ümid edirəm ki, bu proqramda gənclərin işlə təmin olunması məsələləri öz konkret həllini tapacaqdır.
Gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir.
Gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır. Misal üçün, böyük, transmilli şirkətlərin başında duran insanalr bir gün neft şirkətinin prezidenti vəzifəsində işləyirlər, sonra İKT şirkətinə cəlb olunurlar, ondan sonra inşaat şirkətinə rəhbərlik edirlər. Yəni bizdə də hazırlıq səviyyəsi elə olmalıdır ki, menecerlər istənilən sahədə çalışa bilsinlər. Buna böyük ehtiyac var. Hazırda Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin filiallarında xaricilərin sayı kifayət qədər çoxdur. Biz bunu alqışlayırıq, çünki indi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və açıq ölkədir, investisiyalar üçün açıqdır və biz bütün müsbət meyillərə xoş münasibət göstəririk. Ancaq əlbəttə, çox istərdik ki, yeni müəssisələrdə, xüsusilə xidmət sektorunda, turizm sektorunda, İKT sektorunda yerli kadrlar üstünlük təşkil etsinlər.
Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, eyni zamanda, Bakı şəhərində böyük müəssisələrin açılışlarında iştirak edirəm və görürəm ki, bir çox hallarda onlara başçılıq edən insanlar xarici vətəndaşlardır. Mən yenə də deyirəm ki, Azərbaycanın bu sahədəki siyasəti çox açıqdır və biz xarici menecerlərin Azərbaycana cəlb olunmasını alqışlayırıq. Onların buradakı fəaliyyəti və ümumiyyətlə, ölkəmizə xarici investisiyaların cəlb olunması müsbət rol oynayıbdır və oynayır. Ancaq əlbəttə, mən çox istərdim ki, bax bu mühüm vəzifələrdə yerli kadrlar işləsinlər. Xüsusilə nəzərə alsaq ki, yenə də deyirəm, ölkəmizin bugünkü iqtisadi inkişafı və gələcək planlarımız bunu tələb edir. Çünki burada ən müasir, qabaqcıl texnologiyalar tətbiq olunmalıdır.
Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar. Ona görə mən hesab edirəm ki, bu proqramda peşə hazırlığına xüsusi diqqət göstərilməlidir. Texniki peşə təhslinin təkmilləşdirilməsi işində daha da böyük işlər görülməlidir. Çünki hazırda bizə daha çox bu kateqoriya peşəkarlar lazımdır və bütövlükdə təhsillə bağlı məsələləri daha da uğurla həll etməliyik. Bu sahədə də işlər görülür. Həm orta təhsildə, həm ali təhsildə irəliyə doğru addımlar atılır. Ancaq hələ ki, bu məsələlər istədiyimiz səviyyədə deyil və məhz buna görə Dövlət Neft Fondunun xətti ilə gənclərin xaricdə təhsil alması üçün vəsait ayrılır. Əgər bizdə təhsil istədiyimiz səviyyədə olsaydı, yəqin ki, buna ehtiyac olmazdı. Ancaq biz hər iki istiqamətdə çox fəal iş aparmalıyıq. İlk növbədə, Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır və hesab edirəm ki, proqramda bu məsələlər də öz həllini tapmalıdır, baxmayaraq ki, bu, təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi, ilk növbədə, gənclərə bağlıdır və xaricdə gənclərimizin təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin gələcək inkişaf perspektivlərini yaxşı bilirik və iqtisadiyyatımızın inkişaf istiqamətlərini bilirik. Ona görə də kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Yenə də deyirəm, bu proqramda gənclərin bütün problemləri əks olunmalıdır. Fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir və indi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir, onların fəaliyyəti üçün bütün tədbirlər görülür. Biz burada iki məqsəd güdürük. İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ, əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün peşəkar idmançılar da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi doğurur və fəxr edirik ki, idmançılarımız, bizim yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar.
Fiziki sağlamlıqla bağlı məsələlər deyə bilərəm ki, həllini tapmaqdadır. Yəqin ki, əlavə hansısa məsələlər də proqrama daxil edilməlidir. Hərbi hazırlıqla bağlı proqramda mütləq xüsusi yer ayrılmalıdır. Bu bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, diplomatik danışıqlara da müsbət təsir göstərir. Biz artıq bunun şahidiyik.
Mənim proqramla bağlı fikirlərim demək olar ki, bundan ibarətdir. Mən yenə də hesab edirəm ki, istiqamətlər düzgün seçilməlidir. Ən önəmlisi, proqramda konkret tədbirlər planı da əksini tapmalıdır ki, bu, konkret proqram olsun. Bir də demək istəyirəm ki, Azərbaycanda son illər ərzində qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Heç biri şüar naminə qəbul edilməyib. Məhz buna görə bu proqramların icrası da təmin edilir. Regional inkişaf proqramı 2004-cü ildən bu günə qədər icra edilibdir və çox gözəl nəticələr vardır. İndi digər proqramlar, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. O cümlədən bu proqramın konkret olması çox vacibdir. Bu proqramda nəzərdə tutulmuş bütün vəzifələr real olmalıdır ki, bütün məsələlər öz həllini tapsın.
Nəzərə alsaq ki, proqram 2011-2015-ci illəri əhatə edəcək, çox yığcam və konkret bir proqram olmalıdır. O demək deyildir ki, 2015-ci ildən sonra bu məsələ kənarda qalacaqdır. Əlbəttə ki, yox. Ancaq daha da real vəzifələri müəyyən etmək və həll etmək üçün hesab edirəm ki, bu, ən optimal müddətdir. Ümid edirəm ki, siz də öz fikirlərinizi bildirəcəksiniz, həm bu gün, həm proqramın hazırlanması ilə bağlı fəal iştirak edəcəksiniz.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq üzrə ikinci kurs tələbəsi, test imtahanlarında 700 ballıq maksimum nəticə əldə etmiş, Prezident təqaüdçüsü Fəridə MUSAYEVA gənclərlə belə bir görüşün keçirilməsinə və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
- Bugünkü görüş hər bir gənc üçün çox əhəmiyyətlidir. Bizim məktəbin girişində məktəbimizin məzunu olan ümummilli lider Heydər Əliyevin şəkli var idi. Mən hər dəfə məktəbə daxil olanda, o şəklin qarşısında ayaq saxlayıb arzulayırdım ki, nə vaxtsa mənim də Prezidentlə görüşüm olar. Təbii ki, Prezidentlə görüşmək hər bir gəncə nəsib olmur. Mən buna layiq olmaq üçün öz üzərimdə daha çox işləyirdim, daha çox çalışırdım. Bu bir növ mənə stimul verirdi. Bunun üçün Sizə təşəkkür edirəm.
Ölkədə gedən sürətli iqtisadi inkişaf və yeni iş yerlərinin açılması məsələsinə toxunan Azərbaycan Tibb Universitetinin altıncı kurs tələbəsi Hikmət İSMAYILOV Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirərək dedi:
Cənab Prezident, əmək bazarında olan imkanla texniki peşə sahəsində verilən təhsili müqayisə etdikdə, müəyyən uyğunsuzluqlar nəzərə çarpmaqdadır. Peşə məktəblərində verilən təhsil heç də müasir dövrün tələblərinə bir o qədər uyğun gəlmir. Deyə bilərəm ki, Azərbaycanda bir çox texniki peşə məktəbləri artıq köhnəlmişdir. Çünki artıq onlar illərdir yeni avadanlıqlar və cihazlarla təmin edilməyibdir. Bu öz növbəsində təbii ki, gənclərimizin müasir peşələrə uyğunlaşmasına mənfi təsirini göstərməkdədir. Hətta müəyyən xırda peşələr vardır ki, biz həmin işləri icra etmək üçün xaricdən mütəxəssis dəvət etmək məcburiyyətində qalırıq.
Fikrimi xırda bir misalla ifadə edərək əsaslandırmaq istərdim. 2011-ci ili ölkəmizdə “Turizm ili” elan etmisiniz və yeni tikilən beşulduzlu çox görkəmli hotellər, idman və istirahət mərkəzləri, həmçinin təmir olunan və yenidən qurulan tarixi mədəniyyət abidələrimiz, eyni zamanda, müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizə böyük turist axınına səbəb olmuşdur. Düşünürəm ki, texniki peşə təhsilin təkmilləşdirilməsi turistlərə ən gözəl, ən yüksək səviyyədə xidmət göstərməyimizdə bizə müsbət mənada kömək edəcəkdir. Dəyərli vaxtınızı çox almaq istəmirəm. Sizdən rica edirəm ki, bu istiqamətdə müasir təcrübələrin tətbiqinə kömək edəsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun, buna doğrudan da böyük ehtiyac vardır. Mən də çıxışımda bunu qeyd etdim. Xüsusilə turizm sahəsində, bilirsiniz, indi ölkəmizdə bu sahəyə çox böyük diqqət göstərilir. Doğrudan da, biz ölkə iqtisadiyyatının neft, qaz amilindən asılılığını gərək, kəskin şəkildə azaldaq. Əgər fikir vermisinizsə, son zamanlar ümumiyyətlə neft-qaz sektorunda görülən işlər haqqında o qədər də çox söhbət aparılmır. Çünki bu sahədə hər şey yaxşıdır. Ondan başqa mən çox istəyirəm ki, Azərbaycanı dünyada neft hasil edən ölkə kimi deyil, müasir, yüksək intellektual potensiala malik olan ölkə kimi tanısınlar.
Beləliklə, qeyri-neft sektorunun inkişafı üçün konkret addımlar atılır. Turizmin inkişafı burada xüsusi əhəmiyyət daşıyır. Çünki xoşbəxtliyimiz ondadır ki, bizim çox gözəl ölkəmiz vardır. Bəlkə dünya xəritəsində çox nadir hallarda belə gözəl, təbii imkanlara malik ölkəyə rast gəlmək olar.
Bizim doqquz iqlim qurşağımız, gözəl dənizimiz, dağlarımız, çaylarımız, bulaqlarımız vardır. Ona görə turizmin inkişafında, xüsusilə coğrafi vəziyyətimizi və Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş, təhlükəsizlik - bütün bu amillər turistlərin cəlb olunmasında xüsusi rol oynayır.
Hazırda Bakıda beşulduzlu mehmanxanalar tikilir. Özü də bu mehmanxanalar brendlərdir. Orada əlbəttə ki, xidmət səviyyəsi çox yüksək olmalıdır. Mən fikirləşirəm ki, həmin mehmanxanalar bu il və gələn il açılacaqdır. Biz bu qədər kadrı haradan tapıb işə götürəcəyik. Yenə də deyirəm ki, xarici mütəxəssislər, xarici xidmətçilər gələcəklər. Ona görə tapşırıq verilibdir ki, təkcə Bakıda deyil, bölgələrdə də turizm sahəsi üzrə peşə məktəblərinin sayı artırılsın. Çünki mehmanxanaların bir neçəsi bölgələrdə yerləşir. Bizim indi xizək kurortumuz da yaradılır.
Hesab edirəm ki, bu da ölkəmiz üçün tarixi bir hadisədir. Hesab edirəm ki, bu ilin sonuna qədər artıq vətəndaşlarımız bu gözəl imkandan istifadə edəcəklər. O ki qaldı bütövlükdə peşə məktəblərinin fəaliyyətinə, əvvəlki illərdə bu sahəyə lazımi diqqət göstərilməmişdir. Çünki yəqin ki, qarşıda bundan da ciddi problemlər dayanmışdı. Qəzalı məktəblərin təmiri, məktəblərin tikintisi - vəsait daha çox bu istiqamətə gedirdi. Bunun nəticəsində 2000-dən artıq yeni məktəb tikilmişdir. Məktəblərdə kompyuterləşmə prosesi sürətlə gedir.
Mən hesab edirəm ki, biz bir neçə il ərzində inqilabi dəyişiklik edə bilmişik. Çünki biz bu proqrama başlayanda hər 1000 şagirdə 1 kompyuter düşürdüsə, indi hər 20-30 şagirdə 1 kompyuter düşür. Yəni, əvvəlki dövrdə mən bölgələrdə olarkən maraqlanırdım ki, kompyuter sinfi, kompyuterlər var, yoxsa yox?! Bəzi hallarda kompyuterləri mənə göstərmək üçün quraşdırırdılar. Amma yaxınlaşanda görürdüm ki, onlar işləmir. Ancaq hazırda hər bir məktəbdə, hər bir rayonda, yəni yeni tikilmiş məktəblərdə kompyuter sinifləri vardır. Ona görə, indiki mərhələdə peşə məktəblərinin fəaliyyətinə xüsusi diqqət göstərilməlidir. Təhsil Nazirliyinə konkret tapşırıqlar verilmişdir. Hesab edirəm ki, gənclərlə bağlı proqramda da bu məsələ öz əksini tapmalıdır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi Alyona BANDURİNA akademiyanın müəllim və tələbələri adından bu təhsil ocağında aparılmış təmir və yenidənqurma işlərinə görə dövlət başçısına minnətdarlıq edərək bildirdi:
- Buraxılış kursunda olan bir tələbə kimi, məni həllini tapmayan bir məsələ narahat edir. Bu, gənc rəssamların ölkə mədəniyyətinin inkişafına xüsusi xidmət göstərmələri üçün emalatxanaların çatmamasıdır. Bu, Dövlət Proqramının olmamasının nəticəsidir. Bir məsələ də vardır ki, mən təklif irəli sürmək istərdim. Bu, mədəniyyət, elm, intellektual oyunlarda və digər sahələrdə fəaliyyət göstərən istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin illik təqaüdünün təsis edilməsidir. Bu təqaüdün təsis edilməsi hər il bütün sahələrdə yüksək nailiyyətləri ilə fərqlənən gənclərin seçilməsinə və həmçinin gənclərin daha yüksək nailiyyətlər əldə etməsi üçün əsas məqsədə çevriləcəkdir. Cənab Prezident, Azərbaycanda və ya onun hüdudlarından kənarda “Azərbaycançılıq” sözünü söylədikdə müəyyən fərqli təəssüratlar yaranır. Biz bilmək istəyərdik ki, bu söz Sizin üçün Azərbaycançılıq məfhumu kimi hansı təəssürat yaradır?
Prezident İlham ƏLİYEV: Sağ olun. İlk növbədə Azərbaycan dilində belə gözəl danışdığınıza görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Çünki bilirsiniz ki, ölkəmizdə bu barədə heç bir məhdudiyyət yoxdur. Rus dilində də danışa bilərsiniz, biz də rusca danışa bilərik. Hesab edirəm ki, Azərbaycan bu məsələlərlə bağlı da dünyada fərqlənir. Amma sizin Azərbaycan dilində belə yaxşı danışmağınız əlbəttə ki, çox müsbət haldır. Sizin qaldırdığınız məsələlərlə - emalatxanalarla bağlı müvafiq tapşırıqlar verilmişdir. Xüsusi bir yer seçilsin, orada ümumiyyətlə rəssamlar, heykəltəraşlar üçün şərait yaradılsın ki, onlar burada işləyə bilsinlər. Bu məsələ ilə bağlı mən lazımi tapşırıqları verəcəyəm. Rəssamlıq Akademiyası binasının tikintisi davam edir. Bu binanı biz daha da böyüdəcəyik, gözəl memarlıq abidəsidir, eyni zamanda, orada bütün şərait də yaradılacaqdır. Təqaüdlərə gəldikdə, mən bu təşəbbüsü alqışlayıram. Hesab edirəm ki, proqramda bu məsələ öz həllini tapmalıdır. Xüsusilə istedadlı gənclər üçün təqaüdlər verilməlidir. Biz hazırda daha çox ölkə həyatında uzun illərdir ki, fəal rol oynamış, böyük töhfələr vermiş yaşlı nəslə bu təqaüdləri veririk. Hesab edirəm ki, gənclərə də bu təqaüdlərin verilməsi ədalətli olar. O ki qaldı Azərbaycançılıq ideologiyasına, Azərbaycançılıq məfkurəsinə bu barədə ulu öndər Heydər Əliyev dəfələrlə öz fikirlərini bildirmişdir. Məhz onun təşəbbüsü ilə Azərbaycançılıq məfkurəsi Azərbaycanda güclənmişdir.
Bildiyiniz kimi, ondan əvvəlki dövrdə müxtəlif fikirlər, müxtəlif yanaşmalar var idi. Ancaq bu, ölkəmizi gələcəyə aparan yoldur. Çünki bu, ölkəmizi birləşdirən, ölkəmizdə yaşayan bütün xalqların, bütün millətlərin nümayəndələrini birləşdirən məfkurədir və məhz Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyası Azərbaycanda oturuşdu və bu gün bizim dövlət və milli ideologiyamızdır.
Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və bu, sadəcə olaraq, xoş sözlər deyil, reallıqdır. Bu, bizim keçmişimizi də əks etdirir və ən önəmlisi, müstəqil ölkə kimi Azərbaycanın inkişaf dövründə bu prinsiplərə həmişə çox böyük diqqət yetirilmişdir. Təsadüfi deyil ki, dünya birliyi, dünya ictimaiyyəti artıq bunu anlamağa başlayır və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləyir.
Biz müstəqil ölkə kimi cəmi 20 ildir yaşayırıq. 20 il həm qısa bir tarixi dövrdür, eyni zamanda, 20 il ərzində çox iş görmək olar. Mən hesab edirəm ki, 20 il ərzində Azərbaycanın dövlətçiliyi tam bərqərar olmuşdur. Biz müstəqil ölkə kimi öz taleyimizi özümüz müəyyən edirik və bütün məsələlərlə bağlı, bütün istiqamətlər üzrə bizim dövlətimizin çox dəqiq mövqeyi vardır.
İlk növbədə, ölkə daxilində gedən proseslərlə bağlı və ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz güclü dövlət qururuq. Müasir dövlət, eyni zamanda, güclü milli dəyərlərə söykənən dövlət qururuq. Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə də hörmətlə yanaşırıq. Ancaq bizim öz dəyərlərimiz var. Bu, bizim ənənələrimizdir, tariximizdir, bizim mədəniyyətimizdir, dilimizdir. Biz haqlı olaraq, fəxr edirik ki, biz müstəqil ölkə kimi öz taleyimizi özümüz müəyyən edirik. Azərbaycanda tarixi keçmişə, mədəniyyətimizə, milli köklərimizə qayğıkeş münasibətə söykənən müasir dövlət quruculuğu prosesi gedir və elə etməliyik, dövlətçiliyimizin əsasları sarsılmaz olsun. Çünki Azərbaycanın həm coğrafi vəziyyəti, həm geosiyasi əhəmiyyəti, həm də zəngin təbii resurslarımız və bölgədə artan təsir imkanlarımız, əlbəttə ki, bütün diqqətləri Azərbaycana yönəldir. Ölkəmizi, əgər belə demək mümkünsə, öz tərəfinə çəkmək cəhdləri hələ ki, səngimir. Baxmayaraq ki, biz bu cəhdlərə qarşı ardıcıl mübarizə aparır və sübut etməyə çalışırıq və hesab edirəm, müvəffəq olmuşuq ki, Azərbaycanın öz siyasəti var, öz məqsədləri var.
Biz bütün ölkələrlə xoş münasibətlər qurmaq əzmindəyik və qururuq. Biz əsrlər boyu müstəmləkə, yaxud da ki, yarımmüstəmləkə vəziyyətində yaşamışıq. Baxmayaraq ki, zəngin tarixə, böyük mədəniyyətə malikik, lakin müstəqil xalq kimi yaşamamışıq. İndi isə bizim üçün fürsət və bütün imkanlar var ki, - güclü iqtisadiyyat, formalaşan siyasi sistem, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı prinsipial məsələlərdə fikir ayrılığının olmaması, maliyyə resurslarımız, təbii resurslarımız, coğrafi vəziyyətimiz, - Azərbaycan sözün əsl mənasında uğurla inkişaf etsin.
Biz tam şəkildə müstəqil siyasət aparırıq və yenə də deyirəm, bizim siyasətimiz xoşniyyətlidir. Biz istəyirik ki, qarşılıqlı hörmət əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə bütün ölkələrlə münasibətlərimizi gücləndirək. Buna nail olmaq üçün, əlbəttə ki, təkcə enerji, yaxud da maliyyə resursları kifayət etmir. Buna nail olmaq üçün cəmiyyətdə dövlətçiliyə bağlılıq daha da güclü olmalıdır. Gənc dövlət üçün dövlət atributlarına hörmət, bizim dövlətçilik prinsiplərimizə sədaqət, gənclərin vətənpərvərlik ruhunda tərbiyə alması xüsusi məna daşıyır.
Biz hələ ki, gənc müstəqil dövlətik, baxmayaraq, mən hesab edirəm ki, biz artıq keçid dövrünü başa vurmuşuq. İqtisadi göstəricilər və reallıq da bunu göstərir. Ona görə gələcək uğurlu həyatımızı təmin etmək üçün mütləq dövlət ideologiyası güclü olmalıdır və bu ideologiya azərbaycançılıq ideologiyasıdır. Mən çox şadam ki, siz bu sualı verdiniz. Hesab edirəm ki, bunlar vacib məsələlərdir və biz bu məsələləri daim diqqət mərkəzində saxlamalıyıq, proqramda bu məsələlər də nəzərdə tutulmalıdır.
Xəzər Mühəndisləri Cəmiyyətinin sədri, Britaniya Materiallar İnstitutunun üzvü, kimya elmləri namizədi Rüfət ƏZİZOV ölkəmizdə elmi-texnoloji inkişafla və peşəkar kadrların hazırlanması ilə bağlı təkliflərini söylədi:
- Hazırda neft sənayesindəki inkişaf və digər sənaye sektorlarının inkişaf etdirilməsi və ən əsası, gələcəkdə Azərbaycanın neft ixrac edən ölkədən bilik və texnologiyalar ixrac edən ölkəyə və yaxud da bilik və texnologiyalar mərkəzinə çevrilməsi üçün bizə, həqiqətən də, müasir biliklərə, təcrübələrə yiyələnmiş kadrlara, texniki sahələrdə kadrlara böyük ehtiyac vardır. Əgər biz Qərbin təcrübəsinə baxsaq, orada sənaye, təhsil və elm üçbucağı yaradılmışdır, onlar inteqrə olunmuş şəkildə birgə inkişaf edir və bir-birinin tələblərini ödəyir. Bizdə də ilk olaraq bu yola çıxmaq lazımdır. Bunun üçün də ən münasib yol, - bu, Qərbdə də geniş yayılmışdır, - elmi-texniki sahələrdə peşəkar təşkilatların təsis olunması və artıq fəaliyyət göstərən təşkilatların dəstəklənməsidir.
Qloballaşan dünyada təhsil, sənaye texnologiyaları çox sürətlə inkişaf edir və bu sürətə çatmaq üçün, müasir dünya elminə inteqrasiya olunmaq üçün, əlbəttə ki, Azərbaycanın ilk növbədə daim, davamlı olaraq yeniləşən, yeni texnologiyalarla, yeni bilgilərlə, təcrübələrlə zənginləşən təhsil sisteminə ehtiyacı vardır.
Təhsil sistemində yeniliklər dedikdə, kurikulumlardan başlayaraq, laboratoriya avadanlıqları ilə təchizat, prosedurlar, dərs metodikaları, müəllim-tələbə münasibətlərinin yenilənməsi kimi məsələlərə kompleks şəkildə baxılmalıdır.
Hesab edirəm ki, xaricdə təhsil alıb gəlmiş gənclərimizin birbaşa bu işlərə cəlb olunması, onların xaricdə gördükləri təcrübəni təhsilə və böyük sənaye müəssisələrimizə gətirməsi bu sahədə böyük imkanlar yarada bilər.
Digər tərəfdən, gələcəkdə Azərbaycanın texnologiyalar ixrac edən ölkəyə çevrilməsi üçün biz qloballaşan elmi dünya ilə ayaqlaşmalıyıq. Gələcəkdə özümüz texnologiyalar ixrac etmək istəyiriksə, nəinki həmin o qlobal elmə çatmalı, hətta onu ötüb keçməliyik. Bunun üçün də bizə yenə də müasir kadrlar lazımdır. Bütün bu prosesləri uzunmüddətli etmək üçün isə Azərbaycanda məktəb yaşlarından başlayaraq, elmi-texniki sahələrdə yaradıcı gənclərin ortaya çıxarılması əsas məqsədlərimizdən biri olmalıdır.
Son illərdə idman və mədəniyyət sahələrində çox geniş inkişaf vardır. Bu sahələrdə olan gənclər müxtəlif layihələr vasitəsilə ortaya çıxırlar. Lakin təəssüf ki, elmi-texniki sahələrdə hələ ki, az iş görülübdür. İdman yarışında qalib gəlmiş gənc ilə elm olimpiadasında, elm yarışında qalib gəlmiş gənc arasında, yəni fərq olmamalıdır, hər ikisinə yüksək səviyyədə qiymət verilməlidir.
Bütün bu məsələlərdən irəli gələrək, iki təklif vermək istərdim: peşəkar mühəndislik və elmi-texniki təşkilatların inkişafına dövlət dəstəyi; həmin sahələrin inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin illik mükafatlarının təsis olunması. Hesab edirəm, bunlar bir qədər yüksək səviyyəli mükafatlar olmalıdır ki, gəncləri elmi-texniki axtarışlara istiqamətləndirsin.
Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən hesab edirəm ki, sizin fikirləriniz bu proqramda öz əksini tapmalıdır. Sirr deyil ki, hər bir ölkənin inkişafını müəyyən edən enerji resursları deyil, intellektual potensialdır. Bizim məqsədimiz gələcəkdə, sözün əsl mənasında, inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Hesab edirəm ki, son illərdə Azərbaycanda sənayenin inkişafına, elmin inkişafına göstərilən dəstək, yaxın gələcəkdə öz gözəl nəticələrini verəcəkdir. Ölkəmizdə hazırda sənaye mərkəzləri formalaşmaqdadır.
Bu barədə mən bir müddət bundan əvvəl öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, əsas üç mərkəz yaradılmalıdır. Biri Sumqayıt. Biz Sumqayıtı müasir sənaye mərkəzinə çevirməliyik. Gəncə şəhəri və Bakının Qaradağ rayonu. Çünki orada həm ərazi, həm də infrastruktur baxımından kifayət qədər yaxşı imkanlar vardır. Bu sənaye mərkəzləri, eyni zamanda, elmin inkişafı ilə də bağlı olmalıdır. Elmimiz daha da sürətlə inkişaf etməlidir və ölkə qarşısında duran vəzifələrin həllinə kömək göstərməlidir. Misal üçün, Sumqayıtda böyük texnopark yaradılır. Artıq 10-a yaxın müasir müəssisə yaradılmışdır. Mən göstəriş vermişəm ki, o texnoparkın nəzdində texniki peşə məktəbləri də fəaliyyətə başlasın ki, kadr hazırlığı prosesi istehsalla uzlaşsın.
Yaradıcı gənclərin dəstəklənməsi məsələləri də xüsusi diqqətə layiqdir. Mükafatlarla bağlı məsələni də biz proqramda nəzərdə tuta bilərik. Hesab edirəm ki, cəmiyyətdə də elm sahəsində, idman sahəsində uğurlar qazanmış gənclərə eyni münasibət olmalıdır. Ancaq dünyada gedən proseslər də müəyyən qədər bu fərqli yanaşmanı şərtləndirir. Çünki hər hansı bir dünya çempionatında medal qazanmış insan dərhal dünyada məşhur olur. Bəzi idman növlərində uğur qazanmış insanlar dərhal zənginləşir, varlanır, amma istedadlı alim öz kitablarının hesabına dolanmağa məcburdur. Yəni bu, dünya reallıqlarıdır. Ancaq biz çalışmalıyıq ki, müəyyən dərəcədə bu ayrı-seçkiliyi aradan qaldıraq. Hesab edirəm ki, ölkə daxilində bu məsələlərin ədalətli həlli üçün imkanlar vardır. Mükafatlar hesabına, ola bilsin ki, gənclər fondu yaradılsın - daha doğrusu hesab edirəm ki, yaradılmalıdır, – dövlət büdcəsindən ora vəsait ayrılsın və gənclər özləri müəyyən etsinlər, bu vəsait hansı istiqamətlər üzrə xərclənməlidir. Bu, həm mükafatlandırmaya da yönəldilməlidir. Eyni zamanda, gənclərin elmi araşdırmalar aparmaları, texniki məsələləri həll etmələri üçün vəsait olmalıdır. Yəni, mən hesab edirəm ki, biz bu məsələ ilə ciddi məşğul olacağıq. Demək istəyirəm ki, ölkəmizin uğurlu inkişafı diqtə edir ki, biz elmi-texniki tərəqqiyə daha da böyük diqqət göstərək. Bu istiqamətdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki bu sahə həm intellektual potensialın güclənməsinə xidmət göstərəcək, eyni zamanda, kommersiya cəhətdən çox əlverişlidir. Gələcəkdə İKT sektoru Azərbaycan iqtisadiyyatında daha da təsirli rol oynayacaqdır. Bildiyiniz kimi, biz kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlamışıq. Süni peykin orbitə çıxarılması ilə məşğuluq. Biz gələcəyə baxırıq. Gələcək də elmi ixtiraların uğurundan asılı olacaqdır.
Hazırda Azərbaycan kimi resurslarla zəngin olan ölkələr xaricdən texnologiyaları alırlar. Bu, ən asan yoldur. Halbuki burada da siyasət düzgün aparılmalıdır, bizə lazım olan texnologiyalar alınmalıdır. Ancaq uzun illər bundan sonra belə davam edə bilməz. Biz texnoloji inkişafın bir parçası olmalıyıq. Ona görə hazırda Azərbaycanda İKT sektorunda, hərbi sənaye sektorunda birgə müəssisələrin yaradılması məsələləri öz həllini tapır. Bəlkə də bu müəssisələrin yaradılması daha da çox vaxt və daha da çox vəsait tələb edir. Xaricdən texnologiyanı, yaxud da avadanlığı almaq bəlkə də daha da asandır və bəzi hallarda daha da ucuzdur.
Ancaq biz Azərbaycanda bu texnoloji proseslərin qurulması ilə ona görə məşğuluq ki, həm peşəkar kadrlar yetişsin, həm də hər bir elmi-texniki istiqamətdə atılmış addım, ondan sonra o sahədə inkişafı şərtləndirir. Necə ki, vaxtilə neft sektoruna, neft quyularına qoyulan investisiyalar xidmət sektoruna sərmayə yatırılmasına gətirib çıxarmasına xidmət edibdir. Bu məsələlər öz həllini tapmalıdır. Hesab edirəm ki, siz qaldırdığınız məsələlərlə bağlı müraciət etməlisiniz və biz bunu proqramda nəzərə alaq.
“Nə? Harada? Nə vaxt?” televiziya verilişinin Azərbaycanda rəsmi təmsilçisi və aparıcısı Balakişi QASIMOV çıxışında ölkəmizin hər bir rayonunda Olimpiya komplekslərinin, ayrı-ayrı idman mərkəzlərinin açılmasının idmana dövlət qayğısının nümunəsi kimi qiymətləndirdi. Şəhər və kəndlərimizdə intellektual klubların təşkil olunmasının zəruriliyini vurğulayaraq dedi:
- Həmin klublarda gənclər intellektual oyunlar üzrə yarışlar keçirə bilər. Bu klublar kitab klubları kimi də fəaliyyət göstərə, hansısa əsərləri müzakirə edə, yəni bir-birilərinə kitablarla paylaşa və öz asudə vaxtlarını səmərəli keçirə bilərlər. Kəndlərarası, rayonlararası, şəhərlərarası yarışlar keçirmək olar. Ümumrespublika finalını isə hansısa bir televiziya kanalında göstərmək olar. Bu da gənclərdə biliyə, elmə, kitaba maraq yarada bilər. Yəni, belə bir təklif vardır. Bundan başqa, istəyərdim, belə bir təklif irəli sürüm ki, bu gün Azərbaycan Televiziyası, sağ olsunlar, intellektual verilişləri və gənclərdə milli dəyərləri kifayət qədər təbliğ edirlər, elmlə bağlı verilişlərə vaxt ayırırlar. Dövlət tərəfindən kommersiya televiziyalarına belə bir məsləhət olsa idi ki, onlar da intellektual verilişlərə müəyyən vaxt ayırsınlar, milli dəyərləri, kitabı təbliğ etsinlər, bu gün gənclərə lazım olan dəyərlər haqqında söhbət açsınlar.
Bir də icazə versəniz, cənab Prezident, belə bir sualım vardır. Yəqin ki, tək məni maraqlandırmır. Biz bilirik ki, Sizin iş qrafikiniz çox sıxdır. Yəni bu, təbii ki, belədir. Ancaq belə bir sual var ki, boş vaxtınız olanda hansı kanalları izləyirsiniz, hansı qəzetləri, jurnalları oxuyursunuz?
Prezident İlham ƏLİYEV: Sağ ol Balakişi, sualına görə. Çalışım cavab verim. Birincisi, mən intellektual klubların yaradılması ideyasını dəstəkləyirəm. Hesab edirəm ki, biz bu təşəbbüsü reallaşdırmalıyıq. Hazırda bizim bəzi bölgələrdə Gənclər evləri fəaliyyət göstərir. Bu yaxınlarda mən Astara rayonunda olmuşam. Orada da yeni Gənclər evi yaradılmışdır. Orada həm kompyuterlər, kitabxanalar, müxtəlif dərnəklər fəaliyyət göstərir. O klubların, bazasında belə intellektual tədbirlərin keçirilməsi yaxşı olar. Ölkə üzrə çempionatlar da keçirilsin. Sizin yaxşı təcrübəniz var və mən bu məsələni ürəkdən bəyənirəm. Hesab edirəm ki, özəl kanallarda da bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. Mən də hesab edirəm ki, özəl kanallarda ölkəmizin, gənclərin intellektual imkanlarını təqdim edən, yəni, milli dəyərlərə söykənən verilişlər nə qədər çox olsa, daha yaxşı olar. Bəzi hallarda daha çox əyləncəli verilişlərə üstünlük verilir. Bu da yəqin ki, bir növ zəmanənin tələbidir, çünki daha çox reklam verilir, daha çox auditoriyanı cəlb edir.
Ancaq əlbəttə televiziya yəqin ki, daha çox həm təhsil, həm intellektual hazırlıq, həm milli dəyərlərə bağlılığımızı da təbliğ etməlidir. O ki qaldı, mənim asudə vaxtıma, doğrudan da çox azdır. Mən demək olar ki, gecə-gündüz işlə məşğulam. Sərbəst vaxt olanda çalışıram daha çox idmanla məşğul olum. Çünki keçmişdə də həmişə idmanla məşğul olurdum, bu gün də çalışıram ki, vaxtımı bu məqsədlər üçün sərf edim. Televiziya kanallarına gəldikdə, əgər hansınınsa adını çəksəm yaxşı olmaz. Mən daha çox pultla işləyirəm. Ona görə bəzi hallarda verilişlər elədir ki, pult həmişə əlinin altında olmalıdır. Mən axtarışdayam, belə desəm daha düzgün olar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Günay DAŞDƏMİROVA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq dedi:
- Bilirsiniz ki, bu gün Azərbaycan Respublikasının, ümumiyyətlə Azərbaycan xalqının ən böyük problemi Dağlıq Qarabağ problemidir. Hesab edirəm ki, təkcə Azərbaycan Respublikasının Prezidenti yox, Azərbaycan Respublikasının hər bir vətəndaşı, hər bir fərdi bu problemlə məşğul olmalıdır, bu problemin həlli üçün öz töhfəsini verməlidir.
Cənab Prezident, Siz Azərbaycan gənclərindən - biz gənclərdən bu problemin həlli ilə bağlı nələr gözləyirsiniz? Biz Qarabağ üçün nələr etməliyik?
Prezident İlham ƏLİYEV: Bilirsiniz, doğrudan da bu, bizim ən ağrılı problemimizdir. Əfsuslar olsun ki, Azərbaycanın müstəqil həyatı bu problemlə üzləşib. Hətta müstəqillikdən əvvəl erməni separatçıları bu məsələni qaldırmışlar və azərbaycanlılara qarşı cinayətlər törətmişlər. Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr və ölkədə hökm sürən anarxiya, xaos və vəzifə uğrunda, iqtidar uğrunda mübarizə, vətəndaş müharibəsi bu vəziyyətə gətirib çıxardı. Biz çalışırıq ki, məsələ öz həllini tapsın. Azərbaycanın mövqeyini siz bilirsiniz, bu, prinsipial mövqedir. Bu mövqe həm ədalətə, həm tarixə, eyni zamanda, beynəlxalq hüquq normalarına əsaslanır. Ancaq əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ayrı-seçkilik, fərqli yanaşmalar imkan vermir ki, bu məsələ öz həllini tapsın.
Mən bu yaxınlarda Liviya ilə bağlı hadisələrlə əlaqədar öz fikrimi bildirmişəm. Demişəm ki, necə ola bilər ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul olunandan bir neçə saat sonra dərhal hərbi əməliyyat başlayır. Ancaq bizim işğal edilmiş torpaqlarla bağlı on səkkiz il bundan əvvəl dörd qətnamə qəbul edilib və hələ də məsələ danışıqlar mövzusudur.
Ermənistan tərəfi hesab edir ki, mahiyyət ondan ibarətdir ki, Dağlıq Qarabağa müstəqillik verilsin. Bu, heç vaxt olmayacaqdır. Amma reallıq ondan ibarətdir ki, məsələnin həlli üçün işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılması baş verərsə, o zaman Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi bağlana bilər. Dağlıq Qarabağda hazırda yaşayan insanlar və oraya qayıdacaq Azərbaycan vətəndaşları muxtariyyət şəraitində yaşayacaqlar. Yəni, bu, dünya praktikasında tanınmış bir yanaşmadır və məhz belə də həll olunmalıdır. Əgər biz dünya birliyi üçün hələ ki öz əhəmiyyətini itirməmiş Helsinki Yekun Aktına baxsaq, görərik ki, orada xalqların öz müqəddəratını təyin etmək məsələləri ölkələrin ərazi bütövlüyü məsələləri ilə ziddiyyət təşkil etmir. Onu inkar etmir və ərazi bütövlüyü çərçivəsində bu məsələlər öz həllini tapmalıdır. Yenə də deyirəm, necə ki bəzi ölkələrdə, o cümlədən Avropada muxtariyyətlər vardır və o muxtariyyətlər mərkəzi icra orqanları tərəfindən, necə deyərlər, daha da böyük diqqət görürlər. Yəni məsələnin həlli məhz bundan ibarətdir. Azərbaycan dövləti heç vaxt - nə bu gün, nə on ildən, nə də yüz ildən sonra razı olmayacaq ki, Dağlıq Qarabağa müstəqillik verilsin. Bu, ümumiyyətlə danışıqlar mövzusu deyildir. Ermənistan tərəfi isə çalışır ki, müxtəlif yollarla vaxtı uzatsın. Məsələn, danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunur, ondan sonra yenə də geriyə addım atılır. Sadəcə olaraq, vaxt uzadırlar, hesab edirlər ki, dünyadakı erməni lobbisi və bəzi dövlətlərdəki ermənipərəst qüvvələr mövcud status-kvonun saxlanmasında onlara kömək göstərəcəklər.
Mən hesab edirəm ki, son dövrün mühüm əlamətlərindən biri də odur ki, artıq həmsədr ölkələr status-kvonun saxlanmasının qəbuledilməz olduğu haqqında bəyanatlar verirlər. Yəni bu, çox vacib məsələdir və dəfələrlə Azərbaycan tərəfi çox təkidlə, israrla tələb etmişdir ki, status-kvo dəyişdirilməlidir. Bu o deməkdir ki, bizim torpaqlarımızdan erməni işğalçı qüvvələrin çıxarılması prosesi başlanmalıdır. Hazırda danışıqlar masasında mövcud olan təkliflər bütövlükdə qəbul edilə bilər. Bu təkliflər Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan insanlar üçün özünüidarə imkanları da yaradır. Hesab edirəm ki, bu düstur gərək əsas götürülsün. Bunun əsasında məsələ öz həllini tapsın.
O ki qaldı məsələ ilə bağlı gənclərin fəaliyyətinə, hesab edirəm, gənclər və cəmiyyətimizin bütün üzvləri hərə öz yerində ölkəmizin güclənməsinə xidmət etməlidir. Kimin imkanı var, təbliğat işini daha da fəal qurmalıdır. Bizə qarşı dünya erməniliyi müharibə aparır. Bu, reallıqdır. Bəlkə biz nadir ölkələrdənik ki, bizə qarşı mütəşəkkil qrup, - özü də bir ölkədə deyil, müxtəlif ölkələrdə, - gündəlik fəaliyyət göstərir. Azərbaycanı qaralamaq üçün, Azərbaycanı gözdən salmaq üçün, Azərbaycanı ləkələmək üçün. Bu addımlarla onlar bir neçə məqsəd güdürlər. Çünki hazırda dünya erməniliyi üçün bir nömrəli düşmən Azərbaycandır. Bu, reallıqdır.
Bilirsiniz ki, onlar maliyyə imkanlarına malikdirlər. Müxtəlif ölkələrdə ermənipərəst siyasətçilər də vardır və bu imkanlardan, mətbuatdan istifadə edirlər. Digər məqsəd daha da praqmatik xarakter daşıyır, baxmayaraq ki, o da düşmənçilik üzərində qurulubdur. O da dünya birliyinə sübut etməkdir ki, Azərbaycan qeyri-demokratik ölkədir, burada milli azlıqlar əzilir, onların hüquqları pozulur və Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməyəcəklər. Əgər bu, nə vaxtsa baş verərsə, burada erməni qalmayacaq, azərbaycanlılar hamısını məhv edəcəklər.
Bu tezis kökündən yanlışdır. Çünki bizim keçmiş tariximiz və indiki vəziyyətimiz onu göstərir ki, Azərbaycan bütün xalqların nümayəndələri üçün doğma vətəndir. Burada heç vaxt nə milli, nə də dini zəmində ayrı-seçkilik olmamışdır və olmayacaqdır. Mən buna tam əminəm. Artıq bizim siyasətimiz o qədər güclüdür ki, heç kim bu siyasətdən kənara çıxa bilməz. Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, xüsusilə mədəniyyətlərarası dialoqla bağlı tədbirlər bu mövqeyi daha da gücləndirir. Ona görə biz gənclərdən daha da fəal olmağı gözləyirik. Xüsusilə internet vasitəsilə. İndi Azərbaycanda internet istifadəçilərinin sayı təxminən 50 faizə yaxındır. Bizim gənclərimiz çox fəal, çox müasirdirlər. İmkanı olan hər bir gənc bizim təbliğat işimizə öz dəstəyini verməlidir. Çünki bizim təbliğatımız reallıq əsasında qurulur, ermənilər kimi miflər əsasında, yaxud da ki, yalan məlumat üzərində yox. Haqq, ədalət bizim tərəfimizdədir.
Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır. Mən şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunun iki yolu vardır - ya hərb yolu, ya sülh yolu. Hələ ki, biz sülh yoluna üstünlük veririk. Çünki ümidlərimiz vardır ki, bu yolla məsələ öz həllini tapar. Əgər hazırda danışıqlar masasında olan təkliflər ermənilər tərəfindən qəbul olunarsa, o zaman məsələ tədricən, mərhələli yolla öz həllini tapmağa başlayacaqdır. Bizim mövqeyimiz həmişə ondan ibarət olmuşdur ki, bu məsələ ancaq mərhələli yolla öz həllini tapmalıdır. Belə olan halda, Azərbaycan vətəndaşları hazırda işğal altında olan torpaqlara qayıdandan sonra və biz orada bütün şəhərləri bərpa etdikdən sonra, hesab edirəm ki, məsələ ədalətli həllini tapacaqdır.
Ancaq bir də demək istəyirəm ki, bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır, qətidir. Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu olmayıbdır. Bu məsələ ilə bağlı heç vaxt güzəşt olmayacaqdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşıdır. Çünki vaxt bizə işləyir. Bu, reallıqdır. Baxmayaraq ki, bizim vətəndaşlarımız əziyyət çəkirlər, ancaq həm iqtisadi, həm siyasi cəhətdən, həm də geosiyasi maraqlar baxımından bu gün Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Bizim aramızda olan bu böyük məsafə, bu uçurum getdikcə daha da böyüyür və Azərbaycan kimi dinamik, müasir, inkişafda olan və böyük hərbi gücə malik ölkə Ermənistan üçün daim təhlükə mənbəyidir. Bu təhlükəni aradan qaldırmaq üçün onlar, sadəcə olaraq, işğal edilmiş torpaqlardan çıxmalı və beynəlxalq hüquq normalarına əməl etməlidirlər.
İngiltərənin Mançester Universitetində insan resurslarının təhsil vasitəsilə inkişaf etdirilməsi ixtisası üzrə magistr elmi dərəcəsi almış Şahin SEYİDZADƏ məşğulluq məsələlərindən danışdı:
- Azərbaycanda hər il 100 mindən artıq orta məktəb məzunu var və onlardan 20 mindən bir az çoxu ali məktəblərə qəbul olur. 80 min gənc isə kənarda qalır. Bunu nəzərə alaraq, məşğulluq problemini iş yerlərinin açılmasından savayı, başqa bir yolla həll etmək lazımdır. Yəqin ki, gənclər də buna yanaşmanı dəyişməli, yəni, başa düşməlidirlər ki, onlar da sahibkar ola bilərlər. Onlar da iş yeri aça bilərlər və bu bacarıq onlara lazımdır.
Bununla bağlı təklifim var ki, ilk növbədə, regionlarda gənc sahibkarlara xüsusi diqqət göstərilsin, onlar başqa yerdə iş axtarmasınlar, özləri də iş yerləri yaratsınlar və bunun əsasında gənc menecer nəsilləri yetişsin.
Xaricdə belə bir praktika var ki, universitetlərin nəzdindəki inkubatorlar tələbələrə - gənc sahibkarlara mini-qrantlar verirlər ki, onlar hər hansı bir ideyanı, təklifi reallaşdıra, hansısa bir məhsulu ortaya çıxara bilsinlər. Bu inkubator modelləri çox aktualdır və Azərbaycanda bununla bağlı təklifim var.
Toxunmaq istədiyim ikinci məsələ çox yaralı yerimizdir. Azərbaycanda boşanmaların sayı ildən-ilə artır. 2011-ci ilin birinci rübündə 15 mindən artıq nikah bağlanıb, 2016 boşanma olubdur. Sonuncu böyük rəqəmdir. Bununla bağlı kifayət qədər işlərin görülməsinə ehtiyac vardır.
Prezident İlham ƏLİYEV: Sağ olun. Siz konkret təkliflərinizi verin, biz baxaq ki, bu məsələ ilə bağlı hansı addımlar atıla bilər. Əlbəttə, boşanmanın artımı bizi də narahat edir. Ancaq burada düzgün addımlar atılmalıdır. Əlbəttə, biz inzibati yollarla heç nə əldə edə bilmərik. Konkret mexanizmlər olsun, biz bu məsələni dərindən araşdırmalıyıq. Konkret təkliflər olarsa, müəyyən mənada bu məsələni də proqramda nəzərə ala bilərik.
Hesab edirəm ki, biznes inkubatorlarının yaradılması çox vacibdir. Biz buna diqqət göstərəcəyik və proqramda öz əksini tapmalıdır. Gənc sahibkarlara kreditlərin verilməsi məsələsinə də baxmaq olar. Bilirsiniz ki, ümumiyyətlə, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən kreditlər mühüm rol oynayır. Hər il güzəştli şərtlərlə təxminən 120-125 milyon manat həcmində kreditlər verilir. Bu məbləğin müəyyən hissəsi sırf gənc sahibkarlar üçün də nəzərdə tutula bilər. Düzdür, burada təcrübə məsələsi ortaya çıxa bilər. Çünki hər bir kredit biznes plan əsasında verilir, onu hazırlamaq üçün, əlbəttə ki, müəyyən təcrübə olmalıdır. Kreditləri alanlar müəyyən illər ərzində daha çox sahibkarlıqla məşğuldurlar. Ona görə bu xüsusiyyəti nəzərə almaqla, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə xüsusi bir məbləğ nəzərdə tutula bilər. Bu təkliflər də öz həllini tapmalıdır.
Azərbaycan İqtisad Universitetinin tələbəsi Könül ASLANOVA çıxışında gənc pedaqoji kadrların ali məktəblərdəki rolundan danışaraq dedi:
- Təhsilin dövlət siyasətinin əsas hissələrindən biri olduğunu nəzərə alsaq, məncə, bu problem də diqqət mərkəzində olmalıdır. Danılmaz faktdır ki, hazırda universitetdə dərs deyən müəllimlərin əksəriyyəti təqaüd yaşına çatmış və müasir dövrün yeniliklərini mənimsəməkdə çətinlik çəkən insanlardır. Bu da tələbənin əldə etdiyi biliyə, bacarığa, ümumiyyətlə, onun inkişafına birbaşa mənfi təsir göstərir. Universitetdə tələbə nəzəri biliklərlə yanaşı, müxtəlif bacarıq və vərdişlərə də yiyələnməlidir. Əldə etdiyi biliyi təcrübədə həyata keçirməyi bacarmalıdır. Bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətli olmalıdır. Faktdır ki, bakalavr pilləsini bitirmiş tələbələrin bir qismi işsizliklə üzləşir. Çünki universitetdə ona əmək bazarına lazım olan bilik verilməyibdir. Mən hesab edirəm ki, bu problemi həll etmək üçün indiki müəllim heyətinin tədricən cavan, müasir təfəkkürlü, xarici dilləri bilən kadrlarla əvəzlənməsi daha yaxşı olardı.
Başqa bir alternativ həll yol kimi, inkişaf etmiş ölkələrin təcrübəsini misal göstərmək olar. Məsələn, xarici universitetlərdə təkcə həmin ölkənin vətəndaşları deyil, başqa ölkələrdən olan müəllim heyəti də çalışır. Məncə, bu təcrübəni Azərbaycana tətbiq etsək, yəni xaricdən müəllimlər dəvət etsək, onların təcrübələrindən faydalansaq, faydalı olar.
Prezident İlham ƏLİYEV: Bu, çox ciddi məsələdir. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Mən hesab edirəm ki, biz daha çox buna üstünlük verməliyik, çünki xaricdə gənclərimizin oxuması da vacibdir. Çünki onlar gediblər, başqa ölkələrdə yaşayırlar, müstəqil həyat sürürlər. Ancaq ölkə daxilində də təhsilin səviyyəsi elə olmalıdır ki, buna ehtiyac qalmasın. Ona görə xarici müəllimlərin Azərbaycana cəlb edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilmişdir və bu proses tədricən başlayır. Əlbəttə ki, burada əsas məsələ maliyyə məsələsidir. Biz bunu hesablamalıyıq. Çünki yüksək peşəkarlığa malik olan xarici müəllim ancaq əlavə imtiyaz hesabına başqa ölkəyə gedə bilər. Ona görə maliyyə məsələləri, əlbəttə ki, əsas məsələlərdir. Amma tədricən biz bu işə başlamışıq. O ki qaldı yaşla bağlı sizin fikirlərinizə, mən hesab edirəm, burada biz gərək çox dəqiq siyasət aparaq. Çünki elə yaşlı müəllim var ki, o, öz təcrübəsini bölüşərək, gənclərə böyük bilgilər verir. Sadəcə olaraq, burada yaş senzi əsas rol oynamamalıdır. Digər tərəfdən, mən tam əminəm ki, indi bu, nəinki təhsil sahəsinə, bütün sahələrə aiddir. Pensiya yaşına çatmış insanlar pensiyaya getməlidirlər. Hazırda pensiyaya çıxanların sosial problemlərinin həlli işində müvafiq göstərişlər verilmişdir. Məsələn, 2006-cı ilə qədər pensiyaya çıxanların pensiya təminatı yaxşılaşdırılacaqdır. Eyni zamanda, digər başqa həvəsləndirici amillərdən də istifadə etmək olar ki, pensiya yaşına çatanlar pensiyaya çıxsınlar. Pensiyanın da məbləği elə olmalıdır ki, onları təmin etsin. Xüsusilə biz bunu Avropada, Asiyada da çox görürük, insanlar tələsirlər ki, pensiyaya çıxsınlar. Hesab edirlər ki, ondan sonra həyat başlayır. Çünki onlar ömür boyu işləyirlər, pul qazanırlar, uşaqları böyüdürlər. Pensiyaya çıxandan sonra gedirlər səyahətlərə, gəzməyə, yəni həyatı görməyə başlayırlar. Bizdə isə əksinədir. Bizdə heç kim pensiyaya çıxmaq istəmir. Hamı, demək olar, əksəriyyət istəyir ki, vəzifələrdə axıra qədər işləsinlər. Beləliklə, həm dediyiniz məsələ ortaya çıxır, eyni zamanda, iş yerləri də boşalmır. Bu, daimi proses olmalıdır, gənc kadrlar üçün iş yerləri olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, müəyyən yaşa çatandan sonra pensiyaya getməlidir, o vəzifədən, o işdən yapışmamalıdır. Pensiya təminatı da elə olmalıdır ki, onu qane etsin. Ona görə bu məsələ ilə bağlı bir müddət əvvəl mənim tərəfimdən ümumi göstəriş verilmişdir ki, yaşı çatmış insanların pensiyaya çıxması ilə əlaqədar çox ciddi və dəqiq siyasət aparılsın ki, bu proses müsbət istiqamətdə getsin.
Ancaq yenə də mən hesab etmirəm ki, hər bir yaşlı müəllim lazmi biliyi verə bilməz. Halbuki, digər tərəfdən, bu gün dünya elə dəyişir, texnoloji tərəqqi elə sürətlə gedir ki, müasir biliklərə malik olmaq üçün xarici dilin öyrənilməsi çox vacibdir.
“Microsoft Azərbaycan” şirkətində maketinq şöbəsinin rəhbəri Əsmər DAŞDƏMİROVA insan resursları və intellektual potensial məsələlərindən danışaraq dedi:
- Hörmətli cənab Prezident, intellektual mülkiyyətin qorunması sahəsində müəyyən işlər görülmüşdür. Biz bilirik ki, Siz və “Microsoft” şirkətinin rəhbərliyi bu il Davosda müzakirələr aparmısınız. Mən əminəm ki, bu razılaşmalar İKT marketinqinin sürətli inkişafına gətirib çıxaracaq, bu isə gənclər üçün külli miqdarda iş yerləri yaradacaqdır. Elə iş yerləri ki, gənclər orada öz intellektual potensiallarını həyata keçirməyə imkan tapacaqlar.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bu məsələ ilə mən tanışam. “Microsoft” şirkətinin Avropa üzrə prezidenti ilə görüşüm olubdur. O da mənə dedi, bu, məni də çox narahat edir. Mən müvafiq göstəriş vermişəm. Burada, əlbəttə ki, müxtəlif tədbirlər görülməlidir. Nəzarət olmalıdır, həm də ictimai nəzarət. Hansısa mexanizmlər olmalıdır, çünki bu sahəyə nəzarət etmək o qədər də asan məsələ deyildir. Bizdə də o qədər böyük təcrübə yoxdur. Bu işə bələd adamlar da o qədər də çox deyil, bilsinlər ki, pirat məhsuldur, yoxsa intellektual mülkiyyətdir. Əgər bu məsələ ilə bağlı konkret təklifləriniz olarsa, yaxşı olar ki, biz bu mexanizmi işləyək. Mən hesab edirəm ki, bu, vacib məsələdir. Çünki ümumiyyətlə, İKT sektorunun inkişafına biz böyük diqqət veririk. Bu sektorun inkişafı bizim üçün prioritetdir və növbəti illərdə də prioritet kimi qalacaqdır. Mən çox şadam ki, beynəlxalq qurumlar da Azərbaycanın bu sahədəki təcrübəsini alqışlayırlar. Məsələn, Dünya İqtisadi Forumu - Davos forumu Azərbaycanı İKT hazırlığı üzrə MDB məkanında birinci sıraya layiq görmüşdür. Bu il bu birinciliyi saxlamalıyıq, əldən verməməliyik. Yenə də deyirəm, bu sektor həm intellektual potensialın inkişafına xidmət edir, həm ölkənin imici üçün çox vacibdir, həm də burada biznes imkanları da kifayət qədər genişdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İSMAYILOV tələbə gənclər təşkilatlarının fəaliyyətinə toxunaraq dedi:
- Əfsuslar olsun ki, axır vaxtlar universitetlərdə tələbələr ancaq tədris prosesində iştirak edirlər. Universitetlər, belə deyək, tələbə həyatı üçün o qədər də maraqlı deyildir. Bizim 39 universitetdə təşkilatımız var, hamısında da müəyyən problemlər ortaya çıxır. Belə ki, tələbə gənclər təşkilatlarının tələbələri öz arxasınca aparmasında, onların problemlərini qabartmasında, həlli isitqamətində, demək olar ki, rolu yoxdur. Tələbə təkilatlarının universitetin həyatında, universitetin idarə olunmasında iştirakı əksər hallarda çox aşağı səviyyədə olur. Məsələn, biz 29 universitetdə araşdırma aparmışıq və məlum olub ki, cəmi üç tələbə gənclər təşkilatının sədri rektoratlıqda və yaxud elmi şurada təmsil olunur. Bəzi hallarda rektorlar tələbə təşkilatları rəhbərlərinin seçkilərinə müdaxilə edirlər. Bu, ümumilikdə tələbə həyatının nisbətən sönük keçməsinə səbəb olur, tələbələrin asudə vaxtının səmərəli təşkilində müəyyən problemlər yaradır.
Bilirsiniz ki, tələbələr sosial cəhətdən nisbətən kasıb kütlə sayılırlar. Müəyyən dövrdə biz onlarla sıx şəkildə işlədik. Müəyyən sualları olur və bu gün çox gözəl imkan yaranıb ki, bu sualları mən sizə çatdıram. Onlar tələbələrə xüsusi güzəştlərin tətbiq olunmasını istəyirlər. Bu sahədə Avropada, ümumiyyətlə, dünyada olduqca böyük təcrübə vardır. Tələbələrə xüsusi endirim kartları tətbiq olunur və onlar həmin kartlardan endirimlər əldə edə bilirlər. Təklif etmək istərdim, əgər mümkün olsa, vahid tələbə kartı yaradılsın və tələbələr bundan müəyyən güzəşt kimi istifadə edə bilsinlər.
Bir məsələyə də toxunmaq istərdim. Universitetlərdə tələbə gənclər təşkilatları ilə yanaşı, tələbə həmkarlar təşkilatları da fəaliyyət göstərir. Araşdırsaq məlum olar ki, ən cavan tələbə həmkarlar təşkilatının sədrinin ən yaxşı halda yaşı 26, ən yaşlısının isə 50-dən yuxarıdır. Bu da müəyyən suallara gətirib çıxarır, tələbələrin təşkilatlardan uzaqlaşmasına səbəb olur.
Cənab Prezident, çox gözəl fürsət düşüb, tələbələrin bizə ən çox sual verdiyi məsələ təqaüdlərin artırılması ilə bağlıdır. Fürsətdən istifadə edib bu sualı Sizə ünvanlamaq istərdim ki, yaxın gələcəkdə tələbə təqaüdlərinin artırılması ilə bağlı hər hansı planlar varmı?
Prezident İlham ƏLİYEV: Sağ olun, qaldırdığınız məsələlərlə biz məşğul olacağıq. Əlbəttə ki, tələbələrin asudə vaxtlarının keçirilməsi üçün konkret təkliflər olarsa, məmnuniyyətlə baxıb məsələni həll edəcəyik. Vahid tələbə kartının tətbiq olunması ilə əlaqədar: əgər dünyada belə praktika varsa, onu öyrənək və biz də onu tətbiq edə bilərik ki, müəyyən güzəştlər edilsin. Əlbəttə, elə etməliyik ki, tələbələrin həyatı həm mənalı olsun, həm dolğun olsun, həm də iqtisadi cəhətdən lazımi səviyyədə təmin edilsinlər. Tələbə təqaüdlərinin qaldırılması bizim planlarımızda var. Ancaq tələbə təqaüdləri bizdə minimum əmək haqqının səviyyəsi ilə bağlıdır. Belə bir fikir var ki, minimum əmək haqqının səviyyəsindən üstün olmamalıdır. Hazırda Azərbaycanda minimum əmək haqqı 85 manatdır. Biz yaxın vaxtlarda onu qaldıracağıq və beləliklə, tələbə təqaüdlərinin qaldırılması üçün də imkan yaranacaqdır. Onu da qeyd etməliyəm ki, baxmayaraq, təqaüdün məbləği bizi qane etmir, amma MDB məkanında ən yüksək səviyyələrdən biri də Azərbaycandadır.
Konkret təkliflər olarsa, proqramda öz əksini tapa bilər. Mən çox şadam ki, siz bu məsələni qaldırdınız. Çünki bizdə 100 mindən artıq tələbə var və onlar gənc yaşlarından yaxşı yaşamalı, yaxşı da oxumalıdırlar.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun həmtəsisçisi və sədri Orxan ƏKBƏROV xaricdə təhsil alan məzunların ali təhsil məktəblərinə tədris işinə cəlb olunması məsələlərindən danışdı:
- Azərbaycan gənclərinin xaricdə təhsil almalarına gənclərimiz bir xülya kimi baxırdılar. İndi isə Sizin imzaladığınız Fərmanla təsdiqlənmiş Dövlət proqramı çərçivəsində dünyanın 24 ölkəsinin 200-dən çox ən yaxşı universitetlərinə azərbaycanlı tələbələr təhsil almağa gedirlər. Ümumiyyətlə, hazırda dünyanın 30-dan çox ölkəsində azərbaycanlı gənclər təhsil almaqdadırlar. Onların bir qismi təhsilini bitirdikdən sonra orada qalıb işləyir, digərləri isə Azərbaycana qayıdır. Mən konkret olaraq bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Bu gün xaricdə təhsil alan Azərbaycan gəncləri pərakəndə şəkildə azlığı deyil, intellektual çoxluğu təşkil edirlər. Düşünürəm ki, bu fürsətdən maksimum şəkildə istifadə edərək, onların intellektual bacarıqlarını və qabiliyyətlərini Azərbaycanımızın inkişafı üçün, gələcəyi üçün düzgün istiqamətləndirə bilməliyik. Bu, nədən ibarətdir? Az öncə toxunulan məsələ Azərbaycanda təhsilin inkişafı məsələsi. Dövlət proqramı xətti ilə xaricə göndərilən tələbələr geri qayıtdıqdan sonra 5 il dövlət orqanlarında çalışmalıdırlar. Mənə elə gəlir ki, buna bir əlavə olaraq onların Azərbaycanda ali təhsil ocaqlarında dərs demələri də nəzərdə tutulsa, bu, təhsilimizin inkişafına çox gözəl töhfələr verə bilər. Mənim dostlarımdan bir çoxları var ki, bu gün Azərbaycanın bir çox universitetlərində həqiqətən çox uğurla dərs deyirlər. Bu, ilk təklifimdir.
Digər təklifim, cənab Prezident, Bakıda gənclər mərkəzinin açılmasına böyük ehtiyac var. Bu ehtiyacı belə açıqlaya bilərəm: Azərbaycanda bir çox fəal gənclər təşkilatı var və onların heç də həmişə maddi imkanı olmur ki, bir hoteldə konfrans zalını kirayə edib tədbir keçirsinlər. Əslində bizə bir çox şey verəcək tədbirlər maliyyə problemləri üzündən təxirə salınır. Bütün bunlar olmasın deyə, ümumiyyətlə gənclərimiz asudə vaxtlarını dəyərləndirsin deyə, sürətli internetlə təchiz olunmuş, beynəlxalq və yerli tədbirlərimizi keçirə biləcəyimiz konfrans və iclas zallarının olduğu və hətta xaricdən qonaqlarımız gəldikdə onları yerləşdirə biləcəyimiz Gənclər Mərkəzinin tikilməsi çox yaxşı olardı. Məsələn Strasburqdakı İnternational Youth Center kimi.
Digər təklifim bundan ibarətdir ki, xaricdə biz bir çox tədbirlər keçiririk. Əlbəttə ki, böyük tədbirləri Gənclər və İdman Nazirliyi maliyyələşdirir. Amma elə hallar olur ki, biz mütləq ona qarşı cavab tədbiri keçirməliyik, lakin maliyyə məsələlərinə görə baş tutmur. Mənə elə gəlir ki, bunu dediyiniz Gənclər Fondu tərəfindən aktiv maliyyələşmə, - yəni uzun sənədləri doldurmaq vasitəsilə deyil, - yolu ilə həll etmək olar.
Son olaraq demək istədiyim bir məsələ var. Cənab Prezident, Sizinlə ilk görüşümüzdə - 2009-cu ilin martında mən hərbi geyimdə idim, əlimdə silah vardı. Bu gün Sizin qarşınızda əlimdə qələmlə, əynimdə kostyumlayam. Amma əmin ola bilərsiniz ki, Siz bizim yalnız Prezidentimiz deyil, həm də Ali baş komandanımızsınız. İstədiyiniz vaxt biz Qarabağ problemini həll etməyə hazırıq. Hər zaman əlimizdəki qələm silahla, əynimizdəki kostyum hərbi geyimlə əvəz oluna bilər.
Sağ olun.
Prezident İlham ƏLİYEV: Çox sağ ol, bu məsələləri biz proqramda nəzərə almalıyıq. Bakıda Gənclər Mərkəzinin tikintisi ideyası mənim xoşuma gəlir. Hesab edirəm ki, bu, yaxşı layihə ola bilər. İndi siz qeyd etdiniz Strasburqda belə bir mərkəz var, yəqin ki, başqa paytaxtlarda da var. Onların təcrübəsini öyrənməliyik, bəlkə layihə də hazırlansın. Əsas odur ki, bu mərkəz funksional baxımdan səmərəli olsun, - orada hansı tədbirlər keçiriləcəkdir. Maliyyə məsələlərini də həll edə bilərik. Gələn ilin büdcəsində nəzərdə tutula bilər ki, belə bir mərkəz tikilsin. Gənclər Fondu ilə əlaqədar təklifinizlə bağlı mən də hesab edirəm ki, burada çeviklik çox vacibdir. Yəni biz bürokratik əngəllərdən uzaq olmalıyıq və vəsait səmərəli şəkildə istifadə olunmalıdır. Ona görə ki, xaricdə keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var. Hazırda bizim xarici ölkələrdəki səfirliklərimizin sayı da artıbdır, 50-dən yuxarı səfirlik var. Onların əksəriyyəti son illər ərzində yaradılmışdır. Eyni zamanda, diaspor təşkilatlarının formalaşmasında müəyyən addımlar atılmışdır. Hazırda biz istənilən paytaxtda istənilən aksiyanı keçirə bilərik. Bizim diaspor təşkilatlarımız və xaricdə oxuyan gənclərimiz də fəal iştirak edirlər. Mən bunu alqışlayıram və belə də olmalıdır.
Xaricdə oxuyan gənclərin sayı artmaqdadır və dövlət tərəfindən ayrılan vəsait də artır. Əgər birinci illərdə on milyon manat nəzərdə tutulmuşdusa, bu il bu məbləğ 15 milyon manatdır. Lazım olanda biz bu məbləği artıracağıq ki, bu proqramı davam etdirək. Bilirsiniz ki, bu proqram Dövlət Neft Fondunun xətti ilə icra edilir. Dövlət Neft Fondunun xətti ilə icra edilən layihələr xüsusi əhəmiyyət kəsb edən layihələrdir. Xaricdə gənclərin oxuması layihəsi proqrama daxil edilərkən biz öz niyyətimizi göstərmişik. Çünki doğrudan da hazırda xaricdə oxuyan gənclərin həm təhsil səviyyəsi, həm peşəkarlığı müsbət cəhətdən fərqlənir. Məqsəd ondan ibarətdir ki, - hesab edirəm ki, burada bu barədə fikir ayrılığı yoxdur, - Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, o fərq aradan qalxsın.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri Gülsel SƏFƏROVA ideoloji baxımdan gənclərin qarşısında duran məsələlərdən danışdı:
- Zənnimcə, bütün burada deyilənlərin üst qatında ideoloji aspektlər durur. Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, dövlətçilik, azərbaycançılıq, milli mənəvi dəyərlərə sahib çıxma özündə bir ideologiya formalaşdırır. Düşünürəm ki, bu gün Azərbaycan gəncliyində kifayət qədər potensial var. Eyni zamanda, dövlətin də kifayət qədər potensialı var ki, Azərbaycan gəncliyi modelini dünyaya çıxaraq. Avropaya inteqrasiya təşkilatı olaraq biz və eyni zamanda, digər gənclər Avropada qurumlarda təmsil olunuruq, Azərbaycanın haqq və ədalət səsini dünyaya çıxarırıq. Belə bir anda Azərbaycan gənclik modelinin formalaşdırılıb dünyaya təqdim edilməsi, düşünürəm ki, çox mütərəqqi hal olardı. Onu da qeyd edim ki, artıq bu model formalaşmağa doğru gedir, sadəcə, bunda azərbaycançılıq ideologiyasının hökm sürməsi daha yaxşı olardı. Belə bir anda mən çox istərdim ki, Azərbaycan gəncliyində intellektual təhlükəsizlik formalaşsın. İntellektual təhlükəsizlik özündə keyfiyyətli düşünməni ehtiva edir. Bir neçə on illər öncə Azərbaycanda fundamental elmlərlə bağlı böyük işlər görülüb. Bizim komanda belə düşünür ki, bu fundamental elmlərin daha da inkişafı sayəsində keyfiyyətli düşünmənin yeni mərhələsi başlayacaqdır. Bunun nəticəsində isə intellektual təhlükəsizlik formalaşacaq, biz öz sözümüzü intellektual gücümüzlə deyə biləcəyik. Burada mən konkret təklif vermək istəyirəm. İlk addım kimi biz belə düşünürük, bir ixtiraçılıq mərkəzinin, ixtiraçılıq institutunun açılması yaxşı olardı. Çünki düşünürəm ki, Azərbaycan həm sosial, iqtisadi, elmi, siyasi potensialına görə fərqlənən bir dövlətdir. Burada Azərbaycan gəncinin üzərinə düşən əsas məsələ iddiadır. Misal üçün, mən çox istərdim ki, Azərbaycan yaxın 20 il ərzində Yaxın Şərqin düşünmə mərkəzi olsun. Çünki biz o potensiala malikik. Baxın, burada nə qədər potensiallı gənclər var. Əlbəttə, 4-5 il ərzində ilkin addımlar atılarsa, düşünürəm ki, 10 ildən sonra biz istədiyimiz nəticəni əldə edəcəyik.
İkinci bir məsələ barədə qısaca demək istəyirəm. Burada yəqin regionlardan gələn gənclər də var, yəqin onlar da danışacaqlar. İstər paytaxt gəncləri, istərsə də region gəncləri olsun, bu Azərbaycan gəncliyidir. Amma bu gün paytaxt gəncliyində daha çox fəallıq müşahidə olunur. Bunu Siz də görürsünüz. Biz bir neçə illərdir region gəncləri ilə kifayət qədər iş təcrübəsinə malik təşkilatıq.
Əgər biz 3 milyon gəncdən danışırıqsa, onun demək olar ki, əksəriyyəti region gəncləridir. Mən region gəncləri üçün bir forumun keçirilməsini təklif edirəm.
Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizin təklifinizi də nəzərə alacağıq. Region gəncləri ilə bağlı təklifiniz dəyərlidir. Xüsusilə Azərbaycanı intellektual mərkəzə çevirmək təklifinizi qeyd etmək istəyirəm ki, doğrudan da, belə imkanlar var və biz buna çalışmalıyıq. Mən yenə də demək istəyirəm ki, biz özümüzü həm dünyaya olduğumuz kimi təqdim etməliyik, həm də ən önəmlisi, ölkə daxilində işlər elə qurulmalıdır ki, Azərbaycanın potensialı daha da güclənsin. Bu potensial isə ilk növbədə intellektual potensialdır. Əgər o dediyiniz ixtiraçılıq mərkəzi yaranarsa və yaxşı nəticə verərsə, bu, əlbəttə ki, ölkəmiz üçün böyük töhfə ola bilər. Hesab edirəm ki, biz bu dəyərli təklifləri mütləq proqramda nəzərə almalıyıq.
Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasından, gənclərin fəaliyyətindən və gənclər proqramı ilə bağlı maliyyə məsələlərindən danışan Milli Məclisin deputatı Ceyhun OSMANOV deputat seçildiyi rayonun problemlərinə toxunaraq dedi:
- Mən Milli Məclisə Sabirabad rayonundan deputat seçilmişəm. İndi seçicilər televizorda izləyirlər ki, onların deputatı cənab Prezidentlə görüşür və rayonun müəyyən problemlərini diqqətə çatdırmasam, əlbəttə ki, bunu çox mənfi dəyərləndirərlər. Oradakı gənclərin bir xahişi vardır. Kənd gənclərinin həyatında məktəb ən önəmli infrastrukturdur. Onların həm təhsili, həm mədəni, həm idman həyatı məktəblə bağlıdır. Siz çıxışınızda qeyd etdiniz ki, Azərbaycanda qəzalı məktəb probleminə son qoyulacaqdır. Təəssüflə qeyd edirəm ki, mənim seçildiyim rayonda da qəzalı məktəblər vardır. Onların bərpası kənd camaatının ürəyincə olardı. Kənd yerlərində gənclərin işlə təminatda problemləri daha çoxdur. Biz çalışmalıyıq ki, kəndlərimiz boşalmasın, gənclər iş dalınca şəhərə gəlməsin. İri aqrar layihələr hazırlanıb həyata keçirilsə, bu problem həll oluna bilər. Məsələn aran rayonunun həmişə ən böyük gəlir mənbəyi pambıqçılıq olub. İndi ölkəmizin inkişaf prioritetlərinə uyğun yeni böyük aqrar layihələr reallaşdırılsa, kənd gəncliyi torpağa bağlanar, bilər ki, onun həyatını stimullaşdıran mexanizmlər vardır. Daha bir məsələ də gənclərlə bağlıdır. Əslində, ölkədə çox böyük siyasi iradə ortaya qoyuldu. Azərbaycanda bələdiyyə seçkilərində seçicilər gənclərin təmsilçiliyinə üstünlük verdilər. Gənclər bələdiyyə seçkilərində uğura nail oldular. Əlbəttə, bu gəncliyə inam və etimadın təzahürüdür.
Prezident İlham ƏLİYEV: Qəzalı məktəblərin təmiri ilə bağlı konkret proqram vardır. Bizdə qəzalı məktəblərin sayı haradasa, 200-300 civarındadır və onların hamısını yenidən qurmaq, tikmək, təmir etmək müəyyən vaxt aparacaqdır. Hesab edirəm ki, ən real müddət 2 ildir. Biz 2011-ci və 2012-ci illərdə qəzalı məktəblərin təmiri ilə məşğul olacağıq, onların hamısını yüksək səviyyəyə çatdıracağıq.
Hesab edirəm ki, hər bir millət vəkili əlbəttə, seçildiyi dairədə gedən işlərlə məşğul olmalıdır. Belə olan halda regionlarda işlər daha da sürətlə gedəcəkdir. O ki qaldı, ölkəmizin inkişaf etmiş ölkələrin sırasına daxil olması ilə əlaqədar məsələyə, mən tam əminəm ki, biz bu məqsədə çatacağıq. Mən qarşımıza bu məqsədi qoymuşam. Deyə bilərəm ki, dünyada sözün əsl mənasında, inkişaf etmiş ölkələrin sayı çox deyildir. Ancaq mən hesab edirəm ki, nə üçün Azərbaycan onların sırasında olmasın?! Çünki bizdə bütün imkanlar vardır. Birincisi siyasi iradə vardır. Bu məqsədə nail olmaq üçün düşünülmüş strategiya vardır. Taktiki addımlarımız da konkretdir, məqsədyönlüdür və nəticəyə gətirib çıxarır. İkincisi, ölkəmizin intellektual potensialı kifayət qədər yüksəkdir, xüsusilə gənclərin. Sizin qaldırdığınız məsələlərin həlli hesabına biz intellektual potensialımızı daha da artıracağıq. Üçüncüsü, ölkəmiz müasirləşmə dövrünü yaşayır və bu da bizim strateji seçimimizdir. Müasirləşmə bütün istiqamətlərdə özünü göstərməlidir. Həm iqtisadi, həm siyasi islahatlarda, həm də texnoloji inkişafda, sənaye potensialımızın inkişafında.
Bizim təbii resurslarımız vardır. Bu da böyük üstünlükdür. Yəni, bu, bizə iqtisadi müstəqillik verir. Biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Bu, bizə imkan verir ki, siyasətimizi Azərbaycan xalqının maraqları üzərində quraq. Azərbaycan dünya birliyinin dəyərli üzvüdür. İnkişaf etmiş ölkələrlə bizim çox səmərəli əlaqələrimiz vardır. Ona görə bizim bütün imkanlarımız var ki, gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olaq. Həm bütün iqtisadi və siyasi islahatların aparılması, həm ekoloji standartlar, həm də yaşayış səviyyəsinin keyfiyyəti baxımından. Son illərdə Azərbaycan bütün reytinqlərdə çox uğurla inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının, Davos İqtisadi Forumunun, digər mötəbər beynəlxalq təşkilatların reytinqlərində uğurlarımız qeyd olunur. Hətta böhranlı illərdə də reytinq agentlikləri reytinqimizi artırıblar. Yəni, belə imkanlar vardır. Nəzərə alsaq ki, hazırda Azərbaycanın inkişaf modeli və strategiyası tamamilə müəyyən edilib və biz bu yolla gedirik, hesab edirəm, biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq. Bunu etmək üçün əlbəttə ki, bütün cəmiyyət bir məqsədə can atmalıdır. Xüsusilə cəmiyyətin fəal təbəqəsi olan gənclər bu təşəbbüslərə bilirəm ki, böyük həvəslə qoşulurlar. Birgə fəaliyyətin nəticəsində biz ölkəmizi inkişaf etdirəcəyik. İnkişaf etmiş ölkəyə çevirəcəyik və müstəqilliyimizi daha da güclü edəcəyik.
Milli Məclisin deputatı Fuad MURADOV parlamentdə gənclərlə bağlı qanunvericilik sahəsində görülən işlərdən söz açaraq dedi:
- Cənab Prezident, zənnimcə, bugünkü görüşün əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan gəncliyi dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi hadisələrdə həmişə öndə olan gənclikdir. Bu gün bizim burada olmağımız bütün dünyaya, həm də bizi istəməyənlərə bir mesajdır. Azərbaycan gənclərinin ən böyük sərvəti ölkəmizin müstəqilliyidir, dövlətçiliyidir. Gənclərimizin ən böyük sərvəti Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətdir ki, bu gün gənclərimiz onun bəhrəsini hər yerdə görürlər. Bu gün Azərbaycan gəncləri həm parlamentdə, həm beynəlxalq təşkilatlarda, həm Prezident Administrasiyasında, hökumətdə təmsil olunurlar. Bu baxımdan təbii ki, gənclərimizin arzu və istəkləri çox sürətlə reallaşır.
Cənab Prezident, Sizin dəstəyinizlə bir neçə il bundan öncə çox geniş bir proqram başladı. Bu da gənc ailələrə ipoteka proqramıdır. Hətta orada mütərəqqi ideyalar oldu. Sizin göstərişiniz əsasında qanunvericilikdə bir neçə pilləli ipoteka təsbit olundu. Həm, deyək ki, sosial ipoteka, normal ipoteka şərtləri və sosial ipoteka şərtləri. Oraya hərbçilər, elmlə məşğul olan insanlar daxil oldu. Təbii ki, o vaxt Azərbaycan inkişafda idi. Bu gün deyə bilərəm ki, Azərbaycan inkişafının yeni mərhələsindədir. O vaxtkı ipoteka şərtləri, cənab Prezident, təbii ki, bugünkü reallıqları əks etdirmir. Çünki orada minimal məbləğ 35 min manat çərçivəsində idi. Amma bu gün artıq Azərbaycanın hər yerində sürətli inkişaf gedir. Bu gün demək olar ki, heç regionda da belə qiymətə mənzil tapmaq çətindir.
Biz çox xahiş edərdik ki, - bu, gənclərin ümumi fikridir, - bu istiqamətdə ilkin ödəniş məsələsinə baxılsın. İndi biz proqramın həyata keçirilməsini gözləyirik, bu təklifləri oraya verəcəyik. Eyni zamanda, bu məbləğlə bağlı. Bu gün Azərbaycanın imkanları çox sürətlə artır. Bu mənada biz çox istərdik ki, cənab Prezident, bu məsələyə bir də baxılsın. Düzdür, biz parlamentdə kiçik işçi qrupu yaratmışıq. Məsələn, Skandinaviya modelinin tətbiqi məsələsini nəzərdən keçirmək olar. Gənc ailələrə dövlət tərəfindən müəyyən şərtlərlə mərhələlər üzrə ev verilə bilər. Amma gənc də gərək işləsin, çalışsın ki, özünə mənzil ala bilsin.
Bu, bütün gənclər adından birinci xahişimdir. İkinci istiqamət isə özünüz burada vurğuladınız ki, gənclər fondunun yaranmasıdır. Bir neçə il öncə Sizin tapşırığınız əsasında biz parlamentdə “Dövlət gənclər siyasəti haqqında” Qanuna Gənclər və İdman Nazirliyi ilə birlikdə baxdıq və oraya çox mütərəqqi əlavələr etdik.
Əlavənin biri də məhz Azərbaycanda gənclər fondunun yaranması idi. O gündən bu günə qədər biz demək olar ki, bunun bütün təcrübəsini öyrənmişik, dünyada olan bütün təcrübə öyrənilib. Bu gün biz demək olar ki, bu istiqamətdə tam hazırıq, cənab Prezident. Təbii ki, biz bu təkliflərimizi artıq işçi qrupuna da vermişik və bütün sənədləri hazırlamışıq.
Siz bayaq vurğuladınız, əgər məsləhət olsa biz bu işə başlayardıq. Siz vurğuladığınız kimi, biz bu məsələdə təşkilatlanmış gənclərlə bərabər fərdi gəncləri də yaddan çıxarmamalıyıq.
Sonda demək istəyirəm ki, cənab Prezident, Siz bütün məsələləri vurğuladınız. Açığı, burada bütün məsələlərə toxundunuz. Demək olar ki, bütün məsələlər diqqət mərkəzindədir.
Bu gün Azərbaycanda gənclər təşkilatları çox fəaldır. Demək olar ki, əksər böyük tədbirlər məhz gənclər tərəfindən həyata keçirilir. Bu, normal haldır, çünki Azərbaycan gəncləri sayca da çoxdurlar və intellektual səviyyəcə də irəlidədirlər, yeni texnologiyadan bacarıqla istifadə edirlər.
Prezident İlham ƏLİYEV: Fuad, hesab edirəm ki, qaldırdığın məsələlər də öz həllini tapmalıdır, həm mənzil-qərargahla, həm də ipoteka ilə bağlı. Əlbəttə ki, həyat yerində durmur. İndi ölkəmizin imkanları da artır və biz bütün məsələləri gərək ədalətli həll edək. Hesab edirəm ki, bu məsələ də proqramda öz əksini tapacaqdır.
O ki qaldı gənclər fondunun yaradılmasına, mən giriş sözümdə bu barədə dedim və bilirəm ki, sizin də fikriniz eynidir. Tezliklə bu fond yaradılmalıdır. Yəqin ki, proqramda da onun yaradılması haqqında göstəriş verilməlidir və dövlət əlbəttə ki, o fondun fəaliyyəti üçün maliyyə dəstəyini göstərəcəkdir.
Hesab edirəm ki, əgər hazırlıq işləri ilə bağlı konkret təkliflər hazırlanarsa, orada istiqamətlər üzrə məsələlərin həlli üçün vəsait nəzərdə tutulmalıdır. Vəsaitin idarə olunması prinsipləri çox şəffaf olmalıdır. Yəqin ki, biz bu vəsaitdən gənclər təşkilatlarının birbaşa iştirakı ilə və ən prioritet məsələlərin həlli üçün istifadə etməliyik. Biz həm ölkə daxilində gənclərlə bağlı siyasəti gücləndirmək üçün, eyni zamanda, xaricdəki tədbirləri də müəyyən dərəcədə o fondun hesabına həll edə bilərik.
Mən bugünkü görüşü çox yüksək qiymətləndirirəm. Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Biz çalışırıq öz işimizlə ölkəmizi elə inkişaf etdirək ki, hər bir vətəndaş haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın vətəndaşıdır.
Ölkəmizdə aparılan işlər - həm xarici siyasətimiz, siyasi islahatlar, iqtisadi təşəbbüslər bütövlükdə müsbət istiqamətdə gedir. Ancaq biz daim inkişafda olmalıyıq. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik və daim axtarışda olmalıyıq. Xüsusilə gənclər. Gənclər həmişə axtarışdadırlar. Gənclər cəmiyyətimizin ən fəal üzvləridir. Mən çox şadam ki, gənclərimiz Vətənə bağlıdırlar, Vətəni sevirlər, vətənpərvərdirlər, biliklidirlər, peşəkardırlar və biz bu müsbət meyilləri gücləndirməliyik.
Belə görüşlərin keçirilməsində böyük fayda vardır. Çünki mən sizdən sizi narahat edən problemləri eşidirəm, sizin təklifiniz çox vacibdir. Bütün bu təkliflər ümumiləşdirilib Dövlət proqramına daxil edilməlidir. Yenə də deyirəm, Dövlət proqramı konkret xarakter daşımalıdır. Bu gün danışdığımız məsələlərlə bağlı, əgər, bütün təklifləriniz lazımi səviyyədə öz həllini taparsa, demək olar ki, bu istiqamətdə çox ciddi addımlar atılacaqdır.