BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında İlham Əliyevin nitqi

26 aprel 2016, 10:45
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında İlham Əliyevin nitqi

Zati-aliləri, prezidentlər.

Hörmətli dostlar, dəyərli qonaqlar.

İlk növbədə hamınızı ölkəmizdə salamlayıram, hər birinizi Azərbaycanda görməkdən məmnunluq duyuram. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.

İlk olaraq, Alyansın təsisçilərinə - Türkiyə və İspaniyaya, Prezident Ərdoğan və Baş nazir Sapateroya 10 ildən artıq davam edən və olduqca əhəmiyyətli təşəbbüsə görə minnətdarlığımı bildirirəm. Alyansın yaradılması fikri siyasətçilərin – qardaşım Prezident Ərdoğan və Baş nazir Sapateronun müdrikliyinin əlaməti idi və bu fikir beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi.

Bununla yanaşı, mən BMT-nin Sivilizasiyalar Alyansındakı ali nümayəndəsi cənab Əl-Nasirə sülh, həmrəylik və dostluq dəyərlərinin təşviqi istiqamətində rəhbərliyi və töhfəsinə görə təşəkkürümü bildirmək istərdim.

Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.

Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir.

Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.

Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyillərin şahidi oluruq. Etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyillərdir.

Hesab edirəm ki, Bakıda keçirilən belə bir toplantı – VII Qlobal Forum bu məsələlərin müzakirəsinə həsr ediləcək və həmrəylik, sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq işinə öz töhfəsini verəcəkdir.

2008-ci ildə biz “Bakı Prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən artıq nazir ilk dəfə Bakıda bir araya gəldi.

Növbəti il, 2009-cu ildə biz İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini burada topladıq və Avropa dövlətlərinin mədəniyyət nazirlərini Bakıya dəvət etdik. Bu proses “Bakı Prosesi” adlandırıldı və biz fəxr edirik ki, bu müsbət təşəbbüs artıq bizim qədim şəhərimizlə bağlıdır. Bu proses inkişaf edir və getdikcə daha çox dəstəklənir. O, qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Azərbaycanın coğrafi mövqeyi hər kəsə məlumdur, eyni zamanda, bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir.

Çox fəxr edirik ki, ötən il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə biz Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.

Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri – insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir. Bugünkü toplantı, bu Forum multikulturalizm ideyasının beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstəklənməsinin aydın göstəricisidir. Dediyim kimi, bu gün burada 140-dan artıq dövlətin nümayəndəsi iştirak edir.

Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir.

Gəlin, alternativlərə nəzər salaq, onlar nədən ibarətdir? Bunlar çox təhlükəli alternativlərdir – ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət. Bu səbəbdən multikulturalizm dəyərlərinin gücləndirilməsi hesab edirəm ki, müasir siyasətin çox müsbət meyli olacaqdır. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfələrini verməlidirlər.

Bildirdiyim kimi, Azərbaycan nisbətən gənc dövlətdir, bu il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu illər bizim siyasi və iqtisadi sistemimizin transformasiya illəri olmuşdur. Bu, dövlət quruculuğu illəri olmuşdur. Düşünürəm ki, bütün mühüm hədəflərimizə nail olmuşuq.

Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmişdir. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu.

Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuşuq. Müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır.

Təəssüflər olsun ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir.

Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır.

İşğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində, siz erməni xalqının dini mirasının tərəfimizdən necə qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir.

Bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyət müvafiq qətnamə və qərarlar qəbul etmişdir. Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan sadəcə bu qətnamələrə məhəl qoymur və onlara əməl etmir.

Burada ən mühüm element beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə, artıq 20 ildən çox keçir və münaqişə həll olunmamış qalır.

ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı da Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən bənzər qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və işğalçını beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq isə göstərilmir.

Xalqımıza qarşı soyqırımı həyata keçirilmişdir. Xocalı soyqırımı artıq 10 dövlət tərəfindən tanınmışdır. Həmin soyqırımı nəticəsində iki yüzü qadın və uşaq olmaqla, yüzlərlə azərbaycanlı - mülki şəxslər qətlə yetirilmişdir. Bu, insanlığa qarşı törədilmiş cinayətdir və bir daha bizim hansı təhlükəyə məruz qaldığımızı nümayiş etdirir.

Ermənistan ilə Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz azad edilməlidir, insanlarımız evlərinə geri dönmək imkanına malik olmalıdır.

1990-cı illərin əvvəlində biz böyük humanitar fəlakətlə üzləşdik. Çünki 250 min azərbaycanlı Ermənistandan qovulmuş, daha 700 mindən çox məcburi köçkün isə Dağlıq Qarabağ və digər bölgələrdən idi. O zaman Azərbaycanın əhalisinin 8 milyondan az olduğunu nəzərə alsaq, adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə Azərbaycan çox güman ki, dünyada birinci yer tuturdu.

Biz bilirik ki, onların yerləşdirilməsi, zəruri şəraitin yaradılması nə dərəcədə çətin məsələdir. O vaxt biz tamamilə maliyyə vəsaitindən məhrum vəziyyətdə, dünyanın ən yoxsul, yaşayış səviyyəsinin yoxsulluqdan aşağı olduğu ölkələrindən biri idik. Əlbəttə, o zaman bizə müəyyən beynəlxalq dəstək göstərilirdi, lakin əsasən biz bu məsələnin öhdəsindən özümüz gəldik.

Bu günə qədər 90-dan artıq qəsəbə inşa etməyimizə və hər il 20 min qaçqın və köçkünü yerləşdirməyimizə baxmayaraq, onların bəziləri hələ də çətin şəraitdə - yataqxana, məktəb və uşaq bağçalarında yaşayır. Biz onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik, lakin bu, uzun zaman tələb edir.

Yəni, bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir – yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə davam edən ölkə kimi bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur. Hər bir nöqteyi-nəzərdən – siyasi, mənəvi, iqtisadi və sosial baxımdan.

İşğala baxmayaraq, ölkəmiz inkişaf edir. Biz onillik ərzində - 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik olmuşuq. Biz yoxsulluğu kəskin şəkildə, 50 faizdən təqribən 5 faizə endirə bilmişik. İşsizliyin səviyyəsi də 5 faizə yaxındır. Biz təhsilə sərmayə yatırırıq. Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən artıq yeni məktəb tikilib və ya bərpa edilib. Ölkə ərazisində 500-dən artıq xəstəxana inşa edilib. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azaldılmasına yardım etdi.

Azərbaycanda gender bərabərliyi tam olaraq müdafiə edilir. Əslində, Azərbaycanda qadınlar təqribən 100 ildir ki, yəni, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründən səsvermə hüququna malikdir. Yeri gəlmişkən, həmin respublika müsəlman dünyasının ilk demokratik respublikası olmuşdur.

Biz ətraf mühitin qorunmasına sərmayə yatırırıq. Burada, Abşeron yarımadasında neft hasilatı səbəbindən çirklənmiş geniş ərazilər mövcud idi və biz bu əraziləri təmizləməli olduq. Yerində isə parklar və ictimai yerlər yaratdıq. Başqa sözlə desək, biz BMT-nin Minilliyin İnkişaf Məqsədləri ilə bağlı çox vacib irəliləyiş əldə edirik və düzgün yoldayıq.

Hətta bu gün, neftin qiymətində kəskin ucuzlaşma baş verdiyi və bütün neft istehsalçısı olan dövlətlərin iqtisadi böhranla üzləşdiyi bir vaxtda bu, bizim iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir və mən əminəm ki, biz 2016-cı ildə bütün əsas məqsədlərimizə nail olacağıq.

Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi tanınır. Ancaq bizim əsas məqsədimiz “qara qızıl”ın, yəni, neftin insan kapitalına çevrilməsidir. Bu səbəbdən, təhsil sahəsinə sərmayələrin qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız şaxələndirilib və neftdən asılılıq azalmaqdadır.

Bununla yanaşı, biz irimiqyaslı enerji layihəsinin – “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı olmuşuq. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Eyni zamanda, biz coğrafi mövqeyimizi nəzərə alaraq nəqliyyat dəhlizlərinin təşviqi ilə məşğul olan ölkələrdən ibarət heyətin fəal üzvüyük. Ölkələrin sayına nəzər salsaq hansı regional əməkdaşlıqdan söhbət getdiyi aydın görünər. İcazənizlə, mən onların adlarını sadalamaq istərdim. Bu enerji və nəqliyyat dəhlizləri yalnız enerji və yüklərin daşınması demək deyil. Bu, əməkdaşlıq dəhlizləridir. “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Əminəm ki, sonrakı mərhələdə Balkan ölkələri də layihəyə qoşulacaq.

Şərq-Qərb dəhlizi – İpək Yolu layihəsi üç dövlət - Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən irəli sürülmüşdür. Bu gün o, genişlənməkdədir, Mərkəzi Asiya və Çini, Türkiyədən isə Avropa istiqamətini əhatə edir. Bu, yeni İpək Yolu olacaqdır. Şimal-Cənub dəhlizi də Azərbaycanın fəal iştirak etdiyi layihədir. Bu layihə Şimali Avropa ölkələrini, Rusiya, Azərbaycan, İran, Pakistan və Hindistanı əhatə edir.

Bu layihələr tərəfdaşlıq layihələridir. Çünki bütün bu dövlətlər bir-biri ilə bağlı olur. Əgər siz bir-birinizlə bağlı, bir-birinizə arxayın vəziyyətdəsinizsə, o zaman daha çox proqnozlaşdıra bilmə, təhlükəsizlik və əməkdaşlıq olur.

Enerji təhlükəsizliyi və nəqliyyat kimi iqtisadi maraqlar, çətinliklərin öhdəsindən gələrək xalqlarımıza daha yaxşı şərait yaratmaq kimi dəyərlərin paylaşılması və bütün bunların təməlində birgə dəyərlərimiz olan dini dözümlülük, qarşılıqlı anlaşma və multikulturalizm əsasında qurulmuş beynəlxalq əməkdaşlıq formatları hesab edirəm ki, region xalqlarının həyatını daha da yaxşılaşdıracaq.

Bir daha bu vacib tədbirdə bu gün bizimlə olduqlarına görə bütün qonaqlarımıza minnətdarlığımı bildirir, Forumun işinə uğurlar arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34