İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir

12 aprel 2011, 18:40
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. 

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü toplantısı 2011-ci ilin birinci rübünün yekunlarına həsr edilir. Birinci rübdə iqtisadiyyatımız uğurla inkişaf etmişdir. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. Çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir.

İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır. Bildiyiniz kimi, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək, neft-qaz amilindən asılılığımızı azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır. Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir.

Sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait gözəl nəticələrini göstərmişdir. Bütövlükdə sənaye istehsalında o qədər də böyük artımın olmaması neft-qaz sektorunda hasilatda müəyyən azalmanın səbəbidir. Ancaq bu azalma əlbəttə ki, müvəqqəti xarakter daşıyır və hazırda Azərbaycanda neftin hasilatı demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. O ki qaldı qaz istehsalına, növbəti illərdə qoyulacaq investisiyalar hesabına qaz hasilatımız da artmalıdır.

Narahatedici məsələlərdən biri odur ki, birinci rübdə inflyasiya 9,1 faiz artmışdır. Bu, bizi narahat edir. Ancaq hazırda inflyasiya birrəqəmli inflyasiyadır, elə etməliyik ki, biz birrəqəmli inflyasiyanın səviyyəsini saxlaya bilək. Bununla bərabər, əhalinin pul gəlirləri 16 faizdən çox artmışdır. Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Əminəm ki, bu meyillər il ərzində özünü daha da böyük həcmdə göstərəcəkdir.

Ölkəmizdə yığılan valyuta ehtiyatlari 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir.

Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır.

Bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir. Birinci rübün yekunlarına görə ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür.

2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən ümid edirəm ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə, biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş məqsədə çatacağıq.

Hər bir ölkədə yoxsullar vardır. Ancaq biz qarşıya vəzifə qoyuruq, bizim hədəfimizdir, bizim məqsədimizdir. Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu ağır problemin həlli üçün bizə imkan verəcəkdir. Bununla bərabər, bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapır. Birinci üç ayda regionlarda təxminən on yeddi min yeni iş yeri açılmışdır. Bu proses davam edir. Bütövlükdə birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılmışdır. Sahibkarlara kömək məqsədi ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini verməkdədir. Yəni, regionların inkişafı proqramı icra edilir. Regionlara səfərlərim mənə imkan verir ki, görülən işləri özüm gözümlə görüm və deyə bilərəm ki, hər bir bölgədə inkişaf vardır. Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf davamlıdır. Yəni, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda böyük işlər görülmüşdür. Biz daim inkişafda olmalıyıq və daim mövcud problemlərin həlli işində fəal olmalıyıq. Regionların sosial-iqtisadi inkişafı proqramının icrası ilə bərabər, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı da hazırlanır. Bu məqsədlə keçən ay geniş müşavirə keçirilmişdir. Bütün tapşırıqlar verilmişdir.

Hazırda problemlər təhlil edilir. Əslində biz bu problemləri bilirik. O problemlərin həlli üçün xüsusi proqram qəbul olunandan sonra biz bu il proqramda nəzərdə tutulacaq məsələlərin bir hissəsini icra edəcəyik. Ancaq vaxt itirməmək üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdır ki, bu məsələlər təxirə salınmadan həllini tapsın.

Artıq qəsəbələrdə işlər başlamışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam. Vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür. Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə təhsil sahəsinin inkişafına müsbət təsir göstərmişdir. Bəzi qəsəbələrdə su qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək olar ki, bütün qəsəbələrə xas olan məsələdir. Kanalizasiya problemi təkcə qəsəbələrdə deyil, Bakı şəhərinin özündə də qarşıda duran çox kəskin məsələdir. Ancaq bununla bərabər, son illər aparılmış işlər nəticəsində elektrik enerjisi ilə təminat yaxşıdır. Heç bir şikayət, heç bir müraciət olmamışdır. Qəsəbələrin qazlaşdırılması prosesi gedir. Hazırda bu məsələ demək olar ki, tam şəkildə həll edilib. Sadəcə, növbəti bir neçə il ərzində biz yeni xətlərin çəkilişi nəticəsində qazın təzyiqinin də yaxşılaşdırılmasına nail olmalıyıq. Səhiyyə məsələləri müəyyən dərəcədə həll olunub. Amma yeni xəstəxanaların, poliklinikaların tikintisinə ehtiyac vardır. Ən vacib məsələ, - bu problemi bütün qəsəbələrə aid etmək olar, – yollar məsələsidir. Demək olar ki, qəsəbələrin yollarının əksəriyyəti torpaq yollarıdır. Hazırda yol çəkilişi prosesi başlamışdır.

Mən hesab edirəm ki, geniş, çox dəqiq və konkret proqram qəbul olunandan sonra 2013-cü ilə qədər biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini həll etməliyik. Baxmayaraq ki, bu çox böyük proqramdır. Qəsəbələrdə hazırda 800 mindən artıq əhali yaşayır. Bu özlüyündə böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini tapmalıdır. Ümid edirəm ki, biz qısa müddət ərzində bu məsələnin həllinə nail olacağıq.

Birinci rübdə ölkəmizdə böyük infrastruktur layihələri icra edilirdi. Bu layihələrin icrası cədvəl üzrə gedir. Qazlaşdırma prosesi gedir. Su, kanalizasiya məsələləri həll edilir, həm magistral, həm qəsəbələrarası yollar çəkilir. Böyük infrastruktur layihələrinin arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni binasının tikintisini mən xüsusi qeyd etmək istəyirəm. Aeroport hər bir ölkənin giriş qapısıdır. Hazırda beynəlxalq aeroportumuz Azərbaycanın indiki inkişaf səviyyəsinə və xüsusilə gələcək inkişafımıza tam şəkildə cavab vermir. Ona görə, həm aeroportun yeni binası tikilməlidir. Artıq işlər başlanmışdır. Eyni zamanda, yeni uçuş-enmə zolaqları tikilməlidir. Bütün xidmət infrastrukturu yenidən qurulmalıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir və ən səviyyəli aeroportların sırasına daxil edilməlidir. Növbəti iki il ərzində əminəm ki, tikinti başa çatacaq və ölkəmiz üçün çox vacib olan infrastruktur obyekti istismara veriləcəkdir.

Bildiyiniz kimi, hazırda digər böyük infrastruktur layihələri icra edilir. Mən onların sırasında Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək istəyirəm. Orada işlər yaxşı gedir. Gəmiqayırma zavodunun tikintisi gedir. Yəni, bu iki böyük layihə və aeroportu da əlavə etsək, Azərbaycanın nəqliyyat imkanlarını yüksək dərəcədə artıracaqdır. Növbəti aylar ərzində yeni gəmilərin, bərələrin alınması nəzərdə tutulur. Çünki Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqdadır. Baxmayaraq ki, son illərdə biz ona yaxın yeni müasir tanker, yük gəmiləri almışıq, buna yenə də ehtiyac vardır. Nəzərə almalıyıq ki, 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilməlidir. Biz bütün hazırlıq işlərini elə qurmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra bir gün də yubanma olmasın. Ona görə, yeni bərələrin alınması məsələləri qoyulubdur və bu il o məsələlər öz həllini tapacaqdır.

İnformasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə çox böyük artım vardır. Bu sektor çox dinamik inkişaf edir. Mən bu barədə fikirlərimi bir neçə dəfə bildirmişəm. Azərbaycan bu bölgədə artıq informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilir. Ənənəvi olaraq Bakutel sərgiləri keçirilir. Azərbaycana və burada görülən işlərə dünyada maraq artır. Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir.

Süni peykin yaradılması proqramı icra edilir. Ümid edirəm ki, Azərbaycan artıq yaxın zamanlarda öz peykinə malik olacaqdır. Bu, həm ölkənin imici və nüfuzlu üçün çox vacib olan məsələdir. İlk növbədə isə praktiki nöqteyi-nəzərdən bu, çox vacib olan layihədir. Peykin kommersiya istismarından əldə olunacaq gəlirlər də bizə yaxşı imkanlar yaradacaqdır.

Ölkəmizdə hərbi sənaye potensialı sürətlə inkişaf edir. Mən bu sahəni xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm sənaye sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür. Biz, ilk növbədə, Azərbaycanın hərbi potensialını daxili imkanlar hesabına gücləndirməliyik. Vaxtilə Müdafiə Sənayesi Nazirliyi məhz bu məqsədlə yaradılmışdır. Digər tərəfdən, bu, yeni bir sənaye sahəsidir. Minlərlə yeni iş yeri açılmışdır, yüksək maaşlar verilir və Azərbaycanda müasir hərbi sənaye məhsulları istehsal olunur. Hazırda Azərbaycanda 430 adda məhsul istehsal edilir. Məqsədimiz ondan ibarətdir ki, biz bu sahədəki işləri ən müasir texnologiyalar əsasında quraq.

Mən onların arasında pilotsuz təyyarələrin istehsalını xüsusi qeyd etmək istəyirəm. Bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahələridir. Azərbaycan artıq öz imkanları ilə pilotsuz təyyarələrin ən yüksək səviyyədə istehsalına başlamışdır və bu, bizim hərbi gücümüzü böyük dərəcədə artıracaqdır.

Bütövlükdə bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan bölgədə sabitləşdirici amildir. Ölkəmiz bütün sahələrdə uğurlu siyasət aparır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır. Yəni, mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - genosid törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir. Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qalmışdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları – bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ öz həllini tapmır. Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıram. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir.

Bir daha demək istəyirəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe nəinki bizim arzularımıza, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq hələ ki, dünyada başlıca bir meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir.

Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır.

Birinci rübdə bu məsələ ilə bağlı ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfər etmişdir. Bu missiya bizim təklifimiz əsasında baş tutmuşdur. Ermənistan tərəfi buna etiraz etməyə cəhd göstərmişdir. Bildiyiniz kimi, 2005-ci ildə oxşar missiya işğal edilmiş torpaqlara səfər etmişdir. O, faktaraşdırıcı missiya idi. Yəni, o, belə adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi. Mən bilirəm ki, Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər vardır. Haqlı olaraq cəmiyyətimiz öz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyildir. Ancaq qeyd etmək istəyirəm ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan hesab edirəm ki, məruzədə göstərilən məsələlər reallığı əks etdirir. Yəni, mən orada vacib olan məsələlərdən bir neçəsini qeyd etmək istəyirəm. Birincisi, orada açıq-aydın göstərilir ki, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən bütün infrastruktur dağıdılıbdır. Yəni, biz bunu onsuz da bilirdik, 2005-ci ildə bu, göstərilmişdir və bu il də bu, göstərilir. Yəni, erməni vandalizminin nəticələrini missiya öz gözü ilə görmüşdür. Məscidlərimiz, qəbirlər, bütün infrastruktur dağıdılıb, ya da ki, talan edilibdir. İkinci vacib məsələ ondan ibarətdir ki, məruzədə göstərilir, işğal edilmiş rayonların inzibati hüdudlarını süni şəkildə dəyişdirmək olmaz. Bu, birbaşa Ermənistana ünvanlanan bir tələbdir. Biz yaxşı bilirik ki, orada qondarma yerli hakimiyyət Ermənistanın göstərişi ilə bizim rayonların hüdudlarını süni şəkildə dəyişdirmək istəyir. Bununla bərabər, rayonların tarixi və əzəli adlarının dəyişdirilməsi də yolverilməz hal kimi məruzədə göstərilibdir. Bu da birbaşa Ermənistana ünvanlanan bir iraddır. Çünki şəhərlərimizin adlarını onlar dəyişdirmək istəyir və onlardan başqa o yeni adları heç kim tanımır və tanımayacaqdır.

Buna oxşar kifayət qədər məsələlər məruzədə öz əksini tapıbdır. Yəni, bütün bu məsələlər əvvəlki məruzədə də bu və ya digər formada öz əksini tapmışdır. Sadəcə olaraq bu, bir daha təsdiq olunur. Ən vacib məsələlərdən biri də hesabatda işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparılmasının göstərilməsidir. Hazırda Laçın və Kəlbəcər rayonlarında, - daha çox bu iki rayonda -14 min qanunsuz məskunlaşma halı vardır, yəni,- 14 min insan yaşayır ki, onlar orada yaşamamalıdırlar. Onlar sonradan bu torpaqlara köçürülmüşlər və bunu da hesabatda yolverilməz hal kimi göstərirlər.

Nəhayət, məruzədə göstərilir ki, status-kvo, yəni indiki vəziyyət davam edə bilməz. Mən hesab edirəm ki, məruzədə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, status-kvo dəyişdirilməlidir.

Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın. Mən Azərbaycan vətəndaşlarına bu barədə də müəyyən dərəcədə məlumat vermişəm. Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyulur və onlar əvvəlcədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər. Yəni, istəyirlər ki, bu proses sonsuz, daimi, əbədi olsun, daim bu danışıqlar getsin və guya ki, Ermənistan danışıqlarda özünü konstruktiv aparır. Halbuki biz dəfələrlə demişik ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Onların məqsədi məsələnin həlli deyildir. Onların məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Onların niyyəti ondan ibarətdir ki, nə qədər çox vaxt keçsə o qədər yaxşıdır, yəni, dünya birliyi bu vəziyyətlə barışacaq və beləliklə, bu vəziyyət - danışıqlar prosesi sonsuz aparılacaqdır.

Biz dəfələrlə məsələ qaldırmışıq ki, bu, mümkünsüzdür. Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir. Bizim kəskin fikrimiz bundan ibarətdir və status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişməsi nə deməkdir, bunu hamı yaxşı başa düşür. O deməkdir ki, Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır və məruzədə bu tezisin göstərilməsi hesab edirəm ki, çox vacib məsələdir. Azərbaycanın mövqeyi həmsədr ölkələr – ATƏT tərəfindən dəstəklənir. Status-kvonun qəbuledilməz olması birinci dəfə deyil ki, səslənir. Bunu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri də öz bəyanatlarında bildirmişlər. Əgər status-kvo dəyişdiriləcəksə bu, mütləq dəyişdirilməlidir, əlbəttə ki, Azərbaycanın hazırda işğal altında olan torpaqlarından işğalçı qüvvələr çıxarılacaqdır və bu, tezliklə baş verməlidir. Ermənistana imkan verilməməlidir ki, danışıqları süni şəkildə, müəyyən bəhanələrlə uzatsın. Ermənistan konkret təkliflərə konkret cavab verməlidir ki, torpaqlarımızın işğalçılardan azad edilməsi prosesi başlasın.

Beləliklə, bu məsələ ilə bağlı sadəcə olaraq istərdim ki, Azərbaycan vətəndaşları həm məruzə ilə bağlı, həm də ki, danışıqların mahiyyəti və məzmunu ilə bağlı mənim mövqeyimi, – Azərbaycan dövlətinin mövqeyini bilsinlər. Hesab edirəm ki, buna ehtiyac vardır.

X X X

Sonra çıxışlar oldu.

Maliyyə naziri Samir ŞƏRİFOV dövlətin məqsədyönlü və kompleks siyasəti nəticəsində 2011-ci ilin 1-ci rübündə də ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasının uğurla davam etdiyini vurğulayaraq dedi:

- Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118,0 faiz yerinə yetirilmiş, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olmuşdur.

Vergilər Nazirliyi büdcəyə 1 milyard 161 milyon manat, ötən ilin eyni dövrünə nisbətən 151,0 milyon manat və ya 15,0 faiz çox vəsaitin daxil olmasını təmin etmişdir. Bu vəsaitin 58,7 faizi və ya 681,0 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132,0 milyon manat və yaxud 24,0 faiz çoxdur.

Qeyri-dövlət sektorunda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl olunmaqla büdcəyə 241,0 milyon manat vəsaitin daxil olması təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 1 milyard 330 milyon manat vəsait transfert edilmişdir.

Sair daxilolmalar üzrə büdcəyə 36,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,0 milyon manat çoxdur.

Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,3 faiz və ya 2 milyard 87 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 108,0 milyon manat və ya 5,5 faiz çox icra olunmuşdur.

2011-ci il dövlət büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilmiş, təşkilatlardan daxil olan bütün xərc sifarişləri öz maliyyə təminatını tapmış, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc və digər xərclər üzrə borc yaranmamışdır.

İqtisadi təsnifata uyğun olaraq birinci rübdə dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1,0 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129,0 milyon manat və ya 14,9 faiz çox olmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 1-ci rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlər və sosial müavinətlərin ödənişinə 17,2 faiz və ya 57,0 milyon manat çox, əməyin ödənişi fonduna 14,2 faiz və ya 70,0 milyon manat çox, ərzaq və dərman xərclərinə 3,8 faiz və ya 1,6 milyon manat çox vəsait sərf edilmişdir.

Məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla cari ilin 1-ci rübündə sosial müdafiə və sosial təminat xərclərinə 408,0 milyon manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait ayrılmışdır.

Funksional təsnifata uyğun olaraq 2011-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9 faiz, səhiyyə xərclərinə 21,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3 faiz, təhsil xərclərinə 12,4 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 11,9 faiz çox vəsait yönəldilmişdir.

Möhtərəm Prezident, cari ilin birinci rübündə dövlət investisiya xərclərinə 546,0 milyon manat vəsait yönəldilmiş, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir.

Həmin vəsaitdən 78,0 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənmişdir. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisi və yenidənqurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir.

Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulması üçün 363,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 144,0 milyon manat, Bakı Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma işlərinə 24,0 milyon manat, “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına 17,0 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpasına 10,0 milyon manat, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə 20,0 milyon manat, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 143,0 milyon manat, digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 5,0 milyon manat vəsait sərf edilmişdir.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan Hökuməti tərəfindən xaricdən 206,0 milyon manat məbləğində vəsait cəlb olunmuşdur.

Cari ilin birinci rübündə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş 63,0 milyon manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə nəzərdə tutulmuş 181,0 milyon manat dotasiya tam ayrılmışdır.

2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrin həyata keçirilməsi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün 31,0 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır.

Hesabat dövründə dövlət büdcəsinin Ehtiyat Fondundan büdcədə əvvəlcədən nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 14,3 milyon manat vəsait ayrılmış, ondan 7,0 milyon manat vəsait artıq istifadə olunmuşdur.

Dövlətin xarici və daxili borclarının idarə olunması, beynəlxalq səviyyədə və ölkə daxilində borc öhdəliklərinin yerinə yetirilməsi diqqətdə saxlanılmış, cari ilin birinci rübündə həmin məqsədə büdcədən 154,0 milyon manat vəsait yönəldilmişdir.

2011-ci ilin birinci rübündə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün dövlət büdcəsindən 15,0 milyon manat, ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsinə 3,5 milyon manat vəsait yönəldilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilmiş, hesabat dövründə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün 25,0 milyon manat vəsait yönəldilmişdir.

Sahibkarlığın inkişaf etdirilməsi üçün cari ilin 1-ci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə 322 sahibkara 27,5 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 10,0 milyon manatını dövlət büdcəsindən sahibkarlığın inkişafı ilə bağlı ayrılmış vəsait təşkil etmişdir.

İnvestisiya layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 1,4 dəfə artmışdır.

Güzəştli kreditlər hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi fabrikinin, 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.

Cənab Prezident, Bakı qəsəbələrində əhalinin məşğulluğunun daha da yaxşılaşdırılması sahəsində verdiyiniz tapşırıqların icrası ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına qəsəbələrdə 24 sahibkara üst-üstə 2,2 milyon manat kredit verilmişdir. Bu güzəştli kreditlər hesabına Bakı qəsəbələrində yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Sahibkarlıq subyektlərinin formalaşması üçün yaradılmış münbit mühit, o cümlədən sahibkarlıq fəaliyyətinə başlama üçün sərf edilən müddətin, prosedurların və sənəd sayının azaldılması nəticəsində “bir pəncərə” sistemi üzrə cari ilin birinci rübü ərzində 14 mindən çox sahibkar dövlət qeydiyyatına alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatdan keçənlərin sayının 46,1 faiz artması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsinin nəticəsi olaraq 2011-ci ilin 1-ci rübündə qeydiyyata alınmış sahibkarların 61,2 faizi regionların payına düşmüşdür.

Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 14,0 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait yönəldilmişdir.

Möhtərəm cənab Prezident!

Məlum olduğu kimi, 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin hesablamalarında bir barrel xam neftin ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür.

Dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiyməti xeyli müddətdir 80 faizdən artıq üstələyir.

Xam neftin qiymətinin artması cari ilin 1-ci rübündə dövlət və icmal büdcə gəlirlərinin, o cümlədən Dövlət Neft Fondunun gəlirlərinin artmasına şərait yaradıb.

Bu, sözsüz ki, icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə və Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlirin daxil olacağını şərtləndirir.

Eyni zamanda, qeyd olunmalıdır ki, dünya bazarlarda xam neftin qiymətinin yüksək olması, habelə, 2008-2009-cu illər dünyada yaşanan maliyyə-iqtisadi böhran zamanı bir çox iri dövlətlər tərəfindən həyata keçirilmiş liberal pul-kredit və faiz dərəcəsi siyasəti dünya miqyasında inflyasiya meyillərini kəskin artırmışdır.

Bu, ölkəmizə idxal olunan qeyri-neft məhsullarının da qiymətinin artmasına təsir göstərir. Mühüm xammal və materialların, maşın və avadanlıqların, gündəlik tələbat mallarının, əsasən də ərzaq məhsullarının qiymətinin artmasına səbəb olmuşdur.

Yaranmış meyillər nəzərə alınmaqla əhalinin real gəlirlərinin qorunması və rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılaraq əlavə maliyyə təminatının yaradılması tapşırığı verilmişdir.

Cənab Prezident, tapşırığınıza uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən əlaqədar dövlət qurumları ilə birlikdə dövlət və icmal büdcələrinin dəqiqləşdirilməsi işlərinə başlanılmışdır.

Dövlət büdcəsinin əlavə gəlirləri hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, əmək haqlarının artımının həyata keçirilməsi nəzərdə tutulur.

Bu artım dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımına imkan verəcəkdir.

Dəqiqləşmə zamanı zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlərin, məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin artırılması təmin ediləcəkdir.

Bundan əlavə, gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması nəzərdə tutulur.

Bütövlükdə qeyd edilən sosial müdafiə tədbirləri təxminən 3,0 milyon nəfərdən çox şəxsə şamil ediləcəkdir.

Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə stimul olaraq cənab Prezident tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər yığılıb qalmış 294,2 milyon manat məbləğində borcu silinmişdir. Bununla əlaqədar, dövlət büdcəsində də müəyyən dəqiqləşmələr aparılacaqdır.

Əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və infrastruktur layihələrin maliyyə təminatı üçün də dövlət büdcəsinin dəqiqləşməsi nəticəsində formalaşacaq əlavə gəlirlərdən vəsait ayrılacaqdır.

Öncə bu mənbədən qəza vəziyyətində olan bir sıra məktəblərdə əsaslı təmir, tikinti və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə, tələbələr üçün müasir yataqxanaların tikintisinə vəsait ayrılacaqdır.

Respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi və bu işlərin sürətləndirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulmasına vəsaitin ayrılması da dəqiqləşmə zamanı diqqətdən kənarda qalmayacaqdır.

Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi və yeni proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin yollarının tikintisi, respublikanın digər regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri üçün də nəzərəçarpacaq məbləğdə vəsait ayrılacaqdır.

Hazırda həyata keçirilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın nəqliyyat sisteminin, o cümlədən quru və dəniz nəqliyyatı sisteminin tranzit potensialının artırılmasını şərtləndiriləcəkdir. Bunu nəzərə alan cənab Prezidentimizin tapşırığına uyğun olaraq, Ələt qəsəbəsində dünya standartlarına uyğun beynəlxalq dəniz limanının tikintisinə başlanması üçün vəsait ayrılmış və dəqiqləşmə zamanı əlavə vəsaitin də ayrılması nəzərdə tutulur.

Hörmətli cənab Prezident!

Bütövlükdə 2011-ci il dövlət və icmal büdcələrində aparılan dəqiqləşdirmə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, 2012-ci il və sonrakı üç ildə dövlət və icmal büdcələri üçün daha böyük bazanın yaradılması yolunda öz müsbət rolunu oynayacaqdır.

Çıxışımın sonunda icazə verin, möhtərəm Prezident, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2011-ci büdcə ilinin uğurla başa çatdırılması və müəyyən etdiyiniz strateji inkişaf xəttinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək, bundan sonra da əzmlə çalışacaqdır. 

X X X

Dövlət Gömrük Komitəsinin sədri Aydın ƏLİYEV Azərbaycanın iqtisadi inkişaf modelinin uğurla reallaşmasının yüksək inkişaf tempinin təmin edilməsinə, eləcə də beynəlxalq maliyyə böhranının ölkə iqtisadiyyatına təsirini minimuma endirməyə imkan verdiyini bildirərək dedi:

- Zati-alinizin diqqət və qayğısı nəticəsində bazar iqtisadiyyatına keçid dövrünün başa çatdığı ölkəmizdə sahibkarlıq və biznes mühitinin əlverişliliyinin təmin olunmasında gömrük xidmətinin də özünəməxsus rolu vardır. Ötən illərdə olduğu kimi, 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dövlət Gömrük Komitəsi üçün 1 milyard 120 milyon manat büdcə öhdəliyi proqnozlaşdırılmışdır. Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılan 240 milyon manata qarşı aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, proqnoza 100,2 faiz əməl edilmişdir. Ölkənin tərəqqisinə mane ola biləcək mənfi halların aradan qaldırılması məqsədi ilə son illər korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsinə başlanılmışdır. Ölkəmizdə bu qəbildən olan problemlərin birdəfəlik aradan qaldırılması cənab Prezidentin həyata keçirdiyi inkişaf strategiyasının əsas məqsədidir.

Şəffaflıq amili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasətində də daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanda, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada və bir sıra digər hüquqi normativ aktlarda da təsbit olunmuşdur. Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında 25 fevral 2011-ci il tarixli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 3 mart 2011-ci il tarixli fərmanlarına əsasən, Dövlət Gömrük Komitəsi və digər müvafiq icra orqanlarına bir sıra tədbirlərin görülməsi tapşırılmışdır.

Məlumat üçün bildirmək istəyirəm ki, Fərmanın icrası ilə əlaqədar tərəfimizdən bir sıra müvafiq tədbirlər artıq görülmüşdür. Belə ki, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılmış, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyinin və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara gömrük idarələrində elektron idarəetmə sisteminin tətbiqinə başlanılmış, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaqdır. Gömrük əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilmiş, gətirilməsi və aparılmasına yol verilməyən əşyaların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasına gətirilməsi qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı və aidiyyəti üzrə digər normativ hüquqi sənədlər tərtib olunmuş, lövhələrə vurularaq dövlət sərhədinin buraxılış məntəqələrində, o cümlədən gömrük idarələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrini və ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələrini göstərməklə həm adlar, həm də kodlar üzrə axtarışın həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin ödənilməsinə imkan verən elektron avadanlıqlar sifariş edilmiş və tez bir zamanda sərhəd buraxılış məntəqələrində yerləşdiriləcəkdir.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanının verilməsi və digər prosedurları “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsi məqsədilə müvafiq icra orqanları ilə birgə vahid mexanizmin işlənib hazırlanması istiqamətində aidiyyəti tədbirlər görülür və məlum Fərmanda qeyd olunduğu kimi, 3 ay müddətində icrası təmin olunacaqdır.

Cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları,

Şəffaflığın təmin olunması, vergidən yayınmanın, qaçaqmalçılığın qarşısının alınması və hüquqpozmalara qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 4 nəfəri gömrük əməkdaşı olmaqla 11 nəfərdən ibarət böyük cinayətkar qrup sənədlərin saxtalaşdırılması, korrupsiya və digər qanunsuz hərəkətlərinə görə həbs olunaraq məhkəmənin hökmü ilə layiqli cəzalarını almışlar.

2011-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı aparılan mübarizə nəticəsində 4665 hüquqpozma faktı aşkar edilmişdir ki, bu faktların 60-ı cinayət xarakterli olmuşdur. Görülən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar edilmiş, həmin faktlar üzrə 40,7 kiloqram narkotik, o cümlədən 5,6 kiloqram heroin, 1,2 kiloqram tiryək, 29,3 kiloqram həşiş və digər narkotik vasitələr tutulmuşdur.

Cari ilin üç ayı ərzində aşkar olunmuş 4605 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 118 hüquqi və 4487 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Bu faktlar üzrə qeyd olunan şəxslərə 254 min manat cərimə tətbiq edilmişdir. Hesabat dövründə gömrük orqanlarında aparılan idxal-ixrac əməliyyatlarına mərkəzləşmiş qaydada nəzarətin həyata keçirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində əməliyyat mərkəzi yaradılmış, sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinə videomüşahidə sistemi və nəqliyyat vasitələrinin ölkəyə daxilində hərəkətin izlənməsinə imkan verən izləmə sistemi istismara verilmiş, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə sistemi və yeni servis mərkəzi yaradılmışdır.

Cari ilin fevral ayında zati-alinizin xeyir-duası ilə Tovuz gömrük idarəsinin Sınıqkörpü sərhəd buraxılış məntəqəsinin yeni inzibati binası istifadəyə verilmiş, Astara Gömrük İdarəsinin yeni inzibati binası isə xidməti istifadəyə tam hazırdır.

Hesabat dövründə beynəlxalq gömrük əməkdaşlığının inkişafı istiqamətində də bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir. Belə ki, cənab Prezident, Sizin müvafiq tapşırığınıza əsasən, cari ilin fevral ayında Argentinanın Buenos-Ayres şəhərində Azərbaycan Respublikası və Argentina Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrimizin iqtisadiyyatının yüksəldilməsində gömrük orqanlarının rolu və bu sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi məqsədi ilə görüşlər keçirilmiş, Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır.

Martda Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının narkotik vasitələr üzrə komissiyasının 54-cü sessiyasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti iştirak etmiş, Vyana beynəlxalq mərkəzinin əsas foyesində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət “Narkotiklərə yox deyək!” adlı sərgi təşkil edilmişdir. Lüksemburq şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun gömrük xidməti rəhbərlərinin konfransında iştirak etməklə yanaşı, konfrans zamanı Avropa regionunda digər təmsilçilərlə bərabər, Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə namizədliyi dəstəklənmişdir.

Möhtərəm cənab Prezident!

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, gömrük sisteminin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi sizin diqqət və qayğınız nəticəsində mümkün olmuşdur. Cari ilin yanvar ayında Sizin imzaladığınız Sərəncamlarla gömrük əməkdaşlarından 3 nəfərinə ali xüsusi rütbənin verilməsi və gömrük komitəsinin şəxsi heyətinin orden və medallarla təltif edilməsini ölkəmizin bütövlükdə gömrük sisteminin qiymətləndirilməsi kimi qəbul edirik. Eyni zamanda, son məlum Fərmanınızla xüsusi rütbəsi olan gömrük əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi gömrük əməkdaşlarının yüksək dövlət qayğısı ilə əhatə olunmasını bir daha təsdiq edir.

Gömrük Komitəsinin əməkdaşlarına göstərdiyiniz böyük etimada, yüksək diqqət və qayğıya görə bütün gömrük xidməti əməkdaşları adından dərin təşəkkürümü və minnətdarlığımı bildirərək, cənab Prezident, Sizi və bugünkü müşavirə iştirakçılarını əmin etmək istəyirəm ki, ölkəmizin uğurlu inkişafı naminə funksiya və vəzifələrimizin ləyaqətlə yerinə yetirilməsi istiqamətində daha zəruri tədbirlər həyata keçirəcəyik.

X X X

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV əsaslı sosial müdafiə tədbirlərinin ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin etdiyini vurğulayaraq dedi:

- İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində cari ilin yanvar-mart aylarında əhalinin pul gəlirlərinin keçən ilin müvafiq dövrünə nisbətən 16,8 faiz, orta aylıq əməkhaqqının 11,7 faiz artması, əhalinin adambaşına düşən gəlirlərinin inflyasiyanın səviyyəsini 7,7 faiz üstələməsi, büdcə və qeyri-büdcə sektorunda stabil durumun mövcudluğu sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz müsbət təsirini göstərmişdir.

İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2011-ci ilin birinci rübündə gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 19 faiz və ya 83 milyon manat artaraq 521 milyon manat təşkil etmişdir.

Sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin birinci rübünə nisbətən 15 faiz və ya 35 milyon manat artaraq 270 milyon manat olmuşdur. Sosial sığorta daxilolmalarının 58,2 faizi qeyri-büdcə təşkilatlarının payına düşmüş, onların ödədiyi sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 17,3 faiz və ya 23 milyon manat artmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən daxilolmalar 24 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 40 faiz artmışdır.

Rüb ərzində dövlət büdcəsinin transferti kimi Fondun xəzinə hesabına 250 milyon manat vəsait daxil olmuşdur. Fondun gəlirlərinin miqdarı xərclərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

Cari ilin yanvar və fevral aylarında pensiyaların maliyyələşdirilməsi qrafik üzrə vaxtında yekunlaşdırılmış, mart ayı üzrə isə Novruz bayramınadək tam başa çatdırılmışdır. Bu məqsədlə aprel üçün transfertin 57,4 milyon manatlıq məbləğindən istifadə olunmuşdur.

2011-ci ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 466 milyon manat olmuşdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə Fond tərəfindən 457 milyon manat xərclənmişdir ki, bu da əvvəlki ilin I rübünə nisbətən 46 milyon manat və ya 11,2 faiz çoxdur. Bu məbləğin 97 faizi və ya 444 milyon manatı bilavasitə pensiyaların, 13 milyon manatı isə müavinətlərin ödənişinə sərf olunmuşdur. Hazırda əhaliyə aylıq ödənişlərin məbləği təqribən 200 milyon ABŞ dolları həcmindədir.

620 min nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsinin Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamına əsasən əvvəlki ilin istehlak qiymətləri indeksi, yəni 5,7 faiz indeksləşdirilərək artırılmasına rüb ərzində 4,2 milyon manat vəsait xərclənmişdir.

Rübün sonuna əmək pensiyalarının orta aylıq məbləği 114 manata çatmış və ya keçən ilin aprelin 1-nə olan vəziyyətlə müqayisədə 14 faiz artmışdır. Bu artıma təsir edən əsas amillər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə keçən ilin sentyabr ayından etibarən əmək pensiyalarının baza hissəsinin 13,3 faiz artırılaraq 85 manata çatdırılması, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həmçinin yeni pensiya təyin olunan şəxslərin pensiyalarının orta aylıq məbləğinin sistemi tərk edənlərin pensiyalarından təqribən 50 manat yuxarı olmasıdır.

Orta aylıq pensiya məbləğinin artımına təsir edən digər əsas amil isə, möhtərəm cənab Prezident, Sizin “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən etdiyiniz pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəllər qazandığı pensiya hüququ göstəricilərinin yeni sistemə inteqrasiyası barədəki tapşırığınızın icrasından irəli gəlmişdir. Sığortaolunanlara yeni sistemin tətbiqindən əvvəl işlədikləri dövrə görə də pensiya kapitalının təyin edilməsi və bu əsasda yeni sadələşdirilmiş qaydanın tətbiqi elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı və sosial sığorta göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda üzləşdikləri minimum pensiya təyin olunması hallarını tamamilə aradan qaldırmış və sosial ədalətin bərpa edilməsinə gətirib çıxarmışdır. Hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləği 114 manat təşkil etdiyi halda, bu qaydanın tətbiqindən sonra təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 150 manatı ötmüşdür.

Pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Proqramı ilə müəyyən etdiyiniz digər tapşırıqlara uyğun olaraq əvvəlki pensiya sistemində təyin olunmuş pensiyalarla yeni təyin olunan pensiyaların məbləği arasındakı fərqin aradan qaldırılması, pensiyaların təsdiq olunmuş qrafik üzrə ödənişi üçün ehtiyatın yaradılması, könüllü sığortalanma, sosial sığortalanmada yığım komponentinin tətbiqi, sistemin gələcək inkişafı üzrə aktuar tədqiqatların təşkili istiqamətində Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə imzalanmış sazişlər çərçivəsində müvafiq tədbirlər davam etdirilir.

Möhtərəm cənab Prezident!

Dövlət nəzarətinin səmərəliliyinin artırılması və korrupsiyaya şərait yarada biləcək halların aradan qaldırılması istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq Fondun əhali ilə bilavasitə təmasda olan yerli orqanlarının işi üzərində inzibati nəzarət tədbirləri daha da gücləndirilmişdir. Aşkar olunan nöqsanlar üzrə qəti ölçülərin götürülməsi, yol verilmiş hüquqpozmalarla bağlı hüquq mühafizə orqanlarının məlumatlandırılması davam etdirilir. Qeyd olunan sahədə qarşıya qoyduğumuz vəzifələrə tam nail olmaq məqsədi ilə inzibati nəzarətin ictimai nəzarətlə dəstəklənməsi və bu əsasda daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqi əsas hədəf kimi seçilmişdir. Bu yanaşma Fondun fəaliyyətinin bütün istiqamətləri üzrə, yəni sosial sığorta haqlarının toplanması, pensiya və müavinətlərin təyinatı, pensiyaların ödənişi sahələrində iş üsullarının yenidən qurulmasına yönəldilmişdir.

Sosial sığorta sahəsində fərdi uçotun tətbiqi bu sferada müasir idarəetmə mexanizminin yaradılmasına imkan vermişdir. Fərdi uçot sistemində qeydiyyata alınmış hər bir işləyən şəxs öz gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının ödənilməsində maraqlı olduğundan inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir, nəticədə, subyektiv amillərin yaranma səbəbləri aradan qaldırılır.

Cari ilin birinci rübündə Fond tərəfindən əlavə olaraq 24800 sığortaolunana fərdi şəxsi hesab açılmış və belə şəxslərin sayı 1 milyon 825 min nəfərə çatmışdır. Hazırda sığortaolunanlar üzrə ödənilmiş sosial sığorta haqları barədə məlumatların qəbulu prosesi yekunlaşmaqdadır. Bu məlumatların Fondun internet səhifəsində yerləşdirilməsi hər bir sığortaolunan şəxsə öz fərdi şəxsi hesabına daimi nəzarət etmə imkanı verəcəkdir.

Hazırda pensiya və müavinət təyinatının avtomatlaşdırılması üzrə işlər Dövlət Proqramı ilə müəyyən olunmuş qrafikə uyğun davam etdirilir. Bu gün istər əmək pensiyalarının baza hissəsinin artımı, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir və müvafiq vəsaitlər birbaşa pensiyaçıların hesabına köçürülür. Qanunvericiliyə edilən son dəyişikliklərlə pensiya təyinatında yeni sadələşmiş qaydanın tətbiqi subyektiv halların bir çox yaranma səbəblərini, o cümlədən çoxsaylı sənədlərin və əməkhaqqı arayışlarının tələb olunması kimi halları da aradan qaldırmışdır.

Şəffaflığın artırılması məqsədi ilə Fondun saytında “pensiya kalkulyatoru” yerləşdirilmişdir ki, istənilən vətəndaş pensiya təyinatı üçün Fonda müraciət etməzdən əvvəl həmin kalkulyator vasitəsilə özünün pensiyasını hesablamaq imkanına malikdir. Bu kalkulyatordan istifadə qaydalarının əhaliyə çatdırılması məqsədi ilə xüsusi sosial çarx iki ay ərzində telekanallarda yayımlanmışdır.

Fondun fəaliyyətinin digər əsas istiqaməti, yəni əhaliyə ödənişlərin avtomatlaşdırılması sferası genişləndirilmişdir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98 faizinin, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin edilmişdir. Bu məqsədlə cəmi 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilmişdir.

Fond tərəfindən pensiyaçılara göstərilən ödəniş xidmətlərinin səviyyəsini artırmaq məqsədi ilə müvafiq banklarla müzakirələr aparılmış və hər bir ödəniş barədə pensiyaçıların mobil telefonlarına SMS məlumatın göndərilməsi barədə qərar qəbul olunmuşdur.

Hazırda pensiyaçıların mobil telefon nömrələri barədə məlumat bazası formalaşdırılır və aprel-may aylarından artıq bu xidmət növünə start veriləcəkdir.

Möhtərəm cənab Prezident!

Sizin həyata keçirdiyiniz islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmasına, ilk növbədə keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına imkan vermişdir. Sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti ondan ibarətdir ki, bu proses, digər keçid dövrü ölkələrində olduğu kimi, “şok” effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılmışdır.

Məhz buna görə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin bu sahədəki təcrübəsi analoji islahatlar aparmaq istəyən digər ölkələr üçün model kimi tövsiyə edilir. Artıq Monqolustan, Əfqanıstan, Türkmənistan və İordaniyanın müvafiq qurumları Azərbaycan təcrübəsini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etmişdir.

Cari ilin əvvəlində BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihəni, həmin büronun xətti ilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa şəbəkəsi Rəhbər Komitəsinin mart ayında Cenevrə şəhərində keçirilən sonuncu iclasında Azərbaycanın növbəti üç il üzrə də Rəhbər Komitəyə üzv seçilməsi, Assosiasiyasının Avrasiya üzrə Regional əlaqələndirmə mərkəzinin Bakıda açılması barədə qərar qəbul olunmuşdur.

Bütün bunlar Sizin böyük səyləriniz nəticəsində gerçəkləşdirilən sosial-iqtisadi islahatların yüksək nəticələri, Azərbaycanın regionun aparıcı dövləti missiyasını uğurla həyata keçirməsinin bilavasitə nümunəsidir. Dövlət Sosial Müdafiə Fondunun kollektivi bu siyasətin uğurlu davamı üçün bütün tapşırıqlarınızı vaxtında və yüksək səmərə ilə yerinə yetirəcəkdir!

X X X

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu RƏHİMOV həyata keçirilən kompleks tədbirləri diqqətə çatdıraraq dedi:

- Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərlərinin çəkilişinə başlanılması ərəfəsində ölkəmizə xarici investisiyalarla bərabər əcnəbi mütəxəssislərin və işçi qüvvələrinin miqrasiyası bir qədər ehtiyatla qarşılanırdı. Məhz həmin dövrdə ümummilli lider öz müdrikliyi və uzaqgörənliyi ilə bu prosesin mahiyyətini açıqlayaraq demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.

Cənab Prezident! Sizin, ümummilli liderimizin milli dövlətçilik konsepsiyasını inamla və uğurla davam etdirməyinizin nəticəsidir ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyə və sürətli sosial-iqtisadi inkişafa nail olunmuşdur. Bu da Azərbaycan Respublikasını əcnəbilər üçün daha cəlbedici bir ölkəyə çevirmiş, respublikamıza miqrasiya axınının ildən-ilə artmasına səbəb olmuşdur. Ölkəmizin davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri etmişdir.

Cənab Prezident! Sizin, 19 mart 2007-ci il tarixli Fərmanınızla miqrasiya sahəsində mövcud olan problemlərin mərkəzləşdirilmiş və operativ qaydada həll olunması məqsədilə, bu sahədə vahid dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Bununla da miqrasiya proseslərinin idarəedilməsinə nəzarətin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə bir vəzifə olaraq tapşırılmışdır.

Sizin rəhbərliyiniz və nəzarətiniz altında Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmiş, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. 2007-ci il 14 may tarixli Sərəncamınızla Dövlət Miqrasiya Xidmətinin strukturu və işçilərinin say həddi müəyyənləşdirildikdən sonra Xidmətin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətini təşkil etmək məqsədi ilə kadr potensialı yaradılmış, Xidmət əməkdaşlarının peşə hazırlığının artırılması, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə onların ölkə daxilində və xaricində keçirilən tədbirlərdə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma kurslarında iştirakları təmin edilmişdir.

Dövlət Miqrasiya Xidməti beynəlxalq əməkdaşlıq sahəsində də əlaqələr qurmuş, iki və çoxtərəfli əsaslar üzrə münasibətlər inkişaf etdirilmişdir. Beynəlxalq təcrübəni öyrənməklə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Miqrasiya sahəsindəki qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 20-dən artıq fərman və sərəncamın imzalanması ölkə rəhbərliyi tərəfindən miqrasiya proseslərinin daim diqqət mərkəzində saxlanılmasının, həmçinin Dövlət Miqrasiya Xidmətinə göstərilən qayğının bariz nümunəsidir. Məruzə edirəm ki, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər bu gün də fəal şəkildə davam etdirilir. Hazırda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və vahid bazanın formalaşdırılması məqsədi ilə Xidmət tərəfindən “Miqrasiya Məcəlləsi”nin layihəsi digər dövlət orqanlarının yekun rəyləri də nəzərə alınmaqla yenidən işlənilərək hökumətə təqdim olunmuşdur. Möhtərəm cənab Prezident, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi istiqamətində atılan ciddi addımlardan biri də Sizin tərəfinizdən imzalanmış “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart 2009-cu il tarixli Fərmandır. Bildirmək istəyirəm ki, Dövlət Miqrasiya Xidməti tərəfindən 2009-cu ilin iyul ayının 1-dən “bir pəncərə” prinsipinin tətbiqinə başlanılmış və ötən dövr ərzində miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları, onlara müvafiq icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyata alınmaları prosedurları sadələşdirilmiş, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunmuşdur.

Möhtərəm cənab Prezident! Ötən dövr ərzində Xidmətin infrastrukturu inkişaf etdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, Sizin iştirakınızla 2010-cu il mayın 25-də Dövlət Miqrasiya Xidmətinin müasir tələblərə cavab verən yeni inzibati binası istifadəyə verilmişdir. Miqrasiya idarəetmə sisteminin təkmilləşdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Xidmətin beş regional idarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda miqrasiya şöbəsinin fəaliyyəti təmin edilmişdir.

Yevlax şəhərində qanunsuz miqrantların saxlanılması mərkəzinin tikintisi başa çatdırılmış, Bakı şəhərində isə analoji mərkəzin inşasında tamamlama işləri aparılır.

Sizin, 4 iyun 2010-cu il tarixli Fərmanınızın tələblərindən irəli gələn məsələlərin həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi yaradılmış və digər dövlət orqanlarının müvafiq sistemləri ilə inteqrasiyası təmin edilmişdir.

Yeni fəaliyyətə başlamış Heydər Əliyev Beynəlxalq Aeroportunun miqrasiya şöbəsində, həmçinin Bakı şəhərində yerləşən mehmanxanaların bir qismində əcnəbilər barədə qeydə alınan məlumatların Vahid Miqrasiya Məlumat Sisteminə daxil edilməsi üçün proqram təminatı həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılmış, mərkəzi baza ilə real vaxt rejimində əlaqə təmin olunmuşdur.

Cənab Prezident! 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin həmin il avqustun 5-də keçirilən iclasında Siz demişdiniz: “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”. Bu fikirlər göstərdiyiniz böyük diqqət və qayğı sayəsində bu gün gerçəkləşmişdir. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilmişdir ki, cari il aprelin 1-dək Azərbaycan Respublikasında olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 452 475 nəfərdir. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvafiq icazələrin alınması ilə bağlı müraciət etmiş əcnəbilərin 25 faizini fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, 20 faizini təhsil müəssisələrində əyani təhsil alanlar, 18 faizini Azərbaycan Respublikası vətəndaşları ilə nikahda olanlar, 13 faizini Azərbaycan Respublikası vətəndaşları ilə yaxın qohumluq münasibətində olanlar və s. təşkil edir.

Cənab Prezident!

Bu gün qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində işlək mexanizm yaradılmış, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər gücləndirilmiş, Dövlət Miqrasiya Xidməti ilə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında birgə tədbirlər planı hazırlanmışdır. Bu istiqamətdə görülən tədbirlər ötən illərlə müqayisədə daha da gücləndirilmiş və nəticədə Dövlət Miqrasiya Xidməti tərəfindən 2010-cu ildə 16680 əcnəbinin sənədləri yoxlanılmış və 12094 qanun pozuntusu aşkar edilmişdir. Hər bir halda qanunvericiliyin tələbinə uyğun olaraq əcnəbilər barəsində müvafiq qərarlar qəbul olunmuşdur. 2010-cu il ərzində qanunvericiliyin tələbinə uyğun olaraq alınmış rüsum və tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olmuşdur.

Miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik təmin olunmuş, vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər təşkil olunaraq həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident!

Sizin tərəfinizdən ölkəmizin hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun yeni mərhələyə keçməsi qarşımıza daha ciddi vəzifələr qoymuşdur. Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti adından Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının miqrasiya siyasətinin uğurla davam etdirilməsi, qarşımıza qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

İcazə verin, fürsətdən istifadə edərək, bu sahəyə göstərdiyiniz diqqət və qayğıya görə miqrasiya orqanları işçiləri adından, eləcə də öz adımdan Sizə minnətdarlığımızı bildirim. 

XXX

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- İlin birinci rübündə görülmüş işlər göstərir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər öz həllini tapır, hər bir sahə üzrə konkret proqramlar vardır. Bu proqramlar icra edilir. Hökumət üzvləri isə öz vəzifələrini bilirlər və vəzifə borcunu icra edirlər.

Dünyada gedən proseslər, xüsusilə neftin dünya bazarlarında kəskin şəkildə bahalaşması istər-istəməz inflyasiya risklərini də artırır. Bilirsiniz ki, biz bir neçə il bundan əvvəl də oxşar mənzərə ilə üzləşmişdik. O vaxt da neftin qiyməti kəskin şəkildə - haradasa 60 dollardan 140 dollara qədər qalxmışdı və müəyyən müddətdən sonra biz bu kəskin artımı istehlak qiymətlərinin artırılmasında da gördük. Yəni, istisna olunmur və yəqin ki, inflyasiya risklərinin artması qaçılmazdır. Belə olan halda biz gərək antiinflyasiya tədbirlərinin gücləndirilməsində daha da məqsədyönlü siyasət aparaq. Makroiqtisadi sabitliyə daha da çox diqqət göstərək.

Makroiqtisadi sabitlik həmişə diqqət mərkəzindədir. İqtisadi inkişafla bağlı bütün tədbirlərdə, demək olar ki, bu məsələyə xüsusi diqqət göstərilir. Keçən il inflyasiyanın səviyyəsi qəbuledilən həcmdə idi. Biz görürük ki, bu ilin birinci rübündə inflyasiya 9,1 faiz artmışdır. Ona görə həm dünyada gedən proseslər, neftin bahalaşması, eyni zamanda, ölkəmizdə maaşların, pensiyaların gözlənilən artırılması məsələləri istər-istəməz inflyasiya risklərinə öz təsirini göstərəcəkdir. Biz çalışmalıyıq ki, 2011-ci ildə inflyasiya birrəqəmli olsun və bütün antiinflyasiya tədbirləri daha da güclü və məqsədyönlü şəkildə həyata keçirilsin.

İstehlak qiymətlərinə nəzarət vardır, daim monitorinq aparılır və bundan sonra da biz bu məsələlərlə məşğul olacağıq. İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır. Bəzi hallarda inhisarçılıq deyəndə daha çox idxalla bağlı olan məsələlər yada düşür. Ancaq son hadisələr, xüsusilə Novruz bayramı ərəfəsində müşahidə olunan mənzərə onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin süni şəkildə qaldırılması halları baş vermişdir. Biz dərhal operativ şəkildə lazımi tədbirləri gördük. Süni şəkildə artırılan qiymətlərin tənzimlənməsi üçün lazımi addımları atdıq. Ancaq həm idxalla, həm də daxili istehsalla bağlı inhisarçılığa yol verilməməlidir.

Azərbaycanın bazarı demək olar ki, kifayət qədər məhduddur. Əgər hansısa bir böyük istehsalçı yaranırsa,- biz istəyirik, maraqlıyıq ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük şirkətlərimiz olsun və onlar da güclənsin, dövlət tərəfindən verilən dəstək, siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin yaranmasına xidmət göstərir,- ancaq, eyni zamanda, böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır.

Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır.

Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir. Bizdə bu sahədə gözəl təcrübə vardır. Bizdə şəffaflıqla bağlı məsələlər uğurla həllini tapır. Azərbaycan Dövlət Neft Fondunu misal gətirmək olar. Dünya miqyasında ən böyük və müsbət qiymətlərə layiq olan qurumdur və biz şəffaflıqla bağlı inkişaf etmiş ölkələrin bir çoxundan qabaqdayıq. Bu sahədə əldə olunmuş nailiyyətlər bütün başqa sahələrə də şamil edilməlidir.

Miqrasiya ilə bağlı məsələlər Azərbaycanda uğurla həllini tapır. Miqrasiya da inkişafın təzahürüdür. Bir neçə il bundan əvvəl Nazirlər Kabinetinin toplantısında mən məsələ qaldırmışdım ki, vaxt gələcək və biz bu problemlə üzləşə bilərik. O vaxt gəldi və Miqrasiya Xidmətinin vaxtında yaradılması bizə imkan verdi ki, bu prosesləri lazımi səviyyədə tənzimləyək. Qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görülür. Yenə də demək istəyirəm ki, miqrasiya inkişafın əlamətidir. Əgər Azərbaycanda sürətli inkişaf olmasaydı, xaricdən Azərbaycana işləmək üçün gələnlərin sayı o qədər də çox olmazdı.

Biz əlbəttə ki, ilk növbədə daxili əmək resurslarımızı müdafiə etməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda bir milyona yaxın iş yeri yaradılmışdır və bunun tam əksəriyyəti daimi iş yerləridir, yenə də işsizlik məsələləri vardır. Elə etməliyik ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar.

Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və biz bütün inteqrasiya proqramlarına çox müsbət baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri əlbəttə ki, miqrantları cəlb edir. Bununla bərabər, onu da qeyd etməliyik ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür. Şəhərlərimizə xas olan əlamət ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda kriminogen durum da çox yaxşıdır.

Bütün bu amillər əlbəttə ki, xaricdən gələnlərə, necə deyərlər, əlavə təkan verir. Yenə də demək istəyirəm ki, biz xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq. Ancaq bütün bu işlər qanun çərçivəsində həll olunmalıdır və qanunsuz miqrasiyaya qarşı tədbirlər davam etdirilməlidir.

Növbəti aylarda sahibkarlığın inkişafı işində əlavə tədbirlər görüləcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər artıq verilməyə başlanmışdır. Bu kreditlər bütün bölgələri əhatə edir. Artıq bizdə bu sahədə təcrübə də çox müsbətdir. Bu il veriləcək kreditlər hesabına yeni müəssisələr, yeni iş yerləri yaradılacaq və ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə biz daha da böyük həcmdə nail olacağıq. Deyə bilərəm ki, bu ilin birinci rübünün uğurlu yekunları, xüsusilə qeyri-neft sektorunun artımı, o cümlədən sahibkarlığa göstərilən diqqətin nəticəsində mümkün olmuşdur. Güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlara dəstək, regional inkişaf proqramının icrası və proqrama vaxtaşırı əlavələrin edilməsi məsələləri də əlbəttə ki, müsbət rol oynayır.

Hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanır. Bundan əvvəlki iclaslarda bu barədə tapşırıqlar verilmişdir ki, böyük fermer təsərrüfatları, infrastruktur yaradılsın və bu işlərə böyük torpaq sahələri cəlb edilsin, suvarma məsələləri öz həllini tapsın.

Şübhə etmirəm ki, növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafı daha da sürətlə gedəcək və bizə imkan verəcək ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Biz bu məsələni bir neçə il bundan əvvəl qoymuşuq. Deyə bilərəm ki, miqrasiya ilə bağlı olan məsələlərdəki kimi, biz yenə də uzaqgörənlik göstərmişdik. Çünki biz ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri gündəliyə salanda o vaxt hələ bu məsələ dünya miqyasında bu qədər də kəskinləşməmişdi.

Son illər ərzində müəyyən hava şəraiti ilə, təbii fəlakətlərlə bağlı xüsusilə taxılçılıqda bəzi ölkələr tərəfindən ixraca qoyulan məhdudiyyətlər göstərir ki, biz aqrar siyasətimizi ancaq daxili resurslar üzərində aparmalıyıq. Azərbaycanda uzun illər ərzində aparılan aqrar islahatlar, 1990-cı illərdə aparılmış və davam etdirilən çox cəsarətli aqrar islahatlar, fermerlərə göstərilən dəstək, vergilərin ləğvi, bugünkü reallıqlar imkan verir ki, biz öz gücümüzə arxalanaraq ərzaq təhlükəsizliyimizi təmin edə bilək. Bu məsələ ilə bağlı sahibkarlarla görüşdə geniş fikir mübadiləsi aparılmışdır. Təkrara ehtiyac yoxdur. Sadəcə olaraq, demək istəyirəm ki, bu məsələ də daim gündəlikdə olmalıdır.

Ətraf mühitin qorunması işində səylərimizi daha da gücləndirməliyik. Düzdür, “Ekologiya ili” rəsmən başa çatdı. Ancaq hər il “Ekologiya ili” olmalıdır - həm ağacəkmə məsələləri, həm içməli su ilə təminat, neftlə çirklənmiş ərazilərin təmizlənməsi. Bu məsələlərin həlli üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur. Dövlət büdcəsinə düzəlişlər ediləndən sonra yenə də bu məqsədlər üçün vəsait nəzərə alınmalıdır.

Hazırda bütün ölkədə içməli su və kanalizasiya layihələri icra edilir. Bu layihələr daha da sürətlə icra edilməlidir və belə görünür ki, Azərbaycan dövləti, yəni dövlət büdcəmiz əsas yükü öz üzərinə götürməlidir.

Mən təxminən əvvəlki illərdə də belə qənaətdə idim ki, gec-tez biz bu məsələni də öz üzərimizə götürəcəyik. Çünki bildiyiniz kimi, beynəlxalq maliyyə qurumları ilə apardığımız danışıqlar həm uzanırdı, həm də müəyyən şərtlər irəli sürülürdü. İndi Azərbaycanın maliyyə imkanları kifayət qədər genişdir və bu rəqəmlər də səsləndi. Bizim valyuta ehtiyatlarımız artır, biz bu yaxınlarda büdcəyə əlavələr edəcəyik. Ona görə əsas yükü Azərbaycan dövləti öz üzərinə götürməlidir. Harada ki, məqbul şərtlərlə və yaxşı kommersiya şərtləri ilə kreditlərin verilməsi mümkündür, əlbəttə, biz bu imkanlardan istifadə etməliyik. Harada ki, məsələ uzanır, yaxud da şərtlər çox sərtdir, əlbəttə, mən hesab edirəm ki, biz belə kreditlərə heç müraciət etməməliyik, bu işləri daxili imkanlar hesabına görməliyik. Bu məqsədlə dövlət büdcəmizdə əlavə vəsait nəzərdə tutulmalıdır ki, işlər daha da sürətlə getsin, növbəti bir neçə il ərzində bütün ölkədə su, kanalizasiya məsələləri öz həllini tapsın.

Əlbəttə ki, bu məsələlər regional inkişaf proqramında daha da böyük həcmdə öz əksini tapmalıdır. Regional inkişaf proqramında, əlbəttə ki, bu məsələlər qoyulubdur. Konkret icra müddəti də qoyulubdur. Yəni, buna daha da böyük diqqət göstərilməlidir. Eyni zamanda, regionlarla bağlı olan layihələr arasında kənd yollarının tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlər üçün keçmişdə də vəsait ayrılmışdır və müxtəlif bölgələrdə yeni kənd yolları salınmışdır. Mən o yolların açılışında iştirak etmişəm. O yollar on minlərlə insanı, yüzlərlə kəndi birləşdirir. Yeni infrastrukturun yaradılması həm bölgələrin inkişafına xidmət göstərir, həm də insanların rahatlığı üçün çox vacibdir. Hesab edirəm ki, kənd yollarının tikintisinə böyük məbləğdə əlavə vəsait ayrılmalıdır. Hazırda yerlərdən təkliflər gəlir. İlk növbədə biz, yenə də deyirəm, böyük yaşayış məntəqələrini birləşdirən yolların tikintisi ilə məşğul olmalıyıq. Əlbəttə ki, biz ən bərbad vəziyyətdə olan yolları da bərpa etməliyik, əslində yenidən qurmalıyıq. Çünki əfsuslar olsun ki, nəinki bölgələrdə, hətta Bakı qəsəbələrində və kəndlərində yolların əksəriyyəti torpaq yollarıdır.

Bu da qətiyyən dözülməz bir haldır. Ona görə, bir də demək istəyirəm ki, qəsəbələrlə bağlı olan məsələlərin içərisində yollar, su və kanalizasiya məsələləri prioritet məna daşıyır.

Bakı qəsəbələri ilə bağlı olan məsələlər haqqında mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu ay proqram qəbul ediləcəkdir. Proqrama çox ciddi nəzarət edilməlidir. Həm Bakı İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, İqtisadi İnkişaf Nazirliyi tərəfindən proqram vaxtaşırı təhlil olunmalıdır, əlavələr edilməlidir. Mən ümid edirəm ki, qəsəbələrə aid olan bütün məsələlər proqramda öz əksini tapacaqdır.

Ancaq həyat yerində durmur. Biz regional inkişaf proqramının icrası ilə bağlı bu mənzərə ilə üzləşmişdik ki, müəyyən mərhələlərdə düzəlişlər də, əlavələr də edildi. Hər halda bu məsələ ölkə qarşısında duran məsələlərin içərisində xüsusi əhəmiyyətə malikdir. Bununla bərabər, həm regional proqram, həm Bakı qəsəbələrinin inkişafı proqramı çərçivəsində qəzalı vəziyyətdə olan məktəblərin bərpası və yenidən qurulması məsələləri öz həllini tapmalıdır.

Son illərdə bu sahədə çox böyük işlər görülmüşdür. İki mindən artıq məktəb tikilib istifadəyə verilmişdir, əlavə korpuslar tikilmişdir. Ancaq qəzalı vəziyyətdə olan məktəblərin sayı hələ də kifayət qədərdir. Burada əlbəttə ki, müxtəlif fikirlər ola bilər: hansı məktəb qəzalı məktəb hesab olunmalıdır və burada fikir müxtəlifliyi vardır. Çünki mən bu məsələ ilə bağlı göstərişlər vermişəm ki, qəzalı vəziyyətdə olan məktəblərin sayını mənə versinlər və o məktəblər hansı rayonlarda, hansı qəsəbələrdə yerləşir. Hər halda, mən hesab edirəm ki, Azərbaycanda pis vəziyyətdə məktəb olmamalıdır. Bunu ya qəzalı adlandırmaq, yaxud da ki, pis vəziyyətdə olan məktəb kimi qələmə vermək olar. Ancaq bütün məktəblər yaxşı vəziyyətdə olmalıdır. Harada ki yenidən qurulmalıdır onu edəcəyik, harada ki, təmirə ehtiyac var əlbəttə ki, onlar təmir olunacaqdır. Yaxın gələcəkdə o məktəblərin dəqiqləşdirilmiş siyahısı verilməlidir. Büdcəyə əlavələr edilən zaman bu məqsədlər üçün də vəsait nəzərdə tutulacaqdır. Bununla bərabər, ölkədə uşaq bağçaları ilə bağlı problemlər də vardır. Biz bu problemləri bilirik. Bu problemlər müstəqilliyimizin ilk illərində yaranmışdır. O vaxt uşaq bağçalarının bir hissəsi özəlləşdirilmişdir. Yaxud da ki, onlardan başqa məqsədlər üçün istifadə olundu. Bəzilərində dükanlar, restoranlar, digər məişət obyektləri yaradıldı. Yəni, o dövrdə belə xoşagəlməz hallara yol verilirdi. Ona görə, hazırda mövcud olan uşaq bağçaları bizim tələbatımıza heç uyğun gəlmir.

Nəzərə alsaq ki, Azərbaycan əhalisi də artır və bu, çox müsbət haldır. Artıq Azərbaycanda doqquz milyon əhali vardır. Sovet vaxtında tikilmiş bağçalar daha az əhaliyə hesablanmışdır. Ona görə bu vəziyyət çox ciddidir. Burada yeganə yol, hesab edirəm real yol ondan ibarətdir ki, yeni uşaq bağçaları tikilməlidir. Mən hesab etmirəm ki, biz özəlləşdirmənin nəticələrinə yenidən baxaq. Bu, mümkün deyildir. Azərbaycan bazar iqtisadiyyatına sadiq olan ölkədir. Azərbaycan xarici və daxili investorlar üçün çox etibarlı ölkədir və bu, bizim böyük nailiyyətimizdir. Çünki hamı bilir ki, Azərbaycan öz sözünə sadiq olan ölkədir və investisiyalar,- istər xarici, istər daxili, – dövlət tərəfindən qorunur. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Ona görə bizim bircə yolumuz qalır ki, yerlər müəyyən edilsin və biz uşaq bağçalarının tikintisinə geniş şəkildə başlaya bilək. Ona görə bu göstərişi də verirəm. Büdcəyə əlavələrdə bu məsələ mütləq öz həllini tapmalıdır. Bu il və növbəti illərdə uşaq bağçalarının tikintisi proqramı icra edilməlidir.

Nefq-qaz sektorunda işlər gedir. Azərbaycan öz imkanlarını genişləndirir və bütün ölkədə qazlaşdırma prosesi gedir. Demək olar ki, hər həftə hansısa bir yeni kənd qazlaşdırılır. Bütün infrastruktur yenidən qurulur, bu işlər müasir səviyyədə görülür və hesab edirəm ki, növbəti iki il ərzində ölkədə qazlaşdırma ilə bağlı əsas məsələlər öz həllini tapacaqdır. Bu ilin birinci rübündə Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə bəyannamə imzalanmışdır. Bu bəyannamə hər iki tərəfin maraqlarını təmin edir. Bəyannamədə Azərbaycan Avropa istehlakçıları üçün təchizatçı və kömək edən ölkə kimi göstərilir. Bu bəyannamənin çox böyük mənası vardır. Azərbaycanın zəngin qaz ehtiyatları müxtəlif yollarla dünya bazarlarına çatdırılır və çatdırılmalıdır. Biz elə etməliyik ki, zəngin qaz ehtiyatlarımızdan maksimum dərəcədə səmərəli şəkildə istifadə edək, yaxın gələcəkdə hasilatın həcmini artıraq. Bunu etmək üçün, şübhəsiz, bizim üçün mövcud olan bazarlarda qazımızın həcmini artırmalıyıq və yeni bazarlara çıxmaq üçün çalışmalıyıq. Hazırda müxtəlif ölkələrlə ikitərəfli danışıqlar gedir və əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr, imzalanmış sənədlər bu məsələnin həlli üçün mühüm addım olacaqdır.

Bizdə elektrik enerjisinin istehsalı sahəsində bütün işlər lazımi səviyyədə aparılır. Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkəyə çevrilibdir. Biz bütün qonşu ölkələrə enerji ixrac edirik. Bununla bərabər, biz yenə də ölkə daxilindəki enerji güclərini artırırıq. Növbəti müddətdə biz elektrik xətlərinin yeniləşməsinə daha çox diqqət verməliyik. Çünki generasiya güclərimiz kifayət qədərdir. Bu il Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Onun gücü 25 meqavatdır və “Cənub” Elektrik Stansiyası istifadəyə verilməlidir. Onun gücü isə 800 meqavata yaxındır. Hazırda müxtəlif hesablamalara görə 1000 meqavata yaxın əlavə enerji gücümüz vardır ki, biz ondan istifadə etmirik. Biz gələcəkdə əlbəttə ki, elektrik enerjisinin ixracı ilə daha da ciddi məşğul olmalıyıq. Bunu etmək üçün qaz sahəsində olduğu kimi, həm hazırkı bazarlara ixracı artırmalıyıq, eyni zamanda, yeni bazarlara da çıxmalıyıq. Bu məqsədlə hazırda Azərbaycan ilə Gürcüstan arasında 500 kilovotluq enerji xətlərinin tikintisi başlanmışdır. Bu məqsədlə Samuxda yeni böyük yarımstansiya tikilmişdir. Mən bu yaxınlarda onun açılışında iştirak etmişəm. Yəni, bütün bu işlər bizə lazımdır ki, maksimum dərəcədə elektrik enerjisini ixrac edə bilək. Neft və qazdan sonra üçüncü vacib ixrac xəttimiz bu xətt olmalıdır. Bununla bərabər, bərpa olunan enerji mənbələrinin yaradılması prosesi gedir, kiçik su elektrik stansiyaları tikilir, bir neçəsinin təməl daşı qoyulmuşdur. Yenə də kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və Azərbaycanda digər alternativ enerji mənbələrinin yaradılması prosesi gedir.

Magistral yolların tikintisi ilə bağlı əlavə tədbirlər görülməlidir. Çox işlər görülüb. Bütün magistral yollarda işlər gedir. Şəhərlərarası yollar, kənd yolları tikilir. Hesab edirəm ki, biz ilin sonuna qədər bu sahədə əlavə vəsaitin ayrılması hesabına işi daha da sürətləndirməliyik. Xüsusilə Bakı-Rusiya sərhədi yolunun davam etdirilməsi üçün əlavə vəsait nəzərdə tutulmalıdır ki, biz bu yolun tikintisini tezliklə başa vuraq. Yolun böyük hissəsi artıq beynəlxalq standartlara uyğundur. Sərhədə yaxın olan qalan hissənin tikintisini də tezliklə təmin etməliyik. Bakı-Gürcüstan yolunun bir hissəsi ikizolaqlı, bir hissəsi dördzolaqlıdır. Nəzərə alsaq ki, o yoldan istifadə çox intensiv xarakter daşıyır, biz ikizolaqlı hissəni dörd zolağa genişləndirməliyik. Bu tapşırığı da verirəm ki, Bakıdan Gürcüstan sərhədinə qədər bu yolun hamısı dördzolaqlı olsun.

Bu layihəyə başlamaq üçün əlavə vəsait nəzərdə tutulmalıdır. Bakı-İran sərhədi yolunun inşası cədvəl üzrə gedir. Bu yol bəri başdan dördzolaqlı kimi nəzərdə tutulmuşdur. Orada bütün işlər cədvəl üzrə gedir. Yolların tikintisi ilə vaxtaşırı tanış oluram və işlər lazımi səviyyədə görülür.

Bakı-Şamaxı yolu. O da demək olar ki, Bakı-Balakən sərhəd yolunun bir hissəsidir. O da yenidən qurulub. İkizolaqlı yol kimi qurulub. Hesab edirəm, bu yolu da dörd zolağa genişləndirmək üçün əlavə tədbirlər görülməlidir ki, bu yolla gedib-gəlmək daha da rahat olsun.

Bakıda yeni qovşaqlar, körpülər, tunellər tikilir. Bu işlər şəhərimizin müxtəlif yerlərində gedir. Bakı qəsəbələrinin proqramı çərçivəsində qəsəbələrarası yolların tikintisi də nəzərdə tutulur. Bu işlər daha da sürətlə aparılmalıdır. Bütün bu işləri görmək üçün yaxın zamanlarda büdcəyə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. İndi müvafiq göstərişlər verilmişdir, təkliflər hazırlanır. Nəzərə almalıyıq ki, əlavə maliyyə resurslarımız vardır, dünyada neftin qiyməti artmışdır. Təbii olar ki, biz həllini gözləyən məsələləri elə bu il həll edək və bu məsələləri gələn ilə saxlamayaq. İlk növbədə qeyd etdiyim məsələlər, infrastruktur layihələri əlavə edilməlidir, tikinti işləri, sosialyönümlü tədbirlər, - bu barədə burada deyildi, - dürüstləşmə zamanı nəzərə alınmalıdır.

Azərbaycanda sosialyönümlü tədbirlər vaxtaşırı aparılır. Həm uzunmüddətli proqramlar çərçivəsində, həm də lazım gələndə əlavə tədbirlər görülür. Mən onların arasında bu yaxınlarda əhalinin suya olan borclarının silinməsi məsələsini qeyd etmək istəyirəm. Bu, bizim sosial siyasətimizin nə qədər güclü olduğunu göstərir. Bu addım xoşniyyətli addımdır və hesab edirəm ki, düzgün addımdır, sosial ədalət prinsipləri baxımından düzgün addımdır, bazar iqtisadiyyatı prinsipləri baxımından bəlkə də o qədər də düzgün addım deyildir. Ancaq bizim üçün əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bu prioritetlər sırasında sosial məsələlər birinci yerdədir. Ancaq o da həqiqətdir ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ öz həllini tapa bilməz. Ona görə dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əməkhaqqılarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır.

Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxmışdır. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq.

Bütün digər məsələlər öz həllini tapır. Yenə də demək istəyirəm ki, hökumət üzvləri öz vəzifə borcunu yaxşı bilirlər. Ölkədə bütövlükdə işlər yaxşı gedir. 2011-ci ilin birinci rübünün yekunları da bunu təsdiqləyir. Gələn aylarda, ilin sonuna qədər biz eyni əzmkarlıqla və peşəkarlıqla işləməliyik, ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik.

Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo