İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış etmişlər

05 aprel 2011, 13:45
İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış etmişlər

Sənədlərin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Cənab Prezident, ilk növbədə mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz!

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər çox uğurlu olacaq və onun çox gözəl nəticələri olacaqdır. Bizim siyasi əlaqələrimiz sürətlə inkişaf edir. İki il bundan əvvəl mən Sizin ölkənizə səfər etmişdim və o səfəri çox yaxşı xatırlayıram. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi bir də onu göstərdi ki, ölkələrimiz arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Sizin Azərbaycana bugünkü səfəriniz bunu bir daha təsdiq edir.

Biz səfər zamanı aparılan danışıqlar nəticəsində ikitərəfli əlaqələrimizin inkişafına nail olacağıq. İkitərəfli gündəlik çox genişdir. Bu gün biz Sizinlə geniş fikir mübadiləsi apardıq. Siyasi əlaqələrimizin inkişafı üçün gözəl perspektivlər var, iqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur. Sabah keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu bunu bir daha təsdiq edəcəkdir. Əminəm ki, ölkələrimizin iş adamları da bir-biri ilə səmərəli əlaqələr qura biləcəklər. Qarşılıqlı investisiyaların qoyuluşu üçün gözəl şərait var. Biz Yunanıstan şirkətlərini Azərbaycanda görməyə çox şad olarıq və Azərbaycanda iş görmək üçün yeni imkanlar açılır. Bir sözlə, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yaxşı perspektivlər vardır. Eyni zamanda, Yunanıstan-Azərbaycan birgə hökumətlərarası komissiya da səmərəli fəaliyyət göstərir və bu gün onun fəaliyyəti haqqında bizə məlumat verilmişdir.

Əlaqələrimizin vacib sahəsi olan enerji sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Bu sahədə ilkin nəticələr də var. Artıq bir neçə ildir ki, Azərbaycan qazı Yunanıstana nəql edilir. Əminəm ki, bu gün imzalanmış sənəd gələcəkdə bu sahədəki əməkdaşlığı, imkanlarımızı daha da genişləndirəcəkdir. Azərbaycan Yunanıstana ixrac olunan qazın həcminin artırılmasında maraqlıdır və biz gələcəkdə Yunanıstanın tranzit imkanlarından da istifadə etmək istəyirik. Biz sözlə, bu sahədəki əməkdaşlıq nəinki ikitərəfli əlaqələrimizin inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcəkdir.

Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar qaz sahəsində əməkdaşlığın inkişafına gətirib çıxarmalıdır. Biz bunda maraqlıyıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini göstərir və gələcəkdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Biz buna şübhə etmirik. Cənub qaz dəhlizi ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış bəyannamə icra olunur. Bəyannamədə nəzərdə tutulmuş vəzifələrin icra olunması ilə, əlbəttə ki, Azərbaycan Avropa üçün etibarlı, qazla təmin edən ölkəyə çevriləcəkdir. Bir sözlə, bu sahədə əməkdaşlıq üçün çox böyük imkanlar və daha da böyük perspektivlər var. Bununla bərabər, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından Yunanıstan çox müsbət rol oynayır. Bu barədə mən Sizə bu gün öz minnətdarlığımı bildirmişəm. Hazırda “Şərq tərəfdaşlığı” proqramı icra olunur və bu proqramın da çox gözəl perspektivləri ola bilər.

Eyni zamanda, biz bu gün regional əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Regionda gedən proseslər, regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi etdik.

Mən cənab Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair son danışıqlar haqqında məlumatlandırdım. Danışıqlar gedir və biz ümid edirik ki, uğurla nəticələnəcəkdir. Biz istəyirik ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra olunsun. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal hələ də davam edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, digər beynəlxalq təşkilatlar – ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti də qətnamələr qəbul etmişdir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun. Biz ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də beynəlxalq hüquq prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır. Bir də demək istəyirəm ki, bu barədə mən Prezident Papulyası məlumatlandırdım və Azərbaycanın mövqeyi haqqında öz fikirlərimi bildirmişəm.

Bütövlükdə, Yunanıstan-Azərbaycan əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Biz əlaqələrimizin səviyyəsindən çox məmnunuq və Prezidentin bugünkü səfəri bir də onu göstərir ki, bizim aramızda çox yüksək səviyyədə qarşılıqlı etimad var, qarşılıqlı maraqlarımız var. Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı nəticəsində ölkələrimizin vətəndaşları da bir-birini daha da yaxşı tanıyacaqlar. İnsanlar arasında təmaslar daha da sıx olacaqdır. Beləliklə, gələcəkdə Yunanıstan-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, mən bir daha Sizi və Sizinlə bərabər ölkəmizə gəlmiş nümayəndə heyətinin bütün üzvlərini Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, Sizin səfəriniz yaddaqalan olacaq və Siz vətəninizə xoş təəssüratlarla qayıdacaqsınız.

X X X

Yunanıstan Prezidenti Karolos Papulyasın bəyanatı

- Bakıya səfərimdən çox məmnunam. Mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə cənab Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm.

Prezident Əliyev ilə geniş fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi ikitərəfli münasibətlərimizə, habelə regional və qlobal məsələlərə aid idi. Bizim ikitərəfli münasibətlərimiz çox gözəldir. Biz üç ikitərəfli sənəd imzaladıq. Bunlar nəqliyyat, elm və enerji sahələrində əməkdaşlığa aid sənədlərdir.

Biz enerji sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanmış Anlaşma memorandumunu yüksək dəyərləndiririk. Hesab edirik ki, ikitərəfli münasibətlərimiz, xüsusən də ticari və iqtisadi münasibətlərimiz daha da gücləndirilə bilər. Bu baxımdan sabah keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu iqtisadi və ticari münasibətlərimizin daha da genişləndirilməsi üçün böyük imkanlar açır.

Prezident Əliyev ilə enerji sahəsində əməkdaşlıqda irəliləyiş məsələlərini də müzakirə etdik. Yunanıstan artıq Cənubi və Mərkəzi Avropa üçün enerji qovşağına çevrilmişdir. Bu baxımdan biz təbii qazı nəql edən boru kəmərinin inşasında da maraqlıyıq. Biz istəyirik ki, Azərbaycandan gələn bu boru kəməri Yunanıstandan keçərək İtaliyaya getsin.

Mən, eyni zamanda, Prezident İlham Əliyevə problemlər haqqında da məlumat verdim. Kipr məsələsinə toxunaraq qeyd etdik ki, biz bu məsələnin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri çərçivəsində həllinə ümid bəsləyirik. Hesab edirik ki, bu cür beynəlxalq məsələlər məhz bu müstəvidə həll olunmalıdır.

Eyni zamanda, biz Şimali Afrikada baş verən hadisələrə toxunduq. Dağlıq Qarabağ problemini də qeyd etmək istərdim. Biz istəyirik bu məsələ ATƏT-in Minsk qrupunun səyləri ilə dinc yolla öz həllini tapsın və bu, tezliklə baş versin. Yunanıstan Avropa İttifaqının Qafqaz üzrə təşəbbüsünə, xüsusən də “Şərq tərəfdaşlığı”na xüsusi diqqət yetirir. Bizim ölkəmiz Qara dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsünə də xüsusi diqqət yetirir. Bu baxımdan biz Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış memorandumu yüksək dəyərləndiririk. Mən Prezident Əliyevi əmin edirəm ki, o, Yunanıstanın real dəstəyinə arxalana bilər.

Yekunda mən çox səmimi müzakirələrə görə Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm və hesab edirəm ki, Yunanıstan ilə Azərbaycan arasındakı münasibətlər bundan sonra genişlənməkdə davam edəcəkdir. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34