Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

15 mart 2016, 16:20
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli Prezident, əziz qardaşım İlham Əliyev.

Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.

Hörmətli nazirlər, mətbuat nümayəndələri.

Sizi ən səmimi hisslərimlə, sevgi və ehtiramla salamlayıram.

Əziz qardaşım İlham Əliyevə və çox hörmətli nümayəndə heyətinin üzvlərinə şəxsən öz adımdan və millətim adından ölkəmizə, paytaxtımıza “Xoş gəldiniz!” deyirəm.

Çıxışımın əvvəlində azərbaycanlı qardaşlarımıza terror hücumundan sonra Ankaraya gələrək göstərdikləri güclü həmrəyliyə görə təşəkkürümü çatdırıram. Biz bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını əslində Bakıda keçirməli idik. Ancaq sağ olsun qardaşım Əliyev bu hadisə ilə əlaqədar dedi ki, biz gələk və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını Bakıda deyil, təkrar olsa da Ankarada keçirək.

Mən bu səfəri, bu gün burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirirəm. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu iclasının Ankaramızda keçirilməsini çox təqdirəlayiq hesab edirəm və mərhum Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” anlayışının daha bir təzahürü olduğunu bildirirəm. Qardaşım İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi. Buna görə ona dərindən təşəkkürümü bildirirəm.

Mən burada verilən mesajın əslində hamı tərəfindən diqqətlə oxunmasını arzu edirəm. Terrora dəstək verməyi, terrorçuya pərdə olmağı azadlıq deyə təqdim edənlər, cənazələrimiz dəfn olunmamış siyasi maraq güdənlər bu qardaşlıq mesajından lazımi dərs çıxarmalıdırlar. Belə hadisələr və bildirilən etirazlar məsələnin əsl mahiyyətinin məkan birliyi deyil, bir ruh və könül birliyi olduğunu açıq-aşkar ortaya qoyur. Burada bir məqamı bir daha xüsusi qeyd etmək istəyirəm. Bazar günü törədilən terror aktı bütün Türkiyəyə, 79 milyon insana qarşı törədilmiş bir hücumdur.

Bu hücumla terror təşkilatı cani və mənfur üzünü bir daha göstərdi. Hücumun hədəfi millətimizin arasına qorxu toxumu səpmək, Türkiyəni hədəfindən, müqəddəs addımlarından, məqsədlərindən çəkindirməkdir. Amma bunu əsla bacara bilməyəcəklər, bu, mümkün deyil.

Terrordan alət kimi istifadə edənlər, məsum insanların qanını axıdanlar Türkiyəni əsla diz çökdürə bilməyəcəklər. Tam əksinə, özləri diz çökəcəklər. İnşallah, millət olaraq dost və qardaş ölkələrin dəstəyi ilə bu sıxıntıları da geridə qoyacağıq. Yeni Türkiyəni hamımız birlikdə inşa edirik və edəcəyik.

Mən başda əziz qardaşım Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarıma millətimiz adından təşəkkür edirəm. Biz də Türkiyə olaraq işğal altında saxlanılan Dağlıq Qarabağ başda olmaqla bütün sahələrdə azərbaycanlı qardaşlarımızın yanında olmağı qətiyyətlə davam etdiririk və etdirəcəyik.

Hörmətli mətbuat nümayəndələri, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu gün beşinci iclasını keçirdik. Bu iclasımızda enerji, nəqliyyat məsələlərini birlikdə müzakirə etdik. Bununla yanaşı, müdafiə, hərbi və bütün bu istiqamətlərdə əməkdaşlığı müzakirə etdik. Bir az əvvəl də gördüyünüz kimi, altı müqaviləni imzaladıq. Bunlardan biri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”dur. İkincisi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”, üçüncüsü isə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş” idi. Dördüncüsü, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”, beşincisi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”, altıncısı da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu” idi.

Bütün bu fəaliyyətlə bərabər, 25 il ərzində Azərbaycanın çatdığı səviyyəni, nail olduğu uğurları türkiyəli qardaşları olaraq daim təqdir etdik və təqdir edirik. Burada Azərbaycanın müstəqilliyinin həqiqi memarı mərhum Heydər Əliyevi bir daha rəhmətlə yad edirəm. Onun qoyub getdiyi mirasa əziz qardaşım İlham Əliyev böyük müvəffəqiyyətlə sahib çıxdı və sahib çıxır. Bugünkü iclasımızın, keçirdiyimiz görüşlərin, qəbul etdiyimiz qərarların Azərbaycanın bu sürətli inkişafına dəstək olacağına inanıram.

Bir az əvvəl əziz qardaşımla təkbətək görüşdə ətraflı müzakirələr apardıq. Ondan sonra nümayəndə heyətləri arasında görüş keçirdik. Nazirlərimiz öz aralarında gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr apardılar. Bildiyiniz kimi, ilboyu nazirlərimizin görüşləri keçirilir və prezidentlərin də iştirakı ilə bir il Azərbaycanda, bir il Türkiyədə olmaqla bu iclaslar davam edir.

İclasımızda təbii ki, terrorla mübarizə istiqamətində nə iş görə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Dünya iqtisadiyyatında və bölgəmizdə geosiyasi proseslər əlbəttə ki, hamımıza təsir edir. Buna qarşı ortaq tədbirlərimiz nələr olar bilər - bunu da müzakirə etmək imkanımız oldu.

Qarşıdakı günlərdə cənab Əliyev ilə mühüm tədbirlərlə əlaqədar yenidən görüşlərimiz olacaq. Bilirsiniz ki, qarşıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı keçiriləcək. Bu Zirvə Toplantısında onu yenə İstanbulda, inşallah, qəbul edəcəyik. Bildiyiniz kimi, bizim cənab Zapatero ilə başlatdığımız mədəniyyətlərarası dialoq məsələsi var. Bunun üçün də aprelin 25-26-da, inşallah, Bakıda olacağam. Orada həmin tədbirlərdə birlikdə olacağıq. Ondan sonra digər beynəlxalq tədbirlərdə, o cümlədən bu ayın sonunda Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində birlikdə iştirak edəcəyik və orada baxışlarımızı beynəlxalq ictimaiyyətlə bölüşəcəyik.

İslamafobiyanın, ksenofobiyanın və irqçiliyin gücləndiyi bir dövrdə inanıram ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünyaya mühüm mesajı Bakıdan verəcəkdir. Prezident İlham Əliyevi 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar təbrik edirəm. Bununla yanaşı, qardaşım Əliyevi may ayında İstanbulda ev sahibliyi edəcəyimiz, ilk dəfə keçiriləcək Dünya Humanitar Zirvə toplantısına də dəvət etdim. Ümid edirəm ki, proqramı imkan versə orada birlikdə olarıq.

Hörmətli mətbuat nümayəndələri, Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz ən mühüm layihə bildiyiniz kimi TANAP-dır. TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən “Cənub” qaz dəhlizi məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq. Bu münasibətlə fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdiyi üçün Azərbaycanı təbrik edirəm.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat sahəsindəki mühüm layihəmizdir. Londondan Pekinə qədər dəmir yolu nəqliyyatını mümkün edəcək layihənin, inşallah, dekabrda birlikdə açılışını edəcəyik. Beləliklə də bu nəhəng layihə açılışı ilə dünyaya önəmli bir mesaj olacaqdır.

Ticari əlaqələrimizə gəldikdə, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi 2015-ci ildə inkişaf tempinə təsir etdi. Buna baxmayaraq, 2023-cü il üçün 15 milyard dollarlıq hədəfimizi qüvvədə saxlayırıq və bunu həyata keçirmək üçün, inşallah, lazım olan tədbirləri görəcəyik.

Qarşılıqlı sərmayə qoyuluşu hazırda 13 milyard dollar səviyyəsindədir. Bunu da artıraraq, inşallah, beş ildə 20 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırırıq. İclasımızda xüsusilə Naxçıvanın artan ixracat potensialını dəyərləndirərək müştərək fəaliyyətə qərar verdik. İstər Naxçıvanın məhsullarını ölkəmizdə görmək, istərsə də onun turizm imkanlarından yararlanmaq mühüm istiqamətdir. Bilirsiniz ki, Naxçıvanda turizm baxımından çox önəmli məkanlar var. Vətəndaşlarımıza Naxçıvanı bu baxımdan öz səfər proqramlarına daxil edərək gəzmələrini, xüsusilə duz mağaralarında müalicə olunmaları ilə bağlı təklifimi də buradan xüsusi xatırladıram. Əziz qardaşımla həmin duz mağaralarını birlikdə gəzdim, gördüm. Ona görə də eşidərək deyil, görərək söyləyirəm. Bu baxımdan müəyyən bir təcrübə vardır.

Görüşlərimizdə hərbi sənaye və təhlükəsizlik məsələlərini bir daha müzakirə etdik. Müdafiə sənayesi sahəsində bəzi konkret addımların atılmasını qərarlaşdırdıq. Qarşıdakı aylarda keçiriləcək üçüncü Türkiyə-Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlığı Toplantısının bu baxımdan mühüm fürsət olacağına inanıram.

Bu düşüncələrlə çıxışımı yekunlaşdıraraq əziz qardaşım, cənab Prezident Əliyevə göstərdikləri alicənablığa və qədirbilənliyə görə şəxsən öz adımdan, millətim adından bir daha təşəkkürümü ifadə edirəm və sözü ona verirəm.

                                                                                               X X X

Prezident İlham Əliyevin bəyanatı

- Əziz qardaşım, hörmətli Cümhurbaşqanı.

Əziz dostlar.

İlk növbədə, iki gün bundan öncə Ankarada törədilmiş amansız terror aktı ilə əlaqədar Azərbaycan xalqı və dövləti adından qardaş türk xalqına başsağlığı vermək istəyirəm. Allah ölənlərə rəhmət eləsin, yaralananlara şəfa versin. Qurbanların yaxınlarına, qohum-əqrəbalarına Allah səbr versin.

Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz.

İyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir. İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində, başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başlamışdır. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik.

Əziz qardaşım qeyd etdiyi kimi, biz bütün sahələrdə uğurla əməkdaşlıq edirik. Bu gün burada imzalanan sənədlər, apardığımız danışıqlar bir daha bizim birliyimizi nümayiş etdirir. Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik. Biz çox şadıq ki, Türkiyə dünya çapında güc mərkəzinə çevrilibdir. Əziz qardaşımın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilmişdir. Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir. Türkiyəyə dünya birliyi tərəfindən bəslənilən inam və rəğbət bizi sevindirir.

Təsadüfi deyil ki, keçən ilin noyabr ayında Türkiyə “Böyük 20”liyə ev sahibliyi etmişdir. Bizi fərəhləndirən məsələ ondan ibarətdir ki, Türkiyə bu mötəbər tədbirə Azərbaycanı dəvət etmişdir. Türkiyə bir ölkəni dəvət edə bilərdi, o ölkə də Azərbaycan oldu. Bu qardaşlığa görə, əziz qardaşım, şəxsən Sizə və bütün türk xalqına bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək bizim üçün çox önəmlidir.

Bizi hərbi əməkdaşlıq birləşdirir. Bizim hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirmişlər. Bu da gözəl ənənəyə çevrilmişdir. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir.

Əziz qardaşım qeyd etdiyi kimi, enerji layihələri bizi birləşdirir. 2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün “Cənub Qaz Dəhlizi” layihəsi reallaşa bilməzdi. Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Zatən, bu layihənin təməl daşını da Qars şəhərində bərabər qoymuşuq.

Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır.

Mədəniyyətlərarası dialoqun dərinləşməsi işində Türkiyənin xüsusi rolu vardır. Hörmətli Prezident qeyd etdiyi kimi, gələn ay Bakıda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu Forumun təşəbbüskarı da hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandır. Türkiyənin, Azərbaycanın dünya mədəniyyətinə verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Biz İslamafobiyaya qarşı bərabər, birgə səylərlə mübarizə aparırıq. Bu gün İslamafobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilibdir. Əfsuslar olsun ki, bir çox media qurumları İslama, İslam mədəniyyətinə, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparır. İslamı ləkələmək, qaralamaq, terrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu, dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Biz bu gün qaçqınlar böhranını görürük. Yenə də burada əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə artıq aylardır ki, milyonlarla köçkünü-qaçqını təmənnasız olaraq öz ərazisində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi, bilirik ki, bu, nə qədər ağır məsələdir. Azərbaycan 1990-cı illərin əvvəllərində erməni işğalı nəticəsində yaranmış humanitar fəlakətlə üz-üzə qalmışdı.

Bu gün bu köçkünlər nicat tapmaq, canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır. Onlar haqqında olmazın yalanları yayılır. Bəs ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət haradadır?! Biz bunu görmürük. Ona görə Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik. Mən bir daha Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, ağır yükü öz üzərinə götürüb. Türkiyə bir daha bütün dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar.

Bir sözlə, bizim aramızdakı əlaqələr demək olar ki, bütün sahələri əhatə edir. Bir daha qeyd etmək istəyirəm, - mən hesab edirəm və əminəm ki, həm Türkiyədə, həm Azərbaycanda bu fikirlə hər kəs razı olar, - bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik.

Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş türk xalqına səadət, sülh, əmin-amanlıq, yeni qələbələr arzulayıram.

Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34