İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir
17 mart 2011, 13:00
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlət başçısı yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxdı.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılmışdır. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteo avadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.
Qeyd olundu ki, 2003-cü ildən Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı işə düşmüşdür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilmişdir. Bundan başqa, respublikamızın mülki aviasiyasının kompleks inkişafı çərçivəsində Qəbələ beynəlxalq hava limanının tikintisinin bu ilin payızında tamamlanması nəzərdə tutulmuşdur.
Məlumat verildi ki, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Bundan başqa, 2011-2014-cü illərdə yeni ən müasir təyyarələrin alınması nəzərdə tutulmuşdur. Hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 23 şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.
Diqqətə çatdırıldı ki, respublikamızın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın inkişafında da mühüm rol oynamışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanması bu istiqamətdə həyata keçirilən vacib tədbirlərdən biridir.
Qeyd edildi ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni layihə həyata keçirildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcəkdir. Ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetr təşkil edəcəkdir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcəkdir.
Məlumat verildi ki, yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaqdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlıqların tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal da tam müasirləşdiriləcəkdir.
Bildirildi ki, inşa olunacaq beşmərtəbəli Uçuşları İdarəetmə Mərkəzinin binasında ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaqdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr olacaqdır. Perron və yönəldici yollar da yenidən qurulacaqdır.
Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
Prezident İlham ƏLİYEV “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarını və inşaatçıları təbrik edərək dedi:
- Sabahınız xeyir olsun.
Mən sizi ürəkdən salamlayıram.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir hadisədir. Bakıda yeni aeroportun təməl daşını qoyuruq. Ümid edirəm ki, yaxın zamanlarda – iki ildən sonra Bakıda yeni gözəl, əzəmətli aeroport istifadəyə veriləcəkdir. Bir müddət bundan əvvəl mən yeni aeroportun tikintisi ilə bağlı müvafiq tapşırıqlar vermişəm. Çünki indiki aeroport artıq Azərbaycanın inkişafına uyğun deyildir. Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə gələnlərin sayı artır. Beləliklə, yeni müasir aeroportun tikintisinə böyük ehtiyac var idi və çox istəyirdik ki, bu aeroport həm funksional baxımdan, həm də gözəlliyi ilə seçilsin. Əminəm ki, dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaqdır.
Son illərdə Azərbaycanın müxtəlif şəhərlərində aeroportlar tikilib. 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada. Bu il Qəbələdə beynəlxalq aeroport istifadəyə veriləcəkdir. Bakıda yeni beynəlxalq aeroportun tikintisi də artıq başlayır. Bu işlərə həm yerli şirkətlər, mütəxəssislər, həm də dünyanın tanınmış şirkətləri cəlb edilmişlər.
Aeroport əslində gözəl bir memarlıq abidəsidir. Hazırda Bakıda və ölkəmizin digər şəhərlərində yeni gözəl binalar tikilir. O binalar ölkəmizin inkişafını göstərir. O binalar yeni Azərbaycanın rəmzlərinə çevrilir. O cümlədən bu aeroport - ölkəmizin giriş qapısı müasir Azərbaycanın inkişafını və indiki vəziyyətini əks etdirməlidir.
Mən əminəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında öz gözəlliyi və funksional keyfiyyətləri ilə seçiləcəkdir. Həm aerovağzal binası çox gözəl olacaq, həm də uçuş-enmə zolaqları yenidən qurulacaq, 4 kilometr uzunluğunda yeni uçuş-enmə zolağı tikiləcək, aeroportun bütün xidmətləri müasir tələblərə cavab verəcək və sərnişinlər üçün yeni gözəl şərait yaradılacaqdır.
Ölkəmizdə hava nəqliyyatının inkişafı sürətlə gedir. Burada hava nəqliyyatını təmsil edən yoldaşlar bunu yaxşı bilirlər. Son 7 ildə yeni təyyarələr - 10 Airbus təyyarəsi, ATR təyyarələri, 12 helikopter alınmışdır. Növbəti üç il ərzində Boinq tipli 6 təyyarə alınacaqdır. Onlardan ikisi ən son model olan Boinq-787 drimlayner təyyarələridir. Hazırda MDB məkanında birinci 787 tipli Boinq təyyarələri Azərbaycana gətiriləcəkdir.
Bu təşəbbüslər əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti təmin edir. Bütövlükdə nəqliyyatda gedən işlər çox müsbətdir. Hazırda Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir, dəmir yolları bərpa olunur, avtomobil yolları salınır, dəniz və hava nəqliyyatı inkişaf etdirilir.
Beləliklə, Azərbaycanda nəqliyyat infrastrukturu tamamilə yeniləşir. Təsadüfi deyil ki, Azərbaycan və Bakı artıq tranzit məsələlərin həlli üçün də mərkəzə çevrilibdir, o cümlədən hava nəqliyyatı sahəsində. Bakı üzərindən daşınan yüklərin həcmi artır. Artıq böyük yük təyyarələri Azərbaycana gəlir və bu da bizim imkanlarımızı genişləndirir. Coğrafi vəziyyətimiz elədir ki, ölkəmizin ərazisindən keçən istər hava, istər avtomobil, istərsə də dəmir yolları Azərbaycanı tranzit mərkəzə çevirib.
Beləliklə, bütün bu tədbirlərin kompleks şəkildə görülməsi ölkəmizi daha da gücləndirəcəkdir. Mən bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. Əmin edirəm ki, bu aeroport tezliklə yüksək keyfiyyətlə tikiləcək və onun açılışında biz sizinlə bir daha görüşəcəyik.
Bir daha təbrik edirəm.
X X X
Sonra Prezident İlham Əliyev tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Dövlət başçısı inşaatçılara və “Azərbaycan Hava Yolları” QSC-nin kollektivinə uğurlar arzuladı.