Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

14 mart 2011, 13:30
Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və İsveçrə Prezidenti Mişelin Kalmi-Rey mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli xanım Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Xanım Prezident, sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizi ölkəmizdə görməyimə çox şadam. Biz, sizin səfərinizə böyük önəm veririk. Bu, əlaqələrimizin çox sürətlə və uğurla inkişaf etdiyini nümayiş etdirir. Biz artıq vacib ikitərəfli səfərləri həyata keçirmişik. Mən ölkənizə rəsmi səfərimi və apardığımız danışıqları xatırlayıram. Biz bu ilin əvvəlində Davosda da görüşdük və çox səmərəli danışıqlar apardıq. Biz bu gün bu dialoqu davam etdirdik və ikitərəfli əlaqələrlə, o cümlədən regional inkişafla bağlı bir sıra əhəmiyyətli məsələləri müzakirə etdik.

İkitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir və qeyd etdiyim kimi, aramızda çox faydalı və vacib siyasi dialoq mövcuddur. Biz bu gün, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı müzakirə etdik. İqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün bu sahədə qarşılıqlı güclü maraqlarımız vardır. Bunun artıq yaxşı nəticələri mövcuddur. Biz İsveçrədən Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-enerji sektoruna sərmayə qoyuluşlarını alqışlayırıq. Ümid edirəm ki, biz yaxın illərdə buna bənzər bir çox halları görəcəyik. Bu gün mən xanım Prezidentlə apardığım danışıqlar zamanı İsveçrə şirkətlərini ölkəmizdə müxtəlif infrastruktur layihələrində iştirak etmək üçün podratçı qismində Azərbaycana dəvət etdim ki, bu şirkətlər ölkəmizdə daha çox fəaliyyət göstərsinlər. Azərbaycan şirkətləri İsveçrədə sərmayə layihələrində iştirak etməyi arzulayır. Bizim Dövlət Neft Şirkəti artıq İsveçrədə ticarət əməliyyatları və neft təchizatı sahəsində fəal surətdə işləyir. Əlbəttə ki, ikitərəfli gündəliyimizin əsas hissəsini “Cənub enerji dəhlizi”nə aid müzakirələrin, o cümlədən Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının təşkil etdiyini nəzərə alsaq, gələcəkdə enerji sahəsində daha geniş və əhatəli əməkdaşlığımızın olacağına əminəm. Azərbaycan “Cənub dəhlizi”ni dəstəkləyir və biz həmin dəhlizə aid olan bütün layihələrə, o cümlədən İsveçrənin iştirak etdiyi Transadriatik layihəsinə dəstək veririk. Hesab edirəm ki, bu layihənin çox yaxşı gələcəyi vardır. Həmin xüsusi məsələ ilə bağlı şirkətlər arasında danışıqlar gedir.

Eyni zamanda, bilirsiniz ki, bu ilin əvvəlində Azərbaycan Avropa Komissiyasının sədri cənab Barrozunun ölkəmizə səfəri zamanı enerji əməkdaşlığı haqqında bəyannaməni imzaladı. Hesab edirəm ki, bu, “Cənub dəhlizi”nin inkişafında olduqca mühüm və praktiki addım ola bilər. Bizim nəhəng neft və qaz ehtiyatlarımız vardır. Onlar bizə onilliklər boyu kifayətdir. Bizim artıq şaxələndirilmiş təchizat infrastrukturumuz da mövcuddur. Bu infrastruktur genişləndirilə, onun imkanları artırıla və yaxud da yeni qaz kəmərləri çəkilə bilər. Bu sahədə çox ciddi və mühüm əməkdaşlığa başlamaq üçün istehlakçılar və hasilatçılar arasında qarşılıqlı maraq mövcuddur. Eyni zamanda, ölkələrimizin xalqları arasındakı təmaslara da çox böyük əhəmiyyət veririk. Fikrimcə, insanlarımız bir-birini nə qədər çox tanısa, bir-birini görmək üçün nə qədər çox səfər etsə, bizim üçün bir o qədər yaxşıdır. Beləliklə, aramızda daha çox anlaşma və əməkdaşlıq olar.

Münasibətlərimiz hər zaman yaxşı və müsbət olub. Lakin deyə bilərəm ki, son bir neçə il ərzində biz ikitərəfli əlaqələrimizdə çox sürətli inkişafı görürük və qeyd etdiyim kimi, xanım Prezidentin ölkəmizə səfəri həmin qarşılıqlı marağın təzahürüdür.

Bu gün biz regional inkişafa və vəziyyətə, o cümlədən regional əməkdaşlığa və təhlükəsizliyə aid məsələləri də təfərrüatı ilə müzakirə etdik. İsveçrə Cənubi Qafqaz regionunda olduqca fəaldır. Biz İsveçrənin münaqişələrin sülh yolu ilə həllinə yönələn səylərini yüksək qiymətləndiririk. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların ən son durumu haqqında xanım Prezidentə məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, Ermənistan danışıqlar zamanı özünü konstruktiv aparacaq və işğal olunan torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edən beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyə başlayacaqdır. Bütün mühüm beynəlxalq təşkilatlar bu məsələnin həlli ilə bağlı siyasi mövqeyini bildiriblər. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi vardır. ATƏT-in qərarları, Avropa Şurası və Avropa Parlamentinin qətnamələri, İslam Konfransı Təşkilatının qərarlarında Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb edilir. Minsk qrupu 19 ildir ki, fəaliyyət göstərir. Təəssüflər olsun ki, heç bir praktiki nəticə yoxdur. Status-kvonun dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin həmin işğal edilmiş ərazilərə qayıdışına başlamaq üçün vaxt yetişib. Bu, onların öz torpaqlarında yaşamaq üçün fundamental hüquqlarıdır.

Ermənistan silahlı qüvvələri uzun müddətdir ki, onları bu hüquqdan məhrum edib. Əfsuslar olsun ki, danışıqlar zamanı əldə edilən razılaşmalar və qəbul edilən bəyannamələr Ermənistan tərəfindən pozulur. Ən son misal Prezident Medvedevin Soçidə təşkil etdiyi görüş oldu. Bu görüşün nəticəsi olaraq etimadın yaradılması tədbirləri və hər bir məsələni sülh yolu ilə həll etmək cəhdinə dair niyyətlə bağlı birgə bəyannamə imzalandı. Təəssüf ki, bundan üç gün sonra ermənilər doqquz yaşlı oğlanı qətlə yetirdilər. Doqquz yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs onda belə zorakılıq aktına əl atan tərəfə biz necə etimad göstərə bilərik?! Bu halda hədəfdə mülki şəxslər, xüsusən də adi uşaqdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi hətta öz imzasına və bəyannaməsinə belə hörmət etmir. Bu, qarşılıqlı etimad səviyyəsini ciddi şəkildə azaldır və gözlənilməz nəticələri olacaq vəziyyət yarada bilər. Biz ermənilərdən mülki şəxslərimizə qarşı xüsusi qəddarlıqla edilən hücumlara son qoymağı tələb edirik. Çünki bu, nə birinci haldır, nə də ki, ola bilsin sonuncu. Biz tərəfdən heç vaxt mülki şəxslərə, o cümlədən uşaqlara qarşı belə hərəkətlər edilməyib. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. Danışıqların hazırkı formatı sülh yolu ilə nizamlanmaya apara bilər. Bunu etmək üçün Ermənistan tərəfinin beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmək və danışıqların ruhu və formasına uyğun davranmaq üçün siyasi iradəsi olmalıdır. Bu gün müzakirə olunan məsələlər sülh yolu ilə nizamlanmaya, ərazi bütövlüyünün bərpasına, eləcə də bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına apara bilər. Biz, eyni zamanda, Dağlıq Qarabağa özünüidarəetmə statusunu güclü siyasi və təhlükəsizlik zəmanətləri ilə verə bilərik. Bu düstur müzakirə olunmaqdadır. Danışıqlarda konstruktiv mövqe tutan Azərbaycan, danışıqları bu formatda davam etdirməyə hazırdır.

Mən xanım Prezidentə danışıqların hazırkı durumu haqqında məlumat verdim, həmçinin ümidvar olduğumu bildirdim ki, biz irəliləyişin şahidi olacağıq, çünki biz vaxt itirə bilmərik. Son illər ərzində, xüsusən də 2010-cu ildə çox vaxt itirilmişdir. Fikrimcə, 2010-cu il itirilmiş imkanlar ili oldu. Zənnimcə, əvvəlki illə müqayisədə Ermənistan tərəfi daha aydın şəkildə anlayacaq ki, regionda sülh və sabitliyin bərqərar olması üçün yeganə yol işğal edilən ərazilərdən çıxmağa başlamaqdır.

Bir daha qeyd etmək istəyirəm ki, İsveçrə ilə münasibətlərimiz bizim üçün olduqca vacibdir. Əminəm ki, xanım Prezidentin səfərindən sonra bu münasibətlər davamlı şəkildə uğurla inkişaf edəcək və biz əməkdaşlıq üçün bir çox digər sahələri müəyyən edəcəyik. Ölkələrimiz bir-birinə daha da yaxınlaşacaq və biz gələcəkdə daha yaxşı nəticələr görəcəyik.

Sağ olun.

İsveçrə Prezidenti Mişelin Kalmi-Reyin bəyanatı

- Sağ olun, cənab Prezident!

Cənab Prezident!

Xanımlar və cənablar!

Cənab Prezident, Bakıda mənə göstərilən qonaqpərvərliyə və dəvətinizə görə, Sizə minnətdarlığımı bildirirəm. Bu gün səhər keçirdiyimiz danışıqlar və apardığımız müzakirələr zamanı məmnunluqla qeyd etdim ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər əladır. Həmin münasibətlər ikitərəfli əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək iradəsinə əsaslanır. Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlər dinamik və yaxşıdır. 2010-cu ildə ölkələrimiz arasında ticarət olduqca müsbət dərəcədə artıb, lakin hesab edirəm ki, bu sahədə hələ də potensial vardır. Bu gün Azərbaycan İsveçrədə istehlak olunan xam nefti təchiz edən ən mühüm ölkələrdən biridir. Ticarət və birbaşa sərmayələr sahəsində artım üçün bir çox imkanlar vardır. Çünki İsveçrə xaricdə böyük investorlardan biridir. Fikrimcə, Azərbaycanda yeni sement zavodunun İsveçrənin “Holsim” qrupu tərəfindən tikintisi həmin sərmayələrin yaxşı nümunəsidir. Qeyd etməliyəm ki, bu sərmayə ölkənizin qeyri-neft sektoruna qoyulan ən böyük investisiyadır. Mənim üçün isə bu misal iqtisadi əlaqələrimizin inkişaf potensialını nümayiş etdirir.

Biz beynəlxalq təşkilatlarda, “Bretton Woods” təsisatlarında tərəfdaşıq, eyni regional qrupdayıq, aramızda gözəl əməkdaşlıq vardır. Biz nəinki “Bretton Woods” təsisatlarında, o cümlədən Avropa Şurasında və ATƏT çərçivəsində əməkdaşlıq edirik. Bizim enerji sektorundakı əməkdaşlığımız çox əhəmiyyətlidir. Şadam ki, bu əməkdaşlıq bundan sonra da intensiv olacaqdır. 2007-ci ildə Azərbaycan ilə bağlanan anlaşma memorandumundan sonra ölkənizlə artan təmaslarımızdan çox məmnunuq. Qeyd etməliyəm ki, İsveçrə üçün Transadriatik layihəsi olduqca maraqlıdır. İsveçrənin İGEL şirkəti bu layihədə əsas iştirakçılardan biridir. İnanıram ki, Transadriatik layihəsi Azərbaycan və İsveçrənin ümumi maraqları naminə həyata keçiriləcəkdir.

Artıq 10 ildən çoxdur ki, İsveçrə Azərbaycan ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə təsisatı ilə Azərbaycanın Mərkəzi Bankı, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi arasında makroiqtisadi sahədə imkanların qurulmasına texniki dəstək layihəsində İsveçrə şirkəti iştirak edir. Rəhbərlik etdiyim nazirliyin bir hissəsi olan İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin həyata keçirilən müxtəlif əməkdaşlıq və yardım proqramları vardır. Naxçıvanda həyata keçirdiyimiz yardım layihələrindən biri ilə tanış olmaq üçün oraya səfər edəcəyəm. Bu layihə əslində 2002-ci ildə başlayıb. Buna görə də mən məmnuniyyətlə həmin layihə ilə tanış olardım. Suvarmaya aid bu layihənin məqsədi həmin bölgədə ənənəvi su mənbələrinin, yəni kəhrizlərin bərpasından ibarətdir. Biz də əvvəllər İsveçrədə bundan istifadə edirdik. Bu, mənim üçün çox vacibdir. Cənubi Qafqazda regional vəziyyətlə bağlı verdiyiniz məlumata görə çox minnətdaram.

İsveçrənin xarici siyasətinin prioritetlərindən biri münaqişələrin sülh yolu ilə həllidir. İsveçrə vasitəçidir, çünki biz neytral ölkəyik. Biz çalışırıq ki, vəziyyətə obyektiv yanaşaq. Regionunuzda olan problemlərin həllində Sizə irəliləyiş arzulayıram.

Çox sağ olun.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:42
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı...

28 sentyabr 2024, 15:42
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:38
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə...

28 sentyabr 2024, 15:38
SƏNƏDLƏR Sərəncamlar 28 sentyabr 2024
13:48
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin...

28 sentyabr 2024, 13:48
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:44
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra...

28 sentyabr 2024, 13:44
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:40
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə...

28 sentyabr 2024, 13:40