Ölkə gənclərinin bir qrupu ilə görüşdə İlham Əliyevin nitqi
29 yanvar 2016, 15:50
Bir neçə gündən sonra biz birinci Gənclər Forumunun 20-ci ildönümünü qeyd edəcəyik. Biz bu əlamətdar tarix ərəfəsində görüşürük. 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu keçirilmişdir. Doğrudan da çox əlamətdar hadisə idi. Məhz o vaxt Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu.
Ümumiyyətlə, 1996-cı il müstəqil tariximizin xüsusi ili idi. Çünki 1996-cı ildən sonra ölkəmizdə inkişaf dövrü başlamışdır. Sabitləşmə dövrü isə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra başlamışdır. Ancaq 1996-cı ilə qədər ölkəmizdə gedən proseslər imkan vermirdi ki, ölkə inamla inkişaf dövrünə qədəm qoysun. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra iqtisadi artım başlamışdır, iqtisadiyyatda tənəzzül aradan götürülmüşdür, inflyasiyanın səviyyəsi aşağı düşməyə başlamışdır. Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixinin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çox ağır vəziyyətlə üzləşmişdi. Daha doğrusu, bu vəziyyət ondan əvvəlki dövrdə yaranmışdır. Azərbaycana qarşı erməni iddiaları, torpaq iddiaları və Sovet hökumətinin bu məsələdə ermənilərin tərəfini tutması əlbəttə ki, ölkəmiz üçün böyük problemlər yaratmışdı. Hələ 1980-ci illərin sonlarında Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda, Dağlıq Qarabağ muxtar vilayətində xüsusi komitə yaradılmışdır və faktiki olaraq Dağlıq Qarabağ Azərbaycan tabeçiliyindən çıxarılmışdır. Bu, əlbəttə ki, xalqımıza qarşı məkrli planların tərkib hissəsi, onun başlanğıcı idi.
Ondan sonra Sovet hökuməti, Sovet ordusu tərəfindən xalqımıza qarşı qanlı cinayət törədilmişdir. Sovet rəhbərliyinin bilavasitə tapşırığı ilə Qanlı Yanvar faciəsi törədilmişdir, günahsız insanlar şəhid olmuşlar. Bildiyiniz kimi, faciədən sonra Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdır. Sovet hökumətini, Sovet rəhbərliyini, onların hərəkətlərini, cinayətlərini pisləmişdir. Deyə bilərəm ki, Sovet dövründə bu, çox nadir bir hadisə idi. Çünki hələ Sovet İttifaqının dağılmasına 2 il vaxt qalırdı. Sovet hökuməti kifayət qədər güclü idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı, kommunist partiyası dağılacaq. Ona görə, Heydər Əliyevin bu addımı çox cəsarətli addım idi. Əsl vətənpərvər, xalqını hər şeydən üstün tutan insanın addımı idi. Təbii ki, o, böyük siyasətçi kimi başa düşürdü ki, ona qarşı təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Hətta onun həbsi haqqında da qərar qəbul edilmişdir və o, məcbur olub Moskvadan Bakıya, özü də böyük çətinliklərlə gələ bilmişdi. Bakıda da ona qarşı təxribatlar planlaşdırılırdı. Ona görə Naxçıvana getdi və ondan sonrakı dövrünü siz tarixdən bilirsiniz. Naxçıvan camaatı, əhalisi onu müdafiə etdi. Ondan sonra isə o, Naxçıvanı müdafiə etdi. İmkan vermədi ki, Ermənistan Naxçıvanda da Dağlıq Qarabağda törətdiyi əməlləri törətsin.
Yəni, o illər doğrudan da ağır idi və gələcək inkişafımız üçün həlledici idi. 1991-ci ildə Sovet İttifaqı dağıdıldı, bütün respublikalara sanki tarixi bir şans verildi ki, öz dövlətini qursunlar. Əgər bu gün biz keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq görərik ki, bəzi ölkələr bu günə qədər də xarici təsirdən yaxasını qurtara bilməmişlər. Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu inkişaf yolunu keçən dövlətdir.
Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Erməni işğalı, torpaqlarımızın itirilməsi, Dağlıq Qarabağdan azərbaycanlıların qovulması, 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi əlbəttə ki, bizim böyük faciəmizdir. 1993-cü ilin aprel ayında Kəlbəcərin erməni işğalı altına düşməsi nəticəsində faktiki olaraq, biz Dağlıq Qarabağı Ermənistanla ayıran bölgəni də itirdik və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əlbəttə ki, çox mənfi rol oynamışdır.
Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır. Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir. Ermənistanın əlbəttə ki, böyük havadarları var idi, bu gün də var. Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq.
O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi.
Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir.
Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır. Amma vəziyyət 1996-cı ilə qədər yenə də çox gərgin idi. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu gün də bizim inkişafımızın uğurlu olmasında çox mühüm rol oynayır. Bu, çox ciddi bir siyasi və iqtisadi addım idi. Bu, bəzi xarici ölkələri çox narahat etmişdir və iki həftə keçmədən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilmişdir. Əlbəttə, Azərbaycan xalqı imkan vermədi ki, bu, baş tutsun. Amma bu, xalqımıza, dövlətimizə qarşı çox ciddi bir hərbi əməliyyat idi. 1995-ci ildə artıq digər qruplaşma - xarici oriyentasiyadan olan qruplaşma yenə də dövlət çevrilişinə cəhd göstərmişdi. O cəhd də yatırıldı. Yenə də xalq küçələrə, meydanlara çıxıb hakimiyyəti, Heydər Əliyevi müdafiə etmişdir. 1996-cı il artıq sabitləşmə ili kimi tarixdə qalır. Təsadüfi deyil ki, 1996-cı ilin əvvəlində Gənclər Forumu keçirilmişdir.
Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.
Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq.
Azərbaycan əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Xalqımız müstəqillik arzuları ilə yaşamışdır. Bu, tarixi bir şansdır ki, bizə verildi. Sovet İttifaqının dağılmasını heç kim təsəvvür edə bilməzdi. Hətta böyük dövlətlərin analitik mərkəzlərində də belə ssenari nəzərdən keçirilmirdi. Bu fürsət bizə verildi və bu məsuliyyət bizim üzərimizdədir. Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.
Ona görə son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir. Təsadüfi deyil ki, 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına seçilməyimiz zamanı dəstəkləmişdir. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir.
Biz bu illər ərzində enerji siyasətində tarixi layihələrə imza atdıq, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdik. Hazırda “Cənub” qaz dəhlizini icra edirik. Bu da bizim təşəbbüsümüzdür. Özü də 1994-cü ildə “Əsrin kontraktı” imzalananda əlbəttə ki, bizim iqtisadi və siyasi vəziyyətimiz indiki kimi deyildi. Bizə hər tərəfdən təzyiqlər göstərilirdi və o vaxt iqtisadiyyatımız demək olar ki, dağılmış vəziyyətdə idi. Ancaq Heydər Əliyevin güclü iradəsi, cəsarəti və gələcəyə olan baxışları bunu mümkün etmişdir. Biz bu illərdə iqtisadi şaxələndirmə ilə məşğul olmuşuq. Amma bu sahə ilə yenə də məşğul olmaq lazımdır. Ancaq bir çox məsələləri həll edə bilmişik. Azərbaycan indi kosmik dövlətə çevrilibdir. Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir.
Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq.
Əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var. Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin.
Bizim çox güclü intellektual potensialımız var, coğrafi vəziyyətimiz çox əlverişlidir. Bu gün Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Siz də yəqin izləyirsiniz ki, tranzit yollar artıq Azərbaycandan keçir. Digər üstünlüklərimiz var. Azərbaycanda savadlılıq 100 faizdir. Bu da bizim böyük sərvətimizdir. Ona görə mən ölkəmizin uğurlu inkişafına nəinki inanıram, əminəm ki, belə də olacaq.
Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaqdır. Birinci mərhələdə, 1990-cı illərin əvvəllərində biz tənəzzülün qabağını almalı idik və almışıq. Bundan sonra Heydər Əliyev neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bilmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum bizə çox böyük imkanlar yaratdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə nefti ixrac etməyə və gəlir əldə etməyə başlamışdır. Biz gəliri də ölkəmizin inkişafına yönəltdik. Bölgələrdə, Bakıda yeni infrastruktur layihələri həyata keçirildi, məktəb binaları, xəstəxanalar tikildi, yəni, infrastruktur tamamilə yeniləndi. Hələ ki, görüləsi işlər çoxdur. Amma infrastruktur layihələrinin böyük hissəsi artıq reallaşıb. Buna biz vəsait sərf etdik ki, gələcəkdə neftdən asılılığı daha da azaldaq.
İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına.
Bu gün əlbəttə ki, dünyada bizdən qat-qat çox neft hasil edən, ixrac edən ölkələr var. Ancaq onlar da texnologiyaları Qərbdən alırlar. Bu, bu günün reallıqlarıdır. Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq.
Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir.
Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə olacaq?!
Biz gələcəyə bax, bu prizmadan yanaşmalıyıq. Uzunmüddətli strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən asılılıq tamamilə aradan götürülməlidir. Biz iqtisadi islahatlar, sahibkarlığın inkişafı, şəffaflığın hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır.
Belə olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq. Mən demişəm, bizim müstəqilliyimiz əbədidir. Amma biz gərək müstəqilliyi möhkəmləndirək. O qədər müstəqil ölkə var ki, müstəqil siyasət apara bilmir. Yəni, müstəqillik şərti xarakter daşıyır. Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar. O təzyiq mexanizmləri də çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyalara şərait yaratsınlar, yeni bir üsul icad etsinlər. Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır.
Amma bu, bizim iradəmizə əlbəttə ki, təsir edə bilməz. Çünki mən həmişə bu fikirdə olmuşam: əgər hesab edirsən ki, sən düzgün yoldasan, gərək bu yola davam edəsən. Əgər şübhən varsa soruş. Əgər nəyisə bilmirsənsə bunu etmə. Bax, budur mənim yanaşmam və bilirəm ki, biz düzgün yoldayıq. Azərbaycan reallıqları bunu göstərir. Bir çox məsələlərdə Azərbaycan başqa ölkələr üçün nümunədir və bu, bizim töhfəmizdir.
Bu il Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Çox mötəbər, dünya miqyaslı beynəlxalq tədbirdir. BMT-nin himayəsi altında keçirilən tədbirdir. Nəyə görə? Ona görə ki, biz burada artıq bir neçə ildir buna oxşar tədbirləri keçirmişik. Ona görə ki, bu sahədə Azərbaycan doğrudan da dünya üçün nümunədir və bu, reallıqdır. Bu, cəmiyyətimizin bugünkü statusudur. Həm dövlət siyasətidir, həm cəmiyyətin sifarişidir. Ona görə biz bütün istiqamətlər üzrə fəal işləyəcəyik. İslahatları dərinləşdirəcəyik. O ki qaldı xarici siyasət məsələlərinə, burada əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi bizim əsas prioritetimizdir. Əfsuslar olsun ki, bu münaqişə öz həllini tapmır. Mən həmişə demişəm ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi yaranmazdı. Çünki mən özüm şəxsən yaxşı xatırlayıram ki, 1980-ci illərdə Heydər Əliyev Dağlıq Qarabağa, Şuşaya, Xankəndiyə gedəndə onu o yerli əhali necə qarşılayırdı - həm azərbaycanlılar, həm də ermənilər. Böyük hörmətlə, böyük sevgi ilə, gurultulu alqışlarla və bu, təbii idi. Çünki mən də o səfərlərdə atamla bərabər olmuşam və görmüşəm ki, doğrudan da orada qarşıdurma üçün heç bir əsas yox idi. Xatırlayıram, Şuşa şəhərində Vaqif məqbərəsinin açılışında qarlı bir hava idi. Orada erməni və Azərbaycan şairlərinin çıxışları olmuşdu. Erməni şairləri Azərbaycan dilində şeir söyləyirdilər. Özləri yazdıqları şeirləri söyləyirdilər. Yəni, doğrudan da heç kimin ağlına gələ bilməzdi ki, bu süni münaqişə yarana bilər. Ancaq yenə də demək istəyirəm ki, bu, xalqımıza qarsı törədilən böyük təxribat idi. Bunu erməni millətçiləri və sovet hökuməti törətdi.
İndi bu məsələni həll etmək üçün bilirsiniz ki, biz çox çalışırıq. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni, bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər? İndi Avropa Şurası bu məsələni gündəliyə çıxarır. Məruzəçi təyin edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır. Düzdür, Azərbaycan bu təşkilatla əlaqələri 15 ildir ki, qurubdur və münasibətlərdə heç də hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur. Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni gündəliyə çıxarıb. Minsk qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul olunsun.
Ona görə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə çatıb.
İndi o müharibədən əziyyət çəkənlər Avropaya pənah gətirirlər. Orada onlarla necə rəftar edirlər? Qəfəsə salırlar. Qəfəsin içinə ərzaq tullayırlar. Elə bil ki, onları zooparkda qəfəsə salıblar. Budurmu dəyərlər?! Haradadır mərhəmət, insan haqları, tolerantlıq? Ancaq şüar üçün. Ona görə bu, dünyada gedən real proseslərdir. Avropaya nə qədər çox miqrant üz tutur, Avropada radikal qüvvələrin gücü o qədər də çox artır. Əgər Avropanın aparıcı ölkələrində keçirilmiş seçkilərin nəticələrinə nəzər salsanız, görərsiniz ki, 10 il ərzində radikal islamofob partiyaların faizi nə qədər artıb. Bəlkə də iki dəfə və bu, meyildir. Bu gün onlar əlbəttə ki, siyasətdə söz sahibi deyillər. Amma bu, meyildir. Bu meyil nəyə gətirib çıxaracaq? Ona gətirib çıxaracaq ki, bəlkə də 10 ildən, 15 ildən sonra onlar hakimiyyətə gələcəklər. Onda necə olacaq? Onda müsəlmanlara artıq rəsmi mövqe necə olacaq? Belə olan halda bizim orada yerimiz varmı?
Biz dünyəvi, tolerant ölkəyik, tolerant xalqıq. Biz istəyirik ki, bütün millətlər bir yerdə olsunlar. Biz ona görə bu forumları keçiririk. Bu il “Multikulturalizm ili” elan olunmuşdur ki, sivilizasiyaları, dinləri birləşdirək. Yenə də demək istəyirəm ki, Azərbaycan nümunədir. Amma demək olar ki, biz bu dünyada təkik. Ona görə inteqrasiya məsələsi müzakirə olunanda biz bu reallığı daim nəzərə almalıyıq.
Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun bir neçə səbəbi var idi. Birinci səbəb, ona görə ki, bizim təkidimizə baxmayaraq, o sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nəzərdə tutulmamışdır. Mən də dedim ki, əgər bu, olmasa biz Assosiasiya Sazişinə qol qoymayacağıq. Hesab edirdilər ki, biz burada, necə deyərlər, şantaj edirik. Amma bu, bizim mövqeyimizdir. Belə də oldu. Başqa səbəblər də var idi. Amma əsas səbəb bu idi. Bu, ikili standartlardır. Bu, dözülməzdir.
Əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun. Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq. Bəs 1 milyon Azərbaycan vətəndaşının insan haqları barədə onlar heç düşünürlərmi? Yox, bu, onları maraqlandırmır! Real vəziyyət bundan ibarətdir. Biz əlbəttə ki, real dünyada yaşayırıq. Bunu nəzərə almalıyıq. Öz siyasətimizdə də nəzərə alırıq. Ancaq, eyni zamanda, öz sözümüzü həmişə demişik və deyəcəyik. Bu təzyiqlərin səbəblərindən biri də budur. Bu, nəyi göstərir? Birincisi onu göstərir ki, dünyada ədalət yoxdur. İkincisi onu göstərir ki, beynəlxalq hüquq normaları dünyada kobudcasına tapdalanır. Elə bil ki, bu normalar kiçik ölkələr üçün yazılıbdır. Böyük ölkələr bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi yozurlar. Nə vaxt sərf edir ərazi bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını təyinetmə prinsipi və digər məsələlər də, necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur. Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır. Ona görə, o qədər də böyük olmayan ölkə belə vəziyyətdə nə etməlidir, ilk növbədə öz daxili resurslarına arxalanmalıdır. İşlər elə getməlidir ki, ölkə güclənsin, insanlar daha da yaxşı yaşasınlar və təhlükəsizlik təmin edilsin. Biz təhlükəsizliyi özümüz təmin edirik. Azərbaycanda insanlar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Gənclər isə əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq. Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət.
Mən qarşıdan gələn tarix münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, siz bundan sonra da, - burada əyləşənlər gəncliyin seçilmiş nümayəndələridir, - ölkəmizin inkişafına xidmət edəcəksiniz, öz töhfənizi verəcəksiniz.