ISESCO Baş Konfransının XII sessiyasının açılışında İlham Əliyevin nitqi

26 noyabr 2015, 10:20
ISESCO Baş Konfransının XII sessiyasının açılışında İlham Əliyevin nitqi

Hörmətli cənab baş direktor.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Çox şadam ki, bu tədbir Bakıda, Azərbaycanda keçirilir. Əminəm ki, qonaqlar ölkəmizin keçmişi, reallıqları ilə tanış olmaq üçün gözəl imkanlar əldə edəcəklər.

Son illər ərzində ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilibdir. ISESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. ISESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da ISESCO-nun öz yeri var. Qeyd etdiyim kimi, son illər ərzində baş direktor cənab əl-Tuveycrinin rəhbərliyi ilə ISESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.

Biz Azərbaycanda daim çalışırıq ki, ISESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ISESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ISESCO təmsil olunur, cənab əl-Tuveycri Azərbaycana tez-tez səfərlər edir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün fəal yol oynayacaqdır.

ISESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.

Onu da qeyd etməliyəm ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərmişdir. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey - bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir. Bir daha qeyd etmək istəyirəm ki, ISESCO bu məsələdə Azərbaycanın haqlı işini daim dəstəkləyir.

Onu da qeyd etməliyəm ki, erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz İslam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir.

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz.

Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.

Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.

Azərbaycan zəngin tarixə malik olan bir ölkədir. Əminəm ki, qonaqlar Bakının qədim tarixi abidələri ilə tanış olacaqlar. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq müstəvidə fəal iş aparır.

Onu da qeyd etməliyəm ki, Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 24 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mindən çoxdur. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı məscidi Azərbaycanda yerləşir. Bu yaxınlarda məscid əsaslı şəkildə təmir edilibdir və bu gün həm dini abidədir, həm də memarlıq abidəsidir. Ona görə, bu məsələlərdə əlbəttə ki, beynəlxalq təşkilatların, aparıcı siyasətçilərin rolu kifayət qədər böyükdür - xüsusilə indiki şəraitdə, çox həssas vaxtda. Əfsuslar olsun ki, dünyada münaqişələr daha da alovlanır, qarşıdurmalar daha da çoxalır. Azərbaycan öz tərəfindən çalışır ki, humanitar əməkdaşlıq risklərin azaldılmasına gətirib çıxarsın.

ISESCO-nun bilavasitə məşğul olduğu sahələr də Azərbaycanda uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bizim çox zəngin tarixi irsimiz, qədim mədəniyyətimiz var. Bizim bütün mədəni abidələrimiz dövlət tərəfindən qorunur. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılıq təxminən 100 faizə çatıbdır. Elmin inkişafına böyük diqqət göstərilir. Elmin inkişafı üçün əsaslı işlər görülür, vəsait ayrılır. Elmin İnkişafı Fondu yaradılıbdır. Azərbaycanda yeni texnologiyalar inkişaf edir. O cümlədən bir neçə il bundan əvvəl Azərbaycan dünyanın o qədər də böyük olmayan kosmik klubuna üzv olub. Azərbaycanda kosmik sənaye sürətlə inkişaf edir. Çünki hər bir ölkənin gələcəyi elmin, təhsilin səviyyəsindən asılıdır, gələcəkdə daha da böyük dərəcədə asılı olacaqdır. Çünki ölkələrin inkişafını şərtləndirən əsas yeni texnologiyalardır, innovasiyalardır, elmin inkişafıdır, təhsilin səviyyəsidir. Biz bu sahəyə çox böyük diqqət göstəririk. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi təcrübə bəzi ölkələr üçün maraqlı ola bilər.

Bu il Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Onu da qeyd etməliyəm ki, Avropa Oyunları Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir. Qısa müddətdə - cəmi iki il yarım ərzində bütün hazırlıq işləri görüldü və bu Oyunlar tarixə ən gözəl, ən mötəbər, yaxşı təşkil edilmiş Oyunlar kimi daxil oldu. Birinci Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi, hesab edirəm ki, sadəcə olaraq idman məsələsi deyil. Bu, eyni zamanda, dediyim kimi, bizim multikulturalizmə, dinlərarası, millətlərarası münasibətlərə verdiyimiz dəyərli töhfə olmuşdur. İki ildən sonra - 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Cəmi iki il ərzində Azərbaycanda həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bax, bu iki hadisə əslində Azərbaycanın hansı mövqelərə malik olduğunu əyani şəkildə göstərir.

Biz 2008-ci ildə “Bakı prosesi”nə təkan verdik. O vaxt Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Çünki Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, birinci belə toplantı idi. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Yəni, bu prosesə “Bakı prosesi” adı verilibdir. Dünyada artıq “Bakı prosesi” özünəməxsus rol oynayır. Yəni, biz çalışırıq ki, bütün bu məsələlər tənzimlənsin, dünyada daha da böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar.

ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi qeyd etdiyim kimi, ölkəmiz üçün çox böyük hadisədir. Əminəm ki, qonaqlar burada səmərəli işləyəcəklər. Burada müzakirə olunan məsələlər gələcəkdə həm İslam həmrəyliyini gücləndirəcək, humanitar sahədə görülən işlərə daha böyük təkan verəcək, eyni zamanda, dünya miqyasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət göstərəcəkdir.

Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqının böyük dostu cənab əl-Tuveycrinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab əl-Tuveycri həm ISESCO-nun rəhbəri, həm də ictimai xadim kimi dünyada çox böyük rol oynayır, Azərbaycanı dəstəkləyir. ISESCO-nun bu səviyyəyə qalxmasında onun xüsusi xidmətləri var. Mən istəyirəm ki, bugünkü toplantıda qonaqların iştirakı ilə gözəl missiyanı icra edim. Cənab əl-Tuveycri mənim Sərəncamımla Azərbaycanın dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edilibdir. İstəyirəm bu gün bu toplantıda bu ordeni ona şəxsən özüm təqdim edim.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15